Alatoran_header  
Xəbərlər > «Alatoran» - müstəqil ədəbiyyat dərgisi
Çox zaman ədəbiyat haqqında danışarkən belə bir sual ətrafında düşünməli oluruq: «Bu gün müstəqil Azərbaycanın öz müstəqil ədəbiyyatı varmı, varsa onları yaradan kimlərdir?»
İlk sayı artıq oxucuların ixtiyarına verilmiş «Alatoran» adlı ədəbiyyat dərgisi çağdaş ədəbiyyatımzla bağlı bu və digər suallara cavab tapmaqdan ötrü köməyimizə gələ bilər.
Şair Rasim Qaracanın təsis etdiyi, Azad Yazarlar Ocağının orqanı «Alatoran» dərgisi nəfis tərtibatla «İlk Umud» nəşriyyatı tərəfindən işıq zü görüb. Elə ilk sayındaca ədəbiyyat məsələlərinə öz radikal münasibəti ilə fərqlənən dərgidə siyasiləşmiş Yazıçılar Birliyi təşkilatının destruktiv fəaliyyətinə dair analitik məqalələr, ədəbi prosesdə öz həllini gözləyən ən aktual məsələlərə münasibət, dünya ədəbiyyatından tərcümələr və yeni nəsil ədəbi qüvvələrin bədii əsərləri dərc olunub.
Məsələn, müəllif Nərmin Kamalın «Xaqani 25-ədəbiyyat qəbirstanlığı» sərlövhəli məqaləsində BMT tərəfindən bu ilin fevral ayında açıqlanan XX əsrdə bəşəriyyətin nail oduğu 1500 ədəbi incilər siyahısında təkcə Azərbaycan və Solomon Adalarından başqa bütün millətlərin ən azı bir yazıçı ilə təmsil olunduğu haqqında və ümumiyyətlə BMT-nin bu aksiyası haqqında ətraflı bəhs edilib.
«Latın qrafikası ilə kütləvi nəşrlər haqqında» adlı məqalədə məlum pnezident fərmanına əlavə edilmiş müəlliflərin siyahısına SSRİ-nin dağılması ilə bərabər öz tarixi əhəmiyyətini itirmiş yazıçıların adlarının salınmasına tənqidi münasibət, «Arxadan zərbə» adlı məqalədə yazıçı Elçinin AYB sədri olmaqdan ötrü gizli ümidlər bəsləməsi, «Çingiz bəyan edir» məqaləsində yazıçı Çingiz Abdullayevin AYB-yə mafiya prinsipləri ilə yanaşmasından, «İki cəbhənin Cəmi(li)» məqaləsindəsə müxalifət qüvvələrinin iqtidarın qəyyumluq etdiyi AYB təşkilatına öz növbəsində havadarlıq etməsindən və s. bəhs olunur.
Bundan başqa, «Nigar Rəfibəylinin 90 illiyinə» adlı məqalədə ədəbiyyat tariximizin qaranlıq səhifələrinə işıq salınır, «öz qızı öz nəslinin indi açıq düşməni» deyən N. Rəfibəylini yeni rakursdan görməyə imkan verir.
Yazıçı Rafiq Tağının «Rəsul Rza Anarın Axilles dabanıdır!» sərlövhəli müsahibəsi onun üzvü olduğu təşkilatla münasibətlərinin dramatik həddə olduğunu sərgiləməkdədir. Yazıçılar Birliyinin yaxınlaşmaqda olan qurultayına öz münasibətini bildirən Rafiq Tağı müsahibəsinin bir yerində deyir: «AYB qurultayı deyilən şey Anarın bir daha təzədən sədr seçilməsi üçün quraşdırılan oyundur».
Dərginin son səhifələrində «Alatoran» «Ədalət» qəzetinin əlavəsi şəklində yayınlandığı saylardan alınmış, hələ də aktual olan nümunələr öz əksini tapıb.
«Alatoran» çağdaş düşüncəli ədəbi qüvvələrin dərgisidir.
Dərgini «Metro-servis» və «Qaya» mətbuat yayımı məntəqələrindən əldə etmək mümkündür.

Təhminə Rzayeva.