Alatoran_header  

Nurөddin Ismayil

өvvөlki  Sonraki

Jurnal 2006/N2



Tanrım, bizi niyə insan yaratdın? Tanrım, bizi niyə insan yaratdın? Nədən bizlərə kamillik qapısının açarı olan danışmaq, düşünmək qabiliyyətini bəxş etdin? Nədən İlahi zəhmətin şah əsəri olan İnsanlığın ağır yükünü çəkmək ucalığını bizlərə etibar etdin? Biz ki, toplum olaraq bu şərafətli sifətləri qorumaq, yaşatmaq mehrindən uzaq bəndələrik. Tanrım, niyə bizləri öz kökünə bağlı vüqarlı bir ağac, bağrı yanıq səhralara həyat nəşəsi verən axar su, niyə İlahi ucalığa can atan azad bir quş, niyə həqiqətin it sifətini özündə yaşadan sədaqətlı köpək timsalında yaratmadın? Saği solundan aralı düşmüş bizlər ki, kökünə bağlı ağac qədərincə torpağına sahib ola bilmədik. Biz ki, göyləri zülm-istibidad qatına bürünmüş vətən səhrasında azadlıq eşqi ilə yananlara bir damcı suyun həyat yaşartısını verə bilmədik. Biz ki, heç azad quş da, böcək də, öz sürüsünü başqa yırtıcılardan qoruyan sədaqətli köpək cəsarətində də ola bilmədik, tanrım. Ağacları, axan suları, quşları, böcəkləri, köpəkləri nə xoşbəxt yaratdın, Tanrım. Onlra sözun başına torba salan, uca sözü alçaqlığa, gədalığa, bir qarın yeməyə. haqqı nahaqqa qurban verməyə xidmət etdirən çərənçi “alim”, boşboğaz “şair”, rəhbərə tərif YAPdıran kəmfürsət firqəçi olmaq imkanı vermədin,Tanrım. Onları başqa cür danışmaq feyzi ilə mükafatlandırdın. Baxışların, təbii davranışların, hissi qavranışların səsə-sədaya, aha-amana çevrildiy, hər yarpaq xışıltısının, hər su şırıltısının ən bəlağətli tiran nitqindən belə çox sevildiyi, hiylədən, məkrdən, ikrah doğuran təriflərdən uzaq olan, bütün cəhdlərin yalnız təbii yaşama, özünü qoruma instinktinə, nəslini artırmaq ehtiyacına yönəldiyi sızıltılı bir ünsüyyət bəxş etdin onlara. Şırıltılı, pırıltılı, civiltili, zingiltili və təmənnasız. Elə beləcə, məhzun, nəvazişli. Şırıltısı, pırıltısı könüllər oxşayan bir danışıq. Tanrım hər canlıya ehtiyacını öz dilində anlatmaq xoşbəxtliyi nəsib etdin. Heç bir canlı yem xatirinə başqa bir canlının halətinə düşmür, öz səsini qısıb, başqa bir avazla səs çıxarmır. Quşlar it kimi zingildəmir, böcəklər öz civiltisini quşların cikkiltisinə oxşatmır, yarpaqların xışıltısı suların şırıltısı ilə bəhsə girmir, baş aparan cırcıramalar xoş gəlsin deyə, bülbüllər kimi ahu-zar eləmir. Heç bir canlı möhtəkirlik edib, insanın abırdan saldığı söz bazarına girmir, onun leksikonuna daxil olan sözləri ləhcəsinə gətirmir. Canlıların heç biri bir qurtun su, bir loxma yem üçün insane cildinə düşüb, yaltaqcasina “möhtərəm”, “dahi rəhbər”, “ulu öndər”, epitetlərini yağdıraraq özündən yekəpər canlıların vücudunda şirnişdirici gəzişməkər eləmir. Təkcə insan insan olmaqdan uzaq düşüb, yer üzündə. Itin də, qurdun da, istəsən lap tısbağanın da halətinə düşür, insan. İti hürməkdən, qurdu ulamaqdan, tısbağanı sürünməkdən pəjmürdə edir insan. Böcəyə böcək olmağa, köpəyə köpək olmağa imkan vermir insan. Ay işığına üz tutub hürən köpəklər öz qövmünə hürən insan- köpəklərdən nə gözəl, Tanrım! Ağlı-qaralı muncuqları üstündə göz qaytaran may böcəkləri şöhrət muncuğu ilə bəzənmiş insan - böcəklərdən nə gözəl, Tanrım! Xışıltısı, şırıltısı könüllər oxşayan həzin nəğmələr saraylarda gurultusu qulaqlar batıran tiran bağırtılarından nə gözəl, Tanrım! Tanrım, insan insan insan olmaqdan uzaq düşüb, yer üzündə. Təkcə insandır öz dilində danışmayan! Yağlı tikə, motal qarın həbəsi it kimi zingildədir insanı. Vəzifə, kürsü, rəyasət ehtirası cırcırama kimi səsini aləmə salır insanın. Başına diktat zopası dəyəndə,qəzəbli rəhbər baxışı görəndə yuvası sökülən quş kimi civildiyir insan. Dünyada ağaclar, axan sular, böcəklər, köpəklər, quşlar xoşbəxtdir. Çünki onlar bizim kimi danışa bikmirlər. Onlar başqa cür danışırlar. Onların dilində yaltaqlıq, məddahlıq yox, özündən yekəsini görəndə ləhcəsini dəyişmək yox və xoşbəxtlikdən heç onların yaşayışı da yaltaqlıqdan, tərif qırıldatmaqdan keçmir. Onlar doğulurlar və doğulduqları sifətlə də ölürlər. Dünyada insanların çoxu bədbəxtdir. Çünki onlar düşündükləri kimi danışa bilmirlər. Onların işi uca sözü aşağılamaqdan, kiməsə tərif YAPdırmaqdan, özündən vəzifəcə bir pillə yuxarıda durana ikiqat əyilməkdən keçir və bütün bu keçimlərin hamısı da İlahi sözü əyməkdən keçir. Tanrım bizi İlani sözün ucalıgını qorumaqdan əskik eləmə. Nurəddin İSMAYILOV 16.06.2006.