Alatoran_header  

Şərif

Өvvөlki   Sonrakı

Jurnal 2006N2

Balabəy Ə kişi, yaxşı görək… Yaxşı! Yaxşı. Mən tanımıram Balabəyi? Qapıbir qonşu olmuşuq e… Böyük oğlu İlqar, ortancılı Səlimxan, balacası Hətəm… Üçünü də əsgərlikdən dəlilik adına qurtarıblar. Baxanda inanmazdın ki, bu pəzəvəng uşaqlar Balabəyindi. Ama hardasa suyu çəkirdi. Yoxsa analarından şübhələnərdi adam. Balabəy nə Balabəy! Dişləri Qobustan qayalarına oxşayırdı. Astra siqaretindən o qədər dartmışdı ki, zəfəran kimi sapsarı idi. Gözləri çökəyə düşmüşdü. Dərnəgüldəki 12 saylı yataqxanada qalırdılar. Birdən evlərində vay-şivən qopurdu: -Öldü! Yenə öldü!!! Arvadı qışqırırdı: -Səni qara yer yesin! Birdəfəlik öl, qurtarsın canımız!!! Səni heç qalxma bu yastıqdan! O saat bilirdin ki, yenə vurub Balabəy. Vurub və pis günə düşüb. Eyvandan boylanırdıq. Ağzına qoruyucu bağlamış ağ xələtli adamlar ambulansın xərəyində aparırdılar onu. O da heydən düşən qollarını sağa-sola ölçə-ölçə nəsə danışır, söyür, söyüşlər ağzında topuq vururdu. Dabbaxda gönünə bələdəm Balabəyin… Rastlaşanda dil-ağız edərdik: -Həmişə ayaqüstə! Qımışardı. Üçcə gün keçməmiş yenə həmən həmən idi! Yenə arvadının səsi yataqxananı başına götürərdi: -Ay Allah, necə ölmür e… bu qeyrətsiz! Uşaqları utanıb başını aşağı salırdı. Amma, eşitdiyimə görə, daldada anaları ilə əməlli başlı dava-dalaş salırdılar. Üçü də çox istəyirdi atasını. Balabəyin «ambulans macərasına» uşaqlarının göz yaşları da daxil idi. Balabəyin arvadı Dərnəgül yolunun üstündə pal-paltar satırdı. Bir qolu şikəst idi yazığın, qrad qəlpəsi dəymişdi. Ama neyləyirsən, tək qoluynan bütün oğlanlarını əsgərlikdən qurtardı, ikisini evləndirdi. Hərəsinə yataqxanadan bir otaq aldı. Hər biri min dollara… Bu «evləşmə»lərin Balabəyə ağırlığı ondan ibarət oldu ki, ömrünün iki gecəsini də «Semaşko»da keçirdi. Səhərlər isə paxmelin üzücü əzabları… Bah-bah-bah-bah! -Allah var irəhimi var! Qonşumuz keçəl Siyatel bütün yataqxana əhlindən fərqli olaraq Balabəyin aqibətindən xatircəm idi. «Day bu düzələn deyil» kimi bədbin fikirlər ağlının həndəvərindən dızıldamırdı da! Keçəl Siyatel necə demişdisə, elə də oldu. Günlərin bir günü, eynəkli bir «doxtur» gəldi yataqxanaya. Balabəy yataqxana uşaqlarını ambulans səsinə öyrətmişdi. Hamı əyləncə kimi baxırdı eyni süjetlərə… Vıy… Vıy… Ağ xalatlılar… Xərək… Balabəyin ağarmış çöhrəsi… Söyüşləri… Ama bu dəfə məsələ ayrı cür idi, deyəsən. Eynəkli «doxtur» əlində kubşəkilli çanta ümumi koridorda görünəndə uşaqlar qaçıb köhnə yataqxananın yırtıq-deşiyinə doluşdular. -Ə it oğlu it, o zəhrimar nədi ki, ata bilmirəsn. Sən öl iynə vurub öldürəcəm səni. Eləməsəm koppayoğluyam! Ağsaqqal, adamsan, biabır eləmisən bizi… Uşaqlıq dostu imişlər. Odu ki, doxtur yaman düşdü Balabəyin üstünə. Götürüb xəstəxanaya apardı. Təxminən üç ay bütün yataqxana «ambulans macərası»na həsrət qaldı. Ama yelbeyin şəhər həyatı baş verənləri tezliklə unutdurdu. Üç aydan sonra Balabəy gəldi. Özü də necə? Şıx geyimdə, gözündə eynək… Rəngi avazısa da, ourdları dolmuşdu, gözləri çökəkdən çıxmışdı. Bircə dişləri həmənki idi. Sapsarı və uçuq-sökük… İçkini tamam atmışdı Balabəy. Siqareti tərgidə bilmirdi amma. Bir dəqiqə diyan da! Necə yəni həmin Balabəy deyil! Bəli, Zəngilandan idi! Zəngilanın düz orta göbəyindən… Yox, yerazlarla ana tərəfdən qohumluğu vardı. Ona görə, oğlanlarını yaxşı işə düzəltdi. Biri bp-də işləyir indi, biri mühafizədə… Balaca isə, Gənclik metrosunun yaxınlığında internet-klub açıb. Nə isə… Qoy sözümü deyim… İçkini atmaq düşdü Balabəyə. Kamendant yataqxanaya qarovulçu qoydu onu. Binanın girişində kiçik bir otaq düzəltdilər. İçində, balaca ağ-qara televizor, maqnitafon, tok çaydanı, bir çarpayı, bir tumbuçka… Hərdən, gecələr arvadı özünü təpirdi Balabəyin yanına. Təkcə bu fakt kifayət edirdi ki, kişinin əməlli-başlı «düzəldiyinə» əmin olasan. Balabəy yataqxananın birinci mərtəbəsindəki foyeni nərd və daminoxanaya çevirdi. Özü almışdı hamısını… Üstəlik «qonaqlara» pulsuz çay verirdi. Hətta, azyaşlı uşaqları belə çaysız yola salmırdı. Bir yandan da musiqi xidməti… Sazdan, estradadan tutmuş Bulaq verilişinəcən. Nüşabə Əsgərlinin pərəstişkarı idi. Balaca otağının uçuq-sökük yerlərini onun şəkilləri ilə örtmüşdü. Nüşabə barədə xüsusi parnoqənaətləri vardı Balabəyin: «Bu cür arvadlarda nə bilim nə necə olur… Xi-xi-xi-xi…» Ardınca da: -Öxxxö, öxxö! Səsim dalımnan çıxır, iştahıma bax! Xi-xi-xi! Qaçqın şəhərciyinin nərd üzrə çempionuna dalbadal bir-neçə mars verəndən sonra, Balabəyin həyatının yeni, eqzotik səhifələri açıldı bizimçün. Sən demə, dəhşət nərd atırmış və indiyənəcən Bakıda oynamağa layiq bircə nəfər seçə bilib. Onun da aşının suyunu verdi. Özü də necə; məzələnə, məzələnə… «Dümbüşünü oyna ə…», «Duduşdar», yaxud, «Dürtüşdür», yəni, dubarələr, «Şoqqulu» - şeş qoşa, «Çıxart dürt»- çahar du, «Çıxart sər» - çahar sə, «Pencək» - pənc yek, «Yıx sürü» - yığdılar və s. və i a. Ən maraqlı və mürəkkəb təyinat isə «Boz qurd» idi. «Boz qurd»! Dörd çahara belə deyirdi… Nə biləsən niyə? Bunu çox sonralar öyrənə bildik. Dörd cahara cayıllar adətən «Canavar» deyir. Balabəy daha avanqard yozum verib dördlərə; canavar – qurd, eyni şeydi. Qurdun da ən güclüsü boz qurddu. Bununla təkcə bozqurdçulara rəğbətini numayiş etdirmir, həm də oyunu hökmən qələbə ilə tərk edəcəyinə işarə vururdu. Odu ki, dörd çaharı rəqib atanda heç vaxt «Boz qurd» ifadəsini işlətmirdi. Sadəcə deyirdi: «Dördəmlə görək!» Nərdi harda öyrənsə yaxşıdı? Türmədə! -Mən ölüm, nə üstə yatmısan, Balabəy! – keçəl Siyatelin oğlu zarafatlaşmaq istədi bir dəfə. -Ə, bir gəlinə sataşmışdım, dana! Hayasız elə şivən qopartdı ki, elə bil ömründə kişi görmüyüf. -Bir şey eləyə bildin, mən ölüm? Zəri ovcunda qarışdıra-qarışdıra yanpörtü keçəl Siyatelin oğluna baxdı: -Elədim -Deynən sən öl! -Mameyin başı haqqı, elədim! Hamı güldü. Balabəy də bir anlıq «Qobustan qayaları»nın «füsunkarlığını» nümayiş etdirib ağzını yumdu. Tütün qoxusu bir az azaldı və o hülqumlu boğazını uzadıb atdığı zərə baxdı: -Genə də duduşdar… *** Deyirsən, tanımazsan. Hətta, lovğalıq olmasın, Balabəy də məni tanıyır. Soruşsan bəlkə xatırlayar… Bir dəfə məni «prikol»a da tutub: -Şair, bu qədər yazırsız, bir dolanışıx-zad var yanı? -Var. -İnanmıram. Əmə höjət də eləmirəm. Mənim oxumaxnan aram olmuyuf heç vax. Bir il birə, iki il ikiyə, üç il üçə getmişəm. Hərəsinə də, ildə cəmi bir dəfə. Hər dəfə də eyni həftədə, bəlkə, eyni gündə. Ona görə, dərsimiz eyni şey olub: «Qıratın tərifi» Çənlibeldən səni deyif gəlmişəm Nə bilim nə, Qırat gəl… Elə bil arvad-zaddı Qırat. Xı-xı-xı-xı-xı… Öxxxxxö… Ööööxxxx… xxxtfu! – başını stolun altına əydi. Əlindəki damino daşlarını rahatlayıb kiməsə (bəlkə də mənə) qışqırdı: -Aha! Tayını gəldim. Altının qoşasını stola çırpıb yerinə dolayladı və üzünü yenə mənə çevirdi: -Hə, şair, bu üç-dörd ildə, axır ki, əzbərlədim «Qıratın tərifi»ni. Ömrü boyu kitablardan öyrəndiyim bircə budu… Ama yaman şeirdi, hə? Kopooğlu Qıratı elə tərifliyir, elə bil ballistik raketdi… *** Balabəy arağı tərgidəndən, urufu mənə keçdi elə bil. İçib saat üçdə, dörddə qapını döyürdüm. Gözlərini ovuşdura-ovuşdura tumançaq çıxırdı otaqdan: -Kimdi? Hər dəfə üzr istəyib içəri keçirdim. Bir belə, iki belə, beş belə, iyirmi beş belə… Day «Kimsən» soruşmurdu. Qapını açıb dinməzcə hücrəsinə qayıdırdı. Bir dəfə məni adsız barmağının işarəsi ilə çağırdı: -Ey, sluşi, ayağını bəri qoy. Yaxınlaşdım. Çöldən, dəmir qapının çərçivəsinə vurulmuş zəng düyməsini göstərdi: -Bu bilirsən də, nədi? -Bilirəm. -İndən belə, nə qapını döyürsən, nə də qorxa-qorxa, «ay Balabəy dayı» deyib kefini pozursan. Eləcə barmağını bura toxundurursan, vəssalam! Bax belə… Düyməni basdı, ördək balasının ritmik səsi eşidildi: -Gördün! -Eşitdim. -Malades! Di get, əmə, axşam çalış az içəsən. *** Axrıncı dəfə otaq yoldaşımla dalaşmışdım və küsüb gedirdim. Saat hardasa üç-dörd olardı. Kefli idim. Birinci mərtəbəyə düşəndə otaq yoldaşım məni arxadan qucaqladı. Qulağının dibinə bir şillə… Səndələdi. Qapıya tərəf cumdum. Qışqırdı: -Balabəy! Balabəy hövlank qalxıb otağından çıxdı. Yenə də tumançaq və ayaqyalın idi. Otaq yoldaşım haray saldı: -Qoyma getsin. Piyandı. Maşının altında qalacaq. Qoyma… Mən Balabəyi də basdalayıb keçmək istədim. -Olmaz – dedi – get yat, sabah hara istəsən gedərsən. İrəli cumdum. Balabəy əlinin arxası ilə sifətimə qapaz qarışıq bir şillə ilişdirdi. Etiraf edim ki, əli çox ağır idi. Arxaya iki addım atıb dayandım. Balabəy əlavə etdi: -Nəsil-nəcabətini söydürmə mənə. Kamendantdan tutmuş keçəl Siyateləcən o kəsin var-yoxunu beləliyərəm ki, mənim qabağımda lotuluq eləsin. Eşitdin? Dinmədim. Əsəbi halda xeyli mənə baxdı, «Qobustan qayaları»nı biri-birinə sıxdı. Gicgahlarındakı əzələlər oynadı. Az keçməmiş yumşaldı, boynumu qucaqlayıb, məni sinəsinə sıxdı və yumşaq səslə dedi: -Get yat, sabah danışarıq. Sabah heç nə danışmadıq, təbii… Ama maraqlı o oldu ki, otaq yoldaşımı çağırıb əməlli-başlı hədələmişdi: -Bir də onun xətrinə dəysən, səni iti qovan kimi qovaram. *** Tezdən harasa gedirdim, gördüm otağından saz səsi gəlir. Kimsə radioda qaytaqlı səslə oxyurdu: Dünya sənin cəlalında başa varan görmədim… Azca aralanmış qapıdan içəri boylandım. Əllərini başının altında çarpazlayıb mürgüləyirdi… Sən də deyirsən tanımırsan Balabəyi! Özü də mübahisə eləyirsən. Nə? Bu o adam deyil? Məzələnmə… Məzələnmə dedim! Dəqiq bilirsən? Nətəhəri o adam deyil. Bəs bu o adam deyilsə, hansı Balabəydi? Corcinin evi Corci qadın idi. Qara dərili, suyuşirin, deyib-gülən bir qadın… Əlifbasını bilmədiyimiz ingilis dilində elə şirin danışırdı ki, qoca arvadlar belə nəfəsini qısıb qulaq verirdilər. Guya nəsə anlayacaqdılar. Guya Corci nəinki azəri dilində, hətta kürd dilinin «Qarakeşiş», «Şeylanlı» ləhcəsində danışır. O da özünü elə aparırdı ki, guya azəri dilini başa düşür, lazım gələn yerdə gülümsəyir, lazım gələn yerdə qara sifətinə daha da qatı rəng verirdi. Bəs necə? Ola bilərdimi ki, millətin bu boyda faciəsi ona təsir eləməsin? Axı onu vətəndaşı olduğu ölkə məhz bu insanlara yardım etmək, ev tikmək, tibb məntəqəsi açmaq, məktəb yaratmaq üçün göndərmişdi. Üstəlik gözüaçıq, biləndər adam idi Corci. CİP markalı maşınından düşüb, qırmızı, dikdaban ayaqqabılarını tozlu düzəngahlara basan gündən anlamışdı ki, öləziyən gözlərini ümidsizcəsinə döyən bu insanların başına hər oyun gətirmək mümkündür. Xüsusilə, bu adamları aldatmaq su içimi kimi asan! Məsələn, Corci Allahından dönüb desəydi ki, bu yaz sizi Qarabağa qaytaracağıq, hamı inanardı. Bəli, bütün gəvil kolları, qarağanlar, təzəklərlə birgə qızmar yay günəşi bu adamların özünə inamını da yandırıb kösövə döndərmişdi. Kiminsə əlinə baxmağa, ən azı gözlərinin işartısını nəsə xoş bir şeyə yozmağa adət etmişdilər. Bu yerlərə bircə yol gəlirdi. O yol da bu yerlərin qeyidsiz, şərtsiz hakimi, yoldaş Cabreyilovun asfalt yoldan azacıq aşağı, jandarm idarəsi qarşısında qoyduğu şlaqbaumun altından keçirdi. Bu şlaqbaum təkcə öz funksiyasını yerinə yetirmir, həm də bir təslimiyyət missiyasını həyata keçirirdi. Ətraf rayonlardan, Bakının özündən gələn adamlar, dini-imanı, hətta vicdanı şlaqbaumun bəri üzündə, jandarm idarəsinin qarşısında qoyur, sonra baş əyib o biri üzə keçirdilər. Düzünə qalsa, yaxından-uzaqdan təşrif buyuran nabələd yoldaşların tanışlıq üçün zəhmət çəkib şlaqbaumun o üzünə, o ilan mələyən, əqrəb kişnəyən çöl-biyabana getmələrinə əşhədü ehtiyac yox idi. Bu yoldaş Cabreyilovun fikri idi. İstər şlaqbaumun o üzündə, istərsə də bu üzündə pənəlgə tapanlar yaxşı bilirdilər ki, yoldaş Cabreyilov heç kimdən qorxmur və lazım gəlsə vəziyyəti olduğu kimi etiraf etməyə hazırdır: su yoxdu, otlaq yoxdu, məktəblər işləmir, işıqlar yanmır və s. Bircə səsə-küyə salan olmaya. Sən öləsən belə şeylərin üstündə yoldaş Cabreyilov adamın olmayan yurdunda turp əkdirər! Şlaqbaumun o biri üzündəki sirlər bəri keçməməli! Nə yazı, nə söz, nə foto, nə lent, nə də işarə şəklində! Dəvə gördün, görmədin! Yoldaş Cabreyilovun bu yazılmamış qanunu xüsusən kənardan gələn qonaqlara aid idi. Yerli sakinlərə qalsa, heç vaxt istəməzdilər ki, elnən toy-bayram janrında gələn bəlalardan ötrü yoldaş Cabreyilovun başı ağrısın, orda-burda kişinin üzünə söz gəlsin. Axı neyləsin bu kişi? Allah erməninin bəlasını versin! Yoldaş Cabreyilov deyirdi, o boyda torpaqları alıb milləti zəlil günə qoysunlar? Adama elə gəlirdi ki, Corci yoldaş Cabreyilovun şlaqbaumundan bir balaca din-iman, bir balaca da vicdan keçirə bilmişdi. Yəqin amerikalı olduğundan yaxşı yoxlamamışdılar. Bəlkə onu camaata sevdirən də qadağan olunmuş mal kimi gəzdirdiyi bu keyfiyyətlər idi! Corcinin sadəliyi, özünü yüksək tutmamağı da vardı. İlk dəfə gəldiyində gedib bu yerlərin ən imkansız və xəstə sakini Abbasəlinin yeraltı damına baş çəkdi. Abbasəli il on iki ay yastıqdan baş qaldırmazdı. Onu yalnız yardım verən maşınların yanında görmək olurdu. Saralmış çöhrəsi, qırışmış üzü görünən kimi uşaqlar qaçıb dağılışır, saatlarla növbəyə duran böyüklər yoldan çəkilirdilər. Nə qədər hörmət eləsələr də Abbasəli bəhanə tapıb kiminləsə savaşır, əvvəlcə «bu xarabaya daş qoyanı», sonra hökuməti söyür, aldığı ərzaq payını belinə aşırıb yeraltı daxmasına çəkilirdi. Camaat buralara təzə-təzə gələndə ümid edirdi ki, bu gün-sabah geri qayıdacaq. Odur ki, heç kim ürək qızdırıb daxal-daxma tikmirdi. Eləcə heyvan saxlayan insanlar üçün quraşdırılan darısqal, uçuq-sökük olacaqlarda daldalanırdılar. Sonralar gördülər yox, iş bir az qəlizdi, başladılar hərə bir yanda koma qaraltmağa. Bircə il keçməmiş hamı yerin altından üstünə çıxdı. Bircə Abbasəli ənənəsinə sadiq qaldı. «Nə qədər yaşayıram evim, ölən gündən qəbrim bu yeraltı damdır» - dedi. Anası ölsün Corcinin! Günlərin birində, bir yük maşını gəlib Abbasəlinin damının qarşısında saxladı. Fəhlələr kuzadan taxta materialları, şifer, çərçivələr və üstünə qırmızı hərflərlə «USAİD» yazılmış göy rəngli qapı düşürdülər. Sonra ekskvator gəldi, su çəni gəldi, ekskvator çalovuşunu hərləyib yekə bir quyu qazdı, saman palçıq yoğurdu. Corci özü, CİPini kənarda saxlayıb qolunu çırmaladı, Abbasəli üçün bir-iki qəlib kərpic kəsdi. Bəlkə də Abbasəlini bu dünayaya bağlayan ən dəyərli xatirə elə bu idi. Zarafat deyildi ha, «yardım verənlərin böyüyü» qollarını çırmalayıb onnan birlikdə kərpic kəsmişdi. Xəstə olduğunu unutmuşdu Abbasəli. Fəhlələrə qoşulub işləyirdi. Sırıqlısını çiyninə atıb təsbeh çevirən ağsaqqal kişilər axşamlar mal-heyvanı yerbəyer eləyəndən sonra, özləri demiş «Abbasəlinin kalafası»nın başına toplaşırdılar. «Salam»dan, «İşiniz on qat olsun»dan sonra, onun həvəslə yer ölçməyinə, xəndək qazmağına, kərpic daşımağına zərif eyham vurub gülümsəyir, Abbasəli ilə kürd dilində məzələnirdilər: -Qə xö cəm qə, jniqi va hılqır, pərəfi mali va bn (Özünü cəmlə, elə bu arvadı al, təzə evə yığışın). Qımışırdı Abbasəli, amma yerindəcə etiraz etməyi özünə müqəddəs borc sayırdı: -Wər məben, Corci insanəqi çəyə! (Elə deməyin, Corci yaxşı insandır) Mal-heyvanının otu-ələfi bol olan başqa bir saqqalı və təsbehli kişi qayğısızcasına zarafatı uzatmaq istəyrdi: -Düye mərəqi çəyə (Sən də elə pis kişi deyilsən). Yerin altından üstünə çıxmağın sevinci Abbasəlinin vəzninə təsir eləmişdi. Əvvəlki kimi, hər sözə alınıb, hər eyhama cırnamazdı. *** Abbasəlinin evini hamı bir-birinə barmaqla göstərirdi. Əməlli-başlı pəncərə, dəhliz, qapı, hətta pəncərədə şüşələr, pərdə… Bir sözlə bəy otağı! Qalın tuman geyinən və ortasını şalla çəkən, qılçaları tüklü arvadlar danışırdılar ki, Abbasəli evlənmək istəyir. Özü də dula-mula yiyə durmur, deyir mənə bakirə qız lazımdı, çünki özüm də oğlan xeylağıyam. Hətta deyirlər arvadlardan biri məzə üçün Abbasəlinin qabağını kəsib ki, gəl məni al. Ortasını şalla çəkən, qılçaları tüklü arvadlar onu da danışırdılar ki, kişilərdən biri – Abbasəlinin yaxın qonşusu rayona gedirmiş. Yolüstü qapıda çırpı yığan Abbasəliyə yanaşıb deyib ki, mən gedirəm, arvadı sənə tapşırıram. Narahat olma, özünə demişəm, ürəyin istəyən vaxt daxalın pəncərəsini taqqıldat, gələcək… Corcinin tikdiyi otağın rahatlığını həyat Abbasəlinin burnundan tökməkdə idi. Bu azmış kimi Corci yatağın başqa bir yerində eynən Abbasəlinin otağı kimi, göy rəngli qapısına «USAİD» yazılmış ev tikdirdi. Evin təyinatı bəlli olmasa da, hamı Abbasəlinin yeraltı damların arasında göydələn kimi nəzərə çarpan otağının əlli-əlliyə dəbdən düşdüyünü anladı. Bəlkə də bu Abbasəlinin xeyrinə idi. Evlə bağlı dözülməz zarafatlar səngiyəcəkdi bir az. Amma kim bilir, bəlkə elə Abbasəlinin ürəyindən idi bu zarafatlar. Bəlkə elə doğrudan da onun könlündən keçirdi ki, kiminsə qılçası tüklü, ortası şallı arvadını evinin yaxnlığındakı bu kalafaya sürükləsin. Zarafatlar ara verdi. Hamının fikri-zikri yeni tikilən otaq və onun təyinatı idi. Qapısına «USAİD» yazılmış ev barədə ilk açıqlama belə oldu: burda qaçqın qadınlar üçün iş yeri açılacaq – paltar tikəcək, xalça-kilim toxuyacaq, əvəzində pul alacaqlar. Nəyi pisdi ki?!… Az keçməmiş bütün «perspektivli gəlinlər» bu evə gedib gəlməyə başladı. Evdə həqiqətən də nələrsə toxuyurdular, dəzgahlar-filan var idi. Ancaq deyildiyi kimi, heç kəs əmək haqqı almırdı. Corci rayonda yaşadığı üçün ən tezi həftədə bir dəfə baş çəkirdi bura və o gələndə qadınlar qarışqa mürəbbəyə daraşan kimi toplaşırdılar başına. Corcinin tikdiyi evin təyinatı ağır-ağır qalxan dumandan sonra boy verən qos-qocaman Laçın dağlarının füsunkar görünüşü kimi aydınlaşırdı. Hamı bilirdi artıq. Ən azı uşaqlardan xəbərsiz arvadlarını danışdırmışdılar. Heyvan saxlamaq və laqqırtı vura-vura damino oynamaqdan başqa məşğuliyyəti olmayan, hava qaralar-qaralmaz çırağını püfləyib arvadlarının yanına dürtülən bu üzü tüklü kişilər «gecə seansları»ndakı kef müqabilində arzuolunmaz nəticələrin qayğısını çəkmirdilər artıq. Corcinin sehirli əlləri dünyaya gələcək körpələrin yolunu analarının bətnindəcə bağlamışdı. Ən əsası, bu plsuz-parasız, qoruyucu pereparatlarsız başa gəlirdi. İldə bir uşaq doğan, yaxud iyirmi «şirvan» verib rayon mərkəzindəki xstəxananın abort masasına qalxan, əhvali-ruhiyyəsindən və səhhətindən asılı olmayaraq ərinin yataq təklifinə etiraz etməyi əxlaqsızlıq sayan, qılçası tüklü, ortası şalla çəkilmiş qadınların birdən-birə qısırlaması həqiqəti ağappaq ağardıb hamının gözünə soxmaqda idi. Bəli, hamı bilirdi, üstəlik, hamı bilirdi ki, hamı bilir, ancaq yenə danışan yox idi. O evə baxanda əli təsbehli kişilər söhbətinin mabədini unudurdular. Yolu Corcinin evinin yanından düşən adamlar yarımçevrə cızmağa məcbur idilər. Ev boş olsa belə, həndəvərinə gedən heyvanı qaytarmağa hər adam cürət eləmirdi. Bu zaman ağlı kəsməyən uşaqları buyururdular: -A bala, a bala, o inəyi bəri qaytar. Bir gün, axşam vaxtı yenə hamı bir yerə toplaşmışdı. Saqqallı, təsbehli kişilərdən biri 7-8 yaşlı bir uşağı yanına çağırdı. Əyilib üzündən öpdü. Dalınca da yağlı bir zarafat: -Xalan nə təhərdi? Oğlan utandığından başını aşağı saldı, burnunu çəkib ayaqqabısının ucu ilə torpağı ahəstə təpikləməyə başladı. -Eşitmirsən ə…? – kişi təsbehini sırıqlısının cibinə qoyub arxadan iki qolunu uşağın boynuna saldı və əllərini çənəsinini altına sürüşdürüb ona tərəf əyildi: -Sənnənəm! Xalan nə təhərdi? Corcinin qəhbəxanasına gedirmi yenə? Uşaq diksindi, böyük qəbahət yapmış kimi gözlərini bərəldib uğunmaqda olan saqqallı kişilərə baxdı. Onu bayaqdan əzizləyən kişi elə şaqqanaq çəkdi ki, müvazinətini saxlaya bilməyib yerə çökdü. Kişilər gülə-gülə sifətlərini əlləri ilə biri-birindən gizlədirdilər. *** O axşamdan sonra bu balaca evin yarlığı boynundan asıldı elə bil. Hətta qadınlar belə evin təzə təşbehini işlətməkdən çəkinmirdilər. Bu adın Corcinin evinin taleyinə mistik təsiri oldu. Gedib gələn azaldı. Corci özü də buralarda az-az görünməyə başladı. İndi Corcini övladı ikiyə çatan cavan gəlinlər axtara bilərdi. Çünki dünyaya uşaq gətirmək imkanında olan qadınların demək olar ki, hamısı Corcidən kamını almışdı və bətnində bu mübarək xanımın «əl işi»ni gəzdirməkdən məmnunluq duyurdu. Bircə Abbasəli! Yazıq Abbasəli… Evin təzə adı zatən onun «əhatə dairəsi xaricində» olan mənəvi dünyasını alt-üst etmişdi. Bir müddət hamının həsəd apardığı «bəy otağı»ndan səs-səmir gəlmədi. Handan-hana bəlli oldu ki, küsüb Corcidən, ona bəslədiyi sonsuz məhəbbəti məşhur kalafasında dəfn edib və təzədən qayıdıb öz yeraltı dünyasına. Üstəlik rayonda, asfaltda, örüşdə, hətta yardım gətirən maşınlar arasında CİP gördümü, arxasını çevirirdi: «Birdən Corci olar». Arxa çevirmək Abbasəlinin ən radikal etiraz aksiyası idi. Adamların çoxu Abbasəlidən fərqli olaraq, hələ də bir daşı, bir ağacı, bir təpəsi olmayan, yeknəsək yeraltı damlarıyla şimalı-cənubu bilinməyən bu düzəngahın qibləsini Corcinin evi deyin təyin edirdilər. Gecələr yol azan çobanlar Corcinin evi deyin hara getdiklərini hesablayırdılar. Zarafatla bura «Amerika səfirliyi» deyənlər də var idi. Gündüzlər isə bu evə günəşdən kölgələnən qoca ulaqlar yaxınlaşırdı.