Alatoran_header  
Tərcümə > Kobo Abe (Yaponiya) - Qumluqdakı qadın (əvvəli "Alatoran" 1-2 də)

21______________________________________

Görünür, o, başdan ayağa tər və acılaşmış balıq yağını xatırladan selik içində, yerində narahat-narahat qurcalanıb, bir müddət mürgüləmişdi. Yuxu görürüdü. Yuxusunda sınmış stəkan, döşəməsi işlənməkdən dağılmış dəhliz, unitazı ağzınadək nəcislə dolu ayaqyolu, bütün yuxusu boyu su səsi eşitsə də, heç cür tapa bilmədiyi vanna otağı görürdü. Tanımadığı bir kişi əlində su qabı harasa qaçdı. O, kişidən bir qurtum su istədi, əvəzində kişi ona acıqla baxıb, çəyirtkə kimi çapa - çapa getdi.
Kişi oyandı. Nəsə isti və yapışqanlı bir şey dilini yandırırdı. Susuzluq yaman qayıtdı... Su!.. Parıldayan büllur su... Stəkanın dibindən qalxan gümüşü hava qovuqcuqları... O özü isə - yarıuçuq, boş qalmış evin hörümçək toru basmış su borusu, sudan sahilə atılmış boğulan balıq...
Ayağa qalxdı. Qolları və ayaqları içi su ilə dolu rezin yastıq kimi ağır idi... Torpaq döşəmədə atılıb qalmış qazançanı götürüb, arxaya qatlayaraq dodaqlarına yaxınlaşdırdı. Hardasa otuz saniyədən sonra dilinin ucuna iki-üç damcı düşdü. Amma dili basma kimi suyu özünə çəkdi. Bu damcıları həsrətlə gözləyən boğazı isə, səmərəsiz olaraq suyu udmağa çalışaraq, konvulsiv surətdə yığıldı.
Su tapmaq məqsədilə kişi əl-üzyuyanın yanında əlinə nə keçdisə, hamısını alt - üst etdi. Bütün kimyəvi birləşmələr içərisində su, ən sadəsidir. Stolun yeşiyində atılıb qalmış on iyenlik sikkəni görə bilməmək kimi, suyu da görməmək mümkün deyil. Aha, su iyi gəldi. Dəqiqdi, su iyidi. Kişi tələsik çənin dibindəki nəm qumu qaşıyıb, ağzına doldurdu. Ögüməyi gəldi. Əyildi, qarnını spazma sıxdı. Ödü ağzına gəldi, gözləri yaşardı.
Başağrısı qurğuşun təbəqə kimi gözlərini sıxıb əzirdi... Fiziki yaxınlıq, son nəticədə məhvə aparan yolu ancaq qısaltdı. Birdən kişi it kimi iki əl - ayağı üstə dayanıb, torpaq döşəmədə qumu qazmağa başladı. Dirsəyə qədər qazandan sonra qumun tünd və nəm olduğunu gördü. Başını ora salaraq, isti alnını çuxura dirəyib, qumun qoxusunu dərindən sinəsinə çəkdi. Əgər bu cür, qaydaya uyğun nəfəs alsan, mədəndə mütləq oksigenlə hidrogen birləşəcək.
-- Lənət şeytana, gör əllərim çirkdən necə qapqaradı! - O, dırnaqlarıyla ovcunu qaşıyıb, qadına tərəf döndü. - Yaxşı indi biz nə edək?! Doğrudan heç yerdə su yoxdur?!
Qadın kimanonu ayağına keçirib, qıvrılaraq pıçıldadı:
-- Yoxdu, bir damcı da yoxdu...
-- Yoxdu? Yaxşı, sən indi bu "yoxdu" kəlməsilə durub qalacaqsan? Axı burda adam dözməz, ölə bilər... İt balası! Tez elə, hardan istəyirsən tap!.. Xahiş edirəm... Eşidirsən? Hələlik xahiş edirəm.
-- Axı biz işə başlayan kimi...
-- Yaxşı, təslim oluram!.. Əlimdən nə gəlir ki, təslim oluram!.. Qurudulmuş siyənəyə dönmək istəmirəm... Belə ölməyi heç vəchlə arzulamıram. Bu təslimçilik heç ürəyimcə deyil. Suya görə meymun rəqsi də oynamaq olar - qoy baxsınlar. Düz sözümdür, təslim oluram... Amma durub gözləyim ki, nə vaxt su gətiriləcək, - məni bağışlayın... Əvvəla, belə qurumuş halda biz işləyə bilmərik. Düzdür? Nə yolla olur - olsun, təcili onlarla əlaqə qur... Yəqin sənin də boğazın quruyub, hə?
-- Əgər işləməyə başlasaq, onlar o saat biləcəklər... Yanğınsöndürmə qülləsindən həmişə kimsə durbinlə baxır.
-- Yanğınsöndürmə qülləsi?
İnsana əsarətdə olduğunu ona dəmir qapılar, lay divarlar yox, ən çox kameranın qapısındakı kiçik gözlük xatırladır. Kişi yerində yığılıb, fikrən ətrfaı nəzərdən keçirməyə başladı. Üfüqdə - qum və səma, başqa heç nə... Orda heç bir yanğınsöndürmə qülləsi - filan yoxdur. Və əgər bu qüllə burdan görünmürsə, çətin ki, ordan bizi görürlər...
-- Yarğanın o biri divarı tərəfdən baxsaz, o saat hər şeyi başa düşəcəksiz...
Kişi cəld əyilib, beli yerdən götürdü. İndi durub şəxsi ləyaqət haqda düşünmək - çirkin içində üzən köynəyi səliqə ilə ütüləmək kimi bir şeydir. O, bayıra elə atıldı ki, sanki arxasınca qaçırdılar.
Qum ocağın üstündəki boş tava kimi yanırdı. İstidən nəfəsi kəsilirdi. Havadan sabun iyi gəlirdi. Lakin irəli getmək lazımdır. Ancaq bu halda suya yaxınlaşmaq olar. O, yarğana dənizə baxan tərəfdən yaxınlaşıb, göyə baxanda, həqiqətən də qara qüllənin çeçələ barmağın lap ucu boyda görünənən yuxarı nöqtəsini seçə bildi. Yuxarıdakı lap xırdaca çıxıntı isə, görünür, müşahidəçi idi. Yəqin, artıq fikir verib. O, yəqin ki, bu anı səbirsizliklə gözləyib.
Kişi qara çıxıntıya tərəf dönüb, beli yuxarı qaldırdı və bərkdən silkələməyə başladı. O, beli elə bucaq altında tutmağa çalışırdı ki, müşahidəçi onun itilənmiş kənarlarının parıltısını görə bilsin. Gözlərinə isti civə yayılırdı. Bu qadın orda neyləyir? Gəlib kömək edə bilərdi...
Qəfildən nəm yaylıq kimi kölgə düşdü: səmanın bir küncündə küləyin qovduğu yarpaqdan çox da böyük olmayan bulud. Lənət şeytana, yağış yağsaydı, bütün bunları etməyə ehtiyac qalmazdı... Eh, hər iki əlini irəli uzadıb, yağışın altına tutardı, onlar isə suyla dolardı... Pəncərə şüşəsində su seli... Navalçadan axan su şırnağı... Asfaltda buğlanan su damcıları...
Yuxudamı görürdü - ya xəyalı gerçəkliyə keçmişdi, - birdən onun ətrafında səs- küy və hərəkət əmələ gəldi. Özünə gələndə qum uçqununun ortasında dayandığını gördü. Talvarın altına qaçıb, divara sıxıldı. Sümükləri konservləşdirilmiş balığınkı kimi yumyumşaq olmuşdu. Yanğısı artıq hardasa gicgahlarında vururdu. Və onun xırda hissəcikləri qara ləkələrlə şüurunun üstünə səpələnmişdi. Əlini qarnının üstünə qoyub, çənəsini irəli uzadaraq, qusmaqla mübarizə aparırdı.
Qadının səsi eşidildi. Üzünü yarğana tərəf tutulub nəsə qışqırırdı. Kişi ağırlaşmış göz qapaqlarını çətinliklə qaldırıb, həmin tərəfə baxdı. Onu bura gətirən qoca kişi kəndirə bağlanmış vedrəni ehtiyatla aşağı salırdı. Su!.. Axır ki, gətirdilər!.. Vedrə əyildi və qumlu yamacda yaş ləkə əmələ gəldi. Təmiz, tərtəmiz su!.. Kişi qışqırıb, vedrənin üstünə düşdü.
Vedrə əli çatan qədər aşağı düşəndə, qadını itələyib, ayaqlarını yerə rahat dirəyərək ehtiyatla, iki əllə onu tutmağa başladı. O, kəndiri açıb, - dözümsüz şəkildə - o saat vedrəni sifətinə yaxınlaşdırdı və onun bütün bədəni nasosa çevrildi. O, başını qaldırır, nəfəsini dərib, yenidən vedrənin üstünə düşürdü. Üçüncü dəfə vedrədən qopanda burnundan, dodaqlarından su axır, boğulurdu. Onun dizləri qatlandı, gözləri yumuldu. İndi növbə qadınınkı idi. Qadın ondan heç də geri qalmırdı: bir cür səs çıxara-çıxarda, bədəni rezin porşen imiş kimi bir anda vedrənin yarısını boşaltdı. Qadın vedrəni götürüb, evə qayıtdı, qoca isə kəndiri çəkməyə başladı. Lakin bu vaxt kişi kəndirdən yapışıb, yazıq - yazıq başladı:
-- Dayanın! Mən istəyirəm ki, siz mənə qulaq asasınız. Ancaq qulaq asasınız. Xahiş edirəm, dayanın!
Qoca onun xahişinin əksinə getməyib dayandı. Özünü itirib, gözlərini döyməyə başlasa da, sifətinin ifadəsi demək olar ki, dəyişmədi.
-- Siz su gətirdiyinizə görə, mən nə etməliyəmsə, onu da edəcəm. Mən buna söz verirəm və istədiyim təkcə odur ki, mənə qulaq asasınız. Siz böyük səhv edirsiniz... Mən orta məktəb müəllimiyəm... Mənim dostlarım, həmkarlar ittifaqı, pedoqoji şura, Valideynlər və Müəllimlər Assosiasiyası var və onlar hamısı məni gözləyir... Siz nə fikirdəsiz, ictimaiyyət mənim yoxa çıxmam faktına susub, biganə qalacaq?
Qoca dilinin ucuyla üst dodağını yaladı və laqeydcə gülümsədi. Yox, bəlkə də, buna heç gülümsəmək demək olmazdı - sadəcə küləylə gələn qum içinə düşməsin deyə, gözlərini qıydı. Lakin həyəcanlı kişinin gözündən hətta xırda bir qırış da yayına bilməzdi.
-- Nədi? Nə baş verir?.. Məgər sizə aydın deyilmi ki, cinayətin bir addımlığındasınız?
-- Cinayətin? O gündən bəri artıq on gün keçib, polis isə susur... - Qoca aramla danışır, sözləri bir-bir ağzından çıxarırdı. - Əgər artıq on gün susursa, onda nə deyim...
-- On gün yox, bir həftə!
Lakin qoca cavab vermədi. Doğrudan da, bu cür söhbətlərin indi heç bir mənası yoxdur... Kişi həyəcanını boğub, sakit ton verməyə çalışdığı səslə davam etməyə başladı.
-- Yaxşı, bu elə də əhəmiyyətli məsələ deyil... Bəlkə yaxşı olar ki, siz bura düşəsiniz və biz sizinlə əyləşib sakitcə söhbət edək? Mən sizə heç nə etmərəm. Hətta nəsə etmək istəsəydim belə, heç nə alınmazdı. Mən sizə qarşı gücsüzəm... Söz verirəm.
Qoca əvvəlkitək susub qalmışdı. Kişi tez - tez nəfəs almağa başladı.
-- Axı mən, qumu kürəməyin kənd üçün necə vacib bir iş olduğunu başa düşürəm... Nə deyirsənsə de - həyati vacib məsələsidir. Çox ciddi məsələdir... Gözəl başa düşürəm... Əgər məni güclə məcbur etməsəydilər, bəlkə də mən öz xoşumlə burda qalmaq istərdim... Sizi əmin edirəm! Burda həyatın necə olduğunu bircə dəfə görmək kifayətdir ki,- hər bir adam sadəcə insanpərvərlikdən çıxış edərək sizə kömək etməyə çalışacaq. Məgər mənim elədiyimi əsl kömək adlandırmaq olarmı?.. Şübhə edirəm... Nəyə görə siz, nəsə ayrı, daha uyğun gələ bilən əməkdaşlıq üsulları haqda fikirləşmirsiniz?.. Adamları ağıllı qaydada düzmək olar... Əgər bir adam üçün düzgün yer seçilməyibsə, ən xoş niyyətə söykənən kömək etmək arzusu belə sına bilər... Düzdü?.. Məgər məndən istifadə etmək üçün belə ümidsiz riskli təşəbbüsə əl atmadan, daha ağlabatan üsuldan istifadə etmək olmazdımı?
Qoca qulaq asıb - asmadığı bilinməyən görkəmlə başını çevirdi və başı oyuna qızışmış pişik balasını qovurmuş kimi bir hərəkət etdi. Bəlkə qüllədəki müşahidəçiyə görə narahat olurdu? Ya bəlkə, onun gözü qarşısında burda söhbət etməkdən qorxurdu?
-- Razılaşın... Qumu kürəmək, həqiqətən də önəmli bir işdir. Lakin bu vasitədir, məqsəd deyil... Məqsəd - müdhiş təhlükənin qarşısını almaqdır... Düz demirəm? Xoşbəxtlikdən, mən qumu uzun müddət öyrənmişəm. Mən bu məsələ ilə dərindən maraqlanmışam. Elə buna görə də mən belə bir yerə gəlmişəm. Bəli, nə deyirsən de, indiki zamanda qum insnları cəlb edir... Bundan məharətlə istifadə etmək olar... Bu yerləri yeni turist zonasına çevirmək olar... Quma qarşı yox, ardınca gedib, ondan istifadə etmək olar. Qısası, başqa cür fikirləşməyə cəhd edin.
Qoca gözlərini qaldırıb, laqeyd görkəmlə dedi:
-- Əgər burda müalicəvi isti su mənbələri yoxdursa, hansı turist zonasından söhbət gedə bilər... Belə baxanda, turizmdən ən çox ticarətçilərlə gəlmələrin qazandığı hamıya məlumdur.
Kişi onun sözlərində istehza tutdu, o dəqiqə qadının həmin taleni yaşayan açıqcaçı və onun xəstələnib ölməsi haqqında söhbətini xatırladı.
-- Hə... Əlbəttə, mənim dediklərim, ancaq misal üçündür. Siz qumun xassələrinə uyğun gələn xüsusi kənd təsərrüfatı bitkiləri haqqında düşünmüsünüzmü?.. Açığı, nəyin bahasına olursa olsun, köhnə həyat tərzindən dördəlli yapışıb qalmaq zəruri deyil.
-- Biz burda çox şey əkib yoxlamışıq. Yerfındığı da, soğanköklü bitkilər də... Baxıb görəydiz burda tülpan necə çıxır.
-- Bəs qumdan qorunmaq üçün aparılan işlər nə yerdədir?.. Qumdan qorunmaq üçün aparılan əsl işlər. Dostlarımdan biri müxbir işləyir. Qəzetin köməyilə ictimai rəyi öyrənə bilərik. Bu işdə mümkün olmayan heç nə yoxdur.
-- Sizin bu ictimai rəyinizin bizə nə qədər yazığı gəlirsə gəlsin, əgər pul yardımı almasaq, onun bir qəpik də qiyməti yoxdur.
-- Elə mən də onu təklif edirəm ki, belə maliyyə yardımları almaq üçün kompaniyaya başlayaq.
-- Hakimiyyətdəkilər küləyin qovub gətirdiyi qumu təbii fəlakət kimi qiymətləndirmir və ziyanı ödəməkdən imtina edirlər.
-- Onları məcbur etmək lazımdır!
-- Məgər dilənçi bir prefekturada nəyəsə nail olmaq olar? İnamımızı itirmişik. Bizim indi etdiklərimiz, - ən ucuz başa gələndir... Amma hakimiyyətədəkilərə ümid olsan, onlar orda haqq - hesab aparanadək bizi də burda qum süpürüb aparar.
-- Lakin axı mənim, mənim özümün cəmiyyətdə tamamilə aydın bir mövqeyim var! - deyə kişi ciyərlərini tam səfərbər edib qışqırdı. - Bax, elə sizi götürək, məgər siz öz övladlarınızın valideyni deyilsinizmi? Siz müəllimlik borcu nədir, bilməyə bilməzsiniz!
Elə bu vaxt qoca kəndiri yuxarı çəkdi. Kişi qəfildən yaxalanmış kimi onu əlindən buraxdı. Nə baş verir?.. Yəni doğrudanmı qoca ona özünü yalandan qulaq asırmış kimi göstərib, onun əlindən kəndiri çəkmək üçün fürsət arayırmış?.. Özünü itirib, irəli uzatdığı əllərini havada yelləyirdi.
-- Siz dəlisiniz... Siz anormalsınız... Axı hətta meymunu da əhilləşdirsən, qumu kürəyə bilər... Mənsə daha çox şeyə qadirəm... İnsan öz imkanlarından istifadə etməyə borcludur...
-- Ihı... - deyə qoca bu boşboğazlıqdan yorulduğunu göstərən saymazyana görkəmlə söz atdı. - Yaxşı, mümkünsə məni bağışlayın. Əlimizdən nə gəlirsə, sizinçün edəcəyik...
-- Dayanın! Axı mən ciddi deyirəm! Ey, dayanın, xahiş edirəm!.. Peşman olacaqsınız! Axı siz hələ heç nə başa düşmədiniz!.. Yalvarıram... Bir dayanın!..
Qoca isə heç bir dəfə də olsun çevrilib, arxaya baxmadı. Çiyinlərində ağır yük aparırmış kimi belini büküb, ayağa qalxdı, getdi. Üç addımdan sonra çiyinləri görünmədi, dördüncü addımdan sonra isə özü də tamamilə gözdən itdi.
Kişi əldən düşmüş halda divara söykəndi. Əlləri və başını quma soxdu və qum boynundan köynəyinin içinə dolmağa başladı, şalvarının belini sıxdığı yerdə yastıq kimi köpdü. Birdən boynunda, üzündə, ayaqlarının arasında tər su kimi axmağa başladı. Bir qədər əvvəl içdiyi su bütünlüklə bədənindən çıxdı. Tər və qum birləşib, dəriyə kip yapışan xardala oxşar bir şey əmələ gətirdi. Dərisi şişib, sürüşkən rezin bürüncəyə oxşadı.
Qadın artıq işə başlamışdı. Birdən kişinin ağlına gəldi ki, qadın suyun qalanını içib. O, təlaş içərisində evə atıldı.
Suyu necə qoymuşdularsa, elə də qalmışdı. Birnəfəsə üç - dörd qurtum vurdu və bu şəffaf mineralın dadına yenə valeh oldu. O, narahatlığını gizlədə bilmirdi. Bu qədər su ilə axşama kimi dözmək olmazdı. Xörək hazırlamaq üçün isə, sözsüz ki, çatmayacaqdı. Bu tiplər dəqiq hesablayıblar. Susuzluq qarşısında qorxu - məni necə istəyirlərsə elə də hərləmək üçün onların əlindəki cilovdur.
İri həsir şlyapanı gözünün üstünə basıb, dalınca qovurmuşlar kimi bayıra atıldı. Onun fikir və mülahizələri susuzluq qarşısında isti alnına düşən aciz qar dənəciklərinə dönmüşdü. Əgər on stəkan - ürəyi vuracaq qədər çoxdursa, onda bir stəkan - qamçıdır desək, daha doğru olar.
Hə, hardadı bu bel?..
Qadın talvarın altını göstərdi və yorğun halda gülümsəyib, köynəyinin qoluyla alnının tərini sildi. Əldən düşsə də, bir an olsun, alətlərin harda qoyulduğunu unutmurdu. Bu, qumluqlarda yaşayan insanın təbii yolla əldə etdiyi ənənəvi düşüncə tərzidir.
Beli əlinə alan kimi yorğun sümükləri qatlanan sacayağın ayaqları kimi qısaldı. Yəqin ona görə ki, keçən gecə demək olar ki, gözünü yummamışdı. Görünür, istənilən vəziyyətdə hər şeydən öncə, görüləsi vacib olan minimal iş həcmi barədə qadınla razılığa gəlmək lazımdır.
Lakin onun üçün hətta danışmaq belə çətin idi. Ola bilsin ki, qoca ilə danışmağa çox güc sərf etdiyindən, səs telləri çürümüş toqqa tək parça - parça olmuşdu. Qadının yanında dayanıb, bellə avtomat kimi işləməyə başladı. Onlar bir - birinə bağlıymış kimi həmahəng qaza - qaza evlə yarğan arasında irəliləyirdilər. Evin taxtadan qayrılmış çiy düyü kökəsi kimi yumşaq divarları, göbələk şitilliyinə çevrilirdi. Nəhayət onlar qumu bir yerə topladılar. Sonra isə bidonlara doldurub, təmizlənmiş yerə sürüdülər. Bütün bidonları çəkib aparandan sonra, yenidən işə başladılar. Qayğısız, az qala avtomatlaşmış hərəkətlər. Ağzı çiy yumurta ağı dadı verən köpüklü tüpürcəklə doludur... Tüpürcəyi buxağıyla üzüaşağı sürüşüb, sinəsinə damır, lakin o, buna fikir vermirdi.
-- Bilirsiz, sol əlinizlə bax belə tutun, bir az aşağıdan... - deyə qadın sakitcə işarə vurdu. - Onda bellə az hərəkət etməli olarsan, sağ əlinizdən ling kimi istifadə edin, onda bundan qat-qat az yorularsınız.
Qarğa qarıldadı. Sarı işıq birdənbirə maviyə çevrildi. Ağrı iri planda çəkilmiş kimi ətraf aləmdə əridi. Dörd dənə qarğa sahil boyu lap aşağıdan uçub getdi. Onların qanadlarının ucları tünd yaşıl rəngə çalırdı və nədənsə kişinin yadına həşəratlar üçün nəzərdə tutulmuş bankadakı zəhər düşdü. Hə, nə qədər ki, yadından çıxmayıb, onları başqa yeşiyə köçürmək və polietilenə bükmək lazımdır. Yoxsa istinin təsirindən bir anda parçalanıb töküləcəklər...
-- Bu günlük məncə bəs edər...
Qadın bu sözləri deyib, yarğanın yuxarısına baxdı. Onun sifəti tamam qurumuşdu və nazik qum örtüyü ilə örtülməsinə baxmayaraq, kişi qadının üzünün tamam qansız olduğunu başa düşdü. Dolaşıq fikir tunelinin içiylə axtara-axtara gəlib, nəhayət kirli yatağını tapdı. Qadın nə vaxt qayıtmışdı - o, artıq eşitmədi.

22_______________________________________________

Əgər əzələlərinin arasına gips töksən, yəqin ki, əhvalın təxminən belə olar. Səhv etmirəmsə gözlərim açıqdır, bəs onda ətraf niyə belə qaranlıqdır? Hardasa siçan öz yuvasına nəsə dartıb aparır... Boğazım yanır, elə bil yeyə sürtüblər... Ağzımdan zibil quyusunun iyi gəlir... Siqaret çəkmək istəyirəm... Yox, əvvəlcə içsəm yaxşıdır... Su!.. O, həmin anda gerçəkliyə qayıtdı... Belə de... Bu siçan deyilmiş - qadın işə başlamışdı. Görəsən yatdığı nə qədər vaxt olar?.. Qalxmağa cəhd göstərdi, lakin nəsə dəhşətli bir qüvvə onu yenidən döşəyin üstünə tulladı... Birdən nəsə ağlına batdı və üzündəki yaylığı çəkib atdı. Taybatay açılmış qapının arasından jelatindən süzülübmüş kimi təzətər Ay işığı daxil olurdu. Hiss olunmadan gecə düşdü.
Yatağının yanında qazança, lampa və araq şüşəsi qoyulmuşdu. O, cəld dirsəklənib, ağzını yaxaladı. Ağzındakı suyu bir qədər uzağa, ocağa tərəf tüpürdü. Aramla bir neçə ləzzətli qurtum vurdu. Əli ilə lampanın ətrafını yoxladı, barmaqları yumşaq bir bağlamaya toxundu - kibrit və siqaret. Lampanı yandırdı, alovu siqaretinə yaxınlaşdırdı. Bir az da araqdan içdi. Parçalanmış şüuru yavaş - yavaş nəsə bütöv bir şeyə çevrilməyə başladı.
Bağlamada yemək də vardı. Hələ də isti olan düyü və undan hazırlanmış üç kökə, iki dənə qurudulmuş siyənək, turşuya qoyulmuş, quruyub büzüşmüş turp və bir qədər də acı dadan, - deyəsən, elə həmin turpun qurudulmuş yarpaqlarından ibarət bişmiş tərəvəz. Bircə dənə siyənək və kökə bəs edərdi. Mədəsi yığılıb, rezin əlcək boyda olmuşdu.
Ayağa qalxanda güclü küləkdən titrəyən dəmir örtük kimi oynaqları cırıldadı. Kişi ehtiyatla su çəninin içinə boylandı. Çən yenidən ağzınadək doldurulmuşdu. Kişi yaylığı isladıb, üzünə sərdi. Titrətmə bütün bədənini dəlib keçdi - gündüz işığı lampasını dəlib keçən qığılcım kimi. O, boynunu, böyürlərini yaylıqla sürtdü, barmaqlarının arasındakı qumu təmizlədi. Bəlkə də, elə belə anlarla həyatın mənasını təyin etmək lazımdır.
– Bəlkə çay içəsiniz? - qadın qapının ağzında dayanmışdı.
– Lazım deyil... Qarnım nağara kimidir - suyla dolub.
– Yaxşı yatdınız?
– Qalxanda gərək məni də oyadaydın...
Qadın başını aşağı salıb, sanki onu qıdıqlayırmışlar kimi bir qədər gülməli səslə dedi:
– Gecə üç dəfə qalxıb, üzünüzdəki yaylığı səliqəyə salmışam.
Bu, nəhayət ki, böyüklərin gülüşünü təqlid etməyi çətinliklə öyrənib başa çıxan üç yaşlı uşağın şıltaqlığına bənzəyirdi. Qadının aşıb - daşan sevinc hissini daha yaxşı necə ifadə etməyin sadəcə yolunu bilmədiyi çaşqın görkəmindən aydın görünürdü. Kişi qaşqabaqla cavab verdi.
– Sənə qazmaqda kömək edim?.. Yoxsa, bidonları daşısam daha yaxşı olar?
– Axı... artıq vaxtdır. İndilərdə səbətləri aşağı sallamalıdırlar...
İşə başlayanda öz bədənindən gözlədiyi müqaviməti hiss etmədiyindən təəccübləndi. Görəsən bu dəyişikliyin səbəbi nədir? Bəlkə səbəb susuz və ya qadının qarşısında borclu qalmaq qorxusudur, ya da ola bilsin ki, bu, əməyin öz xarakterindən gələn bir şeydir. Həqiqətən də, əmək sürətlə uçan vaxtla barışmaqda insana kömək edir, hətta o, mənasız yerə itirilsə belə.
Bir dəfə "Mebiusun Lenti" onu hansısa bir mühazirəyə dartıb apardı. Mühazirənin keçirildiyi yer alçaq, paslı dəmir barmaqlıqla çəpərlənmişdi və onun arxasında o qədər kağız qırıntısı, boş banka, nə üçün nəzərdə tutulduğu bilinməyən əski parçaları səpələnmişdi ki, torpaq heç görünmürdü. Buranı hasarlamaq fikri layihəçinin ağlına hardan gəlib? Və elə bil onun bu təəccüb doğuran sualına cavab verirmiş kimi nimdaş pencəkli bir nəfər peyda oldu, dəmir çəpərin üstündən əyilib, ciddi - cəhdlə barmaqlarını onun üstünə sürtdü. "Mebiusun Lenti" pıçıldadı ki, bu adam paltarını dəyişmiş polis işçisidir. Tavanda yağış damcılarının qəhvəyi rəngli izi yayılmışdı - belə iri iz o heç vaxt görməmişdi. Və belə bir şəraitdə mühazirəçi danışırdı: "Əməyin üzərində ucalmaqdan ötrü əməyin özündən yaxşı vasitə ola bilməz. Əmək öz - özlüyündə qiymət kəsb eləmir, əməyin öhdəsindən əməklə gəlmək qiymət kəsb edir... əməyin həqiqi qiyməti onun özü - özünü inkar etmək gücündədir"
Bərkdən fit səsi eşidildi. Kimsə barmaqlarını ağzına qoyub, şərti siqnal verdi. Qumla dolu səbətlərin qaldırılmasını müşayiət edən qayğısız səs-küy, qışqırıq onların yerləşdiyi dərəyə yaxınlaşdıqca get - gedə sakitləşirdi. Səbətləri aşağı buraxanda isə artıq tam sakitlik çökürdü. O, kənardan müşahidə edildiyini hiss edirdi, lakin divara müraciətlə qışqırmaq əvvəlkindən daha mənasız idi. Lazım olan qədər qumun müvəffəqiyyətlə yuxarı qaldırılmasından sonra elə bil ki, gərginlik azalıb, yox oldu. Heç kim heç nə deməsə də, artıq belə bir təəssürat yaranmışdı ki, hava və su kimi lazım olan qarşılıqlı anlaşma baş tutub.
Qadının davranışlarında da gözə çarpan dəyişikliklər baş vermişdi.
- Dincələk... Mən indi çay gətirərəm...
Səsində və hərəkətlərində gümrahlıq hiss olunurdu. Qadın gizlətməyə belə çalışmadığı şuxluq, oynaqlıqla aşıb daşırdı. Kişi həddən artıq qənd yeyibmiş kimi çiyrinmişdi. Buna baxmayaraq, qadın onun yanından gəlib keçəndə kişi yüngülcə onun yançalarına şappıldatdı. Əgər gərginlik gəlib son həddə çatıbsa, qoruyucu mütləq yanır. Nə olursa olsun, qadını belə aldatmaq olmaz. Bir gün gələr o, xəyali qalanı müdafiə edən keşikçi haqqında rəvayəti qadına danışar.
Bir qala vardı... Yox, qala olmasa da olar - zavod, bank, kazino olsun - bu, elə də vacib şərt deyil. Keşikçi əvəzinə elə qarovulçu, ya da sadəcə mühafizəçi ola bilər. Beləliklə, daim düşmənin hücumunu gözləyən keşikçi hər an ayıq - sayıq idi. Nəhayət, yolunu uzun müddət gözlədiyi düşmən gəlib çıxdı. Keşikçi vaxt itirmədən həyəcan şeypuru çaldı. Lakin nə qədər qəribə olsa da, əsas qüvvələrdən səs - səmir çıxmadı. Aydın məsələdir ki, düşmən çətinlik çəkmədən, bir zərbəsilə keşikçini süpürüb atdı. O, son nəfəsində dumanlı da olsa, düşmənin heç bir müqavimətə rast gəlmədən, hava kimi divarları, darvazaları, evləri yarıb keçdiyini gördü. Əslində isə hava kimi olan düşmən yox, qalanın özü idi. Sən demə, tənha keşikçi ömrü boyu vəhşi çöllükdə bitən qurumuş ağac kimi xəyali bir qalanı qoruyub...
Kişi belin üstündə oturub, siqaretini yandırmağa çalışdı. Lakin bu, ona yalnız üçüncü dəfədən sonra müyəssər oldu. Yorğunluğu suya tökülmüş mürəkkəb kimi çevrələr cızır, meduza kimi yeriyir, atom nüvəsi sxeminin qəribə ornamentinə çevrilir və nəhayət əriyib gedirdi. Gecəquşu çöl siçanını görən kimi öz iyrənc səsiylə rəfiqəsini səsləyir. Nədənsə narahat olan it kal səslə hürür. Göyün dərinliklərində toqquşan hava kütlələri vıyıldayır. Yerdə isə şiddətli külək qumun tünük dərisini bıçaq kimi qatbaqat soyur.
Kişi tərini, barmaqları ilə burnunu silib, başından qumu çırpıb təmizlədi. Ayağının altındakı qum naxışları qəfil donmuş dəniz ləpələrinə oxşayırdı. Əgər bu səs dalğaları olsaydı, gör indi buralarda nə melodiya səslənərdi! İnsanın burnunu kömür maşası ilə sıxsan, qulaqlarını qan laxtası ilə doldursan, çəkiclə bir - bir dişlərini vurub sındırsan, onda, çox güman ki, o da bu melodiyanı zümzümə edə bilər. Lakin bu çox qəddar hərəkət olardı və düzünə qalsa, melodiyanın özü də artıq sən deyən kimi alınmaz... Birdən ona elə gəldi ki, gözləri quş kimi göyün yeddinci qatına qalxdı və ordan onun özünə diqqətlə baxmağa başladı. Heç kim yox, elə onun özü bütün baş verənlərin qəribəlikləri barədə düşünə - düşünə, çox qəribə həyat tərzi keçirir.

23___________________________________________

Got a one way tijket to the blues, woo, woo...
(Mən göylərə gedən qatara - bir tərəflik bilet almışam, vuu, vuu...) Oxumaq istəyirsən - buyur, oxu. Əslində isə kiminsə yalnız bir tərəfə bilet sırıdığı adam heç vaxt belə oxumaz. Yalnız bir tərəfə bileti olan adamların ayaqlarının alt dərisi çox nazik olur və onlar hətta kiçicik bir daş üstünə çıxanda da ağrıdan çığırırlar. Sonra - bir addım da olsun atmırlar. Onlar göylərə aldıqları biletin hər iki başa olması haqqında oxumaq istərdilər. Bir tərəfə olan bilet - dünənlə bu gün, bu günlə sabah arasında əlaqəsi olmayan hissələrə parçalanmış həyatdır. Və yalnız ovcunda geriyə bileti olan adam bir tərəfə bilet haqqında azca qəmli mahnı oxuya bilər. Bu, dəqiqdir. Elə bu səbəbdəndir ki, o, daim səksəkədədir - qorxur ki, biletin yarısını itirər və geri qayıda bilməz, yaxud onu oğurlayarlar; səhmlər alır, həyatını sığortalayır, həmkarlar və müdiriyyətlə ikiüzlülük edir. O, qazılmış dərələrdən və çirkab suları axan xəndəklərdən eşidilən fəryad səslərini, - ancaq bir tərəfə bilet əldə etmişlərin qışqırıqlarını eşitməmək üçün qulaqlarını tıxayır. Bu barədə fikirləşməmək üçün televizorun səsini lap ucaldır və var qüvvəsilə bir tərəfə alınan bilet haqqında blüz oxumağa güc verir.
İndi əlinə girəvə düşən kimi kişi gizlincə kəndir düzəldirdi. O, köynəyini zolaq - zolaq kəsib, bir - birinə bağladı, ucuna isə qadının rəhmətə getmiş ərinin kimanosunun bel ipini sarıdı - təxminən beş metr uzunluğunda bir şey alındı. Vaxt gələcək və o, kəndirin o biri başına ağzı açıq şəkildə qalması üçün arasına taxta parçası qoyub bərkitdiyi köhnə paslı qayçını bağlayacaq. Hələlik isə kəndir çox qısa alınıb. Lazım olan uzunluğu almaq üçün üstündə buğda və balıq qurudulan torpaq döşəməyə tarım çəkilmiş həsir kəndiri, paltar zivəsini də bağlamaq lazım gələcək.
Bu ideya ağlına tamamilə gözlənilmədən gəldi. Axı heç də vacib deyil ki, yalnız çoxdan fikrində dolaşan planlar həyata keçsin. Planlarını işləyib hazırlayarkən fikrinin hansı yollardan keçib getdiyini anlamaq mümkünsüz olduğundan, belə gözlənilməz dərketmənin təməli özü özündədir. Gözlənilməz verilən qərarların müvəffəqiyyət qazanma şansı daha çoxdur, nəinki sonsuz olaraq düşünülüb daşınılmış qərarların.
İndi isə cəmi bir məsələ qalırdı - planının həyata keçirilməsi vaxtını təyin etmək. Dərədən çıxmaq üçün ən rahat vaxt gündüzdür - bu vaxt qadın yatır. Bu, artıq həll olunub. Lakin işıq ikən kəndin içi ilə getmək yaramaz. Yəqin ən yaxşısı budur: qadın oyanmamışdan bir qədər əvvəl yuxarı çıxmaq, etibarlı yerdə gizlənmək və günün batmasını gözləyib, kənddən uzaqlaşmaq. Ay çıxana qədər qaranlıqdan istifadə edib, kifayət qədər asan yolla avtobusların hərəkət etdiyi şosseyə çıxmaq olar.
Bütün bu vaxt ərzində kişi qadından ərazinin relyefi və kəndin tutduğu mövqe barədə söz almağa çalışırdı. Dənizin kənarında yerləşsə də, bir dənə olsun balıqçı gəmisi olmayan kənd necə dolanır?.. Nə vaxtdan qadın belə vəziyyətə düşüb?.. Kənddə ümumiyyətlə nə qədər adam yaşayır?.. Kim və harada zanbaq əkib becərir?.. Uşaqlar məktəbə hansı yolla gedirlər?.. Kənd haqqında bu yolla əldə etdiyi məlumatları, kəndi öz gözlərilə gördüyü və yayğın yadında saxladığı o yeganə günün xatirələrini fikrən də olsa cəmləyib, ərazinin təxmini planını cıza bildi.
Əlbəttə, qaçışını kəndin içi ilə deyil, onu yandan ötərək həyata keçirə bilsəydi, ideal olardı. Lakin qərb tərəfdən yolu sıldırımlı burun kəsirdi, bura çox da hündür olmasa da, min illər boyu sinəsini gəmirən dalğalar onu üst - üstə qalanmış dik qayalara çevirmişdi. Düzdü, orada kənd əhlinin çırpı yığmağa gedəndə dırmaşdığı cığırlar var, amma həmin cığırlar kol - kosun arasında itib batıb və onları axtarıb tapmaq elə də asan deyil. Həddən artıq zəhlətökən sorğu - suallar isə qadını şübhələndirə bilərdi. Kəndin şərqində isə təxminən on kilormetr uzunluğunda ins - cinsin yaşamadığı, qum təpələri ilə haşiyələnmiş körfəz quruya daxil olmuşdu. Həmin körfəz kəskin dönüş edib demək olar ki, lap kəndə bitişirdi. Beləliklə, kənd sanki boğazı dik qayalar və körfəzlə sıxılmış qum kisəsinin içində yerləşir. Buna görə də sərsəri kimi gəzib vaxt itirmək və bu tiplərin səni təqib etməsinə şərait yaratmaqdansa, mərkəzdən cəsarətlə yarıb keçməyi həyata keçirmək daha təhlükəsiz olardı.
Lakin bütün bunlar hələ o demək deyil ki, məsələ tam həll olunub. Elə götürək bu başıbəlalı yanğınsöndürmə qülləsindəki gözətçini. Bundan əlavə, qadının onun qaçdığını görüb, səs-küy qaldıracağından və kənddən çıxış yollarının o, oranı tərk etməmiş qapadılacağından ehtiyatlanmaq lazımdır. Ola bilsin son nəticədə bu iki məsələni birində cəmləmək oldu. İlk qumdaşıyanlar dəstəsi su və qalan vacib şeyləri gün batandan sonra gətirirlər. Və əgər qadın qumdaşıyanlar gələnə kimi onun itməsi barədə xəbər vermək istəsə, bunu yalnız yanğınsöndürmə qülləsindəki gözətçinin vasitəsilə edə bilər. Buna görə də məsələ ora gəlib çıxırdı ki, gözətçinin işi necə olsun.
Xoşbəxtlikdən bu yerlərdə, görünür temperaturun kəskin dəyişməsi səbəbindən, gün batmazdan qabaq təxminən yarım saat, bəzən də düz bir saat müddətində yeri yüngül duman örtür. Bu ona görə baş verir ki, qumun tərkibindəki çox zəif istilik tutumu olan silisium turşusu gün ərzində canına çəkdiyi istiliyi çox tez buraxır. Qüllədən baxanda bütün bu ərazi ona, yəni qülləyə nəzərən işığın əks olunma bucağı altında yerləşir və ən zəif duman belə gözətçi üçün arasından heç nə görünməyən qalın ağ örtüyə çevrilir. Srağagün buna bir daha əmin oldu. Dənizə baxan tərəfdən yarğanın altında bir müddət nə barədəsə işarə verirmş kimi dəsmal yellədi, lakin güman etdiyi kimi buna heç bir reaksiya verilmədi.
Planını bu barədə ağlına gələn ilk gündən dörd gün sonra həyata keçirməyə qərar verdi: əl-üz yumaq üçün su gətirildiyi şənbə axşamını seçdi. Qaçışdan əvvəlki gecəni özünü xəstəliyə vurdu ki, doyunca yata bilsin. Hətta ehtiyat tədbiri kimi necə etdisə, onu aspirin içməyə belə məcbur etdilər. Görünür, dərman həbləri uzun müddət xırdavat dükanının uzaq künc-bucağında atılıb qalmışdı - rəngini tamam itirmişdi. O, üstündən araq içməklə iki həb qəbul etdi və nəticə özünü çox gözlətmədi. Qadın işini bitirib qayıtmayınca heç bir səs-küy eşitmədi - yalnız bir dəfə qum dolu səbətin necə qaldırıldığını eşitdi.
Uzun fasilədən sonra qadın yenə tək işləməli oldu və o, yorğunluqdan ayaq üstə güclə dayanırdı. Qadın onsuz da gecikmiş xörəyi hazırlayana kimi kişi tənbəl-tənbəl ordan-burdan çərənləyirdi - məsələn deyirdi ki, çoxdan sıradan çıxmış əl-üzyuyanı təmir etmək pis olmazdı. Qadın onun sağlamlığına zərər vurar deyə pərtliyini üzə vurmurdu və yəqin ki, onun eqoizminin artıq buralarda kök atması sübutu kimi qəbul edirdi. Bir iş görəndən sonra hər adam yuyunmaq istəyir. Xüsusən də adamı yuxudaykən tərləmiş dərisinə yapışan qum qıcıqlandırır... Bu gunsə xoşbəxtlikdən yuyunmaq üçün su gətirilən gündür və elə qadının özü üçün də onu çimizdirməkdən ləzzətli heç nə ola bilməz, yəqin bu gün o, üzüyola olacaq.
Qadın onu yuyundurmaqdaykən qəflətən həvəsə gəldi və qadının kimanosunu dartıb, əynindən çıxardı. O da qadını yuyundurmaq istəyirdi. Qadın çaşqınlıq və intizar içində yerində donub qalmışdı. Sonra isə etiraz edirmiş kimi əlini qaldırsa da, əslində konkret nəyə etiraz etdiyi qaranlıq idi. Kişi tələsik onun üstünə bir parç isti su axıtdı və kisəsiz, sabunlu əlləri ilə qadının bədənini sürtməyə başladı. Əlləri onun boynundan çənəsinə, çiyinlərinə sürüşürdü və biri tezliklə qadının döşünə çatdı. Qadın astadan qışqıraraq ona sıxıldı. Qadın gözləyirdi. Lakin kişi ləngiyirdi. Onun əlləri hələ də qadının bədənində dolaşırdı.
Nəhayət, qadının ehtirası ona da keçdi. Lakin birdən onu nəsə anlaşılmaz bir kədər hissi bürüdü. Qadın daxildən gələn işıqla büsbütün işıldayırdı - sanki içində işıldaquşlar yanırdı. İndi ona xəyanət etmək - ölümə məhkum edilmişin qaçmağına şərait yaradıb, elə o anda da arxadan güllə ilə vurmaq kimi bir şey olardı. O, yenidən oyanmış ehtirasını qamçılayaraq, coşmuş halda qadının üstünə atıldı. Lakin hər bir ehtirasın sərhədi var. Belə səbirsizliklə nəvaziş gözləyən qadın əvvəlcə kişinin coşmasından qorxdu və o, həvəsini artıq ödəyibmiş kimi halsız düşdü. Sonra isə xəyalını müxtəlif riskli situasiyalarla həyəcanlandıra-həyəcanlandıra, qadının döşlərini öpə-öpə, sabundan, tərdən və qumdan az qala maşın yağıyla dəmir ovuntuları qarışıq bir şeylə örtülən bədəninə əzab verə-verə yenidən özünü qızışdırmağa başladı. O, beləcə lap iki saat da davam etməyə hazır idi. Nəhayət qadın ağrıdan hətta dişlərini qıcırdaraq çömbəldi. Kişi qadının üstünə atıldı... Bir anda hər şey bitdi. Kişi qadının sabunlu bədənini yumaq üçün üstünə su tökməyə başladı, sonra isə güclə də olsa içində üç dənə aspirin həbi həll edilmiş araq içməyə məcbur etdi. İndi qadın lap gün batanadək, hələ bəxti gətirsə, qum daşıyanların qışqırığı onu oyadanədək bərk yuxuya gedəcək.
Qadın burnuna kağız tıxac tıxayıbmışlar kimi yuxuda fısıldayırdı... O, rahat nəfəs alırdı. Kişi yüngülcə onun pəncəsinə toxundu, lakin qadın heç tərpənmədi də... İçərisindən hissiyatı sıxılıb çıxarılmış boş tübik. O, qadının üzünü örtən yaylığı düzəltdi və kəndir kimi burulub, yuxarı çəkilmiş kimanonu aşağı, dizlərinə tərəf çəkdi. Xoşbəxtlikdən başı son hazırlıq işlərinə qarışmışdı və yersiz həssaslıq göstərməyə vaxtı yox idi. Köhnə qayçının üstündə cadugərliyini bitirdikdən sonra, lazımi an gəlib yetdi. Axırıncı dəfə qadına baxanda, gözlədiyi kimi, ürəyinin sıxıldığını hiss etdi.
Dərənin divarlarına, yuxarıdan təxminən bir metr aşağıya zəif işıq düşürdü. Hesabnan yeddinin yarısı olardı - yeddyə iyirmi dəqiqə qalardı. Əsl vaxtdır. O, qurumuş kürəyini düzəltmək məqsədilə var gücü ilə qollarını arxaya atdı və bir neçə dəfə boynu ilə idman hərəkəti etdi.
Əvvəlcə dama qalxmaq lazımdır. Ən yaxşısı əşyanı qırx beş dərəcəyə yaxın bucaq altında tullamaqdır. O, kəndirlə dama çıxmağı yoxlamaq istədi, amma ürək etmədi - dama dəyən qayçının səsi qadını oyada bilərdi. Buna görə də yaxşı olar ki, bu eksperimentdən imtina etsin və evin başına dolanıb, haçansa altında pal-paltar qurudulan yarıuçuq talvarın köməyi ilə dama çıxsın. Nazik dördkünc tirlər demək olar ki, çürümüşdü və bu onu qorxudurdu. Lakin ən qorxulusu hələ qabaqda idi. Havada uçuşan qumla pardaxlanmış dam örtüyünün ağ taxtaları təptəzəymiş kimi parıldayırdı. Lakin ora çıxan kimi damın biskivit kimi yumşaq olduğu üzə çıxdı. Uçulsa, həngaməyə bax da. Yerə sərilərək, ehtiyatla üzüyuxarı sürünməyə başladı. Nəhayət lap hündürə çatıb, dizi üstə qalxdı. Artıq damın yuxarısna da kölgə düşürdü və qərb tərəfdən dərənin qırağındakı, xarlanmış bal rəngində olan qum dənələrinin apaydın görünməsi dumanın enməsinə işarə edirdi. İndi qüllədəki keşikçidən qorxmamaq da olardı.
Sağ əli ilə kəndirin qayçı bağladığı yerindən təxminən bir metr aşağı hissəsindən tutaraq, səbətləri qaldırmaq üçün blok kimi istifadə edilən kisələrə tərəf tuşlayıb,başı üstündən fırlamağa başladı. Əgər onlar kəndir nərdivana dözürlərsə - deməli, kifayət qədər möhkəm basdırılıblar. O, get-gedə kəndiri daha bərk fırlatmağa başladı, sonra isə nişan alıb atdı. Lakin kəndir əks istiqamətə uçdu. Düzgün hesablamamışdı. Qayçı çevrəyə toxunan xətt üzrə uçmalıdır; buna görə də kəndiri əlindən, o, hədəfə nəzərən düz bucaq altında olanda və ya buna bir an qalmış buraxmaq lazımdır. Hə, dübbələndüz!.. Heyf, bu dəfə qayçı yarğanın ortasına dəyib, aşağı düşdü. Görünür, fırlanmanın sürəti və qalxma bucağı kifayət etmədi.
Bir neçə cəhddən sonra o, nəhayət ki, məsafə və istiqaməti dəqiq təyin etdi. Düzdü, müvəffəqiyyətə hələ çox vardı. O, hətta ən kiçik ümidverici əlamət belə olsaydı, sevinərdi. Lakin hələlik onun müvəffəqiyyətə yaxınlaşdığına oxşamırdı, - əksinə, yorğunluq və əsəbilik uğurdan uzaqlaşdırır, uzaqlaşdırırdı. Bəli, bütün bunlar əvvəlcə ona çox sadə görünürdü. O əsəbiləşir, acıqlanır və ağlmağa belə hazır idi, baxmayaraq ki, heç kim onu ümidvar etməmişdi.
Axı deyəsən, imkanın cəhd sayına düz mütənasib olduğunu deyən ehtimal nəzəriyyəsi heç də boşuna danışmır. Və o, allah bilir, artıq neçənci dəfə elə belə, heç bir ümidi olmadan kəndiri atanda, o, yəni kəndir gözlənilmədən düz kisələrin üstünə düşdü. Kişinin ağzı açıq qaldı, yerində dondu. Ağzını dolduran su axmağa başladı. Lakin sevinmək hələ tez idi... onun əlində hələlik ancaq lotoreya bileti almaq üçün pul var idi... Bilet udacaq, ya udmayacaq - gələcək göstərər. Elə bil onun hər bir siniri kəndirə bağlanmışdı. Ehtiyatla, sanki hörümçək sapı ilə ulduzu çəkirmiş kimi kəndiri özünə tərəf çəkdi.
Müqavimət hiss etdi. Əvvəlcə buna inanmağı gəlmədi, lakin kəndir həqiqətən də yerindən tərpənmədi. Daha da bərk çəkdi... Gərilərək gözləyirdi - indilərdə qırılacaq... Lakin artıq heç bir şübhə yeri yox idi. Qarmağa çevrilmiş qayçı kisələrə möhkəm ilişmişdi. Bəxti gətirdi!.. İlahi, necə də gətirdi!.. Elə bu dəqiqələrdən hər şey yaxşı getməyə başlayacaq! Hökmən!
Kişi cəld damdan düşüb, indi rahat-rahat aşağı sallanıb, qum divarını kəsən kəndirin yanına qaçdı. Bax orda, orda yerin üstüdür... İnanılmaz dərəcədə yaxında... Sifəti gərilmiş, dodaqları əsirdi. Heç şübhəsiz Kolumb yumurtası bişmiş olub. Lakin yumurtanı həddən artıq bişirsən, hər şeyi korlayarsan.
Kəndirdən yapışıb, bütün ağırlığıyla ondan sallandı. Və o dəqiqə kəndir rezin kimi uzanmağa başladı. Qorxudan büsbütün tərlədi. Xoşbəxtlikdən kəndir təxminən otuz santimetr gərildikdən sonra, daha uzanmadı. O, yenidən kəndirdən sallandı. Bu dəfə narahatlıq üçün əsas yox idi. Ovuclarına tüpürüb, kəndiri ayaqları ilə tutdu və yuxarı dırmaşmağa başladı. O, oyuncaq meymun oyuncaq palmaya dırmaşan kimi dırmaşırdı. Ola bilsin ki, həyəcandan - alnının təri soyuq idi. Kişi qum üstünə töküliəsin deyə, divara toxunmadan, yalnız kəndirin köməyi ilə yuxarı dırmaşırdı deyə, bədəni fırlanırdı. Hər şey onun gözlədiyindən qat-qat ləng gedirdi. Yerin cazibə qüvvəsi həqiqətən də çox dəhşətli şeydi. Bəs bu titrətmə hardan çıxdı? Qolları onun iradəsindən asılı olmayaraq hərəkət edirdi, elə bil özü-özünü yuxarı atırdı. Əgər zəhərlə dolu qırx altı günü xatırlasaq, burda qəribə heç nə yox idi. O, bir metr qalxanda, dərənin dibi yüz metr dərinə getdi, iki metr qalxanda isə - ən azı iki yüz metr uzaqlaşdı. Dərinlik artırdı, nəhayət başgicəlləndirici uzaqlıqda oldu... Yorulub əldən düşmüşdü... Aşağı baxmaq lazım deyil!.. Lakin budur, artıq yerin üstü... Üstündə azadə hara istəsən, lap dünyanın axırına da gedə biləcəyin yollarla dolanmış yer... O, yerin üstünə çatanda burda nə baş vermişdisə, hər şey cib dəftərçəsinin səhifələri arasında qurudularaq xatirə kimi saxlanan kiçik gül ləçəklərinə çevriləcək... Zəhərliləri də, yırtıcıları da - bütün bunlar nazik, yarımşəffaf, rəngbərəng kağız qırıntılarına çevriləcək, sən də onları işığa tutub, rahatca evində çay iç - o, bunlarla bağlı olan hər şey haqqında danışmaqdan zövq alacaq.
Elə bu səbəbdən də onda qadını nədəsə günahlandırmaq həvəsi tamam itdi. Zəmanət vermək olar ki, qadın ləyaqətliliyi ilə seçilmirdi, lakin fahişə də deyildi. Qadına zəmanət məktubları tələb olunarsa o, bunu sevinə-sevinə edər - neçəsini istəsən, lap on dənəsini. Lakin məndən ancaq və ancaq hər iki istiqamətə alınan o bircə biletlə yapışan bu qadın necə də sadəlövhdür. Axı hətta bilet elə həmin biletdirsə də, yola düşmə nöqtəsi müxtəlifdirsə, təbiidir ki, çatma nöqtəsi də müxtəlif olacaq. Onun geriyə biletinin qadın üçün əks istiqamətdə olacağında təəccüblü heç nə yoxdur.
Tutaq ki, qadın hər hansı bir səhvə yol verib... Amma axı səhv - elə səhvdir, başqa bir şey deyil.
...Aşağı baxma! Aşağı baxmaq olmaz!
Alpinist, pəncərətəmizləyən, televiziya qülləsindəki montyor, sirk gimnastı, elektrik stansiyasının hündür bacasındakı bacatəmizləyən - onlardan hər hansı birinin aşağı baxması kifayət edər ki, yerə yıxılsın.

24_______________________________________________

Hər şey yaxşıdır!
Dırnaqlarıyla kisələrdən yapışıb, əllərinin qanı axa-axa dərədən çıxmağa çalışırdı. Budur, o yuxarıdadır! İndi barmaqlarını boşaltsan yerə yıxılacağından qorxmaya bilərsən. Lakin hələlik barmaqlarının açılmağa gücü qalmamış, hələ də kisələrdən bərk-bərk yapışıb, qalmaqda davam edirdi.
Qırx altıncı gün əldə edilmiş Azadlıq onu güclü, sərt küləklə qarşıladı. O sürünməyə başlayanda, qum dənələri ağrıdacaq dərəcədə boynuna, sifətinə vurmağa başladı. O, bu dəhşətli küləyi nəzərə almamışdı!.. Dərənin içində dənizin səsi adət etdiyindən çox-çox bərk gəlir. Bir şey də var ki, axı indi dənizdə hər axşam olduğu kimi sakit hava hökm sürməlidir. Yoxsa duman olacağına heç bir ümid yeri qalmır. Ya bəlkə göy üzünün dumanla örtülməsi onun gözünə səmaya dərədən baxanda görünüb? Ya bəlkə havada bulud-bulud uçuşan bu qumu duman bilib? Hər nə cür baxsan, bütün bunlar yaxşı heç nə vəd eləmir.
Başını qaldırmadan həyəcanla ətrafa baxmağa başladı... Zəif işıqda yanğınsöndürmə qülləsi bir qədər əyri görünürdü. Yazıq görkəmli qülləyə bir xeyli məsafə vardı. Lakin ordan durbinlə baxırdılar deyə, məsafənin uzaqlığına ümid etmək olmazdı. Maraqlıdır, görəsən artıq onu görüblər, yoxsa yox?.. Yəqin ki, yox. Yoxsa o dəqiqə aləmə car çəkərdilər.
Bir dəfə necə oldusa qadın ona yarım il əvvəl, gecə tufan qopmasından, kəndin qərb tərəfindəki dərələrdən birinin divarının uçmasından və oradakı evin yarıyadək qum altında qalmasından danışdı. Sonra başlayan yağışdan onsuz da yaş olan qum daha da ağırlaşıb. Ev kibrit qutusu tək uçub dağılıb. Xoşbəxtlikdən tələfat olmayıb və səhər açılan kimi sakinlər dərədən çıxmağa çalışıblar. O saat həyəcan zəngi çalınıb və heç beş dəqiqə keçməmiş oradan dartıb çıxardıqları qarının ağlamağı eşidilib... "Deyilənlərə görə, bu ailənin beynində nəsə irsi xəstəlik var", - deyə bic-bic əlavə etdi...
Yaxşı, gözləməyə dəyməz. O, cəsarətlə başını qaldırdı. Qırmızıya çalan qum dalğaları boyunca uzun kölgələr uzanırdı. Küləyin bir kölgənin üstündən qaldırdığı qum örtüyü digərinin, sonra isə tamam ayrısının üstünə uzanırdı. Bəlkə onu kiminsə görməyinə bu uçan qum örtüyü mane olur?.. İşığın gözünü qamaşdırıb - qamaşdırmadığını yoxlamaq üçün ətrafına boylananda kişi az qaldı təəccübdən yerində donsun. Deməli, qürub edən günəşin rəngli qələmlərlə rənglənibmiş kimi görünməsində, ətrafda hər şeyin süd rəngli dumana bürünməsində təkcə havada uçuşan qum dənəcikləri səbəb deyildi. Orda - burda yerdən çəngə-çəngə duman parçaları qalxırdı. Bir yerdən dağılanda başqa bir yerdə peyda olur, ordan qovulanda isə, yenidən bu yanda toplaşırdılar... Dərədə olduğu müddətdə qumun rütubəti özünə çəkdiyinə şəxsən əmin olmuşdu, amma bu dərəcədə olduğunu təsəvvür belə etmirdi... Bütün bunlar yanğınsöndürənlərin tərk etdiyi küllüyü xatırladırdı... Düzdü, işıq arxadan düşdüyündən duman bir qədər seyrək və az sezilən idi, amma hər halda müşahidəçinin gözündən yayınmaq üçün kifayət qədər etibarlı sığınacaq idi.
O, belinə asdığı çəkmələrini geyindi, kəndiri büküb cibində gizlətdi. Bir şey olarsa qayçıdan silah kimi də istifadə etmək olardı. Qərbə tərəf qaçmaq lazımdır - müşahidəçinin gözünə düşən işıq onu qoruyacaq. Bir yer tapıb gizlənmək və günəş batanadək orda oturub gözləmək lazımdır.
Di cəld ol!.. Əyil və ovalıqla qaç!.. İndi özünü itirmə... Tələs, lakin gözünü dörd elə... Bax o çuxura uzanacam!.. Bu nə şübhəli səsdir gəlir?.. Pis əlamət deyil ki?.. Bəlkə, yox... Qalxacam və irəli... Çox da sağa getmə!.. Sağ yamac çox alçaqdır və artıq yolun ortasında onu sezə bilərlər...
Gündəlik qum dolu səbət daşımaları nəticəsində dərələr arasında dərin düz cığırlar tapdanmışdı. Bəzi yerlərdə həmin cığırların sağ tərəfi uçmuş və maili olmuşdu. Bir qədər aşağıda, dərədə gizlənmiş ikinci sıra evlərin damları görünürdü. Onların qarşısını dənizə bir qədər yaxın olan üçüncü sıra tutmuşdu. Bu səbəbdən də dərələr kifayət qədər kiçik idi və qumdan qorunmaq üçün nəzərdə tutulmuş çəpər buralarda hələ xidmətini davam etdirə bilirdi. Dərələrin kəndə tərəf olan yerindən asudə çıxmaq olardı. Bir qədər yerindən qalxmağı kifayət etdi ki, az qala bütün kənd əlinin içi kimi görünsün. Dalğavari qum təpələrinin ətəklərində yelpik kimi açılmış kirəmitli, sinklənmiş, nazik taxtalardan qayrılmış damlar üst-üstə qalaqlanmışdı... Düzdü, bir qədər seyrək də olsa şam meşəliyi və nəsə gölməçəyə oxşar bir şey də görünürdü. Və beləliklə, bu bir tikə bədbəxt torpaq sahəsi ucbatından, sahildə yerləşən onlarla ev qul həyatına məhkum olub.
Qulların yaşadığı bu dərələr indi yolun solu ilə uzanıb gedirdi... Ara - sıra yerlə sürüdülən səbətlərin açdığı cığırların şaxələndiyi gözə dəyirdi, yolun sonunda isə dərənin haradan başlandığına işarə edən qum dolu kisələri görmək olardı... Onlara hətta sadəcə baxmaq belə ağrılı idi. Bəzi yerlərdə kisələrə kəndir nərdivan bağlanmamışdı, lakin dərələrin çoxunda belə nərdivanlar var idi. Görünür, bu dərələrin bir çox sakini ümumiyyətlə qaçmaq fikrindən vaz keçmişdi.
İndi o, belə bir həyat tərzinin də mümkün olduğunu özü üçün asanca təsəvvür edirdi. Mətbəxlər, içində od qalanan sobalar, yazı masası əvəzinə işlədilən içi dərsliklərlə dolu alma səbətləri; mətbəxlər, döşəmədə qazılan ocaqlar, lampalar, içində od qalanan sobalar, sıyırma sınıq - salxaq arakəsmələr, mətbəxlərin his basmış tavanları, işləyən saatlar və dayanan saatlar, qışqırışan radioqəbuledicilər və işləməyən radioqəbuledicilər; mətbəxlər və içində od qalanan sobalar... Və bütün bunlara çərçivəyə salınıbmış kimi mal-qara, uşaqlar, fiziki yaxınlıq, qarşılıqlı öhdəçiliklər, ucuz bər-bəzək, xəyanətlər, yaltaqlıqlar, xatirə şəkilləri pərçim edilib... Eyni bir şeyin adamı dəhşətə salacaq qədər yeknəsəq təkrarı...Baxmayaraq ki, bu təkrar həyatda qaçılmaz olan - ürək döyüntüsü kimidir, amma hər halda həyat özü də təkcə ürək döyüntüsündən ibarət deyil axı.
Yerə uzan!.. Yox, hər şey yaxşıdır. Adicə qarğadı...Hələlik qarğa tutub, ondan müqəvva düzəltmək ona qismət olmayıb, lakin indi bunun elə də əhəmiyyəti yoxdur. Döymə şəkil, medal, ordenlər haqqında arzular ağlasığmaz yuxulardan sonra ağıla gəlir.
Deyəsən, kəndin qırağına gəlib çatıb. Yol qum təpəsinin üstünə çıxdı, soldan dəniz göründü. Külək ləpədöyənin acı havasını gətirdi, fırfıralar fırlanıbmış kimi qulağı və burun pərələri cingildədi. Başına bağladığı dəsmalın ucları küləkdə yellənir, yanaqlarına çırpılırdı. Burda artıq duman da gücünü itirir, qalxa bilmirdi. Dənizin üzü qaynanmış südün köpüyü kimi xırda qırçınlarla bükülmüş qalın qurğuşun laylarla örtülmüşdü. Buludların sıxdığı qurbağa kürüsünü xatırladan günəş batmaq istəmədiyindən yerində donub qalmışdı. Üfüqdə qara nöqtə kimi donmuş gəmiyə qədər olan məsafəni və onun ölçülərini təyin etmək imkansız idi.
Qarşısında maili qum təpələri intəhasız dalğalartək düz burunun axırınadək uzanıb gedirdi. Doğrusu, yolu belə davam etdirmək heç də təhlükəsiz deyildi. Qətiyyətsiz halda ətrafına boylandı. Xoşbəxtlikdən yanğınsöndürmə qülləsinin qarşısını çox da hündlür olmayan təpə tuturdu və oradan onu görə bilməzdilər. Ehmalca pəncələri üstə qalxıb özündən sağ tərəfdə, qum yarğanının kölgəsində əyilmiş, demək olar ki, damına qədər quma girmiş, ancaq o dayanan yerdən görünə bilən daxma gördü. Külək döyən yerdə dərin çökək vardı, elə bil çömçə ilə qazmışdılar.
Əla sığınacaqdı... Qumun üstü balıqqulağı içi kimi hamardır, heç yerdə insan ləpiri gözə dəymir... Amma bəs özünün qoyduğu izlər necə olsun?.. O, ayaqlarının izilə geri qayıtdı, lakin heç otuz metr getməmişdi ki, onların yerli-dibli silindiyini gördü... Hətta ayağının yanındaca izlər çöküb, formasını dəyişirdi... Sən demə, külək də nəyəsə yarayarmış.
Artıq daxmanın yanından ötüb keçməyə hazırlaşırdı ki, birdən oradan nəsə qara bir şey çıxmağa başladı. Donuz kimi piyli kürən bir itmiş. Qorxmağa dəyməz. Get burdan! Ancaq gözünü naməlum adama dikmiş it getməyə hazırlaşmırdlı. Qulağının biri parçalanmış, proporsional olmayan xırda gözləri bəd-bəd baxırdı. İt onu iyləməyə başladı. Görəsən, hürməyə hazırlaşmır ki? Kişisən hür... O. əlini cibinə salıb, qayçını ovcunda sıxdı... Əgər hürsə, başını qayçıyla deşəcəm! Lakin it səsini çıxarmadan ona tərəf acıqlı-acıqlı baxmaqda davam edirdi. Bəlkə vəhşi itdir?.. Pırtlaşıq tükləri çəngə-çəngə sallanmışdı... Bəlkə nəsə xəstəliyi-zadı var - bütün sir-sifəti qasnaqdır... Deyirlər, hürməyən it qorxulu olur... lənət şeytana! Gərək özümlə nəsə yeməkdən-zaddan götürəydim... Hə, yemək götürmək lazım idi, ay səni, zəhər şüşəsini götürmək yadımdan çıxdı... Eybi yox, zəhəri elə gizlətmişdi ki, çətin qadın onu tapa bilsin... Kişi yavaşca fit çalıb, itlə dostlaşmağa cəhd edərək əlini uzatdı...İt buna cavab olaraq, nazik dodlaqlarını uzadıb üstünə qum yapışmış sarı dişlərini ağartdı... Yox, çətin ki, bu it ona tamah salsın... Necə də iyrənc qarınqulu görkəmi var... Elə vurasan ki, bircə zərbədən gəbərə...
Gözlənilmədən it başını aşağı salıb çevrildi və heç nə olmayıbmış kimi tənbəl-tənbəl uzaqlaşdı. Görünür, kişinin hədəli görkəmindən qorxmuşdu. Əgər o, vəhşi iti belə qorxuda bilibsə, deməli ruhən hələ güclüdür. Qumluqla düzən yerə sürüşüb, enişdə uzanıb qaldı. İndi küləyin ona əli çatmırdı və bəlkə də buna görə özündə yüngüllük hiss etdi. Küləkdən səndələyən it havada uçuşan qum pərdəsinin arxasında gözdən itdti. Görünür, adamlar bura yaxın da durmurlar, yoxsa bu komada vəhşi it məskunlaşmazdı...Və nə qədər ki, it gedib artel idarəsinə ondan xəbərçilik etməyib, hər şey yaxşıdır. Bədənindən tər su kimi axsa da, o bundan ancaq ləzzət alırdı. Necə də sakitlikdi!.. Elə bil onu qabın dibinə atıb, üstünə jelatin çəkiblər... İndi onun əlində saat mexanizmli bomba var, partlayışın vaxtı isə naməlumdur, lakin bu, zəngli saatın çıqqıltısından heç də çox narahat etmir... Onun yerində "Mebiusun Lenti" olsaydı, o dəqiqə vəziyyəti analizə edər və deyərdi:
- Sən, mənim dostum, məmnuniyyəti vasitələri məqsədə çevirməkdə tapan tipik insan nümunəsisən.
- Tamamilə doğrudur,- deyə o razılaşardı - Lakin vasitələrə, məqsədə sərhəd qoymaq beləmi vacibdir?.. Onlardan şəraitdən asılı olaraq, lazimi şəkildə istifadə etmək gərəkdir...
- Yoox, bu artıq heç nəyə yaramaz. Zamanı şaquli vəziyyətdə yaşamaq mümkün deyil axı. Zaman elə bir şeydir ki, üfüqi vəziyyətdə axır. Bu, gün kimi aydındır.
- Bəs zamanı şaquli yaşamağa cəhd etsək necə?
- Mumiyaya çevrilərsən. Bəlkə elə deyil?!
Kişi gülümsəyərək çəkmələrini çıxarmağa başladı. Öz aramızdır, düzdü də, zaman üfüqi axır. Çəkmələrin içi qumla dolub, tərlə qarışmışdı - daha dözmək mümkün deyildi. O, corablarını min əzabla soyunub, küləyə tutdu. Görəsən heyvan yaşayan yerlərdən niyə belə iyrənc qoxular gəlir?.. Yaxşı olardı ki, heyvanlar gül ətri saçsın... Yox ey, belə pis qoxuyan onun ayaqlarıymış... Və nə qədər paradoksal olsa da, bu fikir ona ləzzət edirdi... Kimsə deyib ki, öz qulağından çıxan çirkdən dadlı heç nə ola bilməz - o, pendirdən də dadlıdır... Düzdür, ola bilsin ki, bu şişirdilmiş fikirdir, lakin öz çürümüş dişinin də qoxusunda nəsə çəkici bir şey var - ondan doymadan, dalbadal içinə çəkmək istəyirsən.
Komanın girişinın yarıdan çoxu qumla örtülmüşdü və ona içəriyə baş soxmaq elə də tez başa gəlmədi. Bəlkə bu, köhnə quyunun xarabalıqlarıdır? Quyunun üstündə daxma tikilməsində təəccüblü heç nə yoxdur, bunu ona görə edirdilər ki, quyu qumla dolmasın. Çətin ki, burda su olsun... O, yenidən içəri baş soxmağa cəhd etdi və bu vaxt onun burnuna əsl it iyi vurdu. Heyvanın iyi fəlsəfədən güclüdür. Mənə koreyalının ruhu yaxındır, lakin onun iyinə dözə bilmirəm - deyən bir sosialist varmış... Yaxşı, əgər zaman üfüqi axırsa, qoy necə iti axdığını ona göstərsin!.. Ümid və narahatlıq... Azadlıq hissi və səbirsizlik... Bunlar ən dözülməz əzablardır. O, sifətini yaylıqla örtüb, arxası üstə uzandı. Düzü buradakı qoxu onunkuydu, lakin özünə kompliment demək istəyi onda nə qədər güclü olsa da, bu qoxunun ona xoş gəldiyini dilinə gətirə bilmirdi.
Ayağının üstü ilə nəsə sürünür... Yerişindən "qabarböcəyi"nə oxşamırdı... Çox güman ki, altı ayağı ilə özünü güclə sürüyən yer böcəyidir... Dəqiqləşdirməyə həvəsi yox idi. Bu, çoxdan arzuladığı qabarböcəyi olsaydı belə, çətin ki, onu tutmağa həvəsi yaranardı. Hər halda bu suala dəqiq cavab verə bilməzdi.
Külək onun üzündəki yaylığı atdı. Gözünün bir ucu ilə qum təpəsinin qızıl kimi parıldayan üstünü gördü. Hamar qalxan yamac, bu qızıl xəttə çatandan sonra qəfildən kölgədə itdi. Məkanın belə quruluşunda nəsə sözlə ifadə edilə bilməyən bir gərginlik vardı və kişi qəlbini dolduran insan həsrətindən hətta diksindi də. (Bəli, son vaxtlar gənc turistləri mənzərəli yerlər cəlb edir... ümidverici səhmlər... Təcrübəli bir adam kimi bu ərazinin gələcək inkişafına tam zəmanət verə bilərəm. Lakin ilk növbədə reklam lazımdır! Reklam olunmasa, buralara heç milçəklər də uçub gəlməz... Bilməmək - malik olmamaq kimi bir şeydir... Qaş-daşa sahib olasan və onu yerin altında gizlədəsən. Yaxşı, indi nə edəsən?..Bacarıqlı bir fotoqrafa bədii açıqcalar sifariş etmək lazımdır. Keçmişdə görməli yerlər artıq hər yerdə tanındıqdan sonra bədii açıqcalar hazırlanırdı... İndi - əvvəlcə açıqcalar, sonra isə gəzməli-görməli yerlərin tikilməsi. Bu qaydalar indi adiləşib. Burda bir neçə nümunə var, zəhmət deyilsə, baxardınız.) Bədbəxt açıqca alverçisi başqalarına tələ qurmaq fikrindəydi, lakin özü bu tələyə düşdü, sonra isə xəstələnib öldü. Düzdü o, sən deyən qədər də diribaş adam deyildi... Yəqin bu yerlərin gələcəyinə böyük ümidlər bəsləyib və həmin biznesə bütün varidatını qoyub... Bu gözəlliyin həqiqi mahiyyəti nədədir?.. Bəlkə təbiətin malik olduğu fiziki harmoniya və dəqiqlikdədir, və ya əksinə - insanın onu dərk etmək istəyinə təbiətin amansız müqavimətində.
Hələ dünənə qədər bu mənzərə haqqında hətta fikirləşəndə az qala ödü ağzına gəlirdi. Və o, bu dərənin doğrudan da həmin açıqcasatan kimi fırıldaqçıların boynuna biçildiyi barədə qəzəblə düşünürdü...
Lakin dərədəki həyat və mənzərə haqqında düşünəndə onları biri-birinə qarşı qoymaq bizə nə verir? Gözəl mənzərənin insana həmişə alicənablıq göstərməsi vacib deyil.
Nəhayət, elə onun özünün qumu sabitliyin inkarı kimi görmək kimi əsas ideyasının özü heç də axmaq fikir deyil. Millimetrin səkkizdə birinin hərəkəti. Mövcud olmanın hallar zəncirindən ibarət olduğu dünya... Başqa sözlə, onun gözəlliyi ölümə məxsusdur. Onun nəhəng dağıdıcı gücünün təmtərağı, qoyub getdiyi xarabalıqlar içindən keçən ölümün gözəlliyi... Yox, dayan. Əgər ona məhz bu səbəbdən hər iki istiqamətə olan bileti əlində bərk-bərk tutub buraxmadığını desələr, biabır olmaq olar. Vəhşi heyvanlar, müharibələr haqqında filmlər elə inandırıcıdır ki, hətta ürəktutmasına gətirib çıxara bilər, lakin kinodan çıxırsan və bayırda səni dünənkinin davamı olan bu gün gözləyir. Onların ləzzəti bundadır... Həqiqi güllələr doldurulmuş tüfənglə silahlanıb kinoya gedən dəlini harda görmüsüz?.. Səhradakı həyata kim uyğunlaşa bilər? Su əvəzinə öz sidiyini içən bəzi növ siçanlar, çürümüş ətlə qidalanan həşəratlar, bir də ki, yalnız bir istiqamətə biletin mövcudluğu haqqında eşidib bilən köçərilər. Əgər lap əvvəldən əmin olsan ki, biletin həmişə ancaq bir istiqamətədir, onda rahat yaşayarsan, daha qayaya yapışan ilbiz kimi quma sıxılıb sürünmək üçün mənasız cəhdlər etməzsən. Axı bu köçərilər artıq öz adlarını da dəyişiblər və indi onlar maldar adlanır...
Həə, bütün bunlar haqqında qadına danışmaq lazım idi... Onun üçün mahnı oxumaq lazımdır - hər iki istiqamətə biletə dəxli olmayan qum mahnısı, vacib deyil, melodiyasını səhv salıb, ağzına gələni də oxuya bilər... Ən yaxşı halda o, qadını tutmaq üçün qarmağına yem əvəzinə başqa, ayrı bir həyat keçirmiş adi bir qadın ürəyi ovçusunun miskin təqlidçisindən başqa bir şey olmayacaqdı. Başdan-ayağa qum içində, tərpənməyə belə gücü qalmamışdı - kağız torbaya salınmış pişiyə oxşayırdı.
Gözlənilmədən qum təpəsinin üstündəki parıltı söndü... Ətrafda nə vardısa, qaranlığa büründü. Ani olaraq külək sakitləşdi və onda yenidən güc yığaraq, duman qayıtdı. Bəlkə elə buna görə də günəş belə tələsik batdı.
... Haydı, yola çıxmaq vaxtıdır.

25____________________________________________

Kəndin bu başından o başına səbətdaşıyanlar işə başlamazdan qabaq keçib getməyə çalışmaq lazımdır. Hələ bir saata yaxın vaxt qalır. Tam təhlükəsiz olmağı üçün isə deyək ki, qırx beş dəqiqə. Burun kəndi sanki qucaqlayıb, dərindən burulur və kənddən şərqdə yerləşən körfəzə qədər gedib çatırdı. Elə buna görə də onun ortasından təkcə bir dənə dar yol keçirdi. Orada artıq burunun üstündə ucalan dik qayalar qurtarır, hamarlanır və alçaq qum təpələri ilə əvəzlənir. Zəif dumanlıq içində sayrışan kənd işıqlarını sağda qoyub, düzünə hərəkət etməkdə davam etsən, məhz bura gəlib çıxarsan. Məsafə... təxminən iki kilometr. Orada kənd qurtarır, adda-budda yerfındığı sahələri gözə dəyir, yenə qum və heç bir yaşayış yeri. Təpəni aşandan sonra isə yola çıxıb, rahat getmək də olar.
Bu, basıb hamarlanmış gilli yoldur və bu yolla var gücünlə qaçsan, təxminən on beş dəqiqədən sonra şosseyə çıxa bilərsən. Orda artıq hər şey qaydasındadır - avtobuslar şütüyür, adamlar da normal adamlardır.
Kəndin içindən keçib getmək üçün onun yarım saatı qalır. Qumluqla saatda dörd kilometr sürətlə getmək asan deyil. Təkcə ayaqların quma batır deyə yox, həm də ayaqlarının birin götürüb, o birini qoymaq üçün vacib olan lazımsız səylər ucbatından. Qaçanda isə, boş yerə daha çox güc itirirsən. Ən yaxşısı odur ki, iri addımlarla addımlayasan. Lakin qum, sənin gücünü əmməyi müqabilində sanki mükafatlandırırmış kimi addım səslərini udur. Addım səslərinin eşidiləcəyindən qorxmayıb getmək isə, - bunun özünün də üstünlükləri var. Bəli, məhz üstünlükləri.
Ayağının altına bax!..Yıxılmaq öz yerində, amma xırdaca bir torpaq komasına və ya çuxura ilişib büdrəsən dizini əzərsən. Təkcə dizini əzsən dərd yarıdı, birdən başqa bir qum dərəsinə yıxılsan, onda necə?!
Ətraf zülmət qaranlıqdır. Göz işlədikcə - pərakəndə donub qalmış qum dalğaları. İrilərinin üstündə bir qədər kiçikləri şırım açmış, onların, yəni bir qədər kiçiklərinin üstü isə öz növbəsində qum çopuru ilə örtülmüşdü. İstiqaməti təyinləməyə xidmət etməli olan kənd işıqları, bu intəhasız qum dalğalarının arxasında gizlənir və yalnız hərdənbir gözə dəyirdi. Düzgün istiqaməti müəyyənləşdirərək, irəli getmək lazımdır. Lakin hər dəfə aydın olurdu ki, həddən artıq böyük səhv buraxılıb. Bəlkə də bu işıqları görməyə can atmaq həvəsi qeyri-iradi olaraq yüksəkliklər axtarmağa sövq edirdi.
Budur, yenə yolu azdım! Bir qədər sola getmək lazımdır!.. Bir az da belə yürüsəydi, düz kəndin içinə gedib çıxacaqdı... Üç ipiri təpəni aşsa da, demək olar ki, işıqlar heç yaxın da düşmədi... elə bil yerində sayırsan. Tər axıb gözlərini tuturdu... Bir anlıq da olsa dayanıb, dərindən nəfəs alasan.
Yəqin qadın artıq oyanıb... Görəsən gözünü açıb məni görməyəndə nə düşünüb?.. Çətin ki, o saat əl-ayağa düşsün... Yəqin fikirləşib ki, müəyyən ehtiyaclarımı ödəmək üçün evin arxasına keçmişəm... Bu axşam qadın yorulmuşdu... Şər qarışanadək yatıb qaldığına təəccüblənib və tələsik yorğanın altından çıxıb... Öpüşlərdən hələ də soyumamış bədəni ona bu səhər aramızda baş verənləri xatırladıb... Əli ilə lampanı axtaran qadın yəqin ki, bu vaxt gülümsəyirmiş.
Lakin hər halda ona borclu olduğumu və ya onun təbəssümünə özümü cavabdeh hiss etmək üçün heç bir səbəb görmürəm. Mənim qeybolmamla qadın nə itirəcək ki? Sadəcə bir dilim həyat. Radio və güzgü məni ona əvəz edər.
"Düzü siz mənim üçün doğrudan da böyük dayaqsız... Mənim təkliyimə son qoyulandan sonra hər şey dəyişib. Səhərlər tələsmədən, rahatca öz işlərimlə məşğul ola bilirəm və bütün işi hardasa iki saat tez bitirmək olur... Məncə tezliklə arteldən evdə görə biləcəyim nəsə əlavə bir iş vermələrini xahiş edə biləcəm... Bir az pul yığaram... Və ola bilsin, nəhayət radio, güzgü və ya nəsə başqa bir şey ala bildim... "
(Radio və güzgü...Radio və güzgü...) Nəsə zəhlətökən bir ideyadır - elə bil insanın bütün həyatı bu iki predmetdən ibarətdir. Bəli, həqiqətən də radio və güzgü nəsə ümumi bir cəhətə malikdir: onlar insanları bir-birinə bağlayır. Ola da bilsin onlar insan həyatının mahiyyətinə varmaq üçün şiddətli istəyi əks etdirirlər. Olsun, burdan canımı qurtaran kimi radioqəbuledici alıb, ona göndərərəm. Olan qalanımı xərcləyəcəm, amma onun üçün ən yaxşısını alacam.
Amma güzgü - bilmirəm, söz verməyə dəyərmi. Güzgü burda tez korlanar... Heç altı ay keçməmiş amalqama qopacaq, bir ildən sonra isə daim havada uçuşan qumun təsirindən tutqunlaşacaq... İndi qadının güzgüsündəki kimi: baxanda bir gözünü görürsənsə, burnunu görmürsən, əgər burnunu görürsənsə, onda ağzını tapmırsan. Yox, məsələ təkcə onda deyil ki, güzgü tez xarab olandır. Güzgü radiodan fərqlənir: onun rabitə vasitəsi olmağı üçün hər şeydən əvvəl ona baxan insan olmalıdır. Ona heç kəs baxmayacaqsa, onda bu güzgü nəyə lazımdır?
Dayan, qulaq vermək lazımdır!.. O nəsə çox ləngidi... Bəlkə?.. Ay dələduz, axır ki, qaçdı... Maraqlıdır, qadın səs-küy qaldırmayıb ki... Heyrətlənibmi, məyus olubmu?.. Bəlkə qadın sadəcə sakitcə ağlayır?..Nə isə, nə edirsə etsin, bu artıq mənim günahım deyil... Axı güzgünün zəruriliyini qəbul etməkdən sən özün imtina etdin.
- ... Mən hardasa bu barədə oxumuşam... İndiki zəmanədə elə bil evdən qaçanların sayı artıb?.. Bu, məncə həyatın çox ağır olmasından irəli gəlir, bəlkə də təkcə buna görə yox... Hə, elə yeri gəlmişkən, orda heç də kasıb olmayan bir kəndli ailəsi haqqında yazmışdılar. Özlərinə torpaq sahəsi də alıbmışlar, maşınları da varmış, təsərrüfat işlərini də deyəsən pis aparmırmışlar, lakin bütün bunlara baxmayaraq, böyük oğul evdən gedib. Yaxşı, işləyən oğlanmış. Valideynləri baş sındırırmışlar: görəsən uşaq birdənbirə niyə getdi? Kənd adamları öz vəzifələrini yaxşı dərk edirlər, yaxşı adlarını qoruyub saxlamaq həqqında düşünürlər. Buna görə də varisin evdən çıxıb getməsi üçün görünür, xüsusi səbəb olmalıdır...
- Bəli, əlbəttə... Vəzifə vəzifədir...
- Hə, deyilənlərə görə qohumlarından kimsə oğlanı tapıb və nə üçün belə etdiyini öyrənməyə çalışıb. Sən demə, o heç bir qadın-filanla qaçmayıb, nə sevgi macəraları, nə də borc-xərc onu evdən qaçırmayıb, - qısası, xüsusi bir səbəb olmayıb. Yaxşı, onda məsələ nədədir?.. Oğlanın izahları da
mənasızmış. Heç özü də hərəkətini əməlli başlı izah edə bilmirmiş, təkcə onu deyibmiş ki, daha dözə bilmir.
- Bu dünyada nə qanmaz adamlar var...
- Amma dərindən fikirləşsən, bu oğlanı anlamaq olar. Kəndli nə deməkdir? Gecə-gündüz işləmək və əkin sahəsini genişləndirmək, - bununlu da o, yalnız işini artırmalı olur... Onun bu ağır işinin həddi yoxdur və qazandığı təkcə daha da ağırlaşan əməyidir... Düzdü, kəndlinin əməyinin əvəzi qayıdır - düyü və kartofdan aldığı məhsul. Ona daha nə lazımdır? Bizim qumla əlləşməyimizlə kəndlinin əməyini müqayisə belə etmək olmaz. Bu elə cəhənnəmdə çayın qabağında daşdan bənd tikmək kimi bir şeydir - onsuz da cinlər götürüb, daşları hara gəldi atacaqlar.
- Cəhənnəmdəki çayla bağlı tarixçə necə qurtarır?
- Heç nə cür... günahlarına görə çəkdiyin əzabların mənası da elə bundadır!
- Kəndlinin varisi olacaq bu oğlanın axırı necə oldu?
- Yəqin ki, o hər şeyi əvvəlcədən götür-qoy edib və evdən çıxmazdan çox-çox qabaq işə düzəlib.
- Bəs sonra?..
- Sonra da işin işləyib.
- Sonra?
- Sonra? Yəqin maaş günləri pulunu alıb, bazar günləri isə təzə köynəyini geyinib kinoya gedib.
- Sonra?
- Nə deyim vallah, gərək oğlanın özündən soruşasan.
- Çox güman ki, bir qədər pul yığandan sonra özünə radio alıb...
...Budur, axır ki, təpənin başına çıxdım. Baxmayaraq ki, bu yolun cəmi-cümlətani yarısıdır...Yox, səhv etmişəm... Artıq bura düzən yerdir... Hə, amma işıqlar necə oldu?.. O, tamam inamsız halda irəliləməkdə davam edirdi...Adama elə gəlirdi ki, bura nəhəng bir qum təpəsinin zirvəsidir...Yaxşı, onda nəyə görə buradan işıqlar görünmür? Ağlına gələn - bədbəxtlik baş verib, fikrindən ayağı tutuldu. Bu da tənbəlliyinin nəticəsi. Dəqiq istiqaməti bilmədən, sıldırımlı enişlə aşağı sürüşdü. Dərə o bildiyindən daha böyükmüş. O, təkcə dərin yox, həm də geniş imiş. Üstəlik, dibindəki çoxlaylı qum dalğaları üst-üstə nizamsız qalanıb, düzgün istiqamət götürməyə mane olurdu. Amma nə səbəbdən olursa olsun, işıqların nədən görünmədiyini anlamaq çətin idi... Əgər yoldan çıxıbsa da, bu, hansı istiqamətdə olmasından asılı olmayaraq, yarım kilometrdən çox olmaz. Bütün yol boyu onu sola çəkirdi,- ola bilsin ki, kənddən qorxurdu, ona görə. Kişi hiss edirdi ki, işıqlara yaxınlaşmaq üçün sağa getməyə özündə güc tapmalıdır... Tezliklə duman dağılacaq, ulduzlar göz vuracaq... Nə isə, nə olursa olsun, ətrafı yaxşı-yaxşı və tez gözdən keçirmək üçün qum təpəsinin üstünə qalxmaq lazımdır - hansı olduğu fərq etməz, əsas odur ki, bu təpə hamısından hündür olsun...
Hər halda aydın deyil... Heç aydın deyil ki, qadın cəhənnəmdəki bu çay söhbətindən nəyə görə yapışıb qalıb...Axı vətənə sevgi, vətən qarşısında borc haqqındakı söhbətlərin o vaxt mənası var ki, üz döndərib, onlardan imtina edirsən, onu itirirsən. Bəs bu qadının itirdiyi nədir?
(Radio və güzgü... Radio və güzgü...)
Sözsüz ki, o, qadın üçün radioqəbuledici göndərəcək... Lakin bu, əks nəticələrə gətirib çıxarmayacaqmı: qadın qazandığından çox itirmədimi? Məsələn, onun çox sevdiyi mənim üçün vanna hazırlamaq mərasimi qurtardı. Hətta öz camaşırını qurban verib, mənim yuyunmağım üçün həmişə su saxlayırdı. Ayaqlarımın arasına ilıq su töküb, sanki onun özünü çimizdirirlərmiş kimi üz-gözünü qırışdıraraq ucadan gülürdü... Daha belə gülmək lazım gəlməyəcək.
Yox, illüziyaları at getsin... Lap əvvəldən də mənlə sənin aranda heç bir müqavilə-filan yox idi. Əgər müqavilə yox idisə, demək müqavilənin pozulmasından da danışmaq yersizdir. Üstəlik, bunun mənim özümə aidiyyəti yox idi demək, heç cür olmaz. Məsələn, bizə həftədə bir dəfə verilən ucuz, elə bil poxdan çəkilmiş arağın iyi... sənin gücçatmaz, tarım çəkilmiş əzələ hörüyündən ibarət baldırların... tüpürcəkli barmaqlarımla bişmiş rezini xatırladan qumu arıtlayanda keçirdiyim utancaqlıq hissi... Və bütün bunları daha da ədəbsiz edən sənin utancaq-utancaq gülümsəməyin... Və daha nələr. Saymaqla qurtarmaz. İnanmırsan inanma, fəqət fakt faktlığında qalır. Kişilər qadınlara nisbətən xırdaçılığa daha meyllidirlər.
Və əgər kəndin başıma nələr gətirdiyini xatırlasaq, onda mənə vurulan ziyanı saymaq belə mümkünsüz olar. Bununla müqayisədə qadınla olan münasibətim boş şeydir.
Lakin əvvəl-axır onların cəzasını necə lazımdırsa verəcək...Düzdü, o hələ tutarlı olsun deyə necə zərbə vuracağını bilmir... Bəlkə kəndi yandırsın, ya quyularını zəhərləsin, ya çoxlu tələ qurub, onun bədbəxtliyində günahı olanların hamısını bir-bir qum dərələrinə atsın, - o, əvvəl-əvvəl bu sadə üsulla təxəyyülünü coşdurur və özünü ruhlandırırdı. Lakin indi, öz düşündüklərini həyata keçirmək üçün imkan yarandığı bir zamanda, artıq bu uşaq arzularına uya bilməzdi. Bir də ki, axı tək adam nə edə bilər? Qanuna tapınmaqdan başqa çarə yoxdur. Düzdü, belə olan halda qanunun baş verənlərin dəhşətini axıradək anlamaqda aciz olacağı qorxusu istisna deyil... Yaxşı, heç olmasa əvvəlcə vaxt itirmədən hər şey haqqında yerli polis idarəsinə xəbər verərəm.
Hə, axırda bir şey də olmuşdu...
Dayan! Bu nə səsdir?.. Yox, sakitlikdir... Ola bilsin mənə elə gəlib. Tutaq ki, belədir, yaxşı, bəs kəndin işıqları necə oldu? Hətta onların hündür qum təpələrinin arxasında qalıb görünməz olduğunu düşünsək belə, yenə də bu dəhşətdir. Nə baş verdiyini təsəvvür edə bilərəm: mənim sükanım sola çəkməkdə adətkardadır deyə, həddindən artıq burun tərəfə getmişəm və indi hansısa hündür qaya kəndin qabağını tutur... Özünü itirməyə dəyməz... Qərara gəldim. Sağa gedib yoxlamalıyam.
... Və nəhayət, bir şeyi haqqında da unutmamanı istərdim. Yadındadı, sən mənim bir sualımı axıradək cavabsız qoydun. Onda iki gün dalbadal yağış yağdı. Yağış yağanda sürüşmələr təhlükə törədir, amma əvəzində qum yatır. Yağışın birinci günü həmişəkindən bir qədər çox iş gördük deyə, o biri gün bir qədər dincəlmək imkanı oldu. Çoxdan gözlədiyim istirahət imkanından yararlanaraq, nəyin bahasına olursa olsun, həqiqətin kökünə getmək qərarına gəldim. Tərsliyimə salıb, bədəndən qasnaq qoparırmış kimi, həqiqəti çılpaqlaşdırmağa, mənə neçəyə başa gəlsə də, sənin nə üçün bu dərəyə gəlib düşdüyünü öyrənməyə qərar verdim. Özüm də öz tərsliyimdən təəccübəlnirdim. Əvvəlcə sən sevinc içərisində çılpaq bədənini yağış selinin altına verdin, lakin nəhayət, cavab verməkdə naçar qalıb, ağladın. Və dedin ki, buraları ancaq ona görə tərk edib gedə bilmirsən ki, qasırğa vaxtı burda ərinlə uşağın hinlə birlikdə qum altında qalıb tələf olublar. Əgər belədirsə, səni həqiqətən də başa düşmək olar. Səbəb kifayət qədər ağlabatandır və indiyə kimi nə üçün bu barədə söhbətdən qaçdığın aydın olur. Mən sənə inanmaq istəyirdim. Və mən elə səhəri gün yuxuma haram qatıb, ölənləri axtarmaq qərarına gəldim.
Sən göstərdiyin yeri iki gün sərasər qazdım. Amma nəinki ölənlərin qalıqlarını, hətta dağılmış hinin izini belə tapmadım. Onda sən başqa bir yer göstərdin. Lakin mən orda da heç nə tapmadım. Sən hər dəfə məni başqa-başqa yerlərə gətirirdin. Beş müxtəlif yerdə, doqquz gün ərzində mənasız axtarışlar davam etdi. Və onda sən yenidən ağlamsınaraq, özünə haqq qazandırmağa başladın. Dedin ki, yəqin ev başqa yerdəymiş, qumun fasiləsiz təzyiqi ola bilsin onu yerindən tərpədib və üzünü başqa səmtə yönəldib, ola da bilsin, dərə özü də yerini dəyişib. Ola bilsin ki, hin də, ərimin və uşağımın meyiti də evimi qonşu evdən ayıran qalın qum divarının altında qalıb, lap çox da ola bilsin ki, onlar indi qonşunun dərəsinə gedib çıxıblar. Nəzəri cəhətdən bu mümkün idi. Lakin sənin bədbəxt, məyus görkəmin aydın göstərirdi ki, lap əvvəldən məni aldatmaqdan çox, həqiqəti danışmaq istəmirmişsən. Ölənlər, düzünə qalsa, bəhanədən başqa bir şey deyilmiş. Artıq məndə qəzəblənmək üçün sadəcə güc belə qalmamışdı. Və mən qərara gəldim ki, kimin kimə boclu olması ətrafında fikirlərlə başımı sındırmayım. Mənə elə gəlir ki, sən də bunu anlamalıydın...
Bu nədir!.. Kişi qorxudan yerə yıxıldı... Hər şey çox tez baş verdiyindən o, heç nə anlaya bilmirdi...Gözlənilmədən onun qarşısında kənd peyda oldu!.. Görünür o, düz kəndə bitişik qum təpəsinin kəlləsinə qalxırmış... Və o an, bütün mənzərə gözü qarşısında açılanda kəndin içində olduğunu gördü... Özünə gəlməmiş, düz yanındakı çəpərin arxasından it hürüşməsi eşidildi. İkincisi də ona qoşuldu, sonra isə digərləri - zəncirvari reaksiya kimi. Qaranlıqda, dişlərini qıcırdaraq üstünə bir sürü it gəlirdi. O, ucuna qayçı bağlanmış kəndiri çıxarıb, qaçmağa başladı. Seçim qalmamışdı. Yeganə çıxış yolu, - kəsə yolla kəndin içi ilə qaçmaq idi.

26_______________________________________________

Kişi qaçırdı.
Aralarından ötüb keçdiyi zəif işıqlı evlər gah ona yol verir, gah da qarşısında maneə kimi qalxırdılar. Boğazının dar dəliyinə səs-küylə doluşan küləyin dadı... Pas dadı... Çilik-çilik olmağa hazır nazik şüşənin üstündə təhlükəli trük. Qum daşıyanların hələ evlərindən çıxmadıqlarına ümid etmək həddən artıq gec, artıq dəniz sahilinə çatdıqlarına ümid etmək isə həddən artıq tez idi. Deyəsən yük maşını hələ gəlib keçməmişdi. Ola bilməzdi ki, bu ikitaktlı mühərrikin dəli taraq-turuğu, burdan bir kilometr aralıda da olsa qulağına çatmasın. Vəziyyət gərgindir.
Qəflətən qaranlıqdan qara bir yumaq çıxdı. Çox möhkəm fısıltı gəlməsindən bilinirdi ki, yekə itdir. Deyəsən, hücum etməyə öyrədilməmişdi və kişini qapmazdan əvvəl bərkdən hürməyə başladı. Kişi ucuna qayçı bağlanmış kəndiri ona tuşladı və vura bildi. İt yazıq-yazıq zingildəyib, qaranlıqda yox oldu. Xoşbəxtlikdən, it ancaq şalvarının bir parçasını qoparda bilmişdi. Həddən artıq yeyin hərəkət etdiyindən, ayaqları dolaşdı və o, yıxıldı, yumbalandı, lakin həmin dəqiqə ayağa qalxıb, qaçmağa başladı.
Sən demə, it bir yox, beş-altı dənəymiş. İlk uğursuzluqdan qorxub, hücum etmək üçün fürsət axtara-axtara bərkdən hürərək, ətrafında dövrə vururdular. Bəlkə də, xarabalıqda yaşayan həmin o kürən it onları arxadan qızışdırırdı. Kəndirin ucundan təxminən yarım metr aşağıdan tutub, var gücü ilə başı üzərindən fırlamağa başladı. Bu şəkildə itlərdən qorunaraq, bir yığın döyülmüş balıqqulağı topasının üstündən hoppandı, çəpərlərin arasındakı dar keçiddən, yerdə saman qurudulan həyətdən keçərək qaçıb, nəhayət geniş yola gəlib çıxdı. Bir az da getsə, kənd qurtaracaq!
Yolun kənarı ilə ensiz arx gedirdi. Birdən ordan iki uşaq çıxdı - görünür, bacı-qardaş idilər. O, uşaqları çox gec gördü. Kəndiri çəkdi ki, qayçı onlara dəyməsin, lakin heç nə alınmadı və hər üçü arxın içinə yumbalandı. Arxın içində navalça qurulmuşdu. Taxtanın şaqqıltısı eşidildi. Uşaqlar çığırdılar... Lənət şeytana, bunlar niyə belə qışqırır!.. Var gücüylə onları itələyib, ordan çıxdı. Elə bu an üç cərgə düzülmüş cib fənərlərinin işığı onun yolunu kəsdi.
Zəng çalındı. Uşaqlar bərkdən ağladılar... İtlər hürməkdə davam edirdilər... Hər zəng vurulanda ürəyi bərk sancırdı. Düyü dənəsi kimi saysız-hesabsız həşərat yığını ağzı açılmış dəlmə-deşiklərdən sürünüb, çıxmağa başladı. Görünür, cib fənərlərindən biri işığı bir nöqtəyə cəmləmək üçün mexanizmə malik idi - ordan çıxan şüa gah yayılır, gah da qızdırılmış nazik iynə kimi göz deşirdi.
Görəsən, düz üstlərinə atılıb, təpiklə hərəsin bir tərəfə atsın?.. Onları yarıb keçə bilsə, o tərəfdə artıq kənd arxada qalacaq... Peşiman olacaq, ya olmayacaq - hər şey bu dəqiqələrdən asılıdır... Yaxşı, tərəddüd etmək yetər!.. Yoxsa gec olacaq... Bir qədər də keçsə, onu izləyənlər arxasını da kəsəcəklər - onda hər şey məhv olacaq!
O, özünə gələnəcən fənərlər sağdan və soldan, aralarındakı məsafəni get-gedə azaldaraq hər tərəfdən onu əhatələməyə başladı. Kişi əlindəki kəndiri bərkdən sıxıb, tamam gərildi, lakin heç cür qərara gələ bilmirdi. Pəncələri daha çox yumşaq quma batırdı.Fənərlər arasındakı böyüyən boşluq adam gölgələri ilə dolmuşdu. Nə qədər idilər? Yolun kənarında isə görkəmindən dərəyə oxşayan
nəsə var - ah, yox, bu yük maşınıdır. Mühasirəni yarıb irəliyə atılsa belə, onu arxadan tutacaqlar. Arxadan qaçıb uzaqlaşan uşaqların ayaq səslərini eşitdi - artıq ağlamırdılar. Bir anlığa beynindən cəsur fikir keçdi. Uşaqları tutub, onlardan sipər kimi istifadə etmək! Onlar girova çevriləcək və o, bu alçaqların yaxınlaşmalarına imkan verməyəcək! Lakin uşaqları tutmaq üçün geri çevriləndə onu pusan başqa işıqları gördü. Yol kəsilib!
Sıxılıb, birdən buraxılan yay kimi geri atılıb, dabanına tüpürdü - bura gəlib çıxdığı yolla da geri qaçmağa başladı. O bunu sanki burunun davamı olmağa xidmət edən qum təpəsini yarıb keçmək üçün yer tapmaq ümidilə, demək olar ki, şüursuz edirdi. Elə bil bütün kənd bağırışaraq onun dalınca qaçırdı. Hədsiz gərginlikdən ayaqları zəiflədi, elə bil vətərlərini dartıb çıxarmışdılar. Lakin bəlkə də onu qovanlar qəfil yaxalandıqlarından, ona vaxtaşırı geri dönüb ardınca qaçanların harda olduğunu görməyə imkan verən kifayət qədər məsafə saxlamaq müyəssər olurdu.
Nə qədər qaçmışdı?.. Artıq bir neçə təpə aşmışıdı. Və nə qədər çox güc itirirdisə, bir o qədər də hər şeyin əbəs olduğunu fikirləşir, yuxuda olduğu kimi yerində qaçdığını düşünürdü. Lakin indi gücünü nə qədər effektiv xərcləyib, xərcləməmək barədə fikir yürütmək vaxtı deyil. Ağzı mis qarışıq qan daddı. Tüpürmək istədi, tüpürcəyi qatı olduğundan tüpürə bilmədi. Barmağı ilə çıxarıb, atmalı oldu.
Zəng çalınmaqda davam edirdi, lakin artıq ondan çox uzaqlaşmışdı deyə, hərdənbir səsi tamam itirdi. İtlər də geri qalmışdılar və hardasa uzaqlarda hürüşürdülər. Təkcə metala sürtülən yeyənin qıcırtısını xatırladan nəfəsinin səsi eşidilirdi. Onu izləyənlərin fənərləri - hər üç cərgə, əvvəlki tək zəncirvari düzülüb, yuxarı, aşağı yellənərək, elə bil ki, yaxınlaşmırdılar, lakin heç uzaqlaşmırdılar da. Qaçana da, onu qovanlara da eyni şəkildə çətin idi. İndi kim daha çox dözsə, o da qalib olacaq. Lakin bu, təsəlli vermir. Bəlkə həddən artıq gərginlikdən iradəsi sınıb - gücünün daha tez onu tərk etməsini arzulayan zəiflik özünü yetirib. Qorxulu simptomdur... Lakin nə qədər ki, o bu təhlükəni dərk edir, qorxusu yoxdur...
Çəkmələrinə qum dolub, ayaq barmaqları ağrıyır. Boylandı. Onu qovanlar bir qədər sağda, yetmiş-səksən metr geri qalmışdılar. Görəsən nədən belə yoldan sapıblar? Yəqin dikdirlərdən yayınmaq istəyiblər və belə alınıb. Görünür, onlar da əməlli-başlı yorulublar..Deyirlər axı, qovan qaçandan tez yorulur. Tez çəkmələrin çıxarıb, ayaqyalın qaçmağa başladı... Çəkmələrini cibinə qoysa, mane olacaq, kəmərinə keçirsə yaxşıdır. Nəfəs dərib, bir həmləyə kifayət qədər dik təpəni aşdı. Belə getsə, yəqin, bu alçaqlardan can qurtara bilər...
Ay hələ çıxmamışdı, lakin ulduzlardan düşən işıq ətrfda nə vardısa hamısını, tünd və parlaq ləkələrlə doldurmuşdu və uzaq təpələrin üstü apaydın seçilirdi. O səhv etmirdisə, buruna tərəf qaçırdı. Sükan yenə sağa çəkir. Elə istiqaməti dəyişmək istəyirdi ki, birdən bununla özü ilə onu qovanların arasındakı məsafəni qısaldacağını anladı. Nəhayət elə onda da izinə düşənlərin məkrini anladı və qorxdu.
Hə, ilk baxışda bacarıqsız seçdikləri güman edilən yol sən demə əməlli-başlı düşünülüb: onlar kişini dənizə sıxmaq istəyirdilər. Özü də bilmədən bütün bu müddət ərzində onların ovcunun içindəymiş. Bir qədər düşünüb, cib fənərlərinin onlara, kişiyə harda olduqlarını göstərmək üçün xidmət etdiyini başa düşdü. Beləliklə, onların nə yaxınlaşıb, nə də uzaqlaşmayıb, əksinə həmişə eyni məsafədə qalmaları da elə-belə deyilmiş.
Yox, təslim olmaq hələ tezdir. Qayalara qalxmaq üçün hardasa buralarda yol olmalıdır və əgər başqa yol qalmasa, dənizlə üzüb, burunun o tayına düşmək olar. Bütün tərəddüdləri atmaq lazımdır - yalnız onu tutub, yenidən necə dərəyə atacaqlarını düşünmək yetər.
Uzun maili yoxuşdan sonra - sıldırımlı eniş... Sıldırımlı yoxuşdan sonra - uzun maili eniş... Addım, bir addım da - sapa düzülmüş muncuq kimi bir-birini əvəz edir - səbr imtahanı. Zəng bir anlığa susdu. Nə eşitdiyini təyin edə bilmir: küləyin uğultusudurmu, dənizin səsi, yoxsa sadəcə qulaqlarınnın cingiltisidir. Hündür bir yerə çıxıb, geriyə qanrıldı. Onu izləyənlərin işıqları gözdən itmişdi. Bir az gözlədi - görünmürdülər.
Əla. Doğrudanmı onlardan can qurtara bilib?
Ümidi ürəyini daha tez-tez vurmağa sövq etdi. Ayaqları ağırlaşmışdı. Və bu ağırlıq nəsə qeyri-adi idi. O, sadəcə bu ağırlığı hiss etmirdi - ayaqları həqiqətən də quma batmağa başladı. Ayaqları artıq baldırının yarısınadək qumda olanda, elə bil qardı, deyə düşündü. Qorxub, ayağının birini çıxarmağa çalışdı, lakin bu vaxt o biri ayağı dizədək quma girdi. Bu nədir? Adamı guya diri-diri udan qumların mövcud olması haqqında eşitmişdi... Var gücü ilə ordan çıxmağa çalışırdı, lakin nə qədər çox əlləşirdisə, bir o qədər dərinə gedirdi. Artıq ayaqları demək olar ki, qurşağadək qumda idi.
Bəlkə, bu sadəcə tələdir?! Onlar kişini dənizə tərəf yox, məhz elə bura sıxırmışlar!.. Kişini tutmaq üçün artıq əziyyət çəkməyib, sadəcə onu məhv etmək istəyirlər!.. Bu əsl məhvedilmədir... Fokusçu öz yaylığı ilə bundan təmiz iş görə bilməzdi...Külək bir həmlə də artıq etsə, başdan ayağa qumun içində olacaq... Və onda müsabiqədə hətta birinci yer tutmuş polis iti də onu tapa bilməyəcək... Bu alçaqlar çox güman ki, indən sonra heç gözə dəyməyəcəklər!.. Onlar heç nə görməyiblər, heç nə də eşitməyiblər... Yadelli, axmağın biri özü azıb, itib... Vəssalam, alçaqlar heç əllərini də bulaşdırmadan işlərini görəcəklər...
Batıram... Batıram... Budur, artıq sinəsinədək qumdadır... Nə etsin? Əgər qumla təmas səthini böyütmək mümkün olsa, cismin (bədənin) hər nöqtədəki təzyiqi azalar, və o, yəqin, batmaqda davam etməz... Əllərini yana açıb, sinəsiylə quma çökdü... Lakin artıq gec idi. Qarnı üstə uzansa da, bədəninin qurşaqdan aşağı hissəsi şaquli vəziyyətdə donub qalmışdı. Beli ağrıyır və artıq düz bucaq altında, əyilmiş halda daha qala bilmirdi. İstənilən adam, hətta gecə-gündüz məşq etmiş idmançı belə, bu vəziyyətdə çox qala bilməz.
Gör bir necə qaranlıqdır... Bütün kainat gözünü yumub, qulaqlarını da tıxayıb. Burda qalıb çezərsən, bir it oğlu dönüb, sənə tərəf baxmaz! Hardasa boğazının dərin qatlarında gizlənmiş qorxu birdən özünü çölə atdı. Kişi ağzını açıb, heyvan kimi böyürdü:
- Kömək edin!
Çeynənmiş ifadə!.. Lap elə çeynənmiş olsun... Ölüm ayağında olanda
orijinallıq hayında olmursan. Nəyin bahasına olursa olsun yaşamaq - hətta onun həyatı eyni formada bişirilən ucuz peçenye kimi başqalarının həyatından heç nə ilə fərqlənmirsə belə! Tezliklə qum boğazına, çənəsinə, burnuna çatacaq... Daha dözə bilmirəm!
- Kömək edin!.. Nə desəz edərəm, söz verirəm!.. Yalvarıram, kömək edin!.. Yalvarıram!
Kişi dözmədi. Əvvəlcə ancaq hıçqırırdı, sonra isə hönkür-hönkür ağlamağa başladı. Dəhşət içərisində anladı ki, hər şey məhv olub. İndi fərqi yoxdur - heç kəs onu görmür... Əlbəttə, heyf ki, bütün bunlar belə hallarda zəruri olan prosedurlarsız baş verir... Ölümə məhkum edilmiş ölməmişdən qabaq nəsə yazıb qoya bilər... Burda isə nə qədər qışqırırsansa qışqır... heç kəs fikir verməyəcək. Pisdir!
O, birdən arxadan səslər eşidəndə hətta çox təəccüblənmədi. Məğlub olmuşdu. Utancaqlıq hissi iynəcənin oda verilmiş qanadı kimi yanıb-yanıb, kül olmuşdu.
- Hey, tut!
Uzun bir taxta parçası aşağı sürüşüb, böyrünə dirəndi. İşıq şüası qaranlıqda dairə cızıb, taxtanı işıqlandırdı. Kişi buxovlanmış bədənini səs gələn tərəfə güclə çevirib, yazıq-yazıq soruşdu:
- Bağışlayın, bəlkə siz bu kəndirlə dartıb məni çıxarasınız ...
- Yox əşi, kötük deyilsiz ki, sizi kəndirlə dartıb çıxaraq...
Arxadan gülüş səsi eşidildi. Dəqiq təyin etmək olmasa da, hardasa beş-altı
nəfər olardı.
- Bir az da dözün, artıq bel dalınca gediblər... Dirsəklərinizi taxtaya dirəyin, hər şey yaxşı olacaq...
Ona təklif etdikləri kimi dirsəklərini taxtaya dirəyib, başını ovucları arasına aldı. Saçları tərdən islanmışdı. Heç nə hiss etmirdi, təkcə bu biabırçı vəziyyətdən tez çıxmaq istəyirdi.
- Bilirsiz... Bəxtiniz hələ gətirib ki, biz sizin izinizlə qaçırdıq. Burda elə bataqlıqdı ki, itlər də yaxın düşmür... Siz çox böyük təhlükədə idiniz. Heç bilmirəm, nə qədər adam heç nədən şübhələnmədən bura gəlib çıxıb, elə də geri qayıtmayıblar... Burda, dağların arxasında sakitlikdi deyə, qumu bura kürəyir... Qış gələndə - qar yığılır... Onun üstünə yenə qum... Sonra yenə qar və yüz ildi ki, belədir - üst-üstə düzülmüş çiy vafli kimi... Bizə bu barədə şəhərə oxumağa gedən keçmiş artel sədrinin oğlu deyib... Maraqlıdır, deyilmi?.. Axıradək qazmağa cəhd etsən, bəlkə nəsə qiymətli bir şey tapmaq olar.
Bu nə demək istəyir?! Elə danışır ki, guya tərtəmizdir və heç nədə günahı yoxdur. Boş-boş danışmağını qurtarsaydı yaxşı olardı... Elə ələ salsaydı daha yerinə düşərdi... Ya da onu puç olmuş ümidləriylə baş-başa qoyub, çıxıb getsəydi, daha yaxşı olardı...
Nəsə canlanma var - görünür, bellər gəlib çıxıb. Üç kişi ayağını taxtanın üstünə qoyub, çətinliklə müvazinətlərini saxlayaraq, müyyən məsafədə onun ətrafını qumdan təmizləməyə başladılar. Qatbaqat. Arzuları da, xəcaləti də, ümidsizliyi də - hər şey bu qumun altında qalmışdı. Onun çiyinlərindən yapışanda, təəccüblənmədi də. Əmr etsəydilər, şalvarını çıxarıb, onların gözü qarşısında işəyərdi də. Göy üzü işıqlandı - yəqin indi ay çıxacaq. Qadın məni nə üzlə qarşılayacaq?! Fərqi yoxdur... İndi onu nə cür istəsələr, elə də şallaqlaqlaya bilərdilər - o, dözməli idi.

27_____________________________________

Kişini qoltuqları altından kəndirlə sarıyıb, yenidən kisə kimi dərəyə endirdilər. Heç kəs bir kəlmə də kəsmədi. Elə bil onlar kişinin dəfnində iştirak edirdilər. Dərə dərin və qaranlıq idi. Ay işığı qum təpələrinin üstünə tünük parlaq ipək çəkdi; küləyin cızdığı naxışları, hətta ayaq izlərini belə rəngdən-rəngə çalan qırışlarda donmuş şüşəyə çevirdi. Və təkcə dərə bu mənzərəyə qarışmaq istəmədən, zülmətə qərq olmaqda davam edirdi. Lakin bütün bunlar onu həyəcanlandırmırdı. O, başını qaldırıb aya baxan kimi ürək bulanması və başgicəllənmə hiss etdi - yorulub, ölü kimi düşmüşdü.
Bu qatı zülmətdə qadın daha çox tünd ləkə kimi sezilirdi. Onun köməyi ilə güclə yatağına tərəf süründü, lakin nədənsə qadının özünü görmürdü. Və təkcə onu yox - ətrafda nə vardısa duman içindəymiş kimi yayılırdı. Hətta döşəyinin üstünə yıxılandan sonra da qumla qaçmaqda davam edirdi... Yuxuda da qaçmaqda davam edirdli. Narahat yatdı. Enən və qalxan səbətlərin səsi, itlərin uzaqdan eşidilən hürüşməsi apaydın yadında idi. Qadının gecə yarısı şam etmək üçün qayıtdığını, yatağının yanındakı lampanı yandırdığını bilirdi. Lakin yalnız su içmək üçün qalxanda tamam ayıldı. Gedib qadına kömək etmək üçün gücü qalmamışdı.
O, çaşqın-çaşqın ətrafa baxıb, lampanı yandırdı, papiros çəkdi. Gombul olsa da çox çevik hörümçək lampanın ətrafında qaçmağa başladı. Kəpənək olsaydı təəccüblənməzdi, lakin işığın hörümçəyi cəlb etməsi qəribə idi. Elə papirosu üstünə basıb hörümçəyi yandırmaq istəyirdi ki, fikrindən daşındı. Hörümçək saniyəölçənin əqrəbi kimi on beş-iyirmi santimetr məsafədə lampanın ətrafında fırlanırdı. Bəlkə onu təkcə işıq cəlb etməyib? Yox, o, gecə kəpənəyinin uçub işığa gəlməsini gözləyirmiş və buna nail oldu. Kəpənək bir neçə dəfə lampanın şüşəsinə çırpıldı, onun iri kölgəsi tavanda əks etdi, sonra isə metal altlığa düşüb, daha tərpənmədi. Nəsə qəribə kəpənəkdir - çox iyrəncdir. O, papirosu kəpənəyin üstünə basdı. Kəpənəyin əsəb sistemi iflic oldu və o, hələ də qıvrılan həşəratı götürüb hörümçək qaçan yerə atdı. Öncədən gördüyü faciə baş verdi. Bir andaca hörümçək atılıb, hələ də sağ olan kəpənəkdən yapışdı. Sonra isə o, artıq tərpənməz olan qurbanını sürüyərək, yenə fırlanmağa başladı. Yəqin o, xəyalən dadlı kəpənəyi necə yeyəcəyini duyub, bu şəkildə zövq alırdı.
O, heç bilmirdi ki, belə hörümçəklər də var. Hörümçək toru əvəzinə lampadan istifadə etmək necə də ağıllı fikirdir. Tor hörərkən nəyinsə ora düşməyini gözləmək lazım gəlir, lampanın köməyi ilə isə qurbanını özün tovlaya bilərsən. Bunun üçün yalnız münasib işıq mənbəyi gərəkdir. Əfsus ki, təbiətdə beləsi olmur. Ay və ya meşə yanğınları çətin ki, bu iş üçün yararlı olsun. İstisna deyil ki, bu, insan kimi təkamül edərək instinktlərini təkmilləşdirən nəsə yeni növ hörümçəkdir... Belə baxanda pis izahat deyil... Bəs onda işığın pərvanələri cəlb etməsini necə izah etməli?.. Kəpənək hörümçək deyil, çətin ki, lampa işığı bu həşəratların yaşamasına kömək etsin. Hər halda bu hadisə məhz süni işıq məlum olandan sonra üzə çıxıb. Elə kəpənəklərin toplaşıb aya uçmamaları faktı özü buna sübut kimi xidmət edə bilər.
Belə instinktlərə təkcə hansısa bir növ həşərat malik olsaydı, yenə başa düşmək olardı. Lakin axı bu on min növə yaxın pərvanə üçün ümumi instinkdir. Demək, bu nəsə şəksiz, dəyişməyən qanundur. Süni işıq tərəfindən oyadılan korkoranə, dəlicəsinə qanad çırpınması. İşıq, hörümçək və kəpənəklər arasındakı sirli əlaqə... Əgər qanun belə ağılsız təzahür edirsə, onda nəyə inanasan?
Kişi gözünü yumdu... Yayğın işıq zolağları axıb getdi...
O, tutmaq üçün əlini uzadanda, onlar çapalayıb yox olurdular... lap quma düşən qabarböcəyinin kölgəsi kimi...
O, hıçqırtıya oyandı.
- Niyə ağlayırsan?
Qadın çaşqınlığını gizlətməyə çalışaraq, tələsik qalxdı.
- Bağışlayın... Sizə çay hazırlamaq istəyirdim...
Onun göz yaşıyla doymuş boğuq səsi kişini şübhəyə saldı. Qadın əyilib balaca peçi yandırmaq istəyəndə kürəyi nəsə qəribə şəkildə titrədi və o, uzun müddət nə baş verdiyini anlamadı. Çətinliklə dərk edir, elə bil vərəqləri kif basmış kitabı süst vərəqləyirdi. Hələ yaxşıydı ki, vərəqləri çevirə bilirdi. Qəflətən özünə bərk yazığı gəldi.
- Alınmadı...
- Hə...
- Və hər şey elə axmaqcasına pozuldu ki.
- Axı heç kəsə müyəssər olmayıb... bir dəfə də olsa...
Qadın göz yaşları içərisində danışsa da səsində inam notları vardı, elə bil kişinin iflasına haqq qazandırır və başa düşürdü. Nə deyirsən de, təsirli acımadır. Onun səsinə səs verməmək, həddən artıq ədalətsizlik olardı.
- Hər halda heyf... Qərar vermişdim ki, qaça bilsəm, o saat radio alıb, sənə göndərəcəyəm...
- Radio?
- Sən axı çoxdan onun arzxusundasan.
- Eybi yox, lazım deyil... - Qadın üzr istəyirmiş kimi utana-utana danışırdı. - Əgər yaxşı işləsəm, elə burda da ala bilərəm. Nisyə alsam, yəqin ilk haqqını ödəməyə pulum çatar.
- Hə, əlbəttə, əgər nisyə alsan...
- Su qızanda yuyunaq?
Gözlənilmədən onda alatoran kimi, boz kədər baş qaldırdı... Bir-birinin yarasını yalamaq vaxtıdır. Lakin əgər sağalmaz yaraları durmadan yalasan, dilindən heç nə qalmaz.
- Yaxşı, təsəlli vermək lazım deyil... Həyat, onu təsəlli içində yaşamalı nəsnə deyil... Orda özünəməxsus həyat var, burda - özünəməxsus və həmişə adama elə gəlir ki, özgə həyatı daha yaxşıdır... Ən pisi - həyat elə belə də davam edəcək?.. Bu nə həyatdır?.. - deyə fikirləşməkdir. Axı bunu heç kəs bilmir... Eh, ən yaxşısı boğazacan iş-gücün içində olub, bu barədə heç fikirləşməməkdir...
- Yuyunaq?..
Yüz faiz, qadın onu ruhlandırmaq üçün bu sözləri dedi. Yumşaq, sakitləşdirici. Kişi yavaş-yavaş köynəyinin düymələrini açmağa, şalvarını çıxarmağa başladı. O, başdan ayağa qum içində idi. (O birisi, başqası indi görəsən nə edir?) Dünənə qədər nə olmuşdusa, hər şey çox uzaq keçmiş kimi görünürdü.
Qadın dəsmalı sabunlamağa başladı.



Üçüncü hissə

28_____________________________________

Oktyabr.
Heç cür getmək istəməyən yay, gün ərzində qumu elə qızdırırdı ki, üstündə ayaqyalın beş dəqiqə də dayanmaq olmurdu. Lakin gün əyilən kimi rütubətli soyuq dəlmə-deşik divarlardan içəri dolur və ocaq qalamazdan əvvəl nəm külü qurutmaq lazım gəlirdi. Küləksiz havalarda səhər və axşam kəskin teperatur dəyişikliyindən bulanıq çayı xatırladan duman qalxırdı.
Kişi qarğa tutmaq üçün evin arxasında cələ qurdu. O, cələnin adını "Ümid" qoydu. Qumun tərkibi nəzərə alınaraq düzəldilmiş cələnin quruluşu çox sadə idi. O, kifayət qədər dərin dərə qazıb, ora taxta çəllək basdırdı. Kibrit çöpü boyda üç kiçik pazla ölçüsünə görə çəlləkdən bir qədər kiçik olan qapağı bərkitdi. Hər bir paza nazik ip bağladı. İplər qapağın ortasındakı dəlikdən keçir və çöldəki məftilə bərkidilirdi. Məftilin ucuna yem - qurudulmuş balıq taxılmışdı. Çöldə təkcə qumdakı dayaz çökəkdəki yemi saxlayıb, bütün qurğunu səliqəylə qumda basdırdı. Qarğa yemi tutan kimi pazlar uçur, qapaq çəlləyin içinə düşür və qum uçqunu baş verir: qarğa diri-diri qumda basdırılır... Bir neçə dəfə öz qurğusunu təcrübədən keçirdi. Saz işləyirdi... Sürətlə qum altında qalıb heç qanadlarını çırpmağa belə imkan tapmayan bədbəxt qarğa aydın şəkildə gözləri önünə gəlirdi.
... Bəxti gətirib qarğa tuta bilsə, məktub yazıb onun caynaqlarına bağlamaq olar... Lakin əlbəttə ki, hər şey bəxtinə qalıb. Birincisi, buraxılan qarğanın yenidən adam əlinə düşəcəyinə ümid çox azdır... Üstəlik, onun hara uçacağını heç bilməyəcəksən də... Adətən qarğaların uçuş dairəsi çox məhdud olur... Və istisna deyil ki, əgər kənddən olan bu tiplər iki faktı bir-biriylə tutuşdursalar: mənim qarğam qaçıb, dəstədə isə ayağına kağız parçası bağlanmış təzə qarğa peyda olub, onda o saat niyyətim onlara aydın olacaq... Və belə ciddi-cəhdlə düşünülmüş, səbirlə həyata keçirilmiş hər şey hədər gedəcək...
Uğursuz qaçışdan sonra kişi çox ehtiyatlı olmuşdu. O, qış yuxusuna gedibmiş kimi dərədəki həyata uyğunlaşır və ancaq kənd əhlinin şübhələrini dağıtmaq haqqında düşünürdü. Deyirlər, eyni bir şeyi fasiləsiz olaraq təkrar etmək ən yaxşı maskirovkadır. Və eyni bir şeyin sadə təkrarından ibarət həyat sürsə, istisna deyil ki, əvvəl-axır onu unudacaqlar.
Təkrarın belə faydaları da ola bilər. Məsələn, axırıncı iki ayı qadın hər gün, başını da qaldırmadan muncuq düzür və öz işinə elə aludə olub ki, hətta sifəti belə şişib. O, hər dəfə iti ucunu karton yeşikdəki metal rəngli muncuqlara taxanda əlindəki uzun iynənin ancaq parlayıb, yox olmasını görürsən. İndiyədək yığdığı hardasa iki min iyen olar. Yarım ay da belə işləsə, radio üçün veriləcək ilk ödəmə üçün pul düzələr.
Muncuq dolu yeşiyin ətrafında rəqs edən iynədə o qədər əhəmiyyət, məna vardı ki, elə bil bu yeşik kainatın mərkəziydi. Təkrar hazırda baş verənləri bəzəyir, ətrafdakıların reallığı haqda təəssürat verirdi. Və kişi də bütünlüklə özünü yeknəsəq fiziki işə həsr etmək qərarına gəldi. Çardaqdakı qumu təmizləmək, düyü arıtlamaq, paltar yumaq - bütün bunlar onun gündəlik vəzifəsinə çevrildi. Hər halda, burnunun altında zümzümə edə-edə işləyəndə vaxt tez gedirdi. Kefindən qalmayıb, yatarkən üstlərinə qum tökülməsin deyə, polietilendən çox da böyük olmayan örtük düzəltmiş, isti qumda balıq bişirmək üçün qurğu fikirləşmişdi...
Qanını qaraltmamaq üçün o vaxtdan qəzet oxumurdu. Bircə həftə dözmək kifayət etdi ki, oxumağa həvəsi qalmasın. Bir aydan sonra isə ümumiyyətlə qəzetin nə demək olduğunu unutdu. Nə vaxtsa gördüyü "Tənhalıq cəhənnəmi" adlı qravürün repraduksiyası onu heyrətə salmışdı. Orda qəribə pozada göyün üzü ilə uçan adam təsvir olunmuşdu. Geniş açılmış gözləri qorxudan bərəlmişdi. Ətrafdakı boşluq yarımşəffaf meyit kölgələriylə dolu idi. O, onların arasından çətinliklə keçir. Ölülər əl-qol ata-ata, itələşərək, bir-birinə fasiləsiz olaraq nəsə deyirlər. Nəyə görə bu, "Tənhalıq cəhənnəmi"dir? O vaxt fikirləşmişdi: adını səhv qoymayıblar ki. İndi isə anladı. Tənhalıq - xəyalların şiddətli atəşidir.
Məhz buna görə, ürək döyüntülərində rahatlıq tapmayıb, dırnaq gəmirirlər. Təfəkkür ritmindən həzz almaq iqtidarında olmayıb, tütün çəkirlər. Cinsi əlaqədən təmin olunmayıb, əsəbi şəkildə titrəyirlər. Tənəffüs də, yeriş də, bağırsaq sürüşməsi də, gündəlik cədvəllər də, hər yeddinci gündə daxil olan bazar günləri də, dördaydanbir təkrarlanan məktəb imtahanları da, - bütün bunlar nəinki onu sakitləşdirir, əksinə, hər dəfə yeni-yeni təkrarlara itələyirdi. Tezliklə çəkdiyi siqaretlərin sayı artdı, çirkli dırnaqları olan naməlum qadınla daim tənha, gözdən uzaq yerlər axtardığı pis yuxular görməyə başladı. Və nəhayət, zəhərlənmə əlamətləri hiss edən kimi vaxt itirmədən xəyalən, sadə dövrü elliptik hərəkətlə canlandırılan göylərə, millimetrin səkkizdə biri uzunluğunda dalğaların hakim olduğu qum təpələrinə üz tutdu.
O, qumla bitib tükənməyən mübarizəsindən, onun üçün ibrət dərsinə çevrilmiş gündəlik işindən hardasa həzz də alırdı. Demək olmaz ki, bu, sırf özünəqəsd idi. Bunda kamilləşməyə gedən yolu tapsaydı, heç də təəccüblənməzdi.
Lakin bir səhər mütəmadi olaraq gətirilən ərzaqla yanaşı əlinə karikatura dərgisi düşdü. Dərgidir də, başqalarından heç nə ilə fərqlənməyən dərgi. Üz qabığı cırılmış, üstü çirkli barmaq izləri ilə dolu, - hansısa köhnə cır-cındır alverçisindən alınana oxşayırdı. Və baxmayaraq ki, dərginin görkəmi adam içinə çıxarılası deyildi, onun burda peyda olmasını kənd əhlinin qayğısı kimi qiymətləndirmək də olardı. Ən çox da, dərgini oxuyarkən gülməkdən az qala qarnının cırıldığından, sanki konvulsiyası başlayıbmış kimi ayaqlarını yerə döyməyindən təəccüblənirdi.
Dərgi gic-gic karikaturalarla dolu idi. Mənasız, vulqar, zəif çəkilmiş - ondan soruşsaydılar ki, burda gülməli nə var, cavab verə bilməzdi. Təkcə birini- belinə gombul bir kişi çıxanda dizləri titrəyib yerə yıxılan at təsvir edilmiş karikaturanı yaxşı adlandırmaq olardı. Atın sir-sifəti doğrudan da gülməli idi. Amma nə fərqi var ki, məgər bu vəziyyətə düşmüş birinə gülmək olarmı? Hərəkətindən utanaydı barı. Yalnız müəyyən həddə qədər nəyəsə uyğunlaşmaq olar. Üstəlik bu, məqsəd yox, yalnız və yalnız vasitə olmalıdır. Qış yuxusuna getmək haqqında boşboğazlıq etmək ayrı, köstəbəyə çevrilib, içində işığa çıxmaq həvəsini büsbütün öldürmək isə ayrı şeydir.
Düzdü, fikirləşəndə nə vaxtsa, nə üsullasa burdan çıxmaq üçün imkan əldə edəcəyinə ümid yoxdur. Lakin axı istisna deyil ki, sadəcə hər hansı məqsəddən uzaqda nəyisə gözləməyə adətkarda olmaq olar, qış yuxusu bitəndən sonra isə məlum olacaq ki, işıq gözünü kor edib və sən burdan bayıra çıxa bilmirsən. Atalar demiş: üç günün ölüsü, min ilin ölüsü... Daxili his-pas elə sürətlə üzə çıxır ki... O, dərin fikrə daldı, lakin atın məzəli sifəti yadına düşmüşdü ki, yenidən onu gic gülmək tutdu. Başı lampa işığında həmişəki sapa muncuq düzmək kimi əziyyətli işə qarışmış qadın başını qaldırıb sadəlövhlüklə ona gülümsədi. Kişi öz satqınlığına dözə bilməyib, dərgini bir kənara atdı və çölə çıxdı. Dərənin üstündə süd rəngli duman burulub qalxırdı. Gecənin qalıqları - ətrafa səpələnmiş kölgə parçaları... qızdırılmış metal sap kimi parıldayan parçalar... parıldayan buxar damcılarına çevrilmiş üzən parçalar... Və kölgələrin belə möcüzəli ahəngi insanda intəhasız arzular oyadır. O, baxır və baxmaqdan doymurdu. Hər bir an yeni-yeni kəşflərlə zənginləşirdi. Burda hər şey vardı - həqiqətən mövcud olan obrazlar da və heç vaxt görmədiyi fantastik obrazlar da.
Kişi üzünü bu kölgələr burulğanına tərəf tutub, danışmağa başladı:
- Cənab məhkəmə sədri, məni ittihamla tanış edin! Mənə deyin görüm, belə bir hökm çıxarılmasına səbəb nədir?! Müttəhim sizin cavabınızı ayaq üstə gözləyir!
Dumanın içindən ona tanış səs eşidildi. Bir qədər küt olan həmin səs, elə bil telefon trubkasına danışırdı.
- Belə baxanda, yüzündən biri...
- Nə dediz?
- Deyirəm, Yaponiyada hər yüz nəfərdən biri şizofrenikdir.
- Üzr istəyirəm, siz nədən danışırsınız?
- Yeri gəlmişkən, kleptomanlara da yüzündən biri düşür...
- Bura baxın, siz nədən danışırsınız?
- Əgər kişilərin bir faizi eynicinsli sevgiyə mübtəla olubsa, onda təbii ki, qadınlar arasında da faiz göstəricisi belə olmalıdır. Və əgər davam etsək - bir faiz aravuranlar, bir faiz əyyaşlar, bir faiz psixi cəhətdən geri qalanlar, bir faiz cinsi manyaklar, bir faiz allahlıq iddiasında olanlar, bir faiz islaholunmaz dələduzlar, bir faiz impotent, bir faiz terrorist, bir faiz paranoid...
- Xahiş edirəm, bu mənasız söhbətə son qoyun...
- Yaxşı, sakitcə qulaq as. Hündürlükdən qorxmanı, sürətdən qorxmanı, narkomaniyanı, isteriyanı, adam qanına susamışları, sifilisliləri, ağıldan kəmləri də bir faiz olmaqla bura əlavə etsək...- hardasa iyirmi faiz alarıq... Və əgər sən bax elə bu üsulla hardasa səksən anomaliya da saysan... bunun mümkün olduğuna isə heç bir şübhə-filan yoxdur...deməli, insanların hamısının - yüz fizinin də anormal olduğu tam dəqiqdir, statistik cəhətdən sübut olunmuşdur.
- Bu nə cəfəngiyyatdır! Əgər normallığın hər hansı bir etalonu olmasaydı, anormallığı da təyin etmək mümkün olmazdı!
- Belə lazım deyil, axı mən sadəcə səni müdafiə etmək istəyirdim...
- Müdafiə etmək?..
- Lakin axı sən çətin ki, günahkar olduğunun üstündə təkid edəsən.
- Əlbəttə etməyəcəm!
- Onda özünü daha üzüyola apar. Vəziyyətdə nə qədər istisnalıq olursa olsun, özünü dağıtmağın heç bir mənası yoxdur. İnsanlar əcaib kəpənək qurdunu xilas etməyə borclu deyillər, lakin onların bu qurdu mühakimə etməyə də haqları yoxdur...
- Kəpənək qurdunu?.. Nə üçün qanunsuz saxlanmaya qarşı etirazım məni əcaib kəpənək qurduna çevirdi?
- Özünü sadəlövhlüyə vurma... Yüksək rütubət və temperatun səciyyəvi olduğu Yaponiya kimi bir ərazidə təbii fəlakətlərin səksən yeddi faizi daşqınların üzərinə düşür. Və belə bir şəraitdə küləyin yaydığı qumun vurduğu ziyan faizin mində biri qədərdir. Bunu nəzərə almaq - Saxarada daşqınlarla mübarizə qanunvericiliyi tətbiq etmək kimi bir şey olardı. Mənasız söhbətdir!
Mən bundan danışmıram. Söhbət mənim əzablarımdan gedir... Qanunsuz saxlama hər yerdə qanunsuzdur - istər səhrəda olsun, istərsə də bataqlıqda!
- A - a, qanunsuz saxlama... Amma axı insan tamahının sərhədi yoxdur... Və sən kənd əhalisi üçün dadlı tikəsən...
- Pox da yeməkdir! Lakin mənim üçün yaşamağın mənası daha yüksək şeylərdədir!
- Mənim bildiyimə görə, dünyada elə adamlar var ki, pi rəqəminin bir neçə yüz işarəlik dəqiq sayını tapmaq üçün ömürlərinin az qala on ilini sərf ediblər... Əla... Yəqin bunun özündə də yaşamağın mənası var... Lakin sən yaşamağın məhz belə bir mənasını inkar etdiyin üçün sonda gəlib bu yerlərə çıxmısan.
- Qətiyyən! Qumun özünün də tam ayrı imkanları var!.. Məgər o, tökmə üçün formaya yaramır?.. Sonra - o, betona möhkəmlik vermək üçün vacib xammaldır... Həm də qumdan bakteriya və alaq otunun asan alınması kənd təsərrüfatındakı təcrübələrədə istifadə edilir... Nəhayət, onu da əlavə edim ki, enzim əlavə etmək yoluyla qumdan münbit torpaq almaq üçün təcrübələr aparılıb... Qısası, qumu sən elə-belə bilmə...
- Ay da, adamı imanından necə tez döndərirsən... Lakin sən öz nöqteyi-nəzərini dəyişsən, mən bundan sonra nəyə inanmaq lazım olduğunu bilməyəcəm.
- Mən it kimi gəbərmək istəmirəm!
- Məgər sənin üçün fərqi va?.. Qarmaqdan qaçırdığın balıq həmişə tutduğundan böyük görünür.
- Lənət şeytana, axı sən kimsən?
Lakin duman parçaları burulub, göyə qalxdı və o, cavabı eşitmədi. İndi isə işıq şüaları dəstə-dəstə aşağı enməyə başladı. Nur gözünü qamaşdırdı. Dişlərini bir-birinə sıxıb, yorğunluğunun, boğazının yolunu tutan qatı qurum topasının çölə çıxmasına imkan vermədi.
Qarğa qarıldadı. Cələ yadına düşdü deyə, evin arxasına keçib, öz "Ümid"inə baş çəkmək qərarına gəldi. Müvəffəqiyyətə ümidi heç yox idi, lakin bu məşğuliyyət karikatura dərgisindən qat-qat maraqlıydı.
Yem əvvəlki tək toxunulmamış qalmışdı. İylənmiş balığın iyi burnuna vurdu. "Ümid"i düzəltdiyi vaxtdan hardasa iki həftə keçsə də, heç bir nəticə hasil olmamışdı. Görəsən səbəb nədir? Cələnin konstruksiyasına əmin idi. Əgər qarğa yemə toxunsaydı, hər şey əla olardı. Lakin qarğa heç o tərəfə baxmırdı da, indi durub nə edəsən...
Görəsən "Ümid"in nəyi onların xoşuna gəlmirdi? Axı hansı tərəfdən baxırsansa bax, cələdə şübhəli heç nə yox idi. Qarğalar başqa quşlardan onunla fərqlənir ki, insanın atdığı zir-zibililə qidalandığından, son dərəcə ehtiyatlı olmaq şərtilə həmişə yaşayış məskənlərinin ətrafında fırlanırlar. Onlar elə bil insanla səbirli olmaq üzrə yarışına çıxıblar. Nə qədər ki, dərədəki bu iylənmiş balıq onların şüurunda adi bir şeyə çevrilməyəcək... Nə isə, səbirli olmaq hələ məğlub olmaq demək deyil... Əksinə, elə ki, səbirliliyi məğlubiyyət kimi qəbul etməyə başladın, əsl məğlubiyyət də elə onda başlayır. Axı məhz elə buna görə də o, "Ümid" adını seçib. Ümid burnu - Cəbəllütarix deyil, Keyptaundur...
Kişi Ayaqlarını bir-birinə dolaşdıra-dolaşdıra evə qayıtdı... Yenə yatmaq vaxtı gəldi.

29_________________________________

Qadın onu görəndə sanki indi yadına düşübmüş kimi lampanı üfürüb söndürdü və bir qədər qapıya yaxın - işıq düşən yerdə əyləşdi. Yəni doğrudanmı qadın işini davam etdirməyə hazırlaşır? O, birdən nəsə etmək həvəsinə düşdü. Qadına tərəf atılıb, içində muncuq olan yeşiyi onun dizinin üstündən yerə atdı. Hansısa bitkinin meyvələrinə oxşayan qara kürəciklər torpaq döşəməyə dağılıb, o anda da qumda itdilər. Qadın bir kəlmə də kəsməyib, qorxa-qorxa ona baxırdı. Kişi sifətinə küt bir ifadə verib dayanmışdı. Əzilmiş dodaqlarından sarımtıl tüpürcəklə birgə yazıq bir inilti çıxdı.
- Mənasızdır...Əbəs yerə əlləşməkdir...Tamamilə boş söhbətdir...Sən artıq zəhərlənmisən...
Qadın hələ də susurdu. O, sakitcə artıq sapa düzülmüş muncuqları barmaqları ilə oynadırdı. Onlar jele parçaları tək parıldayırdılar. Kişini titrətmə tutdu. Titrəmə ayağından başlayıb, yuxarı, lap yuxarı qalxırdı.
- Hə, elədir. Tezliklə artıq heç nəyi dəyişmək mümkün olmayacaq. Günlərin bir günü gözümüzü açıb görəcəyik ki, kənddə bir nəfər də qalmayıb, ancaq bizik... Mənə hər şey aydındır... Düz deyirəm... Düz deyirəm... İndi bizi yalnız bu gözləyir, özü də çox tezliklə... Və başa düşəndə ki, bizi satıblar, onda gec olacaq... Biz bütün gücümüzü sərf etdik, onlar isə buna tüpürmək belə istəmirlər.
Qadın ovcunda sıxdığı muncuqlardan gözünü çəkmədən yavaşca başını buladı.
- Yox, bu ola bilməz. Burdan çıxıb gedəndən sonra onlar necə yaşayacaq, - o saat yerbəyer olmaq olmur axı?..
- Mənim vecimədi ki? Məgər burdakı mövcudiyyəti yaşayış adlandırmaq olar?
- Lakin qum var və buna görə...
- Qum? - Kişi dişlərini bir-birinə sıxıb, çənəsini oynatdı. - Qum, bəs o nəyə lazımdır? Qumdan qara qəpik də qazanmaq olmaz, ancaq həyatını korlayarsan.
- Yox, qumu satırlar.
- Satırlar?.. Görəsən onlar bunu kimə satırlar?
- Mm, şey,tikintidir, nədir, ora...Onu betona qarışdırırlar...
- Boş-boş danışma! Əgər bu qumu sementə qarışdırsaydılar, əla olardı - axı o, duzdan boldur. Əvvəla, bu, tikinti qanunlarının, ya da nədir o - təlimatlarının pozulması olardı...
- Əlbəttə ki, gizli satırlar... Yarı qiymətə...
- Ağlına nə gəldi çərənləyirsən! Axı özül, ya da bənd dağılanda, onları qumun yarı qiymətə və ya havayı alınması xilas etməyəcək!
Qadın ona acıqla baxdı. Sonra isə gözlərini aşağı dikdi, artıq onun səsində mütilik tonu hiss olunmurdu.
- Nə fərqi var? Bizlik deyil, burnunu soxma!
Kişi çaşdı. Qadında baş verən dəyişiklik heyrət doğururdu - elə bil üzündəki maska yırtılmışdı. Bu, onun qarşısında qadın qiyafəsində dayanmış kəndin sifəti idi. İndiyədək kənd onunçün yalnız cəllad idi. Yaxud acgöz aktinium kimi faydasız yabanı bitki. Özünü isə bədbəxt, təsadüfən tutulan qurban hesab edirdi. Kəndin əhalisi isə əksinə, məhz onların hamı tərəfindən atıldığını, tərk edildiyini düşünürdü. Təbii ki, bundan sonra onların başqaları qarşısında heç bir borcu-filanı qalmırdı. Deməli o, kəndlilərə ziyan vuranlara aid olduğundan, kəndin çıxartdığı buynuz ona tuşlanmışdı. O, hələ indiyədək özünün kəndlə olan münasibətləri haqqında belə düşünməmişdi. Onların karıxması təəccüblü deyil. Qoy lap elə belə olsun, lakin geri çəkilmək - özünün haqlı olmasının üstündən xətt çəkmək kimi bir şey olardı!
- Bəlkə də elədir, başqalarının dərdini çəkməyə dəyməz. - Əsəbi halda qalxdı. - Amma bu geydirmə al-verdən kimsə əməlli-başlı pul qazanır, düzdür?.. Bu əclaflar üçün tər tökməmək də olar...
- Xeyr, qum satışı artelin öz işidir.
- Tutaq ki... Amma hər halda kimin daha çox səhmi var, kim daha çox pul qoyubsa, o...
- Qayıq almaq üçün pulu olan sahibkarlar burdan çoxdan çıxıb gediblər... Bizə isə çox istı münasibət göstərirlər... Düz sözümdür, aldatmaq söhbəti ola bilməz... Əgər fikirləşirsinizsə ki, mən yalan danışırım, onda xahiş edin yazı-polzunu sizə göstərsinlər, onda özünüz hər şeyi başa düşəcəksiniz.
Kişi özünü itirmiş halda, həyəcanlı dayanmışdı. O, birdənbirə özünü bədbəxt, köməksiz hiss etdi. Üstündə düşmən və öz qoşunlarının mövqeləri müxtəlif rənglərlə rənglənmiş əməliyyat xəritəsi, heç nə anlaşılmayan naməlum çalarlı, nəsə sirli bir şəklə çevrildi. Və bu karikatura dərgisindən ötrü də çox elə kef pozmağa dəyməzdi. Gic-gic gülməkdən burda sənin ürəyin gedir, ya yox - bu heç kəsi maraqlandırmırdı... O, dili dolaşa-dolaşa, qırıq-qırıq donquldandı:
- Hə də... Əlbəttə... Başqalarının işi... Bu həqiqətdir...
Sonra onun dilindən özünün də gözləmədiyi, əvvəl deyilənlərlə heç bir əlaqəsi olmayan bir söz çıxdı.
- Vaxt itirmədən, hansı olursa-olsun, bir dibçək gülü almaq lazımdır. - Özü də dediyinə mat qaldı, amma qadının sifəti daha təəccüblü idi və o, artıq geri çəkilə bilməzdi. - Ətraf ölüdür, göz də nəyəsə baxıb dincəlməlidir...
Qadın həyəcanla cavab verdi:
- Bəlkə şam ağacı?..
- Şam... Yox, mən şamı xoşlamıram... Nə isə, fərqi yoxdur, lap adi ot da olar... Burun tərəfdə onlardan çox bitir, nədir onun adı?
- Tüklücədir deyəsən. Amma hər halda balaca ağac daha yaxşıdır, hə?
- Əgər ağac alsaq, onda ya ağcaqayın, ya da nazik budaqlı, iri yarpaqlı pavloniy... Qoy külək onları yellətsin...
Yellənsinlər...Dalğalanan yarpaq salxımları. Qaçmaq istəsələr, qaça bilməyəcəklər - gövdəyə möhkəm bitişiblər...
Birdən naməlum bir səbəbdən qırıq-qırıq nəfəs almağa başladı. Az qalmışdlı ki, hönkürsün. Cəld üstünə muncuq səpələnmiş torpaq döşəməyə əyilib, naqolay hərəkətlərlə qumda eşələnməyə başladı.
Qadın tələsik qalxdı.
- Eybi yox, eybi yox. Mən özüm... Hamısıı ələkdən keçirərəm.

30_________________________________

Bir dəfə kişi müəyyən ehtiyacını ödəmək üçün evin arxasına keçib dərənin lap kənarında, az qala əllə toxunulacaq qədər yaxın məsafədə asılan bozumtul Aya baxanda qəflətən bədənini bərk titrətmə tutdu. Bəlkə soyuq dəyib?.. Yox, oxşamır. Hər dəfə hərarəti qalxmazdan əvvəl belə tirətmələrdən çox tutmuşdu, amma indi nəsə ayrı iş idi. Ona elə gəlmirdi ki, hava tikanlıdır, heç tükləri də biz-biz olmamışdı. Titrətmə dərisində yox, hardasa sümüklərində hiss olunurdu. Titrətməsi suya atılan daşdan törəyən zəif dalğalar kimi dairəvi yayılırdı. Küt ağrı bir sümüyündən digərinə ötürülürdü və keçib gedənə oxşamırdı. Elə bil küləklə birgə içinə paslı dəmir bidon daxil olmuş və dambadaramla bədənini gəzirdi.
Beləcə əsə-əsə dayanıb, Aya baxdığı bu müddətdə ağlına ən gözlənilməz assossasiyalar gəldi. Bu yastı Ay nəyə oxşayır? Çapıqlarla örtülü və ora-burası kobud üyüdülmüş unla pudralı yara...Qurumuş ucuz sabun... Ya da, ola bilsin, səhər yeməkləri üçün nəzərdə tutulmuş kiflənmiş yumru qutu... Mərkəzinə yaxın yerdə isə tam ağlagəlməz obrazlar. Kəllə... Bütün ölkələrçün ümumi olan zəhər emblemi... Həşəratlar üçün olan şüşənin dibinə səpilmiş ağ kristallar... Ayın səthi ilə sianlı kaliumun buxarlanmasından sonra qalan kristalların qeyri-adi oxşarlığı. Yəqin bu şüşə hələ də qapının yanında, qumun altındadır...
Ürəyi çatlamış pinq-ponq şarı kimi qeyri-müntəzəm vurmağa başladı. Xırda cılız assossasiyalar. Görəsən, nəyə görə həmişə belə məşum şeylər haqqında fikirləşir? Onlarsız da bu oktyabr küləyi kədər və pərişanlıq gətirir. O, boş qabıqdan düzəlmiş tütəkdə çalırmış kimi vıyıltıyla ötür.
Kişi Ayın azca işıqlandırdığı yarğanın kənarına baxıb içinin yanıb yaxıldığı barədə keçirdiyi hisslərin sadəcə paxıllıq olduğu barədə fikirləşdi. Onun yuxarıda qoyub gəldiyi nə varsa, bütün hamısını özündə təcəssüm etdirən hər şeyə - küçələrə, tramvaylara, səkilərdəki işıqforlara, teleqraf dirəklərindəki reklamlara, ölü pişiklərə, içində siqaret satılan apteklərə olan paxıllıq. Paxıllıq içini, qum divar və dirəklərin içalatını gəmirdiyi qaydada yeyib, onu yanan sobanın üstünə qoyulmuş boş qazana çevirmişdi. Qazan qızır, qızırdı. İsti dözülməz həddə çatır, elə bil bu dəqiqə qazan əriyəcək. Və ümiddən danışmazdan əvvəl, bu anı necə dəf etmək haqqında fikirləşmək lazımdır və ümumiyyətlə, onu dəf etməyə dəyərmi?
Ürəyim daha yüngül hava istəyir! Heç olmasa təmiz, indi nəfəs aldığımla qarışmamış hava! Əgər heç olmasa gündə bir dəfə yamaca çıxıb, yarımca saat dənizə baxmaq mümkün olsaydı, bu necə də gözəl olardı! Nəyə-nəyə, heç olmasa buna icazə verə bilərdilər. Kənd onu həddən artıq ciddi qoruyur. Nəzərə alsaq ki, sonuncu bu üç ayı vicdanla işləyib, onda istəyi tamamilə təbiidir. Hətta məhbusa da gəzintiyə icazə verilir.
- Bu, dözülməzdir! burnunu quma soxub, il boyu belə yaşamaq. Bu, diri-diri konservləşdirilmək kimi bir şeydir. Doğrudanmı, mənə heç olmasa hərdənbir dərənin ətrafında gəzişməyə icazə verməyəcəklər?
Lakin qadın nə deyəcəyini bilmədən susurdu. Onun üzündə elə bil konfetini itirib şıltaqlıq edən uşaqla necə davranacağını bilməyən adamın üzünün ifadəsi vardı.
- Kişidilərsə, desinlər ki, olmaz! - Kişi hirsləndi. O, yenidən acı xatirələr oyadan bu mənfur kəndir nərdivanlar haqqında danışmağa başladı. - Mən həmin gün qaçanda, onları öz gözlərimlə görmüşəm... Bizim cərgədə də içinə nərdivan sallanmış bir neçə ev var!
- Hə, lakin...- Qadın özünə haqq qazandırırmış kimi cəsarətsiz danışırdı. - Onlardan çoxu neçə nəsildir ki, bu evlərdə yaşayırlar.
- Necə bəyəm, belə çıxır ki blə bizə inanmırlar, nədir?!
Qadın hər əmrə müntəzir it kimi başını aşağı saldı. Əgər kişi onun gözləri qarşısında zəhər içsəydi belə, yəqin ki, qadın elə beləcə mütiliklə susub, heç bir söz deməzdi.
- Yaxşı, bu əclaflarla özüm danışmağa çalışaram!
Düzünə qalsa, ürəyinin dərinliklərində bu danışıqların müsbət nəticələnəcəyinə özü də inanmırdı. O, bu ümidsizliklərə alışmışdı. Buna görə də elə həminki qoca ikinci növbə qum daşıyanlarla qayıdıb, üstəlik cavab da gətirəndə hətta bir qədər çaşdı da.
Lakin bu çaşqınlıq cavabın mahiyyətini anlayanda keçirdiyi hisslərlə müqayisəyə belə gəlmirdi.
- Eybi yox...- Qoca başındakı köhnə kağız-kuğuzda eşələnirmiş kimi hıqqana-hıqqana, aram-aram danışırdı. - Nədi o, e, nə isə, desəm ki, heç cür razı deyilik, - haqsızlıq olardı... Məsələn, mən, əlbəttə, lakin siz ikiniz də evdən çıxıb, bizim qarşımızda, hamının qarşısında...biz baxa-baxa siz bunu etsəz...I sizin xahişiniz isə düzgün xahişdir, buna icazə vermək olar, yaxşı...
- Biz nə etməliyik ki?
- I, onu...necə deyim, erkəklə dişi nə edirlər? Cütləşirlər...Bax belə.
Qumdaşıyanlar gic-gic hırıldaşdılar. Kişi boğulurmuş kimi yerində dondu. Çətinliklə də olsa söhbətin nədən getdiyini anladı. Anladığını anlamağa başladı. Və tam dərk edəndən sonra təklif ona heç də ağlasığmaz görünmədi.
Cib fənərinin işığı qızıl quş kimi ayağının yanından uçub getdi. Bu, nəyəsə işarə idi. Onun ardınca yeddi-səkkiz işıq şüası dərənin dibində fırlanmağa başladı. Az qala qır kimi alışıb-yanan yuxarıdakıların bu səbirsizliyindən əzilən kişi, təklifi rədd etmək üçün hələ söz tapmamış, artıq deyəsən özü də onların bu ağılsızlığına tutulmuşdu.
O, aramla qadına tərəf döndü. Elə bu saat o, bellə burda qum kürəyirdi amma indi harasa yox olub. Bəlkə evə qaçıb? O, qapıya dönüb, onu səslədi.
- İndi biz nə edək?
Divarın arxasından qadının boğuq səsi eşidildi.
- Cəhənnəm olsunlar!
- Axı burdan çıxmaq istəyirəm...
- Belə olmaz!
- Bəsdir sən allah, buna təbii baxmaq lazımdır...
Birdən qadın tövşüyərək ona yaxınlaşdı.
- Sizə nə olub, dəli olmusunuz?.. Yəqin ağlınızı itirmisiniz... Sadəcə ağlınız başınızdan çıxıb! Məgər belə etmək olarmı!.. Mən ki, dəli deyiləm!
"Bəlkə düz deyir?.. Bəlkə doğrudan da dəli olmuşam?.." Qadının sərtliyi onu geri çəkilməyə məcbur edirdi, lakin içində nəsə bir boşluq böyüyüb, enlənirdi...O, nə qədər kötək yemişdi! İndi şərəf və ləyaqətin nə mənası var?.. Sən nəsə bir murdar iş görürsənsə və bu zaman sənə baxırlarsa, bu murdarlıq eyni dərəcədə sənə baxanları da ləkələyir...Görünmək və görmək - bu iki anlayış arasında divar qurmağa dəyməz... Əlbəttə, onlar arasında müəyyən fərqlər var, lakin bu fərqin itməsi üçün mən bu adamlara kiçik bir tamaşa düzənləyəcəm... Və bundan ötrü hansı mükafatı alacağını fikirləşmək lazımdır!.. Yerin üstü ilə azadə gəzmək!.. Mən başımı bu iylənmiş bataqlıqdan çölə çıxarıb, doyunca nəfəs almaq istəyirəm.
Qadının harda olduğunu təyin edib, qəflətən onun üstünə atıldı. Qadının çığırtısı, onların bir-birinə sarılmış bədənlərinin evin divarının yanına çırpılmasından qalxan səs-küy, yuxarıda heyvani ehtiraslar oyatdı. Fit səsi, alqış, şəhvət çığırtıları eşidildi...Ordakı adamların sayı çoxalmağa başladı, deyəsən aralarında gənc qadınlar da vardı. Evin qapısı üzərində ora-bura sürüşən fənərlərin sayı əvvəlkindən azı üç dəfə çoxaldı.
Qadını qəfil yaxaladığından, onu sürüyüb bayıra çıxara bildi. Qadının boynunu sıxdığından o, kisə kimi əzildi. Dərənin üstündəki işıq yarımçevrəsi bayram çıraqbanlığını xatırladırdı. Hava çox isti olmasa da, qoltuqlarının altından tər sel kimi axır, üstünə bir çəllək su əndəribmişlər kimi saçları islanmışdı. Tamaşa edənlərin çığırtısı qulaqlarında əks-səda verib, iri qara qanadlarla göy üzünü örtdü. Kişiyə elə gəldi ki, bu onun qanadlarıdır. O, yuxarıdan həyəcanla baxanları özünü hiss etdiyi kimi apaydın hiss edirdi. Onlar kişinin bir hissəsiydi. Yuxarıdakıların ağzının sulanması ondakı şiddətli ehtirasın səbəbindən idi. O, artıq özünü qurban yox, daha çox cəlladların nümayəndəsi kimi hiss edirdi.
Qaranlıq idi, əlləri də əsirdi, barmaqları isə sanki iki dəfə qalınlaşmışdı. Nəhayət qadını tam qucanda, o, yığılıb, cəld kişinin qolları arasından sivişib çıxdı. Qumda bata-bata qadının ardınca atıldı. Lakin qadın polad yay kimi yenidən onu kənara atdı. Nəhayət onu tutub, yalvarmağa başladı:
- Yalvarıram... Yalvarıram sənə... Axı mən onsuz da bacarmıram... Gəl sadəcə özümüzü elə göstərək ki, guya bunula məşğul oluruq...
Lakin qadını tutmağa artıq lüzum yox idi. Deyəsən, onun qaçmağa meyli itmişdi. Birdən o, yırtılan materiyanın səsini eşitdi, elə həmin anda da qadının bütün hiddətini, bütün bədəninin ağırlığını toplayıb, dirsəyilə onun qasığına endirdiyi güclü zərbəni hiss etdi. Kişi səssiz-səmirsiz ikiqat olub, əlləri ilə dizlərini qucaqladı. Qadın onun üstünə əyilib, yumruqlarıyla başına-gözünə döşəndi. İlk nəzərdə onun hərəkətləri süst görünə bilərdi, amma hər zərbəsi elə bil ağırlaşmış, yaprıxmış duz parçalarını itələyirmiş kimi ağır idi. Burnundan qan fışqırdı. Qanına qum yapışdı və onun sifəti torpaq topasına çevrildi.
Yuxarıdakı ehtiras dəndəsi sınmış çətir kimi endi. Hiddət, gülüş, qızışdırıcı səslər bir-birinə qarışdı, lakin onlar nəsə rabitəsiz, qırıq-qırıq idi. Sərxoş, arsız çığırtılar da tamaşaçıların əhvalını qaldıra bilmirdi. Kimsə aşağı nəsə tulladı, bir başqası onu söydü. Sonluq da başlanğıc kimi qəfil oldu. Uzaqdan işə çağırş səsləri eşidildi, işıqların uzun quyruğu sanki yuxarı çəkilibmiş kimi əridi. Və yalnız ehtirasın sonuncu izlərini süpürüb aparan qara şimal küləyi əsirdi.
Döyülüb, başdan-ayağa quma batmış kişi qarmaqarışıq şəkildə hər şeyin alnına necə yazılıbsa, elə getdiyini anladı. Bu fikir hardasa altında təkcə ürək döyüntüləri aydın hiss edilən, tərlə doymuş döşəkağını xatırladan şüurunun bir küncündə, özünə yer etmişdi. Qadının od kimi isti qolları onun qoltuqları altında qalmış, bədəninin qoxusu isə tikan kimi burnun dalayırdı. Sakit axan çayın dibindəki daş kimi qadının isti əlləri içində olduğu gözünün qabağına gəldi.

31______________________________________

Qumun bir-birindən fərqlənməyən gecələri əvəzlənir, həftələr keçirdi.
Qarğalar əvvəlkitək "Ümid"ə yaxın durmurdular. Yem - qurudulmuş balıq - daha qurudulmuş balıq deyildi. Qarğalar ona tamah salmamışdılar, lakin görünür, bakteriyalar üçün fərqi yox idi. Bir dəfə səhər çağı taxtanın ucu ilə yemə toxundu - balığın yalnız qabığı qalmışdı, özü isə qara, yapışqan kimi horraya çevrilmişdi. Yemi dəyişib, qurğusunun xarab olub - olmamasını bir daha yoxlamaq qərarına gəldi. O, qumu qazıb, qapağı açanda zərbə yemiş kimi yerindəcə qurudu. Çəlləyin dibində su yığılmışdı. Hündürlüyü cəmi on santimetr olardı, lakin bu, göz yaşı kimi dupduru su idi, hər gün onlar üçün gətirilən paslı sudan qat-qat təmiz. Məgər son günlər yağış yağıb ki?.. Yox, ən azı iki həftə idi ki, yağış yağmırdı... Onda, bəlkə bu su, əvvəl yağan yağışlardan qalmadır?.. O, belə fikirləşmək istərdi, amma təəccüblüsü o idi ki, çəllək suyu buraxırdı. Həqiqətən də, o, çəlləyi qaldıranda altından şorhaşorla su axdı. Nəzərə alsaq ki, belə dərinlikdə yeraltı su qaynağı ola bilməz, onda belə çıxır ki, çəlləkdən axan su daim hardansa onun içinə daxil olur. Hər halda, nəzəri cəhətdən belə çıxır. Lakin bu qurumuş qumların içində su çəlləyə haradan daxil ola bilər?
Kişi dəqiqəbədəqiqə artan həyəcanını güclə boğurdu. Yalnız bir cavab uyğun gəlirdi. Qumun kapilyarlığı. Qumun üst qatı adətən, yüksək istilik tutumu hesabına qurumuş olur, lakin bir qədər dərinə getsən, orda qum həmişə nəm olur. Şübhəsiz ki, bu, qumun üst qatında buxarlanmanın, aşağı qatlardan nəmi vurub çıxaran pompanqın işini gördüyü üçün baş verir. Bunu təsəvvür edib, qum təpələrindən səhər-axşam qalxan qatı dumanın, evin taxta divar və dirəklərininin canına hopub, çürüdən qeyri-adi nəmişliyin nədən baş verdiyini asanca anlamaq olar. Uzun sözün qısası, qumun quruluğu sadəcə su çatışmamazlığı ilə deyil, kapilyarlardan sovrulma sürətinin buxarlanmanın sürətindən həmişə geri qalması ilə izah edilir. Başqa sözlə, suyun daxilolması fasiləsiz davam edir. Lakin bu dövretmə adi torpaq üçün ağlasığmaz olan bir sürətlə baş verir. Və çox güman ki, onun "Ümid"i suyun bu dövretməsini hardasa pozub. Görünür, basdırılmış çəlləyin yeri, onunla qapağı arasındakı yarığın eni və s. - bütün bunlar aşağıdan özünə yol tapan suyun buxarlanmasını əngəlləyib, o da çəlləyin dibində yığılıb qalıb. Bu nə mövqedir və bütün bunlar bir-birilə necə əlaqəlidir kimi suallara cavab tapmaq onun üçün hələlik çətin idi, lakin dərindən öyrənsəydi, yəqin ki, cavab tapa bilərdi. Və istisna deyil ki, su əldə etmək üçün daha səmərəli qurğu qura bilərdi.
Təcrübələr müvəffəqiyyətlə başa çatsa, onlar üçün su gətirməyi tərgitsələr belə, heç kəsin qarşısında əyilməyəcək. Ən maraqlısı odur ki, sən demə, bu qumlar həm də nəhəng nasosdur. Ona elə gəldi ki, susovuran nasosun üstündə əyləşib. Dəlicəsinə vuran ürək döyüntülərini sakitləşdirmək üçün oturub, nəfəsini dərməli oldlu. Hələlik bu barədə heç kəsə bir kəlmə demək lazım deyil. Bir şey olsa, bu, zəruri silahdır.
O, sevinərək gülüşünü saxlaya bilmədi. Baxmayaraq ki, "Ümid"lə bağlı baş verənlər haqqında susmalı idi, ürəyini dolduran bu sevinc hissini gizlədə bilmirdi. Kişi qəfildən nazik səslə qışqırıb, yataq döşəyən qadını arxadan qucaqladı. Lakin qadın əlindən çıxdı, o, isə arxası üstə yıxıldı və sanki içi qazla doldurulmuş şar qarnını qıdıqladığından ayaqlarını oynadaraq, gülməyə başladı. Ona elə gəldi ki, üzünə tutduğu əli havada sərbəst uçur.
Sadəcə onun əhvalını pozmamaq üçün, süni də olsa qadın da gülürdü. Kişi özü-özünə, nazik gümüşü sap kimi qumların arasındakı dar yollarla yuxarı qalxan, intəhasız olaraq uzanıb gedən dupduru yeraltı çaylar şəbəkəsini təsəvvür etdi. Qadın isə tamam ayrı - kişinin bu hərəkətindən sonra baş verəcək hadisə - cinsi əlaqə haqqında fikirləşdi. Qoy olsun. Yalnız gəmidə batan və ancaq möcüzə sayəsində sağ qalan adam, yalnız təkcə nəfəs aldığına görə qəhqəhə çəkmək istəyən adamın psixologiyasını anlaya bilər.
Əvvəlkitək dərənin dibində olsa da, ona elə gəlirdi ki, hündür bir qülləyə çıxıb. Bəlkə bütün dünyanın astarı üzünə çevrilib və hündürlüklərlə çökəkliklər bir-biriylə yerlərini dəyişib. Hər halda o, qumda su tapıb. Bu isə o deməkdir ki, kənd əhli onunla elə də asan bacara bilməyəcək. Qoy lap su təchizatına xitam versinlər, o, onlarsız da nə qədər istəsə yaşaya bilər. Və o, kənd camaatının necə vurnuxacağını təsəvvür edib, yenidən gülməyini saxlaya bilmədi. Ona hətta elə gəldi ki, artıq dərədən canı qurtarıb. Ətrafına baxdı və bütün dərə onun gözləri qarşısında açıldı. Mozaikaya kənardan baxmasan, ona qiymət vermək çətindir. Lap yaxından baxsaz, detalları qarışdırarsınız. Bir detaldan gözünüzü çəkən kimi digərinə ilişəcəksiniz. Çox güman ki, o, indiyədək qumun özün yox, yalnız ayrı-ayrı qum dənələrini görmüşdür.
Bax elə beləcə də həmin o başqa qadın haqqında, iş yoldaşları haqqında danışa bilərdi. İndiyədək təsəvvüründə qeyri-adi dərəcədə böyüyən yalnız ayrı-ayrı kiçik detalları xatırlayırdı: ətli burunun deşikləri... qırışmış dodaqlar...Qırışsız nazik dodaqlar...küt barmaqlar... nazik barmaqlar... gözlərdəki parıltı... körpücük sümüyünün altındakı uzunsov xal... sinədə görünən mavi damarlar...Yaxından, gözlərini zəlləyib baxmaq iyrəncdir. Lakin uzaqdan bütün bunlar kiçik, cuppulu həşərat boyda görünür. Bax orda, müəllimlər otağında çay içən həmkarları qarışqa kimi qaynaşırlar. Bax orda isə, küncdə, - həmin qadın lüt, gözləri yarıörtülü, papirosunun külünün indilərdə düşəcəyinə baxmayaraq, tərpənmədən nəm çarpayıda uzanıb. O, heç bir paxıllıq hissi-filan keçirmədən sanki içi boş peçenye üçün forma imiş kimi bu balaca həşəratlar haqqında fikirləşirdi. Təki formalardan istifadə etsin deyə, heç kəsin sifariş vermədiyi peçenyeləri dönə-dönə bişirmək üçün, deyək ki, fanatik-şirniyyatçı olmaq vacib deyil. Əgər işdi, onlarla bir də münasibət qurmaq lazım gəlsə, hər şeyi yenidən başlamaq lazım gələcək. Qumda baş verən dəyişikliklər həm də onun özündəki dəyişikliklər idi. Elə bil qumda, su ilə yanaşı yeni bir insan da tapmışdı.
Beləliklə, onun gündəlik işlərinin üstünə su yığmaq üçün qurğu inşası da gəldi. Rəqəmlər və diaqrammalar meydana gəlməyə başladı - çəlləyin basdırılacağı yer...çəlləyin forması... günün uzanması vaxtı ilə suyun yığılma sürəti arasında əlaqə... temperaturun və atmosfer hadisələrinin qurğunun effektivliyinə təsiri. Onun qarğalar üçün düzəltdiyi tələ ilə belə ciddi-cəhdlə məşğul olmasını qadın heç cürə anlamırdı. O, hər bir kişinin oyuncaqsız keçinə bilmədiyinə özü-özünü inandırırdı və əgər kişi bundan zövq alırsa, nə olar - əla. Bu öz yerində, nədənsə kişi qadının ev işlərinə də böyük maraq göstərməyə başlamışdı. Bunda pis bir iş yox idi. Qoy başını qarışdırsın. Lakin kişinin bütün bunlar haqqında öz fikir və mülahizələri vardı. Gözlənilmədən onun tədqiqatları müqayisə və bir sıra şərtlərin əlaqəsini tələb edən ciddi çətinliklərlə üzləşdi. O, əldə edilən materialların sayının artmasına baxmayaraq, heç cürə bunların nizamlı sistemdə ümumiləşdirməyə imkan verən qanunauyğunluğu tapa bilmirdi. Üstəlik, dəqiq material əldə etmək istəyirdisə, hava haqqında məlumat və proqnozlara qulaq asmaq üçün radioqəbulediciyə malik olmalıydı. Beləliklə radioqəbuledici onların hər ikisinin ümumi məqsədinə çevrildi.
Noyabrın əvvəli üçün gün ərzində çəlləkdə dörd litrədək su yığılırdı, lakin sonradan daxil olan suyun miqdarı günü-gündən azalmağa başladı. Bəlkə teiperaturun təsirindən idi? Lakin görünür, tam həcmli təcrübələr keçirmək üçün yazadək gözləmək lazım idi. Sərt, uzun sürən qış gəldi və qumla yanaşı havada buz parçaları uçuşmağa başladı. Bir az yönlü radio almaq üçün, qadına heç olmasa bir az kömək etmək qərarına gəldi. Dərənin də öz üstünlükləri vardı - onun içində külək hiss olunmurdu. Lakin əvəzində, demək olar ki, heç günəş də görünmürdü. Qum hətta donanda belə, havada adi günlərdən heç də az olmayan miqdarda uçuşurdu və evin həndəvərini qumdan yorulmadan təmizləmək lazım idi. Əlinin dərisi çatlayıb, qanayırdı.
Nəhayət qış bitdi. Yaz gəldi. Martın əvvəlində radio alındı. Damda uzun anten quraşdırdılar. Qadın bütün günü sevinc və təəccüb içərisində, radionun dəstəyini hərləyirdi. Ayın axırı hamilə olduğunu hiss etdi. İki ay da keçdi. İri ağ quşlar üç gün idi ki, qərbdən şərqə uçurdular. Bir gün sonra isə qadın dözülməz ağrıdan şikayət etdi. Onun büsbütün qan içində olduğunu gördü. Kənddəkilərdən biri - qohumlarından kimsə baytar imiş - diaqnoz qoydu: uşaq düşüb. Qadını yük maşınında şəhərə, xəstəxanaya aparmağa qərar verdilər. Maşın gələnədək kişi bir əli qadının əlində, digəriylə onun qarnını sığallaya-sığallaya xəstənin yanında əyləşdi.
Budur, pikap dərəyə yaxınlaşdı. Axırıncı yarım ildə ilk dəfə kəndir nərdivanı salladılar. Barama kimi yorğana bükülmüş qadını kəndirlə yuxarı qaldırdılar. Qadın lap axıradək yaşarmış gözləriylə ona yalvarışlı baxışlarla baxmaqda davam edirdi. O, bunu görmürmüş kimi üzünü yana çevirdi.
Qadını aparandan sonra da kəndir nərdivan sallanmaqda davam edirdi. Kişi qorxa-qorxa yaxınlaşıb, barmağının ucuyla ona toxundu. Nərdivanın yox olmadığına əmin olub, ehtiyatla yuxarı dırmaşmağa başladı. Göy üzü nəsə bulanqıq-sarı rəngdə idi. Qolları və ayaqları sudan çıxmış adam kimi ağırdır... Budur, çoxdan gözlənilən nərdivan...
Elə bil külək nəfəsini ağzından alıb aparırdı. Dərənin ətrafında dövrə vurub, dənizi görmək üçün hündürə çıxdı. Dəniz də bulanıq-sarı rəngdəydi. Dərindən nəfəs aldı, lakin hava o təsəvvür etdiyi kimi deyil, tamam başqa cür - nahamar idi. Arxaya dönüb, kəndin qırağındakı tozanağı gördü. Yəqin qadını aparan pikapdır... Hə, yəqin, getməmişdən əvvəl nahaq qadına tələ haqqında hər şeyi danışmadı.
Dərənin dibində nə isə tərpəndi. Bu, onun kölgəsi idi. Bir qədər yuxarıda isə su yığmaq üçün qurğunun kölgəsi. Plankanın(tamasanın) biri düşmüşdü. Yəqin, qadını aparanda ayaqları ilişib. O, sınığı düzəltmək üçün geriyə tələsdi. Su, o ehtimal etdiyi kimi dördüncü nişana kimi qalxmışdı. Sınıq elə də ciddi deyil. Radio evdə cır səslə oxuyurdu. Göz yaşlarını güclə saxlayıb əllərini çəlləyin içinə saldı. Su soyuqluğuyla yandırdı. Lakin o, elə həmin vəziyyətdə - sallağı oturmaqda davam edərək, yerindən heç tərpənmədi də.
Qaçmaq üçün tələsməyə elə də ehtiyac yoxdur. İndi onun əlində hər iki istiqamətə bilet - təmiz blank var və o özü, ürəyi istədiyi kimi bu blankı həm yola düşmək vaxtını, həm də son dayanacağı göstərməklə, doldura bilər. Bundan əlavə, su yığmaq üçün düzəltdiyi qurğu barədə kiməsə danışmağa müəyyən edilməz şəkildə çəkir. Və əgər o, bunu etməyə qərar versə, kənd əhlindən çox razılıq edən dinləyici tapmayacaq. Bu gün də olmasa, sabah kiməsə bu barədə hər şeyi danışacaq.
Qaçış - bu barədə düşünməyə isə hələ çox vaxt olcaq.

İ t k i n d ü ş m üş a d a m h a q q ı n d a v e r i l m i ş
ə r i z ə y l ə b a ğ l ı e l a n

İtkin düşmüşün adı - Niki Dzyümpey

Doğulduğu gün, ay, il -
7 mart, 1924

Yuxarıda adı çəkilən Niki Dzümpeyin itkin düşməsi barədə Niki
Sino tərəfindən daxil olan ərizə ilə əlaqədar, birinciyə 21sentyabr,
1962-ci il tarixədək məhkəməyə öz olduğu yer barədə məlumat
verməsi təklif olunur. Əgər belə bir məlumat daxil olmasa, o,
ölmüş hesab ediləcək. İtkin haqqında hər hansı
məlumatı olan şəxslərdən göstərilən müddətədək
məhkəməyə məlumat vermələri xahiş edilir.

18 fevral, 1962-ci il
Mülki məhkəmə

Q ər a r

İddiaçı - Niki Sino
İtkin düşən - Niki Dzüyumpey, 1924-cü il, martın 7-də doğulub

Bununla təsdiq edilir ki, yuxarıda göstərilən şəxsin itkin düşməsi barədə daxil olan ərizə ilə əlaqədar açıq elan proseduru həyata keçiriləndən sonra, 1955-ci il, 18 avqustdan etibarən, yəni yeddi ildən çox keçən müddət ərzində göstərilən şəxs barədə heç bir məlumat daxil olmamışdır. Yuxarıda göstərilənlərlə əlaqədar qərar verilir: İtkin düşmüş Niki Dzyümpey ölmüş hesab edilsin.

5 oktyabr, 1962-ci il
Mülki məhkəmə

Hakimin imzası

Ruscadan çevirən: Balaxan Nəzərov