Alatoran_header  
Tərcümə > Kobo Abe (Yaponiya) - Qumluqdakı qadın (əvvəli "Alatoran" 1-də)

İkinci hissə

11_____________________________________

Dzyab, dzyab, dzyab, dzyab.
Bu nə cingiltidir?
Zınqırov cingiltisi.
Dzyab, dzyab, dzyab, dzyab.
Bu nə səsdir?
İblisin səsi.

Qadın xəfif səslə nəsə zümzümə edirdi. O, su bakının dibindəki çöküntünü yığa-yığa, yorulmadan eyni ibarəni təkrar edirdi.
Nəğmə kəsildi. Sonra isə qadının düyünü necə əzməsi eşidildi. Kişi yüngülcə ah çəkir, yerində qurcalanır və hövsələsizliklə gərilib, gözləyir… indi yəqin onun bədənini silmək üçün qadın bir ləyən su ilə içəri girəcək. Qum və tərdən dərisi elə qıcıqlanıb ki, indilərdə iltihablanacaq. Təkcə soyuq nəm əski haqda fikirdən artıq bütün bədəni sıxılır.
Qum onu əzəndən və huşunu itirəndən bəri yataqdadır. İlk iki gün onu bərk – demək olar ki, otuz doqquza yaxın qızdırma və qarşısıalınmaz ögümə üzdü. Sonra temperaturu düşdü, iştahası qayıtmağa başladı. Görünür, o, qum uçqununun vurduğu zərbədən çox, yandırıcı gün şüalarının altında adət etmədiyi uzunmüddətli işdən xəstələnib. Nə isə, ciddi bir şey yoxdur.
Ola bilsin elə bu səbəbdən də çox tez sağalırdı. Xəstəliyinin dördüncü günü ayaqlarındakı, belindəki ağrılar demək olar ki, keçdi. Beşinci gün isə, bir qədər zəifliyini nəzərə almasaq, xəstəliyinin heç bir əlamətini hiss etmədi. Lakin yataqdan qalxmır, özünü ağır xəstə kimi göstərməkdə davam edirdi. Əlbəttə, bunun üçün səbəb vardı. O, qaçmaq haqda fikirlərdən heç də əl çəkməmişdi.
- Siz artıq oyanmısınız?
Qadının səsi ürkək çıxdı. O, altdan-altdan qadının şalvardan bilinən dizlərinin yumrularına baxdı və anlaşılmaz iniltiylə cavab verdi. Qadın aramla dəsmalı əzik mis ləyənin üstündə sıxıb, soruşdu:
- Özünüzü necə hiss edirsiniz?
- Belə də…
- Kürəyinizi sürtüm?..
O, itaətkarlıqla özünü qadının əllərinə təslim etdi, təkcə xəstə olduğuna görə yox, həm də ona görə ki, bu, ona xoş gəlirdi. Qızdırma xəstəliyinə tutulmuş bir oğlan haqqında oxuduğu şer yadına düşdü. Şerdəki oğlan yuxusunda onu sərin gümüşü kağıza bükdüklərini görmüşdü. Tər və qum qatı altında boğulan dəri yavaş-yavaş soyuyur, nəfəs almağa başlayırdı. Qadın bədəninin ətri dirilmiş dərisindən daxilinə keçir, onu yüngülcə həyəcanlandırırdı.
Amma nə olursa olsun, o, qadını heç cür bağışlaya bilmirdi. O – bir şeydir, bu – başqa şey, ayrı-ayrı şeylərdir və onları qarışdırmağa dəyməz. Üç günlük məzuniyyət çoxdan bitib. İndi tələsməyə dəyməz. Onun qum divarının altını qazıb, maili etmək haqda ilk planı nəinki pozuldu, həm də kifayət qədər yaxşı hazırlanmamışdı. Əgər qabaqcadan nəzərdə tutulmayan hadisələr mane olmasaydı – elə götürək gün vurmasını, - hər şey yaxşı alınardı. Düzdü, qum qazmağın onun gözlədiyindən qat - qat çətin bir iş olduğu üzə çıxdı, sən demə bu, cəhənnəm əzabıymış və indi hər şey onun özü üçün daha məqbul bir üsul tapıb, tapmayacağından asılıdır. Elə bu an da onun ağlına özünü yalandan xəstəliyə vurmaq gəldi.
Özünə gəlib, hələ də orda – qadının evində uzandığını görəndə dəhşətli dərəcədə hirsləndi. Kənddən olan bu tiplər heç bu işdə iştirak etmək belə istəmirlər. Bu, ona gün kimi aydın oldu və o dəqiqə həll yolu tapdı. Onun xəstəliyinin qorxulu olmadığını başa düşüb, həkim çağırmamışdılar. İndi isə, o, bundan istifadə edib, üstəlik onları tövbə etməyə məcbur edəcək. Gecə, qadın işləyəndə o, yatacaq. Əvəzində, gündüz, yəni qadın istirahət edəndə, ona mane olacaq, dözülməz ağrılardan şikayətlənib, onu yatmağa qoymayacaq.
- Ağrıyır?
- Əlbəttə, ağrıyır… Yəqin onurğa sütunum hardansa zədələnib…
- Bəlkə ovxalayaq?
- Qətiyyən! Məgər bunu mütəxəssis olmayan bir adama etibar etmək olar? Adam bir anda zədələnər. Axı onurğa beyni həyat kanalıdır. Birdən öldüm? Axı sizin hamınız üçün pis olacaq. Həkim çağırın, həkim! Ağrıdır… Dözmək olmur… Əgər tələsməsəz, gec olacaq!
Qadın buna çox dözə bilməyəcək və gücdən düşəcək. Onun işgüzarlıq qabiliyyəti zəifləyəcək və ev uçmaq təhlükəsi qarşısında qalacaq. Bu isə, kəndin özü üçün də kiçik problem deyil. Öz axmaqlıqlarından, əlavə fəhlə qüvvəsi cəlb etmək əvəzinə, boyunlarına artıq yük götürüblər. Və əgər elə bu dəqiqə ondan can qurtarmasalar, sonra gec olacaq.
Lakin bu plan da onun düşündüyündən fərqli olaraq, yağ kimi getmirdi. Burda gecə gündüzdən qat - qat gediş - gəlişlidir. Divarın o tərəfindən belin cınqıltısı… qadının ağır-ağır nəfəs alması… qum dolu səbətləri dartan kişilərin qışqırtı və nırçıltısı eşidilirdi… Üstəlik külək də uzaqdan yük maşınının səsini, itlərin hürüşməsini gətirir… Nə qədər istəsə də yata bilmirdi – əsəbləri həddən artıq gərilmişdi və gözlərinə yuxu girmirdi.
Gecə pis yatdı və buna görə də gözünün acısını gündüz almalı oldu. Ən pisi də o idi ki, getdikcə daha çox səbirsiz olurdu: özünü inandırmağa çalışırdı ki, hətta bu plan da uğursuzluğa düçar olsa, nə yolla olursa olsun, qaçmaq üçün nə qədər istəsən üsul tapmaq olar. Həmin gündən artıq bir həftə keçmişdi. Axtarış üçün ərizə vermək vaxtı gəlib çatmışdı. Birinci üç gün onun qanuni məzuniyyəti idi. Sonrası isə – xəbərdarlıq etmədən yerində olmama. Hətta çox vaxt heç bir səbəb olmadan yoldaşlarının nə etdiyini qısqanclıqla izləyən iş yoldaşları çətin ki, bu faktın üstündən sükutla keçsinlər. Çox güman ki, bu günlərdə xeyirxahlardan biri onun evinə baş çəkib. Bürkülü, günortadan sonrakı gündən qızmış otaqda viranəlik hökm sürür – aydındır ki, yiyəsizlikdir. Qonaq çox güman ki, bu dəlikdən can qurtarmış xoşbəxtə instiktiv olaraq paxıllıq da edir. Səhəri gün isə – xoşagəlməz qaşqabaqla və ikimənalı cestlərlə müşaiyyət olunan təhqiredici qeybət, iyrənc pıçahapıç. Və kifayət qədər məntiqli olaraq… Qəlbinin dərinliklərində hələ onda hiss edirdi ki, bu qeyri-adi məzuniyyət iş yoldaşları arasında məhz belə münasibət doğuracaq. Və təəccüblü də deyil, axı müəllimlər paxıllıqla zəhərlənən özünəməxsus həyat tərzi keçirirlər… İlbəil onların gözü qarşısından çay suları kimi şagirdlər axır və uzaqlaşırlar, müəllimlər isə daşlar kimi bu axının dibində qalmağa məhkumdurlar. Onlar başqalarına arzular barədə danışa bilirlər, lakin özləri, hətta yuxuda belə heç nəyə ümid bəsləyə bilmirlər. Onlar özlərini dəyərsiz şey hesab edir və mazoxist yalqızlığa düçar olur, ya da purist olur, başqalarına şübhə ilə yanaşır, onları oricinallıq etməkdə günahlandırırlar. Onlar azadlıq üçün elə darıxıblar ki, azadlığa nifrət etməyə bilmirlər.
… Bədbəxt hadisə, yəqin ki?.. Yox, bədbəxt hadisə olsaydı, onda çox güman ki, hər hansı bir yolla xəbər verərdilər… Bəlkə özünəqəsddir?.. Lakin bu barədə heç olmasa, polis bir şey bilərdi!.. Bu ağıldankəm oğlanı həddən artıq şişirtmək olmaz!.. Bəli, bəli o, öz istəyi ilə itkin düşüb və başqasının işinə burun soxmağa dəyməz… Lakin axı bir həftəyə yaxın vaxt keçib… Bu necə adamdır, mütləq gərək camaatı narahat edəydi, indi hardan biləsən, ağlına nə girib…
Çətin ki, ondan ötrü narahatlıqları səmimi olsun. Sadəcə onların tükənməyən hər şeyi bilmək həvəsi vaxtında dərilməyən xurma kimi dəyib. Sonra isə hadisələr bu məcrada inkişaf edir. Baş müəllim axtarış üçün verilən ərizəni necə tərtib etməyi öyrənmək məqsədilə polisə müraciət edir. Riyakar sifətinin arxasında necə məmnun olduğu görünür… «Adı və soyadı: Niki Dzyümpey. Yaşı: 31. Boyu: 1 m 58 sm. Çəkisi: 54 kq. Saçları: seyrək, arxaya daranmış, briolindən istifadə etmir. Görmə qabiliyyəti: sağ – 0,8, sol – 1,0. Bir qədər çəpliyi var. Dərisi əsmər. Əlamətləri: sifəti uzunsov. Burnu balaca. Çənəsi dördbucaq, sol qulağının altında xal var, başqa xüsusi əlamətləri yoxdur. Qan qrupu: AB. Xırıltılı səslə danışır, bir qədər də kəkələyir. Diqqətlidir, inadcıl, lakin adamlarla münasibətdə sadədir. Paltarı: çox güman ki, əynində entomoloci işlərdə istifadə olunan paltar var. Yuxarıdakı - öndən çəkilmiş şəkli iki ay əvvəlindir».
Əlbəttə, kənd camaatının belə qətiyyətlə bu mənasız avantüranı davam etdirməyindən görünürdü ki, onlar lazımi ehtiyat tədbirləri görüblər. Bir-iki kənd polisini barmağa dolamaq elə də çətin məsələ deyil. Onlar sözsüz ki, polislərin vacib bir iş olmasa kəndə ayaq basmamalarının qayğısına qalıblar. Lakin gözdən pərdə asmaq yalnız o, sağ-salamat və qumu qazmağa qadir olanadək məqsədəuyğun və vacibdir. Və artıq bir həftədir yataqda çabalayan ağır xəstəni risk edib gizlətmək axmaqlıqdır. Əgər onlar bu adamın lazımsız olduğu qərarına gəlsələr, ən ağıllısı – nə qədər ki, məsələ mürəkkəbləşməyib, tezliklə ondan can qurtarmaqdır. İndi həqiqətəoxşar bir versiya fikirləşib tapmağa hələ vaxt var. Məsələn. Belə demək olar ki, bu adam özü dərəyə yıxılıb və zərbənin gücündən onda nəsə qarabasmalar başlayıb. Sözsüz ki, bu izah daha tez qəbul ediləcək, nəinki guya bilə-bilə onu dərədə gizlətmələri haqda başdan-ayağa fantastik görünən iddıa.
İnək böyürdü – elə bil boğazına mis boru qoymuşdular. Hardasa xoruz banladı. Qum dərədə nə məsafə var, nə də istiqamət. Ancaq orda, bayırda, - yol qırağında uşaqların sinif-sinif oynadığı, səhərlərin vaxtlı-vaxtında açıldığı adi, normal dünya var və bu səhərin rəngləri bişmiş düyü ətrinə qarışır.
Qadın onun bədənini ciddi-cəhdlə silirdi, hətta deyərdim ki, həddən artıq cidi-cəhdlə. Sürtəndən sonra yaş əskini quruyanədək elə burub sıxırdı ki, o, taxta kimi bərkiyir və artıq qurumuş əskiylə elə sürtürdü ki, elə bil tərli şüşəni parıldadır. Oyanan səhərin səsləri və bu ritmik təkanlar onu yuxuya verirdi.
- Hə, yeri gəlmişkən… - o, içindən elə bil kəlbətinlə çıxarılan əsnəməsini basdı. – Necə deyim… Artıq çoxdandır ki, qəzet oxumaq istəyirəm. Təşkil etmək olar?
- Yaxşı, mən soruşaram, sonra.
O saat başa düşdü: qadın öz səmimiyyətini göstərmək istəyir. Onun utancaq, ürkək səsində açıq-aydın kişinin qəlbini sındırmamağa çalışdığı hiss olunurdu. Lakin bu, onu daha da əsəbiləşdirdi. Soruşaram?! Deməli, belə çıxır ki, mən icazəsiz qəzet də oxuya bilmərəm?.. Donquldanaraq, qadının əlini kənara itələdi. O, ləyəni içindəkilərlə birlikdə aşırmaq həvəsilə alışıb yanırdı.
Lakin onun vəziyyətində çox da əsib - coşmaq lazım deyil – bu, bütün planları poza bilər. Axı ağır xəst bir adam çətin ki, vecsiz qəzet üstündə narahat olsun. O, əlbəttə ki, qəzetlərə baxmaq istəyirdi. Əgər peyzac yoxdursa, heç olmasa şəklə baxaq – axı rəssamlıq daha çox təbiəti kasıb olan yerlərdə tərəqqi edib, qəzetçilik isə ən çox insanlar arasında əlaqənin zəiflədiyi sənaye rayonlarında. Bu öz yerində, bəlkə birdən orda adam itməsi barədə elana rast gəldi. Hələ bəxti gətirsə, istisna deyil ki, sosial məsələlərə həsr edilmiş səhifənin küncündə onun itməsi barədə məqalə yerləşdiriləcək. Əlbəttə, çətin ki, bu kəndçilər belə məqalə çıxan qəzeti ona versinlər. Lakin indi ən əsası – səbirdir.
Özünü yalandan xəstəliyə vurmaq elə də asan iş deyil. Bu, elə çıxıb qaçmağa hazır olan kip sıxılmış yayı əlində tutmaq kimi bir şeydir. Belə bir şeyə çox dözə bilməzsən. Lakin bununla barışmaq da olmaz. O, nəyin bahasına olursa olsun, bu tipləri burda qalmasının onlar üçün nə qədər məşəqqətli olduğunu özlərinin başa düşməsinə məcbur etmək istəyirdi. Bax elə bu gün, nəyin bahasına olursa olsun, qadına bir dəqiqəliyə də olsa, göz yummağa macal vermək olmaz!
(Yatma… Yatmaq olmaz!)
Kişi yerində qovrulub, yalandan inildədi.

12___________________________________________

Qadının asdığı çətirin altında ağzı yana-yana dəniz yosunları əlavə edilmiş tərəvəz və düyüdən hazırlanmış qatı şorbanı içirdi. Qabın dibinə qum çökdü.
Elə burdaca yaddaşı qırılır və hər şey nəsə sonsuz əzici bir qarabasmada əriyib yox olur. Yuxuda o, köhnə, çatlamış yemək çöplərinin üstündə oturub, qəribə, tanımadığı küçələrlə uçurdu. O, bu çöplərin üstündə skuterlə gedirmiş kimi az qala uçurdu və bu, pis də deyildi, lakin azacıq diqqətini yayındıran kimi, o dəqiqə nəsə onu yerə tərəf çəkirdi. Küçə yaxından küçə kərpic rənginə çalırdı, lakin uzaqlaşdıqca yaşıl dumanda əriyirdi. Bu rəng qammasında nəsə narahatlıq doğuran bir şey vardı. Nəhayət o, kazarmaya oxşar uzun taxta binanın yanına uçub gəldi. Ucuz sabun iyi gəlirdi. Belindən düşən şalvarını çəkə-çəkə pilləkənlərlə qalxdı və içərisində uzun bir masa olan boş otağa daxil oldu. Masanın ətrafında hansısa oyuna başı qarışmış on nəfər kişi və qadın oturmuşdu. Ortada, onunla üzbəüz əyləşən adam kart paylayırdı. Paylayandan sonra, birdən axırıncı kartı ona uzatdı və nəsə bərkdən qışqırdı. Kartı qeyri-iradi götürüb, onun kart yox, məktub olduğunu gördü. Əli ilə bu məktubun qəribə şəkildə yumşaq olduğunu hiss etdi və barmaqları ilə onu bir qədər sıxanda, ordan qan fışqırdı. O, qışqırıb oyandı.
Nəsə çirkli bir örtük görməyə mane olurdu. Tərpəndi, quru kağızın xışıltısı eşidildi. Sifəti ikiyə açılmış qəzetlə örtülmüşdü. Lənət şeytana, yenə yuxulamışam!.. Qəzeti kənara atdı. Onun üstündən qum şırnağı axdı. Qumun çoxluğundan az vaxt keçmədiyi məlum idi. Divarın dəlmə – deşiyindən düşən gün şüalarının istiqaməti artıq günorta olduğuna işarə edirdi. Eybi yox, amma bu nə iydir? Təzə mətbəə rəngi iyi?.. Ola bilməz, deyə fikirləşdi və ayın tarixi yazılmış yerə baxdı. On altısı, çərşənbə… Bu ki, bu günkü qəzetdir! İnanmağı gəlmirdi, amma fakt faktlığında qalırdı.
Kişi dibinəcən tərlə islanmış döşəyə dirsəkləri ilə dayaq verib, yerindən qalxdı. O dəqiqə də başında burulğan kimi cürbəcür fikirlər dolaşmağa başladı və o, hərdən yayınsa da, çox çətinliklə əldə edilmiş qəzetə göz gəzdirməyə başladı.
«Yaponiya – amerikan birləşmiş komitəsinin gündəliyinə əlavələr edilmişdir…»
… Görəsən bu qadına qəzeti əldə etmək necə müyəssər olub?.. Bəlkə bu tiplər onun qarşısında bəzi öhdəliklərinin olmasını anlayıblar?.. Bəli, amma indiyə qədər olan vəziyyətə görə, səhər yeməyi bitən kimi ətraf aləmlə hər hansı əlaqə də bitirdi. Şübhəsiz ikisindən biridir: Ya qadın ona məlum olmayan hansısa yolla ətraf aləmlə əlaqə qura bilir, ya da ki, özü buradan çıxıb və qəzet alıb.
«Nəqliyyatdakı boşdayanmalara qarşı tutarlı ölçü!»
Yaxşı… Tutaq ki, qadın burdan çıxıb… Bu, kəndir nərdivansız mümkün deyil. Bilmirəm bu ona necə müyəssər olub, amma bir şey tam aydındır – o, kəndir nərdivandan istifadə edib… Yaxşı, əgər bu belədirsə… - ağlı güllə kimi işləməyə başladı. Ancaq və ancaq qaçmaq haqqında düşünən əsir, - bu ayrı məsələ. Lakin, axı qadın bu kəndin sakinidir və o, bu dərədən istədiyi vaxt çıxmaq imkanının əlindən alınmasına dözə bilməz… nərdivanı götürlmələri, - məni burda saxlamaqdan ötrü müvəqqəti ehtiyyat tədbirindən başqa bir şey deyil… Deməli, onların sayıqlığını zəiflətmək üçün əlimdən gələni etsəm, əvvəl-axır belə bir imkan mənim üçün də düşə bilər.
«Baş soğanında atom radiasiyasına qarşı müalicədə effektli ola biləcək maddə tapılmışdır».
Görünür, özümü yalandan xəstəliyə vurmaq planım gözlənilməz hadisələrlə bir qədər pozulub. Hələ köhnə kişilər çox düz buyurublar: bəxtin yatıbsa, səbr eylə… Amma nədənsə ürəyi buna heç yatmırdı. Nəsə narahat idi. Bu qorxulu, bir qədər də narahat qəribə yuxunun təsirindən deyildi ki?.. Ona qorxulu – niyə qorxulu olduğunu özü də başa düşmürdü – məktub haqqında fikirlər rahatlıq vermirdi. Görəsən, bu yuxunun mənası nə imiş?
Bu iş deyil ki, – adi bir yuxunu belə ürəyinə salasan. Nə olursa olsun, başladığı işi axıra satdırmalıdır. Qadın yavaşca fısıldayır, adəti üzrə əllərilə dizlərini qucaqlayıb, başdan ayağa təzə yuduğu kimanoya bürünərək, yumağa dönüb, ocağın yanında, döşəmədə yatmışdı. O gündən etibarən bir dəfə də olsun, qadın onun gözünə çılpaq dəyməmişdi, lakin kimanonun altından çox güman ki, heç nə geyinməmişdi.
Kişi cəld sosial məsələlərə həsr edilmiş səhifəyə, daxili həyata aid sütuna göz gəzdirdi. O, əlbəttə ki, nə özünün itməsi barədə yazıya, nə də bir adamın itkin düşməsi haqda elana rast gəlmədi. Belə də gözləyirdi və buna görə çox da pərişan olmadı. Astaca qalxıb, torpaq döşəmənin üstünə düşdü. Əynində süni ipəkdən tikilmiş ətəyi uzun alt paltarından başqa heç nə yox idi. Belə hamısından yaxşıydı. Qum, rezin qaytanın bədəni sıxdığı yerdə yığılır və elə məhz burda qızartı, qaşınma əmələ gəlirdi. Qapının ağzında dayanıb, yuxarı – qum divara baxır. Gün işığı gözünü qamaşdırdı və ətrafda hər şey sanki sarı alova büründü. Heç kəs yox idi. Əlbəttə ki, nərdivan da. Təəccüblü heç nə yoxdur. Sadəcə əmin olmaq üçün baxırdı. Nərdivanı bura salladıqlarını göstərən heç bir nişanə yox idi. Düzdü, belə küləkli havada hər hansı bir izin itməsi üçün heç beşcə dəqiqə də keçməz. Üstəlik, lap qapının ağzında qumun üst qatı dayanmadan axır – elə bil qumun dərisini soyurdular.
O, evə qayıtdı və uzandı. Milçək uçurdu. Balaca qəhvəyi drozofil. Yəqin, hardasa nəsə çürüyür. Baş tərəfdə qoyulmuş polietilenə bükülü qazançadakı su ilə boğazını yaxalayıb, qadını çağırdı:
- Qulaq asın, bəlkə qalxasız…
Qadın diksinib, yerindən dik atıldı. Bir qədər sallanan, lakin hələ bərk, mavi damarcıqları üzə çıxan döşünü çılpaq qoyan kimano sürüşüb düşdü. Qadın tələsik, inamsız hərəkətlərlə kimanonu üstünə çəkdi, onun baxışları çaşqın idi və adama elə gəlirdi ki, tam ayılmayıb.
Kişi tərəddüd edirdi. O, qadınla nərdivan barədə hirsli, eyhamsız danışmalıydımı… Ya bəlkə, yaxşı olar ki, qəzetə görə təşəkkür edib, o dəqiqə də sakit, xeyirxah tonla soruşsun? Əgər o, qadını məhz yuxusuna haram qatmaq üçün oyadıbsa, onda ən düzgünü – aqressiv olmaqdır. İlişmək üçün səbəb isə nə qədər istəsəndir. Lakin bu, əsas məqsəddən – özünü ağır xəstəliyə vurmaqdan yayındıra bilər. Belə davranış onurğa sutunu zədələnmiş adamın davranışına çox oxşayır demək, düzgün olmazdı. Bu dəqiqə vacibi odur ki, işçi qüvvəsi kimi istifadə üçün onun tam yararsız olduğuna onları inanmağa məcbur etsin və hər vasitə ilə sayıqlıqlarını zəiflətsin; baxın, ürəkləri elə yumşalıb ki, hətta ona qəzet də gətiriblər, indi isə onları müqavimət üçün yararsız etmək lazımdır.
Lakin onun bütün ümidləri bir anda məhv oldu.
- Yox əşşi, mən heç yerə çıxmamışam. Bizim arteldən bir nəfər mənə çoxdan söz verilən, taxta çürüməsinə qarşı vasitə gətirmişdi… Mən elə ondan da xahiş etdim… Bu kənddə cəmi dörd-beş evdə qəzet alırlar… Qəzeti almaq üçün o, məxsusi olaraq şəhərə getməli olub…
Belə təsadüf tam mümkündür. Lakin bu ona dəlalət etmirmi ki, o, qıfılına açar tapılmayan qəfəsdə qıfıllanıb? Hətta əgər yerli camaat belə dustaq həyatıyla barışmağa məcburdursa da, bu qum divarların sıldırımlığı zarafat məsələ deyil. Kişini məyusluq bürüdü, amma özünü ələ ala bildi.
- Demək belə?.. Qulaq asın… Axı siz buranın sahibisiniz, düzdü?.. Yoldan keçən it - pişik deyilsiniz ki… Ola bilməz ki, siz istədiyiniz vaxt burdan çıxa və qayıda bilməyəsiniz! Yoxsa elə iş tutmusuz ki, həmkəndlilərinizin gözünün içinə baxa bilmirsiniz?
Qadının yuxulu gözləri təəccübdən bərəldi.
Gözləri közərmiş kimi qanla doldu, hətta ona elə gəldi ki, otaq işıqlandı.
- Siz nə danışırsınız? Gözlərinizə baxa bilmirəm. Boş söhbətdir!
- Yaxşı, onda sizin belə ağciyər olmağınız yersizdir!
- Hətta mən burdan çıxsam belə, orda mənlik elə bir iş yoxdur…
- Gəzmək olar!
- Gəzmək?
- Hə də, gəzmək… Ora-bura gedərsiz, məgər bu azdır ki?.. Mən deyirəm ki, bax siz, mən bura gələnə kimi istədiyiniz vaxt azadə çıxa bilirdiz?
- Amma axı işsiz-gücsüz ora-bura getmək boş yerə yorulmaq deməkdir…
- Düz sözümdür! Yaxşı fikirləşin. Siz bunu anlamalısınız!.. Axı hətta iti də uzun müddət qəfəsdə bağlı saxlasaz, o dəli olar!
- Əşşi mən də gəzmişəm də! – qadın özünün küt usandırıcı səsilə qışqırdı. – Düz deyirəm, mənə istədiyim qədər gəzməyə imkan verirdilər… Nə qədər ki, bura düşməmişdim… Qucağımda uşaq saatlarla gəzirdim… Hətta bu gəzintilərdən bezmişqdim də…
Kişi bunu gözləmirdi. Nəsə qəribə bir danışıq tərzi idi. Qadın ona belə baxanda cavab verməyə də halı olmur.
Hə, düzdü… on il əvvəl, hər tərəf dağıntı altında olanda, hamının bircə istəyi vardı ki, evdən çölə çıxmasın. Onlar azadlığı bu cür təsəvvür edirdlilər. Lakin indi demək olarmı ki, onlar bu azadlıqdan doyub beziblər?.. Bəlkə, sən bu qumluq diyara da elə xəyali azadlıq dalınca qaçmaqdan usandığından gəlib çıxmısan… Qum… Millimetrin səkkizdə birinin intəhasız hərəkəti. Neqativ plyonkasında astarı üzünə çevrilmiş, heç yana çıxmadan azad həyat sürməkdən bəhs edən bu avtoportret. Axı hətta bütün günü gəzməyə can atan uşaq da azanda ağlamağa başlayır.
Birdən qadın danışıq tərzini tam dəyişdi:
- Özünüzü necə hiss edirsiz ey? Hər şey qaydasındadır?
Nə qoyun kimi gözünü döyürsən! Kişi əsəbləşdi. Sənə zülm edəcəm, ancaq bütün günahların səndə olduğunu boynuna almağa məcbur edəcəm! Təkcə bu fikirdən bütün bədəni ürpəşdi və hətta ona elə gəldi ki, dərisindən qurumuş yapışqanı soyurmuşlar kimi bərk çəkdilər. Elə bil dərisi «zülm» sözüylə bağlı olan assosasiyanı hiss etdi. Birdən qadın fondan çəkilən siluetə çevrildi. İyirmi yaşlı kişini xəyalları ehtirasa gətirir… qırx yaşlını – dəri. Otuz yaşlı kişi üçün ən qorxulusu – qadının siluetə çevrilməsidir… O, qadını özünü qucaqladığı kimi asanca qucaqlaya bilər… Lakin qadının arxasınca saysız-hesabsız göz baxır… O, yəni qadın sadəcə bu baxışların iplərlə idarə etdiyi marionetdir… Bircə dəfə ağuşuna alsan, artıq sənin özünü bu iplərlə idarə edəcəklər… Onda onurğa sütununun zədələnməsi barədə uydurduğu bu yalan da tezcənə üzə çıxacaq. Məgər o, belə bir yerdə bütün keçmiş həyatının üstündən xətt çəkə bilərmi!
Qadın yandan lap yaxına gəldi. Onun yumru dizləri kişinin buduna dirəndi. Qadının ağzından, burnundan, qulaqlarından, qoltuqlarının altından, bütün bədənindən ətrafa qalıb iylənmiş suyun qatı qoxusu yayıldı. Onun od kimi isti barmaqları bir qədər cəsarətsiz, qətiyyətsiz şəkildə onurğasının üstü ilə yuxarı – aşağı sürüşdü. Kişinin bütün bədəni gərildi.
Birdən barmaqlar onun böyrünə toxundu. Kişi çığırdı:
- Qıdığım gəlir!
Qadın güldü. O, yüngülcə şıltaqlıq edir, bir az da cəsarətsiz idi. Bütün baş verənlər olduqca gözlənilməz idi və o, özünü necə aparmaq lazım olduğunu hələ bilmirdi. Bu qadın nə istəyir?.. Bunları bilə-biləmi edir, ya sadəcə barmaqlarımı sürüşüb?.. Elə indicə bütün gücünü toplayıb oyanmaq üçün gözlərini döymürdümü?.. Lakin axı elə o birinci axşam da, yanından keçərkən böyrünə toxunub, beləcə qəribə bir gülüşlə gülmüşdü… Bəlkə qadın öz hərəkətlərinə nəsə xüsusi bir məna vermək istəyir? Ola da bilsin, qəlbinin dərinliklərində qadın onun xəstəliyinə inanmır və bütün bunları öz şübhələrini yoxlamaq üçün edir… istisna deyil… Yatmaq olmaz. Onun cazibədarlığı – ən adi tələdir, lap elə həşəratlarla qidalanan yırtıcı bitkilərdəki şirin bal ətri kimi. Əvvəlcə o, kişini zor tətbiq etməyə təhrik edəcək və bununla da qalmaqal salacaq, sonra da onun əl-qolu şantac zənciriylə zəncirlənəcək.

13__________________________________________

Kişi tərdən islandı və mum kimi əriməyə başladı. Dərisindəki məsamələr tər saçırdı. Saatı dayanmışdı və o, dəqiq vaxtı bilmirdi. Orda – yuxarıda ola bilsin ki, günün qızğın vaxtı idi. Lakin iyirmi metrlik dərənin dibində artıq qürub çağıydı.
Hələ ki, qadın bərk yatmışdı. Hərdən diksinib ayaqları və qollarını əsəbiliklə atırdı -- yuxusunda nəsə görürdü. İstədi ki, qadının yuxusuna haram qatsın, lakin fikrindən daşındı. Onsuz da qadın artıq yuxudan doymuşdu.
Kişi bədənini küləyə verərək yerindən qalxdı. Görünür, yuxuda çevrilərkən, yaylıq sifətindən sürüşüb düşmüşdü və indi qulaqlarının arxasına, burnunun ətrafına, ağzının kənarlarına o qədər qum yapışmışdı ki, götürüb qaşıyan gərəkdi. Gözünə damcı töküb, onları dəsmalın ucu ilə örtdü. Bunu yalnız bir neçə dəfə təkrar etdikdən sonra gözünü əməlli-başlı aça bildi. Bir neçə gün də belə keçsə, artıq göz damcıları qurtaracaq. Hətta təkcə buna görə də olsa, tezliklə hər şeyin istənilən sonluqla bitməyini istədi. Bədəni elə ağır idı ki, elə bil dəmir yaraq-əsləhə ilə maqnitin üstünə uzanmışdı. O, var gücü ilə gözünü gərdi, qapıdan düşən sönük işıqda qəzetdəki ieroqliflər ölü milçəklərin donmuş pəncələrinə oxşayırdılar.
Əlbəttə ki, əslində hələ gündüz qadından qəzeti onun üçün oxumasını xahiş etmək lazım idi. Bu, həm də onun yatmağına mane olardı. Bir güllə ilə iki dovşan vura bilərdi. Lakin təəssüf ki, özü qadından əvvəl yuxulamışdı. Nə qədər çalışsa da, hər şeyi korlamışdı.
Və indi yenə də bu dözülməz yuxusuzluq ondan əl çəkməyəcəkdi. O, tənəffüsünün ritmilə yüzdən geriyə doğru saymağa çalışdı. Xəyalən addımbaaddım evdən işə uzanan adət etdiyi yolu getməyə çalışdı. Müəyyən sıra ilə ona məlum olan həşəratların növ və fəsilələr üzrə qruplaşdıraraq adlarını çəkməyə çalışdı. Lakin bütün çalışmalarının əbəs olduğuna əmin olub, daha da hirslənməyə başladı. Dərənin kənarı ilə şütüyən küləyin küt donqultusu… Nəm qumu laylara ayıran bellərin səsi… Uzaqdan gələn it hürüşməsi… Şam alovu kimi əsən, güclə eşidilən səslər… Sumbata kimi sinirlərinin ucunu yonan aramsız səpilən qum… Və o, bütün bunlara dözməlidir.
Eybi yox, bir təhər dözər. Lakin bu an, tərtəzə mavi şüalar dərənin kənarından aşağı sürüşəndə, hər şey əksinə oldu – hopduran kağız suyu özünə çəkən kimi, onun da canına hopan yuxu ilə mübarizəsi başladı.
Və əgər bu məntiqsizlik çevrəsi hardasa qırılmasa, qum dənələri nəinki saatı, nə bilmək olar, bəlkə də zamanın özünü də dayandırarlar.
Qəzetdə elə həmişəki yazılar idi. Burda hətta bir həftəlik əlaqəsizliyin belə hər halda mövcud olmasını göstərən bircə əlamət belə tapmaq olmazdı. Əgər qəzeti ətraf mühitə pəncərə adlandırsaq, onda görünür, şüşələri tutqundur.
«Vergilərlə əlaqədar rüşvətxorluq özəl şirkətlərdən şəhər hakimiyyətinə keçib…» «Universitet şəhərciklərini sənayenin Məkkəsinə çevirək…» «Müəssisələr bir-birinin ardınca işini dayandırır. Həmkarlar ittifaqı baş şurasının iclası yaxınlaşır; bu barədə nəzər nöqtəsi dərc ediləcək…» «Ana iki uşağını öldürüb və özünü zəhərləyib…» «Tez-tez baş verən avtomobil oğurluğu – yeni həyat tərzi və ya yeni cinayətkarlıq növü…» «Naməlum qız artıq üç ildir ki, polis budkasına gül gətirib qoyur…» «Tokionun olimpiya büdcəsində çətinliklər…» «Bu gün kabus daha iki qızı doğrayıb…» «Tələbələr sağlamlıqlarını narkotiklərlə zəhərləyirlər…» «Səhmlərin məzənnələrinə payız küləyi dəyib…» «Məşhur tenor Blu Cekson Yaponiyaya gəlir…» «Cənubi Afrika ittifaqında yeni təlatüm; 280 öldürülən və yaralanan var» «Pulsuz oğru məktəbi; bu işdə qadınların da əli var; imtahanlardan müvəffəqiyyətlə çıxanlara kamal attestatı verilir».
Bir dənə də olsun oxumadığına peşiman olası yazı yoxdur. Xəyali kərpiclərdən hörülmüş bacaları olan xəyali qüllə. Bununla belə, əgər dünyada ancaq əldən çıxardığına görə heyfsiləndiyin şeylər mövcud olsaydı, gerçəklik toxunmağa belə qorxduğun kövrək, şüşədən hazırlanmış xırdavata çevrilərdi. Lakin həyat – elə həmin qəzet məqalələridir. Buna görə də hər bir kəs bunun mənasızlığını anlasa da, kompasın mərkəzini öz evində yerləşdirir.
Və birdən gözünə qeyri-adi bir məqalə sataşdı.
«Ayın on dördü, təxminən səhər saat səkkiz radələrində, Yekokava küçəsi 30-dakı yaşayış evinin tikinti meydançasında, Xinoxara şirkətində işləyən 28 yaşlı ekskavatorçu Tosiro Sutomu qum uçqunu altında qalıb, ağır bədən xəsarətləri almışdır. O, yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, tezliklə vəfat etmişdir. Yekokava polis idarəsinin apardığı təhqiqatdan məlum olub ki, bədbəxt hadisəyə səbəb, çox güman ki, on metrlik təpəni dağıtmaq istəyən ekskavatorçunun aşağı hissədən həddən artıq çox qum götürməsi olub».
Aydındı… Onlar bu yazını mənə bilə-bilə soxuşdurublar. Yoxsa mənim xahişimi elə – belə yerinə yetirməzdilər. Yaxşı ki, altından qırmızı qələmlə xətt çəkməyiblər. Demək istəyirlər ki, həddən artıq qalmaqallı tiplər üçün ehtiyat variantlarımız var… Dəri kisəni qumla dolduracaqlar – belə şeylə dəmir və ya qurğuşun dəyənəklə vurulan zərbədən heç də pis olmayan zərbə vurmaq olar… Nə qədər desələrdə ki, qum axır, hər halda o, sudan fərqlidir… Suyun üzü ilə üzmək olar, qumun ağırlığından isə adam batır…
Vəziyyətim həddən artıq ümidverici görünürdü.

14___________________________________________

Lakin taktikanın dəyişdirilməsi ciddi tərəddüdlərlə bağlı idi və kifayət qədər vaxt tələb edirdi. Qadının qum belləməyə getməsindən hardasa dörd saat vaxt keçmişdi. Bu qədər vaxta, qum dolu səbətlər artıq ikinci dəfə dolub, qaldırılmalı, qum daşıyanlar isə işlərini bitirib, maşına tərəf getməliydilər. Kişi qulaq verib, onların qayıtmayacağına əmin olandan sonra yavaşca qalxıb geyindi. Qadın lampanı götürüb getmişdi, ona görə də hər şeyi qarasına etməli oldu. Çəkmələri ağzınadək qumla dolu idi. O, şalvarının balaqlarını corablarının içinə saldı, getrlərini çıxarıb, cibinə qoydu. Həşərat ovlamaq üçün lazım olan ləvazimat və başqa əşyalarını qapının ağzına yığdı ki, sonra tapmaq asan olsun. Ayaq qoyduğu torpaq döşəmə qum xalçasıyla örtülmüşdü və o, səssiz yaxınlaşmaya bilməzdi – bir də ki, ayaq səsləri onsuz da eşidilmirdi.
Qadının başı işə qarışıb. Quma soxub-çıxardığı bellə asanca davranır… Dərindən, rəvan nəfəs alır… Ayaqlarının yanına qoyduğu lampanın işığında uzun kölgəsi oynaşır… Kişi nəfəsini içinə çəkib, evin tinində gizləndi. Dəsmalın uclarını əlində yığıb, çəkib uzatdı. Onacan sayacam və yerimdən sıçrayacam… Əyilib qumla dolu beli qaldıran an imkan tapıb, üstünə atılmaq lazımdır.
Əlbəttə, heç bir təhlükə yoxdur demək düz olmaz. Onu da deyək ki, onların kişiyə olan münasibəti cəmi yarımca saatın ərzində kəskin dəyişə bilər. Axı prefekturadan olan məmur hər halda mövcuddur. Üstəlik, qocanın onu əvvəlcə bu məmurla səhv salıb ehtiyatlanması elə-belə məsələ deyil. Çox güman ki, bu gün sabah gəlib onları yoxlayacaqlarını gözləyirlər. Və əgər belədirsə, istisna deyil ki, yoxlama zamanı kənddə fikir ayrılığı yaranacaq, onun mövcudluğunu gizlətmək mümkün olmayacaq və əvvəl-axır onu ağzı bağlı saxlamaq fikrindən əl götürəcəklər. Doğrudur, bu yarım saatın yarım il, bir il, bəlkə də daha çox uzanacağına heç bir təminat yoxdur. Yarım saat və ya bir il – şanslar bərabərdir. O, mərc gəlməyə ürək etməzdi.
Lakin fərz etsək ki, ona kömək əllərini uzada bilərlər, onda ən yaxşısı özünü xəstəliyə vurmaqda davam etməkdir. Məhz bu məsələyə o, fikrən dönə-dönə qayıdırdı. İndi ki, o, qayda-qanunları olan ölkədə yaşayır, onda hardansa kömək gözləməyi də təbiidir. Müəmma dumanında gizlənən və sağ-salamat olmaları barədə heç bir işarə vermədən itkin düşənlər sırasına qoşulan adamlar çox vaxt özləri bunda maraqlı olanlardır. Bundan əlavə, əgər hadisədə cinayətə dəlalət edən bir şey yoxdursa, itkindüşməyə cinayət işi kimi yox, mülki iş kimi baxılırdı və polis bu işdə çox da dərinə baş soxmurdu. Lakin onunla bağlı vəziyyət tamam başqa cürdür. O, həsrətlə kömək gözləyir, bu haqda hamıya müraciət edir, bu kömək hardan gələcək - onun üçün fərqi yoxdur. Hətta onu heç vaxt görməmiş, səsini eşitməmiş adamın üçün, sahibsiz qalmış evinə heç olmazsa bir dəfə, ani də olsa, baxması kifayətdir ki, ona hər şey o saat aydın olsun. Oxuduğu yerdə saxlayıb, açıq qoyduğu yarımçıq kitab… İşə geyindiyi kostyumun cibindəki xırda pul… Lap qoy cüzi məbləğdə də olsa, son vaxtlar hesabından pul çıxarılmayan çek kitabçası… Yarımçıq qurudulub, hələ səliqəyə salınmamış həşəratlarla dolu yeşik… Yola salınmağa hazır, üstünə marka yapışdırılmış həşəratlar üçün təzə şüşə qablar sifarişi kağızı… Hər şey yarımçıq atılıb və sahibinin qayıtmaq fikrində olduğuna işarə edir. Baş çəkməyə gələn adam, istəsə də İstəməsə də, bu otaqların az qala hər nöqtəsindən eşidilən yalvarışları eşitməyə bilməz.
Bəli… Əgər həmin məktub olmasaydı… Əgər həmin sarsaq məktub olmasaydı… Amma o var idi… Bu yuxu öncəgörmə oldu, indi isə o, yenidən özü - özünü nəyəsə inandırmağa çalışır. Nə üçün? Hiylə yetər. İtirdiyini qaytara bilməzsən. O, öz əlləri ilə artıq çoxdan özünü məhv edib.
Bu məzuniyyətə aid nə varsa, hamısını sirr saxlayırdı və həmkarlarının heç birinə hara gedəcəyi barədə bilərəkdən heç nə demirdi. Susmağı azmış kimi, bu gedişini düşünülmüş şəkildə sirrə bələmişdi. Bu, öz yekrəng boz həyatlarında özləri də başdan-ayağa bozarmış həmin adamları ələ salmaq üçün(bundan yaxşısını düşünə bilməzsən) çox gözəl vasitə idi. İndi o, özünüməhvlə məşğul idi; bütün bu bozluq içərisində əlbəttə onun yox, başqalarının tamam ayrı rəngdə də ola biləcəklərini fikirləşməyə dəyərdi: qırmızı, mavi, yaşıl…
Axı gözqamaşdırıcı günəşlə dopdolu yay ancaq roman və kinofilmlərdə olur. Həyatda isə – bu, elə orda da həmən acı tüstü iyinin hakim olduğu şəhər kənarına getmiş balaca, təvazökar adamın istirahət günləridir və siyasətə həsr olunmuş səhifələri açıb, qəzeti yerə sərərək uzanıb… Maqnit stəkanlı termos və konservləşdirilmiş şirə… uzun müddət növbədə dayanandan sonra kirayəyə götürülmüş qayıq – saatı on beş iyen… Qurğuşun rəngli köpüklərin diyirləndiyi, ölü balıqlarla qaynam-qaynam qaynaşan sahil… Sonra isə ölü kimi yorulub düşmüş adamlarla ağzınadək dolu elktrik qatarı… Hamı hər şeyi çox gözəl başa düşür, lakin özü-özünü aldadan axmaq görkəmində görünməmək üçün boz kətanda bütün bacarıqlarını səfərbər edib, nəsə bayrama bənzər bir şey çəkirlər. Bədbəxt, üzütüklü atalar öz narazı balalarını bazar gününün necə əla keçdiyini söyləməyə məcbur edərək zinhara gətirirlər… Hər bir adamın heç olmasa, bircə dəfə də olsa elektrik qatarının bir küncündə görə biləcəyi səhnələr… Az qala riqqətə gətirəcək başqasının günəşinə olan paxıllıq hissi.
Lakin iş təkcə bunda olsaydı, bütün bunları belə ciddi qəbul edib, ürəyinə salmağa dəyməzdi. Əgər həmin adam bütün baş verənlərə başqa həmkarları kimi reaksiya verməsəydi, o, çətin ki, belə tərslik edərdi.
Ancaq ona xüsusi inam bəsləyirdilər. Bu, düz danışan, aydın gözlü, həmişə təzə yuyulmuş kimi görünən sifəti olan bir adam idi. Bu adam həmkarlar hərəkatında fəal iştirak edirdi. Bir dəfə isə onunla hətta başqalarından gizlətdiyi məhrəm fikirlərilə ciddi və səmimi şəkildə bölüşməyə səy göstərdilər.
- Sən belə fikirləşirsən?.. Məni sadəcə bax bu həyatla zənginləşdirilən təhsil problemi rahat buraxmır…
- «Zənginləşdirilən»i necə başa düşək?
- Belə deyək də, illüziyalara əsaslanan və mövcud olmayanı mövcud olan kimi qavramağa məcbur edən təhsil. Götürək elə qumu – o, bərk cisimdir, lakin eyni zamanda kifayət qədər hidrodinamik xüsusiyyətlərə malikdir. Elə ona belə diqqət ayırmağımın əsas səbəbi də budur…
Adam çaşdı. Pişik kimi çiyinləri çıxmış bu adamın çiyinləri daha da çox çıxdı. Lakin sifətinin ifadəsi, həmişəki kimi açıq qalmaqda davam edirdi. O, ideyanın ona yad olduğunu heç nə ilə bildirmirdi. Bir dəfə kimsə dedi ki, o, mebiusun lentini xatırladır. Mebiusun lenti – bu, bir dəfə burulub, ucları birləşdirilmiş və beləliklə də üz və astarını itirərək müstəviyə çevrilmiş kağız zolağıdır. Ola bilsin ki, bu ləqəbə onun Mebiusun lenti kimi özünün həmkarlar ittifaqındakı fəaliyyəti ilə şəxsi həyatın bir araya cəmləyə bilməsi fikri yerləşdirilmişdi?
Bu ləqəbdə yüngülvari bir rişxəndlə yanaşı təqdir də vardı.
- Bəlkə sən realistik təhsili nəzərdə tutursan?
- Yox, mənim qumla bağlı misalımı götür… məgər dünya son nəticədə quma oxşamır?.. Bax həmin bu qum, hərəkətsiz, sakit vəziyyətdə öz varlığını büruzə vermir… Əslində qum hərəkət etmir, hərəkət özü qumdur… Yaxşı olar ki, izahat verməyim…
- Mən onsuz da anladım. Axı tədris təcrübəsində relyativizmin vacib elementləri cəmləşib.
- Yox elə deyil. Mən özüm quma çevriləcəm… Hər şeyi qumun gözü ilə görəcəm… Bir dəfə ölmüsənsə, yenidən öləcəyindən narahat olmağa dəyməz…
- Sən idealist deyilsən ki, hə?.. Sən yəqin ki, öz şagirdlərindən qorxursan, düzdü?
- Çünki mən şagirdlərimin də nəyləsə quma bənzədiklərini düşünürəm…
Onda o, dişlərini ağardıb, axır məqamda onsuz da ümumi bir nəticəyə gələ bilməyəcəyimiz bu söhbətin, onun ürəyindən olmadığını heç nə ilə hiss etdirmədən cingiltili gülüşlə güldü. Onsuz da kiçik olan gözləri üzünün qırışlırında tamam itdi. Mən, yadımdadı ki, onun gülüşünə gülüşlə cavab verməyə bilmədim. Bu adam həqiqətən də Mebiusun lenti idi. Həm yaxşı, həm də pis mənada. Heç olmasa yaxşı olan tərəfinə görə, hörmət etməyə dəyərdi.
Lakin hətta bu Mebiusun lenti də, başqa həmkarları kimi məzuniyyətə çıxdığına görə ona açıq-aydın paxıllıq edirdi. Bu isə Mebiusun lentinə qəti surətdə oxşamırdı. Paxıllıq etməklə yanaşı, o həm də sevinirdi. Comərd adamlar adətən adamı qıcıqlandırır. Buna görə də onu əsəbləşdirməkdən hədsiz zövq almaq olurdu.
Və bu zəhrimar məktub… Geri qaytarılması mümkün orlmayan paylanmış kart. Dünənki yuxunu səbəbsiz hesab etmək olmaz.
Onunla o qadın arasında, yəni bu yox, başqa qadın arasında sevgi yox idi demək, yalan olardı. Onların arasında nəsə sönük və bəlkə də qeyri-müəyyən münasibətlər mövcud idi və o, heç vaxt bilmirdi ki, bu qadından nə gözləmək olar. Məsələn ona deyəndə ki, nikah mahiyyət etibarilə xam torpağın şumlanması kimi bir şeydir, o dəqiqə qəti və əsəbi şəkildə etiraz edirək, nikahı darısqallaşmış ev-eşiyin genişlənməsi kimi başa düşmək lazım olduğunu bildirirdi. Əksini desəydim, sözsüz ki, buna da etirazını bildirərdi. Bu, fasiləsiz olaraq iki il və dörd ay davam etmiş oyun idi – kim-kimə üstün gələcək. Ola bilsin, onlar sevgi hissini itirmişdilər demək əvəzinə, axır - axırda lap dondurmuşdular demək daha düzgün olardı, çünki onu, yəni sevgini həddən artıq idellaşdırmışdılar.
Və elə onda da gözlənilmədən məktub yazıb qoymaq və orda bir müddətə yerini demədən, tək harasa gedəcəyəi barədə xəbər vermək qərarına gəldi. Məzuniyyəti ətrafında qurduğu, həmkarlarına əngəlsiz təsir edən müəmma toru bu qadına təsir etməyə bilməzdi. Lakin lap son anda – artıq ünvanı yazıb, markasını yapışdırdıqdan sonra, belə qərara gəldi ki, bu, axmaqlıqdır və məktubu stolun üstündə saxladı.
Ziyansız bir zarafat yalnız seyf sahibinin aça biləcəyi, sekreti olan avtomatik qıfıl rolunu oynadı. Məktub mütləq kiminsə gözünə dəyməli idi. Burda əlbəttə ki, bilərəkdən, onun öz arzusuyla itməsinə işarə vuran sübut vardı. O, küt bir tərsliklə, onu cinayət yerində gördüklərinə baxmayaraq barmaq izlərini məhv edən ağılsız cinayətkara bənzəyirdi.
Əsirlikdən qaçmaq imkanları azalırdı. Və indi, baxmayaraq ki, hələ də ümidini itirməmişdi, bu ümid özünün qatdığı zəhərdən boğulurdu. İndi onun bir yolu vardı – kiminsə bu qapıları onun üzünə açmasını gözləmədən, özü o qapıları açsın və güclə də olsa, buradan canını qurtarsın. Bu saat tərəddüd etmək olmaz.
Bədəninin bütün ağırlığını ağrıyanadək quma batırdığı ayaq barmaqlarına salıb, qərar verdi: onacan sayıb, yerimdən sıçrayacam… Lakin on üçədək saydı – heç nə alınmadı. Nəhayət, dörd dəfə köks ötürüb, o, gizləndiyi yerdən çıxdı.

15______________________________

Hərəkətləri düşündüyünü həyata keçirməyə rəğmən, həddən artıq ləng idi. Qum bütün gücünü udurdu. Bu ərəfədə qadın çevrildi və belin dəstəyinə söykənərək, təəccüblə gözlərini ona zillədi.
Əgər qadın müqavimət göstərsəydi, nəticə tamam başqa cür olardı. Lakin onun gözlənilməzliyə hesablanmış planı özünü doğrultdu. Düzdü, hərəkətləri həddən artıq əsəbi idi, lakin qadın da elə bil iflic vurmuş kimi sarsılmışdı. Qadının ağlına belə gəlmədi ki, əlindəki bellə onu qovsun.
- Səs-küy salma!.. Sənə heç nə etməyəcəm… Sakit!.. – o, dəsmalı
qadının ağzına necə gəldi dürtə-dürtə, boğuq səslə pıçıldayırdı. Lakin qadın bu bacarıqsız, kor-koranə hərəkətlərə müqavimət göstərməyə səy belə etmirdi.
Kişi onun passivliyini hiss edib, özünü ələ aldı. O, qadının ağzından dəsmalın bir ucunu çıxarıb, başını sıx-sıx bağladı və arxadan kip çəkib, düyün vurdu. Sonra isə əvvəlcədən hazırladığı getr ilə qadının əllərini arxadan bərk – bərk bağladı.
- İndi isə, haydı, tez evə!
Qadın tamamilə yerində donmuş kimi, nəinki onun hərəkətlərinə, həm də sözlərinə itaətkarcasına tabe olurdu. Düşmənçilik nədi – qadın heç kölgəyə də müqavimət göstərmirdi. Görünür, gipnoza oxşar vəziyyətə düşmüşdü. Kişi nə etdiyini fikirləşmirdi və bilmirdi ki,düz edir, yoxsa yox, lakin görünür, kobud rəftar qadının müqavimət göstərmək bacarığını əlindən almışdı. O, qadını torpaq döşəmədən ayağa qalxmağa məcbur etdi. İkinci getr ilə ayaqlarını topuqlarının yanından sarıdı. Bütün bunları qaranlıq şəraitdə, kor-koranə edirdi və getrdən qalan bir parça ilə tam arxayınlıq üçün ayaqlarının ətrafında bir dəfə də dolayıb, bağladı.
- Bax belə, sakit otur, aydındı?.. Özünü yaxşı aparsan, sənə heç nə etməyəcəm… Amma bax ha, mənimlə zarafat etməyin sonu pis olur…
Qadının nəfəsi gələn tərəfə diqqətlə baxıb, dal-dalı qapıya tərəf getdi, sonra isə cəld bayıra çıxıb, bellə lampanı götürdü və o dəqiqə evə qayıtdı. Qadın bir böyrü üstə çevrilmişdi. O, tez-tez və ağır nəfəs alır, buna uyğun olaraq da, başını qaldırıb, salırdı. Nəfəsini çəkəndə qadın çənəsini uzadırdı – yəqin, həsirdən nəfəsinə qum getməsin deyə. Nəfəsini buraxanda isə – hava burnunun deşiklərindən böyük təzyiqlə çıxıb, sifətindəki qumu üfürsün deyə, əksinə.
- Eybi yox, bir qədər dözərsən. Səbətlilər qayıdana qədər gözləməli olacaqsan. Mənim çəkdiyim bütün bu əzablardan sonra, sənin susmağın məsləhətdir. Bundan əlavə, axı mən burda keçirdiyim vaxta görə sizə pul ödəyəcəm… Qalan bütün əlavə xərcləri isə, nə isə, özün hesablayarsan… Etiraz etmirsən?.. Etiraz edirsən?! Düzünə qalsa, mənim pul ödəməyim yersizdir, sadəcə, xoşlayıram ki, hər şey doğru-düzgün olsun. Buna görə də, istəsən də, istəməsən də, nə olursa olsun, bu pulları sənə qaytaracam.
Kişi əlləri ilə boğazından tutub, sanki rahat nəfəs almaq üçün özü – özünə kömək edirmiş kimi, narahatlıqla bayırdan gələn, aydın olmayan bir səsə qulaq asmağa başladı. Hə, yaxşı olar ki, lampanı söndürüm. O, şüşəni qaldırdı və alovu söndürməyə hazırlaşırdı ki… Yox, bir də baxım, görüm qadın neyləyir. Ayaqları kifayət qədər bərk bağlanıb – barmağını belə sala bilməzsən. Əlləri ilə də bağlı hər şey qaydasındadır – biləngləri gömgöy göyərib, mayasınadək qırxılmış dırnaqları köhnəlib qatılaşmış mürəkkəb rəngindədir.
Əla tıxacdır. Qadının onsuz da rəngi qaçmış dodaqları elə dartılmışdı ki, üstündə qan deyilən şey qalmamışdı – elə bil əsl kabusdur. Ağzının suyu axıb, həsirin üstündə, elə yanağının altındaca qara ləkə əmələ gətirmişdi. Lampanın titrək işığında ordan – qadın olan yerdən, elə bil ki, sakit inilti səsi gəlirdi.
- Nə etmək olar? Poxu özün qaynatmısan… - Onun tələsik atılmış sözlərində əsəbilik hiss olunurdu. – Sən məni aldatmağa cəhd göstərdin, mən səni. Haq-hesabı çürütdük? Axı mən hər halda insanam, adamı it kimi götürüb, zəncirləmək olmaz axı… Kimi dindirsən, bunun doğru, qanuni özünümüdafiə olduğunu deyər.
Qəfildən qadın başını döndərib, yarıörtülü gözünün qırağı ilə onun baxışını tutmağa çalışdı.
- Hə, nədi?.. Nəsə demək istəyirsən?
Qadın başını bir qədər qeyri-təbii yellədi. Elə bil həm təsdiq edir, həm də inkar edirdi. O, qadının heç olmasa gözlərindən bir şey oxumaq üçün lampanı onun sifətinə yaxınlaşdırdı. Əvvəlcə o, hətta inanmadı. Qadının gözlərində nə kin, nə də ədavət vardı, yalnız sonsuz qəm və elə bil nə üçünsə yalvardığı hiss olunurdu.
Ola bilməz… Yəqin, mənə elə gəlir… «Gözlərin ifadəsi» - bu, olsa-olsa, gözəl deyimdən başqa bir şey deyildir… Əgər göz alması hər hansı bir əzələdən xalidirsə, onda məgər gözdə nəsə ifadə ola bilərmi? Lakin kişi hər halda tərəddüd edirdi və qadının ağzına bağladığı yaylığı boşaltmaq üçün əlini uzatmağa hazırlaşırdı.
Və o an da əlini çəkdi. Tələsik lampanı söndürdü. Qum səbəti
daşıyanların səsi yaxınlaşırdı. Söndürülmüş lampanı asan tapmaq üçün onu döşəmənin lap kənarına qoydu və əl – üz yuyanın altından su qazançasını çıxarıb, dodaqlarına dirəyərək acgözlüklə içməyə başladı. Sonra isə beli götürərək, qapının yanında gizləndi. Başdan ayağa su içində idi. Bax indi… Beş-on dəqiqə də səbr… Həşərat kolleksiyası ilə dolu yeşiyi qətiyyətlə özünə tərəf çəkdi.

16_________________________________________

-- Ey! – xırıltılı səs eşidildi.
-- Orda nə edirsiniz? – hələ də gənclik təravətini saxlayan başqa bir səs əks-səda kimi eşidildi. Dərəyə elə qatı zülmət çökmüşdü ki, göz-gözü görmürdü, bayırda isə, çox güman ki, artıq ay çıxmışdı, çünki qumla səma arasındakı sərhəddə yayğın ləkə kimi bir-birinə qarışmış bir qrup adamın kölgəsi qaralırdı. Kişi sağ əlində bel, dərənin dibi ilə süründü. Yuxarıda həyasız gülüşmə eşidildi. Səbətləri qaldırmaq üçün aşağıya qarmaqlı kəndir salladılar.
-- Xalacan, tez elə!
Elə bu an kişi gərilib, dalınca qum tozanağı qaldıraraq kəndirə tərəf tullandı.
-- Ey, qaldır! – deyə qışqırdı. Kələkötür kəndirdən elə yapışmışdı ki, daş da olsaydı, fərqi yoxdur, barmaqları axıradək içinə girəcəkdi. – Qaldır! Qaldır! Nə qədər ki, qaldırmamısınız, buraxmayacam… Qadın əli-ayağı bağlı evdə uzanıb qalıb. Ona kömək etmək istəyirsinizsə cəld kəndiri çəkin! O vaxta qədər isə heç kəsi ona yaxın buraxmayacam!.. Əgər kimsə bura burun soxmağa cəhd göstərsə, bellə başını yaracam… Məhkəmə olsa – mən udacam! Mərhəmət gözləməyin!.. Hə, niyə ləngiyirsiniz? Əgər elə bu saat məni yuxarı qaldırsanız, məhkəməyə vermərəm, hər şey barəsində susaram… Qanunsuz saxlama – heç də balaca cinayət deyil!.. Hə, nə oldu? Çəkin görək!
Yuxarıdan tökülən qum sifətinə vurur. Köynəyinin altından, boynundan aşağıya doğru nəsə xoşagəlməz, yapışqan kimi bir şey sürünür. İsti nəfəs dodaqları yandırır.
Yuxarıda deyəsən məsləhətləşirdilər. Və birdən – güclü bir dartınma və kəndir yuxarıya doğru sürünməyə başladı. Havada yellənən, düşündüyündən də qat-qat çox olan bədəninin ağırlığından az qala kəndir əlindən çıxır. Kişi kəndirdən ikiqat bərk yapışdı. Yəqin ki, gülməyini saxladığı səbəbindən yaranan spazma qarnını əzirdi və ağzından damcılar yelpik kimi sıçrayırdı… Bir həftə davam edən pis yuxu dağılır və harasa uçur… Yaxşı… yaxşı… Artıq xilas olub!
O, qəflətən çəkisizlik hiss etdi və fəzada üzdü… Hissləri dəniz xəstəliyində olduğu kimi bütün bədəninə yayıldı; buna qədər az qala əlinin dərisini aparan kəndir, indi gücsüz vəziyyətdə ovuclarında qalmışdı.
Bu əclaflar kəndiri buraxmışdılar!.. Kəllə-mayallaq aşıb, yöndəmsiz şəkildə qumun üstünə yıxıldı. Həşəratlar üçün olan yeşik altında qalıb, iyrənc bir çartıltı saldı, sonra isə nəsə yanağını yalayıb bir qəldər kənara uçdu. Güman ki, kəndirin ucuna bağlanmış qarmaq idi. Gör yaramazlar nə edirlər! Yaxşı ki, heç olmasa, üzümə bərk dəymədi. Yeşiyin üstünə düşən tərəfini əllədi, -- deyəsən, elə bir ağrıyan yeri yoxdur. Dik atılıb kəndiri axtarmağa başladı. Onu artıq yuxarı qaldırmışdılar.
-- Axmaqlar!
Kişi yad bir səslə qışqırdı:
-- Axmaqlar! Axı peşman olacaqsız!
Sıfır reaksiya. Ancaq tüstü kimi yayılan sakit pıçhapıç – nə dediklərini ayırd etmək olmur. Bu pıçıldaşmada nə çoxdur – düşmənçilik, ya istehza, - ayırd edə bilməzsən. Və bu, dözülməzdir.
Qəzəb və həqarət polad halqalar kimi bədənini sıxırdı. O, yumruqlarını dırnağı tərli ovuclarına batanadək sıxıb, qışıqırmaqda davam edirdi.
- Hələ başa düşməmisiniz?! Düzdü, siz söz başa düşmürsünüz, amma mən elə şey etmişəm ki, hətta sizin kimi kütlər də başa düşməlidir? Qadının əl-qolu bağlıdır! Eşidirsiz?.. Nə qədər ki, məni yuxarı qaldırmamısınız və ya nərdivanı aşağı salmamısınız, o, elə də qalacaq!.. Burda qumu kürəməyə adam olmayacaq… Hə, necədi, xoşunuza gəlir?.. Yaxşı-yaxşı fikirləşin… Əgər bura qum altında qalsa, axı sizin üçün də pis olacaq, düzdü?.. Qum dərəni doldurub, kəndə tərəf hərəkət edəcək!.. Onda nə edəcəksiniz?.. Niyə cavab vermirsiniz?!
Cavab vermək əvəzinə onlar sadəcə çıxıb getdilər, ancaq qumun üstü ilə
sürüdükləri səbətin xışıltısı eşidilirdi.
- Niyə?.. Niyə heç bir söz demədən çıxıb gedirsiz?
Artıq özündən başqa heç kəsin eşitmədiyi aciz bir yalvarış. Kişi başdan ayağa əsə-əsə, əyilib həşərat kolleksiyası yeşiyinin içindəkiləri qarasına yığmağa başladı. Görünür, spirt butulkası sınmışdı: ona toxunanda barmaqlarının arasından xoş bir sərinlik axdı. O, səssiz – səmirsiz ağlamağa başladı. Çox da kədərlənmirdi. Hələ üstəlik, ona elə gəlirdi ki, ağlayan da özü yox, kimsə başqasıdır.
Qum onun ardınca hiyləgər yırtıcı tək sürünürdü, qatı zülmətdə çaşa-çaşa, ayqlarını sürüyərək çətinliklə özünü qapıya çatdırdı. Qapağı sınmış yeşiyi ehtiyatla, qarasına ocağın yanına qoydu. Küləyin uğultusu havanı yardı. Ocağın yanındakı boş bankadan polietilen paketə bükülmüş kibriti çıxarıb, lampanı yandırdı. Qadın döşəməyə çox əyilmiş, ammaəvvəlki vəziyyətdə uzanıb qalmışdı. O, görünür, bayırda nə baş verdiyini ayırd etmək üçün başını yüngülcə qapıya tərəf çevirdi. Gün gözünü qamaşdırdı və o dəqiqə yenidən gözünü bərk-bərk qapadı. Kişinin bir qədər əvvəl öz üzərində hiss etdiyi qəddarlıq və kobudluğunu görəsən qadın necə qəbul etdi?.. Ağlamaq istəyir – qoy ağlasın, gülmək istəyir – qoy gülsün… Hələ heç nə itirilməyib. Gec partlayan minanın fitili yalnız mənim öz əlimdədir, başqa heç kimin.
Kişi qadının arxasında dizi üstə yerə çökdü. Bir qədər tərəddüddən sonra qadının ağzını tıxayan yaylığı açdı. Ona görə yox ki, birbən birə vicdan əzabı çəkdi. Və əlbəttə ki, mərhəmətdən, ya ona acıdığından söhbət belə gedə bilməzdi.

O, sadəcə gücdən düşmüşdü. Və bu nəhayətsiz gərginliyə dözə bilmirdi. Mahiyyət etibarilə tıxaca ehtiyac da yox idi. Əgər onda qadın köməyə çağırıb qışqırsaydı, ola bilsin ki, bu əksinə, onun düşmənləri arasında çaşqınlıq yaradar, onları tez bu məsələni həll etməyə məcbur edərdi.
Qadın çənəsini uzadıb, ağır -ağır nəfəs alırdı. Onun qumla qarışmış tüpürcəyindən yaylıq ölü siçovul kimi bozarıb ağırlaşmışdı. Dərisini sıxan yaylığın qoyduğu gömgöy izlər elə bil heç vaxt itməyəcəkdi. Keyləşib taxtaya dönmüş, quru balıq kimi bərk yanaqlarını açılışdırmaq üçün qadın fasiləsiz olaraq alt çənəsini tərpədirdi. -- Artıq vaxtdır… -- Yaylığı iki barmağıyla götürüb, torpaq döşəmənin üstünə atdı.-- Məsləhətləşmələrini qurtarmaq vaxtıdır. İndi əllərində kəndir nərdivan qaçıb gələcəklər. Axı hər şey necə varsa elə də qalsa, onların özü üçün pis olacaq. Hə, düz deyirəm… narahatlıq istəmirlərsə, onda məni bu tələyə də salmaq lazım deyildi.
Qadın tüpürcəyini udub, dodaqlarını yaladı. -- Axı… -- Dili hələ sözünə pis baxırdı və qadın ağzında isti yumurta varmış kimi boğuq danışırdı. – Ulduzlar çıxıb? -- Ulduzlar?.. Ulduzların bura nə dəxli var? -- Bəlkə ulduzlar çıxmayıb… -- Hə, tutaq ki, çıxmayıb, nə olsun ki? Qadın haldan düşüb, yenidən susdu.
-- Nə baş verir? Başlamısız – sözünüzü axıra çatdırın! Ulduz falı tərtib etmək istəyirsiniz? Ya, bəlkə bu, yerli xurafatdır?.. Hələ bir bəlkə deyəsiz ki, ulduzsuz gecələrdə nərdivanı aşağı sallamaq olmaz?.. Hə, nədi? Mən başa düşmürəm ki, niyə susursunuz!.. Bəlkə siz ulduzlar çıxandan sonra danışmağa başlayacaqsınız, onda gözləyin, özünüz bilərsiniz… Lakin birdən qasırğa qopsa, nə olacaq? Onda əminəm ki, ulduzlar heç yada düşməyəcək!
-- Ulduzlar… -- Qadın, elə bil sözləri yarımçıq tübikdən damcı-damcı sıxıb çıxarırdı. – Əgər bu vaxtadək ulduzlar çıxmayıbsa, külək çox da bərk olmayacaq…
-- Niyə?
-- Axı ulduzlar dumana görə görünmür.
-- Bu da sözdür? Məgər indi külək əvvəlki kimi əsmir?
-- Yox, onda indikindən qat-qat bərk əsirdi. Eşidirsiniz, külək yatır…
Ola bilsin, qadının dediklərində həqiqət var. Ulduzların dumanlı görünməyinin səbəbi odur ki, küləyin havadakı buxarları qovmağa gücü çatmır. Bu gecə çətin ki, güclü külək əssin… Deməli, onlar da orda – kənddə qərar çıxarmağa tələsməyəcəklər… Və əvvəlcə ona cəfəngiyyat, ağılsızlıq kimi görünənin, gözlənilmədən ağlabatan cavab olduğu məlum olub.
- Doğrudan a-a… Amma mən tamamilə sakitəm… Əgər onlar belə edirsə, onda mən özüm də gözləyə bilərəm. Bir həftə, ya on, on beş gün – fərq etməz…
Qadın ayaq barmaqlarını güclə bükdü. Onlar indi qarayaxanın məmələrinə oxşayırdılar. Kişi güldü. Və gülən kimi də ögüməyi gəldiyini hiss etdi.
Özümü nə üzürəm?.. Məgər düşmənlərinin zəif yerini dişinə vurmamısan?.. Nəyə görə sakit olmur, müşahidə etmirsən?! Axı nəhayət, sən sağ - salamat evinə qayıtdıqdan sonra bütün bu başına gələnləri qələmə almaqa dəyər.
…O! Bizi heyrətləndirdiz. Nəhayət ki, siz nəsə yazmağa qərar verdiniz. Doğrudan da, başınız az bəla çəkməyib. Lakin başımıza gələnlərdən dərs alırıq – axı yağış soxulcanlarının da dərisini qıcıqlandırmasan, dartınıb uzanmaz. Sağ olun. Düzü, mənə çox şey haqqında düşünmək lazım gəldi, hətta başlıq da hazırdı… O! Nə başlıqdı o elə?.. «Qumluqlar iblisi», və ya «Qarışqa cəhənnəminin əzabları»… Hə, münaqişəli başlıqlardır. Amma bir az məzmunsuzluq təəssüratı yaratmır ki?… Siz belə düşünürsünüz?.. Çəkdiyiniz əzablar nə qədər dəhşətli olsa da, hadisələrin yalnız zahiri tərəflərini təsvir etməyin heç bir mənası yoxdur. Bundan başqa, faciənin qəhrəmanları – orda yaşayan insanlardır və sizin yazdığınızda problemin həlli yollarının heç olmasa cizgiləri çəkilməsə, sizin çəkdiyiniz əzabların bir qəpik qiyməti olmayacaq… Bu əclaflıqdır!.. Nə?..
Deyəsən hardasa çirkab suları axan qanovu təmizləyirlər? Ya bəlkə, dəhlizdə səpələnən dezinfeksiya ilə sizin ağzınızdan gələn sarımsaq iyinin arasında nəsə bir xüsusi kimyəvi reaksiya baş verir?.. Nə?.. Heç nə, heç nə, xahiş edirəm, narahat olmayın. Nə qədər yazıramsa yazım, görürəm ki, məndən yazıçı çıxmaz… Yenə də tamamilə gərəksikz bir təvazökarlıq, sizə yaraşmır. Mənə elə gəlir ki, yazıçılara xüsusi kateqoriyadan olan adamlar kimi baxmaq lazım deyil. Əgər yazırsansa – deməli sən yazıçısan… Daşlaşmış bir fikir var ki, kim də olmasa, bu müəllimlər yazmağı sevirlər – təki onlara imkan ver… Bu, yəqin ondan irəli gəlir ki, ixtisaslaşma baxımından müəllimlər nisbətən yazıçılara yaxındırlar…Yaradıcı tədris deyilən şey budur? Baxmayaraq ki, özlərinin heç təbaşir yeşiyi də düzəltmək əllərindən gəlmir… Təbaşir üçün yeşik, çox minnətdaram. Məgər sənin özünü özünə tanıdıb, gözünü açırlarsa, bu, gözəl yaradıcılıq nümunəsi deyilmi?.. Və bunun sayəsində məni ağrı gətirən yeni-yeni təəssüratları dadmağa məcbur edirlər… Həm də ümidləri!.. Bu ümidlərin doğrulub doğrulmayacağına heç bir cavabdehlik daşımadan… Əgər lap əvvəlcədən hər kəs öz gücünə inanmasa… Yaxşı, bəsdir öz-özümü aldatdım. Heç bir müəllimə buna bənzər bir nöqsan yaraşmaz… Nöqsan?.. Mən yazıçılıq haqqında danışıram. Yazıçı olmaq həvəsi – adicə eqoizmdir: kuklaları idarə etməyə can atmaq və bununla da, özünü başqa marionetlərdən fərqləndirmək. Elə qadınların kosmetikadan istifadə etməsi də bu səbəbdəndir… Çox ciddi olmadı ki? Lakin siz «yazıçı» sözünü bu mənada işlədirsinizsə, onda bəlkə də, yazıçı olmaq və sadəcə yazmaq, həqiqətən də eyni şey deyil. Ola bilsin.Və məhz buna görə də mən yazıçı olmaq istədim! Əgər bacarmasam, onda heç yazmağa da dəyməz!..
Yeri gəlmişkən, uşağa söz verib, yerinə yetirməyəndə halı necə olur?

17________________________________________

Bayırdan qanad çırpmasını xatılrladan səs eşidildi. Kişi lampanı qapıb, bayıra cumdu. Dərənin dibində həsirə bükülmüş nəsə atılıb qalmışdı. Yuxarıda nə ins vardı, nədə cins. Bağlamaya toxunmadan, bərkdən qışqırdı. Cavab gəlmədi. O, həsirin sarındığı ipi açdı. İçində nə olduğu bilinməyən bağlama – adı maraq olan yanan fitilin yaxınlaşdırıldığı partlayıcıdır. İradəsinin əksinə olaraq qəlbinin dərinliklərində bir ümid qığılcımı parıldadı: bəlkə dərədən çıxmaq üçün istifədə edilən hər hansı vasitədir… Bu kəndçilər lazım olan hər şeyi atıb, tələsik uzaqlaşıblar…
Laikin burda qəzetə bükülmüş balaca bir bağlama və ağzına taxta tıxac tıxanmış, təxminən bir litrlik butulkada araq vardı. Bağlamada isə üç qutu, hərəsində iyirmi dənə olmaqla «Sinsey» siqareti. Və başqa heç nə. Sadəcə inanmağı belə gəlmirdi. O, yenidən həsirin bir ucundan yapışıb, bərk silkələdi – yerə ancaq qum töküldü… Hələ də ümid edirdi ki, heç olmasa bir parça kağızda da olsa məktub olmalıdır, lakin bu da yox idi. Butulkadakı turşumuş düyü kökəsi iyi verən keyfiyyətsiz araq idi.
Bütün bunlar nə üçün idi?.. Sövdələşmədi, nədi bu?.. Nə vaxtsa eşitmişdi ki, hindular dostluq əlaməti olaraq bir-birinə qəlyan bağışlayırlar. Elə araq özü də – hər yerdə şən əhval - ruhiyyə nişanəsidir. Beləliklə, güman etmək olar ki, onlar bu üsulla nə cürsə dil tapmaq istədiklərini büruzə verirlər.
Adətən kənd adamları öz hisslərini sözlə ifadə etməyə utanırlar. Bu mənada onlar çox sadəlövhdürlər.
Lakin hələlik hər cür saziş-filan bir qırağa, əsas siqaretdir. Necə olub ki, düz bir həftə onsuz dözüb? Vərdiş etdiyi cəldliklə qutunun bir qırağını cırarkən, kağızın jilalılığını hiss etdi. Qutunun dibinə çırtma vurub, bir dənə siqaret çıxardı. Siqareti tutan barmaqları ehmalca titrəyirdi. Siqaretini lampadan alışdırıb, yavaş-yavaş və dərindən qullab vurdu, qurumuş otların ətri bütün bədəninə yayıldı. Dodaqları keyidi, gözlərinin önündə ağır, məxmər pərdə sallandı. Başı zərbə alıbmış kimi hərləndi, üşünmə tutdu.
Butulkanı özünə bərk-bərk sıxıb, müvazinətini güclə saxlyaraq yavaş-yavaş evə tərəf getdi. Ayaqları sözünə baxmırdı. Başı halqaya salınıbmış kimi hələ də hərlənirdi. O, qadının olduğu yerə baxmaq istəyirdi, lakin heç cür başını döndərə bilmirdi. Gözünün ucuyla gördüyü qadının sifəti ona qeyri-adi dərəcədə balaca göründü.
- Bax, hədiyyədir… -- O, butulkanı başının üstünə qaldırıb silkələdi. – Əla fikirləşiblər, düzdü? Sağ olsunlar, indi biz hər şeyi əvvəlcədən qeyd edə bilərik… Sözsüz də aydındır… Mən hər şeyi əvvəldən başa düşdüm… Olan olub, keçən keçib… hə, necə bilirsən, bəlkə əlli-əlli vuraq?
Cavab vermək əvəzinə qadın gözlərini bərk-bərk qapadı. Bəlkə o, əl-ayağını açmadığım üçün hirslənib? Axmaq qadın. Axı heç olmasa bircə sualına düz - əməlli cavab versəydi, o dəqiqə onu açıb buraxardı. Bəlkə sadəcə ona bu toxunub ki, belə çətinliklə əldə etdiyi kişini saxlamaq iqtidarında deyil və məcburdur ki,– əlindən başqa nə gəlir -- onu buraxsın. Görünür, qadının əlində nəsə bir əsas var… Axı onun hardasa otuz yaşı var, özü də duldur. Topuqlarının arxasında nəsə qəribə, aydın seçilən batıqlar var. Onu gic gülmək tutdu. Ayaqları niyə belə əcaibdir?
-- Çəkmək istəyirsiniz? Qonaq edə bilərm.
-- Yox, istəmirəm, onsuz da boğazım quruyub… -- başını bulayıb, sakitcə cavab verdi.
-- Bəlkə içməyə bir şey verim?
-- Heç nə olmaz.
-- Utanmayın. Mən sizinlə ona görə belə rəftar etməmişəm ki, şəxsiyyətinizə qarşı xüsusi nifrətim var. Özünüz bunun strateci nöqteyi - nəzərdən vacib olduğunu başa düşməlisiniz. İndi elə bil ki, geri çəkiliblər…
-- Kişilərə həftədə bir dəfə araqla tütün verilir.
-- Verilir?.. – Uçduğunu düşünən, lakin əslində başı ilə pəncərəyə kəllə vuran böyük milçək… Elmi adı Muscina stabulans… Əşyaları hissə-hissə görən, demək olar ki, yarıkor gözlər… Hətta özünü itirdiyini gizlətməyə çalışmadlan, narahat şəkildə soruşdu: - Axı bizə görə özlərini niyə belə əziyyətə salırlar?! Məgər yaxşı olmazmı ki, insanlara öz istədiklərini almaq üçün imkan verilsin?
-- İş həddən artıq ağır və çoxdur – başqa heç nə üçün vaxt qalmır… Üstəlik kəndə də sərf edir: xərclərin bir hissəsini Liqa(1) öz boynuna götürüb.
Əgər belədirsə, demək bütün bunlar saziş yox, tamam əksinə, təslim olmaq üçün tövsiyyə imiş!.. Yox, görünür, lap pisiymiş. Bəlkə o,artıq gündəlik həyatı hərəkətə gətirən vintciklərdən birinə çevrilib və bu adla da bütün siyahılara salınıb?
-- Lap dəqiqləşdirmək üçün bir söz də soruşmaq istərdim. Burda başına belə iş gələn ilk birisiyəm?..
-- Yox. Nə deyirsənsə de, işçi qüvvəsi çatışmır axı… Təsərrüfatı olanlar da, kasıblar da – işləyə bilənlərin hamısı bir-bir kənddən çıxıb gedirlər… Dilənçi kənd – bir də ki, qum…
-- Yaxşı, indi nə deyirsiniz… - hətta səsi də qum rənginə oxşar müdafiəçi rəng aldı. – Məndən başqa burda tutub saxladığınız başqa bir adam varmı?
-- Hə, bu, keçən il olub, payızın əvvəllərində… açıqcaçı…
-- Açıqcaçı?
-- Hə də, turistlər üçün açıqcalar buraxan bir şirkətin agenti, yerli İttifaqın sədrinə qonaq gəlmişdi… Deyirdi ecaskar peyzacdır, bircə şəhərlilər üçün reklam etmək qalır…
-- Onu da tutub saxladılar?

-----------------
1 Ümumyaponiya hüquqsuz icmalara yardım liqası nəzərdə tutulur. Məlum olduğu kimi, 1868 – ci ildən etibarən pari (eta) kastası formal olaraq ləğv edilmişdi. Lakin faktiki olaraq eta bu günlərə kimi fəaliyyət göstərməkdə davam edir. Bu kəndin sakinləri etaya mənsubdurlar.
-----------------

-- Elə bizim cərgədəki evlərdən birində, işçi qüvvəsi çatışmırdı da…
-- Bəs sonra nə oldu?
-- Deyəsən elə o gün də öldü…Yox, o elə əvvəldən də çox cansız idi…Üstəlik, tərslikdən qasırğalar vaxtı idi, işləməkdən üzüldü…
-- Bəs niyə o saat canını qurtarıb qaçmadı?
Qadın cavab vermədi. Belə də hər şey o qədər aydın idi ki, cavab verməyə lüzum yox idi. Ona görə qaçmamışdı ki, qaça bilməmişdi… Əlbəttə ki, məsələ ancaq bunda idi.
-- Bəs ondan başqa?
-- Hə… ilin lap əvvəlində burda bir tələbə vardı, deyəsən kitab satırdı.
-- Kitabpaylayan?
-- Nəsə namnazik, cəmi on iyenlik kitablar idi. Orda kiminsə əleyhinə nəsə yazılmışdı…
-- Bu tələbə Vətənə qayıtmaq uğrunda hərəkat iştirakçısıymış… Onu da saxladılar?
-- O, indi də deyəsən, bizdən üç ev aralıda yaşayır.
-- Kəndir nərdivanı orda da yığışdırıblar?
-- Gənclər bura heç cür alışa bilmirlər… Nə etmək olar, şəhərdə yaxşı
pul verirlər, üstəlik kinoteatrlar, restoranlar da hər gün işləyir…
-- Axı ola bilməz ki, burdan indiyədək bir nəfərə də qaçmaq müyəssər olmasın?
-- Niyə ki, dostlarının yoldan çıxardığı bir nəfər cavan oğlan vardı, o da şəhərə qaçmışdı… Orda kimisə bıçaqlamışdı – hətta qəzetlər də bu barədə yazmışdı… İş verdilər, çıxandan sonra isə geriyə – bura göndərdilər, yəqin yaşayır, sakitcə oturub valideynlərinin yanında…
-- Mən ondan danışmıram! Mən o adamlar haqqında soruşuram ki, burdan qaçıb, geri qayıtmayıblar!
-- Bu çoxdan olub… Yadımdadı, bütöv bir ailə gecəykən aradan çıxmışdı… Evləri uzun müddət boş qaldı; bu isə çox qorxuludur, amma daha nə etmək olardı… düz deyirəm, çox qorxuludur… Əgər burda heç olmasa bir tərəf uçsa – bu elə bəndin yarılması kimi bir şeydir…
-- Və deyirsiniz ki, bundan sonra başqası olmayıb?
-- Məncə, yox…
-- Absurddur! – boynunun damarları şişdi, nəfəs almaq çətinləşdi.
Birdən qadın yumurta qoyan arı kimi ikiqat oldu.
-- Nə oldu?.. Ağrıyır?..
-- Hə, ağrıyır…
O, qadının rəngi qaçmış əllərinə toxundu. Sonra barmaqlarını düyünlərin arasından salıb, nəbzini yoxladı.
-- Hiss edirsiz? Nəbziniz kifayət qədər yaxşı vurur… Mənə elə gəlir ki, ciddi bir şey yoxdur. Başa düşürəm ki, düz eləmirəm, amma mənə lazımdır ki, siz onlara - kənddəki o günahkarlara şikayət edəsiniz.
-- Bağışlayın, siz mənim boynumu – qulağımın arxa tərəfini qaşımazsız?
Özünü itirib, yox deyə bilmədi. Dərisi ilə qum qabığı arasında dağılmış yağı xatırladan qatı tər layı vardı. Elə bil, dırnaqları şaftalı dərisinin qabığının içi ilə gedib gəlirdi.
-- Bağışlayın… Doğrudanmı burdan hələ heç kəs canını qurtara bilməyib?..
Qəfildən qapının çərçivəsi şəffaf, aydın olmayan xətlərə çevrildi və harasa uçub getdi. Bu, ay idi. Qarışqa qanadlarına bənzər sönük işıq parçaları. Və gözləri öyrəşdikcə, qum fincanının dibi bütünlüklə təzə-tər yarpaqlarda olduğu kimi bir qədər nəmli, cilalanmış kimi görünürdü…
-- Nə olar, belə olan təqdirdə, mən birinci olacam!

18_____________________________________________

Gözləmək çətin idi. Zaman, ilan dərisindəki halqalar kimi sonsuz dairələrlə uzanırdı. İrəliyə yalnız halqadan-halqaya düşməklə hərəkət etmək olardı. Və hər bir halqada tərəddüd, hər bir tərəddüdün isə özünün məxsusi silahı vardı. Bu tərəddüdlər içində qovrularaq, onlara əhəmiyyət vermədən, yaxud kənara çəkməklə irəliləmək çox çətin idi.
Gecə əzablı gözləmə içərisində keçdi. İşıqlaşdı. Pəncərədən boylanan səhər ağ ilbiz kimi onun alnı, burnunun üstü ilə sürünərək, gülümsünürdü.
-- Bağışlayın, su istəyirəm…
Nə baş verir? Yəqin, onu ani yuxu tutub. Köynəyi, şalvarının dizləri islanmışdı. Tərinə yapışmış qum həm rənginə görə, həm də toxunanda elə bil çiy buğda kökəsi idi. O, sifətini örtməyi unutmuşdu, buna görə də qışda düyü tarlasında olduğu kimi ağız-burnu qupquru qurumuşdu.
-- Bağışlayın, çox xahiş edirəm…
Bədəni başdan ayağa qumla örtülmüş qadın qızdırmalı kimi titrəyirdi. Qadının əzabları sanki naqillərlə ona ötürülürdü. O, qazançanı polietilendən çıxarıb, əvvəlcə özü acgözlüklə suyun üstünə düşdü. Yaxalamaq üçün ağzına bir az su aldı, bir neçə dəfə belə etsə də bu azlıq etdi. O, dayanmadan topa - topa qum tüpürürdü. Sonra bezib, qumu suqarışıq udmağa başladı. Bu, elə daş udmaq kimi bir şey idi.
İçdiyi su elə o dəqiqə də tərə çevrilib, canından çıxdı. Qızmış dərisi – kürəyində yuxarıdan aşağıyadək, sinəsində və böyürlərində düz belinədək – elə ağrıyırdı ki, elə bil onu qatbaqat soyurdular.
Özü içəndən sonra günahkar görkəm alıb, qazançanı qadının ağzına yaxınlaşdırdı. Qadın qabı dişləri ilə tutub, ağzını da yaxalamadan, göyərçin kimi inildəyərək içməyə başladı. Üç qurtuma qadın qabı boşaltdı. Şişmiş
qapaqları altından kişiyə baxan gözləri ilk dəfə amansız məzəmmətlə doldu. Boşalmış qazança elə yüngülləşdi ki, elə bil kağızdan düzəldilmişdi. Kişi xoşagəlməz günah hissindən yaxa qurtarmaq üçün üstündəki qumu çırpa-çırpa torpaq döşəməyə çökdü. Bəlkə, heç olmasa nəm yaylıqla sifətini silim? Əlbəttə, tərdən boğulmağına imkan verməkdənsə,bu daha yaxşı olar. Belə hesab olunur ki, sivilizasiyanın səviyyəsi, dərinin təmizlik dərəcəsi ilə düz mütənasibdir. Əgər insanın ruhu varsa, sözsüz ki, o,dərinin içində məskunlaşır. Su haqqında təkcə fikirləşmək kifayət edir ki, çirkli dərimizin üstünü, onu sormağa hazır olan on minlərlə əmzik örtsün. Buz kimi soyuq və şəffaf, pərqu kimi yumşaq, - ruh üçün əla bir yuva. Bir saniyə da keçsə, dərisi bütün bədəni boyu çürüyüb düşəcək.
O, su çəninin içinə boylandı və birdən ümidsiz bir səslə qışqırdı:
-- İçi boşdu!.. Tamamilə boşdu!
Əlini çənin içərisinə saldı. Dibində yığılmış qara qum, ancaq barmaqlarının uclarını batırdı. Dərisinin altında susuzluqdan yanan saysız-hesabsız yaralı qırxayaq dəstəsi qurdalanmağa başladı.
-- Əclaflar, su gətirməyi unudublar!.. Bəlkə onlar suyu bir az gec gətirmək istəyirdilər?
Yaxşı başa düşürdü ki, bununla özünə təsəldli verir. Yük maşını hər gün dan yeri söküləndə işini bitirib, kəndə qayıdırdı. Bu vicdansızların niyyəti aydındır.Görünür, onlar su daşımağı dayandırıb, onu özündən çıxarmaq istəyirlər. Və o dəqiqə yadına düşdü – axı bu adamlar, qum uçurumunu aşağıdan qazmağın necə təhlükəli olduğunu çox yaxşı bilə-bilə, ona xəbərdarlıq etməyi belə lazım bilməyiblər. Onun başına bir iş gəlməsin deyə, qeydinə qalmaq haqqında düşünmək belə istəmirlər. Görünür, həqiqətən də, onların sirrinə belə dərindən bələd olmuş bir adamı burdan diri buraxmaq istəmirlər və əgər bu yolu tutublarsa, axıradək ondan əl çəkməyəcəklər.
Kişi qapının yanında dayanıb, göyə baxdı. Səhər günəşi şüalarının yaydığı qırmızı rəngdə yumşaq, qorxaq buludları çətinliklə ayırmaq olurdu… Göy üzü yağış vəd etmirdi. Bədəni, elə bil hər tənəffüsdə su itirirdi.
-- Bura baxın, bunların fikri nədir?! Məni öldürmək istəyirlər, nədi?!
Qadın əvvəlkitək səssiz titrəyirdi. Bəlkə hər şeyi çox gözəl başa düşdüyünə görə. Qısası – özünü qurban kimi qələmə verib, əslində cinayətin iştirakçısıdır. Əzabındı, çək!.. Sənin çəkdiyin əzablar, elədiklərinə görə ədalətli cavabdır.
Lakin əgər kənddəki alçaqların onun əzablarından xəbəri olmayacaqsa, bütün bunlar əbəsdir. Eyni zamanda, axı onların xəbər tutacağına zəmanət də yoxdur. Bu azmış kimi, çox ola bilsin, əgər lazım olsa, onlar fikirləşmədən qadını da qurban verərlər. Bəlkə qadın buna görə belə qorxur. Azadlığa çıxmaq istəyilə yol axtaran heyvan çox gec başa düşüb ki, girdiyi deşik qəfəsin girişidir… Nəhayət, balıq başa düşüb ki, hərdən burnu ilə toqquşduğu akvariumun şüşəsi, keçilməz səddir…O, ikinci dəfəydi ki, heç nəsiz qalırdı. Və indi silah başqalarının əlindədir.
Lakin qorxmağa dəyməz. Gəmidə batanlar aclıq və susuzluqdan çox, su və çörəyin çatışmayacağı qorxusundan məhv olurlar. Uduzduğun haqda fikirləşməyə başlayan kimi məğlubiyyətin başlayır. Burnunun ucundan tər damcısı düşdü. Neçə kub santimetr rütubət itirməyin haqqında fikirləşmək, - düşmənin tilovuna düşmək deməkdir. Bir stəkan suyun buxarlanmasına nə qədər vaxt sərf olunduğu haqda düşünmək lazım idi. Lazımsız narahatlıqlar bu yabını – zamanı qova bilməz ki. – Bəlkə əl-qolunu açım, hə?
Qadın nəfəsini çəkib, inamsızlıqla donub qalmışdı.
-- İstəmirsinizsə – mənim üçün fərqi yoxdur… İstəyirsinizsə – açım…
Amma bir şərtlə… İcazəsiz beli əlinizə götürməməlisiz… Hə, nə oldu, söz verirsiz?
-- Çox xahiş edirəm, nə olar! – buna qədər it kimi hər əzaba dözən qadın yazıq-yazıq yalvarmağa başladı. Bu, küləyin qəflətən çətirin astarını üzünə çevirməyi kimi gözlənilməz oldu. – Nə istəyirsinizsə, söz verim! Çox xahiş edirəm, nə olar… yalvarıram!..
Kəndirlər üstdən ağımtıl pərdəylə örtülü, qıpqırmızı iz qoymuşdular. Elə əvvəlki vəziyyətdə – üzüyuxarı uzanıb qalaraq, qadın topuğunu topuğuna sürtürdü. Sonra barmaqlarıyla bilənglərini ovuşdurmağa başladı. İnildəməmək üçün dişini-dişinə sıxmış, sifətini tər basmışdı. Budur, o yavaşca dönüb, iki əl-ayağı: əvvəlcə dizləri, sonra isə əlləri üstə qalxdı. Nəhayət, çətinliklə başını qaldırdı. Bir müddət yüngülcə yellənərək, bu vəziyyətdə qaldı.
Kişi dinməz-söyləməz döşəmənin hündür yerində oturmuşdu. O, ağzındakı tüpürcəyi yığıb udurdu. Bir neçə qurtumdan sonra tüpürcəyi yapışqan kimi qatılaşıb, boğazında qaldı. Yatmaq istəmirdi, yorğunluqdan da beynində hər şey əriyib, nəm kağızda mürəkkəb kimi yayılırdı. Gözlərinin qabağında nəsə bulanıq ləkələr və xətlər oynaşırdı. Müəmmalı şəkil kimi. Qadın var… Qum var… Bomboş su çəni var… Axıb yayılan heyvani selik var… Günəş var… Və hardasa – harda olduğunu özü də bilmədiyi, -- əlbəttə ki, atmosfer təzyiqinin aşağı olduğu ərazi də var. Görəsən, bu cəmin məchul çoxluq tənliyinə hansı tərəfdən yanaşmalı?
Qadın qalxıb, yavaşca qapıya tərəf getdi.
-- Hara gedirsən?
Qadın təki başından eləsin deyə, onun baş açmadığı nəsə bir söz mızıldandı. Elə o an da taxta divarın arxasından qadının sakitcə işədiyi eşidildi. Və birdən hər şey ona dəhşətli dərəcədə mənasız göründü.

19________________________________________

Çox düz fikirdir: zaman birdən-birə at kimi dördnala çapmağa başlamır. Lakin əl arabasından da asta getmir. Yavaş-yavaş
səhərin istisi özünün ən yüksək nöqtəsinə çatdı; gözlərini, beynini qaynamaq həddinə çatdırdı, içalatını əritdi, ciyərlərini yandırdı.
Gecənin rütubətini canına çəkən qum onu atmosferə buxar şəklində atır… İşığın sınması sayəsində o, yaş asfalt kimi parıldayır… Lakin əslində isə bu, mübaliğəsiz demək olar ki, tavada qızardılan unun səkkizdə biri qədərdir.
Budur, ilk qum uçqunu… Bir günün də onsuz başlamadığı adət etdikləri səs, lakin kişi özündən asılı olmadan qadınla baxışdı. Qumu cəmi bircə gün kürəməyiblər – nəticəsi necə olacaq?.. Elə bir ciddi şey yoxdur, - deyə fikirləşsə də, hər halda narahat idi. Qadın gözlərini aşağı dikərək susurdu. Bütün görkəmi ilə – özün nə qədər istəyirsən, narahat ol – deyirdi. Əgər belədirsə, hər şey cəhənnəm olsun, onu heç sorğu-suala tutmayacaq da. Nazik ip qədər ensizləşən qum şırnağı yenidən enlənib obiyə(1) çevrildi və bu, bir neçə dəfə beləcə təkrarlanıb, nəhayət tükəndi. Nə isə, qorxulu heç nə yoxdur. O, rahat nəfəs aldı.
Qəflətən yanağı yanmağa və damar kimi vurmağa başladı. Buna qədər xatırlamaq belə istəmədiyi ucuz araq, birdən-birə zülmətdə işıq kimi onu özünə çəkdı. Nə olursa olsun, boğazını yaşlamaq pis olmazdı. Yoxsa bədənindəki qan da buxarlanacaq. Bununla da gələcək əzablarının toxumlarını səpdiyini, sonra peşman olacağını çox gözəl başa düşürdü, lakin daha arzusunun əleyhinə gedə bilmirdi. Tıxacı çıxarıb, şüşəni ağzına yaxınlaşdırdı və birbaşa ordan da içməyə başladı. Dili isə hələ də sadiq gözətçi iti olmaqda davam edirdi – o, gözlənilməz təcavüzdən qorxub çırpınmağa başladı. Ağzı doldu, çeçədi. Artıq oksigen qəbul

-----------------
1 Obi – qadın kəməri, eni 30 – 40 santimetr olan parça
-----------------

edən adam kimi. Kişi üçüncü qurtumu vurmaq istəyindən özünü saxlaya bilmədi. Nəsə dəhşətli bir şeyin sağlığına içir…
Qadına da təklif etməli oldu. Lakin o, əlbəttə ki, qəti imtina etdi. Və elə görkəmdə imtina etdi ki, sanki ona içmək üçün zəhər təklif edirdilər. Ən çox qorxduğu iş baş verdi: mədəsinə düşən alkoqol o dəqiqə də pinq – ponq topu kimi tullanıb, başına vurdu və arı kimi qulaqlarında vızıldadı. Dərisi donuz dərisi kimi codlaşır. Qanı çürüyür!.. Qanı buxarlanır!
-- Nəsə etmək lazımdır! Yəqin, sənin üçün də yaxşı deyil. İndi ki, əl – ayağını açmışam, qalx bir şey elə də!..
-- Yaxşı… Amma əgər mən kimdənsə kənddən su gətirməsini xahiş etməsəm…
-- Məgər bunu etmək mümkün deyil?!
-- Ancaq işə başlasaq, onda…
-- Mən zarafat etmirəm!.. De görüm… məgər kimsə belə ixtiyar shibidir?
Qadın başını aşağı salıb, dodaqlarını bir – birinə kip sıxdı. İndi durub nə edəsən? Qapının lap yuxarısından görünən bir parça səma, masmavidən dəniz ilbizinin içalatı kimi parlaq ağımtıl rəngə çevrildi. Tutaq ki, borc – insanın pasportudur, amma nəyə görə o, pasporta icazəni bu tiplər qoymalıdır!.. İnsan həyatı – ora - bura atılmış kağız parçaları deyil… Həyat – bağlı, cidd-cəhdlə bir - birinə tikilmiş gündəlikdir… Bir nüsxə üçün təkcə birinci səhifəsi kifayətdir… Öz borcunu davamı olmayan səhifələrdə yerinə yetirməyə çalışmaq lazım deyil… Əgər hər dəfə acından ölənləri xilas etməklə məşğul olsan, başqa işlərin heç birinə vaxt qalmayacaq… Lənət şeytana, necə də içmək istəyirəm!.. Hələ nə qədər adam susuzluqdan ölür, - əgər bütün bu vəfat etmişləri dəfn etmək istəsəydi, onda nə qədər meyit olsaydı, yenə az olardı.
Yeni uçqun başlandı.
Qadın qalxıb, divara söykənmiş süpürgəni götürdü.
-- Çaşıb işləyərsən, a-a! Deyəsən, söz vermişdin axı?
-- Yox, yorğanın üstündən…
-- Yorğanın üstündən?
-- Əgər siz heç olmasa, bir qədər yatmasanız…
-- Yatmaq istəsəm, özüm edəcəm!
Gözlənilməz zərbə evi titrətdi, sanki yer tərpəndi. Bir anlığa tüstüsü boğanaq yaradan tavandan üstünə tökülən qum gözlərini örtdü. Nəhayət, bu da qumu kürəmədiklərinin nəticəsi. Axarı olmadığı üçün qum aşağı hücum edib. Evin tir və dirəkləri təkana sinə gərib bütün oynaqlarıyla yazıq-yazıq inildədi. Lakin gözünü diqqətlə qapının üst tirinə zilləyən qadın elə bir narahatlıq ifadə etmədi. Yəqin, basqını hələlik ancaq evin özülü hiss etmişdi.
-- Alçaqlar, vicdansızlar… Nə qədər olar?.. Görünür, heç nə veclərinə deyil…
Ürəyi gör necə çırpınır… Ürkmüş dovşan kimi qaçmaqdan özünü güclə saxlayır… Yuvasında oturmaqdan bezib, özünü hara gəldi – ağıza, qulağa, bağırsaqlara soxmağa hazırdır. Tüpürcəyi daha da qatılaşdı. Lakin boğazı çox qurumamışdı. Yəqin araq içib, yüngülcə məst olduğu səbəbindən. Alkaqolun havası çəkilib gedəndən sonra boğazı od tutub yanacaqdı. Və bu od onu külə döndərəcəkdi.
-- Belə bir iş tutublar… və sevinirlər… Çünki ağılları toyuq ağlıdır… Əgər mən burda ölsəm, bunlar durub, nə edəcəklər?!
Qadın nəsə demək üçün başını qaldırdı, lakin yenə susdu. Yəqin fikirləşdi ki, cavab vermək mənasızdır. Qadının susqunluğu ona dəlalət edirdi ki, danışmaq faydasızdır və cavab ancaq xoşagəlməz ola bilər. Yaxşı… əgər sonu ancaq birdirsə, nə üçün mümkün olan hər şeydən istifadə etməsin.
Kişi şüşədən bir qurtum da alıb, bir qədər gümrahlaşdı və bayıra atıldı. Gözünə ərimiş qurğuşun şırnağı dəydi və o, səntirlədi. Ayaqlarının qoyduğu izdə o dəqiqə qum burulğanı hərlənməyə başladı. Bax orda, gecə qadının üstünə atılıb, əl - qolunu sarımışdı… Elə oralarda hardasa qum belin üstünü örtüb. Uçqun elə bil bir az səngidi, lakin uçurumun dənizə baxan tərəfindən hələ də fasiləsiz tökülürdü. Hərdənbir, yəqin ki, küləyin təsirindən qum seli divardan ayrılıb, parça kimi havada yellənirdi. O, yeni uçqun törətməkdən ehtiyatlanaraq, çəkməsinin burnuyla qumu eşələməyə başladı.
Uçqun bir az əvvəl baş vermişdi, deməli, bir qədər dərində axtarmaq lazımdır, lakin ayağı heç yerdə müqavimətə rast gəlmədi. Günün düz düşən şüaları dözülməz şəkildə yandırırdı. Nöqtə kimi yığılan göz bəbəkləri… Meduza kimi əsən mədə… Alnını qırışdıran kəskin ağrı… Bir damcı da olsa tər itirmək olmaz… Bu son həddir. Yaxşı, bəs axı mənim belim hardadır?.. Dəqiq yadımdadır, mən onu silah kimi işlətmək məqsədilə əlimdə tutmuşdum… Hə, demək hardasa buralarda onun üstünü qum örtüb. O, dərənin dibinə göz gəzdirməyə başladı və elə o an bir tərəfdə qumun bel formasında ucaldığını gördü. Kişi elə hazırlaşırdı ki, tüpürsün, o saat özünü saxladı. Heç olmasa bir damcı da olsa, özündə rütubət saxlayan nə varsa, orqanizmdə saxlamağa çalışmaq lazımdır. Dişləri və dodaqları arasında qumu tüpürcəkdən ayırmağa çalışırdı və təkcə dişlərinə yapışan qumu barmağıyla təmizlədi.
Qadın otağın küncündə üzünü divara çevirib, öz kimanosu ilə əlləşirdi. Bəlkə belinin ipini boşaldıb, paltarının içinə dolmuş qumu çırpır? Kişi belin dəstəyinin ortasından yapışıb, çiyinlərinə qədər qaldırdı. Və elə iti ucuyla qapının yanında bayır divara nişan almışdı ki…
Arxadan qadının qışqırığı eşidildi. O, bütün ağırlığını belin üstünə salaraq, zərbə vurdu. Bel taxta divarı asanca yarıb, o yana çıxdı. Divarın müqaviməti çiy vaflinin göstərə biləcəyi müqavimətdən heç də çox olmadı. Bayırdan qumla yuyulan divar təptəzə görünür, əslində isə artıq az qala tamam çürüyüb.
-- Siz nə edirsiniz?
-- Onu hissələrə parçalayacam və nərdivan düzəltmək üçün materialım olacaq.
Başqa yer seçib, bir də yoxladı. O da elə. Görünür qadın, qum taxtanı çürüdür deyəndə, haqlı idi. Əgər hətta günəşə baxan tərəfdəki bu divar çürüyürsə, onda başqalarının nə vəziyyətdə olduğunu təsəvvür etmək çətin deyil. Bu uçuq daxma indiyədək necə dayanıb?.. Bir tərəfini sanki iflic vurubmuş kimi yanpörtü əyilmiş… Ola bilsin; son vaxtlar – evlər yalnız kağız və plastikdən tikməyə başlandıqdan sonra, necə dayandığı heç kəsə məlum olmayan konstruksiyalar meydana gəlib…
-- İndi nə etmək olar, taxtalar yaramırsa, eninə qoyulmuş tirləri yoxlayarıq.
-- Olmaz! Bəsdirin, xahiş edirəm!
-- Nə olsun ki, onsuz da qum onu bu gün sabah əzəcək. Qadına fikir vermədən, tirə zərbə vurmaq üçün qolaylandı, lakin o, qışqıraraq irəli atıldı və kişinin qollarından sallandı. Kişi dirsəyini onun əlindən alıb, qadını özündən aralamaq üçün çevrildi. Lakin görünür düz hesablamamışdı, qadını yıxmaq əvəzinə özü yıxıldı. O dəqiqə qalxıb təzədən qadının üstünə atıldı, lakin qadın belin dəstəyindən dəmir kimi yapışmışdı. Nə baş verir… Qadının onu almağa gücü çatmamalıdı axı… Onlar bir neçə dəfə torpaq döşəmə ilə o baş, bu başa diyirləndilər və qadını artıq ram edib, döşəməyə sıxdığını düşündüyü o qısa zaman kəsiyində, qadın beli qalxan kimi tutub, onu asanca üstündən yerə atdı. İndi sən nə edəcəksən!.. Yəqin araq içmişəm, ona görədi… Və artıq rəqibinin qadın olduğunu nəzərə almadan, qatlanmış dizi ilə onun qarnına var gücü ilə zərbə vurdu.
Qadın qışqırıb, o dəqiqə yumşaldı. Bir an da itirmədən, qadının üstünə atıldı və ağırlığıyla onu sıxmağa başladı. Qadının sinəsi çılpaqlaşdı və kişinin əlləri qadının tərləmiş çılpaq bədəni boyu sürüşməyə başladı.
Qəflətən ikisi də, kinoda kinoproyektor xarab olanda kadrlar nejə donursa, eləjə yerindəjə quruyub qaldılar. Bir dəqiqə də belə davam etsəydi, bel uğrunda mübarizə nəsə tamam ayrı bir işə çevriləjəkdi. Lakin elə bu an qadın xırıltılı səslə dedi:
-- Şəhərli qadınlarınsa hamısı qəşəngdirlər, düz deyirəm?
-- Şəhərli qadınlar? – O, pərt oldu. Və əl – ayağı soyudu… Elə bil təhlükə sovuşmuşdu… O, təsəvvür belə etmirdi ki, burda – qumluqlarda da melodram mövjud ola bilər. Lakin görünür həyatda elə bir qadın yoxdur ki, hətta ayaqlarını aralayanda da, hər hansı bir sevgi majərası yaşanarsa, kişinin onu layiqinjə qiymətləndirəjəyinə əmin olmasın. Elə bu təsirli və sadəlövh illüziya da qadını birtərəfli mənəvi zorakılığın qurbanı edir… Qadının sadəlövhlüyü kişini onun düşməninə çevirir.

20____________________________________________

Sanki nişastalanmış sərt sifət, qasırğa sürətilə çıxan nəfəs, qatı şəkər dadlı tüpürcək. Dəhşətli enerci itkisi. Bədənindən bir stəkandan az olmayacaq qədər rütubət çıxdı. Qadın başını aşağı salıb, yavaşca ayağa qalxdı. Onun qum səpilmiş sifəti kişinin gözləri bərabərində idi. Gözlənilmədən qadın burnunu silib, əlini qumla təmizlədi. Sonra isə əyildi və şalvarı aşağı sürüşdü.
Kişi əsəbiliklə gözünü kənara çəkdi. Hərçənd «əsəbiliklə» demək bir o qədər düz olmazdı. Dilində nəsə qəribə bir duyğu qaldı, amma yanğı yox – başqa bir hiss…
O, qarışıq şəkildə də olsa, iki cür cinsi istəyin mövcud olduğunu hiss edirdi. Məsələn, «Mebiusun Lenti» tip adamlar qızları «bişirərkən» adətən qida və zövqlər haqqında mühazirələr oxumaqla başlayırlar. Onlar belə bir mühakimə yürüdürlər ki, məsələn, ac adamı götürsək, onun üçün ümumiyyətlə qida mövcuddur və hər şeyin bircə dadı var – istər Kobedən gətirilmiş mal əti olsun, ya da Xirosima ilbizi… Lakin yeyib doyan kimi, qidaların müxtəlif dadlara malik olduğunu ayırmağa başlayırlar… Bütün bu deyilənləri cinsi istəyə də aid etmək olar: əvvəlcə ümumiyyətlə cinsi istək olur və ancaq bundan sonra ayrıca bir şəxsə ünvanlanmış ccinsi istək meydana çıxır…Seksin özünə də ümumi bir şey kimi baxmaq düzgün olmazdı. Hər şey məkan və zamandan asılıdır: hərdən vitaminlərə ehtiyac olur, bir başqa halda isə, angvillə düyüyə. Bu, mükəmməl, yaxşı düşünülmüş bir nəzəriyyə idi, amma nə qədər kədərli olsa da, indiyə kimi bir nəfər də olsun, elə bir qıza rast gəlməmişdi ki, bu nəzəriyyəyə uyğun olaraq, cinsi istəyini ümumi, yaxud ayrıca bir şəxsə yönəlmiş şəkildə təcrübədən keçirmək üçün ona özünü təklif etsin. Və bu, tamamilə təbiidir. Nə kişini, nə də qadını bircə nəzəriyyənin köməyilə cəlb etmək olmaz. Elə bu axmaqcasına səmimi olan «Mebius» da hər şeyi çox gözəl başa düşürdü və ancaq mənəvi zorakılığı qəbul etmədiyi üçün də boş qalmış evlərin qapılarını döyməkdə davam edirdi.
Əlbəttə, özü də bir o qədər romantik deyildi ki, təmiz cinsi əlaqələr xəyalında olsun. Belə əlaqələr ancaq bir ayağı gorda olanlar üçün məqbuldur… Qurumağa başlayan bambuk bar gətirməyə tələsir… Miqrasiya vaxtı acından ölən siçanlar coşqun şəkildə cinsi əlaqədə olurlar… Vərəmli xəstələrin hamısı bir nəfər kimi yüksək ehtirsdan əziyyət çəkirlər… Qalada yaşayıb, ancaq pillələri enməyə qadir olan şah və ya hökmdar bütün gücünü özü üçün hərəmxana yaratmağa sərf edir.
Lakin xoşbəxtlikdən, insan heç də həmişə ölüm qorxusu altında yaşamır. Qış öncəsi qorxu keçirməyi tərgidən insan, mövsümi sevgi dövründən də azad ola bilib. Lakin mübarizə bitdikdən sonra, silah yükə çevrilir. Təbiətin əvəzində qaydalar meydana gəlib və o, insana təbiətin əvəzində dişləri, pəncəsi və cinsini nəzarətdə saxlamaq imkanı verib. Və cinsi münasibətlər şəhərkənarı qatara alınan mövsümi biletə bənzəməyə başlayıb: hər dəfə yola çıxanda komposterləmək məcburidir. Üstəlik, biletin saxta olmadığına əmin olmalısan. Və bu yoxlama eyniylə oturuşmuş qaydaların ağırlığına uyğun gəlir. Qeyri - adi dərəcədə əziyyətli işdir. Ən müxtəlif sənədlər: müqavilələr, lisenziyalar, şəxsiyyət vəsiqəsi, buraxılış, rütbəni təsdiq edən vəsiqə, qeydiyyat haqqında sənəd, üzvlük bileti, təltif haqqında sənədlər, veksellər, borc iltizamı, sığorta vəsiqəsi, gəlirlər haqqında bəyannamə, qəbz və hətta əsl-nəcabət təsdiq edən sənədlər – bir sözlə, ağla gələn bütün kağız-kuğuzu toplamaq vacibdir.
Elə bu səbəbdən də cinsi münasibətlər torbaçı – kəpənəyin sürfəsi kimi bir qalaq sənəd-sünədin altında basdırılır. Və əgər bununla iş bitsəydi, dərd yarı idi. Amma bəlkə sonra da kağız-kuğuz lazım olacaq?.. Yaddan çıxan bir şey qalmayıb ki?.. Həm qadın, həm də kişi şübhələrdən əziyyət çəkirlər – əks tərəf sənədləri yığarkən məsələyə kifayət qədər ciddi yanaşmayıb… Və beləliklə, özlərinin təmizliyini sübut etmək üçün, yeni-yeni sənədlər fikirləşib tapırlar…Və heç kəs bilmir ki, o – sonuncu sənəd hansıdır… Və bu sənədlərin sonu yoxdur…
(O qadın məni yersiz öcəşkənlikdə günahlandırırdı. Lakin mən yersiz irad tutmuram, bu elə belədir ki var!)
-- Məgər sevginin vəzifəsi belə şeylər deyil?
-- Qətiyyən! Sevgi – istisna metoduyla qadağaları atdıqdan sonra yerdə qalandır. Buna inanmamaq, heç nəyə inanmamaq deməkdir.
Əlbəttə, murdarlıqlara dözmək həddinə qədər gəlib çatmaq məntiqsizlik olardı: cinslə əlaqəli hər şeyə hədiyyə imiş kimi yarlık yapışdırmaq. Hər səhər sevginin qırışlarını ütü ilə səliqə ilə açacağıq… Bir qədər sürtüləndən sonra, o köhnəlir… Lakin qırışlarını açandan sonra, o, yenə təzətər olur… Və təzələnən kimi də köhnəlməyə başlayır… Məgər kimsə borcludur ki, bu həyasızlığı ciddi qəbul etsin?
Əlbəttə, əgər qaydalar ona əməl edənlərə yaxşı gələcək vəd edə bilirsə, belə olan halda güzəştə getməyə dəyər. Bəs əslində necədir? Ölümün caynaqları göylərdən enir. Elə yerdə də ölümün min növü var. Həmin şeylər cinsi həyatda da, qarışıq şəkildə hiss olunmağa başlayır. Elə bil əlində saxta veksel tutmusan. Elə bu vaxt da mövsümi biletin saxtalaşdırılması başlayır – tərəflərdən biri razı qalmayanda. Nə etmək olar, bu, işgüzar yanaşmadır. Və yaxud qaçılmaz pislik kimi, mənəvi zorakılığın qaçılmaz olduğu etiraf edilir. Bunsuz, demək olar ki, bir dənə də olsun nikah baş tuta bilməzdi. Azad sevgini təbliğ edənlər də təxminən belə hərəkət edirlər. Onlar yalnız qarşılıqlı zorakılığı üzürlü bəhanəylə son həddə qədər təkmilləşdirirlər. Əgər bunu qaçılmaz bir şərt kimi qəbul etsək, onda onun daxilində müəyyən həzz tapmaq olar. Lakin pərdənin kifayət qədər yaxşı bağlanıb bağlanmaması ətrafında fasiləsiz narahatlıqlarla müşaiyət olunan azadlıq, axırda yalnız psixi pozğunluqlara gətirib çıxara bilər.
Adama elə gəlirdi ki, qadın kişini bürüyən duyğuları həssaslıqla duyur. O deyəsən, şalvarını saxlayan ipi açmaq fikrindən vaz keçmişdi. Boşalmış iplərin ucu onun barmaqları arasında sallanırdı. Dovşan gözləri ilə kişiyə baxdı. Onun gözləri təkcə qızarmış göz qapaqlarına görə dovşanı xatırlatmırdı. Kişi ona içində vaxtın donduğu baxışlarla cavab verdi. Qadının ətrafında kəskin qoxu yayıldı: adətən damarlı ət qaynadanda belə iy gəlir.
Əvvəlkitək əlləri ilə ipdən yapışmış halda kişinin yanından ötüb, otağa qalxdı və şalvarını soyunmağa başladı. Və bunu elə sərbəst, təbii edirdi ki, sanki bir qədər əvvəl başladığı işi davam edirdi. Ağlından keçdi ki, axı əsl qadın elə belə olmalıdır. Və o, qərar verdi. Axmaq, bir az da ləng tərpənsən hər şey alt – üst olacaq. O da cəld şalvarının kəmərini boşaltdı.
Yəqin ki, o, hələ dünən, bunun qadının təşkil etdiyi növbəti tamaşa olduğunu zənn edərdi, - yanağındakı həmin batıq və ya utancaq gülüşü kimi. Bəlkə bu, elə belədir. Amma indi belə fikirləşmək istəmirdi. Qadını sövdələşmə predmeti kimi istifadə etmək istədiyi vaxtlar artıq geridə qaldı… İndi hər şeyi ancaq güc həll edə bilər… Sövdələşmədən imtina etmək, onların münasibətlərinin qarşılıqlı inam əsasında qurulacağını düşünmək üçün onda bütün əsaslar vardı…
Qadın bir dizi üstündə çöküb, əlində sıxdığı yaylıqla boynuna tökülmüş qumu təmizlədi. Qəflətən daha bir qum uçqunu baş verdi. Ev bütünlüklə titrəyib, cırıldadı. Qanqaraldıcı maneə!.. Bir göz qırpımında qadının başını ağ toz örtdü. Qum havada duman kimi üzürdü. Çiyni və qolları da nazik toz qatı ilə örtüldü. Bir – birini qucaqlayıb uçqunun bitməsini gözlədilər.
Bədənə yapışan qumu tər özünə çəkirdi, yuxarıdan isə yenə tökülür, tökülürdü… Qadının çiyinləri əsirdi, kişi də qızmışdı – indicə qaynayacaqdı…Hər halda ona heç cür çatmırdı – niyə qadının ombaları onu belə güclü şəkildə özünə çəkirdi?.. Elə güclü çəkirdi ki, hətta sinirlərini bir – bir çıxarıb, onun budlarının ətrafına dolamağa hazır idi… Bu, yırtıcı heyvanın acgözlüyünü xatırladırdı. Sıxılmış yay kimi bütün bədəninə güc dolmuşdu… O biri qadınla heç vaxt belə hisslər keçirməmişdi…
Uçqun kəsdi. Kişi elə bil bunu gözləyirmiş kimi qadına bədənindən qumu təmizləməkdə kömək etməyə başladı. Qadın xırıltılı səslə gülməyə başladı. Sinəsindən qoltuğunun altına, ordan isə budlarına – kişinin əlləri get – gedə daha da israrlı olurdu. Qadın barmaqlarıyla onun boynundan yapışmışdı; hərdən yavaşca qışqırırdı.
İşini qurtarandan sonra onun üstündən qumu təmizləmək növbəsi qadına çatdı. O, qadının saçlarını qarışdıra – qarışdıra gözlərini yumub gözləyirdi. Qadının saçları sıx və qalın idi.
Qıcolma… Eyni şey təkrar olunur… Adətən o, nə barədəsə düşünüb, xəyallarına azadlıq verərək başqa bir işlə: yemək, addımlamaq, yatmaq, hıçqırmaq, qışqırmaq, qadınla cinsi əlaqəylə məşğul olanda belə şeylər keçib gedir…

(ardı gələn sayımızda)

Ruscadan çevirən: Balaxan Nəzərov