Alatoran_header  

Mövlud Ismayıl

Өvvөlki   Sonraki

Jurnal 2006/¹2



Mövlud İsmayıl
movludismayil@mail.ru hekayə


Teatral

Əvvəlcə elə bildim ki, teatrda işləyir. Hər dəfə tamaşaya baxmağa gedəndə görürdüm. Uzunboylu, qıvrımsaç, topsaqqal… 24-25 yaşlarında idi. Antrakt zamanı foyedə gəzişir, çiynindəki köhnəlmiş çantasından çıxardığı rəngli jurnalları aram-aram vərəqləyirdi. *** Bir dəfə kassaya yaxınlaşıb bilet aldığını gördüm. Bildim ki, teatrın işçisi deyil. Tamaşadan çıxar-çıxmaz teatr binasının qarşısındaca siqaret yandırır, dərin bir qüllab vurub ətrafı gözdən keçirirdi. Ardınca tələm-tələsik pillələrdən enib uzaqlaşırdı. Gözdən itənə kimi arxasınca baxırdım... *** Tamaşa zalına girən kimi biletini cibindən çıxarıb nəzarətçiyə yaxınlaşır, nəzakətlə ona nəsə deyir, dinməz söyləməz nəzarətçinin göstərdiyi yerdə əyləşirdi. -Xahiş edirik telefonlarınızı söndürəsiniz… Tələm-tələsik telefonunu söndürürdü. Tamaşa boyu əlini çənəsinə qoyub diqqətlə səhnəyə baxırdı. Hərdən tüklü, balaca əllərini bir-birinə vuraraq aktyorları ürəklə alqışlayırdı. Mənə elə gəlirdi ki, ən yaxşı teatr bilicisidir. Məndə əsl intiligent təəssüratı yaratmışdı. *** Bir neçə dəfə yaxınlaşıb tanış olmaq istəsəm də cəsarət etməmişdim. Doğrusu, onun rusdilli olmasından (rusca zəifəm), yaxud mənim kimi eşşəkminənlə söhbət etmək istəməməsindən çəkinirdim. Bir dəfə tamaşadan əvvəl teatr binasının yaxınlığındakı köşkə yaxınlaşıb «Caz» jurnalını aldı. Jurnalın üz qabığına baxacağımız tamaşanın baş oyunçusu Könül İbrahimlinin şəkli vurulmuşdu. Könül İbrahimlidən müsahibə almışdılar. Başlıq belə idi: «Musiqi janrları içində ən çox sevdiyim cazdır». Əlində jurnal teatr binasına tərəf addımladı. Mən isə öz-özümə düşündüm: «Yəqin Qərb musiqisini əla bilir». Birdən əlində saz, ayağında xrom çəkmə, başında buxara papaq, lopa bığlı birisi onu arxadan çağırdı: «Ayə, Irvahım». Arxaya çönüb həmin adama tərəf irəlilədi. Öpüşüb görüşdülər, qucaqlaşdılar. Dodaqaltı mızıldandım: «Yəqin «julik» (dahi olduğunu sandığım adamlara «julik» deyirəm) Şərqi də bilir». Sonra yenə eyni jestlər, eyni hərəkətlər, nəzarətçiyə yaxınlaşıb ədəb-ərkanla salam vermək... Antrakt zamanı dəhlizdə gəzişə-gəzişə rəngli jurnalları vərəqləmək, tamaşadan sonra bir siqaret yandırıb alışqanın odu siqaretə toxunan kimi tez-tələsik pillələri enmək və naməlum istiqamətdə gözdən itmək. Və hər dəfə mənim ona yaxınlaşmağa cəhdim və cəsarətsizliyim… Get-gedə bu adama heyran olurdum. Hətta məni pis başa düşməsəniz onu sevdiyimi də deyə bilərəm. Axırıncı dəfə özümə söz vermişdim ki, yaxınlaşıb onunla tanış olum. Ədəbiyyat, teatr, musiqi və sair barədə danışmaq, daha doğrusu onu danışdırmaq... Əgər içki içməklə arası varsa ona gözəl bir qonaqlıq vermək. Bir sözlə bu sirli-sehrli məxluqla yaxından tanış olmaq istəyirdim. *** Tamaşadan sonra arxadan ona yaxınlaşdım. Yavaşca əlimi kürəyinə toxundurub tanış olmağa hazırlaşırdım ki, birdən əl telefonuna zəng gəldi. Bəxtimin ölüsünü-dirisini bir sıraya düzdüm. Əlini cibinə salaraq balaca qara rəngli telefonunu çıxardı və qulağına tutdu. - Hə. - ... - On dəqiqəyə ordayam. - ... - Alaram, alaram. - ... - Davay, davay. Danışıb qurtaran kimi bir siqaret yandırıb sürətlə pilləkənləri endi. Yenə arzum gözümdə qaldı. Bütün cəsarətim itdi. Onunla tanış ola bilmədim. Bəxtimi söyə-söyə avtobus dayanacağına getdim. *** Dünən axşam sərinində evdə oturub televizora baxırdım. Birdən ucuzdan- ucuz əl telefonuma zəng gəldi. Nömrə tanış deyildi. «Alo»ya macal tapmamış Bəhmən əmimin oğlu Fehruzun xırıltılı səsini eşitdim: -Tez dur gəl bizə. Kənddən meyvə arağı göndəriblər. Əmioğlu yaxşı bilirdi ki, «maqazin arağı»ndan birtəhər olmuş adam üçün meyvə arağı göydəndüşmədi. Və mən Fehruzun divarlarını ulu babamız Qaçaq Mirzalının çatma qaşlı şəklinin bəzədiyi evinə gedəcəm: -İyirmi dəqiqəyə sizdəyəm. Avtobus əmioğluya verdiyim cavab kimi çox yubanmadı. Fehruzgilə on dəqiqəlik yoldu. Qapının zəngini basdım. İçəridən saz səsi gəlirdi. Aha deməli Aşıq Səfəri çağırıblar. O, kəndimizin ən tanınmış aşığı idi. Bir ay bundan əvvəl Bakıya köçmüşdü. Uşaq vaxtı dədəmin dizinin üstündə yellənə-yellənə onun çaldığı havalara o qədər qulaq asmışdım ki... Deyəsən zəng səsini eşitmədilər. Əlimi təzədən düyməyə basdım. Qapı açıldı. Əmioğlu Fehruz keçəl başını qaşıya-qaşıya üzümə hırıldadı. Meyvə arağının adını eşidən kimi gəldin ə! Xi-xi-xi. Mən də güldüm. Ayaqqabılarımı cütləyib qapının arxasına qoydum. Pencəyimi asılqandan asıb qonaq otağına keçdim. Aşıq Səfər «Kərəm gözəlləməsi» çalırdı. Yanaqları qıpqırmızı qızarmışdı. Stolun başında qıvrımsaç, topsaqqal bir oğlan oturmuşdu. Başını heyranlıqla yelləyirdi. Arada «bəh-bəh-bəh, yaşa, yaşa, sağ ol, ustad» - deyirdi. Mənə tanış gəldi. Onu harda gördüyümü dəqiqləşdirmək istəyirdim ki, Aşıq Səfər məni görüb çalğısını yarımçıq kəsdi. Ayağa qalxdı, sazı əlindən yerə qoymadan dedi: -Ayə, sən Smeyilin oğlu döyülsən? Cavab verdim: -Hə, ustad. Amma fikrim stolun baş tərəfində əyləşən cavanda idi. Axı mən bu oğlanı harda görmüşdüm. Vay dədəm vay! O, həmən oğlan idi. Aylardı heyranı olduğum topsaqqal, qıvrımsaç, sehirli məxluq! Aşıq Səfər məni qucaqlayıb öpdü: -Nətərsən, dədə nətərdi, nənən Səyalıdan halısan? Nənəmi soruşanda onun gözləri parıldadı. Mənim fikrim topsaqqal oğlanda idi. Bayaq mənə «keç qonaq otağına» - deyib özü mətbəxə gedən Fehruz nəhayət ki, gəlib çıxdı: -Ayə, alkaş, tanış ol, Irvahım mənim dostumdu. Üzünü İbrahimə tutub, bu da mənim əmim oğludur dedi. Onunla əl tutdum sonra keçib Səfərlə üzbəüz oturdum. Əmioğlu Fehruz yanımda əyləşdi. İndicə mənim üçün gətirdiyi qədəhə araq süzdü. Sonra əlini kürəyimə vurub əlavə elədi: «Vur getsin». Gözümü stolun başındakı adama dikmişdim. O, ara-sıra üzümə gülsə də gözlərindən «nəyə baxırsan, ay gijələk» sözlərini oxuyurdum. Mən heyrətə gəlmişdim. Nə işi vardı, bu boyda intiligentin burda. Altı hərflik adını yazanda 7 səhv buraxan Fehruzun yanında… Qeyri-ixtiyari çönüb əmioğluma baxdım. Öz-özümə düşündüm: «Eşşəyin dal ayağı». Birdən dilləndim: -Bağışlayın, İbrahim bəy, mən sizi Bakı Metropoliten Teatrından tanıyıram. Deyəsən siz də mənim kimi teatralsız? – özümü savadlı göstərmək istəyirdim. İbrahim cavab vermək istəyirdi ki, Aşıq Səfər imkan vermədi. Yenə də sual: - Kənddə-kəsəkdə nə var, nə yox? Əsəbiləşdim. Özümü birtəhər ələ alıb cavab verdim. - Sağ ol yaxşılıqdı. Öz-özümə fikirləşdim. Bu da şəhərdə yaşayır, mən də. Bə bu səydəş kənd xəbərlərini məndən niyə soruşur. Yenə üzümü İbrahimə tutdum. - Axırıncı dəfə sizi «Otello» tamaşasında görmüşəm. Doğrusu mən sizin teatr sevginizə heyranam. (Özüm yaltaqlanırdım ki, heç olmasa 5 dəqiqə mənlə nə isə danışsın). Güldü: - Mən teatr həvəskarı deyiləm. - Siz allah təvazökarlıq eləməyin - bu dəfə irişə-irişə yaltaqlanmağa başladım. Yenə güldü və əlavə elədi. - Ayə, bileersenmi, mən orya nəyə gederəm? Orda bir artistka var e.. Konqul Irvahamlı… Hırıldamağa başladı. Dişlərinin mırıq olduğunu indi görürdüm. Modern şair Kənddən Bakıya gələndə 22 yaşı var idi. Əsgərlikdən yenicə qayıtmışdı. Redaksiyası «Azərbaycan» nəşriyyatında yerləşən bir qəzetin baş redaktorunun yerlisi idi. Yanına gedib ondan iş istədi. Həmkəndlisi razılaşdı. İndən belə ədəbiyyat səhifəsi hazırlayacaqdı... Birinci buraxılışda öz şeirlərini çap elədi. Şeirlər vətən, ana və sevgi mövzusunda idi. Əlini çənəsinə qoyub şəkil də çəkdirdi. Şeirlərin üstünə bu şəkli qoydu. Xeyli müdrik görünürdü... Hazırladığı ədəbiyyat səhifəsinin üçüncü buraxılışı çıxdığı gün redaktor onu yanına çağırıb, sabahdan mərkəzi kitabxanaların birində ədəbi məclis fəaliyyətə başlayacağını dedi. Orda iştirak etməsini ona məsləhət gördü. Çünki sözügedən ədəbi məclisdə tanınmış yazarlar iştirak edəcəkdi. O da gedib şeirlərini oxuyacaq, ədəbi məclisdəkilərin fikrini öyrənəcəkdi. İçəri girəndə dərnək əhli hələ yığışmamışdı. İki-üç nəfər cavan qız içəridə oturub nə isə danışırdılar. Yaxınlaşıb onlardan soruşdu: «Bağışlayın, burda ədəbi məclis olmalıydı…» Qızlar sözünü kəsdi: «Düz gəlmisən beş-on dəqiqəyə yığışarlar». Keçib qonşu masada əyləşdi. Şeir dəftərini çıxarıb vərəqləməyə başladı. Oxuyacağı şeirləri ayırmağa çalışdı. Bir azdan dərnəyin aparıcısı gəlib çıxdı. Məclis başlayar –başlamaz aparıcı onu şeir oxumağa çağırdı. Xahiş etdi ki, özünü təqdim etsin: «Abdullayev İsmayıl Söhbət oğlu. 1978-ci ildə Qazax rayonunun (O, rayon sözünü «irayon» kimi tələffüz edirdi) Canallı kəndində anadan olmuşam». Aparıcı dilləndi: «Lap yaxşı, buyur bizə bir-iki şeir oxu». Boğazını arıtlayıb oxumağa başladı: Sevgilim, həsrətin incidir məni… Bayaq içəridə gördüyü qızlar hırıldamağa başladı. Xeyli utandı. Qıpqırmızı qızardı. Məclisin başlamasına bir-iki dəqiqə qalmış gəlib çıxan oğlan arxaya qanrılıb qızlara tərs- tərs baxdı: «Özünüz təzə gələndə Nüsrət Kəsəmənlinin təsiri altında idiniz». Güc-bəla ilə özünü ələ alıb şeiri tamamladı. Suyu süzülə-süzülə keçib əyləşdi. Bayaqkı oğlan icazə almadan danışmağa başladı: «Mən bu şeiri dinləyəndə hiss elədim ki, dostumuz istedadlıdır. Ola bilər ki, onun dünyada baş verən çağdaş ədəbi proseslərdən xəbəri yoxdu. Amma məncə o, müəyyən zaman keçəndən sonra inkişaf edəcək, ədəbiyyata öz nəfəsini gətirəcək». Məclis qurtaran kimi bayaq hırıldayan qızlar onun şeirləri barədə fikir deyən oğlanın başına toplaşdılar. O da oğlana tərəf getdi: «Bağışlayın, sizinlə yaxından tanış olmaq istərdim». Bir saat sonra onlar kafedə oturmuşdular. Ürəyində fikirləşirdi: «Bu uşaqlar hamısı mənimlə həmyaş olar. Amma gör nə savadlıdırlar. Mən qalmışam geridə. Tez gəlib bu uşaqlara çatmalıyam. Hər gün uşaqlarla bir yerdə idi, yavaş-yavaş qızlara da isnişirdi. Bir aydan sonra artıq sərbəst şeirlər yazmağa başlamışdı. Həmkəndlisinin qəzetində hazırladığı ədəbiyyat səhifəsində sərbəst şeirlər çap edir, çağdaş türk şeirindən nümunələr təqdim edirdi. Artıq bütün heca şeirlərinin başını əkmişdi. Özünü yenilikçi şair kimi aparırdı. Artıq leksikonuna poststrukturalizm, qrotesk, dekonstruksiya, Orxan Pamuk, Həmid Herisçi və s. kimi ad və ifadələr daxil etmişdi. Amma bu sətirlərin müəllifi Allaha and içə bilər ki, şair qəhrəmanımız televizorda saz səsi eşidəndə onun yenilikçiliyindən əsər-əlamət qalmırdı. Bir neçə aydan sonra Aydan adlı bir qıza vuruldu. Aydan kim olsa yaxşıdı? Kiiim?! Yox, tapmadınız! İlk dəfə getdiyi ədəbi məclisdə oxuduğu şeirlərə gülən qızlardan biri. Qısa saçlı, qısa yupqalı, nazik ayaqlı, güləndə yanağı çuxura düşən bu qızın işi-gücü Füzuliyə lağ eləmək idi: «Bunun probleminə bax: Leyli və Məcnun». Qısa yupqalı, güləndə yanağı çuxura düşən Aydan Füzulidən ömründə bir misra da oxumamışdı. Aydanın xoşuna gəlmək üçün o da Füzuliyə şəbədə qoşurdu. Bir azdan Aşıq Ələsgər də iki sevgilinin gülüş obyektinə çevrildi. İki sevgili deyəndə ki, bizim şair qəhrəmanımız özünü Aydan xanımın sevgilisi hesab etsə də, güləndə yanağı çuxura düşən xanım bircə dəfə də onu sevdiyini dilinə gətirməmişdi. Son vaxtlar qəhrəmanımız qəzetlərin birində yazmışdı ki, Qarabağı Füzuli, Aşıq Ələsgər düşüncəsi bada verdi. Yazı Aydanın xoşuna gəlmişdi. Və yazının Aydanın xoşuna gəlməsi qəhrəmanımıza ləzzət eləmişdi. 2005-ci il oktyabr ayının axırlarında «yeni düşüncəli ədəbi gənclik»lə kafelərin birində araq içirdi. Birdən Aydanın rəfiqəsi gəlib çıxdı. Bu qız məlum məclisdə ən çox hırıldayan qız idi. Qızla əl tutub görüşdü, sonra öpüşdü. Qəhrəmanımız şairə qızlarla görüşəndə öpüşməyi yenilik yolunda atılan addım kimi dəyərləndirirdi. Qız oturar oturmaz dilləndi: «Dünən Aydanla bir yerdə idik. Zəng edib səni çağırmaq istəyirdi». Qəhrəmanımız rəng verib rəng aldı. Xeyli həyəcanlandı. Sonra qız hırıldaya-hırıldaya əlavə elədi: «Deyir zəng vuraq, İsmayıl gəlsin, bir az məzələnək». Yeniləşən şair udqundu, bir siqaret yandırıb dərindən ah çəkdi.