|
|
Qan Turalı
өvvөlki Sonraki
Jurnal 2006N2
REKLAM DÜŞÜNCƏLƏRİ
Daha bezmişəm televizordakı reklamlardan. Çox az maraqlı reklam verirlər. Başa düşürəm, pul qazanmaq lazımdır, dizelin də qiyməti iki dəfə qalxdı, ailə-uşaq var, amma bu pula da layiq olmaq gərəkdir. Daha indi
sən pul qazanırsan deyə camaatın boş yerə vaxtını niyə alırsan?
Qərara almışam ki, özüm bir reklam süjeti hazırlayam. Amma bilmirəm nəyin reklamını çəkim. Bu dəmdə əlimdəki çay dağılır üstümə, klavyaturaya da burdan az pay düşmür. Əynimdəki şalvara da ləkə düşür. Çayın şəkərli olduğunu də desəm mənzərə tündləşir. Camaşır tozunun
reklamı üçün əla süjet yaranır.
Hə, elə camaşır tozunun reklamını çəkmək olar. Süjet də öz-özünə ortaya çıxdı. Hekayə tez bitə bilər. Ona görə də arqument tapmalıyam ki, bu süjet işə keçməsin. Bütün camaşır tozu reklamlarında hər şey ləkədən başlayır. Ona görə bu süjet keçməz. İncəsənət qurban tələb edir. Mənim də şalvarım qurban getdi, amma bir şey öyrəndim ki, reklam süjetini camaşır tozuna
cəkəcəm.
Deməli belə. Oğlan qızla kafeyə gedir. Kafedə kofeni dağıdır üstünə. Pencəyinə deyim, biləcəsiniz nəyə görə. Qız da ondan pencəyini alır. Qoyur bir az əvvəl alıb pulunu oğlana verdiyi öz pencəyini aldığı mağazanın sellofan qabına. İndi pencək məsələsini aydınlaşdırım. Tutaq ki, şalvar töküldü, onda oğlanın şalvarını çıxarması əxlaqi dəyərlərə uyğun olmaz, əlimdəki güzelim süjet bir işə yaramaz. Köynək məsələsində də eyni kəskinlikdə olmasa da şalvar arqumenti keçərlidir. Hələ onu demirəm ki, son zamanlarda zəhmətkeşlərimizin kino istehlakı yalnız Latın Amerikası teleseriallarından ibarətdir, orda da sevişmə səhnəsində ilk öncə köynək əyindən çıxarılır. Burda bir reklamla iki quş da vurmaq olar. Belə ki, mağazanın adını göstərib onlardan da pul almaq olar. Qızla oğlan sabah görüşürlər. Elə həmin kafedə. Kafenin adını bircə anlıq süjetə daxil etsək beş-on dəfə onlarda havayı yeyib-içmək olar. Qız təmiz pencəyi stolun üstünə qoyur, oğlan heyrətlə pencəyin təmizliyinə baxır, qız da bu dəm camaşır tozunun qabını (dolu da ola bilər, boş da) pencəyin üstünə qoyur.
Özümün də xoşuma gəldi. Amma bu da ləkədən başlayır.
Yaradıcılıq axtarışları davam edir. Qoca şairlərimizdən biri demiş ədəbiyyatımız yaşayır. Əvvəlki süjetin bir orijinal tərəfi bunda idi ki, bura qız-oğlan məsələsini daxil eləmişdim. Qız da cavan və cazibədar qız olmalı idi. Bu da reklama baxımlılıq gətirəcəkdi. Televizorlardkı süjetlərdə isə adətən belə reklamlara evdar qadınları çəkirlər. Məgər ərə getməmiş qızlar
paltar yumur? Bu da bir idrak uğurudur. Davam edək.
Deməli, əsgər kazarması. Şanlı ordumuzun rəşadətli səgərlərindən biri tumboçkanın üstündə məktub yazır. Əsgər tam planda götürülməlidir. Daha sonra operator kameranı onun kağızına tuşlamalıdır. Məktub yüz faiz kiril əlifbası ilə yazılmalıdır. Əsgərlərimizin çoxu latın əlifbasını bilmir. Məktubun sonunda imzadan sonra qısa bir şeir ola bilər. Əsgərin məktubu sevgilisinə yazdığı tumboçkanın üstündəki novruzgülüdən bilinir. Əsgər kağızı yazıb məktuba onu novruzgülü ilə birgə qoymalıdır. Şeir isə belə
olacaq:
Əgər məni sevirsənsə
Ariel yolla mənə.
Bircə qutu bəsimdi
Ürəyimsə sənindi
Daha sonra isə əsgər göstərdiyim kimi zərfi bağlayır. Kazarmadan ən son görüntü isə əsgərin əyninə uniformanın altından geyindiyi çirkli köynək ola bilər. Kadr dəyişir. Qarasaçlı bir qız məktubu açır və biz onu poçtda görürük, bağlama ilə Arili gondərir. Reklam əsgərin bağlamanı açması ilə başa çatır. Yaxşı olar ki, sonda operator kameranı bağlamanın içinə salsın, Arile iri planda ekrana çıxsın. Bir yazı da onun böyründə. Ariel-Bir ürəyə
bədəl
Bu əla ideyadır. Özümə ləzzət elədi. Şeir də lap yerinə düşür. Belə yerdə deyiblər, “darıxmayın şeir də olacaq” Amma bir şeyi də deyim. Bu reklam efirə getməz. Bəs necə? Müdafiə nazirliyi aləmi dağıdar. Deyər ki, bu bizim şanlı ordumuza atılan qara ləkədir. Özü də elə bir ləkə ki, onu heç Ariel də
təmizləyə bilməz. Ona görə də buna da bir quş.
Axtarışlar davam edir. Amma bir şey də var ki, gərək hər işdə xalqımızın zəngin folkloruna arxalanasan. Ona görə beynimi məşğul edib folklorumuzda buna bənzərə bir hadisə axtarıram. Elə bir nağıl, rəvayət, dastan ki, orda cüzi dəyişiklik eləməklə ortaya babat bir şey çıxa bilsin. Gərək adam öz kökündən ayrılmasın. Xalqın intiqamı ağır olur. Gərək hər
işdə xalqa arxalanasan.
İntiqam demişkən, ağlıma bir rəvayət gəldi. Bir gün bir oğlanı qan davasında öldürürlər. Qanlı köynəyini evə gətirirlər. Gəlin nə qədər yuyursa qanın izi çıxmır. Axırda köynəyi qaynatasına aparır. Qaynatası gəlinə baxıb kədərlə deyir:
Oğlumun intiqamı alınmayınca o qan o köynəkdən çıxmaz.
Oğlanın qardaşı yox imiş, atası da çox qoca imiş. Gəlin özü ərinin intiqamını alır. Sonra köynəyi yumaq üçün boxçadan götürür. Köynəkdəki ləkə öz-özünə çıxıbmış. Ticari maraqlarımzı nəzərə alıb intiqamdan sonra
köynəyi yumaq da olar.
Yox, yox. Burda işıq ucu var. Amma oğlanla qız heç vaxt bir yerdə olmurlar. Hər şey qətldən başlayır. Ona görə əvvəlcə onları tanış eləmək lazımdır. Bir də yaxşı olar ki, reklam müasir mövzuda çəkilsin. Çünki o
vaxt camaşır tozu yox idi.
Deməli, bir gün bir qız universitetdən çxır. Özü də möhkəm yorğundur. Elə bil daş daşıyıb. Dayanacaqda dayanır. Avtobuslar da hamısı dolu gəlir. Qəfildən qızın qabağında bir Mersedes saxlayır. Oğlan qapını açıb
Buyurun deyir.
Qız o dəqiqə maşına oturmamalıdır. Oğlan nəsə bir sanballı bəhanə tapmalıdır. Elə bir bəhanə ki, qızın ürəyindən olsun. Qız da universitetdən
çıxıb, acdır, yorğundur. Oğlan qıza desin:
-Mən də sizin kimi çox ac-yalavac avtobus gözləmişəm. Sizi görəndə o
vaxtlarım yadıma düşdü.
Qız da otursun. Sonra biz onları kafedə görək. oğlan görüş təyin etsin, gəlməsin. Bunu biz qızın hərəkətlərindən biləcəyik. Qız Cəfər Cabbarlınını heykəlinin yanında fahişələr duran yerdə tez-tez saatına baxsın. Amma çəkilişi tez aparmaq lazımdır ki,gecə olmasın, bu dəmdə fahişələrin kadra düşmək ehtimalı var. Onlar reklamımın gül kimi estetikasını məhv
edəcəklər.
Oğlan gəlmədi. Nə bəhanə tapaq. Deyək ki, oğlan öldürülüb. Amma o dəqiqə polis nazirinin boz sifəti çıxacaq qabağıma və bu sözləri deyəcək: Proseslər nəzarətimiz altındadır. Bu ölkədə adam öldürmürlər. Bəlkə müharibədə, vətən yolunda ölsün. Amma yox. O da olmaz. Müharibəyə
gedəndə qıza xəbər verməli idi. Yaxşısı budur, avtomobil qəzasında ölsün.
Deməli belə. Oğlan avtomobil qəzasında ölür. Qız bir saat gözləyir. Oğlan gəlmir. Oğlanın telefonu da cavab vermir. Qız dörd-beş gün sonra oğlana zəng edir. Telefonu götürən adam deyir ki, oğlan ölüb. Bəs sonra necə
olsun. Camaşır tozuna necə gəlib çıxaq?
Bir az fikirləşim. Hə, oğlan qəzada ölübsə əynində mütləq paltar olub. Lüt gəzmir ki, maşında. O köynəyə də qan ləkəsi düşsün. Tamamilə
ağlabatandır.
Yaxşı tutaq ki, oğlanın köynəyinə qan ləkəsi düşüb. Bəs qız bu köynəyi necə ələ keçirsin. Fikirləşmək lazımdır. Deməli, qız vədələşib gəlsin oğlangilə. Oğlanın da maşınından ya da telefonundan qızın şəkli çıxsın.
Oğlangildə qızı tanısınlar. Yoxsa hər yoldan ötənə köynək verməzlər ki....
Yox e, bu süjet yaman uzun oldu. Bu boyda reklam olar? Bir az qısa ola gərək. Başqa bir süjet fikirləşək. Lap qısa. Arvad ərinə desin ki, get filan camaşır tozundan al. Elə filan desin. Çünki ad çəkmək olmaz. Biləcəsiniz indi niyə görə. Ər də getsin mağazaya. Camaşır tozunun adını yaddan çıxarsın. Hansı birinci gözünə dəysə, ondan istəsin. Sonra gəlsin evə. Arvadı da onu danlasın ki, mən sənə filan tozdan al demişdim, sən niyə Ariel almısan? Ər də bir bəhanə tapmalıdır axı? Desin ki, bu lap yaxşıdır. Arvad da paltarları yusun, görsün ki, doğrudan da Ariel filandan yaxşıdır.
Lap qısa oldu. Kimdi indi uzun reklama baxan.
Başqa bir şey də fikirləşmək olar. Ər-arvad və filan məsələsini saxlayaq ehtiyat variant kimi. Amma ər-arvad süjeti məni çox cəlb edir. Ər arvadla savaşsın. Sabah da iclas olsun. Ağ köynək də çirklənib. Sabah da mütləq onu geyməlidir. Ər ağ köynək əlində, ağ bayraq kimi girsin otağa. Əlinin biri də arxada. Ağ köynəyi stonun üstünə qoysun, üstünə də bir qutu Ariel. Sonra öpüşsünlər. Belə bir cümlə də vermək olar sonda reklama. Arile
küsənləri barışdırır.
Amma istəyirəm bayaqkı avtomobil qəzası söhbətini də yekunlaşdırım. Oğlanın qanlı köynəyini Arilə soxmasam dincəlmərəm. Qıza versinlər köynəyi. Qız da gətirsin assın evdən. Amma hər dəfə qan ləkələrini görəndə ağlasın. Ona görə bir gün qərara gəlsin ki, köynəyi yumaq lazımdır. Köynəyi yusun, amma ləkə çıxmasın. Köynəyi götürüb getsin bir adamın yanına. Adam yaxşı olar ki, dindar olsun. Amma əli təsbehlilərdən olmasa yaxşı olar. Söhbəti başdan-ayağa danışsın. Desin ki, sevgilim ölüb. Qanlı köynəyini yuyuram, ləkəsi getmir. Rəvayətin axırına gəlib çıxmışam. Onda qayınata demişdi ki, intiqam alınmayana qədər qan ləkəsi çıxmaz. Əgər intiqam söhbəti ortalığa düşsə mayamız batacaq. Ona görə həmin o adam desin ki, qızım axı sən o köynəyi Ariellə yumamısan. Sən bilmirsən ki, ağ köynəkdən ləkələri ancaq Ariel aparır. Buna Ariel tərkibində xüsusi
minerallarla nail olur. Bu süjeti də beləcə axıra çatdırdım.
Amma bilmirəm hansı süjeti verim. Amma yaxşısı budur hamısını verim,
hansı xoşlarına gəlsə özləri çəkərlər.
16-18 iyun 2006
| |