Alatoran_header
«ALATORAN» nədir?
«Alatoran» bağımsız şəbəkə jurnalıdır, müstəqillik dövründə meydana çıxmış ədəbi qüvvələrin dünyaya açılma çabalarının bir məhsuludur. İlk dəfə «Ədalət» qəzetinin əlavəsi olaraq 2003-cü ilin avqust ayından yayınlanmağa başlayan ədəbiyyat qəzetini «Alatoran» adlandırmışdıq, indi bu ad eyni adlı mətbu orqanı və şəbəkə jurnalını təmsil edir. Məqsədimiz mənsub olduğumuz toplumu içərisində bulunduğu həmin bu alatorandan işıqlığa çıxarmaqdır.
Necə, ədəbiyyatlamı? - deyəcəksiniz. Bəli, ədəbiyyatla! Zira bu millətin məğzi ədəbiyyat məfhumunun içərisindədir. Ədəbiyyatda və incəsənətdə, dolayısı ilə, düşüncədə inqilab olmadıqca biz millət olaraq yeni müstəviyə çıxa bilməyəcəyik.
Çox zaman biz, ucqar dağ kəndindən şəhərə gəlib ilk şerlərini qəzet və jurnallarda dərc etdirən gənc insanlara istehza ilə yanaşırıq, zavallının bu ilk cəhdini beşikdəcə boğmaq istəyirik, «get özünə başqa sənət tap» deyirik. Halbu ki, o ilk şerlə həmin gənc Azərbaycan düşüncəsinə öz qatqısını verirdi, əgər düzgün yol göstərən olsaydı o, yaradıcılıq adlı əbədi prosesin içərisinə düşəcəkdi.
Biz ürəkdən arzu edirik ki, Azərbaycanda ədəbiyyat və incəsənət sənayesi yaransın, kitab oxuma faizinə görə dünya xalqlarını geridə qoyaq, yazarların sayı indiki ilə müqayisədə on qat çox olsun, türk dilləri içərisində Azərbaycan dili ən zəngin və çevik dil olsun, saysız-hesabsız yüksək bədii əsərlərin sayəsində dilimiz cilalansın və indiki statik halından çıxsın, dədələrimizdən aldığımız bu mirası tükədib axırına çıxmayaq, əksinə, daha da dolğun və gözəl bir şəkildə sonrakı nəsillərə ötürək.
«Alatoran»ı əhəmiyyətli edən o qədər səbəb var ki.
Düşüncələrinizi bizimlə bölüşün.