Alatoran_header  

Turkөr Qasimzadө

Өvvөlki   Sonraki

Jurnal 2006N2



MİLAD Uzundaban qadın çəkmələri çoxdan bəri süpürülməmiş, üstü tum qabıqları ilə dolu asfaltda saat əqrəbinin səsinə bənzər qəribə bir ahəng yaradırdı. Qulağı gah bu taqqıltıda, gah da ürəyinin döyüntüsündə idi, necə də səsləşirdi hər ikisi. Qadın ötüb keçdi, taqqıltı yox oldu və tez xoflu-xoflu ürəyinin səsinə qulaq kəsildi ki, bəlkə birdən ürəyi də dayanar... Ayaq saxlayıb durmuşdu. Nəfəsindən gələn araq iyinin havası yanından ötüb keçənləri azacıq vururdu. Ürəyinə qulaq asmağa ara verib fikirləşdi yəqin yanından qüssəli-qüssəli keçən bu adamlar da dəmdilər, ya araq iyinin havasından, ya da dərddən. Dərd də elə araq kimi bir şeydi, yoxsa köhnə zamanların şairləri dərdlərini meyə qarışdırıb ləzzətlə şeir yazmazdılar. Amma nədənsə bu adamların arasında bir nəfər də olsun üzügüləri yoxdur. Bu küçədən gündə azı beş dəfə keçsə də diqqətini heç vaxt belə bir mənzərə cəlb etməmişdi. Bir az aralıda üzünə yəqin iyirmi-otuz il bundan qabaq ad günündə ülgüc dəymiş yaşlı kişi bıçaqdanmı, nədənmi çapıq-çapıq olmuş ovcunu açıb dilənirdi. Balaca bir qız uşağı ona yaxınlaşdı, əzik-üzük, cırıqları hər tərəfindən yapışdırılmış 500 manatlığı onun ovcuna basdı. Kişi qızcığazın üzünə baxmadan dilinin ucunda nəsə dedi, uşaq bir az ayaq saxlayıb uzaqlaşdı. Gözünü kişidən çəkdi. Qarşısında hələ tikilib qurtarmamış bina ucalırdı. Yadındadır, əvvəllər bu tikilinin yerində iki çinar qol-qola verib göyün bir qatına ucalırdı. Yanında da köhnə skamya vardı. Şıdırğı bir nərd gedərdi o skamyanın üstündə. İndi isə... Gözü tikilinin neçənci mərtəbəsinəsə sement daşıyan 40-50 yaşlarında kişinin üzünə sataşdı. Bığlarının ucuna qədər sementə batmış, qaş-qabağı sallanmışdı. Sanki əlindəki sement kisəsindən canını qurtarsaydı xoşbəxt olacaqdı. Zavallı fəhlə ona baxdıqlarını görüb üzünü çevirdi. Sement kisəsini sürüməyə başladı. Sürüdü, süründü... Bir az qıraqda cavan bir oğlan bir qıza qışqıra-qışqıra nəsə deyirdi. Qız da ağlayırdı. “Qız yəqin oğlanın sevgilisidi. Sevgilisi?! Nə qədər qeyri-səmimi sözdür! Məncə belə bir anlayış yoxdur. Bəlkə də var? Nə bilim əşşi...”. Öz-özü ilə danışırdı. Birdən yenə də fərqinə vardı ki, bu gördükləri adamların da içərisində bircə nəfər olsun üzügülər adam yoxdu. Hamının üzünə bir qüssə çökmüşdü. Dəli bir hayqırtı ilə bağırmaq keçdi saat əqrəbinin taqqıltısı ilə vuran ürəyindən. Alınmadı... Qaçmaq istədi. Ayaqları tabe olmadı... Qız ağlayırdı, fəhlə sürüyürdü, qoca kişi..! Yox, qoca kişi bayaqdan diləndiyini unudub bir telekanalın kamerasına müsahibə verirdi. Yaxınlaşıb qulaq asmağa başladı. “Şükür Allaha, pis yaşamırıq, Allah prezidentimizin canını sağ eləsin... ”. Danışa-danışa çapıq ovcunu gizlətməyə çalışırdı. Kameramanın göstərişi belə idi... Kamera getdi, kişi gəlib yerində oturdu, çapıq ovcunu açdı... Heç nə görmək istəmirdi artıq. Gözlərini yumdu. Sakitlik aradı. Yox, lənət şeytana, bu həşirdə sakitlik nə gəzir – hıçqırıq səsi, sement yernən sürünür, qoca kişi mırıldanır, uzundaban çəkmələr... Içmişdi. Acqarına. Özündən gedənə qədər. Hələ bir az özünə gəlib, ayaqları yer tutur. Bayaq gördüklərindən təsirlənib kövrəlmişdi. Qəhərdən boğulurdu. Nə iləsə özünü ovundurmaq istədi. Yadına dünənki içki sirdaşının - oxumuş adamdı, fəlsəfə elmləri doktoru - danışdıqları düşdü. İçə-içə deyirdi: “Sərxoş, sərxoş-ş-ş! Bundan böyük həzz yoxdur! Yaşasın lənətə gəlmiş şərab! Əslində buna “şər ab” deyilməsinin tam əleyhinəyəm. Bu, insan beyninə pis və yaxşı kateqoriyasının zorən yeridilməsi kimi iyrənc bir şeydir. Yəqin məni düz anlayırsan, deyilmi? Yaxşı, süz!.. Bax, binayi-qədimdən insanlar bu dünyaya sərxoş gəlir. Ayılanda da gec olur. Ayılanda özümüzü alovlar içərisində yanan, ya da mələklər tərəfindən sərinlədilən görürük... Böyük kontrastdır, deyilmi? Hə? Yaxşı, süz!.. Eşitmisən yəqin, “Cənnətdə şərab şəlalələri görəcəksiniz”. Və yaxud İsa Məsihin suyu şəraba döndərməsi... Bilirsən spirti ilk dəfə müsəlman ərəblər tapıb? Bəs “mey” sözünü çox sevən şərq ədəbiyyatı necə? Aman Allah, onlar ki, müsəlman idilər! Bəlkə ən böyük dindar Ömər Xəyyamdır? Ya elə Kefli İskəndərin özü? Başa düşürsən də?.. Nə isə, süz!..” Fikrə getdi. Öz-özü il danışmağa başladı. “Maraqlı sözlərdi. Dinə görə ən böyük günahkar mən özüməm. Ha!-ha!-ha! Bəs o qızın üzünə bağıra-bağıra duran oğlan? Bəs heydən düşmüş fəhləyə sementi daşıtdıran? Bəs kameraman? Ancaq mən o uzundaban çəkmələri, aylarla təmizlənməyən asfaltın üstündəki tum qabıqlarını hamıdan çox sevirəm!” Ağlının başından çıxdığını özü də hiss etməyə başlayırdı. Başını göyə qaldırdı. “Deyəsən yağış yağacaq. Yağ, tök üstümə hirsini lənətə gəlmiş bulud! Sən də mənim əlimdən hirslisən, sən də mənim üzümə gülmürsən!..” Bayaqdan gəzdiyi, daha doğrusu süründüyü küçə H.Hacıyev küçəsi idi. Şəhərin mərkəzi küçələrindən biri. Bayır şəhərin ilk küçələrindən biri olan bu küçədə o illərini keçirmişdi... Neçə qızın dalınca düşmüşdü. Neçə-neçə davalarda “söhbət çürütmüşdü”. Ilk sevgisi də bu küçə ilə bağlıdır. Xatirələr burada dayanır. Ilk sevgi xatirələrin son nöqtəsidir. Ondan sonra baş verənləri yadına da salmaq istəmədi. Bir də baxdı H.Hacıyev küçəsində yerləşən binanın həyətindəki məscidin yanındadır. Yağış artıq çiləməyə başlamışdı. Məscidin sol tərəfində zibillikdə heç nə tapa bilmədiyindən məyusluq miyolduyan pişik ayaqlarına dolaşdı. Bir xeyli dayanıb gözlərini məscidin günbəzinə zillədi. Uşaqlıqda anası onu bu məscidə dua etməyə gətirərdi. Onu bu məsciddə hamı tanıyır. Hamının da zəhləsi gedir ondan. Səbəbi qocaların zəhrimara qalmış dediyi həmin o içkidir. Kafir elan etmişdilər onu bu məsciddə. Gözü bir az aralıda bayaqki pişiklə oynayan beş-altı yaşlı uşağın gözlərinə sataşdı. Ilahi, necə də məsumluq yağırdı o gözlərdən! O uşaq heç vaxt, heç vaxt içməyəcəkdi! O uşaq heç vaxt məscidlərin, pirlərin daş binalarına səcdə etməyəcəkdi! O uşaq... Hönkürmək istədi. Yox, ağlamayacaq! Dərindən, lap içdən gülməyə, şaqqanaq çəkməyə başladı. Bu gülüşü də çiyinlərinə bir ağırlıq çökmüş kimi onu səntirlətdi, yaxındakı ağaca kürək verib dayandı. Bərkdən, var gücü ilə bağırdı: “Sahib-əz-Zaman qayıdıb!”. Səs-səmir yoxdu. Yenə hayqırdı: “Sahib-əz-Zaman qayıdıb! Mənəm Sahib-əz-Zaman!!!” Uşaq pişiyi buraxıb evə qaçdı. Kimsə bağırdı: “Rədd edin o kafiri buradan! Öz murdar nəfəsilə havamızı korlayır”. Bağıran məscidin axundu idi. İki nəfər saqqalı gənc qollarından tutub onu sürüyə-sürüyə həyətdən çıxartdılar. Bir az asfaltın üzərində uzanılı qaldı. Bir təhər, ordan-burdan yapışa-yapışa ayağa qalxdı, səntirləyə-səntirləyə yeriməyə başladı. Yol boyu hamıya deyirdi: “Mən Sahib-əz-Zamanam! Başa düşürsüz?” Adamların laqeydliyini görüb bir az da bərkdən səslənirdi. Heç kəs, heç kəs inanmırdı. Ağlına bir fikir gəldi: “Bəlkə gedim Ətağanın evinə? Orada inanarlar”. Anası uşaqlıqdan beyninə salmışdı ki, ora müqəddəs yerdir. Ayaqları getməkdən imtina edirdi. Gəlib yağış altında yuyunan Sabirin heykəlinin qarşısında dayandı. Əlini üzünə aparıb salavat cəkirmiş kimi hərəkət elədi. Başını qaldırıb Sabirin üzünə baxdı: “Ey rəhmətlik, bəlkə sən inanasan, mən Sahib-əz-Zamanam!”. Sabirdən səs çıxmadı. “Yenə də sağ olsun, susmaq razılıq əlamətidir...”. İçini çəkdi. Ətağanın evinə aparan pilləkanlarla yuxarı qalxmaq istədi. Birinci pilləkan, ikinci pilləkan, üçüncü... Yıxıldı. Yıxıldığı yer pilləkanların solundakı otluğun üstü idi. Və o sonralar biləcəkdi ki, bu otluğun yerində H.Hacıyevin qəbri yerləşibmiş. Gözlərini açdı. Başından qan açılmışdı. Uzundaban çəkmələrin daş pilləkan üstündə yaratdığı saat əqrəbinin səsi qulaqlarından girib ürəyində əks-səda verdi. Boyunlarından xaç asılmış iki xanım pilləkanla aşağı düşürdü. Biri o birinə deyirdi: “Bilirsən, bu gün miladdır...” Yağış kəsmişdi...