Alatoran_header  
Qan Turalı

Өvvөlki   Sonraki

Jurnal 2006N2



Elçin Hüseynbəylinin son romanı haqqında


Son dövrlərdə ədəbiyyatda özünü təsdiq etmək istəyən yazıçılardan biri də Elçin Hüseynbəylidir. Özəlliklə, onun ədəbi məhsuldarlıq sayəsində buna can atması diqqəti çəkir. Lakin bəri başdan demək istərdim ki, məhsuldarlıq bir yazıçının özünü təsdiq etməsi üçün ən sonuncu şərtlərdən sayılır. Cəmi bir hekayə yazıb özünü təsdiq etmək mümkün olduğu kimi, məsələn, 4 roman yazıb yazıçı kimi öz təsdiqini tapmamaq da mümkündür Yazmağa hekayə ilə başlayan Hüseynbəyli indi artıq çap edilmiş dörd romanın müəllifidir
Düzü, belə bir yanaşma da var ki, yazar adətən ilk romanlarında uğur qazana bilmir. Atilla İlhan yazdığı onuncu (!) romanını çap elətdirmişdi və bu qəribə hərəkətini belə izah eləmişdi ki, yazarın ilk romanları onun şəxsi gündəliklərindən ibarətdir. Ola bilsin ki, bir az maksimalistcəsinə deyilib, xüsusilə say məsələsində, lakin bu bir həqiqəti ifadə edir, yazar gərək öz dünyasından çıxa bilə. Hüseynbəylinin hələ də romanlarında öz dünyasından çıxa bilmədiyini düşünürəm, amma eyib etməz, onun hələ altı romanlıq şansı var. Siz bir balaca modernizmə meyl edirsiniz! Hüseynbəyli haqqında danışarkən dünya romançılığını işə qatmağın yeri deyil, bu düz olmaz fikrimcə, onun haqqında ən dəqiq sözü Hüseynbala Mirələmov deyib, "siz bir az modernizmə meyl edirsiniz", dünyada modern ədəbiyyat ənənəl᝺rinin inkar edildiyi bir vaxtda bu kiçik cümlə bizim yazarlar üçün təsəlli və öyünc yeri ola bilər. Bu yaxınlarda dəyərli xalq şairlərimizdən biri elan elədi ki, "mən modernizmi anlaya bilmirəm", bir çoxları bunu gülüşlə qarşıladı, lakin, mən bu sözləri öz-özümə ədəbiyyatımızı səciyyələndirən bir fakt kimi qeyd etdim, doğrudan da ədəbiyyatımız hələ də folklor çərçivəsindən, psevdoklassizmdən (hələ indiyə qədər kimlərsə özünü Füzulinin davamçısı hesab edir) uzaqlaşa bilmir, Əlbəttə söhbət ədəbiyyatdan gedir, ədəbi fərdlərdən yox, mən fərqindəyəm ki, ədəbiyyat da ədəbi fərdlər üzərində qurulur, lakin məsələ bundadır ki, ayrı-ayrı ədəbi fərdlərin yaradıcılığı ədəbiyyatda önəmli tendensiyaya çevrilmir, Nazim Hikmət demişkən, nə yazarlar bunun fərqindədir, nə də ədəbiyyat fərqində. Amma açıq deyirəm ki, Hüseynbəyli belə fərdlərdən deyil, ədəbiyyata təsir eləmək bir kənara dursun, o özünə belə təsir etməkdən uzaqdır. Bir sözlə o, modernizmə meyl etməyə çalışır, ədəbiyyatımız isə bu mərhələni Mirzə Cəlil üstəgəl Sovet ədəbiyyatı ilə çoxdan arxada qoyub. Ona görə də onun romanını modern ədəbiyyatın meyarları ilə təhlil edəcəyəm.

Nəsrimizin müasirlik problemi

Bir az əvvəl dediyim kimi o, müasirliklə keçmişin sintezinə meyl edir. Müasirlik olduqca mürəkkəb hadisədir, o heç də müasir həyatımızın səthi yolla təsviri deyil, "Sahil" - "Baksovet" stansiyası, televizor pultundan danışmaq deyil, Asif Atanın sözləri ilə desək, əsl müasirlik yeni, canlı bədii kolliziya, münaqişə, konflikt və mastşablı hadisələr qoynunda fəaliyyət göstərən müasir insan, vüsətli xarakter deməkdir. Belə olduqda müasirlik-əyinə geyilən libas, nəfis əşya, sadə ornament yox, yüksək idraki-estetik mahiyyət kəsb edir.
"Metro Vadisi" romanında zahiri müasirlik var, müəllif müasirlik kimi çox mürəkkəb bir problemi çox bəsit həll etmə yoluyla gedib. Əsərdə metrolar, bulvar, qızla oğlan arasındakı erotik münasibətlərdən tutmuş zəmanə haqqında fəlsəfi mühakimələrə qədər hər şey var, amma bütün bunlar oxucunu inandırmır, saxtalıq hər sətirdə duyulur, eynilə həmin olanlar Parisdə də baş verə bilərdi, heç kim duyuq düşməzdi, çünki əsərdə milli olan, müasir məkanımız üçün əlamətdar olan heç bir vizual effekt, görümlü detal yoxdur. Burda oğlanla qız metroda tum çırtlayır, siqaret çəkir, axı, indi kim metroda tum çırtlayır, siqaret çəkir, qızlar oğlanlarla qətiyyən o yazan təki tanış olmurlar. Gecə vaxtı qəhrəman qəzet köşklərinin birindən qələm və dəvət alır, axı hava qaralan kimi qəzet köşkləri bağlanır, bir sözlə belə misalların sayını istənilən qədər çoxaltmaq olar. Nəticə belədir ki, əsərdə saxtalıq və yabançılıq hökm sürür, romanda bir dənə də olsun, real detal yoxdur: istər tarixi, istərsə də müasirlik baxımından. Açığı deyim ki, Hüseynbəylinin əvvəlki romanlarında da realizm problemi həll edilməmişdi. Məsələn, "Balıq adam" romanını götürək. Bu əsərdə dəniz mövzusu işlənməyib, dənizlə bağlı bir dənə də olsun detal yox idi, amma dünya ədəbiyyatına bir göz ataq, yadımıza Heminqueyin "Qoca və dəniz" romanını salaq. O əsərdə dənizlə bağlı çoxsaylı bədii detallar var, quşların dənizin ortasından qayığa qonmasından tutmuş, qocanın yediyi çiy balığın tamına qədər. Hələ "Balıq adam" romanı haqqında Tehran Əlişanoğlunun rəyi də bu baxımdan önəm daşıyır.
Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Hüseynbəyli realizmi sentimentallıqla sığortalamağa çalışır, xüsusilə öz uşaqlığından danışır, lakin məsələ burdadır ki, o uşaq haqqında danışanda çox kövrək olur. Əsərdə haqqında tez-tez gözə dəyən "Su pərisi" söhbəti buna misal ola bilər.

Romanın dili

Doğrusu, bizim yazarlar arasında dil qüsuruna rast gəlmək küçədə polisə rast gəlmək kimi adi bir şeydir. Elə yazarlarımız da var ki, onların əsərlərinə baxanda elə bilirsən ki, bu yaxınlarda mitinq olub, ona görə də bura bir xeyli polis yığışıb. Yazarın, özü də söhbət dörd roman yazmış yazardan gedirsə, dili orta statistik ədəbi dildən fərqlənməlidir, onu ötüb keçməlidir. Lakin, Hüseynbəyli dili orta statistik dilə heç yaxınlaşmır da. Bir il bundan əvvəl onun bir cümləsi haqqında mənfi rəyimi elə bir cümlədə bildirmişdim, sonra o, bu irada kəskin reaksiya göstərdi. Cümlə belə idi, "Babamın necə, niyə və kimin öldürməyinin səbəbini öyrənməli, qaranlıq məqamlara işıq salmalıydım", göründüyü kimi cümlə səlis deyildi, "kimin tərəfindən öldürülməsinin" olmalı idi, bundan başqa bir cümlədə üç dəfə yiyəlik hal şəkilçisindən istifadə etmək nə dərəcədə doğrudur, axı cümlə kifayət qədər qəlizləşir. İrad təkrar üzərində dayanıram, haqlı irad idi, hesab edirəm ki, o, mənim iradımı "ona sataşmaq" kimi qiymətləndirmişdi" motivi müəyyənləşdirməkdənsə əsərin dilinə fikir vermək lazımdır.
Hüseynbəylinin dili kifayət qədər cilalı deyil, oxucuya elə gəlir ki, əsəri bu dildə elə bu səviyyədə hamı yaza bilər, bir çox hallarda isə bədiilik bir tərəfə, açıq-aşkar qrammatik xətalara yol verir. Məncə, misallarla danışmağın vaxtıdır.
Otağın aurası alabəzək idi. (səh 27)
Aura sözü dəqiq deyil , adətən, bu sözü mənəvi-psixoloji vəziyyət mənasında işlədirlər, daha dəqiqi isə belə olmalı idi. "Otağın görünüşü ala-bəzək idi"
Mənsə onunla internet vasitəsilə tanış olmuşam. (Səh. 28)
Bir də onu deyək ki, bu cümlə dialoq zamanı söylənib, şifahi nitqin öz qanun-qaydası var, nitq prosesində heç kim belə cümlə işlətmir, belə daha dəqiqdir, məncə; mən onunla internetdə (ya da internetlə ) tanış olmuşam.
Ümumiyyətlə romanda yazıçı peşəkarlığı, dörd roman yazan adamın yazı texnikası hiss olunmur, elə bil bu romanı hansısa bir jurnalist, yazıb.

Bakı 1501

Əzizə Cəfərzadənin belə bir romanı var, Hüseynbəylidə bu romanın təsiri açıq-aşkar hiss edilir. Düzdür, o təsiri o sığortalamağa çalışır, məsələn, adları dəyişir, hadisələri dəyişməyə can atır. Məsələn, əsərin bir yerində 44-cü səhifədə əvvəlcə bir qadının qardaşlarının əvvəlcə toxtamış, sonra isə özü tərəfindən öldürüldüyündən danışılır, özü də maraqlıdır ki, bu səhv bircə səhifənin içində baş verir. Onun "Balıq adam" romanı Proza N müsabiqəsindən çıxarılanda bu barədə Yenisinin ekspert rəyində "Hüseynbəylinin aldadıcılıq məharətindən" danışılırdı. (Bax. Yenisi.net-dəki, "Niyə balıq adam" yazısı) Bundan başqa o, tarixə baş çəkdikdə açıq-aşkar səhvlər buraxır. Əlbəttə, yazarın tarixi hadisələrə yanaşma tərzi tarixçinin yanaşmasından fərqli olmalıdır, yazıçı təxəyyülü əsərdə öz işini görməlidir. Amma düşünürəm ki, Hüseynbəylinin buraxdığı səhvlər mövzuya kifayət qədər bələd olmamağın nəticəsidir. Birbaşa mənada, burda plagiatlıqdan danışmaq da çətindir. Tarixi əsərlərlə tanış olan yazıçı tarixi gerçəkliyə əsaslanıb öz gerçəkliyini yaradır. Məsələn, Eko "Qızılgülün adı"nı yazarkən hətta əsərə daxil etmədiyi personajları da tanıdığını deyirdi, romanın baş verdiyi monastırın xəritəsini belə çəkib romana əlavə eləmişdi. Bir sözlə, Ekonun, eləcə də Ə.Cəfərzadənin romanında tarixi gerçəklik yenidən yazıçı təxəyyülü ilə doğulurdu, oxucu belə bir hadisənin baş verdiyinə inanırdı və bədii-estetik idrakın mahiyyəti də məhz inandırıcılıqdır. Lakin, Hüseynbəylinin romanında biz tarixi gerçəkliyin yenidən yaradılmasını yox, başqa yazıçının tarixi anlamağının imitasiyası ilə qarşılaşırıq. Əgər nəsrimizi sovet romanlarını imitasiya etmək aqibəti gözləyirsə, demək bizi də xoş günlər gözləyir. Keçən həftə Hüseynbəyli "525-ci qəzet"in əməkdaşı Rənaya verdiyi məlumatda təkrar tarixi mövzuya müraciət etmək istədiyini, bu dəfə Oruc bəy Bayatlının həyatından roman yazacağını demişdi. Roman yazılmamış onu deyim ki, bir obraz ətrafında roman yazmaq ənənəsi çoxdan köhnəlib, bundan əlavə o öz beynində Oruc bəy Bayatlının obrazını yarada bilməsə, sənədliliyə yuvarlanacaq. Bunun ilk işartıları görünür, Hüseynbəyli əsər üçün informasiya yığmağa girişib. Mən dəqiq bilmirəm, o, fars dilini bilir ya yox, ispan dilini də eləcə, amma İrandan qayıdıb, indi də İspaniyaya getməlidir, əsər üçün məlumat yığmaq üçün.

Sonda

Heç müsbət cəhəti yoxdurmu, bu romanda? Sözsüz ki, var. UNESCO-nun məlumatına görə 2050-ci ildə dünyada yalnız 90 dil qalacaq, qalanları məhv olacaq. Əgər dilimiz yaşayırsa, bu dildə romanlar yazılırsa, bu dil yalnız bu ölkədə yaşayan türklərin deyil, digər xalqların da ədəbi dilidirsə, onlar da bu dildə yazırlarsa, deməli, biz xilas olacaqların siyahısındayıq. Bu halda, Hüseynbəylinin romanına sevinmək olar. Bir yazar kimi ana dilimdə yazan məktəblinin sevgi şeirləri də məni sevindirir o, ki, qaldı roman yazan adamın dördüncü romanı ola.