Alatoran_header  
Nərmin Kamal

Өvvөlki   Sonraki

Jurnal 2006N2





Qırmızı, sarı, qırmızı

Ispaniyadan reportaj ...Iyunun ilk günləri xarici tələbələrin dərsləri başlayan vaxt göndərilən çağırış üzrə Madriddə enib, 50 dəqiqə sonra şimaldakı Navarra əyalətinin paytaxtı Pamplonaya aparacaq təyyarəni gözləyirəm. Burda çoxlu turistlər var. Onlar hər il 6-14 iyulda keçirilən öküz bayramı San Ferminə gedirlər. Heminquey “Fiesta” (1927) kitabında Pamplonadakı öküz bayramını təsvir edəndən sonra bura turist axını başlanıb. Bayram vaxtı qiymətlər iki dəfə qalxdığından bəzi turistlər bizim Içərişəhərin dar və bir ucu qapalı küçələrinə oxşayan şəhərdə öküzlərlə qaçdı-tutdu oynamaq vaxtına hələ bir ay qalmışdan axışırlar. Ispaniya bizə korrida və flamenkonun, Don Kixot və Karmenin, Lope de Veqa qəhrəmanlarının, Velaskes və Qoyanın vətəni kimi tanışdır. Ancaq bütün bu adlar həmin ölkədə tanışlığı mümkün şeylərin çox az hissəsidir. Deyirlər, bir şəhəri tanımaq üçün onda azmaq lazımdır. Indi mən

Pamplonada bir neçə dəfə azmağımla öyünə bilərəm...

Bask Bölgəsi Əvvəlcə türk və keçmiş sovet vətəndaşlarından aradıq, ancaq nə küçələrdə, nə də Navarra Universitetində bizim bölgədən bir nəfər də yox idi. Sonra ev axtarışı başladı. Bask Bölgəsi Ispaniyanın ən bahalı hissəsidir, əgər ölkənin cənubunda taksinin bir km-nə 150 peset ödəyirlərsə, şimal şəhərlərində 280 peset. Məni və yol yoldaşımı “hinduların məhləsi” adlı yerə göndərdilər. Pamplonada Cənubi Amerikada varlanıb qayıdan emiqrantları belə adlandırırlar. Həmin məhlələri tanımaq asandır: evin qarşısında palma ağacı varsa, bu odur. Basklar gülərüz və səbrli insanlardır; küçədə lazım gəlsə, yarım saat dayanıb sənə yolu başa salırlar. Dilini başa düşməsələr, getmirlər, mütləq üç kəlmə ingiliscə anlayanın birini çağırırlar ki, qonağa kömək etsin. Bask məhləsində əsl ispanla yanaşı təhlükəsiz addımlaya bilərsən, bask terroru haqda söz-söhbətlər sanki yalnız televizor qutusunun içindədir. “ETA” bu millətin nüfuzuna kölgə salıb, əslindəsə yerli basklar terroru sevmirlər. Məsələn, biz orda olan vaxt bask tələbələr ispan,bask dillərində “ETAya yox” şüarı asmışdılar Navarra Universitetinin pəncərələrindən. Bask Bölgəsində gəzmək üçün yeganə təhlükəli yer – Bilbao şəhərindəki Plasa de las Canterasdır. Orda narkomanlar, qaraçılar, fahişələr, alban qaçqınları, aqressiv evsizlər cəmləşib. Həm də Çin rayonu adlanan o ərazidən keçsən, milli dillə desək, sənə mütləq bir mız qoyurlar, ən yaxşı halda ağacdan qoza qoparıb

arxanca tullayırlar... Ev tutub, yaxın küçələrlə tanışlığa başlayırıq. Burda da bizim çayxanalardan var. “Txokes” adlanan yerlərdə salon kasıb görünür, köhnə müştərilərilə bir neçə sadə kətil, divarlarda dəniz mövzularında litoqrafiyalar, dörd nəfər kart oynayır, biri araq içir, döşəmədəki kaşı təzə silindiyindən içəridən sabun iyi vurur. Txokes kişilər üçündür, belə qastronomik cəmiyyətə qadının girşi qadağandır. Ofisiantlar, qabyuyanlar, aşbazlar, süpürgəçilər belə, kişilərdir. Txokeslər yalnız Bask Bölgəsindədir,

onları aylarla qadınsız gəmilərdə işləyən balıqçıların şərəfinə yaradıblar. ...Bu küçədə ingiliscə bus kəlməsini belə, anlamırlar. Basklar öz euskero dillərinə aşinadır: canlı Qərbi Avropa dilləri arasında yeganəsidir ki, Hind-Avropa ailəsinə məxsus deyil, onlardan daha qədimdir. Sovet vaxtı belə bir yanılma yayılmışdı ki, gürcülərlə basklar qohum xalqdır, dilləri də bənzərdir. Əslində isə euskero əlahiddədir, heç bir dilə oxşamır. Məktəblərdə icbari proqrama daxil edilməyib, onu öyrənmək könül işidir. Bununla belə, Pamplonada, San Sebastyanda hər ikinci adam baskca danışır.Əvvəllər bu dildə çox böyük ərazi danışırmış, sonralar keltlər, romalılar və başqalarının gəlişilə, xüsusən XIX əsrdə bask dilinin nüfuz dairəsi iki dəfə azalıb. 1979-cu ildən ispancayla yanaşı Bask Bölgəsinin ikinci rəsmi dilidir. Fransadakı Bask Bölgəsində də baskca danışıldığından, indi Fransa hökümətinin bunu ordakı baskların rəsmi dili elan etməsi üçün

mübarizə aparılır. Bir neçə gün sonra universitetdə iki tələbə - baskla ispan mənim yanımda mübahisə etdilər. Bask qürurla dedi ki, vaxtilə romalılar hər yeri fəth ediblər, təkcə onları və dillərini fəth edə bilməyiblər. Ispan isə baskın sözünü kəsdi: “Sən gəl bu türkü aldatma, axı o zamankı kasıb və boş Bask ərazisi romalılara lazım deyildi, ona görə də sizin yerlərə özləri tamah salmayıblar.” Hər halda məndə artıq basklara simpatiya yaranmışdı deyə, ispana inanmadım. Simpatiya qəribə bir səbəbdən yaranmışdı:basklar da bizim Bakı kəndlərində geniş yayılmış “aerodrom” papaqdan qoyurlar. Papağın adı “boyne”dir. Qoyun əti xoşlayırlar, üstündən şərab içirlər. Meynə yarpağına göyərçin əti büküb dolmaya bənzər yemək bişirirlər. Tezliklə “ikinci ana”ya çevrilən ev sahibəsi ondan bişirib bizə pay gətirdi, nəzakət xatirinə qəbul etsək də, sonra zibilqabına tulladıq: sülh quşuna dair yersiz idealistliyimiz tutdu. Baskların rəqsləri də bizim kişi rəqslərinə oxşayır: başlarını dik tuturlar, çiyinlər və sinə tərpənmir, ayaqlar isə sağa-sola, irəli-geri... Indi nə deyirsiz, basklarla azərbaycanlılar qohum xalq ola bilərlər? Hələ bilsəz ki, orda da dostlar yığışıb yeyib-içdikdən sonra hesabı min zarafatla bir nəfərin boynuna qoyur, onda bu Avropaya xas olmayan qafqazlı xüsusiyyətilə əlamətlər lap üst-üstə düşər. Ispaniyada “qədəh dalınca gəzmək” ifadəsi məşhurdur. Insanlar bir yerdə çox yubanmadan bardan bara gəzirlər. Kampaniya 3 nəfərdən ibarətdirsə, 3 bar gəzəcəklər, 5 nəfərdirsə, 5 bar: ki, hesab ödəmək borcu hamıya bərabər düşsün. Bizdə dönərin yayıldığı qədər orda da “tapas” buterbrodu yayılıb. Yemədən bir içinə baxsaz, incəsənət əsəri görərsiz! Hər il ən gözəl tapası bişirmək uğrunda yarışmalar keçirilir. Olduğumuz restoranlar ən yaxşı tapasa görə qazandıqları diplomları fəxrlə divarlarından asmışdı. Bizim ayran isə onların sidri! Iri taxta çəlləkdə sidr düzəldib səhərdən-axşama satırlar, alırlar... Bask aşbazların hərəsi bir dahidir. Ancaq ispanlarla baskların kababdan xəbərləri yoxdur, istiotdan da həmçinin. Maraqlıdır, istiot yeməmişdisə, bəs görəsən Kolumb necə

Kolumb olub materik kəşf etmişdi!? Bask tələbə qızlar məni “pelota” milli oyunlarına dəvət etdilər. Tennisi xatırladır, ancaq kiçik topu “raketka”yla deyil, yalın əllə vururlar. Oyunda bacarıqlı olmadığımı görən gənclər milllətlərini başqa yöndən tanıtmağa keçdilər: kuturye Pako Rabban, Latın Amerikası qəhrəmanı Simon Bolivar, inqilabçı komunist qadın Dolores Ibarrurinin bask olduğunu dedilər... Basklar Ispaniyanın qalan 17 əyalətindən təkcə dilə, papağa görə yox,

soyadlarıyla da seçililirlər. Siz bir soyada fikir verin:

Aqirreorreaxa! ...Universitetə getmək üçün bir-iki nəfərə “bus” anlada bilməyincə öz dilimizdə “avtobus” dedim və budur, məni hamı başa düşüb dayanacağı göstərdi! Bizim kimi onlar da avtobusda mahnı oxutdururlar. Səsi diktafona yığıram, bu məşhur bask mahnısının sözlərini səhər mənə

universitetdəki qızlardan biri tərcümə edəcək:

Quşun uçub getməsini istəmirəmsə, qanadlarını kəsməliyəm

ancaq kəssəm qanadları, o artıq quş olmayacaq.

ona görə də kəsmərəm...

qoy azad yaşasın və hara istəyirsə uçsun.". Belə gözəl mahnıları anlamaq üçün euskero dilini öyrənməyə dəyərdi! Ancaq universitet ixtisasdan əlavə məcburi fənn kimi bir dərs keçir: Ispaniya tarixi! Onların öz tarixlərinə belə hörmət etdiklərini görüb biz də hörmət edərək, burda Pamplonanın tarixi və mənzərəsinə bir balaca yer

verək. Pamplonalılar deyirlər, Heminquey sağ olsa, nə vaxtsa əla tanıdığı buranı tanımazdı, müasirləşib, San Nicolas, La Perla otelləri, Cafe Iruna, universitetə yaxın ucuzlu Erboro və bahalı elitar Josetxo restoranı, Asador Ennekori, Castillo meydanları, Bayon və Iturama prospektlərində əl-ələ gəzən, çiyinlərinə rəngbərəng şallar atmış gözəl qızlar və oğlanlar... Üzü dağlara tərəf Navarra Muzeyi: burda əyalətin qədim və orta əsrlərinin tarixi, incəsənəti, qotik freskaları, Intibah əlyazmaları toplanıb. Pamplonanın əsas abidələri 1397-1527-ci illərdə tikilmiş nəhəng Qotik hasar, orta əsrlərin San-Saturnino kilsəsi, kral sarayı və barokko üslubunda meriyanın binasıdır. Sübhdən sakitlik olduğundan, Arqa çayının səsi eşidilir, Cənubi Pireney dağlarından ciyər qırmızısı günəş şüaları meriya binasının pəncərələrində bərq vurur, Qotik Hasarın o üzündən duman içində monastırlar görünür. Umberto Ekonun əsərlərindəki monastır həyatının ruhunu eynilə görüb özünü orta əsrlərdə hiss edirsən. Pamplonanın əsasını e.ə 70-ci ildə Roma sərkərdəsi Pompey qoyub, oranı Pampaelo (Pompey şəhəri) adlandırıb. O vaxtacan şəhərin yerində kiçik bask qəsəbələri olub. V əsrdə buranı vestqotlar, VI əsrdə franklar, VIII əsrdə mavrlar tutub, sonra Böyük Karl, bundan sonra da şəhər əldən-ələ keçib, nəhayət, 1512-ci ildə Ispan Krallığına qatılıb. Əvvəl buranın bask qəsəbəsi olduğunu, şəhərin o qəsəbə əsasında yarandığını hamı unudub, basklardan başqa. Basklar bunu dünən kimi xatırlayırlar, şəhəri ilkin adıyla Irunya adlandırırlar. Navarra Universitetini isə e.ə. 1-ci əsrdə romalılar tikib. Həmin vaxt Tuluz yepiskopu Saturnin şəhər sakinlərini xristianlığa dəvət etdiyindən, indi buranın hamisi sayılır. Xristianlığı ilk qəbul edən Fermin isə Navarranın II hamisidir. Pamplonanı və San Fermin öküz bayramını dünyaya Heminquey tanıtdığından, yazıçıya Pamplonada abidə qoyulub. Buralılar fəxr edir ki, ölümündən sonra Heminqueyin cibindən

Pamplonaya bilet tapılıb. 358 gün sakit tələbə şəhəri, 9 günsə öküz vəhşətinin yaşandığı Pamplonada çoxlu basklar yaşasa da, Bask Bölgəsinin paytaxtı Vitoriyadır. Çox yüksək həyat səviyyəsi var. Ancaq bu səviyyənin göstəricisi mobil telefonlar deyil. Ispaniyada mobil telefon xoşlamırlar və geniş yayılmayıb. Şimalda motosikllər avtomobillərdən çoxdur, velosipedlər üçün ayrıca yollar salınıb. Bura gələn turistlər birinci Oyun Kartları Muzeyinə gedirlər. Şənbə olduğundan oranı görə bilmədik. Florida Parkında maraqlı bir Armentiya monastırı var. Divarlarında güllə izləri görünür. Şəklini çəkmək istədiyimizi görən gid “1936-1939-cu illər Vətəndaş Müharibəsinin izləridir” deyir, “onda basklar respublikaçıların tərəfindəydi, Franko isə respublikaçılara qalib gəldi. Rejim düşmənlərini Armentiya divarlarına söykədib güllələdi. Franko uzun müddət basklardan qisas aldı, euskeronu da, maska bayramlarını da, arxasında düşmən gizlənəcəyindən qorxub

yasaqladı.

Ispan mozaikası Ispaniyada bütün şəhərlərin döyüş tarixçəsi var. Çoxu əvvəl döyüş məqsədilə qala kimi tikilib, sonra genişləndirilib. Hərbçiləri komersantlar və rəncbərlər əvəzləyib. Burulğanlı hərb keçmişinə baxmayaraq (məsələn, burda istiqlal uğrunda Napaleonla həlledici döyüş olub), bugünkü Vitoriyada çoxlu köhnə evlər, məbədlər qalır. Bəzilərini, məsələn, XIV əsrdən qalma (casa del Cordon) evi restoran ediblər. Buranın özünəməxsus mistikası olduqca həyəcanlandırıcıdır. XVI əsrdən qalma de Villa Susodakı munisipalitet haqda əfsanələr dolaşır ki, guya orda hələ də ruhlar, əcinnələr yaşayır. Əfsanələrə inanıb, ora tərəf baxmağa belə, qorxanlar

çoxdur... Ənənələrsə yaşayır! Bütün restoranlar 2-dən 5-ə kimi “siesta” fasiləsi edir. Şam yeməyi bir qayda olaraq, 23.00-da başlayır. Olduğumuz əksər evlərin divarlarında ev xanımlarının tikmə işləri, ailə fotoları çərçivələrdə asılmışdı. Şəhərlərdə qəribə rahatlıq, tələsməzlik var. Görünür, incidilmədiklərindəndir ki,quşlar belə, ürkək deyil, insanlara etibar edirlər; universitetə qalxan pilləkəndə səhər yüzlərlə quş gəzişir, keçən tələbələri veclərinə də almırlar, ayaqqabılara qonurlar, sən bir neçə addım ayağında

quşla yeriyirsən. Ispaniyaya nahaqdan mozaika demirlər. Keltlər, iberlər, finikiyalılar, sonra yunan-roma sivilizasiyası, sonra ərəblər bu şəhərlərin əsasını qoyub. Ərəb, yəhudi, xristian incəsənətlərinin kontrastı hər addımda hiss edilir. Madrid... mən Madridi sevmədim, çünki hava limanında baqajımızı oğurladılar. Madrid-Pamplona təyyarəsindən endikdən sonra məlum oldu ki, Madrid hava limanında onu qeydiyyata aldığını deyən işçi bizi aldadıb, nəticədə baqaj gəlməyib. Içindəki zəruri əşyalara görə məyusluq keçirsək də, bir gün sonra yerli tələbə Rozetta dedi, şükür etməliyik, çünki Pamplonada yaşayacağıq, Madriddə deyil. Paytaxtdakı oğruların sayına görə Ispaniya Avropada birinci yer tuturmuş. Məsləhətə qulaq asıb, baqajımızı unutduq. Ancaq Madrid oğruları xırdaçıdır, məsələn, Prado muzeyi kimi bizim kompüterlərimizin yaddaşında surətlərinin surətini fəxrlə saxladığımız Bosx, Salvador Dali, Xuana Qris, kubistlər, Pikassonun da daxil olmaqla Italyan Intibahından XX əsr avanqardına qədər bir çox sənətkarların 10000-ə yaxın orijinal əsəri qorunan yerə yaxın düşmürlər. Madridə “açıq şəhər” statusu verilib, o da bunu doğruldaraq bütün mədəniyyətlərə sinə açıb. Ispaniyada da bölgəpərəstlik var: başqa əyalətləri ələ salan lətifələri xoşlayırlar. Kataloniya əyalətinin paytaxtı, 2000 il tarixli Barselonanın əhalisi özünü ispan millətinin “ağ tikəsi” sayır. Onlardan tez-tez belə sözlər eşidirdik: “Mənə inanmalısız, çünki mən əsl Barselonalıyam!” Öz şəhərlərini bütün şəhərlərdən təmiz, özlərini qalan ispanlardan daha mədəni sayırlar. Şişirtmirlər, modernist arxitektor A.Qaudinin orijinal üslubu bu şəhəri zirvəyə qaldırıb! Sevilya – ölkənin romantik ürəyi, Karmenin, Don Juanın vətəni, X.Kolumbun dəfn olunduğu yerdir, ərəb krallığının Əlxəzər qalası da burdadır. Qısası, arxitekturası, insanları və iqlimiylə hər şəhəri özünəməxsus olduğundandır ki, 9 ispan şəhəri YUNESKOnun qərarıyla Bəşəriyyətin Nailiyyətləri sırasına salınıb. 9

şəhər – 9 monumental ansambl! Iyunun 20-dir. Və bu gündən artıq təqvimin günləri 21-i, 22-i kimi deyil, 6 iyuldan on beş gün qabaq”, “... on dörd gün qabaq” kimi hesablanır. Divarlara San Fermin öküz bayramının yaxınlaşması haqda afişalar vurulur, qəzetlərdə hər gün öküzlərin şəkilləri, ölçüləri, çəkiləri sanki onlar manekenmiş kimi səhifə-səhifə çap olunur. 23 iyunda Estafet küçəsilə dərsə gedəndə belə bir mənzərə gördük. Təxminən 300 nəfər paltarlarını çıxarıb öküz döyüşünə etiraz aksiyası keçirirdi. Əllərində şüar vardı:"Heyvanlara etik davranın!" Korrida mədəniyyətinin paytaxtı Pamplonada belə etirazlar deyilənə görə bəzən olur, ancaq heç vaxt küçələrə lüt çıxmamışdılar. Universitetin qoca professoru J.Nubiola auditoriyada bu aksiyanı xeyli pislədi:”onlar vuayeristlər, cinsi problemi olanlardır, etirazı başqa cür də etmək olar, soyunmaq nəyə gərəkmiş!? Öküz bayramı kişi EQO-su deməkdir, Pamplona nə qədər varsa, bu

bayram da yaşayacaq!.

Buynuzlar üstündə şəhər 6 iyul, səhər saat 8-də Pamplona meriyasının balkonuna mer çıxdı: “Salam,San Fermin!” deyib, qarşıda yüzminlərin toplaşdığı Konsistoral meydanına “çupinaso” adlanan atəş açdı və göyə raket atıldı. Ağ-qırmızı kostyumlarda peşəkar ensierro (öküzlərin korrida meydanına çatana kimi küçələrdə yürüşü) qaçanları düzülmüşdülər, bir neçəsi San Fermin fiquruna baş əyib himn oxudu. Əllərində burulmuş qəzetlər vardı və bu yeganə silah idi. Hamının- hətta itlərin, pişiklərin, heykəllərin boynuna qırmızı qalstuklar bağlanmışdı. I atəş o deməkdir ki, öküzlərin darvazası açılır. Bir neçə dəqiqə sonra II

atəş açıldı. Bu isə o deməkdir ki, şəhərə 6 öküz buraxıldı!!! Bütün yerli telekanalların canlı göstərdiyi şəhəri, Navarra xəstəxanasına xərəkdə daşınan yaralı turistləri evdən izləməyə başladıq. Ona qoşulmaq fikrinə isə yalnız bayramın üçüncü günü tələbələr qorxumuza gülüb ələ saldıqdan sonra düşdük. Onlar dedilər ki, yolboyu barlar və kafelər non-stop rejimdə işləyir, harda fikrimizdən dönsək, burulub onlardan birinə girə bilərik. Bundan başqa, binalardan dırmaşmağa qoruyucu kəndirlər asılıb. Üstəlik, öküzlərlə könüllü məşğul olan kişilər kifayət qədərdir, istəsək də, öküz onları qoyub, bizə vaxt ayırmaz. Bunları eşidəndən sonra ürəkləndik Boğazımıza “pioner” qalstuku bağladılar və pioner andına bənzər and da içdirdilər: «And içirsənmi ki, fiestada öz hislərini azad

buraxacaqsan?” Biz dedik: “And içirik!” Və səhər 6-də küçəyə çıxdıq.

Ensierro Üç gün əvvəlki şəhər tanınmaz olmuşdu. Küçələrdə boş şüşələr dizə çıxırdı. Insanlar özlərini və öküzləri unudub içir, oxuyur, divara dırmaşır, yerə sərələnib, dünənki həngamədən sonra dincəlirdilər. Inanmaq çətin idi ki, küçə orkestrlərinin, feyerverklərin, folklor nəfəslilərinin belə səs-küyündə çarpayısına sakit uzanıb yatanlar var. Ispanlar indi öz ataları, babaları, ulu babalarına bənzəyirdilər. Çoxunun əynində ağ köynək və şalvar, ağ idman ayaqqabısı, qırmızı jilet və kepka vardı. Belələri ensierroda necə qaçmağı, özlərinə nə dərəcədə adrenalin və risk rəva görəcəklərini ən yaxşı bilənlər idi. Hər tərəfdən üstümüzə sərxoş kütlə yürüdü. Sanki hipnotik transda idilər. Donuzca sərxoşluğun bütün təntənəsi! Başımıza çəhrayı şəkər pambıqları atırdılar. Iki saat keçdi, nə qədər çalışsaq da, yerimizdən bir addım irəliləyə bilmədik. Səhər saat 8-ə- “ölüm qonkası” siqnalının verilməsinə az qalırdı. 185 min nəfərin yaşadığı Pamplonada indi dünyanın hər yerindən 1 200 000 turist var idi. Qatillikdən başqa hər şeyə icazə verilirdi. Üstəlik, burda narkotik də leqal olduğundan, vəziyyəti təsəvvür edirsiz. Spirtli içki satılan dükanlar açıq idi. Şəhərdə bu qədər qonağın öhdəsindən gələcək nə otellər, nə də tualetlər var. Ona görə də minlərlə adam küçələrdə yatırdı. Onlar elə gözəl idilər ki, yollarını azmış mələyə bənzəyirdilər. Artıq 30 ildir ailəsilə Pamplonaya gələn amerikan turistlər vardı: ensierro veteranları. Yerli əhalinin çoxu fiesta vaxtı şəhəri tərk edir, onu xaricilərin ixtiyarına buraxır; çoxdan bu bayramdan doyublar. Belə demokratiyanı heç yerdə görmək olmaz. Dağıntıların əvəzinə 9 gün Pamplonaya 50 mln. avro gəlir gətirir. Yeri gəlmişkən, iyul girən kimi ev yiyəsi qapımızı döyüb bayram ayında şərtlərin dəyişdiyini dedi: ya kirayə pulunu iki dəfə artıq ödəməli, ya da bizimlə yanaşı bir turist ailənin də yaşamasına razılıq verməliydik... Heminquey yazırdı: “Pamplonaya arvadınızla gəlməyə dəyməz. O, xəstlənə bilər, əzilər, yaralanar, yaxud onu itələyəcəklər, siz onu itirə də bilərsiz. Bu, əsl kişi bayramıdır və qadınlar burda yalnız xoşagəlməzliklər yaradır”. Heminqueydən sonra hələ vəziyyət daha da dəhşətləşib. Bu dəhşətə dözmək üçün onun bir hissəsi olmalısan! Bir nəfər səs-küy içində qışqıra-qışqıra başa salırdı ki, ağ paltar Ferminin paklığına işarədir, qırmızı isə onun dürüstlük naminə cırılmış boğazına. Küçə döyüş meydanına oxşayırdı. “Cəhənnəmdir!”-yol yoldaşım dedi. Elə bir şey idi. Infeksiya yayılmasın deyə, meriya balkonlardan küçələrə xlorlu su səpirdi. Günəş suyun üstünə düşüb qızdırır, şəhər lap tərləyirdi. Hər tərəfdə işə yaramayan, hüquqları məhdudlaşdırılmış polislər vardı. “Öküzlərin önündə elə çox adam qaçırdı ki, sirkin darvazası yanında tıxac əmələ gəlmişdi. Bir öküz kütləyə hücum çəkdi. Qabaqda qaçanlardan birinə buynuzunu keçirib havaya qaldırdı. Buynuz bədənə keçəndə əllər boşaldı, baş axdı, öküz adamı yerə çırpdı. Sonrasını görə bilmədim, çünki kütlə onu əhatələmişdi, insanlar çəpəri aşdılar. Hər tərəfdən qışqırıqlar gəlirdi. Hər qışqırıq öküzün kütləyə cumduğundan xəbər verirdi. Qışqırıqlardan orda baş verənlərin nə qədər qorxunc olduğu anlaşılırdı.” Heminquey, “Fiesta”. Saat 8 oldu. Öküzlərin buraxılması haqda üçüncü günün siqnalı verildi. Qaçan öküzləri öz gözümlə görəcəyimin təlaşını indi təsvir etməkdə acizəm. Kişi bayramı sayılsa da, küçədəkilərin üçdə biri qızlar idi. Ancaq öküzlərin qarşısında yalnız kişilər qaçırdı. Biz qızlar “ürək-dirək vermə” qrupundaydıq. Binaların eyvanları dolu idi. Ancaq küçələrə baxan belə eyvanları icarəyə götürmək olduqca bahalıdır. Çəpərlərin üstündə də insanlar oturmuşdu. Pullu korridadan fərqli olaraq, ensierroya bütün arzu edənlər qoşula bilər. Pamplona bu qanlı yürüşü dayandırmağa cəhd edib, kilsə kəskinliklə ona qarşı olub, amma 1867-ci ildən yenə festivalın rəsmi
hissəsi kimi qəbul edilib. Pərvərdigara! Ard-arda qaçan öküzlərin sürüsü göründü! Irəlidə üç kişi öküzlərin iti buynuzlarını aldatmağa çalışırdı. Öküzü başqa alətlə incitmək qadağan edildiyindən, əlimizdə burulmuş qəzetlər vardı. Əgər öküz yoldaşına hücum etdisə, çalışmalısan ki, qəzetlə öküzə toxunasan, bu vaxt o öz qurbanını unudub, sənə tərəf çevrilir. Indi təhlükədə sənsən, öküzü qəzetlə vurmaq, fikrini səndən yayındırmaq növbəsi yoldaşlarınındır. Yerlilər marşrutu yaxşı bilsələr də, heç vaxt buynuzluların qarşısında 50 metrdən artıq qaçmırlar. 800 metrlik ensierro yolunu öküzlər 3 dəqiqəyə qaçsa, normadır, demək, qurbanlarsız keçinildi. Bu müdətdə öküzlər qaçıb korrida meydanına çatır. Yox, əgər sürü 10 dəqiqə və daha çox yubandısa, təhlükəlidir, yerdə çoxlu yaralı olur, hətta ånsierronu uzaqdan görənlər uzun müddət özlərinə gələ bilmir, barlarda saatlarla gördükləri qanlı dəhşəti təsvir edirlər. Orda bir neçə metr qaçanlar heç vaxt təəssüratını unuda bilməz! Insan insan dilini unudub özü bir müddət heyvana çevrilir, yalnız bir instinkt qalır: özünüqoruma; yıxılmışları tapdalaya-tapdalaya götürülürsən. Öküzün buynuzuna ilişməkdən qorxanda insan nələrə qadir olur! Bizim iştirak etdiyimiz ensierro 3 dəqiqəlik normanı aşıb 7 dəqiqə çəkdi. Həyatımda belə sürətlə qaçmamış, idman dərslərində yarıtmazın biri olmuşdum. Kütlənin qan instinktləri cuşa gəlmişdi. Ölən olmadı, ancaq yerdə nə qədər yaralı var idi! Yada salmaq dəhşətlidir! Diqqət yalnız öküzlərin yaraladıqlarına yönəlmişdi, onların siyahısı tutulurdu, kütlənin basıb əzdiyi insanların qeydiyyatını aparmırdılar. Bu hay-hayda kimlərsə Riau-Riau bask rəqsi çalırdılar. Söykənməyə divar indi ən qiymətli qalxan olardı, ancaq divarlara söykənmişlər çox, boş yersə yox idi. Küçələrdə zir-zibil, çirkli paltarlar, cırılmış qırmızı qalstuklar... Yaralansalar da, gələn il bura yenə və yenə gəlirlər. Onlar haqda deyirlər ki, afisonado - əbədi adrenalin ehtiyacı xəstəliyinə tutulublar. Öküzlər korridaya girəndən sonra ensierro iştirakçıları kafelərə, barlara yığışdı. “Çoko” barında hamı tərli idi, əllər əsirdi, gözlər hədəqədən çıxmışdı. Biz özümüzü bağçaya qoyulmuş ağlayan uşaq kimi hiss edirdik, evə qayıtmq istəyirdik, ancaq küçələr dolu olduğundan başa düşürdük, mümkün olmayacaq. Bu vaxt kimsə ucadan dedi: “Həyat gözəldir! Nə qədər yaralı var! Ancaq içək sağ qalanların sağlığına! Yaşasın fiestaaaa!” Bir peşəkar ensierroçu turistləri danlayır, Vısotskinin səsinə bənzər səslə yaxşı qaçmağın və buynuzlardan yayınmağın texnikalarını öyrədirdi: “Düzgün seçilmiş ayaqqabı ensierronun əsas sirridir. Ancaq turistlər hündür kabluklarla küçəyə çıxıb, hələ bir öküzün burnunun önündən sivişmək də istəyirlər. Bu kabluklu səndəllərinizlə təkcə özünüzü yox, başqa qaçanları da təhlükədə qoyursuz. Ikinci sirr tinto şərabıdır, üçüncü sirr qaçışdan əvvəl 8 saat yatmaq. Burda öz səhlənkarlığı, bilgisizliyi üzündən yaralanan turistlər xəstəxanada xarici telekanallara müsahibə verib, bizim 1 il hazırlaşdığımız, sevdiyimiz bayramı gözdən salanda çox üzülürük. Axı bu bayramın qaydaları var, onları öyrənmədən küçələrə çıxan adam əlbəttə yaralanacaq, bunda bayram deyil, özləri günahkardır. 15 ildir ensierroya çıxıram, bir dəfə də yaralanmamışam. Ey ensierroda iştirak edən kabluklu tursitlər, üstünüzə öküz gələndə yıxılsaz, qalxıb qaçmağa çalışmayın, tərpənmək qətiyyən olmaz. Hərəkətsiz maneəni öküzlər addımlayıb keçirlər, hərəkətə isə çox həssasdırlar!..” Söhbətlərdən məlum oldu ki, öküzlər Pamplonaya Andaluziya və mərkəzi Kastiliyadan gətirilib. Korrida üçün yetişdirilmiş bu döyüş öküzləri “toro bravo” adlanır, təcavüzkardırlar, təhlükə olmayanda belə, hücum etməyə meyllidirlər, 4 yaşları var, ən əsası, ömürlərində qulluqçudan başqa insan görməyiblər. Öküzün həyatının mənası - əbədi savaşdır. Qalib gəlməsindən, yaxud məğlubiyyətindən asılı olmayaraq, korrida hər öküzün həyatında bir dəfə olur. Öküz atdan da ağıllıdır. Meydanda matadorun (torero, toreador) hərəkətlərini yadda saxlayır,

ikinci dəfə korridoya buraxılsa, matadoru sağ buraxmaz.

Korrida Günorta festivalın hər günü olduğu kimi, korrida başladı. Biletin qiyməti 120 avrodur. 7 korridanın hər birinə biletlər hələ keçən ildən satılmış olur. Əgər Pamplonaya biletsiz gəlmisənsə, kassalarda qalanlar artıq-urtuqlardır, qara bazarda 300 avroya satılanlara güvənə bilərsən. Biletləri bizə yenə də sevimli Rozetta bağışladı, bir şərtlə ki, olanları ona detallarıyla danışaq. Dünyada böyüklüyünə görə üçüncü meydan olan Plasa de Torosa girdik. Oturacaqlar narahat idi, yerini rahat etmək üçün qapıda satılan 1 avroluq döşəkçəni almalıydın. Meydanın ətrafında ambulanslar düzülmüşdü. Torerolar meydana gələndə öz sürücülərinə deyirlər: gözləmə, qayıt; qalib gəlsəm, evə əllərin üstündə dönəcəyəm, məğlub olsam, təcili yardım maşınında gedəcəyəm, hər iki halda sən lazım
olmayacaqsan. Pamplonada korrida sevən yerli çox azdır. Yerlərin hamısında turistlər oturmuşdu. Meydanda günəşli və kölgəli olmaqla iki hissə var idi. Onlar gündüz və gecə kimi fərqlənirdilər. Günəşli tərəfdə oturanlar korridaya əylənməyə, bir-birinin üstünə şərab töküb rəqs etməyə gəlir, onlar meydana baxmır, ancaq səs-küy salırlar. “Sombra” adlanan kölgə tərəfdə oturanlarsa korridaya tamaşa etməyə gəlirlər. Onlardan bəziləri korrida biliciləridir, qalanları sadəcə günəşli tərəfə baxa-baxa qalırlar. Bizim biletlər elitar yerlərə olmasa da, döyüşün başlanmasına, hər mərhələsinə siqnal verən, qalibi öküz qulağı - tirofey, öküz buynuzu – triumfatorla
mükafatlandıran idarəçinin oturduğu lojaya yaxın kölgə tərəf idi. Korrida musiqi sədaları altında açıldı: iki atlı qara geyimdə çapa-çapa gəlib sədarət lojasının qarşısında papaqlarını çıxardı. Cavabında sədr ayağa qalxdı. Bu mərasimə “açarların istənilməsi” deyilir. Atlılar darvazaya qayıdanda ordan toreadorlar hərəsi öz komanda-kvadrilyası ilə çıxdı, publikanı salamladılar. Sədarətə yaxınlaşıb, ayrıldılar. Meydan
boşaldı. Sədr dəsmal qaldırdı və ilk öküz göründü!.. Korrida 3 şöbədən, tersiyadan ibarətdir. I şöbədə torero atın üstündə olur. Öküzlə üz-üzə çıxıb, onu çəhrayı plaşla qıcıqlandırır, üstünlüklərini və çatışmazlıqlarını özü üçün müəyyənləşdirir. Məqsədi onu çaşdırmaq, zəiflətməkdir. Bu vaxt torero yerdə cızılmış ağ çevrədən kənara çıxmamalıdır. II şöbədə banderilyalardan istifadə olunur. Bunlar 70 sm uzunluqda rəngli kağızlarla bəzədilmiş iti uclu çubuqlardır: adətən üç cütünü öküzün bədəninə sancırlar ki, heyvan qızışsın. ...Torero onları havaya tullayırdı, öküz özü çubuğa tərəf atılanda bədəninə batırdı... Son şöbədə isə torero öküzlə təkbətək qalır. Kulminasiya, ən yüksək təhlükə anı çatır. Torero öküzün yalının üzərinə əyilməli, xəncəri ora, eyni vaxtda muleti öküzün dırnaqlarına endirməlidir. Hərəkət düz icra olunubsa, heyvan başını aşağı salır, gicəllənib torreroya yaxınlaşır, bu vaxt başına xəncər endirilir. Bu, ölçülüb biçilmiş ən mürəkkəb priyomdur, toreroların çoxu onu icra etməkdən qorxur. Hakimlərin və tamaşaçıların qiymətləndirməsində rol oynayan müəyyən belə standart hərəkətlər və onların icrası tezliyi var. Öldürücü zərbə təmiz endirilməyibsə, toreador
trofeysiz və gələcəksiz qalır... ...600 kiloluq öküzlər elə yüngül tullanıb-düşürdülər, elə bil, Yerin ağırlıq qüvvəsi ilə yaxın münasibət qurmuşdular. Matador “veronika” adlanan klassik üsulla dairə cızıb öküzü azdırmaq istədi, ancaq o matadorun üstünə şığıdı. Matador yıxıldı, tərpənmədi, cibindən qırmızı yaylıq çıxarıb yan tərəfə atdı. Öküz barreranın yanına düşmüş qırmızı yaylığın üstünə cumanda matador qalxıb meydanı tərk etdi. Matadorlara dublyora malik olmaq qadağandır. Odur ki, əzilsə də, yenə meydana qayıtdı. Plaşı yüngül və əminliklə əsdirib vəziyyəti ələ aldı. Qəflətən çəhrayı plaşı bir tərəfə atıb, xəncərlə öküzün kəlləsinə zərbələr endirdi. Üzü ölümə doğru savaşıb, öküzə qalib gəldi. Meydanın sarı torpağında öküzün qanı bərq vururdu. Öküz öldü! Matador öküzü yerə sərəndə bütün tamaşaçılar ayağa qalxdılar, əllərinə gələni meydana tullamağa başladılar. Banan qabıqları, boş şüşələr, oturacaqların yastıqları – hər şeyi meydana atırdılar. Sonra özləri meydana enməyə cəhd etdilər ki, matadoru atıb-tutsunlar. Ancaq meydanın “moso” adlı işçiləri onları tribunalara
qaytardılar. Öküzün meyitini meydandan üç at apardı. Bu elə kədərli idi ki! Sonra bildik, ölmüş öküzlərin ətini axşam açılacaq yarmarkada satacaqlar. Qanımız çox qaralmışdı. Ancaq deyəsən, baş verənlər tək bizi kədərləndirirdi, məsələn, yanımızdakı tamaşaçılar bu vaxt belə bir söhbət edirdilər: “Ispaniyanın başqa şəhərlərində də korrida keçirməyə cəhd edirlər, ancaq əbəs yerə! Pamplonadakı əhval-ruhiyyəni heç yerdə süni şəkildə yaratmaq olmaz.” Hə, Pamplonanın xoşbəxtliyi də, faciəsi də
bunda idi... Hər matodora 2 cəhd imkanı verilir, 3 saata 6 döyüş aparılır. 1-ci saat bitdi, 2-ci saatın matadoru meydana çıxdı, bir çevrə at üstə qaçaraq, publikanı salamladı. Əgər tamaşaçı sönük alqışlayırsa, o da baryerdən aralanmadan sadə salamlayır. Uzun, arasıkəsilməz alqış varsa, torero salamlamaq üçün öz kvadrilyasıyla birgə meydanda bir neçə çevrə çapır. Korridada publika ali hakimdir. Döyüşdən sonra tamaşaçıların çoxu havada dəsmal yellədib matadora qulaq verilməsini tələb etsə, sədr razılaşır. Iki qulaq və quyruq - ən yüksək mükafatdır... 2-ci döyüşdə maraqlı hadisə baş verdi. Elə bir an gəldi ki, öküzü idarə etmək çox çətin oldu, bu vaxt meydana ağ rəngli qəhvəyi xallı sakit öküzlər çıxdı, bu öküzlər həmcinslərini bir az sakitləşdirmək üçün idi. Korrida öküzü belə sakitləşdirildikdən sonra döyüş yenidən başladı. Torero ayağından yaralandı, sarıqlı ayaqla meydana yenidən qayıtdı, öküzün başına zərbə endirdi, öküz uzun müddət nə baş verdiyini anlamadan yıxıldı. Mükafat olaraq, iki qulaq aldı və bu, ona baş darvazadan çıxmağa imkan verdi: tamaşaçılar onu əllərində apardılar. 3-cü döyüş başlamalıydı, ikinci

toreador əllər üstə şəhəri gəzirdi... Növbətini gözləmədik.

Matadorla müsahibə Tolstoy operanı kənd kişisinin gözüylə, Lagin futbolu qoca Xattabıçın dilindən təsvir etmişdi. Mənim də ensierro və korridaya yuxarıda verdiyim təsvir bəlkə kənd kişisinin operanı, qoca Xattabıçın futbolu anladığı kimi alındı. Bütün bunlara peşəkar korridaçının verdyi izahı bilmək üçün “Pamplona yenilikləri” qəzetinin müxbiriylə tanış olduq, ondan öyrəndik ki, La Sera tərəfdə keçmiş qaz emalı zavodunun yerində keçənilki döyüşlərin matadorları oturub, müsahibəyə məmnuniyyətlə razılıq verərlər. Soraqlaşıb oranı tapdıq. 32 yaşlı matador Migel Otavio Basteri ilə
söhbətimizi oxuyun:
- Don Migel, matadorlar nə qədər maaş alırlar?
- Minimum 30 min dollar.

- Niyə başqa sənətlər var ikən insanlar torero olmağı seçirlər? - Bizim sənətdəkilərin əksəriyyəti ömrünün əvvəlində kasıb və ac ailələrin uşaqları olub. Balaca oğlan məşhur, varlı olmaq istəyir, torero olmaq isə Ispaniyada şöhrətə, dövlətə tez çatmağın yeganə etibarlı yoludur. Onu məktəblərdə öyrənənlər də var, gecələr Ay işığında gizlicə öküz yetişdirilən fermalara girib məşq edənlər də. Toreadora namizədlik karyerası adətən 1 il çəkir, onlar beserro – 2 yaşdan kiçik öküzlərlə məşq edirlər. Bir imtahan verdikdən sonra korridada 4 yaşlı öküzlərlə vuruşa bilər. Korridalar fərqlənir. Pamplona və Madriddə torero bilir ki, triumfsuz onların gələcəyi yoxdur, ona görə də qorxunu tərgitməlidir. Sevilyada isə insanlar daha çox artistliyə önəm verirlər, özü də təhlükə anlarında digər korridalardan fərqli olaraq, sükut edirlər. - Korridanın tarixindən, yaddaqalan hadisələrindən danışın, lütfən. - 1591-ci ildən keçirilir bu bayram. Ən qanlı il 1923 olub, onda öküzlərin buynuzunda 13 nəfər həlak olub, 200 nəfər yaralanıb. Ispaniyada öküz yetişdirən 300-dən çox ferma var, onlardan ən məşhuru Miuradır, 1842-ci ildə tikilib. Burdakı uzunayaqlı öküzlər vuruş ləyaqətləri və buynuzlarında ölən böyük toreroların sayıyla məşhurdur. Ən məşhur Lamborcini avtomobilləri Miura adı alıb. Öküzüz həddən artıq ağıllı olanda publika bezib onun dəyişdirilməsini tələb edir. Siz hələ nə görürsüz ki! Vaxtilə döyüş hər gün keçirilirdi, birində 18-20 öküz iştirak edirdi. Onda həmin küçələrdə yaşayan kasıblar bir müddətlik evlərini kral ailəsinə tamaşa üçün güzəştə getməyə məcbur olurdular. Əvvəllər meydan dördkünc olur, öküzlər küncə ilişir və festivalda fasilə yaranırdı. Sonra dairəvi meydanlar tikildi. - Məşhur torerolar kimlərdir? - Ən məşhuru 17-ci əsrdə yaşayıb, Pedro Romero. 6000 öküz öldürüb, bir dəfə də yaralanmayıb. Bu, möcüzədir. Karyerasını buraxandan sonra Sevilyada ilk tavromaxiya məktəbinin direktoru olub. Sonra Pepe Ilyo gəlir. O, savadlı idi, matador incəsənəti haqda traktat yazmışdı, Madriddə meydanda o da, öküz də öldü. Bilirsiz, gözəl qadınların həmişə iki namizədi olur, ölümün də korridada seçməyə iki namizədi var: torero və öküz. Mənim sevimli torerom Luis Migel Domingin bir müddət əvvəl öldü. O, ilk dəfə 11 yaşında çıxıb meydana. Heminquey, Pikasso, Jan Kokto ilə dost idi. Indiki gənclərdən Fransisko Rivero Ordonesin adını çəkə bilərəm, onun bütün babaları toreador olub, atası da meydanda ölüb. Bir də mübahisəsiz lider Xoselite var. 6 öküzlə eyni vaxtda vuruşub, altısının da qulağını kəsib; bu, son 30 ildə rekorddur. Həmin gün Xoselite 100.000 dollar maaş və döyüşü göstərməsinə görə Ispaniya telekanallarından 200.000 dollar alıb. Fortuna bizim üzümüzə belə gülür, ancaq hər axşam həyatımızı oyuna qoyuruq. - Ola bilərmi ki, öküz döyüşü siyasi hadisədir: xalqın emosiyalarının rejimə deyil, öküzlərə qarşı qalxması hakimiyyətlərə sərf edir. Bəlkə ona görə Ispaniya diktaturası turist reklamlarını güclü edirdi. - Bununla razı deyiləm. Korrida 16-cı əsrdə formalaşsa da, axı öküz döyüşü daha qədimdir, ispan milli hadisəsi deyil. Hələ Platon təsvir edirdi ki, iberlər Poseydon allahı şərəfinə öküzü meydana buraxıb dəmir əşyasız onunla döyüşürlər. - Bəs qadınlar? Onlar da torero ola bilər? - (Gülür) Oh! Mənim həyat yoldaşım on il əvvəl bu işə maraq göstərirdi, elə o vaxt biz öküz məktəbində tanış olduq, mən korridada kişi şovinizmi olduğunu bildiyimdən, qadınımı bu işdən uzaqlaşdırdım. Ancaq Sevilyada var belələri... Rəsmən 10 qadın torero tanınır. Onlardan biri hətta rusdur, son görüşümüzdə Lidiya Artomonova Moskvada korrida keçirmək istədiyini demişdi. - Döyüşə başlayanda təlaşlanırsız? - Hər halda bu iş kompüter oyunu deyil, təbiətlə təkbətək qalırıq. Iki il əvvəl Madriddə fevral ayının festivalında möhkəm yaralanmışdım. Paxarito (quşcuğaz) adlı öküz korrida vaxtı tamaşaçılara hücum etmişdi, onun yerinə qaytarılmasında iştirak etdiyimə görə üç ay xəstəxanada yatdım. Ancaq sağalan kimi yenə korridaya qayıtdım. Luis Migel

Domingin öləndə demişdi: “Biz ölümlə uzun illər flirt etdik!”

Bayramdan sonra Bayramın əsas 7 günü sona çatdı, 2 gün də sərxoşluqdan ayılmaq üçün verilmişdi. Həyətlərdə qocalar Azərbaycandakı kimi oturub keçmişdən danışırdılar. Deyirdilər, babalarımız bir il pul yığardılar ki, bir həftə bayramda əylənsinlər, “o vaxtkı 100 peseti olanlar bəxti gətirənlər idi. Indi isə Ispaniyada adambaşına düşən gəlirə görə Navarra birinci yerdədir. Cəmiyyət dəyişdikcə San Fermin də dəyişir. Eh, ötən günlər...” Elə bildik, hər şey bitdi. Ancaq ən maraqlısı irəlidəymiş. Insanlar keçmiş və indiki festival vaxtı dəymiş itkilərə göz yaşı axıtmaq üçün meriyanın qarşısına yığışdılar. Yüzminlərin kütləsi xor oxuyur, hıçqırıb ağlayırdı. Bunlar necə artistik millətdir! “Pobre de mi! Kədərliyəm! San Fermin sona

çatdı!” Təntənəylə bu qədim himni ifa edirdilər:
Zavallıyam, zavallı!
San Fermin bayramı bitdi!
Ancaq nə qəm!

Bir il sonra yenə qayıdacaq!

*** Asan adımı çətin hesab etdiklərindən məni “Azərbaycan” çağıran, Bakının adını eşidəndə “palçıq vulkanlarının ən çox olduğu yer?” deyən müəllimlərdən, hər addımda satılan öküz suvenirlərini ələ salan, ölkələrinin öküzlə deyil, Pablo Sarasate kimi skripkaçı-bəstəkarlarla tanınmasını istəyən, qaraçı musiqiləri dinləyən, azadlığı və məsuliyyəti qaraçılar qədər sevən ispan tələbələrdən, nəhəng Navarra Universitetində Azərbaycan ədəbiyyatından yalnız Qurban Səidin “Əli və Nino”suna ispan dilində rast gəlməyimizdən daha təsirlisi həyətlərdən birində gördüyümüz, lap Əhmədlidəki kimi vedrələrlə su daşıyan gənc ispan qadınları oldu. Çayları quruduğundan, Ispaniyanın 75 faizi susuzluqdan əziyyət çəkir. Hərəsini bir Karmen kimi təsəvvür etdiyimiz, ancaq indi əziyyətlə su daşıdıqlarını gördüyümüz qadınlar dedilər ki, milli bayrama
hazırlaşırlar. -
Yenə bayram? - Bizdə ilin 365 günü bayramdır. Aha, 600-dən çox milli bayramımız

var... Nərmin Kamal