Alatoran_header  
Nərmin Kamal

Өvvөlki   Sonraki

Jurnal 2006N2





Times Roman Az Lat

Bakıda solçu inqilabın layihəsi
(I hissənin sonu)

mama@deneg.net Roman romançının məqsədlərinə deyil, romandakı obrazların azadlığına tabe olmalıdır… Otaqda Materiya, Forma, Zaman, Məkan, Azadlıq, Zərurət, Məzmun, Şüur, Hərəkət, Mahiyyət və Təzahür əyləşmiş, qədimi benzin alışqanla ətirli Kuba siqarları alışdırırdılar. Metal pilləkəndə
addım səsləri yazılmış CD-dən səs otağa buxur ətri kimi yayılırdı. Mən aptekdən çörək alıb qayıtdım, açarı açar dəliyinə salanda ilişiklik yarandı. Birdən mənə elə gəldi ki, açar dəliyində də adamlar yaşayır. Açarı dəliyə salanda onlar sıxılır, əzilir, burulurlar, çıxardıqdan sonra özlərinə gəlirlər. Ancaq bu adamlar istiqanlı olmadıqlarından heç vaxt açar dəliyindən qan axmır. Onların inqilabı da qansız və qırmızısız olur. Bir dəfə gəncliyimdə dostlarımla seyf yarmağa getmişdik. Seyfi açmaq üçün bütün şifrə variantlarını, açarları sınayırdıq, ancaq açılmırdı. Dostum gərginliyini atmaq üçün bir siqaret alışdırdı, siqaretin tüstüsü
yayılan kimi seyf açıldı. Şifrəsi siqaret tüstüsü imiş. Otaqdakılara salam verdim, onlar salamımı elə aldılar, sanki mən öz salam sözümün əks-sədasını eşitdim. Bilirsiz nədən danışırdılar? Deməli, bir dəfə Sovet Ittifaqından Fransaya nümayəndə heyəti gedibmiş, Fransada da dünya qadınlarının alt paltarlarının moda sərgisi keçirilirmiş. Turistlər sərgi salonunda gəzib dünyanın müxtəlif xalqlarının qadınlarının alt paltarlarını seyr etdikdən sonra Sovet qadınının alt paltarlarını nümayiş etdirən manekenə yaxınlaşıblar; bunlar təxminən tank “çexol”u boyda olan alt paltarları imiş. Onun qarşısında hamını gülmək tutub. Bilirsiz, kim də orda olub? Keçmiş mətbuat naziri Sirus Təbrizli. Fransalı jurnalistlərin müstəqil Azərbaycanda keçirilən Fransızdilli Jurnalistlərin Konqresi kimi ciddi toplantısında Sirus Təbrizli qalxıb, “Farnsa-Azərbaycan münasibətlərində jurnalistikanın rolu və problemləri” mövzusunda çıxış etməyə başlayır və başlayan kimi elə bu hadisəni danışır. Hamı təəccüblənir ki, Sirus Təbrizli yoldaş niyə jurnalistikanın problemlərindən danışmalı ikən bu hadisəni xatırladı, xatırladı cəhənnəm, üstündə bu qədər çox dayandı, bütün çıxışını o Fransa xatirəsindən yoğurdu, yapdı… Otaqdakı ağır cayıllar - Materiya, Forma, Zaman, Məkan, Azadlıq, Zərurət, Məzmun, Şüur, Hərəkət, Mahiyyət və Təzahür hamısı yerə döşənmiş bir uçan Təbriz xalçasının üstündə rahatlanmışdılar. Ortalığa qaranlıq çökmüşdü. Onlardan sağ tərəfdə, otağın küncündə ayaqlı qədimi saat vardı, bəzən gündüz ikidə birdən içini boşaldırmış kimi gecə 12-ni
çalır və otaqdakılar bu qəfil zənglərə gülürdülər. Bu vaxt Bakıda Əbədi Məişət Savaşı gedirdi. Göydə qara buludlar uçuşduğu, uzaqdan bir şimşəyin göyü açıb bağladığı axşamlarda uşaqlar gecə 12-ni gözləyir, düz 12 olanda qapıdan çıxıb kandara tabaşirlə on bir xaç işarəsi çəkir, on ikinci xaçı çəkəndə cin peyda olacağına və arzuları yerinə yetirəcəyinə o qədər inanırdılar ki, on ikinci xaçı çəkməyə cəsarət eləmir, on birinci xaçı çəkən kimi qorxudan əcaib qalın səslər çıxarıb qaçışırdılar içəri. Qaçanda tapdalayırdılar bir-birinin ayaqlarını, yerə çöküb hönkürənləri olurdu, cürbəcür ruh hallarına düşürdülər. On ikinci xaç çəkilməmiş qalırdı. Gündüz olanda gecəki əndişəni unudur, cürətlənir, “nə var ki, çəkməyə? Bu gün çəkərəm” – deyirdilər, hələ gecə olmamış tabaşirlə on bir xaçı çəkib gözləyirdilər, ancaq yenə saat 12 çatanda çənələri əsirdi, dişləri dəyirdi bir-birinə, damarlarında qanları donurdu və yalnız onda səmimi olub, etiraf edirdilər qorxduqlarını. Gündüzlər yenə içlərindəki itin qapısını bağlayır, cürətlənirdilər. Beləcə, o on ikinci xaç heç vaxt çəkilmədi! Onlar elə indi də gecə 12-də on ikinci xaçı çəkməyə qorxarlar, nə qədər iliklərinə qədər qədər inanıblar 12 xaçla həmin dəqiqə xilaskarın
gələcəyinə... Indi isə yəqin hansısa uşaq çəkə bilib o xaçı, hansısa gecənin bir aləmində, Içərişəhərdəki hansısa kandara və Skelet gəlib bizim şəhərə. Gəlib bura sol devrim gətirsin. Ancaq gələndə bilməyib ki, bakılılar Zeynalabdin Tağıyevi, Şəmsi Əsədullayevi, Musa Nağıyevi və bu kimi Bakı milyonçularını şəhərlərinin tarixinin lalə dövrü sayırlar, sitayiş edirlər onlara, o xeyriyyəçilərə. Onlara elə gəlir ki, varidat kimdəsə olmalı, kimsə lütf edib xərcləməlidir onu onlara. Kimsə bir nəfər binalar tikməli, kimsə bir nəfər qapıdan əliboş qaytarmamalı borca gələn əlləri, işə götürülməyə gələnlərdən “ac deyilsən ki?” soruşmalı, kimsə bir, ya iki, ya üç, ya da dörd insanda olmalıdır sehrli əl. Onların hər birində olmamalıdır. Skelet gələndə onu da bilmirdi ki, müsəlman ölkələrində solçuluq heç vaxt uğur qazana bilmir, çünki müsəlmanlarda Qiyamətin əlamətləri adlı bir siyahı var və o
siyahıda belə bir əlamət: “Mal çoxalıb artmadıqca qiyamət qopmaz! Belə ki, zəkat veriləcək kimsə tapılmaz! Birinə zəkat təklif edilərkən “mənim buna ehtiyacım yoxdur” deyəcək!” (Buxari). Müsəlmanlar inanırlar ki, varlılar kasıblara həmişə, həmişə, elə həmişə zəkat verməlidirlər, kasıbların da varlı olduğu, zəkata ehtiyac qalmadığı cəmiyyət, kasıbın gülümsəyərək “daha ehtiyacım yoxdur” deməsi qıcıqlandırır müsəlmanları. Buna görə, kor görə ki, karın qulaqları lalın səsindən tutulub, bax onda siz bir Islam ölkəsində sol ideologiyanın uğur qazandığını görərsiz. Bu şəhərdə hamının varlı, qardaş və bərabər olduğu solçu dövləti qurmaq mümkün deyil, nə qədər ki, əhali Qiyaməti gözətləyir. Əgər Skelet bu layihəni hazırlaya bilsə, hesab edin, o Qiyamətin layihəsini cızıb. Yəqin, o, düşünür: "ah, mən dövlətin basqıcı gücünün olmadığı, işləməyin bir oyun halına gəldiyi, cinsəl içgüdünün gizlədilmədiyi, özgür, gözəl, aydınlıq, anarxist bir cəmiyyət
arzusundayam". Bakılılar isə bunu Qiyamətin özü kimi qarşılayacaqlar. Ancaq Skeletin fikrincə, bu ilk vaxtlarda belə olacaq. Bakıda komunist təbliğatı aparmaq çətin iş deyil. Bakı nə qədər varlansa da, onun həmişə kanalizasiya və su kəmərləri, ictimai nəqliyyat, təbəqələşmə çətinlikləri var. Bir dəfə fəhlələr Bakı milyonçusu Musa Nağıyevdən tələb ediblər ki, köməkçiləri onlara sabun versin, əmək haqlarını artırsın və insani münasibət göstərsin. Bütün bunların əvəzində Kişi köməkçilərinə
belə bir göstəriş verib: “Onlara insani münasibət göstərin.” Ah-la-la... Burdan bir qədər aralıda, talvarın kölgəsində Inqilabi Şuranın üzvü Zaman bizi başına toplayıb komunist təbliğatı aparırdı: “Siz başa düşürsüz ki, bu böyük var-dövlət yalnız tədadüfən neft tapılması sayəsində yaranıb? Inanırsız ki, milyon-milyon pul uduzulan qumarxanalarla zavallıların aclıqdan və soyuqdan əzab çəkib məhv olduqları daxmalar, divarları sellofandan düzəldilmiş məktəb otaqları arasında böyük bir haqsızlıq var? Bir qadın elə darısqal evdə yaşayır ki, körpəsini əmizdirdiyi vaxt otaq sıx və havasız olduğundan yuxu tutub
onu, uşaq boğulub. Siz başa düşürsüz bunları?” Sözün düzü, başa düşürdük.. Damarlarımızda təzə bir qan qaynamağa başlamışdı. Bu vaxt dayanacaqdan keçən 224 nömrəli avtobus isə öz adıyla herontologiya elminin bir subutunu xatırladırdı: insanın

optimal ömür müddəti 224 ildir. *** Sabah inqilab günü idi. Skeletin məruzəsi səhər erkəndən olmalı və bu cümləylə başlamalıydı o siyasi çıxış: “Diqqət! Diqqət! Bakıda, sizin dünyanın jaketində yağlı ləkə olan bu qədim və günəşli şəhərinizdə, deyin mənə, atalar öz kiçik qızlarının qəhvəyi ipək saçlarını hörürlərmi?.. Qızının saçlarını hörməsindən başlayır

bir kişinin solçuluğu.”

YENIDƏN SOLMU, YENI SOLMU? Heç vaxt sirr olmayıb ki, bugünkü Vaşinqton neokonservativ partiyasının sıraları birinci və ikinci çağırış trotskiçilərlə doludur. Onların bariz nümunəsi keçmiş trotskiçi, özünü bütün neokonservatorlar apparatının “xaç atası” adlandıran Şaxtmanın davamçısı Irvinq Kristoldur. Gözdən yayınmır ki, onların hamısı, həmçinin vitse-prezident Dik Çeyni bu günə kimi keçmiş hərbi işlər üzrə bolşevik xalq komissarı Lev Trotskinin “permanent inqilab” və “permanent müharibə” doktrinasının fanatik tərəfdarlarıdır. Bu iki anlayış Çeyninin Iraq aksiyasında, onun Irana qarşı başlamağa hazırlaşdığı, ordan Suriyaya, Latın Amerikasına və hər yerə, mümkün olan hər yerə, mümkün olduqca tez yayılan müharibəsində zühur edir. Əksər tarixçilərin Trotski və onun ardıcıllarının adı ilə bağladığı məhz bu doktrina müasir dünyadakı genişmiqyaslı dəhşətli zorakılıqların başlıca mənbəyidir. O, Birləşmiş Ştatların da konstitusion
respublika kimi mövcud olmasına real təhlükədir. Birləşmiş Ştatları bu gün bürüyən müharibə eşqinin kökü – onda başlamışdı ki, Çeyni Aleksandr Gelfandın - “Parvus” ləqəbli rus mənşəli bu ingilis casusunun Lev Trotskiyə hələ 1905-ci il inqilabında o, çarı devirmək istəyən vaxt təklif etdiyi permanent müharibə ideyasını bəyənmişdi. Meksikada 1940-cı ildə sovet casusu tərəfindən öldürülən günə qədər Trotski onu müdafiə etdi. Həmin siyasəti bu gün keçmiş

trotskiçilər, o sıradan neokonservatorların məsləhətçisi Çeyni yürüdür. Həqiqtətən də, Corc Uoker Buş adminstrasiyası Iraq sünnilərini kürdlərə, kürdləri türkmənlərə, hətta şiələri şiələrə qarşı qoymağı çatdırdı, elə bir vətəndaş müharibəsi salındı ki, o, nəsldən nəslə davam edə, yarıyolda - dağların arxasında olan gələcəkdə bütün qonşu dövlətləri bürüyə bilər. Church of Satan (Şeytan kilsəsi) rəhbərliyi Birləşmiş Ştatların bugünkü fəaliyyətinə hələ Əfqanıstan mərhələsi vaxtı rəğbətini bildirmiş və dəstəkləmişdi. Bu sizə nə isə deyir? Bir çox yüksəkçinli amerikan hərbçi və diplomatları, məsələn, general Entoni Zinni, səfir Ças Friman neokonservatorların Iraq avantürasını hələ ilk amerikan əsgəri Iraq torpağına ayaq basmadan pisləmişdilər. Onlar bəyan edirdilər ki, neokonservatorlar-neotrotskiçilər və onların Çeyninin təmsil etdiyi vurucu hissələri öz qarşılarına təkcə uzunmüddətli amerikan imperiya işğalını qoymayıblar, həm də neft yataqları üzərində nəzarəti, Çinli rəqiblərinə qarşı neft şantajını da qoyublar. Başlanmış müharibə bütün bölgələrdə başlanan arasıkəsilməz müharibələr sırasında birinci qaranquş olmalı, o, Fars Körfəzini də, Cənub-Qərbi və Mərkəzi Asiyanı da əhatə etməli, onları bütün onillər boyu xaosa sürükləməlidir. Nəticədə bankrot-dövlətlərin “domino prinsipi” işləməli, davamlı iqtisadi və siyasi böhranlara gətirməlidir, — bu isə başlıca olaraq, London Sitidə və onun Karib bölgəsindəki filiallarında, məsələn Kayman

adalarında mərkəzləşən özəl maliyyə oliqarxiyasının nəfinə işləyəcək. Bütün dünyaya Gelfand nəzəriyyəsi ruhunda fasiləsiz inqilab və fasiləsiz müharibə yaymaq Iraq müharibəsindən bir neçə il əvvəl – 1996-cı ilin iyulunda bir qrup amerikan neokonservatoru tərəfindən işlənmişdi. Deklarasiyanın adı “Tam çevriliş” (A Clean Break) idi. O zaman Israilin baş naziri Benyamin Netanyahoya təqdim edilmişdi. Sənədin müəllifləri Riçard Perle, Duqlas Feis, David Vurmser, Meyrav Vurmser, Çarlz Feəbanks (Pol Volfoviçin siyası əkizi) və digərləri idi. Müharibənin Iraqdan Suriyaya, Livana və Irana, sonra Səudiyyə Ərəbistanına, daha sonra Misirə yayılacağı qeyri-ikiqiymətli sxem yaratmışdılar. ABŞ xüsusi xidmət orqanlarındakı bir məlumatlı mənbənin bildirdiyinə görə, neokonservatorların “Tam çevriliş” planının bir məqsədi də “Sünni sabitlik dairəsi” yaratmaqdır, bölgədə soyuq müharibə gedişində müəyyən qədər stabillik saxlanmalıdır ki, bu zaman Fars Körfəzindən bütün dünyaya
maneəsiz neft yayılsın. 14 sentyabr, 2005-ci ildə Lindon Laruş həmkarları üçün memorandumunda yazırdı: “Öz aralarında əvəz edilə bilən “permanent inqilab” və “permanent müharibə” terminlərinin işlədilməsi – sadəcə olaraq, əski “imperializm”in yeni adıdır… “Permanent inqilab” – anqlo-holland liberallarının Britaniya imperializminin xarakter və məqsədlərini təyin edən anlayışıdır, bu termin maliyyə-oliqarx sistemin ağalığına əsaslanır, imperiyaya qarşı olan istənilən potensial patriot müxalifəti dağıdıb, “rejimlərin permanent dəyişməsi” siyasətini yürütməklə, permanent müharibəyə bərabər bir iş görür. Daha sonra Laruş yazır: “Anqlo-holland liberalları və onların maliyyə-oliqarxiya rəqibləri və tərəfdaşlarının diqqətinin “taclı” koloniyalardan az və ya çox dərəcədə dünyəvi maliyyə-oliqarxiya tiraniyasına yönəldilməsi adekvat olaraq, imperializmin daha köklü predikatlarıdır (məsələn, “rejimlərin permanent dəyişməsi” və “permanent döyüş əməliyyatları”) və kolonial ərazilərə
birbaşa nəzarətə nail olmağın əsas üsuludur. Bəs necə oldu ki, tarixi “Amerikan sistemi” dünyaya çıxdı? Bu nəzəriyyə Trotskinin vaxtında, tamamilə özünəməxsus tarixi şəraitdə - 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində, Amerikan sisteminin siyasi iqtisad ideyalarının Avrasiya aparıcı hökümət və siyasi dairələrində geniş dəstək aldığı vaxt yaranıb. Bu, Britaniya monarxiyası, ürəyi Ost-hind şirkəti və şəxsən “adalar kralı” (sonralar 7-ci Eduard) Eduard Albert olan anqlo-
holland imperiyası üçün təhlükə yaradırdı. Ingilislərin dəstəklədiyi cənublu separatçıların 1861-65-ci illər vətəndaş müharibəsi gedişində məğlub edilməsindən sonra, Linkolnun öldürülməsinə baxmayaraq, həmin ingilislərin sponsorluq etdiyi Birləşmiş Ştatlar çox tezliklə aparıcı dünya sənaye nəhəngi oldu. Maliyyə naziri Aleksandr Qamilton və onun ardıcılları, həmçinin Kerinin alman mənşəli davamçısı Fridrix Listdən ibarət Amerikan siyasi iqtisadı çərçivəsində proteksion tariflər sistemi quruldu, dövlət bank sistemi yaradıldı, infrastruktura sərmayə qoyuldu, elm və texnikanın inkişafı təmin olundu. O zamanlar hamıya məlum idi ki, amerikan sistemi Britaniya azad ticarət, özəl əllərdə mərkəzləşmiş banklar, qul əməyi və dünya kartelləri
sisteminin ölümcül düşmənidir. Federal ştatların Qamilton amerikan sistemi əsasında qurulmuş sənaye gücü konfederat-separatçılar üzərində qələbəni təmin etdi. Linkolna həmçinin sadiq tərəfdaşı – rus çarı II Aleksandr kömək edirdi, o, Şimali Amerika sahillərinə donanma yeritdi ki, müharibəyə ingilis və fransızların konfederatlar tərəfdən müdaxiləsinə yol verməsin. 1876-cı ildə Filadelfiyada qələbə şərəfinə Əsrin Sərgisi təşkil olundu, onun məqsədi amerikan sistemi ideyalarının bütün dünyaya yayılması idi. Həmin vaxtlar bu ideyalar yeni birləşmiş Almanıyanın yaranmasında, Tomas Alva Edison kimi məşhur amerikanların alman sənayeçiləri Valter Ratenau və Verner fon Simenslə birgə müəssisələr yaratmasında rol oynadı. Dünya tədricən amerikanlaşırdı. Rusiyada amerikan və rus mühəndisləri Transsibir dəmir yolu üzərində işləyərək, vətəndaş müharibəsindən sonra dağılmış kontinental respublikanı birləşdirməyə imkan verən transkontinental dəmiryolu ideyasını təkrarlayırdılar. Sergey Vittenin rəhbərliyi altında Rusiya 19-cu əsrin sonlarına doğru Avrasiyanın ən sürətli inkişaf edən dövləti oldu. Yaponiyada da Meydzi restavrasiyası zamanı amerikan sisteminin ideyalarından istifadə olundu, E.Peşayn Smit, yapon imperatorunun baş iqtisadi məsləhətçisi təyin edildi. Amerikan sistemi ideyalarından fransızlar da bəhrələndilər, məsələn, Qabriel Anoto bütün Afrika boyu dəmiryolu inşa etmək kimi iddialı planlar qurdu. Çində Qamilton və Kerinin ideyaları amerikan missionerlərindən nəşət etdi, Çin Respublika Hərəkatı fəalları Çinin amerikansayağı birləşmə və modernləşməsini həyata keçirdilər. Amerikan sistemi ideyaları Avstraliyaya qədər yayıldı.
Bütün dünya Birləşmiş Ştatlara çevrilirdi... Britaniya imperiyası necə cavab zərbəsi vurur? Kraliça Viktoriyanın oğlu şahzadə Eduard Albert Londonda böyük həyəcanla Amerikan sisteminin yayılmasını izləyirdi. Növbəti 40 ildə Britaniyanın bunlara cavabı bütün Avrasiya kontinentində bitməz müharibələr, intriqa klubları, millətlərin bir-birinə qarşı salınması, respublikaların tanınmış siyasi liderlərinin qətlə yetirilməsi, hamıya qarşı müharibə diplomatiyası, “rejimlərin dəyişdirilməsi”nin təşkil olunması; son məqamda bütün bunlar bir-birinin ardınca iki dünya müharibəsinə gətirdi. Britaniya casusları diplomatik örtüklər altında ən geridəqalmış qurban dövlətlərin feodal və fundamentalist dairələrilə sıx əlaqəyə girdilər, tez-tez mason lojaları və digər gizli cəmiyyətlər vasitəsilə saxta “xilasedici” hərəkətlərə qol

qoydular, öz yetirmələrini açar vəzifələrə gətirdilər... Amerikan sisteminin respublika ideyaları və konkret inkişaf layihələri ilə birləşən, amerikanlaşan Avrasiya əvəzinə Britaniya materikdə frank-prussiya, balkan, çin-yapon və rus-yapon müharibələri alovlandırdı. Türkiyədə Gənc Türklər inqilabı qalib gəldi, Ingiltərə və ona müttəfiq Fransaya Osmanlı Imperiyasını parçalayıb, bütün Yaxın Şərqdə ingilis-fransız protektoratları yaratmağa imkan verdi. Bu yenidənqurma zamanı Britaniya kəşfiyyatı “Müsəlman qardaşlığı”nı bütün Islam dünyasında daimi fəaliyyətdə olan dağıdıcı qüvvəyə çevirdi. Faktiki olaraq “Müsəlman qardaşlığı”nı yaratmış Cəmaləddin Əfqaninin özü də fransız sinarxistləri ilə əlaqə saxlayırdı. Sinarxistlər — əlbirlərin digər şəbəkəsi idi, 20-ci əsr faşizmində böyük rol oynamış, sonralar isə Avropa Valyuta Ittifaqını yaratmışlar. Bütün bu əməliyyatlarda Eduard Albert və onun həmfikirləri Venesiya Respublikası kateqoriyasında düşünürdülər, o, Bizans Imperiyasının dağılmasından sonra dünyəvi maliyyə oliqarxiyasının mərkəzi olmalı idi. 15-18-ci əsrlərdə Avropanın güc mərkəzi Aralıq Dənizi hövzəsindən şimala hərəkət etdiyindən, venesiya-holland, sonra isə ingilis-holland dünya maliyyə ağalığı sistemi ilə üst-üstə düşdü, sonralar isə

Venesiya partiyası adı aldı. Bu vaxt Rusiyanın məhvi London maliyyəçiləri üçün birinci dərəcəli məsələ idi. Bencamin Franklin, Corc Vaşinqton amerikan inqilabının qələbəsində açar rolu oynamış, Hərbi Neytralitet Liqası yaratmış Böyük Yekaterina zamanından rus-amerikan yaxınlaşması perspektivi Britaniya imperiyasına ölümcül təhlükə yaradırdı. Qələbəsində Rusiyanın da rol oynadığı Amerikan Vətəndaş Müharibəsindən sonra Amerikan sistemi ideyalarının Rusiyada yayılması qorxmaq dərəcəsinə çatdı. Rus alimi Dmitri Mendeleyev 1876-cı ildə Filadelfiyada Əsrin Sərgisində oldu, Rusiyanın sənayeləşdirilməsi işində nazir Vitte ilə əməkdaşlıq etdi, bu isə Transsibir Dəmiryolunun tikintisini sürətləndirdi. Bu tikinti sona çatanda ordan keçən ilk paravoz Filadelfiya şirkəti Bolduinə
(Baldwin Company) məxsus idi. Aparıcı rus islahatçılarının proamerikan natiqliyini maliyyə naziri Vittenin 2-ci Nikolaya məruzəsi də göstərir: “Imperiyanızın uğurlu həyatı xalq əməyindən, onun məhsuldarlığından qidalanır, onun tətbiqi üçün yeni yollar axtarışı millətin zənginləşdirilməsi üçün əsas üsuldur. Gömrük qanunlarının deyil, təbii rəqabətin əsas rol oynadığı kütləvi və müxtəlifyönlü sənaye ölkəyə elə bir kamillik verə bilər, nəyə ki, Birləşmiş Ştatlar artıq qədəm qoyub, o, özünü torpaq və sənaye ilə irəlilədir...“ Vittenin fikrincə, Transsibir magistralı ilə şimala doğru inkişaf Rusiyanın
modernləşdirilməsinin başlıca ideyası idi. Ancaq ingilislərin də Rusiyada öz casus və həmfikirləri vardı. 1881-ci ildə çar II Aleksandr - Linkolnun etibarlı tərəfdaşı və kəndlilərin xilaskarı olan bu insan “Xalq volya”sı tərəfindən öldürüldü. Onun qətlindən sonra Rusiyanın amerikanlaşdırılması əlehydarları guya monarxı qorumaq üçün gizli Müqəddəs Drujina qurdular. Müqəddəs Drujinanın üzvləri öz növbələrində Müdafiə Şöbəsi yaratdılar, o, rus inqilabına gətirəcək hadisələri sürətləndirmək üçün açar rolu oynamalıydı... Mən ayağa qalxıb, tabaşiri götürdüm və lövhəyə yazdım: “Öldürün! Öldürün! Öldürün! Nəticələr haqda düşünmədən öldürün. Hamınızın əvəzinə mən cavabdehəm”. Ayağa qalxanda budumun yuxarısında ağrı hiss etdim. Hamıdan bu ağrının səbəbini soruşdum. Onlar
dedilər ki, sən boy atırsan. Ah-la-la... 1896-cı ildə terror fəaliyyətinə görə üzərində ittiham olmasına baxmayaraq, Zub-Zub Zubatov Rusiyanın bütün gizli polisinin – Müdafiə Şöbəsinin rəisi təyin olundu. Müdafiə şöbəsi birinci balkan müharibəsi vaxtı, 1875-78-ci illərdə rus qoşunlarına komandanlıq etmiş qraf N.P.Iqnatyev tərəfindən Londonun nəfəsilə yaradılmışdı. Iqnatyevin yaxın dostu knyaz V.P.Meşerski Zubatovun rəisi idi, elə o, Zubatovu Moskvada bu vəzifəyə itələmişdi. Meşerski həmçinin türklərlə savaşın qızğın tərəfdarı F.M.Dostoyevskiyə və Fridrix Nitşeyə hamilik edirdi. Bu fəlsəfi fikirlər Zubatova yaxın idi, o, öz polis fəaliyyətində bunlardan istifadə edirdi. Moskvada vəzifə tutana qədər Zubatov onillər ərzində bütün Rusiya boyu müxtəlif sol və sosialist qruplara casuslar salmışdı. Özü ingilis Fabian cəmiyyətinin ədəbiyyatının qızğın həvəskarı idi. Öz planlarını o bir Moskva polis çinlisinə belə şərh etmişdi: “Inqilabçı xalis sosializm üçün ayağa qalxanda onun öhdəsindən yalnız polis tədbirlərilə gəlmək olar, amma onun məqsədi xırda nizamsızlıqları qanun yolu ilə düzəltmək olanda təkcə repressiv üsullar kifayət eləmir.
Onda onun özünü aradan qaldırmaq lazımdır.” Həmkarlar Ittifaqları Rusiyada qadağan edilən vaxt Zubatov Əl tutma cəmiyyəti yaradılmasının təşəbbüskarı kimi çıxış etdi, bu, Rusiyada yeganə leqal “kütləvi təşkilat” idi. Bu cəmiyyətlər Zubatov hədə-qorxularının qurbanı olan insanlarla dolu idi. Sosialistləri həbs edir və ideoloji rəndəyə salırdılar, çox vaxt bu işlə polis sosializminin atası Zubatov özü məşğul olurdu. Fəhlələri öyrədirdilər ki, sosial-demokratlara güvənməsinlər və yalnız şəxsi “iqtisadi” maraqlarını əldə rəhbər tutsunlar. 1902-ci il üçün Zubatov onlarla “polis həmkarlar ittifaqları” yaratdı, Vittenin baxışlarını bölüşən iri rus sənayeçilərinə uğurlu sui-qəsdlər həyata keçirdi. Avqustda Zubatovu Moskvadan Sankt-Peterburqa köçürdülər, orda o, xüsusi polis şöbəsinin rəisi təyin olundu. Bir il ərzində muzdlu təxribatçıların sayı 16 min nəfərə qalxdı, bunları 1917-ci ildən sonra dərc olunmuş materiallardan – polis arxivindən görmək olar. Zubatovun Müdafiə Şöbəsindəki növbəti təxribatçısı, Rusiyada Vitte və Amerikan sistemi əleyhinə çıxışların təşkilatçısı Vladimir Jabotinski idi. Sonralar o, Mussolini ideyalarının qızğın tərəfdarı olur. 1902-ci ilin yazında Jabotinski Şöbə tərəfindən həbs olunur, yeddi həftə barmaqlıq arxasında keçirir, həmin müddətdə Zubatov rəndəsindən keçir. Jabotinskinin karyerası daha bir vacib bolşevik inqilabı epoxasının xadimi Aleksandr Israileviç Parvusla kəsişir. Jabotinski və Parvus Gənc türklər hərəkatının qəzetini redaktə edirdilər. O qəzet ingilislərin gözlüyündən keçib çıxırdı. Bu əməliyyat ingilislərə Balkan
Müharibəsini törətməyə və Osmanlı Impeiyasını dağıtmağa imkan verirdi. 1886-cı ildə Gelfand Parvus artıq Odessada yaşayırdı və Rusiya sosialist hərəkatında idi. O, Isveçrəyə getmiş, “Əməyin azad edilməsi” qrupunun işində iştirak etmişdi, bu qrupa isə Müdafiə Şöbəsinin Lev Deyç kimi casusları, həmçinin Georgi Plexanov rəhbərlik edirdi. Parvus 1890-cı illərdə inqilabçı sosialistlərin diqqətinin kəndlilərdən fəhlələrə yönəldilməsinə nail oldu. 1900-cü ildə Parvus bolşeviklərin daxili çevrəsinə düşə bildi, Münxendəki evindən tipoqrafiyanın yerləşdirilməsi, Lenin və digər vojakların qəbulu üçün istifadə etdi. Bəzi bioqrafik məlumatlara görə, 1902-ci ildə Parvus Müdafiədən Maksim Qorki vasitəsilə pullar aldı. Qorki onun kitablarını xaricdə çap etməsi üçün
Parvusa hüquq vermişdi... Peterburqdakı inqilabi “Qanlı Bazar”dan sonra səhnədə Parvus peyda olur, o, artıq Lev Trotskinin və digər Peterburq Şurası üzvlərinin yaxın adamı idi. Parvus və Trotski liberal nəşr olan və bolşeviklərə opponentlik edən “Rusiya qəzeti”ni satın almışdılar. Tezliklə onun tirajı 500 000-ə çatdı. Parvus və Trotski onu təxribatın, Müdafiənin həzzinin böyük orqanına çevirdilər, bir müddət sonra isə bütün sosial-demokrat
hərəkatını dağıtdılar. 1905-ci ilin dekabrında Trotski də daxil olmaqla bütün Peterburq Şurası rəhbərliyi tutulub türməyə salınanda Parvus Deyçin köməyi sayəsində aradan çıxdı. Almaniya vasitəsilə Istanbula keçdi, guya Gənc Türklərin qiyamını işıqlandıran “jurnalist” idi. Məhz bu vaxt Parvusun aparıcı Avropa “Venesiya partiyası” ilə əlaqələri büruzə verir. 1908-ci ildə Gənc Türklər hərbi çevriliş edib, Sultanı devirdilər. Londondan gənc türklərə Obri Gerbert - 1848-ci ildə Italiyada inqilabi kütlələrə rəhbərlik edərkən həlak olmuş Manzini patronlarından birinin nəvəsi rəhbərlik edirdi. 1909-cu ildə Osmanlı Imperiyasının donanmasına rəhbərlik etmək üçün ingilis admiralı təyin olundu, bu, ingilis kral ailəsinin şəxsi bankiri Ernst Kassel idi; o, Türkiyə milli bankçılığını yaratdı, Türkiyənin ədliyyə, daxili işlər, maliyyə məsləhətçiləri ingilislər idi. Gənc türklərlə əməkdaşlıq Parvusa böyük varidat gətirdi. Birinci Dünya Müharibəsinin əvvəli kimi Balkan müharibəsi başlandıqdan sonra Parvus yenidən Rusiyaya yönəldi, Lenin və bolşeviklərin rəhbərliyi altında inqilabın planlarını maliyyələşdirdi. Öz inqilab planı haqda Parvus alman xarici işlər nazirinə məktub yazdı və orda bildirdi ki, bolşeviklər 1916-cı ildə hakimiyyəti götürə bilərlər, pul istədi. Baş qərargahda Parvusun planının tərəfdarlarından biri qraf Boqdan fon Qutten Çapski idi, siyasi şöbənin rəisi, sinarxist, Mussolininin gələcək maliyyəçisi Cüzeppe Volpinin əski iş həmkarı olan bu adamın xatirələrinə görə, rus-yapon müharibəsini o, “çarizm imperiyasını dağıtmaq” imkanı kimi qiymətləndirmişdi. Bu fikri Parvus da dəstəkləyirdi. Parvusdan məktub alan kimi Almaniyanın xarici işlər naziri əməliyyatın başlanğıcı üçün ilk milyon qızıl marka göndərdi. 1915-ci ilin mayında Parvus Lenin və Radeklə Isveçrədə görüşdü, Stokholm və Kopenhagendə fəalların ocaqlarını təşkil etdi. 1916-cı ilin fevralında Rusiya donanması üçün yeni gəmilər inşa edən tərsanələrin bir
çoxunda tətillər başladı. Babiyi Bunt qadın üsyanı da elə bu vaxt baş verdi. Növbəti il Parvus öz varidatını hesablayıb, ətrafına yeni-yeni bolşeviklər yığdı. Parvusun bioqrafları Z.Zeeman, V.Şarlau (Merchant of Revolution; London: W.&J. Mackay & Co., Ltd, 1965) 1917-ci il Rusiya inqilabı əsnasında Parvusun baxışları haqda bunları yazırdılar: “Gelfand göstərdi ki, əgər pul varsa, istənilən siyasi məqsədə çatmaq olar, sosialist elitası da pula qulluq edə bilər, dostluğu da eynilə siyasi dəstək kimi pulla almaq olar. Belə baxışlar onun siyasi strategiyasına təsir etdi, onun siyasi

və insani təcrübəsinin mahiyyəti bundadır.“ Parvus alman hökumətini inandırdı ki, bolşevik liderlərinin Rusiyaya gizli keçirilməsinə razılıq versinlər. Tezliklə tədbirlər görüldü, Lenin və daha 40 lider Isveçrədən Sokholm vasitəsilə Petroqrada döndülər. Parvusun özü Stokholmda qaldı, burda o, bolşeviklərin Petroqrad mərkəzi komitəsinin beynəlxalq şöbəsi ilə daimi kontaktda idi. Mahiyyətcə, o, az qala yaxınlaşan bolşevik inqilabının baş maliyyəçisi idi. 25 oktyabr 1917-ci ildə Lenin hakimiyyəti ələ keçirdi. Bolşevik çevrilişi nəticəsində Petroqradda hakimiyyətə Leninin gəlməsindən iki ay keçməmiş, Parvus artıq sovet Rusiyasında antibolşevik qəzet strukturları yaratmağa başladı. Onun yüz səksən dərəcə dəyişməsinin səbəbi sanmayın ki, Leninin Parvusu Rusiyaya buraxmaqdan imtina etməsi idi. Sadəcə o, permanent dəyişkən və dəyişdirən bir insan idi. Parvus Isveçrəyə köçdü, bolşevik fraksiyasını maliyyələşdirməkdə davam etsə də, rəsmən sovet rejiminə qarşı müxalifətə keçmişdi, həyatının qalanını Avropanın qüvvələrini Rusiyaya qarşı cəmləşdirməyə sərf etdi... Parvusu əməllərini Isveçrədə onun köhnə tərəfdaşı nasist partiyasının döyünən ürəyi, Berndəki alman səfiri, Münxen nəşrçisi Adolf Müller dəstəkləyirdi. Ceyms və Süzan Pul (Who Financed Hitler: The Secret Funding of Hitlers Rise to Power; New York: Dial Press, 1978) yazırlar: “Hitler türmədən çıxdıqdan sonra “Volkischer Beobachter” nəşriyyatını diriltmək istəyəndə Müller ona borca pul vermişdi.”. Parvusun ikili, üçlü, on üçlü mənsubiyyəti, gah nasist, gah komunist olması ingilis-venesiya maliyyə maraqlarına tam xidmət edirdi. Birinci Dünya Müharibəsinin sonunda Parvus Avropa situasiyasına aşağıdakı izahı vermişdi “Yalnız iki imkan mövcuddur: ya Qərbi Avropa birləşməlidir, ya da Rusiya ağalıq edəcək...” Bütün Avropa qitəsində “rejimlərin dəyişdirilməsi” və suveren dövlətləri yeni Avropa super-dövləti ilə əvəzləmək, həmçinin bolşevik Rusiyasına qarşı müharibə üçün Parvus bu dəfə digər bir igilis-venesiya intriqanı qraf Riçard Kalergi ilə birləşdi, onlar pan-Avropa ittifaqı yaradacaqdılar. Ölümqabağı intriqası
üçün Parvus yenə alman kömür maqnatı Hüqo Stinnesdən pul aldı. Kalergi hesab edirdi ki, Avropanın birləşdirilməsi yalnız bolşevizmlə mübarizəylə başa gələ bilər, “eləcə gənc Avropa Müqəddəs Ittifaqa qarşı mübarizədə yaranmış, Müqəddəs Ittifaq isə Napaleona qarşı mübarizədən çıxmışdı”.. Vyanadakı birinci Pan-Avropa konqresində natiqin başının üstündə dörd portret asılmışdı: Imanuel Kant, Bonapart
Napaleon, Cüzeppe Madzini və Fridrix Nitşenin rəsmləri... 1932-ci ildə özünün pan-Avropa haqda traktatında Kalergi Parvusu yenidən canlandırdı, permanent müharibə-inqilab haqda tezisi belə formulə etdi: “Bu, əbədi müharibədir, - bəlkə yalnız ümumdünya
pespublikasının yaradılması ilə kəsə bilər...” Parvus indiki amerikan neokonservatorlarının sələfi kimi hesab edir ki, cəmiyyətdə inqilabi dəyişikliklər yalnız permanent müharibə şəraitində mümkündür. Anqlo-venesiya intriqanı Eduard 7-ci bu ideyadan bəhrələnərək, 20-ci əsrin əvvəlində Avrasiyada müharibələr tüğyan etdirdi, onun bitməsindən sonra Parvus “dünyəvi faşizm” toxumu yaydı. Parvusun ömrünün sonunda Mussolini yeni ideyaları təcrübədə tətbiq etdi... Permanent inqilab - hər bir sonrakı mərhələsi əvvəlkində olan, yalnız sinfi cəmiyyətin tam ləğvi ilə aradan qalxa biləcək inqilabdır. Parvusun özü isə “Iskra” qəzetindəki məqaləsində birinci dünya müharibəsi ərəfəsində yazırdı: “Rus-yapon müharibəsi qarşıdakı böyük çevrilişlərin qanlı şəfəqidir”. “Proletariatın sinfi müharibəsi”ndə isə (Berlin, 1911), Parvus müharibəni belə öyürdü: “Müharibə - kapitalizmin bütün ziddiyyətlərini üzə çıxarıb kəskinləşdirir. Ona görə də dünyəvi

müharibə dünyəvi inqilabla bitməlidir”. Yüz ildən artıqdır, dünyanı Parvus idarə edir. Özünün permanent müharibə ideyası ilə. Avrasiyada komunizm və sosializm adıyla yaranmış və yaşamış bütün rejimlər əslində bu nəzəriyyənin təcrübəsi naminə idi. Köhnə solçuluq – keçmiş zamanın, xüsusən 1905-ci ilin, həm də qatil kapitalizmin yükünü daşıyırdı. Yeni solçuluğun sərvəti akardeon çala-çala dünyanı onillərlə müharibə naminə müharibələrə çalxamış permanent imperializmdən uzaq olmasıdır! Köhnə solçuluğu sanki Pikasso çəkmişdi: onun gözləri qulaqlarının, burnu isə ağzının içində

idi... Yox, bu “Internasional”ın səsi deyildi. Bu rok idi, musiqinin adı isə beləydi: “Dünya Sosial Forumunun bəzi maliyyə qaynaqları”. Mətnində yeni solçuluğu maliyyələşdirən mənbələrin adları faş olunurdu, kimsə adları aydın səslə ürəkdən oxuyurdu. Söz gəncliyin, mənsəbpərəstliyin və azadlığın idi: “Droits et Démocratie Bu, Kanada Xarici Işlər Nazirliyinə bağlı bir vəqfdir Və Ford Vəqfi Və Heinrich Böll Vəqfi Bu, Alman Yaşıllar Partiyasına bağlıdır Və ICCO – Bu, Holland hökuməti və Avropa Birliyi tərəfindən maliyyələşdirilən bir kilsə təşkilatıdır Və Le Monde Diplomatique Və Oxfam Və RITS - Rede de Informações para o Terceiro Setor Və Rio Grande de Sul əyaləti dövləti Və Porto Alegre bələdiyyəsi” Döngəni burulanda musiqili bəyanatın mənbəyinə çatdım. Onu ifa edən gitaraçı gəncin qəhvəyi gözləri vardı, onlardan daha təsirli gözlər fikirləşmək olmazdı. Kim ondan gözlərinin neçə kilo qəhvədən düzəldildiyini soruşsa, gülümsünür və bu vaxt gözləri daha ürəakaçan olurdu. Onun varlığı, özünə də məlum olmayan qədər yoldançıxarıcı idi. Həyat öz müəmmalarını yaradarkən çox vaxt sadə palçıqdan da istifadə edir. Ancaq həm də istər-istəməz bir sual ortaya çıxırdı. Doğrudanmı, belə cazibədə faciə gizlənməmişdir?! Onun özü isə zaman, boşluq, idrak kimi köhnə problemlərdən gizlənmək üçün seyvan, öyrənilməyə layiq bir mövzu idi. Bu vaxt otağın sağ küncündəki qədimi ayaqlı saat yenə gündüz 2-də qəflətən içini boşaldırmış kimi gecə 12-nin zəngini vurmağa başladı. Hər şey havada səs dalğalarının yaratdığı bu titrəyişi gözləyirmiş kimi, qəfildən başladı. Əvvəlcə divarda mavi bir ləkə göründü. Tədricən o, otağı, küçəni, şəhər meydanını, hər yeri dolduran mavi işığa çevrildi. Sonra eyni sürətlə hər yerə dızıltı səsi yayıldı. Elektrik lampalarının xarab olanda çıxardığı “dzz.. dzzz... dzzzzzzz... dzz... ” səsinə oxşayırdı. Bir çox insanın fikrincə, balıq torda gözəldir! Onlardan daha çox insanın fikrincə, balıq tavada gözəldir! Lap çoxu isə düşünür ki, balıq onların ağız suyu ilə qarışdığı zaman gözəldir! Ancaq indi narınc və turunc rəngli balıqlar havada uçurdular. Vaxtilə Xalq Cəbhəsi Partiyasının qərargahındakı hovuzda... üzən Elçibəyin qızıl balıqları idi bunlar. Mən addımlayırdım, yoldaşlarımın mənə çatıb çatmadığını yoxlamaq üçün geri çevriləndə sanki onlara tərsinə çevrilmiş durbindən baxırdım. Ancaq dərhal onlar gəlib düz çənəmin altına çıxır və nəhəng görünürdülər. Belə olanda yerimək böyük məharət tələb edirdi. Müvazinəti saxlamaq çox çətin idi. Əslində bu yol həmişə qısa olub. Ancaq indi ayaqların ölçüsü və onlara qədər olan məsafə tez-tez dəyişirdi. Qarmon kimi gah dartılır, gah yığılırdım. Bu vaxt
Qərargahın çayxanasından çıxan bir nəfər dedi: -
Yerinizdə az qurcalanın! - Mən ki bir nöqtədə dayanmışam, Turan Agentliyinin qapısına söykənmişəm. Düzdür, bir balaca havada süzürəm, ancaq gərək bu sizə mane olmasın. Içərişəhərdə, Bayır şəhərdə, Qurd Qapısında, Ünbakıda... hər yerdə tərpənməzliyə meyl yaranmışdı. Insanlar ağızlarını ahəstə-ahəstə açıb-yumurdular, ancaq səsləri çıxmırdı. Çünki danışmaq üçün açıb yummurdular onları, sadəcə ağızlarının suyu çox dadlı olmuşdu, əgər o çaxır olsaydı, hamı bir şüşə sifariş verərdi. “Torqovı” küçəsində satılan rəsm əsərlərinin hamısındakı təsvirlər göz dibinin damarlarını xatırladırdı. Kimisi fəzada öz cəsədini nümayiş etdirirdi. Şəhər əhalisinin üzündə eyforik təbəssüm vardı. “Qasid” qəzet köşklərinin yerində iri portağallar gözə dəyirdi. Kim onlara toxunsa, deyirdi: “mən qəşəng sarı portağal kimi açılıram. Oh, bu nə böyük sevincdir! Heç vaxt belə vəcdə gəlməmişdim. Nəhayət, mən öz sarı portağal qabığımdan çıxdım. Mən azadam! Mən azadam! Ancaq anadan kar doğulmuş adama yüksək “si” səsini başa sala bilmədiyimiz kimi, bu hissi də izah edə bilmərəm.” Insanlar əsassız nikbinliyin ardınca həmişə əsassız bədbinliyin gəldiyini unutmuş, əllərilə havanı əzizləyircəsinə rəqs edirdilər. Belə bir vəziyyətdən sığınacaq yalnız “Afrika” kafesi ola bilərdi. Qarmon kimi açılıb yığıla-yığıla yeriyib,

birtəhər özümüzü o kafeyə saldıq. Girişdə çar zamanı hərflərilə yazılmışdı: “Bütün çaylar şimaldan cənuba doğru axır. Təkcə Nil çayı cənubdan şimala doğru. “Nil” rok qrupunun konsertinə xoş gəlmisiniz!!! Onlar bu axşamkı konsertdə öz musiqi alətlərini vurub sındıracaq, bununla da Musiqinin öldüyünü bəyan edəcəklər.

Həyat da royal kimidir: ağ klaviş, qara klaviş və qapaq.” Içəri girdim. Skipidar iyi gəlirdi. Qəhvəyi gözlü gitaraçı da burda idi. Ancaq səhərki kimi gənc deyildi. Qoca bir kişiyə çevrilmişdi. Oturacaqdan duranda əlini arxa tərəfdən paçasına aparıb iki ayağının arasına yapışmış əlbisəsini qopardı, ayaqqabılarını sütürləyə-sürütləyə, nıqqıldaya-nıqqıldaya bizə yaxınlaşdı. Boğazını yığılmış vəlğəmi arıtlayıb tüpürmədən danışa bilmədi. Yolunu uçqun basmış mağaralardan xilas olan adamlara oxşayırdı. Kaş o bizim müəllimimiz olaydı: hər gün alnının ortasından quşvuranla vurar və bundan ləzzət alardıq. Həzz nə qədər güclü olsa, iztirab da bir o qədər güclü olur: bu, əvvəlki həzzi təkrarlamaq arzusundan doğan iztirabdır. Eh! Hələ 12-ci əsrdə böyük Azərbaycan filosofu Əbuhəfs Sührəvərdi yazırdı: “Əgər bu qoca qurdlar ümumiyyətlə olmasaydılar, hava daha bol olardı. Təsəvvür edirsizmi, onların quru canlarına dürtüşdürdüyü nemətləri biz yeyərdik, biz içərdik, onlara israfçılıq edilərək xərclənən pullara biz gəzərdik, biz əylənərdik; yerimiz daha geniş, əhvalımız daha yüksək olardı. Yürüyən yıxılana baxmamalıdır. Qısası, gəlin hərəyə bir qoca öldürək!” Bir gün Şeyx Sührəvərdi Konyaya gedir. Mövlanə Cəlaləddin Ruminin atası olan o dövrün tanınmış siyasi xadimi Bəhaəddin Vələdlə (... - 1231) görüşür. Xəlifə tapşırığını çatdırdıqdan sonra Bəhaəddin Vələd şeyxə böyük ehtiram göstərir. Ona deyir ki, Sührəvərdilər həm ətiq şeyləri sevəndirlər, həm də bizə yaxın qohumdurlar. Qoca boğazını tutmuş vəlğəmi tüpürdükdən sonra üzünü bizə tutub dedi: - Bəhaəddin Vələd səltənət adından Sührəvərdilərə yaxın qohum olduqlarını deyərkən, şübhəsiz, onların türk olduqlarına işarə
etmişdi. ...Səhər açlanda bu qoca kaftar yenə həmin qəhvəyi gözlü gəncə çevriləcək, axşam yenə qocalacaqdı. Bu şəhərdə əksər insanlarda belə keyfiyyət əmələ gəlmişdi; səhər açıldıqca gəncləşir, axşam düşdükcə qocalırdılar. Bunları fikirləşən vaxt kafenin ofisiantı bizə menyü gətirdi. Orda yazılmışdı: “Yaxşı şahmat oynamaq üçün vasitə - 40 min manat Odrinalin – 20 min manat Nikbinlik yaradan psixi vitaminlər – 75 min manat Yumor hissini artıran həb – 50 min manat Insanı cəsur edən çiy şir ciyəri – 60 min manat Insanı qorxaq edən çiy toyuq ürəyi – 60 min manat

Ver yaddaşını yeyim – 30 min manat...” Bütün şəhər sükut içində ikən əvəzinə burda ağız deyəni qulaq eşitmirdi. Sanki şəhərdəki bütün səs-küyü torbayla bura daşıtdırmışdılar. Havadakı molekullar belə, çığıraraq uçuşurdu. MurTuza özünün və qulaqlarının canını qurtarmaq istədi. Bu vaxt havada uçan Elçibəyin narıncı balıqlarından biri süzə-süzə ona yaxınlaşdı və belinə oturmağı təklif etdi: “üzə-üzə gedək burdan”. MurTuza təklifi qəbul edib, taksi-balığın belinə mindi. Balıq havada üzə-üzə onu bu ölkədən apardı... Moskvadan 1534 kilometr cənub-şərqdə Həştərxanın üstündən keçirdilər... Bu şəhər on bir adada yerləşir, burda düz yüz millətin nümayəndəsi yaşayır. Nə vaxtsa onun yerində Xəzər xaqanlığının paytaxtı Itil yerləşirmiş, 965-ci ildə knyaz Svyatoslav, 1395-ci ildə isə Tamerlan onu dağıtmışdı. 16-cı əsrdə rusların əlinə keçəndən bir neçə yüz il sonra Volqa çayında üzən balıqlarının sinəsi kimi bəyaz olan bu şəhərin daha bir sərvəti - dünyada böyüklüyünə görə beşinci neft yatağı tapıldı. Ancaq neft iyi balıq iyini örtə bilmədi. Bir – birindən iri və zəngin balıq bazarlarının, gözəl gələcəyə ümidlənərək işləyən şəhərin üstündən keçəndə balıq MurTuzaya dedi ki, aşağı enib öz qohumlarına baş çəkmək istəyir; onlarla sağollaşıb halallaşmadan getməyə ürəyi gəlmir. Balığın anası oğlunu görən

kimi soruşdu: Edi, bacın üçün qoyduğum üzümü sən yemisən?..

Hər igidin bir qatıq yemək üslubu var! Insanlar qadın paltarından tutmuş kainatın arxitektoruna qədər bir çox şeyə baş əyirlər. Bir gün Sirus Təbrizli yatmışdı. Yuxuda yenə Fransanı və o sərgini görürdü. Görürdü ki, hər iki tərəfinə plasmass manekenlər düzülmüş dəhlizdə gedir. Hərdən qonaqlardan kimsə keçəndə çiyninə, kimisi isə qarnına toxunduğuna görə dayanır, onun üzünə gülümsünür, üzr istəyib ötür. O da qarşılığında gülümsünür və yenə sərgiyə tamaşa etməkdə davam edir. Bu vaxt səfir xanım Şantal Puare bütün məmurlara xas astagəl əda ilə yaxınlaşaraq onun diqqətini bir neçə
dəqiqəlik rica edir: - Hörmətli qonaq, mən istərdim, siz öz yazıçılarınıza bizim dilimizdən bu qeydi çatdırasınız. Belə biiir Azərbaycan yazıçısı var. Mirzə Əbdürrəhim Talıbov. Gərək ki, 19-cu əsrin axırı, 20-ci əsrin
əvvəlində yaşayıb, hə? - Bəli, Bəli, çooox dahi yazıçıdır. Əsərləri olduqca qiymətlidir. Bizim klassikamızdır. Biz onun qarşısında baş əyirik. Nəinki mən, biz hamımız onun hər sözündən, cümləsindən, durğu
işarəsindən öyrənmişik, öyrənirik, öyrənəcəyik... - Hm... Eləmi? - Nə qeydiniz vardı? Buyurun. - Bilirsiz, onun “Kitab yüklü eşşək” əsərinin bir yerində Fransa kralı birinci Fransiskin 1427-ci ildə verdiyi əmrlərdən, fəaliyyətindən danışılır. Halbuki, Fransisk 1494-1547-ci illərdə yaşayıb, 1515-1547-ci illərdə Fransa kralı olub. Əsərdəki “1427”
rəqəmi çox ciddi səhvdir. Yenə dəhlizdə kimsə Sirus Təbrizliyə toxunur, ötəri üzrxahlıq edib keçmək istəyəndə bəy oyanır. Oyanıb dərhal qədimi qara dəmir telefonu önünə çəkir. Barmağı hərləcin rəqəmlərinə girib fırlatmaq üçün çox ətli olduğundan xüsusi altun çöpü götürüb nömrə yığmağa başlayır. Kitabçasındakı bütün yazıçıların nömrələrinə bir – bir zəng edir. Ancaq hamısı avrocavaba qoşmuşdu xətti. Avtocavabda deyilirdi: “Cavabe əbləhan xamuş əst!” Farscadan tərcümədə, yəni, axmaqların cavabı

sükutdur.
*** Forma Səddam Hüseynin fil sümüyündən olan vizit kartını əlində oynada-oynada bekarlıqdan darıxan Materiya və Mahiyyətin əyləşdiyi sol tərəfə üz tutub, altlarındakı xalçanın rəvayətini danışmağa başladı. Bir şah rəiyyətin vəziyyətini öyrənmək üçün əlbisəsini dəyişir, kasıbyana geyinib, şəhərə çıxır. Gəzə-gəzə bir ət dükanına gəlir. Içəri girib cəmdəklərin qiymətlərilə maraqanır. Qəssablar bu ətli-əndamlı adamı görən kimi bir-birlərinə baxırlar, baxışlarıyla anlaşıb kişini buyur-buyurla içəri otağa dəvət edirlər. Içəri otağa çatanda qəssablar sirlərini açıb kişiyə danışırlar. Onun bir də işıqlı dünyaya çıxmayacağını, axşamüstü onu kəsib ətini satlığa çıxaracaqlarını deyirlər, üstündən kişidən üzr də istəyirlər ki, hə, indi isə hazırlaş. Şah öz çıxılmaz vəziyyətini başa düşür. Bir azdan
qəssabları çağırıb belə bir təklif edir: - Onsuz da mən sizin əlinizdəyəm. Istədiyiniz vaxt kəsə bilərsiz. Ancaq gəlin ölümqabağı sizə bir xeyir verim. Mənim üçün xalça toxuyan dəzgah və iplər gətirin. Bir həftə vaxt verin. Sizə əl boyda bir xalça toxuyacağam. Şahın qadını xalı həvəskarıdır. Həmişə belə xalıları alır. Onu Şahın sarayına aparsaz, əvəzinə bir ilinizin

qazancını alacaqsız. Sonra da gəlin mənimlə istədiyinizi edin. Qəssablar bir həftənin elə də böyük müddət olmadığını, qzancın isə böyük olduğunu fikirləşib razılaşırlar. Bir həftə və xalı tamam olur. Onu götürüb Şahın sarayına yollanırlar. Şahın qadınıyla görüş izni alırlar və xalını verirlər. Qadın xalını görən kimi bəzək-düzək içində gizlənmiş hərflərlə ərinin adını və xəbərini oxuyur: “Bu gələn adamları saxla, mən onların əlində əsirəm!” Həmin vaxt həm də “eşq” sözündəki dördüncü hərf təzahür etdi...

Şahidlər itərkən əfsanələr fakta çevrilmirmi?! Skeletin layihəsindən: “Hər bir yalan hadisəsi cəmiyyətə ziyan vurur, halbuki əslində həqiqət heç də bundan az ziyan vurmur; özünü haqlı sayan insan tərəddüdsüz hər bir alçaqlığa gedir. Həqiqəti də, Yalanı da təfəkkür istehsal edir, buna görə biz Yalana da hörmət etməliyik. Yalan nədir? Sözlərə azad münasibət! Biz yalan danışarkən şəraiti idarə edirik, yeni bir nizam, - öz reallığımızı yaradırıq. Cəmiyyətin həqiqət qədər yalana da ehtiyacı var. Əgər istəsən, bir günlük Həqiqətə Yalan, Yalana Həqiqət kimi yanaş, gör nə xeyir əldə edəcəksən!
Doğrudan da, aldada bilməyən insan həqiqətin nə olduğunu bilmir. Mütləq Həqiqət fanatlarının şüuru dördbucaq təkərli araba kimidir. Həqiqət və Xeyir nadir hallarda xoşbəxtliklə bir araya sığır — öz iradəni özgələrinin ehtiyaclarına tabe etmək təbii qanunlara ziddir. Qoy
bəziləri öz talelərini bunda tapsınlar... Əgər sizin çörəyiniz və südünüz, yaxşı ev əşyalarınız, təzə köynəyiniz və şalvarınız yoxdursa, ancaq ətrafınızda məsələn, beş nəfərlik bir ailənin iyirmi dörd qazanı, iki düjün yorğanı, iki yüz otuz boşqabı, nə bilim nələri varsa, onda “əzab çəkən bəşəriyyəti dirçəltmək naminə” onları ələ keçirməyə çalışın. Eləcə də bizim kitablarımızı, bu romanı, bu dərgini almağa pulunuz yoxdursa, onda onları köşklərdən ələ keçirməyə cəhd

edin!

Satanist dövlətin siyasi quruluşu Bəzi şeylər elə ciddidir ki, onları

yumorsuz anlamazsan. Hələ nəzəriyyəçilərin düşündüyü heç bir dövlət quruluşu eynilə təsvir olunduğu kimi gerçəkləşməyib. Bunun əsas səbəbi utopiya müəlliflərinin bir vacib məqamı bəyan etməməsidir: əsaslı şəkildə fərqli
dövlət quruluşu üçün fərqli də insanlar lazımdır. Hər bir cəmiyyətin quruluş forması onun ictimai şüuruna uyğundur. Insanlara onların təbiətlərinə yabançı ictimai həyat formasını
sırımaq olmaz. Bu mənada təklif olunan dövlət modeli başqa utopiyalardan belə bir üstünlüyə malikdir ki, o, utopiya müəlliflərinin çağdaşı olan adi insanlar üçün deyil; onun potensial sakinlərinin – satanistlərin şüurlarının xüsusiyyətlərindən irəli gəlir. Ona görə də təcrübədə gerçəkləşməsi ehtimalı qat-qat yüksəkdir. Hər halda utopiya məqsəd deyil, hərəkət

istiqamətini göstərmək üçündür. Satanist dövlətin modeli: Hər 5-10 ildənbir bütün vətəndaşların zəka testini keçirmək və
satanist dövlətin hər bir sakinini siniflərə ayırmaq olar. Məsələn:
I sinif — IQ 90-dan az
II sinif — IQ 90-110
III sinif — IQ 110-130
IV sinif — IQ 130-150
V sinif — IQ 150-dən çox Ən yüksək sinif fərdə böyük gəlir və hakimiyyət bəxş edən

imkanlara malik olmalıdır. Siyasi sistem: Bu, prezidentli respublikadır. Prezident və nazirlər V intellektual sinifdən olmalıdırlar. Prezident seçkilərinə IV-dən aşağı olmayan siniflər buraxılır. Hakimlər IV-dən aşağı səviyyədən olmamalıdırlar. Satanist cəmiyyət internasional olduğundan, dövlət dili onların

doğma dillərindən heç biri deyil, esperanto, yaxud başqa süni dil olmalıdır.
Daxili siyasət: Informasiya zorakılığının hər bir növü qadağandır. Dini
idarələrə vergi tətbiq olunur. Reklamlar yasaqlanır. Vətəndaşlara cinsəl azadlıq verilir. Istənilən yerdə hər növ
cinsi yaxınlığa icazə verilir. Zorlama isə qadağandır.
Silah və narkotik satışı hüququ yalnız dövlətə məxsusdur. Satanist dövlətdəki azadlıqlar başqa ölkələrin insanlarına ağlasığmaz göründüyündən, onların bura səfərləri bir xüsusi ayrılmış şəhərlə məhdudlaşır ki, onlar öz təəccüblərilə bunların rahatlığını pozmasınlar. Dövlət büdcəsinin 30 faizi elmə xərclənir. Qeyri-adi fitriyyəti ilə fərqlənən şəxslərin klonlaşdırıllması
aparılır. Bu, gələcəkdə yeni növ ağıllı insanın yaranmasına gətirəcək.

Xarici əlaqələr: Aydındır ki, satanist quruluşlui dövlətin varlığı fərqli quruluşlu qonşu ölkələri sevindirməyəcək. Dünyada əksər müharibələr iqtisadi maraqlardan aparılır. Ona görə elə etmək lazımdır ki, satanist dövlətə qarşı vuruşmaq iqtisadi cəhətdən sərfəli olmasın. Bunun üçün satanist dövlət elə bir şey istehsal
etməlidir ki, ondan başqalarında olmaya. Xristian dünyası Latın Amerikasında, müsəlman dünyası Asiyada narkotik istehsal edir. Ancaq o şəbəkələr qeyri-leqal işlədiklərindən, bahalı kustar üsullardan istifadə edirlər. Biz isə onlara leqal sənaye üsulla hazırlandığından ucuz başa gələn sərfəli narkotik təklif eədəcyik. Buna görə də bizimlə əməkdaşlıq onlara sərfəli olacaq. Mənəvi baryerlərə görə öz ölkələrində qadağan olunmuşlara tamaşa etmək üçün ölkəyə turist səfərləri də təşkil edib qazanc əldə etmək olar. Burda onlar insan əti yeyənləri, qan içənləri, qeyri-ənənəvi olan hər

şeyi görə biləcəklər.

Ailə və uşaqlar: Ailədə istənilən sayda istənilən cinsdən insanlar ola bilər. Çoxuşaqlı ailələrə heç bir müavinət və güzəşt nəzərdə tutulmur, çünki

Homo Sapiens növünün artması bizim marağımızda deyil... Satanistlərin filosofu Milchar bu məruzəni Bakıda, Zabitlər

Evində edirdi. Çıxışını bitirməmiş ona çoxlu etirazlı suallar ünvanlandı. “Azadlıq” qəzetinin müxbiri Müşfiq Əliəşrəfqızının sualı: - Təsəvvür edirik, sizin... nədir o, satanist dövlətdə dediyiniz zəka

testləri keçiriləndə necə fırıldaqlar olacaq. Cavab: - Bilirsiz, avia və avtoqəzalarda çoxlu insan ölür, ancaq heç

kəs təyyarədən və avtomobildən imtina eləmir. ANS televiziyasnın müxbiri Fikrət Fikrətoğlunun sualı: - Əgər cinsi əlaqəyə heç bir qadağa yoxdursa, onda insanlar dövlət

müəssisələrində, nəqliyyatda, hər yerdə onunla məşğul olacaqlar. Cavab: - Vətəndaşlar satanist dövlətdə birinci gün yaşamırlar. Onlar üçün bu, təbii haldır. Bununla özlərinə rahat yerlərdə məşğul olacaqlar, cinsəl yöndən kompleksli publikanı şok etmək kimi bir ehtiyac

olmayacaq, bir halda ki, belə publika orda yoxdur. Iqtisadiyyat naziri Fərhad Əliyev də qolundakı qandalı

cingildədə-cingildədə ayağa qalxıb bir sual verdi:

- 30 faiz elmi xərcə heç bir dövlət büdcəsi dözməz. Cavab: - SSRI-də dövlət büdcəsinin 35% -dən 60% - ə qədəri hərbi məqsədlər üçün xərclənirdi. Və büdcə bir neçə on il buna dayandı. Elm hərbdən fərqli olaraq, dövlətin inkişafına qulluq etdiyindən, 30% xərc tamamilə mümkündür. Bundan əlavə, satanist dövlətin büdcəsində indi bütün ölkələrin büdcəsini soran bir çox ayırmalar olmayacaq: məsələn, sağlam uşağın təmin olunmasından 10-15 dəfə baha başa gələn xəstə uşaqlara ayrılan xərclər. Daha sualınız yoxdur ki? Onda sağ olun. Hər halda unutmayın ki, ehkam – həyat imtahanlarından “şparqalka”dır. Stereotiplərin ən ziyanlıları isə onsuz yaşaya bilməyəcəyinizi

düşündüyünüz vərdiş və qanunlarınızdır.

*** ...Zabitlər Evinin qapılarını bağlayıb, işıqlarını söndürdülər. Hamı dağılışdı... Əvvəllər kitabları yandırırdılar, sonra yazıçıları yandırdılar, daha sonra oxucuları yandıracaqlar. Nə qədər çox düşünsəz, həmfikiriniz bir o qədər az olar. Və nə qədər ki, səni tutub tonqala atmayıblar, əziz oxucu, get evə, artıq gecdir.