|
|
Xaqani Has
Өvvөlki Sonraki
Jurnal 2006N2
Xaqani Has
Borc
Üzü qoylu uzanıb zaman
Dörd fəsil portağala yığışıb
Dənizlərin dəniz olan vaxtında
Gülüşlərin çoxu uşaq,
Gülüşlərdən biri qorxan uşaqdır...
Sənə borc verirəm baxışlarımı
Ayaqlarınla qorxmağı tərgidib
Gözlərinlə qorxmağı öyrənəndə
Qaytararsan onları
Caz Fotoşəkil
gözəldir,
əynində ağ ütülü köynəyi
yetmişlərdən qalma uzun yaxalığıyla;
qəhvəyi şalvarı — təmiz, şax
yetmişlərdən qalma enli balaqlarıyla;
dodaqlarında təbəssüm — ehtimal ki —
yetmişlərdən qalma
bir məhəbbət macərasından.
dayımdır,
iyirmi birinci əsrin ilk ölüsüdür
Qatil Ayrılıqdır
dünyanın ən gözəl qadınıydın
dünənə qədər,
bu günsə
diş ətlərin görünür sən güləndə
yeriyəndə çiyinlərin əyilir
əllərin kobud, ayaqların yekədir.
qatili ayrılıqdır gözəlliyinin!
Mənzərə Janrında Ağlamaq
çəmən-çəmən yaşıllığın
yağış-yağış sərinliyin
qucaq-qucaq günəşin arxasında
kimsə ağlar sarı-sarı
yaşılın bərisində gül açanlara
Dəfnqabağı Dəfn
illərlə yumruğunda saxladığı əllərini
ciblərindən çıxartdılar,
təpiyində gəzdirdiyi ayaqlarını çəkmələrindən.
görmək istəmədiklərindən sildilər
eynəyində bərəltdiyi gözlərini;
özüylə birgə doğulub özü boyda böyüyən
qəbrinə qoyulanda.
Aparılan
Hər ayrılıq nəsə aparır məndən
Gedən geri qayıdır, qayıtmır aparılan
Gözlərin kimi,
Gözlərin getdilər və sonra qayıtdılar
Geri qayıtmadı gözlərindəki
Bayron və Biz
cavan ölümlərin ən gözəli
Bayronun ölümüdür
hamımız gənc ölə bilərdik
ölümsüzlük arzusu qocaltdı bizi
Yuxu
yatmısan, yuxu görürsən
yuxunda göy üzü var
əllərin göy üzünə gəzməyə gedib
səni oyandırmağa qıymıram
oyansan əllərin yox olar
mənimsə misram qalmadı
içinə sığmağa
üstəlik göy üzünün yuxusuyam
oyansa yox olaram
Dünyanın Reenkarnasiyası
itlər evdə insan kimi yaşayırsa
insan kimi ölürsə;
insan da küçələrdə it kimi yaşayırsa
və it kimi ölürsə
bu dünya
özündən əvvəlki dünyanın cəhənnəmidir.
Mətbəx
Pomidorda üzü qızaran qadın
Kartof qabığında soyundu
Tavadaki yağda əriyib
Lay-lay döndü qaşıqda
Əllərindən başladım yeməyə
Pomidorlu kartof qızartmasını
Yalqızlığın Ölçü Vahidi
bir azyaşlı oktyabr boylanır sol ayağımdan,
keçmişlərdən bir ovuc çəmən — sol ayağımda;
yaşıl ayaq izidir döşəmədə yalqızlıq.
bir addımlıq boşluğa əsir düşüb sağ ayağım,
(qapı kilidinə zorla açar salınar kimi)
addım salır gələcəyə sağ ayağım.
boğuq səs tonuyla,
kül rəngində boşluqdur döşəmədə yalqızlıq.
Mandolina Üçün Bəstələnmiş Qadın
sözləri gecəyə
musiqisi payıza məxsus
bir qadın eşidilir qatarın kupesində
mandolinada ifa olunur qadın
heyif ki
mandolina çalmağı bacarmıram.
Aksent
beynimin öz dilində
o qədər danışmışam ki
indi bütün dillərdə
aksentli danışıram
]
| |