Alatoran_header  

Seymur Baycan

Өvvөlki   Sonraki

Jurnal 2006N2



"Nakes Yaramaz" ve Vaqif Mustafayev

Şəxsiyyət və yaradıcılıq mövzusunda mübahisə düşəndə bir-iki kitab oxumuş adamlar o dəqiqə bədbəxt Dostoyevskinin adını çəkirlər: “Dostoyevski qumarbaz, əyyaş olub. Amma gör necə əsərlər yazıb”. Əsərlər deyəndə Azərbaycan camaatının böyük bir qismi “Cinayət və cəza”nı, “Karamazov qardaşları”nı , “İdiot” u yox, “Bəyaz gecələr”i xatırlayır. Ona çox kobud dildə yazdığını irad tutanda ”Mən nə edim ki, obrazlarım belə danışır” cavabını verən Dostoyevskini unudub Molyeri xatırlayırıq. Bəs dünyanın ən qorxaq adamı Molyer necə olsun? Eşidəndə ki komediyalarda doladığı adamlar onu döymək istəyir, bir neçə dəfə qorxudan yatağa düşüb. Amma Molyerin içində dolamaq xəstəliyi vardı, özündən asılı olmayaraq hər dəfə gülüşün dozası, doladığı adamların rütbəsi, statusu qalxırdı. Çevrəni daraldıb mövzunu Azərbaycan sərhədləri çərçivəsinə keçirsək, əsrarəngiz mənzərə ilə qarşılaşırıq. Azərbaycanda əli qələm, fırça tutan, çiyni kamera saxlaya bilən adamların 90 faizinin yaradıcılığı ilə əməlləri üst-üstə düşmür. Bu məmləkətdə qələm Fəxri Xiyabanda basdırılmaq vasitəsidir. Azərbaycan ziyalısının bütün yaradıcılığı və əməlləri Fəxri Xiyabanda basdırılmağa hesablanıb. Əsərində tamadalığı dolayan Anar Rzayev sonda özü Əliyevlər ailəsinin tamadasına çevrildi. Qəflətən eks-deputat Anar müəllimin çox-çox əvvəl bir toyda səhv buraxdığı yada düşdü. Heç nə, xalqımızın gözəl ziyalısına o vaxt toyda bir az gec söz verilib. İndi cəzasını çəkir. Gecə-gündüz göz yaşı töküb mikrofon istəyir. Türklər demiş, əski millət vəkili günümüzdə özünün ədəbi obrazı Feyzulla Kəbirlinski kimi radioda, uşaq verilişində 3 manat qonorara müxtəlif səslər çıxarır. ”Dantenin yubileyi” povestini çox sevsəm də, yazıçının öz obrazına məğlub olması çox dəhşətlidir. Elçin Əfəndiyev, yəni baş nazirin humanitar məsələlər üzrə müavini isə qədim tütəyi xarici vətəndaşa satıb, sonra tütəyin taleyindən hekayə yazır. Sən demə, qürbət eldə tütək hər gecə vətən həsrətindən öz-özünə “Sarı gəlin” mahnısını çalırmış. Bəh, bəh, bəh, nə gözəl, qaqaş, əgər qədim tütəyi xarici vətəndaşa satırlarsa, bu, kimin günahıdır? Sən Allah, demə ki, Şirin Zərdablının. O ki qaldı Əkrəmə, onun haqqında lap artığını yazmaq olar. Sadəcə, şəxsən mən yaza bilmirəm, daha doğrusu, yazmaq istəmirəm. Əkrəm Əylisli quru adam deyil, orijinal cığallığına görə onun bütün günahlarını bağışlamaq olar. Nəinki Azərbaycanda, bütün dünyada Vaqif Mustafayev qədər yaradıcılığı ilə əməlləri üst-üstə düşməyən adam yoxdur. Çəkdiyi “Yaramaz”, “Nakəs” filmlərinin adları bu adam haqqında çox şey deyir. Baxın, bu adamı “Space” kanalına prezident təyin etdilər. Faktiki olaraq filmlərində doladığı şeylərin kökünü bu kanaldan kəsə bilər. Əlinə imkan düşüb. Amma Vaqif Mustafayev Etibar Babayevə rəhmət oxutdurdu (dirilərə də rəhmət düşür). Toy müğənniləri yenə aləmi dağıdır. “Space”in efirində gülməli xaos hökm sürür. Hiss olunur ki, hamı “Space”in binasına hər gün “sonuncu iş günü” ovqatı ilə ayaq basır. Ən çox təəssüf doğuran bir məqam var mənim üçün. Daha bu kanalda öyünüləcək kino siyasətindən əsər-əlamət qalmayıb. “Space” nə qədər gec olsa da, Əmir Kusturitsanı Azərbaycanda populyarlaşdıran kanal idi. Kusturitsanın efirdən bir filminin nümayişi “Molla Nəsrəddin” jurnalının 100 il dərc olunmasına bərabərdir. Mən bu kanalda “Aylı ata” filminə baxmışam. Görünür, Vaqif Mustafayev indi “Space”də ucuz, vaxtı milyon il bundan əvvəl keçmiş filmləri göstərməklə özünü bu filmlərin fonunda dahi rejissor kimi təqdim etmək istəyir. Əlbəttə, “Ögey ana” filmi ilə müqayisədə “Yaramaz” şedevrdir. Yeri gəlmişkən, “Ögey ana”nı iki-üç gün əvvəl “Space”də göstərdilər. Hesab edin ki, yazı artıq bitib, sadəcə, bu girdirmə film haqqında iki-üç söz yazmaq yerinə düşər. Hər dəfə şəhərdə çox qəribə, əcaib cütlüklərlə qarşılaşanda məni bir sual düşündürür. Görəsən, bu adamlar harada tanış olublar, bu iki adamı birləşdirən nədir? Nə qədər fantaziyama güc versəm də, bir səhnə quraşdıra bilmirəm. Az qala gedəm bu adamlardan soruşam: “Sən Allah, bağışlayın, məni düz başa düşən, siz harada və necə, hansı şəraitdə tanış olmusunuz?» Eyni sözü “Ögey ana” filminin qəhrəmanları haqqında da söyləmək olar. Filmdə daima maykada gəzən kişi - İsmayılın atası ilə dolu şəhər qadınını nə birləşdirir? O nə danışıqdır, o nə ər-arvad münasibətidir? Bu adamlar harada, necə tanış olublar? Sovet pafosu, kənd romantikası öz yerində, axı o qadın, yanında da qızı, niyə kəndə gəlməli idi? Kənddən şəhərə gələn yollar xeyli rahatdır, amma şəhərdən kəndə qayıtmaq zülmdür. Bunu kim bilməsə də, Əkrəm Əylisli yaxşı bilir. Bir gənc rejissor lazımdır, çıxa ortaya və maykada gəzən kişi ilə o qadının tanışlıq səhnəsini çəkməklə ”Ögey ana” filminin altını üstünə çevirə. Ümumiyyətlə, mən həmişə bu filmə baxanda istəmişəm ki, İsmayıl o qadına “ana” deməsin.