|
|
Turkөr Qasimzadө
өvvөlki Sonraki
Jurnal 2006N2
Türkər Qasımzadə KAKTUS Birhissəli, birpərdəli pyes İştirakçılar: Ağ paltarlı qızcığaz Qırmızı paltarlı qadın Qara paltarlı kişi Qaranlıq, boş səhnə. Beş-altı yaşlarında, ağ paltarlı qız səhnəyə daxil olur. Əlindəki kaktuslu güldanı səhnənin ortasına qoyub müəmmalı baxışlarla bir az ətrafı süzüb qaçır. Səhnənin ortasındakı kaktus azacıq işıqlanır. Qara paltarlı kişi (danışa-danışa səhnəyə daxil olur): - İlahi, mən necə də xoşbəxtəm. Mən, həmişə arzuladığıma bu dəqiqə daha yaxınam. Bilirsiniz nəyə? He-he, bilmirsiz. Mən qaranlığı heç vaxt bu qədər içimdə hiss etməmişəm. Mən indi ona daha yaxınam. Yox, yox, birdən elə bilərsiniz ki, mən şeytanam, ya sizin dediyiniz kimi-iblisəm, qətiyyən elə düşünməyin. Mən sadəcə işığa nifrət edirəm! Gülməlidi, hə? Xahiş edirəm gülməyin. Başa salım da… Bütün pis insanların üzləri işıqda elə nurlu görünür ki, sadəlövh birisi o dəqiqə onların bütün yalanlarına inanmağa başlayır. Sonuc - faciə. Mən diktatorların üzlərini qaranlıqda görmək istəyərdim. Onda sizə sübut edərdim ki, onlar əslində çox eybəcərdirlər, işıqda isə onlar şeytanın kölgəsinə dönürlər. Özlərinin bəd əməllərini günortadan sonraya kimi, işıq kəsilənə kimi bitirib rahatca uyumağa gedirlər. Bunlar hamısı işıqda baş verir, əzizlərim. Ona görə mən işığa etiraz edirəm. Lənət sənə, işıq! Bax, siz anlamırsınız, bəlkə də mən başa sala bilmirəm – hər işıqda bir qaranlıq var. Hə, düzdü, siz deyə bilərsiniz ki, ağın çalarında qara yoxdur. Noolsun axı? Bu rəsmilikdir, göznən görünəndi! Başa düşürsüz? Bəs insan bədəninin ən işıqlı üzvü – gözü deyirəm dəə.. Onun ki, əsas gözəlliyi qarasındadır. Düzdü, başqa rəngdə də olur. Amma biz şer yazanda, sevəndə məhz o qaranı sevirik axı. Bütün sevgilərin yas ovqatı da bundan irəli gəlir. Bir də ki, qaranlıq işıqdan daha qədimdir, yəni yer üzü ilk əvvəl böyük bir zülmətlik olub. Bəs insanın içi? Ora ki, işıq düşmür! ALLAH içərini niyə qaranlıq yaradıb? Hə, nooldu, niyə elə baxırsız, cavab verin də… Əşi, bu işıq…Mən hələ bu işıqla işləyən televizoru, komputeri demirəm. İnsanların onlardan deyilən hər yalanı, hər həqiqəti necə acgözlüklə qəbul edib saatlarnan bu cihazcıqların arxasından çəkilməməyi məni çıldırır! Bu, dəhşətdir, başa düşürsüz? Mən niyə eynək taxıram, bilirsiz? Çünki televizorun, bilgisayarın buraxdığı işıq şüaları gözlərimi zədələyir. Şükür, şükür sənə İlahi! Sən kaktusu yaratmısan. Yoxsa bu bəşəriyyət nə edərdi? Kaktus şüaların çoxunu özünə çəkir (kaktusu əlinə götürür). Bu şüalar, gipnoz – hamısı işığın fəsadlarıdır. Yaşasın qaranlıq! Bayaqdan özüm-özümlə mənasız-mənasız danışıram. He-he, deyəsən ağlımı itirirəm yavaş-yavaş (köks ötürür). Gözəl havadır. Mən yay gecələrini çox sevirəm. Xüsusən onlar gündüzə nisbətən sərin olanda. Yəqin heç Mendelsonun gecə yuxusuna da girməzdi ki, “Yay gecəsində yuxu” uverturasının sədaları altında adamlar evlənəcək və bu musiqi əsas məsələ - tortun kəsilməsi üçün sadəcə bir fon olacaq. Eh, əziz Mendelson, üzümü sənə tutub deyirəm: bunlar hamısı yay gecəsinin yuxusunda yox, işıqda baş verir. Vallah işıqda! Vay-vay, yadımdan lap çıxmışdı. Ay işığı da var axı! Mən yay gecələrindəki özümün yeganə həmsöhbətimi necə tez unutdum… Axı bu məlun kütlə ay çıxan kimi yatağa yürüş edir. Mənim ayla söhbətimi isə heç kəs eşitmir. Hə, ode ay! Ayy, salam əleyküm!...Necəsən? Hərdən ay da məndən üz döndərir - bulud arxasına keçir.(gülür) Ancaq ay vəfalıdır. Mənim yeganə həmsöhbətimdir, düzdür? Əslində ay demək, gecə demək, eyni şeylərdir. Yunanlarsa deyib: gecə ilə qaranlığın məhəbbətindən gündüz doğur… Qırmızı paltarlı qadın səhnəyə daxil ola-ola: - Bravo, bravo, gecə ilə qaranlığın məhəbbətindən gündüz doğur… - Bu haradan gəldi çıxdı (öz-özünə)? Sən yatmamısan? - Yox, əzizim. Mən bu dəfə ayla kontrakt imzalamışam ki, vəzifələrimizi bölüşək. Bayaqdan sənin səhefləmələrinə qulaq kəsilmişəm. Bax, sənə deyim: Əgər gecə ilə qaranlıq olmasaydı gündüzlə işıq da olmazdı. Deməli, hər ikisində bir məna var. Bir də ki, işıqda başqa rənglər, məsələn, sarı, yaşıl, göy də görünür. Qaranlıqda isə onların hamısı birdir. Deməli işıq… - Bəsdi, bəsdi! Bunlar hamısı boş şeylərdi. Həyat özü ilahi ağılın yaratdığı döyüş səhnəsidir, əsl həqiqətsə heç vaxt bilinmir. Deməli işıq qırmızı yalandır… Əzizim, sənə bu qırmızı paltar necə də yaraşır. Yaxşı ki, ay işığı var, mən onu görə bilirəm… - Bayaqdan danışdıqlarına görə ondan xoşun gəlməməliydi. Axı qırmızı ağın çalarıdır. - Düzdür, təcrübədə bu belədir. Amma mən elə düşünürəm ki, məhz qırmızı qaranınkıdır. He-he, ona görə yox ki, sən mənimsən. Ona görə ki, qırmızı qan rəngidir. Qan isə qaranlıq damarlardan axır. Vəhşiliklər qırmızı rəngdədir. Yadına gəlir Qırmızı Sovet ordusu? Qırmızı meydan? Qırmızı qalstuk? Bax, bütün rəssamlar şeytanı qırmızı rəngdə çəkirlər. Nə isə, qanımızı qaraltmayaq… - Gəl çay içək, əzizim. Onsuz da yatan deyilik. Həm də axı çay qara rəngdədir. Düzdür, işıqda baxanda qırmızı çaları da var… - Içək də...(bir qurtum alır).. Qonşumuzdakı Sarıxatın xala vardı ha…rəhmətə gedib. - Allah rəhmət eləsin… - Bu dünyada ən gözəl işıq bir aydadır, bir də təzə örtülmüş qəbirdə - gecələr fosfor buraxır. Əsl işıq, əsl həqiqət də budur əslində… - İşıqlı şeyləri yada salaq, ağlına bir şey gəlirmi? - Səninlə qəzet köşkünün yanındakı ilk görüşümüz yadındadır? - Hə, sən onda təzə-təzə qaranlığı sevməyə başlayırdın (gülür). - Yox əzizim, mən sənin gözlərindəki qaraya vurulmuşdum. Sən onda kaktus kimiydin. Hər dəfə bir söz deyəndə ürəyimə qara qanlar axırdı ki, inciyəcəksən indi. Hə, mən qəzet aldım və qaranlıqda səni evinizə ötürməliydim. Deyəsən onda ay da çıxmışdı. - Əşi, ayın nə dəxli var bura? - Birbaşa dəxli var. Axı səndən başqa mənim həmsöhbətim aydır. - Yaxşı ki, həmsöhbətim deyirsən. - Yox, əslində mən səninlə söhbət etmirəm, mənasız kəkələyirəm. Ayla isə… - Onda get, o ay, o da sən!.. - Yaxşı, yaxşı qayıdaq söhbətimizə. Sabahısı mən sənə qızılgül bağışladım. Güllərin ən tikanlısı, ən qırmızısı. Sən o gülü aldın və məni sevdin deyəsən? Hə? - … - Hə sevdin. Bilirsən, bu işığın qanunudur. Nə qədər ki, mən sənin gözünü yalnız ay işığında görə bilirdim, bu işıq qədər sevirdim səni. İndi isə... Bilirsən, qızılgülün tikanı ki, olmadı o artıq qızılgül deyil. Bir də gül gərək uzaqda bitsin. - Sarıxatın xala nədən ölmüşdü, bilmirsən? - Mənə elə gəlir bizim kimi səhef qonşuları olduğundan (tutur əllərindən). Get yatmağa, lap uzağa. Sevə biləcəyim qədər uzağa. Hə, bax belə. Ay buludun arxasında gizləndi, mən sənin göz yaşlarını görmürəm…Bir də ki, sənə artıq bu qırmızı paltar yaraşmır. Get əzizim, get. Qayıdası olsan qəzet alarsan. Mən səni bircə dəfə sevdim - qəzet alandan sonra. - (Gedə-gedə) Gecə ilə qaranlığın məhəbbətindən gündüz doğur… - Mən səni bircə dəfə sevdim - Qəzet köşkünün yanında, ay işığında. - Gecə ilə qaranlığın məhəb….(səsi kəsilir) Ağ paltarlı qızcığaz: Ata, bilirsən, kaktus ildə bircə dəfə çiçək açır…
| |