|
|
Qan Turalı
өvvөlki Sonraki
Jurnal 2006N2
YOL ƏHVALATI
Səni elə çox sevirdim ki. Hər sabah yuxudan oyananda yadıma ilk dəfə sən düşürdün, bu kifayət idi bu günümün xoş keçməyinə. “Bu elə bir gecə idi ki, biz onu yalnız gəncliyimizdə hiss edirik.” Bəli, səndən sonra da sabahlar oldu, amma heç biri o qədər duyğulu və ümidli olmadı. Çılğın bir ehtiras, kor istək, içimdəki “qaranlıq qutu”nun məni dəhşətə gətirən enerjisi demişkən sən çıxdın qarşıma. Yalnız xəyallarımda mənim olan sən. Aramızda başqalarına və elə sənə danışılası heç nə olmadı. Çünki hər şey, səninlə aramda olan hər şey mənim duyğularımın məhsulu idi, hər şey gerçək idi, sadə idi və həyatın özündən də böyük idi. Amma indi sən yoxsan, elə bilirsən ki, hər zaman belə idin, amma bir zamanlar yalnız sənin olan duyğularım, düşüncələrim indi yoxdur. İndi sənsiz yazdığım bu sətirlər məni anbaan səndən uzaqlaşdırır, içimi sənin yoxluğundan doğan rahatlıq işğal edir, inan ki, sənsiz mənə çox rahatdır.
Səndən özümə Leyli yaradan Mən
Onu hardan tapdın?
-Burdan deyib, əliylə oturacağın altını göstərdi. Bu yəqin ki, bir məktubdur. Dəftərin səhifələrinə yazılıb, elə ordaca qalıb, cırılmayıb. Deyəsən onu yazanın göndərmək fikri olmayıb heç.
-Məktubundan görünür ki, bunu yazan adam elə bir cəsarət sahibi də olmayıb. Cəsarətsiz adamlar həmişə adamı kədərləndirir. Xüsusən o adamlar böyük bi işi görməyə cəhd edəndə. İstəyirsən sənə gülməli bir şey
danışım.
-Danış.
-Olmuş söhbətdir. Bir həkim işə gedirmiş. Döngəni keçəndə qarşıdan gələn Təcili Yardım maşını ilə toqquşur. Adamın bəxti onda gətirir ki, maşının Təcili Yardım maşını ilə toqquşur. Bunu deyəsən, Əziz Nesin yazıb. Başına yığışan arvadlar ağlaşmağa başlayır. Ayaqları ağrıyırmış. Deməli, əsas xətər onlara toxunubmuş. Hamı başına yığışıb. O isə deyir ki, ağlamayın, nə olub ki.. Belə vaxtlarda da həkim rolundan çıxa bilməmişdi. Ağır vaxtlarda həkim hər zaman başqalarına təsəlli verir. Onun ayağını kəsdilər. Hekayə burda bitir. Bu kədərli oldu. Amma bir az gülməlisini danışaq. Kənddə bir qoca şəhərdəki qardaşına tapşırır ki, ona televizor alsın. Qardaşı televizoru alıb gətirir. Futbol üzrə dünya çempionatı gedirmiş. Hər axşam kənddəki qardaş televizoru açıb görür ki, futbol oynayırlar. Qardaşına deyir ki, niyə futbol oynayanından almısan, konsert verənindən alaydın da. Arvadı qaynını sancmaq fürsətini əlindən buraxmır. “A kişi, pulu qoyub cibinə, ucuzun alıb də”. Bax, bu ikinci hekayədir ki, sənə
danışıram. Bir az da sən danış.
-Danışım də. Bir gün günortanın istisində qəzet alıb parkda oturmuşdum. Parkın qarşısından keçən yola metlax döşəyirdilər. Metlax döşəmək bu gün işsizliyin qarşısını alan ən önəmli peşədir. Əzablı işdir. Əvvəlcə yeri qazıb hamarlayırlar. Sonra isə sement qarışdırıb yerə vururlar. Metlaxı lap axırda sementə batırıb yerə döşəyirlər. Səliqəli işləmək lazımdır ki, metlax yerə yaxşı otursun. Bütün bunlar günəş temperaturunun qırx dərəcəni keçdiyi bir məkanda baş verir. Demişdim axı, bizim ölkədə işsizlikdir. Fəhlələrdən biri gəlib yanımda oturdu. Yəqin iş vaxtı fasili yaranmışdı. Əlimdəki qəzetə baxıb soruşdu ki, “nə yazırlar”. Qəzetdə də nə çox informasiya.
Onun tərinə baxıb, ən pis olanını dedim:
Ölkənin ən yaxşı jurnalistlərindən birini möhkəm döyüb sonra da maşınla
üstündən keçiblər.
Sakit qarşıladı bu xəbəri. Köynəyinin ucu ilə alnının tərini sildi. Qəzetə baxdı. “Prezident deyil bu” deyə soruşdu. Bəli, göstərdiyi adam prezident idi. Mürtəce rejimlərin birinin rəhbəri ilə hansısa sənədi imzalamaq üçün stol arxasında idi. Mən də başımla “hə” dedim. Prezidentin şəklinə fərəhlə
baxıb, “görürsən də, bizim yerlidi, onu hamı tanıyır” dedi.
-Sən nə dedin?
-Heç nə. Qəzeti büküb, şalvarımın arxa cibinə qoydum. Ordan uzaqlaşdım.
-Bu da çox kədərli oldu.
Niyə ki.. Sabahdan havalar düzəlməyə başladı. Yağışlar yağdı. Havalar soyudu bir az.
Bu lap pis. Yağışda metlax vurmurlar. Onlar isə günəmuzd işləyir.
-Doğrudur. Gəl bir az fərəhli şeylərdən danışaq. Sən heç aşiq olmusan?
Necə olub axırı?
-Hansını soruşursan? Bir də nə fərqi var? Hamısının axırı bir olub. Başqa ssenarilər idi, amma bütün tamaşalar faciə janrı ilə bitirdi. Necəncini
danışım?
-Lap sonuncunu.
Hə, burda məsələ belə oldu ki, o xalasıoğlu ilə nişanlandı.
-Bu yalnız son oldu. Titrlərdən beşcə dəqiqə əvvəl kinoya baxan adama
kino barədə yalnız bu məlum olar. Onlar evləndilər. Bu qədər.
-Əslində o məni sevirdi. Lap çox. Amma onu xalasıoğluna verdilər. O da
heç müqavimət də göstərmədi.
-Bəs sən?
-Mən də indi burda bunu sənə danışıram. Bu işdə başqa bir fəaliyyətim
olmayıb.
Bircə dəqiqə gözlə, mən indi gəlirəm.
-Hara gedirsən?
-Şoferə deyəcəm bir dəqiqəliyinə saxlasın. Pirə nəzir atacam.
Bir az çölə baxdı. Bircə anlıq düşündü ki, onun bircə dəfə gördüyü bu yerlərdə də adamlar yaşayır. O, adamların bir çoxu da bütün ömrünü
burda keçirir.
-Bayaqkı dəftərdə elə bircə o məktub var idi?
-Pirə nəzir atandan sonra dəftər hardan yadına düşdü.
-Nə bilim?
-Mürəkkəb pozulub. Deyəsən çoxdan yazılıb. Məktub isə başqa qələmlə
yazıldığından yaxşı oxunur. Bəzi yerləri də oxumaq olur. Oxuyum?
-Oxu.
-Bu yer maraqlıdır. Sevgilisi ilə görüşdən sonra yazıb.
-Görəsən bu məktub yazdığı sevgilisidir?
-Kim bilir. Bəlkə də. Belələri ancaq bir dəfə sevir.
-Oxu görək nə yazır, naməlum yazıçımız.
-Avtobusa mindim, qızı yola salaraq, bir az əvvəl alışqanım xarab olmuşdu. Onun yanında siqaret çəkə bilmədim. Başqa bir istəyim də ürəyimdə qaldı. Məscidin qabağından dənizə baxırdıq, əllərini tutmaq istədim. Məsciddən adamlar çıxırdı, mümkün deyildi. Onların arasında onun əlindən tutmaq təhlükəli idi. Hər halda ateist belə olsam məscid mənim üçün müqəddəs idi, bəlkə də bir qorxu idi, dindarlar xüsusilə gecə namazından sonra məsciddən çıxanda çox qorxulu olurlar. Allahın borcunu vermişdilər, onun xalasıoğlu kimi davranırlar. Hər nəsə, siqareti yandırmaq üçün alışqan istədim sürücüdən, o artıq binaların arasındakı qaranlıqda itib batmışdı, bilmirəm hara getdi, əlbəttə ki, evə gedirdi, amma evin yerini bilmirdim. Sürücü heç də özlərinə xas olmayan nəzakət göstərdi, “gəl siqareti içəridə çək” dedi. Mən içəriyə girib oturdum, onun tolerantlığından istifadə edib siqaret çəkməyə başladım. Bir az sonra mənim hissiyatım zirvəyə çıxacaqdı, sürməli qızı-Ayseli düşünməyə başlamışdım, bilirdim, yadıma hardan düşüb, onun sevdiyi mahnı idi radionun efirində. İlk dəfə bu mahnının qəmli olduğunu anladım, mahnının adı belə çox şey deyirdi, “sən ağlama”, amma mən indi-indi anlayırdm bunu. Yazıq oxuyan hər şeyi öz üzərinə götürüb sevgilisinə xeyirli yol arzulayırdı, bir tərəfdən şəhərin işıqları, o biri tərəfdən də içəridə siqaret çəkməyin lüksü, bir də indicə avtobusda toxuna bildiyim əlin istisi, bunlar hamısı xoşbəxt olmağa yetirdi, hamısı, həm kədər vardı Aysellə bağlı, həm indicə bir əsmər əlin hərarəti həm də gecə işıqları önündə sənin də bir işığın vardı, siqaret işığı, istədiyin vaxt söndürə bildiyin siqaretin işığı hər halda bu qədər həzz insanı öldürə bilərdi, xoşbəxt olmaq ehtimalı vardi, ona görə də xoşbəxtlikdən imtina edib işığı söndürməyə çalışdım, pəncərəni açıb siqareti çölə tulladım, evə gəlib zəng elədim, yatmışdı, başı ağrıyırdı, bunu mənə bacısı dedi telefonda, internete girib cinsel devrim haqda bilgiler yığdım, ona danışmaq üçün, ona izah etməli idim ki, insan sevmədiyi evlilik barədə düşünmədiyi insanla da da yata bilər, nə qədər əxlaqi idi bu, bilmirəm, amma hər halda bu mənə
lazım idi.
-Məncə biz bir şeyi öyrəndik. Məktub yazdığı qızın adı Aysel imiş.
-Bu əlbəttə ki, dəqiq deyil, amma biz bir şeyi bilirik ki, o Aysel adlı bir qız sevirmiş.
-Daha bəsdir, Şerlok Holmsluk etdik.
-Hə elədir, mən yatmaq istəyirəm.
-Mən də.
24-25 iyun 2006
| |