Alatoran_header  
Tərcümə > Matsuo Basyo (1644-1694) - Haykular
***

Harda qalmısan, ququ quşu?
Yadına sal, baharın necə nəfəs dərdiyini
Gavalılar çiçək açmağa başlayanda.

***

Söyüd ağacı başını əydi və yuxuya daldı,
Mənə elə gəlir ki, onun ruhudur
Budağındakı bülbül

***

Kədər səni alanda daha artıq hiss edirsən
Şərabın müdrikliyini
Yalnız kasıbçılıqda anlayırsan
Pulun ilahiliyini

***

Qulaq kəsilirəm dolunun səsinə
Təkcə mənəm burada dəyişməyən,
Bu qoca palıd ağacı kimi.

***

Uzaqlarda tətrik səsi
Boş yerə özünü yorur. İndiki zamanda
Şairlər yaman çoxalıb.

***

Şair Sempunun xatirəsinə

Sənin məzarına
Müqəddəs lotos yarpaqlarını deyil
Bir dəstə çöl otu gətirdim.

***

Dosta uğurlu yol arzusu

Eh, unutmadınsa əgər sən şairi,
Sayo-no Nakayama dağlarında öz-özünə de:
Bax elə buradaca o kölgəyə çəkilmişdi!

***

Şıq-şıq səs gəldi birdən
İçimdə dil açdı kədər…
Şaxtalı gecədə bambuk.

***

Pəncərəmdən baxdı ay
Nur saldı dörd bucağına
Mənim bu darısqal komamın.

***

Qürbətdə

Nazik alov dilimi,-
Lampanın yağı donub.
Ayılırsan…Kədər, kədər!

***

Avaragor qarğa, baxsana!
Hanı sənin köhnə yuvan?
Qaysı gül açdı hər tərəfdə.

***

Kəpənəklərin uçuşu
Oyandırır sakit zəmini
Günəşin istisində.

***

Seyrinə dalmışıq ayın.
Nəhayət nəfəsimizi ötürürük!-
Bulud keçib gedir.

***

Vıyıldayır payız küləyi!
Yalnız çöldə gecələdiyiniz zaman
Başa düşəcəksiniz şerlərimi.

***

Səhər açılmış sarmaşıqlara
Uçur kədər dolu vızıltıyla
Yarımcan mğmığa.

***

Təlaş içərisində
Xrizantem şehi içən bu kəpənək
Bir payız daha yaşamaq istəyir.

***

Çiçəklər soldu.
Toxumları tökülüb düşür
Sanki göz yaşlarıdır…

***

Sərt külək əsib əsib
Bambuk meşəsində gizləndi
Bir az sakitləşdi elə bil.

***

Kohnə qobu
Suya atıldı qurbağa
Səssizlikdə ləpələrin marçıltısı.

***

Nə qədər qar gördük indiyədək,
Ancaq elə buz ürəkli oldular hər zaman-
Yam-yaşıldır qayın ağaclarının yarpaqları!

***

Diqqətlə bax!
Quşəppəyi çiçəklərini görəcəksən
Çəpərin altında !

***

Oyan, oyan artıq!
Gəl mənə yoldaş ol,
Yatmış kəpənək

***

Qərbi əyalətə getmiş dosta

Qərb və ya şərq
Eyni bədbəxtlik hər tərəfdə
Külək hər yerdə eyni cürə üşüdür

***

İlk qar düşdü səhər erkən.
Azacıq əydi
Nərgiz yarpaqlarını

***

Bir az şərab içdim,
Ancaq yuxum daha da qaçdı…
Gecə yağan qar.

***

Su elə soyuqdur ki!
Uyuya bilmir qağayı,
Dalğalar üzərində ləngər vuraraq.

***

Çatırdayıb partladı bardaq:
Gecə donmuşdu içərisindəki su.
Diskinib ayıldım birdən.

***

Şəhərdə yeni il bazarı.
Heç olmasa bir dəfə gedə bilsəydim!
Özümə tənbəki çubuğu alardım.

***

Ay yoxsa səhər qarı…
Öz istədiyim kimi yaşadım, gözəlliyi seyr edərək.
Beləcə başa vururam ili.

***

Yeni ildə hədiyyə edilmiş paltarı geyərkən

Bu kimdir belə?
Özüm özümü tanımadım
Yeni il sabahı.

***

Ey, çoban bala!
Bir az budaq saxla qaysı ağacına,
Özünə çubuq qırarkən.

***

Dəniz kələmi daha yüngüldür…
Qoca satıcı isə çiyinlərində
İstridiyyə dolu ağır zənbil daşıyır.

***

Vişnə çiçəklri bulud kimi!
Çan səsləri gəlir… Uenodan
Bəlkə də Asakusadan?

***

Gedən dosta

Dostum, yadında saxla
Gizlənib, gözə görünmür öz kasacığında
Qaysı çiçəyi!

***

Çiçəyin kasacığında
Mürgüləyir bal arısı. Toxunma ona,
Dostum sərçə!

***

Çölün ucsuz-bucaqsızlığında-
Heç nəylə yerə bağlanmadan-
Ötür torağay.

***

Yola çıxan dosta

Quşun tərk etdiyi yuva…
Nə qədər kədərlidir mənə
Qonşunun boşalmış evinə baxmaq

***

Mayı ayı yağış yağır.
Bu nədir?- çəlləyin çəmbərimi qopmuş?-
Nəsə anlaşılmır gecə yarısı bu səs…

***

Anasını itirmiş dosta

Evin qarşısında ağ rəngli çəpər
Qadının öldüyü yerdə…
Soyuq vurur üzümə.

***

Nə yaman uzanıb saçlarım,
Bax necə arıqlamışam, rəngim göyərib!
Aramsız may yağışı.

***

Gedək dostlar,
May yağışlarının selində üzən
Ördək yuvalarına baxmağa!

***

Tak-tarak döyür
Tənha komanın dirəyini
Ağacdələn.

***

Bu gün hava açıqdır.
Ancaq, hardan çilənir bu damlalar?
Göy üzündə bir çəngə bulud.

***

Budaqlarımı qırdı külək

Şam ağaclarının arasından keçərkən?-
Som-soyuqdur ləpəlnən sular!

***

Dup-duru bulaq!
Ayağımın üstündən qaçdı
Balaca yengəc.

***

Gül açmış sarmaşığın yanında
Günün qızmarında dincəlir xırmançı.
Necə də kədərlidir, bizim bu dünyamız!

***

Bax elə buradaca sərxoş olub uyumaq
Bu çay daşlarının üstündə,
Cücərmiş qərənfilə dönüb…

***

Dostun yiyəsiz bağında

Yemiş becərərdi o burada.
İndi qoca bağ səsini çəkib içinə…
Axşam düşdükcə soyuyur hava.

***

Şair Rikanın şəninə

Qaranlıqda şamı yandıranda
Elə bil ki şimşəyi
Əllərində tutmuşdun.

***

Nə qədər sürətlə uçur ay!
Donmuş budaqlarda
Asılmışdı yağış damlaları.

***

Bir gecəliyinə, heç olmasa bir gecəliyinə,
Ey gül açan xaqi kolları
Qucağınıza alın bu evsiz iti!

***

Təkəbbürlə addımlayır
Taxıl zəmisində vağ.
Kəndə payız gəlib.

***

Düyü üyütməkdən
Bir anlıq əl saxlayıb kəndli,
Ayı seyr edir.

***

Bon bayramı keçdi.
Axşamlar hələ də zil qara.
Cırcıramaların səsi.

***

Quraq çöldə solmuş batat yarpaqları.
Ayın çıxmasını gözləyir
Səbirsizliklə kəndlilər.

***

Torpaqdan baş qaldırır yenə
Qaranlıqda cansız xrizantemlər,
Leysan yağışla döyüldükdən sonra.

***

Tamam torpağa sərilmiş
Xəstə xrizantem,
Ancaq mütləq gül açacaq.

***

Buludlar yağışla doldu
Təkcə dağ ətəyində, yal boyu.
Ağarır Fudzi dağının qarlı zirvvəsi.

***

İraqodzaki körfəzi.
Qırğı səsi… Varmı bu dünyada
Sənin bənzrin?

***

Payız taxılı cücərdi.
Kahin üçün misilsiz sığınacaq-
Çölün ortasında oba.

***

Dua et ən gözəl günlər üçün.
Qışda qağsı ağacına bənzə
Sən öz qəlbinlə.

***

Qar, qar, qar…
Ancaq elə bil ki, bu il
Sonuncu dəfə bədirlənib ay.

***

Gecə yolda

Şam ağacının budaqlarını yandırıram.
Dəsmalımı quruduram ocaqda…
Yola çıxıb qışn ayazı.

***

Vətəndə

Fınxrıb burunlarını təmizləyirlər…
Doğma kənd səsi !
Qaysılar cül açır.

***

Gül açdı şaftalılar !
Onların arxasınca-bu il-
İlk vişnələr göründü.

***

Vişnə çiçəklərinə qonaq oldum
Nə az, nə çox:
İyirmi xoşbəxt gün boyu.

***

Əlvida, vişnə çiçəkləri !
Sağ olun gülərüzlə qarşıladığınza görə,
Xeyirxah və ürəyiaçıq idiniz, təşəkkürlər sizə.

***

Vişnə çiçəklərinin kölgəsi altında
Sanki qədim bir əsərin qəhrəmanı idim,
Gecə uzanıb yatdım.

***

Vişnələr çiçək açdı !
Dan yeri ağarır hər zaman olduğu kimi,
Orada, uzaq dağların üzrində…

***

May yağışlarının dumanlığında
Batmayan tək bircə nəfər var
Seta çayının üstündəki körpü.

***

Seta çayında işıldaquş ovu

Hələ də sayrışır gözlərimdə
Dağ vişnələri… Və odlu xətlər çəkir onlara
İşıldaquşlar çayın üzərində.

***

Bir zamanlar burada bir qala vardı…
Onun haqqında ən birinci, qoy
Köhnə quyuda çırpınan çeşmə danışsın mənə.

***

Payız axşamı

Sanki indicə, bu saat
Çanlar da səs-səsə verib çalınacaq…
Beləcə çalınır cırcıramalar.

***

Sanki, kövrək yeniyetmələrdir,
Çöldə unudulmuş çiçəklər,
Nahaq yerə solursunuz.

***

Keyfim yaxşı idi, ansaq sonra
Nədənsə kədər aldı ürəyimi… Üzür
Balıqçı qayıqlarında işıqlar.

***

Təzə evə dair

Allaha şükür ev əmələ gəldi !
Dal bağçada sərçələr
Sevincək darı dəmləyirlər.

***

Biri birinə bənzəyir bütün sarmaşıqlar
Payızda balboranılarsa
Tamam başqa-başqa !

***

Payız artıq lap yaxında.
Sünbül zəmisi və dəniz –
Hər ikisi yam-yaşıl rəngdə.

***

Darı da, çətənə də –
Əsla pis keçinmirlər
Eyni çatı altında.

***

Yox, yox, mümkün deyil
Səni heç nəyə bənzədə bilmirəm,
Ey üçgünlük ay !

***

Hərəkətsiz asılıb
Göyün tən ortasında bulud…
Çox güman ildırımı gözləyir.

***

Gör ey, nə qədərdir çöldə onlar !
Ancaq hər birisi də öz bildiyi kimi açar,-
Bax elə budur çiçəklərin ən yüksək qəhrəmanlığı !

***

“Atılmış qarı” dağında

Yuxuma girdi qədim bir əhvalat:
Ağlayır dağlarda atılmış bir qarı,
Təkcə aydır onun həmdəmi.

***

Gah kimlərəsə “əlvida !” dedin,
Gah mənə … Ancaq yolun sonunda
Payız çöküb Kiso dağlarına.

***

Bütöv bir ömür sərf etdi
Bu vəhşi sarmaşıq
Asma körpüyə sarılmağa.

***

Budaqdan qopub düşdü şabalıd.
Ucqar dağları heç görməmiş birinə
Hədiyyə aparıram onu.

***

Xalq bayramını seyr edən imperator Nintokuya

Budur onun ən çox sevdiyi şey !
Millət bayram edir…Bütün həyətlərdə
Tüstülənir ocaqlar.

***

Dostuma

Mənə baş çək
Bu tənha günlərimdə !
İlk yarpaq düşdü…

***

Tükəndi evdə düyü…
Dən yığmaq üçün işlətdiyim alqabağa
Qoyuram “qızçiçəyi” gülünü.

***

Nə gizlədim axı:
Bibərli trəvəz horrası –
Budur mənim öynəm !

***

Şika Rika yas tutur öz arvadına

Bir adamlıq yorğan.
Buz kimi qaranlıq gecə…
Ürəksə param-parça !

***

Günahların yuyulma günü

Xəfif meh əsdi,
Çırpınıb sıçradı balıq…
Çayda dəstəmaz.

***

Qış günləri kimsəsizəm.
Yenə kürəyimi söykəmişəm
Daxmanın ortasındakı dirəyə.

***
Ata həsrət çəkir öz uşağına

Hər şey düşür və cızıldayır.
Bir az da keçsə külün dərinliyindəki atəş
Sönəcək göz yaşlarından.

***

Şimala məktub

Yadındamı, necə əylənirdik səninlə
İlk qarda? Ah, bilirsənmi, elə bu il də
O yenə də öz vaxtında yağdı.

***

Qamış biçildi damın üstünə.
Unudulmuş qələmələrə
Səpilir narın yağış.

***

İlk baharda

Birdən, nə görsəm yaxşıdır –
Pambıq arxalığımın düz çiyinlərindn
Titrək hörümçək torları uzanır.

***

Yaza bağışlayıram öz evimi

Bahar gəldi, sən də öz kirəkeşlərini tapdın
Mənim köhnə daxmam:
Kuklaların evi olarsan bundan sonra.

***

Bahar çəkilib gedir.
Quşlar ağı deyir.
Balıqların gözü yaşla dolu.

***

Günəş batır.
Hörümçək torları da
Qaranlıqda əriyir…

***

Gecə zəngləri çalınır –
Onsuz da bu tənhalıqda heç nə eşidilmir.
Baharın alatoranlığı.

***

«Günəşgözü» dağlarında

Ey ilahi eşq !
Yaşıl, təzə-tər yarpaqlara
Axır günəşin şəfəqləri.

***

Odur – mənim yol işarətim !
Çəmənliyin hündür otları arasında
Bir qom samanla adam.

***

Uzaqdakı dağlar və bağ
Tərpənib hərkətə gəldilər və
Yaylaq evinin açıq qapısından içəri doldular.

***

Kənddə biçin vaxtı

Alaq…Yetişmiş taxıl…
Yalnız sevinc gətirir yayda –
Tətrik quşlarının səsi.

***

Ey, çodar ! Atları çək
Bax ora, çölün o biri üzünə !
Tətriklərin oxuduğu o yerə.

***

«Ölüm daşının» qarşısında

Zəhərlə nəfəs alır qaya.
Qızartı çökmüş ətrafdakı otlara.
Hətta alov saçır şeh.

***
Sayqenin şer yazdığı söyüdün kölgəsində

Çöl başdan-başa
Cücərmiş otlarla örtldü… Yalnız ondan sonra
Mən səni tərk etdim, söyüd ağacı.

***

Qədim Sirakava məntəqəsində külək

Külək qərbdən əsir, yoxsa şərqdən ?
Yaxşısı budur, qulaq asım o
Necə vıyıldayır düyü zəmisinin üzərindən.

***

Cücərtilərin nə qədər böyüdüyünü gördüm çöldə

Düyü zoğları sözlərdən daha mənalıdır.
Yaman qaralmısan dedilər mənə,
Gör neçə günüm keçdi yollarda !

***

May yağışları
Dəfn etdi şəlaləni –
Suyun altında qaldı hər şey.

***

Kəndli mahnılarına qulaq asıram şimala doğru getdikcə

Bax-bax, budur qaynağı
Bütün şer sənətinin !
Düyü əkən insanların nəğməsi.

***

Adacıqlar… Adacıqlar…
Və yüzlərlə qəlpəyə bölünür
Yay gününün dənizi.

***

Qədim döyüş çölündə

Qəhrəmanların yoxa çıxdığı o yerdə
Bitmiş yaz çiçəkləri
Sanki bir yuxudur.

***

Allahın qüdrətinə bax !
Yaşıl düyü zmisinin sərinliyi…
Suların şırıltsı…

***

Hər tərəf sükut içərisində.
Qayaların könlünə dolur
Cırcıramaların xəfif səsi.

***

Sürətə bir bax !
Moqami çayı toplayıb
Bütün may yağışlarını.

***

Üç günlük ay
«Qaraquş» dağının zirvəsində
Sərin meh əsdirir.

***

Selin qopacağı yerə
Başını əyir söyüd ağacı:
Buzlaq axtarır torpağın təkində.

***

Sıra buludlar
Parça-parça oldular… Əbəs yerə deyil ki,
Sənə «Ay dağı» deyirlər.

***

Siz bir fərqə baxın !
Dağdan endim və mənə
Təzə badımcan verdilər.

***

«Daşqın qapısı».
Sinəsinə vurur vağ quşunun
Soyuq dəniz.

***

Günün qızmar istisini
Özü ilə apardı Moqami çayı
Dənizin dərinliklərinə.

***

İlk yemiş, dostlar !
Onu dörd yerə bölək?
Yoxsa dilim-dilim doğrayaq?

***

Söyüd ağacının budaqlarında
Qurudulur xırda xanı balıqları… Üşütdüm !
Sahildə balıqçı komaları.

***

Tanabata bayramı ərəfəsində

Ulduzlar görüşər bu bayramda,
Hətta gecə belə, bayram ərəfəsində
Bənzəmir adi gecələrə.

***

Mehmanxanada

Mənimlə eyni çatı altında
İki qız…Xaqi budaqları çiçəklə dolu
Və göyün üzündə tənha ay.

***

Əcəb qoxusu var yetişmiş düyünün !
Çöllə gedirdim və birdən –
Sağ tərəfdə Ariso körfəzi.

***

Gənc yaşda ölmüş şair İssyonun təpədəki məzarı önündə

Silkələn, ey təpə !
Payız küləyi əsir çöldə –
Mənim tənha iniltim.

***

Qıp-qırmızı günəş
Uzaq düzənliklərdə… Lakin adamı üşüdür
Bu payız küləyi.

***

Meyvələr budaqdan tökülür…
Pırlayıb uçdu sığırçın dəstəsi.
Səhər küləyi.

***

Musasi düzənliyi hər tərəfdə.
Heç bir bulud toxunmur
Sənin yol şlyapana.

***

Payız çölündə

Yağışda islanmış bu yolçu.
Lakin, istəsə bir mahnı oxuya bilər.
Təkcə xaqi deyil ki, çiçəkləyən.

***
Sanemorinin dəbilqəsi

Eh, amansız tale !
Bu şanlı dəbilqə altnda indi
İndi sisəy ötür.

***

Yolda öz şagirdimdən ayrılıram

Bundan sonra tək gedəcəm.
Şlyapamdakı «Biz iki nəfərik» yazısı…
Silirəm onu şehlə.

***

Ağ-appaq qayalar
Daşlı dağının yamacında
Payızın girdabıdır bu !

***

Həyəti süpürmək istədim
Getmədən öncə… Məbədin önündə
Söyüd yarpaqlarını tökür.

***

Dostumdan ayrılarkən

Ayrılıq şerini
Yazmaq istədim mən yelpicin üstünə,-
Əlimdəcə qopdu o.

***

Dalğa bir anlığa geri çəkildi.
Xırda balıqqulağıların arasında qızarır
Xaqi gülünün qopmuş ləçəkləri.

***

Kəpənəyin işi bitib
O, artıq yaşamayacaq… Nahaq yerə zavallı
Əsir payız küləyində.

***

Qapını açdım və qərbdə İbuki dağını gördüm.
Ona nə vişnə bağları, nə də qar lazımdır, o özü-özlüyündə gözəldir

Necə varsa, elə !
Nəyinə lazımdır ay işığı…
İbuki dağı.

***

Şair Sayqyonun yaşadığı Futami körfəzinin sahilində

Bəlkə də nə zamansa
Mürəkkəbqabı olmuş bu daş ?
İndi ağzınacan doludur şehlə.

***

Payızdır, mən evdə təkəm.
Nə etməli, böyürtkən toplayım,
Ağacdan meyvə dərim.

***

Tənha bir ev.
Ay… Xrizantemlər… Bunlara üstəlik
Bir parça çöl.

***

Aramsız soyuq yağış.
Üşümüş dişi meymun elə baxır,
Sanki, samandan toxunmuş bürüncək istəyir.

***

Bağçada qış gecəsi.
Sap kimi incə ay göy üzündə,
Və cırcıramaların güclə eşidilən səsi.

***

Dağ kəndində

Sarayda qulluq etmələri haqqında
Kahinlərin söhbəti…
Ətrafda dərin qar.

***

Dağda uşaqlarla oynayıram

Haydı, uşaqlar !
Buz tutmuş yarma topunu
Biri-birimizə ötürürük.

***

Qar dovşan – sanki canlıdır !
Ancaq, bir şey çatışmır, uşaqlar:
Gəlin ona bığ düzəldək.

***

Söylə mənə, ey qara qarğa,
Nə üçün sən bu yerləri qoyub
Səs-küylü şəhərə uçursan ?

***

Qarın ortasında bir parça ərimiş yer,
Orada – açıq bənövşəyi rəngdə
Qulançar saplağı.

***

Yağır yaz yağışları.
Bax, necə də can atır boğazotu yuxarıya doğru
Bu unudulmuş cığırda !

***

Pəncərənin altında sərçələr
Civildəşirlər, onlara səs verir
Damdakı siçovullar.

***

Nə qədər incədir təzə açılmış yarpaqlar
Hətta burada, bu alaq otlarının üzərində,
Unudulmuş evin qarşısında.

***

Kameliya ləçəkləri…
Bəlkə bülbül düşürmüş
Baş örtüyünü çiçəklərin üstündən ?

***

Yaz yağışı…
Artıq, iki diş yarpaq gətirmiş
Badımcan toxumları.

***

Qədim çayın üstündə
Təzə tumurcuqlarla dolmuş
Sahildəki söyüd ağacları.

***

Məxmərçiçəyi yarpaqları…
Nədəndir onun ətirli rayihəsi
Keçmiş günlərdən danışır.

***

Mamır bağlamış məzar daşı.
Altında – yuxumy, aşkaramı ?
Bir səs dua oxuyur.

***

Fır-fır fırlanır cırcırama
Heç cür qona bilmir
Otların əsnək budağına.

***

Çan səsləri susdu uzaqlarda,
Ancaq axşam çiçəklərinin ətrində
Hələ də süzür onun əks-sədası.

***

Öz şagirdimə

Uzaq ölkələrin yolçusu !
Qayıt gəl, mən sənə göstərim
Əsl çiçəkləri.

***

Azacıq titrəyir hörümçək torları.
Sayko otlarının incə sapları
Qımıldanır yarımqaranlıqda.

***

Dörd bir tərəfdən
Vişnə yarpaqları uçur
Nio gölünə sarı.

***

Arxada qaldı yaz gecəsi.
Vişnə çiçəklərinin dənizinə döndü
Ağaran dan üzü.