|
|
Hөmid Herisci
Өvvөlki Sonraki
Jurnal
2006N2
MİLAD Uzundaban qadın çəkmələri çoxdan
bəri süpürülməmiş, üstü tum qabıqları ilə dolu asfaltda saat
əqrəbinin səsinə bənzər qəribə bir ahəng yaradırdı.
Qulağı gah bu taqqıltıda, gah da ürəyinin döyüntüsündə idi,
necə də səsləşirdi hər ikisi. Qadın ötüb keçdi, taqqıltı yox
oldu və tez xoflu-xoflu ürəyinin səsinə qulaq kəsildi ki, bəlkə birdən
ürəyi də dayanar... Ayaq saxlayıb durmuşdu. Nəfəsindən gələn araq iyinin
havası yanından ötüb keçənləri azacıq vururdu. Ürəyinə qulaq
asmağa ara verib fikirləşdi yəqin yanından qüssəli-qüssəli keçən bu
adamlar da dəmdilər, ya araq iyinin havasından, ya da dərddən. Dərd də elə araq kimi
bir şeydi, yoxsa köhnə zamanların şairləri dərdlərini meyə
qarışdırıb ləzzətlə şeir yazmazdılar. Amma nədənsə bu
adamların arasında bir nəfər də olsun üzügüləri yoxdur. Bu
küçədən gündə azı beş dəfə keçsə də diqqətini
heç vaxt belə bir mənzərə cəlb etməmişdi. Bir az aralıda
üzünə yəqin iyirmi-otuz il bundan qabaq ad günündə ülgüc dəymiş
yaşlı kişi bıçaqdanmı, nədənmi çapıq-çapıq olmuş
ovcunu açıb dilənirdi. Balaca bir qız uşağı ona yaxınlaşdı,
əzik-üzük, cırıqları hər tərəfindən
yapışdırılmış 500 manatlığı onun ovcuna basdı. Kişi
qızcığazın üzünə baxmadan dilinin ucunda nəsə dedi, uşaq bir az ayaq
saxlayıb uzaqlaşdı. Gözünü kişidən çəkdi. Qarşısında
hələ tikilib qurtarmamış bina ucalırdı. Yadındadır, əvvəllər bu
tikilinin yerində iki çinar qol-qola verib göyün bir qatına ucalırdı. Yanında da
köhnə skamya vardı. Şıdırğı bir nərd gedərdi o skamyanın
üstündə. İndi isə... Gözü tikilinin neçənci
mərtəbəsinəsə sement daşıyan 40-50 yaşlarında kişinin
üzünə sataşdı. Bığlarının ucuna qədər sementə
batmış, qaş-qabağı sallanmışdı. Sanki əlindəki sement
kisəsindən canını qurtarsaydı xoşbəxt olacaqdı. Zavallı fəhlə ona
baxdıqlarını görüb üzünü çevirdi. Sement kisəsini
sürüməyə başladı. Sürüdü, süründü... Bir az qıraqda
cavan bir oğlan bir qıza qışqıra-qışqıra nəsə deyirdi. Qız da
ağlayırdı. “Qız yəqin oğlanın sevgilisidi. Sevgilisi?! Nə qədər
qeyri-səmimi sözdür! Məncə belə bir anlayış yoxdur. Bəlkə də var?
Nə bilim əşşi...”. Öz-özü ilə danışırdı. Birdən yenə
də fərqinə vardı ki, bu gördükləri adamların da içərisində bircə
nəfər olsun üzügülər adam yoxdu. Hamının üzünə bir
qüssə çökmüşdü. Dəli bir hayqırtı ilə bağırmaq
keçdi saat əqrəbinin taqqıltısı ilə vuran ürəyindən.
Alınmadı... Qaçmaq istədi. Ayaqları tabe olmadı... Qız ağlayırdı,
fəhlə sürüyürdü, qoca kişi..! Yox, qoca kişi bayaqdan diləndiyini unudub bir
telekanalın kamerasına müsahibə verirdi. Yaxınlaşıb qulaq asmağa
başladı. “Şükür Allaha, pis yaşamırıq, Allah prezidentimizin canını
sağ eləsin... ”. Danışa-danışa çapıq ovcunu gizlətməyə
çalışırdı. Kameramanın göstərişi belə idi... Kamera getdi, kişi
gəlib yerində oturdu, çapıq ovcunu açdı... Heç nə görmək
istəmirdi artıq. Gözlərini yumdu. Sakitlik aradı. Yox, lənət şeytana, bu
həşirdə sakitlik nə gəzir – hıçqırıq səsi, sement yernən
sürünür, qoca kişi mırıldanır, uzundaban çəkmələr...
Içmişdi. Acqarına. Özündən gedənə qədər. Hələ bir az
özünə gəlib, ayaqları yer tutur. Bayaq gördüklərindən təsirlənib
kövrəlmişdi. Qəhərdən boğulurdu. Nə iləsə özünü
ovundurmaq istədi. Yadına dünənki içki sirdaşının - oxumuş adamdı,
fəlsəfə elmləri doktoru - danışdıqları düşdü.
İçə-içə deyirdi: “Sərxoş, sərxoş-ş-ş! Bundan böyük
həzz yoxdur! Yaşasın lənətə gəlmiş şərab! Əslində buna
“şər ab” deyilməsinin tam əleyhinəyəm. Bu, insan beyninə pis və yaxşı
kateqoriyasının zorən yeridilməsi kimi iyrənc bir şeydir. Yəqin məni düz
anlayırsan, deyilmi? Yaxşı, süz!.. Bax, binayi-qədimdən insanlar bu dünyaya
sərxoş gəlir. Ayılanda da gec olur. Ayılanda özümüzü alovlar
içərisində yanan, ya da mələklər tərəfindən sərinlədilən
görürük... Böyük kontrastdır, deyilmi? Hə? Yaxşı, süz!..
Eşitmisən yəqin, “Cənnətdə şərab şəlalələri
görəcəksiniz”. Və yaxud İsa Məsihin suyu şəraba döndərməsi...
Bilirsən spirti ilk dəfə müsəlman ərəblər tapıb? Bəs “mey”
sözünü çox sevən şərq ədəbiyyatı necə? Aman Allah, onlar ki,
müsəlman idilər! Bəlkə ən böyük dindar Ömər Xəyyamdır? Ya
elə Kefli İskəndərin özü? Başa düşürsən də?.. Nə
isə, süz!..” Fikrə getdi. Öz-özü il danışmağa başladı. “Maraqlı
sözlərdi. Dinə görə ən böyük günahkar mən özüməm.
Ha!-ha!-ha! Bəs o qızın üzünə bağıra-bağıra duran oğlan?
Bəs heydən düşmüş fəhləyə sementi daşıtdıran? Bəs
kameraman? Ancaq mən o uzundaban çəkmələri, aylarla təmizlənməyən
asfaltın üstündəki tum qabıqlarını hamıdan çox sevirəm!”
Ağlının başından çıxdığını özü də hiss
etməyə başlayırdı. Başını göyə qaldırdı.
“Deyəsən yağış yağacaq. Yağ, tök üstümə hirsini
lənətə gəlmiş bulud! Sən də mənim əlimdən hirslisən, sən
də mənim üzümə gülmürsən!..” Bayaqdan gəzdiyi, daha doğrusu
süründüyü küçə H.Hacıyev küçəsi idi. Şəhərin
mərkəzi küçələrindən biri. Bayır şəhərin ilk
küçələrindən biri olan bu küçədə o illərini keçirmişdi...
Neçə qızın dalınca düşmüşdü. Neçə-neçə
davalarda “söhbət çürütmüşdü”. Ilk sevgisi də bu küçə
ilə bağlıdır. Xatirələr burada dayanır. Ilk sevgi xatirələrin son
nöqtəsidir. Ondan sonra baş verənləri yadına da salmaq istəmədi. Bir də
baxdı H.Hacıyev küçəsində yerləşən binanın
həyətindəki məscidin yanındadır. Yağış artıq
çiləməyə başlamışdı. Məscidin sol tərəfində zibillikdə
heç nə tapa bilmədiyindən məyusluq miyolduyan pişik ayaqlarına dolaşdı. Bir
xeyli dayanıb gözlərini məscidin günbəzinə zillədi. Uşaqlıqda anası
onu bu məscidə dua etməyə gətirərdi. Onu bu məsciddə hamı
tanıyır. Hamının da zəhləsi gedir ondan. Səbəbi qocaların zəhrimara
qalmış dediyi həmin o içkidir. Kafir elan etmişdilər onu bu məsciddə.
Gözü bir az aralıda bayaqki pişiklə oynayan beş-altı yaşlı
uşağın gözlərinə sataşdı. Ilahi, necə də məsumluq
yağırdı o gözlərdən! O uşaq heç vaxt, heç vaxt
içməyəcəkdi! O uşaq heç vaxt məscidlərin, pirlərin daş binalarına
səcdə etməyəcəkdi! O uşaq... Hönkürmək istədi. Yox, ağlamayacaq!
Dərindən, lap içdən gülməyə, şaqqanaq çəkməyə
başladı. Bu gülüşü də çiyinlərinə bir ağırlıq
çökmüş kimi onu səntirlətdi, yaxındakı ağaca kürək verib
dayandı. Bərkdən, var gücü ilə bağırdı: “Sahib-əz-Zaman
qayıdıb!”. Səs-səmir yoxdu. Yenə hayqırdı: “Sahib-əz-Zaman qayıdıb!
Mənəm Sahib-əz-Zaman!!!” Uşaq pişiyi buraxıb evə qaçdı. Kimsə
bağırdı: “Rədd edin o kafiri buradan! Öz murdar nəfəsilə havamızı
korlayır”. Bağıran məscidin axundu idi. İki nəfər saqqalı gənc qollarından
tutub onu sürüyə-sürüyə həyətdən çıxartdılar. Bir az
asfaltın üzərində uzanılı qaldı. Bir təhər, ordan-burdan
yapışa-yapışa ayağa qalxdı, səntirləyə-səntirləyə
yeriməyə başladı. Yol boyu hamıya deyirdi: “Mən Sahib-əz-Zamanam! Başa
düşürsüz?” Adamların laqeydliyini görüb bir az da bərkdən səslənirdi.
Heç kəs, heç kəs inanmırdı. Ağlına bir fikir gəldi: “Bəlkə gedim
Ətağanın evinə? Orada inanarlar”. Anası uşaqlıqdan beyninə
salmışdı ki, ora müqəddəs yerdir. Ayaqları getməkdən imtina edirdi. Gəlib
yağış altında yuyunan Sabirin heykəlinin qarşısında dayandı. Əlini
üzünə aparıb salavat cəkirmiş kimi hərəkət elədi. Başını
qaldırıb Sabirin üzünə baxdı: “Ey rəhmətlik, bəlkə sən inanasan,
mən Sahib-əz-Zamanam!”. Sabirdən səs çıxmadı. “Yenə də sağ olsun,
susmaq razılıq əlamətidir...”. İçini çəkdi. Ətağanın evinə
aparan pilləkanlarla yuxarı qalxmaq istədi. Birinci pilləkan, ikinci pilləkan,
üçüncü... Yıxıldı. Yıxıldığı yer pilləkanların
solundakı otluğun üstü idi. Və o sonralar biləcəkdi ki, bu otluğun yerində
H.Hacıyevin qəbri yerləşibmiş. Gözlərini açdı. Başından qan
açılmışdı. Uzundaban çəkmələrin daş pilləkan
üstündə yaratdığı saat əqrəbinin səsi qulaqlarından girib
ürəyində əks-səda verdi. Boyunlarından xaç asılmış iki xanım
pilləkanla aşağı düşürdü. Biri o birinə deyirdi: “Bilirsən, bu gün
miladdır...” Yağış kəsmişdi...
| |