Alatoran_header  
Tərcümə > Viktor Pelevin (Rusiya) - Tarzan kanatı

Geniş bulvar və onun cinahları boyu görünən evlər ahıl yaşlarında demokratik baxışlar yolunu seçmiş qoca bolşevikin alt çənəsinə bənzəyirdi.
Buradakı ən köhnə binalar Stalin dönəmindən qalma idi - bunlar uzun illər tənbəki çəkməkdən saralmış ağıl dişləri kimi başqalarından seçilirdilər. Nə qədər nəhəng olsalar da, bu binalar ölgün və amanabənd görünürdülər, sanki içərilərindəki sinirlər çoxdan, hələ keyləşdirici dolğu qoyulanda çıxarılmışdı.
Əski dönəmə aid binaların söküldüyü hissədə isə kobud protezlər, yəni blok tipli səkkizmərtəbələr gözə dəyirdi. Bir sözlə, gözoxşayan heç nə yox idi.
Bütün bu kədərli fonda yeganə şux ləkə - türklərin ucaltdığı biznes mərkəziydi, o da özünün piramidal biçimi və al qırmızı neon işıqlarıyla təptəzə qan damcılarına boyanmış iri, qızılla qaplanmış köpək dişini xatırladırdı. Göydəki ondörd gecəlik Ay isə, bütün işığı pasiyentin ağzına yönəlsin deyə, xüsusi vəziyyətə gətirilmiş güclü stomatoloji lampa kimi şəhərin üstündəki səmada qərar tutmuşdu.
- Kimə inanasan, nəyə inanasan? - deyən Pyotr Petroviç özünün ağzına su almış həmsöhbətinə üz tutdu. - Mən özüm sadə bir adamam, bəlkə də, axmağam. Nə desələr inanıram, avamam. Bəzən hətta qəzet oxuyub, orada yazılanlara da inanıram.
- Qəzetə də? - deyə yoldaşı başındakı tünd rəngli başlığı (=kapüşonu) düzəldərək, boğuq səslə xəbər aldı.
Pyotr Petroviçdən cavab gəldi: - Hə, qəzetə də. İstənilən qəzetə, heç fərq etməz. Metroda gedəndə böyrümdə oturan birisinin oxuduğu qəzetə tərəf əyilib ona ötəri göz gəzdirməyim yetər ki, orada yazılanlara inanım.
- Və inanırsan?
- Hə, inanıram. Nəyə desən inanıram. Bəlkə, bir tək Allahdan başqa. Daha ona inanmaqdan keçib - gecdir. İndi qalxıb ona da inansam, dürüstlükdən olmaz. Ömrüm boyu inanmamışam, indi gəlib əlli yaşı haqlayandan sonra inanacam?! Onda sorarlar ki, bəs bu yaşanan ömür hara getdi? Odur ki, bunun yerinə herbolayfa da inanmalı olursan, hələ hakimiyyət bölgüsünə də.
- O niyə? - deyib həmsöhbəti maraqlandı.
Pyotr Petroviç özlüyündə "Əcəb qanıacı tipdir, elə bil ki, heç danışmır, qarıldayır. Mən niyə gəlib bununla belə səmimi söhbət edirəm görəsən? Heç bunu fərli-başlı tanımıram da" deyə düşünməli oldu.
Bir müddət onlar biri-birinin ardınca, səssiz irəlilədilər - ayaqlarını rahat ata-ata, əlləriylə divarlara yüngülcə təmas edə-edə.
Axır ki, Pyotr Petroviç dilə gəldi:
- Necə yəni niyə? Bu, eynilə avtobusda bir şeydən yapışmağa bənzəyir. Burada hətta nədən tutduğun da vacib deyil, yetər ki, yıxılmayasan. Şair demişkən - "və baş alıb gedəsən gecəyə, məchulluğa, Ümid ilə baxaraq kor pəncərə yerinə…" Məsələn, siz, indi mənə baxıb düşünürsünüz ki, - vay səni, qərdeş, üzdən oxşamasan da, qəlbində romantik birisiymişsən ha… Hə, bəlkə belə deyil?
Həmsöhbəti tini burulub görüntüdən itdi.
Özünü söhbətin şirin yerində sözü ağzında qalan birisi yerində hiss edən Pyotr Petroviç tez onun ardınca cumdu. Qarşısında bayaqkı donqar və qaralan kürək yenidən peyda olunca içinə rahatlıq doldu və niyə görəsə ani düşündü ki, sivri başlığına görə onun bu yol yoldaşı yandırılmış kilsəni xatırladır.
- Vay səni, romantik qərdeş, - deyə kürək donquldandı.
Pyotr Petroviç ciddi-cəhdlə etiraz etdi:
- Heç də romantik-filan deyiləm. Hətta iddia edərəm ki, mən bunun tam ziddiyəm. Son dərəcə praktik bir insanam. Həm də hər barədə. Hətta bəzən olur ki, nə üçün yaşadığımı da unuduram. Heç də bu lənətə gəlmiş işlər üçün yox, əlbəttə… Hə… Bu işlər üçün yox, ondan ötrü ki…
- Bəs nədən ötrü?
- Bəlkə ondan ötrü ki, bax, beləcə axşamlar havaya çıxıb sinədolusu nəfəs alım, özümü bu dünya-aləmin bir parçası hiss edim, bir növ, o betonu yaran ot saplağı misalı… Amma, heyif ki, çox az hallarda bu mənim, indiki sayaq, ta ürəyimə qədər sirayət edir. Yəqin bu da ondan qaynaqlanır ki…
Əlini qaldırıb, göydə parlayan iri Aya işarət etdi, az sonra ağlına batdı ki, ona nisbətən irəlidə gedən həmsöhbəti onun nəyi göstərdiyini görəmmədi. Amma hər halda bu irəlidə gedənin boynunun ardında daha bir gözü var idi ki, o da Pyotr Petroviçlə eyni anda onun hərəkətini təkrarlayaraq əlini göyə qaldırdı.
Pyotr Petroviç xəbər aldı:
- Belə anlarda içimi maraq bürüyür - görəsən ömrümün qalan hissəsini nəyə həsr edim? Axı, niyə hər şeyi indiki kimi görmürəm? Axı, niyə başqa vaxtlar mən həmişə eyni bir şeyə üstünlük verirəm - öz hücrəmdə oturub, gözümü onun ən qaranlıq küncünə zilləyirəm?
Dilindən qopan son sözlərin inanılmaz dəqiqliyi Pyotr Petroviçə, etiraf hər nə qədər acı olsa da, həzz bağışladı, amma bu yerdə ayağı büdrədi, əllərini havada oynadınca söhbətin çözülməkdə olan yumağı dığırlanıb yaddaşından düşdü. Gövdəsinin tarazlığını meymun cəldliyiylə qoruyaraq o, təkəlli divardan yapışdı, digər əli isə az qaldı ki, yaxınlıqdakı pəncərənin şüşəsini qırsın.
Həmin bu pəncərənin o biri üzündə qırmızı gecə lampası ilə işıqlanan kiçik bir otaq vardı. Hər halda bu otaq kommunal mənzilə aid idi, çünki mebellərin arasında soyuducu qoyulmuşdu, çarpayının bir hissəsinin önünü şkaf tutduğundan onda uzanan adamın ancaq arıq və çılpaq ayaqları görünürdü. Pyotr Petroviçin baxışları gecə lampasının üstündəki sonsuz sayda fotoşəkil vurulmuş divara sataşdı. Burada ailə fotoları ilə yanaşı uşaqların, böyüklərin, ağsaqqalların, ağbirçəklərin, itlərin fotoları da gözə dəyirdi. Lap ortada isə institut məzunlarının toplu şəkli vardı, məzunlar ağ, oval çərçivələrdən boylandıqları üçün bu şəkillər adama yarı bölünərək bir arada toplanmış soyutma yumurtaları xatırladırdı və Pyotr Petroviçin otağa saldığı bu ötəri baxış sayəsində ovallardakı zamanla saralan bənizlər də yoldan ötən bu adama ani gülümsəmək imkanı qazandılar. Bütün fotolar çox köhnəydi və onlardan adama dolğun yaşanmış bir ömrün dalğası çarpdığından idi ki, Pyotr Petroviçin içində qəfil bulantı baş qaldırdı, odur ki, o, cəld dönüb yoluna davam etməli oldu.
Bir-iki addım atıb:
- Hə, - dedi, - hə. Bu yerdə nə deyəcəyinizi təxmin edirəm, yaxşısı budur, susun. Bəli, susun. Həyat təcrübəsi. Keçmişə aid toz basmış fotolarla qarşılaşanda biz həmin məhəldə, ətrafımızda başqa nələrsə görmək qabiliyyətimizi itiririk. Ona görə onları süzür, süzür və düşünürük ki, çevrəmizdəki bu dünya görəsən niyə belə zibilliyə çevrilib? Amma Ay doğunca qəfildən anlayırsan ki, dünya-aləmlə bunun heç bir əlaqəsi yoxdur, sən özünsən belə dəyişən, hətta bunun nə vaxt və niyə baş verdiyindən də xəbərin yoxdur…
Araya sükut çökdü. Otaqda gördükləri - ən çox da o yumurtasarısı çöhrələr - Pyotr Petroviçə çox üzücü təsir göstərmişdi. Qaranlıqda onu bir kimsə görməyəcəyi üçün ağzını araladı, dilini çıxartdı və gözlərini elə bərəltdi ki, sir-sifəti Afrika maskasına döndü - üzünə taxdığı bu ifadənin fiziki təsiri bir neçə saniyəliyinə onu, içinə çökən qüssədən qopardı. Danışmaq həvəsi qaçdı - bu bir yana dursun, neçə saatdan bəri sürən bu söhbətə qəfildən o kommunal mənzilin tutqun qırmızı işığı düşüncə, danışılanların mənasızlığı və axmaqlığı ortaya çıxdı. Pyotr Petroviç həmsöhbətinə nəzər salaraq düşündü ki, bu adam nə sən deyən zəkalıdır, nə də ki, çox cavan. Xeyli nəzakətli bir tərzdə dedi:
- Vallah, heç bilmirəm bayaqdan bəri sizinlə nədən danışırıq.
Həmsöhbəti susmağındaydı.
Pyotr Petroviçdən təklif gəldi:
- Bəlkə bir az susaq?
Həmsöhbəti donquldandı:
- Susaq.

2.
Pyotr Petroviç və onun yol yoldaşı yollarına davam etdikcə, çevrələrindəki dünya da daha gözəl və sirli olmağa başlayırdı. Danışmağa, doğrudan da, elə bir ehtiyac qalmırdı. Ayaqları altdakı ensiz yola Ay sanki gümüş döşəmişdi, rəngi durmadan dəyişən divarlar gah sağ, gah da sol cinahlara kölgə salırdı, böyürlərində qalan pəncərələr isə, bayaq Pyotr Petroviçin misal çəkdiyi şerdəki kimi, kor qaranlığa gömülmüşdülər. Yol boyu bəzən dikə çıxmaq, bəzən, əksinə, aşağı enmək lazım gəlirdi, bəzən isə onlar bir kəlmə də kəsmədən dayanıb, bir xeyli müddət yerlərində donaraq, nə isə gözəl bir şeyə göz qoymalı olurdular.
Uzaqda görünən işıqlar xüsusilə gözəl idi. Bir neçə yol onlar dayanıb, işıqları süzdülər və hər dəfə də bu, bir xeyli - hardasa on dəqiqə və ya daha uzun sürürdü. Pyotr Petroviç dumanlı, sözlə ifadə olunmayacaq şeylər barədə düşünürdü. Elə təəssürat yaranırdı ki, bu işıqların adamlara heç bir dəxli yoxdur, bunlar təbiətin bir parçasıdır - bunlar ya çürümüş kötüklərin inkişafında bir yeni mərhələdir, ya da ki, təqaüdə çıxmış ulduzlardır. Digər tərəfdən isə, həqiqətən zülmət bir gecə idi, üfüqdəki sarı-qırmızı nöqtələr çevrədəki aləmin hüdudlarını təxmini də olsa təyin edirdi, çünki onlar olmasaydı, həyatın harada yarandığı, hətta, ümumiyyətlə yaranıb-yaranmadığının təyini imkansız olardı.
Yol yoldaşının sakit addımları hər dəfə onu öz fikirlər aləmindən ayırırdı. Yoldaşı yola düzələndə, Pyotr Petroviç də özünə gəlir və onun ardınca düşürdü. Bir az sonra bayaq pəncərədə gördüyü fotolar unudulub getdi, yenidən könlünə bir yüngüllük və xoş əhval hakim oldu, sükut yenidən onu əzməyə başladı.
Pyotr Petroviç fikirləşdi ki: "Yeri gələndə mən heç onun adını da bilmirəm. Soruşmaq tam yerinə düşərdi."
Bir-iki saniyə sonra ədəblə soruşdu:
- Hi, hi, görün bir ağlıma nə gəldi. Bax, sizinlə yol alıb gedirik, nələrsə danışırıq, amma hələ heç tanış da deyilik.
Yoldaşı susurdu.
Aradan xeyli keçəndən sonra bir cavab alacağından əlini üzən Pyotr Petroviç aranı açmaq üçün dedi:
- Amma bəlkə də elə belə yaxşıdır. Adımız başqasına nə deyə bilər ki? Hi, hi… Bu, sadəcə təsadüfi səslər yığınıdır… Çünki sənin yaxşı bələd olduğun və səni yaxşı tanıyan adamla nə barədə söhbət edə bilərsən ki? Elə hey düşünəcəksən ki, görən belə desən, o mənim barəmdə nə düşünəcək? Amma həmsöhbətini tanımayanda isə söhbətin başını açıb buraxırsan, ürəyin istəyəni də danışırsan. Biz sizinlə artıq nə qədər olar söhbət edirik? İki saat, eləmi? Görürsünüz, bütün bu vaxtı ancaq mən üyüdüb-tökürəm. Əslində mən söhbətcil adam deyiləm, amma indi az qalır ki, çənəm düşə. Bəlkə də sizə görə, çox da ağıllı birisi sayılmaram və sair, amma bütün bu vaxt ərzində öz-özümü dinləyirəm, əsasən də orda, o heykəllər var idi ha, yadınızdadır? Mən eşqdən danışırdım o ara… özümə qulaq verir və heyrətə gəlirdim. Yəni doğrudanmı mən həyatı bu qədər incə anlamağa qadirəm?
Pyotr Petroviç başını ulduzlara tərəf qaldırıb, dərindən köks ötürdü; üzündə, gözəgörünməz bir qanadın kölgəsiymiş kimi, ilahi bir təbəssüm dolaşdı. Birdən o, sol tərəfində çox xəfif bir hərəkət hiss etdi, diksinib dayandı. Pıçıltıvarı bir səslə yoldaşına dedi:
- Ey! Dayanın! Ehmallı olun! Hürküdərsiniz. Deyəsən pişikdir… elədir ki, var. Odur, orda. Görürsünüz?
Önündəki başlıq sola döndü, hər nə qədər can atsa da, Pyotr Petroviç yenə də yol yoldaşının üzünü görəmmədi. Deyəsən o, harasa başqa səmtə boylanırdı.
Pyotr Petroviç çarəsizliklə pıçıldadı:
- Budur ey! Yerdəki butulkanı görürsünüz? Ondan iki qarış solda. Quyruğunu da tərpədir. Mən "üç" deyincə cumaqmı? Siz sağdan, mən isə soldan. Keçən dəfəki kimi.
Yoldaşı könülsüz çiyinlərini çəksə də, bunun ardınca həvəssiz başını tərpətdi.
Pyotr Petroviç: "Bir, iki, üç!" deyib, ayağını Ay işığında güclə seçilən alçaq tənəkə rampanın üstündən o biri üzə aşırdı, yoldaşı da onun ardınca cumdu və ikisi birlikdə irəli atıldılar.
Bu gecə ərzində Pyotr Petroviç, bir Allah bilir, neçənci dəfəydi ki, həyatdan ləzzət aparırdı. Qapqara göyün altında özüyçün qaçırdı və heç nə də vecinə deyildi; bir-iki gün qabaq onun həyatını çəkilməz edən bütün problemlər qəfildən yoxa çıxmışdı və indi yaddaşını lap zorlasa belə, bunların bircəciyini də xatırlaya bilmirdi. Ayağı altındakı qara səthdə eyni vaxtda üç kölgə sürünürdü - bunlardan tünd və qısaboy olanları Ay, onlara simmetrik olmayan, digər boz-bulanıq kölgəni isə hansısa başqa işıq mənbəyi - hər halda pəncərələrdən gələn işıq - doğururdu.
Sola burulan Pyotr Petroviç yoldaşının eyni bucaq altında necə sağa burulduğunu sezdi, pişik onların düz ortasında qalınca o, pişiyə tərəf dönüb, sürətini artırdı. Eyni anda qara başlıqlı fiqur da həmin manevri etdi - və bunu elə sinxron biçimdə gerçəkləşdirdi ki, Pyotr Petroviçin qəlbinə dumanlı bir şübhə toxumu düşdü.
Amma indi şübhə zamanı deyildi. Pişik əvvəlki yerindən tərpənməmişdi də, bu isə bir az qəribə idi, çünki adətən onlar heç kimi bunca yaxına buraxmırlar. Qırx dəqiqə qabaq qovduqları pişik isə onları özünün heç on metrliyinə də buraxmamışdı. Bir anlaşmazlıq hiss edən Pyotr Petroviç əvvəlcə qaçışdan yerişə keçdi, pişiyə bir neçə addım qalanda isə yerində qaxılıb qaldı. Yoldaşı da onun bütün hərəkətlərini birəbir təkrarladı, o da yerindəcə mıxlandığı an aralarında vur-tut üç metr məsafə vardı.
Pyotr Petroviçin pişiyə oxşatdığı bu varlıq əslində boz polietilen torba imiş - bir qulpu qopduğundan küləkdə tərpənən digər qulpunu o, pişiyin quyruğu zənn edibmiş.
Həmsöhbəti üzü Pyotr Petroviçə dayansa da, əvvəlki kimi onun sifətini zülmətdən ayırd etmək mümkün deyildi - Ay gözünü qamaşdırdığından bu adam ondan ötrü yenə də sivribaşlıqlı siluet olaraq qalırdı. Pyotr Petroviç əyildi, yoldaşı da onunla eyni vaxtda əyildi, az qala başbaşa toqquşacaqdılar və torbanı bir ucundan dartdı. Yoldaşı da digər ucundan tutdu. Torba çevrildi, içindəki yumşaq bir kütlə şappıltıyla ruberoidin üstünə düşdü. Bu çürüməyə başlamış pişik cəsədi idi.
Pyotr Petroviç: - Tfu, murdar, - deyib, arxasını döndü. - Bunu elə təxmin də etmək olardı.
Yoldaşından əks-səda gəldi: - Etmək olardı.
- Gedək burdan, - deyən Pyotr Petroviç ruberoid örtüyün kənarındakı tənəkəylə üzlənmiş barıya doğru yönəldi.

3.
Bir neçə dəqiqə idi kirimişcə gedirdilər. Yoldaşının yırğalanan qara kürəyi yenə də Pyotr Petroviçin önündə bitmişdi, amma indi heç o da bunun kürək və ya sinə olduğundan əmin deyildi. Fikirlərini toplamaq üçün o, gözlərini yarıyacan qapadı, baxışları yerə dikildi. İndi ancaq ayaqları altındakı gümüşü yol görüntüyə girmişdi - bu, onu bir növ sakitləşdirir, hətta bir az hipnoz edirdi və bu sayədə də beyninə anlaşılmaz, amma ilahi bir saflıq hakim kəsilirdi, beynindəki fikirlər axını onun cəhdlərindən sərbəst və ardarda doğulurdu, ya da ki, bu, öndə gedən adam haqda durmadan ağlında bir kərə yaranan və özünü durmadan yeniləməyə qadir tək bir fikir idi.
Pyotr Petroviç fikirləşirdi: "Görəsən o niyə həmişə mənim hərəkətlərimi təkrarlayır? Söylədiyi hər şey həmişə mənim daha öncə ona söylədiklərimin əks-sədası kimi səslənir. Hər şeyi ilə o, ayna tək məni özündə əks etdirir. Bir də ki, gör ətrafda nə qədər pəncərə var! Bəlkə elə bu, sadəcə optik effektdir, mən isə həyəcandan özümdə olmadığımdan elə bilirəm ki, biz iki nəfərik? İnsanların vaxtilə inandıqları gör nə qədər hadisə var ki, bunlar adicə optik effekt kimi izah olunur! Az qala hər şey!"
Bu fikir qəfildən Pyotr Petroviçə inam və qıvraqlıq gətirdi. Düşündü ki: "Doğrudan da, Ayın sulardakı əksi, bir pəncərənin digərində əks olunması və çiçəklərin ehtiras doğuran ətri də - unutmayaq ki, artıq iyul ayıdır - bu cür effekt yaratmağa qadirdir. Onun danışdıqları isə sadəcə əks-sədadır, samsakit əks-səda… Əlbəttə ki! Çünki o, həmişə mən deyənləri təkrarlayır!"
Pyotr Petroviç gözlərini önündə ritmik biçimdə yırğalanan kürəyə dikdi. Fikirləşdi ki: "Bu bir yana dursun, həm də mən dəfələrlə oxumuşam ki, əgər birisi səni çıxılmaz vəziyyətdə qoyur və ya nəyləsə xəcil edirsə, ehtimal var ki, bu, başqa birisi deyil, məhz sənin öz əksin və ya kölgəndir. Məsələ də burasındadır ki, sən öz tarazlığını qoruyanda, hansısa monoton və mənasız hərəkətlər edəndə - məsələn, yol gedəndə və ya düşünəndə - əksin səndən qopub, sərbəst varlığa çevrilir. Hətta bəzən onun hərəkət taktı səninkindən fərqlənə də bilir, bu onsuz da bir elə gözə çarpmır. Bəzən isə o, sənin heç etmədiyin hərəkəti də edə bilir - əlbəttə, bu, hər halda əhəmiyyətsiz bir şey olacaq. Ən nəhayət, o, hədsiz qudura bilər, özünün gerçəkdə var olduğuna inana bilər və bunun ardınca sənin üzünə ağ olar… Bildiyimə görə, qarşındakının sənin əksin olub-olmadığını təyin etməyin bir tək yolu var - bundan ötrü hər hansı sərt və bəsit, birmənalı hərəkət etməlisən ki, qarşındakı bunu təkrarlamağa məcbur olsun. Çünki hər halü-karda o, sənin əksin olaraq qalacaq və təbiət qanunlarına tabe olmaq zorundadır… Bax, onu beləcə söhbətə tutanda da səndən gözləmədiyi, çaşdırıcı bir şey ortaya atmalısan ki, sınayasan görək nə eləyəcək. Ürəyin istəyən mövzunu seçə bilərsən, əsas olan odur ki, fikir aləminə qapılmayasan.
O öskürərək dedi:
- Sizin belə qaradinməz olmanız bəlkə daha yaxşıdır. Çünki dinləməyi bacarmağın özü də bir sənətdir. Başqasına qəlbini açmaq, içini tökmək imkanı yaradırsan… Bir də, deyilənlərə görə, az danışan adamlar - dünyadakı ən sadiq dostlardır. Heç bilirsiniz indicə nə barədə düşündüm?
Qarşı tərəfdən umduğu sualı almayınca Pyotr Petroviç sözünə davam etdi:
- Düşündüm ki, yay gecəsini niyə belə sevirəm. Aydın məsələdir ki, qaranlıqdır, sakitdir. Gözəldir. Amma əsas səbəb bunlar deyil. Arabir mənə elə gəlir ki, könlümüzün elə bir guşəsi var ki, o həmişə yuxudadır və ancaq yay gecəsində bir neçə saniyəliyinə oyanır ki, çevrəyə boylansın, buralarda və çoxdan olmayan şeyləri xatırlasın… Göy üzünü… Ulduzları… Sirri…

4.
Bir az sonra irəliləmək xeyli çətinləşdi.
Səbəb də ondan ibarət idi ki, növbəti tini burulandan sonra qarşıdakı evin damı Ayın qabağını kəsdiyindən küçənin qaranlıq cinahına düşdülər. Elə həmin andan qüssə və inamsızlıq hissi Pyotr Petroviçə güc gəlməyə başladı. Sözünə davam etsə də, sözlər dilindən əziyyətlə və könülsüz qopurdu. Görünür, həmsöhbəti də buna bənzər hisslər keçirirdi, çünki o, artıq heç qısa suallara da ehtiyac duymurdu, arasıra anlaşılmaz donqultu ilə yetinirdi.
Xırda və ehtiyatlı addımlara keçdilər. Arabir öndə yeriyən həmsöhbəti, irəlidə haraya yönələcəyini təyin etmək üçün hətta dayanmalı da olurdu və bu seçim haqqı onda olduğundan Pyotr Petroviçin onun ardınca getməkdən başqa çarəsi qalmırdı.
Arxada buraxdıqları binaların arasındakı boşluqdan süzülən parlaq Ay işığı, qarşılarındakı divarda parlaq bir düzbucaqlı yaratmışdı. Ayaqları altındakı gümüşü yoldan növbəti dəfə gözlərini ayıran Pyotr Petroviç bu düzbucaqlı çərçivəyə girən və divarboyu sallanan, qalınbağırsağı xatırladan elektrik kabelini gördü. Beynində, onun özünə son dərəcə doğal (=təbii) və orijinal gələn ani bir plan doğdu.
Düşündü ki: "Aha, belə bir şey etmək olar. Bu kabeldən yapışıb, ayaqlarla təkan almaqla divardan aralanmaq mümkündür. Əgər bu yoldaşım doğrudan da mənim kölgəm və ya əksimdirsə, onda bu, bir anda bəlli olacaq. Çünki bu halda o, eyni hərəkəti kabelsiz, həm də əks istiqamətdə etməli olacaq… Bu əvvəlcədən niyə ağlıma batmamışdı görəsən?! Yaxşısı budur, var gücümlə qaçıb, özümü ona çırpım. Əgər o mənim əksim və ya bir başqa yaramazdırsa, onda…"
Bu halda daha nələr edəcəyinə Pyotr Petroviç qərar verməsə də, məlum oldu ki, bu yöntəm onu üzən şübhələrin ya təsdiqi, ya da tam dağılması üçün yetərli olacaq. Fikirləşdi ki: "Əsas odur ki, yol yoldaşım duyuq düşməsin, heç cıqq eləyə bilməsin!"
Harayasa uzaqlara baş alıb gedən söhbəti ehmallıca dəyişmək üçün dedi:
- Bir də ki, bu su xizəkləri bir yana dursun ey, ilginc olan odur ki, əslində ilkin dünyanı elə şəhərdə də duymaq mümkündür, bundan ötrü şəhərdəki vurhavurdan bir azca uzaqlaşmaq yetərlidir. Əlbəttə, bizlər çətin ki, bunu bacaraq, çünki hədsiz dərəcədə passivləşmişik. Amma sizi inandırıram ki, uşaqlar bunu hər gün edirlər.
Həmsöhbətinə öz fikrini aşılamaq üçün nəfəs dərən Pyotr Petroviç təkrar sükutla qarşılaşınca, qaldığı yerdəncə sözünə davam etdi:
- Mən uşaq oyunlarını nəzərdə tuturam. Çox vaxt onların qaba və amansız olduğunu vurğulayırıq, hətta bəzən elə təəssürat yaranır ki, bu oyunlar indiki uşaqların məhkum olduqları ağır yoxsulluqdan qaynaqlanır. Amma mən bunun kasıbçılıqdan irəli gəlmədiyi qənaətindəyəm. Yəni bu, onların özlərinə hər hansı motosiklet və ya skeyt ala bilməməsi ilə zərrəcə bağlı deyil. Məsələn, bax, indi onların çox sevdiyi bir şey var - Tarzan kanatı. Heç eşitmisiniz?
- Eşitmişəm, - həmsöhbəti mızıldandı.
Gözlərini Ay işığında bərq vuran düzbucaqlıya dikən Pyotr Petroviç hardasa bir dəqiqəyə-filan ona çatacaqlarını hesablayaraq, sözünə davam etdi:
- Bu, ağacın imkan daxilində hündür və qalın budağına bağlanmış kanatdır. Ağacın hər hansı uçurumun kənarında olması daha məsləhətlidir. Burada əsas hesab uçurumun sərt yoxuşuna yapılır. Əgər bu ağac bir nohur kənarında olarsa - lap əla, üzməklə quruya çıxmaq olar. "Tarzan kanatı" adı isə Tarzanla bağlıdır, haqqında çəkilən filmlərdə Tarzan həmişə lianlarda beləcə sallanıb-yellənir. Bu oyunda çətin heç nə yoxdur - kanatdan yapışaraq, ayaqlarınla yerdən təkan alır və havada uzun-uzadı bir əyri cızırsan, ürəyin istəyəndə isə əllərini boşaldıb şappıltıyla suya düşürsən. Doğrusunu desəm, mən heç vaxt belə Tarzan kanatında yellənməmişəm, amma bütün ağırlığıyla su səthinə çırpılan birisinin bərq vuran, sərin sulara ehmal-ehmal daldığı o ilk anlarda nələr duyduğunu yetərincə təxmin etməyə qadirəm… Ah, bu oğlanların öz lianları ilə haralara uçub getdiklərini adam bir bilsə…
Onun həmsöhbəti Ayın yaratdığı o parlaq məkana girdi. Onun ardınca Pyotr Petroviç də Ay işığının sərhədini adladı. Gözləriylə kabelə qədər məsafəni kəsin ölçməyə çalışan Pyotr Petroviç sözünün ardını gətirdi:
- Bilirsiniz, bunu niyə təxmin edə bilirəm? Çünki bu, çox asandır. Uşaq vaxtı bir yol qüllədən hovuza necə tullandığım xatirimdədir. Onda qarnı üstə suya çırpılanda, əlbəttə, zədələnmişdim, amma o an nə isə vacib bir şeyi anlamışdım, hətta sudan çıxanacan öz-özümə "Məbadə bunu unudasan" fikrini təlqin etmişdim. Amma sahilə çıxınca xatirimdə qalan da elə bircə bu "Məbadə bunu unudasan" sözləri olmuşdu…
Bu məqamda Pyotr Petroviç tam kabelə çatıb durdu. Əliylə dartmaqla, onun möhkəm bərkidildiyindən əmin oldu. Səsindən səmimilik və sakitlik yağırdı, kabeldən sallanmağa hazırlaşaraq dedi:
- İndinin özündə də hərdən içimdən keçir ki, ayaqlarımı yerdən üzüm. Əlbəttə, bir az axmaq səslənir, infantillik sayıla bilər, amma inanırsan ki, yenə də daha nəyi isə anlar və ya xatırlarsan… Eh, nə isə, izninizlə…
Bu sözləri deyən Pyotr Petroviç bir-iki cəld addım atıb, yerdən təkan aldı və ilıq gecənin ağuşuna doğru havalandı.
Əgər buna uçuş demək olarsa, onun uçuşu çox az sürdü. Divardan ikicə addım aralanmamış o, öz oxu ətrafında dönərək, əyri xətt üzrə irəliləyib həmsöhbətinin lap böyründəcə divara çırpıldı. Yoldaşı qorxudan səndələdi, Pyotr Petroviç isə tarazlığını itirdiyindən onun çiynindən yapışmalı oldu və, görünür, ancaq bundan sonra ona çatdı ki, qarşısındakı nə kölgə, nə də öz əksidir. Qurduğu bu oyun isə - tövşəməyə başlasa da - çox bəsit alındı. Bu gözlənilməzlik yol yoldaşının ovqatını hər halda tamam-kamal pozdu ki, o, çiynini Pyotr Petroviçin əlindən qurtarmaq üçün geriyə sıçradı, başlığını başından sıyırdı və sərt səslə çımxırdı:
- Bu nə oyundur belə çıxarırsınız?
Xəcalətindən çuğundur kimi qızardığını hiss edən, amma qatı qaranlıqda bunun nəzərə çarpmayacağından rahatlıq duyan Pyotr Petroviç:
- Allah xətrinə, bağışlayın, - dedi, - inanın ki, istəmədən oldu. Mən…
Yoldaşı onun sözünü ağzında qoydu:
- Siz mənə nə vəd etmişdiniz? Hər şey sakit keçəcək, siz ağırsəngi birisisiniz və sizə sadəcə bir qulaq yoldaşı lazımdır. Belə deməmişdiniz ki?
Başını əllərinin məngənəsinə salan Pyotr Petroviç mırtıldadı:
- Elə demişdim. Doğrudan da ha, niyə bunu unutdum ki… hətta ağlıma qəribə fikirlər də gəlmişdi ki, guya siz - canlı varlıq deyilsiniz, sadəcə mənim aynadakı əksim və ya kölgəmsiniz. Gülüncdür, deyilmi?
Yoldaşı: - Məncə, gülünc sayılmaz. Barı indi mənim kimliyimi xatırladınız?
Pyotr Petroviç: - Hə, - deyib, başıyla nə isə qəribə bir hərəkət etdi - anlaşılmadı ki, qarşısındakına baş əyir, yoxsa başını qınına çəkir.
- Şükür sənə, Xudaya. Deməli, bayaq siz üstümə şığımaqla mənim öz əksiniz olub-olmadığımı yoxlayırdınız, eləmi? Tarzan kanatı haqda da baş-beynimi bundan ötrü aparmışdınız?
Əlini elektrik kabelindən ayırıb, sinəsinin üstə qoyan Pyotr Petroviç səsinin qalın yerinə saldı:
- Yox, canım, siz də! Yəni ilk başda danışdıqlarım həqiqətən də sizin fikrinizi dağıtmaq məqsədi güdürdü, amma ki, bu, söhbətin başlanğıcı üçün keçərlidir. Dilim açılandan sonra isə artıq mən həyatda məni üzən şeylərdən söz açdım. Elə bil tövbə ayinindəydim…
Yoldaşı: - Əcəb qəribə şeylərdən bəhs edirsiniz. Hətta mən sizin ağlınızın dürüstlüyünə də şübhə etməyə başlayıram. Bir özünüz fikirləşin - düz iki saat birisiylə gəzib, söhbət edəsən və bütün bu vaxt ərzində də zənn eləyəsən ki, qarşındakı sənin öz əksindir. Bəyəm normal adam belə hisslər keçirər?
Pyotr Petroviç fikrə getdi.
- Yo-yox, - dedi, - keçirməz. Həqiqətən də, kənardan bu, çox axmaq görünür. Arxasını sənə çevirib gedən və səninlə danışan əksin… Lap Tarzan kanatı kimi… Amma, bilirsiniz, daxilən bütün bunlar mənə çox məntiqli gəlirdi və əgər mən bu fikirlərimin axarını sizə eynilə açıqlaya bilsəydim, siz də heç nəyə bir belə heyrətlənməzdiniz.
O, gözlərini göyə qaldırdı. Qarşıdakı damların üstündən görünən Ay, uzun və kənarları didik buludun arxasında gizləndi. Bu durum ona nəhs bir əlamət təsiri bağışladı.
Yenidən dilə gəldi:
- Hə, əgər hərəkətlərimin şüuraltı motivlərini araşdırası olsaq, sadəcə bir saniyəliyinə mən zəfər qazan…
Səsini qaldıran həmsöhbəti onun sözünü ağzındaca qoydu:
- Öz əksinlə bağlı bunu qəbul edərəm, nə isə. Mənə daha qəribə gələn bu Tarzan kanatıyla bağlı üyüdüb-tökdüklərinizdir. Yəni o "yerdən təkan almaqla havalanmaq-filan"ı deyirəm. Açıq deyin, siz axı nəyi fəhm etmək istəyirsiniz ki?
Baxışlarını yerdən qaldıran Pyotr Petroviç onları əvvəlcə həmsöhbətinin gözlərinə, oradan isə onun qırxıq başına yönəltdi.
- Necə yəni nəyi? - soruşdu. - Sizin bəlkə də bekara bir şey saydığınız bir şeyi - Həqiqəti.
- Axı, hansı həqiqəti? Özün haqda, özgələr haqda, yoxsa dünya-aləm haqda? Həqiqətlər çoxdur.
Pyotr Petroviç fikrə getdi.
- Görünür, özüm haqda, - dedi. - Ya da belə deyək: həyat haqda. Özüm və həyat haqda, əlbəttə ki.
- Yəni indi bunu açıb sizə deyim ki? - həmsöhbəti xəbər aldı.
Qəfildən lap acığa düşən Pyotr Petroviç:
- Əgər bilirsinizsə, deyin gəlsin, - cavabını verdi.
Həmsöhbəti eyni kinayə ilə:
- Bəs qorxmursunuz ki, bu həqiqət sizə baha başa gələ bilər? - deyə sordu və başıyla harayasa geriyə işarə etdi.
Pyotr Petroviç öz-özlüyündə düşündü: "İstehza eləyir, məni ələ salır. Psixikama basqı göstərir. Amma qarşısındakı da uşaq-muşaq deyil ha. Bu nə sadistlikdir bunda? Deyək ki, lap elə sənin çiynindən dartdım, amma sonra üzrxahlıq da elədim axı."
Çiyinlərini şax tutub, gözlərini düz həmsöhbətinin bəbəklərinə zilləyərək dedi:
- Yox, qorxmuram. Deyin gəlsin.
- Çox pakizə. "Lunatik" sözü görəsən sizə nə isə deyir?
- Lunatik? Bu, o gecələr yatmayıb, karnizlərin üstüylə gəzən adam deyilmi? Əlbəttə, bilirəm… Aman Allah!

5.
Bu qəfil oyanış hər şeydən çox, Pyotr Petroviçin öz amansız həmsöhbətinə bayaq anlatmağa çalışdığı o buz kimi suya dalmağa bənzədi və bu bənzərlik heç də havadakı ayazla bağlı deyildi. Pyotr Petroviç ayaqlarının altına göz gəzdirincə bu üstüylə nə vaxtdan bəri gəzdiyi gümüşü cığırın əslində son dərəcə ensiz, tənəkə ilə üzlənmiş karniz olduğunu anladı, bədəninin ağırlığı altında həmin bu karniz bir xeyli əyilmişdi də.
Karnizin altı boşluq idi, bu boşluğun ardında, təxminən otuz metr aşağıda isə əksi gölməçələrə düşərək qoşalaşan fənərlər gözə çarpırdı, əsən rüzgarda ağacların qaralan budaqları titrəşirdi, asfalt isə bozarıb qalmışdı və Pyotr Petroviç dəhşət içində anladı ki, bütün bunlar son dərəcə və mütləq mənada gerçəkdirlər, yəni artıq onun alt paltarında, ayağı yalın, gecəyə qərq olmuş şəhərin çox yüksək bir nöqtəsində duraraq bir möcüzə sayəsində zülmətin qoynuna yıxılmaması faktını hər hansı şəkildə nə inkar etməyə, nə də gözardı etməyə şansı var idi. Yıxılmaması isə həqiqətən möcüzə idi - çünki beton divardakı nahamar yerlər nəzərə alınmazsa, əllərini atıb yapışacağı heç nə yox idi yaxınlıqda. Bu nəm və soyuq karnizdən bir tük qədər yayınacağı halda amansız ağırlıq qüvvəsinin onu aşağılara çəkib aparacağı da kəsin idi. Düzdür, lap yaxınlığında bir elektrik kabeli sallanırdı, amma onu tutmaq üçün karnizin üzəriylə bir neçə addım atmağa ehtiyac vardı və bunu etmək tam ağılsızlıq olardı. Gözünü qıyıb uzaqlara baxınca, aşağılarda avtodayanacağı, bir neçə maşını və sanki kiminsə məhz ondan ötrü hazırladığı yuvarlaq biçimli, kiçik asfalt sahəsini sezdi.
Ona əyan olan bu dəhşətin gerçək sübutu da haradasa yaxınlıqda, hələ də közərməkdə olan zibillikdən yayılan çürüntü qoxusu oldu, çünki bu elə qoxuydu ki, o, özlüyündə bu dünyanın reallığını təkbaşına sübut etməyə yetirdi və heç bir şübhəyə yer buraxmırdı.
Qorxu dalğası bir anda Pyotr Petroviçin qəlbindəki hər şeyi oradan süpürləyib apardı. Ardındakı boşluq ona güc gəldi, odur ki, seçkiləri qazanmağa heç bir inamı olmayan vecsiz bir partiyanın seçkiqabağı reklam vərəqəsi kimi divara yapışmalı oldu.
Yoldaşı: - Hə, necəsən? - deyə sordu.
Pyotr Petroviç, gözləri təkrar ayaqları altındakı boşluğa sataşmasın deyə, ehtiyatla ona sarı baxdı. Pıçıltıya bənzər, amma çox israrlı bir səslə yalvardı:
- Bəsdirin, siz Allah, bəsdirin! Yıxılaram axı!
Yoldaşı "hımm" elədi.
- Amma bu "bəsdir"i özünüzə deməliydiniz. Çünki indii canını qorxu alan mən yox, sizsiniz.
Yoldaşının haqlı olduğuyla razılaşsa da, bir an sonra Petr Petroviç daha bir şeyi də anladı və bu anidən onu içini qəzəblə doldurdu. Həyəcanla bağırdı:
- Axı, istənilən adama belə iyrənc bir fikri aşılamaq olar ki, o - lunatikdir, həm də əgər uçurumun lap kənarında durubsa və bundan da tamam xəbərsizdirsə! Bu ki, alçaqlıqdır! Düz karnizin üstündə… Axı, elə indicə… Bu yerdəcə…
Yoldaşı başını tərpətdi:
- Haqlısınız. Heç özünüz də fərqində deyilsiniz ki, bunu necə doğru sezmisiniz.
- Bəs onda niyə başıma bu oyunu açırsınız?
- Bura baxın, sizi də heç anlamaq olmur ha. Hər an ağlınıza yeni bir fikir gəlir. Axı, indicə özünüz "Tarzan kanatı"yla havalanmaqdan söz edirdiniz. Hətta məni də az qala başdan çıxartmışdınız, vallah. Üstəlik, həqiqəti öyrənmək istəyirdiniz. Onu da deyim ki, bu, öyrənəbiləcəyiniz tək və son həqiqət deyil.
- Yaxşı, bəs indi mən neyləyim?
Yoldaşı ona:
- Sizmi? Heç nə eləməyin, - dedi və bu ara birdən məlum oldu ki, o, heç nədən tutub-eləməyibmiş və bir az da belə bir təhər, köndələn dayanıbmış. - Hər şey özü-özünə yoluna düşəcək.
Pyotr Petroviç mırtıldadı:
- Məni dolayırsınız, nədir?
- Yox, canım.
Taqətsizləşən Pyotr Petroviç:
- Siz alçaqsınız. Qatilsiniz. Ölümümə razısınız. İndicə aşağı yuvarlanacağam, - dedi.
Yoldaşı:
- Hə də, başlandı yenə - təhqirlər, nifrət. Bir o qalır ki, yenə mənim üstümə atılasınız və ya bəziləri kimi üzümə tüpürəsiniz. Odur ki, sizi tərk edirəm, - dedi və arxasını dönüb, arxayın addımlarla yola düzəldi.
Pyotr Petroviç:
- Ey! - çığırdı. - Ey! Ayaq saxlayın! Xahiş edirəm!
Amma yoldaşı ayaq saxlamadı, uzun plaşınınmı, yoxsa əbasınınmı altından görünən qanı qaçmış əlini halsız-halsız yellədi. Bir neçə addım gedib, tini burulandan sonra gözdən itdi. Pyotr Petroviç yenidən gözlərini yumub, tərləmiş alnını divara söykədi.

6.
Düşündü ki: "Bu da axırım. Bu səfər çox yəqin ki, axırım çatıb. Hər şeyin sonu gəldi. Ömrüm boyu bunu düşünmüşdüm - "necə olacaq?" deyə. İndi isə məlum olur ki, bax, beləymiş. İndi bircə yol əl-qol açıb yellənsəm, onda… Sakit ol, Petya, sakit… Görəsən qışqıra biləcəm?.. Petya, sakit ol, Petya… bu barədə heç düşünmə. Nə barədə istəyirsən düşün, bircə bundan başqa. Allahı sevərsən. Əsas da odur ki, hər cəhdlə sakitliyini qoruyasan. Panika - ölümə bərabərdir. Könülaçan bir şey canlandır xatirində… Belə yerdə ağıla nə gələ bilər axı? Məsələn, bu gün xoşagələn nə baş vermişdi? O heykəllərin yanında eşq haqda bizim bu qırxıqbaşa anlatdıqlarım bəyəm… Pərvərdigara, yenə xatirimdə o hərif canlandı. Əcəb sarsağam ha. Guya ki, sadəcə öz yolumla getməyim, ətrafı seyr edərək həyatdan ləzzət aparmağım yetmirdi də mənə. Yox, gərək mütləq dəqiqləşdirəydim ki, bu hərif kimdir - kölgədir, yoxsa öz əksim. İndi də al payını. Görünür, əzəldən sarsaq-sarsaq şeylərlə baş-beynimi doldurmamalıydım. Amma, doğrudan da, bu kim idi belə görəsən? Lənət şeytana, elə indicə xatırlamışdım onu sanki. Yoxsa yox, yoxsa mən xatırlamamışdım, o özü bunu mənə açıb demişdi… Axı, hardan çıxdı bu mənim qarşıma belə?"
Pyotr Petroviç bir anlığına gözlərini açdı və üzünə yaxın divarın işıqlanaraq sarı rəngə çaldığını gördü - Ay yenidən buludlardan sıyrılmışdı. Nədənsə könlünə bir yüngüllük gəldi.
Fikirləşməyinə davam etdi: "Belə, mən ona harada rastladım? Heykəllərə çatmamış. Burası dəqiqdir, çünki heykəllərin tuşuna çatanda o artıq böyrümdə addımlayırdı. Birinci pişiyi də biz heykəllərə çatmamış qovarağa salmışdıq. Hə, elədir - çünki ilk başda o, bu oyuna heç razı olmurdu. Sonra da mən başladım nə başladım - təbiətdən danışdım ona, gözəllikdən söz açdım… Özüm də hiss edirdim ki, bütün bunlar mənasızdır. Əgər ülvi hisslərini yadlara tapdalatmaq istəmirsənsə, onları heç kəslə paylaşmamalısan… "İncil"də deyilənlər doğruymuş - muncuqlarınızı donuzların qabağına səpməyin, onsuz da ayaqlayacaqlar… elə həyatda da belədir. Ürəyinə yatan bekara bir şeyi, məsələn, Ay işığının heykəlləri necə aydınlatdığını hər nə qədər duysan belə, bunu öz içindəcə göm. Görünür, susmaq - həmişə yeymiş, çünki vaxt gələcək haradasa, nələrsə qatıqladığına mütləq bir gün peşiman olacaqsan… Maraqlı olan da odur ki, bunu çoxdan kəşf etmişəm, amma sadəliyim başıma bəla açır da. Hər səfər də gözləyirəm ki, görüm, nə vaxt ülvi hisslərim ayaqlanacaq… bu hərif isə - kor-kobudun biriydi! Hətta lap yekəsiydi. Hələ məni inandırırdı ki, hər şey öz yoluna düşəcək, tam arxayın ola bilərsən… nə isə, lənətə gəlsin onu, gör ha, düz bir saatdır onun haqqında düşünürəm, yəqin indi Ay da batacaq.
Pyotr Petroviç arxasını divara çevirib, baxışlarını göyə qaldırdı, tabsız-taqətsiz gülümsədi. Pərğuya bənzər buluddakı dəlikdən aləmə işıq saçan Ay, buz bağlamış göl səthində açılmış dəlikdən boylanan öz əksini xatırladırdı adama. Orada, aşağılarda uyuyan şəhər səssizdi, hava isə, cücərməyə başlayan və adlarını bir Allahın bildiyi otların zorla duyulan ətirləriylə doluydu.
Haradasa uzaq bir pəncərədən Stinqin piratlarınkına bənzəyən bas səsi eşidildi - gecənin bu saatı üçün cihazın səsini çox açmışdılar, düzü. Səslənən isə, Pyotr Petroviçin hələ gənclik çağlarından yaxşı tanıdığı və sevdiyi "Moon over Bourbon street" mahnısıydı. Hər şeyi unudaraq o, mahnıya qulaq kəsildi, hətta bir ara, çoxdan unutduğu nəyi isə xatırladığı üçün göz qapaqlarını tez-tez çırpdı da.
Duyduğu üzüntü və inciklik qeyb olmağa başlamışdı. Təsadüfi bir yol yoldaşıyla aralarındakı bu inciklik getdikcə öz əhəmiyyətini o dərəcədə itirdi ki, bir neçə dəqiqə qabaq nədən ötrü bunca qanının qaraldığını da xatırlayamaz oldu. Stinqin səsi azalmağa başlayanda Pyotr Petroviç əlini divardan çəkdi, bu qəmgin ingilis mahnısının təqtinə uyğun olaraq bir neçə dəfə çırtma vurdu:

And you'll never see my face
or heart the sound of my feet
while there's a moon over Bourbon street.

Axır ki, mahnı bitdi. Köks ötürən Pyotr Petroviç fikrini cəmləmək üçün başını yırğaladı. Evə getmək vaxtıydı.
Geriyə döndü, tini buruldu, asanlıqla bir-iki metr aşağı hoppandı, buradakı yol nisbətən rahat idi. Gecə əvvəlki kimi şux və sirli idi, adam ondan ayrılmaq istəmirdi, amma sabah səhər bir xeyli görüləsi işi vardı, həm də gedib gözünün çimirini almalıydı. Son dəfə yan-yörəsinə göz gəzdirdi, sonra ürkəkliklə göyləri süzüb gülümsədi, parlaq gümüşü cığırla, həm də gecə mehiylə öpüşə-öpüşə, ağır-ağır yola düzələndə ağlına gəldi ki, əslində o, son dərəcə xoşbəxt insandır.

Ruscadan çevirən: Azad Yaşar