|
|
Qan Turalı
Өvvөlki Sonraki
Jurnal 2006N2
Ədbi prosesə yalançı havadarlıq
ELÇİNİN ÜÇ MƏQALƏSİNƏ BİR CAVAB
Yazıçı Elçinin üç həftə dalbadal “525-ci qəzet”də çap etdirdiyi “Ədəbiyyatımızın vaysman xəstəliyi” adlı iri həcmli məqaləsi ilə tanış olarkən ziddiyyətli hisslər yaşamamaq mümkün düyil. Müəllif öz məqaləsinda bir çox mətləblərə aydınlıq gətirməyə çalışıb, ədəbi proses haqda fərdi düşüncələrini, ədəbi prosesdən bəkləntilərini ifadə etməyə çalışıb, lakin, zənnimcə, ədəbi prossə bir aydınlıq gətirmək əvəzinə, daha
artıq, buradakı suyu bulandırıb.
Sovet nisgili
Elçin yazıya belə başlayır: “Sovet imperiyasının tarmarı (oxu: müstəqilliyin qazanılması-Q.T.) böyük siyasi-ictimai kataklizm yaratdı və bu kataklizmin vurduğu ən güclü mənəvi zərbəni, bəlkə də, ilk növbədə sənət və elm adamları aldı və onların böyük bir qismi qulam hüseynlilərin aqibətinə düçar oldu.”
Doğrudan da, Sovet imperiyasının dağılması , müstəqilliyimizin qazanılması “icazəli cəsarət” sahiblərinə, ciddi zərbə oldu. Məsələ təkcə onda deyil ki, indi hazır partiya mövzuları yoxdur, həm də ona görə ki, indi yüksək qonararlar, mənzillər, bağ evləri, dövlət mükafatları yoxdur, doğrudan da obıvatel üçün bunlar ciddi kataklizmdir, partiya payından bəslənən “ziYALılar” üçün imperiyanın dağılması yağlı tikənin itirilməsi idi. Amma müstəqilliyin qazanılması hər bir həqiqi ziyalı üçün ciddi hadisədir, Elçinin, hansısa “sənət və elm adamları”nın təəssübünü çəkməsini isə anlamaq olmur. Yalnız, obıvatel, özünü düşünən adam üçün
imperiyanın dağılması “zərbə” ola bilər
Kimdir, müqəssir?
Ədəbiyyatımızda bədii dəyərlərin itməsi, meyarların özgələşməsi məsələsində Elçinə qatılıram. Lakin ədəbi prosesi bütün düzgün və yanlış təmayülləri ilə birgə götürmək, yaxşını qiymətləndirib, pisi ciddi tənqid eləmək, bu yolla ortaya səviyyəli əsərlərin çıxmağını təmin etmək lazımdır. Bu da ilk növbədə illərlə ədəbiyyatdan “dolanan”, “xalq yazıçısı”, “filologiya elmləri doktoru” kimi yüksək adları daşıyan Elçin Əfəndiyevin vəzifəsidir. Nəzərə alsaq ki, Elçindən başqa heç bir xalq yazıçısı ədəbi tənqid indeksi üzrə elmlər doktoru deyil, bu zaman Elçinin məsuliyyəti birə-on artır.
Amma Elçin nə zaman gündəmdə olan, amma həqiqətdə isə heç bir dəyəri olmayan adamlar haqqında yazıb? Niyə vaxtında öz tənqidçi sözünü deməyib? “Ədəbiyyatda vaysman xəstəliyinin” tüğyan edib, epidemiyaya çevrilməsinimi gözləyirdi? Yaxşı tutaq ki, heç bir dəyəri olmayan əsərlər düzü-dünyanı götürüb, onların hamısı haqqında yazmaq qeyri-mümkündür, bəs niyə dəyərli əsərlər vaxtında Elçin tərəfindən qiymətləndirilmir? Ədəbi tənqidin dişsizliyində ədəbiyat professoru Elçinin özü də günahkar deyilmi? Məsələ heç də onda deyil ki, Elçin sadəcə susur, bəzən danışmaqdansa elə susmaq yaxşıdır, amma Elçin bu məqalədə psevdoədəbiyyatdan danışır, özü deyən kimi, “kiç ədəbiyyatı” həqiqi ədəbiyyat olmağa iddia edir, amma məqalədə İlham Qəhrəmandan, Sərvaz Hüseynoğludan sitatlar gətirir, öz fikirlərini əsaslandırmaq üçün Bəsti Əlibəyliyə, Əsəd Cahangirə, Cavanşir Yusifliyə baş vurur, məqaləsini Afaq Məsudun “Müvəkkil Vaysman” hekayəsi əsasında qurur, ədəbiyyatımız pis vəziyyətindən danışanda gözlənilmədən optimizmə keçir, Afaqla birgə “Balıq adam” romanının müəllifi Elçin Hüseynbəylinin adını çəkir, hətta mənim tanımadığım Ceyla İbrahimovadan sitat gətirir. Lakin nə qədər çox ad çəksə belə adı çəkilən adamları hamı tanıyır, məsələn Elçin Hüseynbəylinin “Balıq adamı”nın Murakaminin “qoyun ovunu”nun uğursuz təqlid olduğunu hamı bilir, Bəsti Əlibəylinin tendensiyalı tənqidi, İ.Qəhrəmanın, S.Hüseynoğlunun bayağı şeirləri psevdoədəbiyyat deyil, bəs nədir? Hələ onu demirəm ki, S.Hüseynoğludan sitat gətilən “Ey bic həyat /Elə yaratmayıb – tək bircə kəniz /Bir dəfə xanımlıq eşqinə düşə” misralarından bir şey anlamadım, bir sözlə ədəbiyyatın pis vəziyyətindən danışıb, arxasınca da S.Hüseynoğludan sitat gətirmək nə dərəcədə dürüstdür?
Doğrusu, mən Elçindən dürüstlük ummuram da, lakin, eyni zamanda, ədəbiyyatımızın və eləcə də ədəbi tənqidimizin bu günə düşməsində ən birinci günahkar olan adamın, xalq yazıçısı və ədəbiyat professorunun
psevdoədəbiyyat haqda mülahizələrində səmimiyyət çatışmır.
Əzabkeşlər üzərində Elçinin manevri
Elçin yazıda Ə.Ağaoğlunun, Ə.Hüseynzadənin adlarını çəkərək oxucunun milli hisslərinə toxunur, “onlar idi həqiqi əzabkeş ”deyir, o adamların müqəddəs adı ilə alver edir. Ölkə prezidentinin fərmanı ilə latın qrafikasında əsərlərin kütləvi çapı haqqında fərman imzalananda bu siyahını hazırlayan Anar, Elçinin adını çəkdiyi Ə.Ağaoğlunun, Ə.Hüseynzadənin adını ora salmadı, amma Elçinin o siyahıda adı var idi, bəs əgər Elçin onda niyə iki səhifə yarımlıq cəsarət göstərmədi? Bu yaxınlarda mətbuatda gedən məlumata görə dövlət vəsaiti ilə Elçinin on cildliyinin çap olunacağı haqda məlumatlar çap olunub, olmazmı siravi oxusu Elçinin “Baladadaşın toy hamamı” əvəzinə Ə.Ağaoğlunun ”Üç mədəniyyət” traktatını oxusun? Bir də Əhməd bəyin, Əli bəyin əsərlərinin indiyənəqədər fraqmentar çəkildə çap edilməsində 13 ildir, mötəbər vəzifədə-baş nazirin mədəniyyət və təhsil üzrə müavini vəzifəsində işləyən Elçinin heçmi günahı yoxdur? Hələ onu demirəm ki, Elçin bu əzabkeşləri sıralayarkən onun professoru olduğu BDU-nun üzərindən adı götürülən Məmməd Əminin adını çəkməyə cəsarət etmir. Budurmu, Elçinin dəfələrlə
tənqidi məqalələrində bəhs etdiyi “vətəndaş cəsarəti”?!
Ətirşah Masan
Elçinin ikinci məqaləsi Əkrəmin “Ətirşah Masan” roman-reportajının tənqidinə həsr olub. Əvvəlcə onu deyim ki, bu sətirlər Əkrəmi müdafiə məqsədi ilə yazılmayıb, öz şəxsiyyəti ilə Əkrəm “əxlaq və mənəviyyat çərçivəsinin” çox-çox gerisindədir, dünənə qədər Anar haqqında bir çox mətləbləri açan bu “ziyalı”, deputat “seçiləndən” sonra Anarla mübarizənin “qeyri-əxlaqi” olduğunu elan etdi. Öz əsərləri ilə pambıq planı içində əzilən Sovet kəndini lirik notlarla təsvir edən Əkrəmin yaradıcılığı barədə mülahizə yürütmək yersizdir. Lakin “Ətirşah Masan” əsəri keyfiyyətcə yeni bir əsərdir, burada kənd idealizə olunmayır, öz soyuq gerçəkliyi ilə təsvir edilir. Amma deputat stolunda belə əsərlər yazmaq mümkün olmayacaq, bu əsər Əkrəmin ilk və son yaxşı əsəridir. Əlbəttə, qab yuya-yuya hind filmlərinə ağlayan Məsməxanım kimi qəhrəmanlar yaradan, bütün ömrü boyu bir realist əsər yazmayan Elçin üçün bu mövzu qəbuledilməzdir. Bu məqalədə Elçin 60-cı ildə ədəbiyyata soxulanların bayağı estetikasını müdafiə etməyə cəhd göstərir. Doğrudan da maraqlı faktdır, 60-cıların yeganə dəyərli əsəri elə özləri tərəfindən
dışlanır.
Elçinin iradlarından biri budur ki, əsərdə pərakəndəlik var, hətta o A.Hüseynovdan “pərakəndə lövhələr yığını”, “süjetin dağınıqlığı” ifadələrini də misal gətirir. Bu doğrudan da belədir. Lakin əsərin hansısa uzaq bir ölkədən yox milli gerçəklikdən danışması yəqin Elçinə aydındır. Bizim həyatımızda bir xaos hökm sürür, bütün dəyərlər bir-birinə qarışıb, vaxtilə Belinski də yazırdı ki, bizim həyatımız qırıq-qırıqdır, ona görə də biz povest yazmalıyıq. Dağınıq, formalaşmaq üzrə olan cəmiyyət haqqında tam süjetli, realist bir əsər yazmaq mümkün deyildir, onda gərək Əkrəm Elçinin “Bayraqdar”ı kimi bir əsər yazaydı, həyati gerçəkləri gözardı edib, sentimental duyumlar əsasında əsərini qurardı. Əkrəm isə həyata soyuq gözlə baxa bilib, gerçəkliyin realist təsviri verib, əgər gerçək özü dağınıq və
qarmaqarışıqdırsa, onda o gerçəyi necə boyayasan və niyə boyayasan?
İntim səhnələr və bədii təsdiq
Elçin “Ətirşah Masan” da erotik səhnələrin bolluğundan dərin narahatlıq hissi keçirərək yazır: ”bu açıq-saçıqlıq əsərdə bədii cəhətdən özünü doğrultmur”, mən bunları birnəfəsə yazıram, amma Elçin bu hökmünü qorxaqlıqla deyir, Mopassandan vurub Tolstoydan çıxır, Şoloxovu, Ordubadini də şahid tutur, hətta İ.Əfəndiyevin “Körpüsalanlar”ında açıq-saçıqlığı ədəbi tənqidin ciddi mənfi reaksiyasını da xatırlayır. (Doğrusu mən İ.Əfəndiyevin “Körpüsalanlar” əsərini oxumuşam, amma orda açıq-saçıq bir yer görməmişəm, əgər orda Səriyyə bir neçə saatlığa olsa belə əri Adili buldozerçi Qəribə dəyişsə idi, Elçin indi yalançı çıxmazdı , lakin bunlarda ibtidai icma quruluşunda dominant olan “ata kultu” var, balaca uşaq atasını hamıdan güclü bildiyi kimi bunlar da atalarını ən cəsarətli yazıçı hesab edirlər.) Elçin bu sətirləri yazarkən mənə yazıçıdan çox zahiri puritanisti, Mirzə Cəlilin bəhs etdiyi sadəlövh möminləri xatırlatdı,
Əvvəla, intim dünya Əkrəmin əsərində öz bədii təsdiqini tapıbdır, bunlar əsla epataj ya da kiməsə bənzəmək təsiri doğurmur, kəndin gerçəkləridir, o qədər. Elçinin öz sözlərini özünə qaytarıb, deyirəm ki, “Elçin belə bir fantasmoqoriya yaradır ki, elə bil doğrudan da Azərbaycanda zoofiliya deyilən şey yoxdur.” Elçin statistik məlumatlara baxsa görər ki, son illərdə Azərbaycanda nigah yaşı nə qədər yuxarı qalxıb, kənddə yaşayan, evlənmə yaşı keçən savadsız gənc Elçinə görə nə etməlidir? Sosiologiyada “funksionalizm” nəzəriyyəsinin banilərindən biri olan Talkott Parsons yazırdı ki, “fahişəlik daim olacaq, çünki cəmiyyətdə evliliyin gətirdiyi məsuliyyətdən qaçmaq istəyən kişilər və asan yolla qazanc əldə etmək istəyən qadınlar daim olacaq”. Eyni şeyi zoofiliya haqda demək olar. Cəmiyyətin iqtisadi tarazlığının pozulduğu vaxtlarda zoofiliya “pik” həddə çatır. Əkrəm də bunu yazıb. Elçinin “Gümüşü furqon” povestində gənc qız və oğlanı gecə dəniz sahilində buraxır və onlar bir-birinə kədərli əhvalatlar(?!) danışırlar, oğlan qızın əllərindən belə tutmur. Bu daha realdır, yoxsa 35 yaşında evlənən Yadullanın keçi ilə əlaqəsi? Hansı məsələ
daha yaxşı öz bədii həllini tapıb?
Sonda
Elçinin bu silsilə məqalələri ilə təqdir olunası bir cəhəti vardır, o da ədəbi polemikanı canlandırmaq, proseslərə öz münasibətini ortaya qoymaq, bir sözlə ədəbi prosesndə qarşısında duran probelmləri canlı polemika ilə aradan qaldırmaq meylidir. Elçinin ədəbi polemikaya nə qədər dözümlü olduğu bu polemikanın gedişatında meydana çıxacaqdır.
| |