Alatoran_header  
Tərcümə > Kobo Abe (Yaponiya) - Qumluqdakı qadın

Birinci hissə

1 ________________________________

Avqust günlərindən birində bir nəfər qeyb oldu. O, məzuniyyətini burdan qatarla yarım günlük məsafədə yerləşən dəniz kənarına səyahətə həsr etmək istəyirdi və o gündən onun izi-sorağı itdi. Nə polisin axtarışı, nə də qəzetlərdə verilən elanlar heç bir nəticə vermədi.
Ümumiyyətlə, adam itkisi elə də nadir hadisə deyil. Statistikaya görə, hər il qəzetlərdə bir neçə yüz itkin düşmüş adam haqqında məlumat çap edilir. Və nə qədər qəribə olsa da, tapılanların faiz göstəricisi elə də böyük deyil. Qətl və bədbəxt hadisələr zamanı müəyyən izlər qalır; adam oğurluğu zamanı da hadisənin səbəbini təyin etmək çətinlik törətmir. Lakin itki tamam başqa səbəbdəndirsə, itənin izinə düşmək çox çətin olur. Düzü, itkindüşməni kimdənsə, nədənsə qaçma adlandıran kimi, bu hadisələrin bir çoxunu elə adi qaçışlar silsiləsinə aid etməkdən başqa çarə qalmır.
Haqqında danışılan hadisə zamanı da ortada dəlil-sübutun olmamasında qeyri-adi bir şey yox idi. Bu adamın yola düşdüyü yer təxmini məlum idi, lakin oradan naməlum meyit tapılması barədə məlumat gəlmədi. Sənəti də məxfiyyatla bağlı deyildi ki, ondan ötrü bu adamı oğurlasınlar. Hərəkət və davranışlarında isə qaçmaq haqqında düşündüyünə işarə belə yox idi.
Əvvəlcə hamı, təbii ki, məsələdə hər hansı bir qadının əli olduğunu güman etdi. Lakin polis məmurları və iş yoldaşları arvadından öyrənəndə ki, itkin düşən öz kolleksiyası üçün həşərat yığmağa gedib, deyim ki, bir qədər məyus da oldular. Həqiqətən də, hansısa qadına qoşulub qaçmağını gizlətmək üçün bir sürü ləvazimatı – zəhər dolu şüşə qabı, həşərat tutmaq üçün əl torunu özünlə sürüyəsən, - bu, çox böyük hiyləgərlik olardı. Ən əsası isə, stansiya işçisi xəbər verdi ki, həmin gün qatardan düşən alpinist görkəmli kişinin çiynində rəssamların istifadə etdiyinə oxşar çarpaz asılmış taxta yeşik və su qabı vardı: onun dəqiq yadında idi ki, bu adam tamamilə tək idi. Beləliklə, bu gümanlar da öz-özünə qüvvədən düşdü.
Mizantropiya zəminində özünəqəsd haqqında versiya üzə çıxdı. Bu şayiəni psixoanalizin böyük həvəskarı olan iş yoldaşlarından biri buraxdı. Yetkin bir adamın həşərat kolleksiyası toplamaq kimi mənasız bir işə aludə olması faktının özü, artıq psixi yarıtmazlığın göstəricisidir. Hətta uşağın da həşərat kolleksiyası toplamağa həddən ziyadə meylli olması adətən Edip kompleksi əlaməti sayılır.
Yerinə yetməmiş arzularını hər nə cürsə kompensə etmək məqsədilə o, ləzzətlə sancağı artıq ölmüş, onsuz da heç yerə qaça bilməyəcək həşərata sancır. Və əgər, yetkinlik yaşına çatdıqdan sonra da şakərindən əl çəkmirsə, deməli vəziyyəti daha da ağırlaşıb. Axı entomoloqlar tez – tez nəyisə əldə edib, toplamaq maniyası ilə alışıb yanır, son dərəcə adamayovuşmaz olmaqla, kleptomaniya (oğurluğameyllilik) və pederastiyadan (uşaqbazlıq) əziyyət çəkirlər. Bütün bunlardan mizantropiya zəminində intihara isə cəmi bir addım qalır. Bu azmış kimi, kolleksiyaçılar arasında elələri var ki, nəinki təkcə kolleksiyanın özünə, ondan da çox şüşədəki zəhərə meyl göstərir və bu səbəbdən də öz məşğuliyyətlərindən əl çəkə bilmirlər… Bir dəfə də olsun maraq göstərdiyi sahə barədə açıq danışmağa meyli olmamasının özü də, ayıblı bir işlə məşğul olduğunu dərk etdiyinə sübut idi.
Lakin meyidi tapılmadığından ilk baxışda məntiqli görünən bütün bu mülahizələr öz gücünü itirmiş oldu.
İtkindüşmənin əsl səbəbini isə axıra qədər heç kəs bilmədi. Və Mülki kodeksin 30 - cu maddəsinə əsasən hadisənin üstündən yeddi il keçdiyi üçün itkin düşmüş adam ölmüş hesab edildi.

2 ___________________________________

Bir dəfə avqustda günortadan xeyli keçmiş stansiyanın platformasında boz pike panamalı kişi peyda oldu. Çiyinlərində çalın - çarpaz asılmış iri taxta yeşik və su qabı vardı, şalvarının ətəkləri corabının içinə salınmışdı, elə bil dağa çıxmağa hazırlaşırdı. Lakin yaxınlıqda zirvəsinə çıxası bir dənə də olsun dağ yox idi. Və çıxışda biletləri yoxlayan stansiya işçisi onun ardınca bir xeyli şübhəli-şübhəli baxdı. Həmin adam tərəddüd etmədən stansiyanın yanında dayanmış avtobusa mindi və arxa cərgədə yer tutdu. Avtobus dağlara tam əks istiqamətdə hərəkət edirdi.
Bu adam avtobusla axırıncı dayanacağadək getdi. Avtobusdan düşəndə buraların intəhasız enişli-yoxuşlu bir yer olduğunu gördü. Düzənlikləri başdan-başa ensiz zolaqlara bölünmüş düyü sahələri zəbt etmiş, aralarında isə sanki adaymış kimi seyrək xurma ağaclığı ucalırdı. Kişi kəndi keçdi və irəliyə – dəniz sahilinə doğru addımladı. Ayaq basdığı yerin rəngi get-gedə daha da açılır və quruyurdu.
Tezliklə evlər gözdən itdi, yalnız hərdən bir-birinə yaxın bitən şam ağacları gözə dəyirdi. Tədricən bərk torpaq dənəvari və ayağa yapışan quma keçdi. Adda-budda quru ot adacıqları qaralırdı və dəqiqliklə deyə bilərik ki, səhvən bura düşmüş quru badımcan sahələri görünürdü. Lakin ətrafda heç kəs yox idi. Görünür, ona tərəf istiqamət götürdüyü dəniz irəli idi.
Nəhayət, adam dayandı, ətrafına baxıb, gödəkçəsinin qolu ilə sifətinin tərini sildi. Tələsmədən taxta yeşiyin qapağını açdı və oradan çubuq dəsti çıxardı. Çubuqları bir – birinə birləşdirib, həşəratları tutmaq üçün əl toru düzəltdi. Qarşısına çıxan seyrək ot kolcuqlarını ağacla aralaya – aralaya yenidən irəliyə doğru addımladı. Qumdan dəniz iyi gəlirdi.
Amma vaxt keçir, dəniz isə görünmək bilmirdi. Ola bilsin, dərə- təpəli yer qarşıda nə baş verdiyini görməyə imkan vermirdi, lakin göz gördükcə landşaftın dəyişmədiyi aşkar idi. Birdən qarşısına kənd çıxdı. Bu, adi kasıb bir kənd idi: yanğınsöndürmə qülləsinin ətrafında üstü daşla basılmış nazik taxtalardan düzəldilmə damlar böyür-böyürə sıxlaşmışdı. Bir neçə evin üstü qara kirəmitlə, bəziləri isə hətta qırmızı boyanmış dəmirlə örtülmüşdü. Kəndin yeganə dördyolunun ayrıcındakı dəmir damlı ev, çox güman ki, balıqovlama artelinin idarəsi idi.
Dəniz və qum təpələri hökmən kəndin arxasında olmalıdır. Lakin kənd nədənsə həddən artıq geniş əraziyə yayılmışdı. Ətrafı bir neçə münbit torpaq sahəsi, qalan yerlər isə başdan-başa ağappaq qumluq idi. Çox da böyük olmayan yerfındığı və kartof sahələri görünürdü; dəniz iyi mal-heyvan iyinə qarışmışdı. Elə bil qum və gillə sementlənmiş sərt yolun kənarında doğranmış ağ balıqqulağı təpəcikləri ucalırdı. Kişi yolla getdiyi müddətdə artel idarəsinin qarşısındakı açıqlıqda oynayan uşaqlar da, tor toxuyan qoca da, kənddə yeganə olan xırdavat dükanının qabağına toplaşan pərişan görkəmli qadınlar da, - hamı bir anlığa donuxub, təəccüblə onun arxasınca baxırdı. Amma bu adam onlara heç diqqət ayırmırdı. Onu yalnız qum təpələri və həşəratlar maraqlandırırdı.
Lakin qəribə olan təkcə kəndin ölçüləri deyildi. Yol birdən dikə qalxdı. Elə bu özü də tam gözlənilməz bir şey idi. Axı, bu yol dənizə aparırdısa, onda təbii ki, aşağıya enməli idi. Bəlkə o, xəritəyə baxanda səhv edib? İstədi ki, elə indicə qarşısına çıxan qızı sorğu – suala tutsun. Amma qız gözlərini yerə zilləyib, yan keçdi, özünü elə apardı ki, guya sualı eşitmir. Olsun, yolumuza davam edək. Nə deyirsən de, qumun rəngi də, balıqçı torları da, balıqqulağı yığını da – hər şey dənizin lap yaxınlıqda olduğuna dəlalət edirdi. Axır ki, narahatlıq üçün əsas yoxdur.
Yol daha da dikəlir və artıq ətrafda qumdan başqa heç nə görünmürdü.
Amma qəribədir, evlər olan tərəf heç yarım metr də qalxmırdı. Təkcə yol özü yuxarı qalxırdı, kənd isə bu vaxt elə bil alçaqda qalırdı. Bununla belə, yuxarı qalxan yalnız yol deyildi. Yolla birgə evlərin arasındakı məsafə də artırdı. Buna görə də adama elə gəlirdi ki, bütün kənd dağa qalxır, təkcə evlər bir səviyyədə qalır. Qum təpəsinin yuxarısına doğru irəlilədikcə bu təəssürat daha da güclənirdi və tezliklə ona elə gəldi ki, evlər qumda qazılmış iri çalalarda tikilib. Nəhayət, onun irəlilədiyi yol və evlər arasındakı məsafə damlardan da hündür oldu.
Qəfildən yamac demək olar ki, şaquli vəziyyət aldı. İndi onun yanından damların üstünədək hardasa iyirmi metr olardı ki, az olmazdı. «Nə həyat ola bilər ey, orda?» - deyə ürpəşərək dərin çalaya baxıb fikirləşdi. Birdən sifətinə vuran küləyin ani şiddəti kişinin nəfəsini boğdu və o, çalanın kənarından çəkilməyə tələsdi. Qəfildən çox-çox aşağıda, bulanıq köpüklənən, sahilboyu qumu yalayan dənizi gördü. Adam məhz can atdığı yerdə – qum təpəsinin lap yuxarısında dayanmışdı.
Təpənin, mussonlar əsən tərəfindən dənizə baxan yamacı həmişə olduğu kimi şaquli və keçəl idi. Lakin bir qədər əydəmli yerlərdə ensiz yarpaqlı ot kolcuqları göyərmişdi. Ətrafa göz gəzdirəndə, təpənin lap uc hissəsinə yaxınlaşdıqca daha da dərinləşən nəhəng çuxurların eninə kəsilmiş arı şanısı kimi qat-qat kəndin mərkəzinə meylləndiyini gördü. Elə bil ki, kənd təpəyə dırmaşırdı. Bəlkə də, əksinə. Hər halda, kəndin görkəmi adamı qıcıqlandırır, darıxdırırdı.
Nə isə, arzuladığı təpələrə çatıb və hər şey qaydasındadır. O, su qabından iri bir qurtum vurdu, dərindən nəfəs aldı, lakin ilk baxışda çox təmiz görünən hava boğazını sumbata kimi yandırdı.
Adam, kolleksiyasını qumda yaşayan həşəratlarla zənginləşdirmək istəyirdi.
Qum həşəratlarının rəngi tutqun, özləri isə çox iri olmur, lakin kolleksiya toplamaq maniyası ilə alışıb yanan adamı nə parlaq qanadlı kəpənəklər, nə də ki, iynəcə maraqlandırır. O, öz kolleksiyasını ekzotik nümunələrlə bəzəmək istəmir, sistemliliyə xüsüsi maraq göstərmir, çin təbabətində istifadə olunan dərmanlar üçün xammal axtarışı ilə məşğul olmur. Entomoloqun sadə, ürəkdən gələn bir sevinci var – yeni növün tapılıb üzə çıxarılması. Nail oldunmu? O dəqiqə entomoloci atlasda, yenicə tapılmış həşəratın latınca yazılmış uzun elmi adının yanında sənin də adın peyda olacaq və istisna deyil ki, bu ad orada əsrlərlə qalacaq. Sənin adın, lap tutaq ki, həşəratın sayəsində də olsa, insanların yaddaşında uzun müddətə qalırsa, bu o deməkdir ki, əziyyətin hədər getməyib.
Gözlə görünməyən sonsuz sayda həşərat növləri yeni kəşflər üçün geniş imkanlar açır. Elə özü də uzun müddət ikiqanadlı və insanların zəhləsini tökən adi ev milçəklərini toplamağa vaxt sərf etdi. Milçəyin növləri nə qədər qəribə olsa da, həddən ziyadədir. Lakin bütün entomoloqların məqsədi bir istiqamətdə inkişaf etdiyindən, onlar demək olar ki, çox az rast gəlinən, Yaponiyada tapılmış səkkizinci mutant da daxil olmaqla bu növlərin bir çoxunu öyrənib qurtarıblar. Ola bilsin bu, insanların həyatı ilə milçəklərin həyatının sıx bağlı olduğundan irəli gəlir. İlk növbədə diqqəti mühitə yönəltmək məqsədəuyğundur. Milçək növlərinin çoxsaylı olması onların böyük uyğunlaşma qabiliyyəti ilə izah olunur. O, bu kəşfi edəndə sevincindən göyə tullandı. Mənim fikrim heç də axmaq fikir deyil. Milçəklərin başqa həşəratların yaşaya bilmədiyi ən əlverişsiz mühitdə belə yaşaya bilməsi faktı onların böyük uyğunlaşma qabiliyyəti ilə izah edilir. Onlar, məsələn, hətta bütün canlıların məhv olduğu səhrada yaşamağa da uyğunlaşa biliblər…
Bu qənaətə gəlincə, o, qumluqlara xüsusi diqqət ayırmağa başladı. Nəticə özünü çox gözlətmədi. Bir dəfə o, evinin yaxınlığında yerləşən
qurumuş çay yatağında sərtqanadlılar fəsiləsinə aid olan qabarböcəyini xatırladan lap xırdaca sarımtıl həşərat gördü (Cicindela Japonica, Motshulsky). Məlumdur ki, qabarböcəklər müxtəlif rənglərdə və ölçülərdə olurlar. Lakin onların qabaq pəncələri bir – birindən çox da fərqlənmir.Elə bu da onların təsnifatı üçün əsas amillərdən biridir, belə ki, qabaq pəncələrin fərqi növ fərqini təyin edir. Gözünə dəyən həşəratın qabaq pəncəsinin ikinci buğumu həqiqətən də, diqqətçəkən xüsusiyyətə malik idi.
Qabarböcəkkimilərə aid olan həşəratların qabaq pəncələri adətən, nazik, qara və olduqca hərəkətli olur; bu milçəkdə isə yumru, kök, elə bil möhkəm çanaqla örtülü olmaqla rəngi sapsarı idi. Ola bilsin ki, pəncələrə tozcuqlar yapışmışdı. Ola da bilsin, tozcuqları yığmaq üçün həşəratda tükcük kimi xüsusi bir şey vardı. Əgər həşərata baxış zamanı ciddi bir səhv buraxmayıbsa, onda çox güman ki, vacib bir kəşf edib.
Amma təəssüf, bu həşəratı tutmaq ona nəsib olmadı. Həddən artıq həyəcanlı idi, sözün açığı milçək özü də bir ayrı cür uçurdu. O, uçub getdi. Sonra isə qayıdaraq onun yaxınlaşmasını gözləməyə başladı, sanki: «Tut görüm, necə tutursan» - demək istəyirdi. O, inanaraq yaxınlaşanda, milçək yenə uçdu, qayıtdı və yenə gözləməyə başladı. Elə bil ki, onu ələ salırdı, sonra isə birdəfəlik otluqda gizləndi.
Bax beləcə o, sarı qabaq pəncəli bu qabarböcəyinin əsirinə çevrildi.
Qumluq yerə diqqət yetirərkən öz gümanlarına daha da əmin oldu. Axı qabarböcəyi tipik səhra həşəratı idi. Nəzəriyyələrdən birinə görə, bu böcəklərin qeyri – adi uçuşu, xırda heyvanları öz yuvalarından aldadıb çıxarmaq üçün tələdən başqa bir şey deyil. Böcəklərin bu yolla cəlb etdikləri siçanlar, kərtənkələlər öz yuvalarından səhranın içinə doğru uzaqlaşır və orda aclıqdan, yorğunluqdan məhv olurlar. Böcəklər də elə bunu gözləyirmişlər kimi, onların üstünə düşüb yeyirlər. Bu böcəklərin «məktubpaylayan» kimi zərif yapon ayaması var və baxmayaraq ki, onlar ilk nəzərdə cazibədar görünürlər, əslində çox iti çənələri var, elə qaniçəndirlər ki, hətta biri – birilərini yeməkdən belə çəkinmirlər. O, bu nəzəriyyənin doğru olub olmadığını bilməsə də, heç şübhəsiz, qabarböcəyinin sirli uçuşunun əsiri oldu.
Təbii ki, onun qabarböcəyinin yaşaması üçün münbit şərait yaradan qumluqlara da marağı artdı. O, qum haqqında ədəbiyyat oxumağa başladı və nə qədər çox oxuyurdusa, bir o qədər də qumun çox maraqlı bir hadisə, təzahür olduğuna əmin olurdu. Məsələn, ensiklopediyada qum haqqındakı məqalədə bunları oxumaq olar:
«Qum - dağılmış dağ suxurlarının bir yerə yığılmasıdır. Tərkibcə özündə maqnetit, kasiterit, bəzi hallarda isə qızıl tozu və qumu birləşdirir. Diametri on altıda bir millimetrdən on altıda iki millimetrədək olur».
Necə də aydın tərifdir! Qısası, qum dağılmış dağ suxurlarından yaranır və hardasa kiçik daşla gil arasında olan bir nəsnədir. Lakin qumu aralıq məhsul adlandırmaq hələ tam izah vermək demək deyil. Nə üçün torpağı təşkil edən bu üç elementdən - daş, qum, gilin mürəkkəb birləşməsindən, yalnız qum təcrid olunmuş vəziyyətdə qala, səhra və qumluq ərazilər yarada bilir? Əgər bu, yalnız aralıq məhsul olsaydı, onda daz qayalarla gil sahələri arasındakı erroziya nəticəsində onların qarşılıqlı təmasından əmələ gələn saysız aralıq məhsullara rast gəlinərdi. Axı əslində aydın şəkildə seçilən cəmi üç suxur növü məlumdur: qaya, qum və gil. Bu da maraqlıdır ki, qum dənələrinin ölçüsü demək olar həmişə eynidir: istər Enosima adaları sahillərindəki qum olsun, istərsə də Qobi səhrasındakı – bu, orta hesabla millimetrin səkkizdə birinə bərabərdir.
Bir elmi əsərdə torpağın erroziya nəticəsində dağılmasına son dərəcə sadə bir izah verilmişdi: yüngül elementlər çox böyük məsafələrə yayılır. Lakin burada millimetrin səkkizdə birinə bərabər olan qum dənəsinin ölçü xüsusiyyəti tamamilə izahsız qalırdı. Geologiya üzrə başqa bir elmi əsərdə isə bunun tamam əksi izah olunurdu.
«Su və hava axını burulğan yaradır. Burulğan dalğasının ən qısa uzunluğu səhradakı qum dənəsinin diametrinə ekvivalentdir. Məhz bu xüsusiyyətinə görə, burulğan zamanı torpaqdan ancaq qum xaric olur, özü də burulğana nəzərən düz bucaq altında. Əgər torpağın ayrı-ayrı komponentləri arasında bağlılıq gücü zəifdirsə, onda qum daş və gili qaldıra bilməyən hətta çox zəif küləkdə də havaya qalxa bilər. Sonra isə qum küləyin əsmə istiqamətində bir qədər irəlilədikdən sonra yenidən yerə enir. Görünür, qumun xüsusiyyətləri aerodinamika nəzərindən öyrənilməlidir».
Yuxarıdakı tərifi davam etdirək:
«… yəni, onları daha da fəal edən belə ölçülü dağılmış dağ suxurlarının hissəcikləri».
Yerdə həmişə külək və su axınları mövcud olduğundan, qumların yaranması qaçılmazdır. Və nə qədər ki, küləklər əsəcək, çaylar axacaq, dənizlər öz dalğalarını diyirlədəcək, yerdən hər dəfə yeni – yeni qum kütləsi çıxacaq və canlı orqanizm kimi hər yana yayılacaq. Qum dincəlmək nədir, bilmir. Hiss olunmadan, lakin israrla hər yeri zəbt edib, dağıdır…
Əbədi hərəkət edən bu qum mənzərəsi onu sözlə ifadə edilə bilməyən bir şəkildə həyəcanlandırır və sanki qamçılayırdı. Qumun faydasız olması, adətən təsəvvür edildiyi kimi təkcə onun susuzluğu ilə deyil, heç bir canlının dözə bilməyəcəyi fasiləsiz hərəkətilə izah edilir. Bu necə də günü-gündən bir-birindən yapışan insanların kədərli həyatına bənzəyir.
Bəli, qum həyat üçün elə də yararlı deyil. Lakin sarsılmazlıq həyat üçün beləmi mütləq vacib şərtdir? Məgər iyrənc rəqabətçilik möhkəmliyini, sarsılmazlığını təsdiq elətdirməyə çalışmaq uğrunda mübarizədən doğmurmu? Əgər möhkəmliyini bir kənara atıb, özünü qumun hərəkətinə tabe etsən, onda rəqabət də qurtarar. Axı səhrada da güllər bitir, həşəratlar və heyvanlar yaşayır. Bütün bu canlı orqanizmlər uyğunlaşmanın gücünün sayəsində rəqabət çərçivəsindən canını qurtarmışlardır. Elə bu qabarböcəklərinin özləri kimi…
O, xəyalında qumun hərəkətini çəkdi və artıq onda hallüsinasiyalar başladı – özünü də bu sonsuz axında hiss etdi.

3 ____________________________

Kişi başını aşağı salıb, qala səddi kimi kəndi aypara şəklində dolanan qum təpəsinin diki ilə yenidən irəli addımladı. O, demək olar ki, irəlidə nə baş verdiyinə fikir vermirdi. Entomoloq üçün vacib şərt odur ki, bütün diqqətini ancaq öz ayağından üç metrlik məsafədəki radiusda cəmləsin. Və daha bir vacib şərt – kürəyi günəşə dayanmamaq. Əgər günəş səndən arxada qalsa, onda öz kölgənlə həşəratı hürküdə bilərsən. Buna görə də, günəş həşərat ovçularının alın və burnunu eyni vaxtda yandırıb qaraldır.
Kişi aram və səlis addımlarla irəliyə addımlayırdı. Hər bir addımı atdıqca, qum çəkmələrinə səpələnirdi. Ətrafda, orda-burda kökünü çox da dərinə buraxmayan, bir balaca artıq rütubət olarsa, elə bu dəqiqə gül açmağa hazır olan ot kolcuqlarından başqa, bir dənə də olsun canlı yox idi. Uçan bir şey gözə dəyirdisə də, o da insan tərinin iyinə gəlmiş tısbağa çanağı rəngində böcəklər idi. Bax, elə arzular da çox vaxt belə yerlərdə çin olur. Düzdü, qabarböcəklər sürü ilə yaşamağa meylli deyillər və elə hallar olur ki, bir böcək ətrafda özü üçün kilometrlərlə ərazi zəbt edir. Nə edəsən – axtarışları israrla davam etdirmək lazım gəlir.
O, birdən dayandı. Otluqda nəsə tərpənirdi. Bu, hörümçək idi. Hörümçək onun nəyinə lazım? Siqaret çəkmək üçün aşağı oturdu. Dənizdən fasiləsiz külək əsir, aşağıda isə parça – parça ağ dalğalar qum təpəsinin ətəklərini gəmirirdi. Orda--qum təpəsinin qərb sonucu qurtaran yerdə, dənizdə çox da iri olmayan qayalıq seçilirdi. Qayalığın üstünə günəş şüaları iti iynə kimi səpələnmişdi.
Kibrit heç cür yanmaq istəmirdi. Onunu yandırdı – hamısı da hədərə. Qum dalğası yerə atılmış kibrit çöpləri boyunca demək olar ki, saniyəölçən sürətilə hərəkət edirdi. O, çox da iri olmayan qum dalğası gördü və bu dalğa çəkmələrinin dabanına çatınca ayağa qalxdı. Şalvarının qırışlarından yerə qum töküldü. O, tüpürdü – elə bil ağzına sürtkəc sürtdülər.
Burda həşəratlar gözlənildiyindən az deyilmi? Bəlkə qumun hərəkət sürəti həddən artıqdır? Yox, məyus olmaq hələ tezdir. Axı nəzəri cəhətdən burada həşəratlar olmaya bilməz.
Qum təpəsinin üstü bir qədər hamarlandı, bəzi yerlərdə isə o, dənizdən uzaqlaşırdı. Şikar tutmaq arzusuyla maili enişlə enməyə başladı. Orda – burda qumun hərəkətini əngəlləmək üçün istifadə olunmuş bambuk sipər qalıqları vız dururdu və bir qədər aşağıda terras görünürdü. Kişi küləyin maşın dəqiqliyi ilə çəkdiyi qum naxışlarını yarıb keçərək irəliyə addımladı. Qəfildən onun görüş dairəsindən hər şey yox oldu və dərin bir dərənin kənarında dayandığını gördü.
Dərənin eni iyirmi metrdən çox olmaqla, kələ-kötür dairə formasında idi. Qarşı divarı nisbətən maili, onun dayandığı yer isə demək olar ki, dikinə kəsilmişdi. Dərənin çini fincan kimi hamar olan qabarıq tərəfi çox sürüşkən idi. Ayağını ehtiyatla dirəyib, aşağı baxdı. Ancaq bu vaxt başa düşdü ki, ətraf aydın olsa da, axşam düşür. Dərənin lap dibində, zülmət dərinliyin içində sükuta qərq olmuş bir daxma vardı. Damının bir tərəfi maili qum divara girmişdi. «Əsl ilbiz qabığıdır, - deyə fikirləşdi – Burda nə edirsən et, qumun qoyduğu qayda – qanunun əksinə gedə bilməzsən…»
Elə fotoaparatını sazlayırdı ki, qum ayağı altından xışıldayaraq aşağı sürüşdü. Qorxub ayağını çəkdi, qum isə bir müddət axmaqda davam etdi. Qumun müvazinəti necə də səbatsızdır! Həyəcandan tövşüyüb, nəmlənmiş ovuclarını şalvarına sildi.
Kimsə arxada öskürdü. Demək olar ki, lap yanında, az qala çiyinlərinə toxunacaq qədər yaxın məsafədə hardan peyda olduğu naməlum olan bir qoca dayanmışdı, görünür yerli balıqçılardan idi. Fotoaparata, sonra isə dərənin dibinə baxıb, gülümsəyərək aşılanmış sifətini qırışdırdı. Qan qoymuş gözlərinin qıraqlarında nəsə yapışqan kimi bir şey yığılmışdı.
- Nədi, yoxlamadı?
Səsini külək aparır, əl radiosundan çıxırmış kimi küt, şəffaf gəlirdi. Amma tələffüzü aydın idi, başa düşülürdü.
- Yoxlama? – Adam özünü itirmiş halda ovcu ilə obyektivin gözünü qapadı və qocanın diqqətini çəksin deyə əli ilə əl torunun ora – burasını düzəltdi. – Siz nə demək istəyirsiniz? Mən nəsə sizi anlaya bilmirəm… Mən, belə demək mümkünsə, həşərat kolleksiyası toplamaqla məşğulam. Peşəm – bu qumluqlarda dolaşan həşəratlardır.
- Nə? – Qoca elə bil heç nə başa düşmədi.
- Hə – şə – rat – la – rın kol – lek – si – ya – sı – nı! – qışqıraraq təkrar etdi. – Hə – şə – rat – la – rın, başa düşürsüz, hə – şə – rat – la – rın! Mən onları tuturam!
- Həşəratları? – qoca heç şübhəsiz inanmayaraq, üzünü çevirib tüpürdü. Ya da, belə demək olarsa, dodağından tüpürcək sallandı. Külək tüpürcəyi qapıb, uzun sap kimi uzatdı. Əslinə baxanda, onu belə nə narahat edir?
- Bu ərazidə nəsə yoxlama gedir?
- Yox, əgər siz yoxlayıcılardan deyilsinizsə, nə istəyirsiz edin, mənə dəxli yoxdur.
- Yox, yox, mən təftişçilərdən deyiləm.
Qoca hətta sağollaşmadan ona arxa çevirdi və həsir səndəlinin burnu ilə yeri qaza – qaza, qum təpəsinin diki ilə ağır – ağır getməyə başladı.
Əlli metr aralıda, görünür qocanı gözləyən eyni geyimli üç kişi çömbələrək oturmuşdu. Bunlar nə vaxt peyda oldu? Deyəsən onlardan birində, aramsız olaraq dizinin üstündə hərlədiyi durbin vardı. Qoca onlara yaxınlaşdı və dördü də bir – birinin ayağı altından qumu qaza – qaza nə barədəsə müzakirəyə başladılar; deyəsən mübahisə edirdilər.
Artıq axtardığının – öz milçəyinin dalınca getməyə hazırlaşırdı ki, qoca tövşüyə – tövşüyə onun yanına qaçdı.
- Dayanın, siz doğrudanmı prefekturadan deyilsiniz?
- Prefekturadan?.. Yox əşşi, siz yanılırsız.
«Həvəsdir, bəsdir» - fikirləşdi və vizit kartını zəhlətökən qocaya tərəf uzatdı. O, isə dodaqlarını əsdirə – əsdirə bir xeyli kartı oxudu.
- H – ə – ə, siz müəllimsiniz…
- Görürsüz, mənim prefektura ilə heç bir bağlılığım yoxdur.
- Aha, demək siz müəllimsiniz…
Deyəsən, axır ki, başa düşdü; qoca gözlərini qıyıb, vizit kartı da əlində o birilərinin yanına qayıtdı. Elə bil, vizit kartı onları bir qədər sakitləşdiridi. Qalxdılar, çıxıb getdilər.
Lakin qoca yenidən qayıtdı.
- Yaxşı, bəs indi nə etmək fikrindəsiz?
- Həşərat axtarmağa gedəcəm..
- Axı siz axırıncı avtobusa gecikdiniz.
- Burda gecələməyə bir yer tapa bilmərəmmi?
- Gecələmək? Bu kənddə? – qoca səksəndi.
- Əgər burda olmasa, qonşu kəndə gedərəm.
- Gedərsiz?..
- Ümumiyyətlə, mən heç hara elə də tələsmirəm…
- Yox, yox, niyə özünüzü əziyyətə salırsız… - Qoca birdən – birə lütfükar oldu və söhbətcil adamlar kimi davam etdi: - Özünüz görürsünüz, kasıb kənddir, bir dənə də münasib ev yoxdur, amma etiraz etmirsizsə, sizə kömək edərəm, kiməsə ağız açaram.
Pisniyyətə oxşamırdı. Görünür, onlar nədənsə ehtiyat edirlər, - ola bilsin prefekturadan yoxlama üçün göndərilən məmur gözləyirlər. İndi, onların qorxu – hürküsü çəkilib gedəndən sonra, yenə əvvəlkitək sadə, üzügülər balıqçıldardı.
- Hədsiz minnətdar olaram… Əlbəttə, sizə də xəcalətli qalmaram. Ümumiyyətlə, mən belə kənd evlərində gecələməyi xoşlayıram.

4 ________________________________

Gün əyildi, külək bir az sakitləşdi. Kişi, qumda küləyin çəkdiyi naxışlar gözlə seçilənədək təpənin üstündə ora – bura gəzdi.
Sözün düzü, ov çox da uğurlu alınmadı.
Sisəy və düzqanadlılar dəstəsindən olan ağbığ qulağagirən.
Atlı qarışqalar və bir dənə də başqa həşərat,- o, atlı qarışqaların bir növü olan bu həşəratın adını dəqiq bilmirdi.
Axtardığı sərtqanadlılardan isə təkcə taxılbitləri və uzunayaqlı «məktubpaylayan».
Əslinə baxanda səfərinin əsas məqsədi olan milçəklər ailəsindən isə bir dənə də olsun nümunə ələ keçməmişdi. Ola bilsin, sabahkı qənimətlər ürəkaçan oldu…
Yorğunluqdan gözlərinin qabağında sönük işıq zolağı uçuşurdu. Birdən qeyri – iradi dayandı və artıq tündləşən qum təpəsinin səthinə diqqətlə baxmağa başladı. Artıq ondan asılı deyildi: hərəkət edən nə görürdüsə, qabarböcəyi bilirdi.
Qoca söz verdiyi kimi, onu artel idarəsinin qarşısında gözləyirdi.
- Sizə əziyyət verdim…
- Yox canım, təki sizin xoşunuza gəlsin…
Görünür, idarədə nə barədəsə müzakirə gedirdi. Dörd və ya beş kişi dövrə vurub oturmuşdu, gülüş səsləri eşidilirdi. Artırmanın üzərinə üstünə «Vətənə sevgi hissinə sadiq ol» sözləri yazılmış böyük bir parça asılmışdı. Qoca nəsə donquldandı – gülüş o dəqiqə kəsildi. Elə bil bir qədər həvəssiz irəli addımladı, kişi də onun arxasınca. Balıqqulağı ilə örtülmüş yol qürübda ağappaq ağarırdı.
Nəhayət, qum təpəsinin lap dikində yerləşən çuxurlardan birinə yaxınlaşdılar. Kənd burda qurtarırdı.
Onlar sağa, dikdən aşağı aparan cığıra tərəf döndülər, bir qədər keçmiş qoca qaranlıqda itdi, əlini əlinə vurub, bərkdən çağırdı:
- Ay nənə, hardasan?
Aşağıda, az qala ayaqlarının altındakı qaranlıqda fənər işığı göründü.
- Burda, burda… Nərdivan çuvalların yanındadır.
Doğrudan da, bu dərədən pilləkənsiz çıxa bilməzsən. Aşağıdakı bu ev kimi daha üç evi bir-birinin üstünə qoymaq olar; hətta nərdivanla da ora çıxmaq müşküldür. Yamac demək olar ki, şaqulidir, amma gündüz, dəqiq yadındadır, ona elə gəlmişdi ki, mailidir. Nərdivana güman yox, özü də ki, cürbəcür kəndirlərlə bağlanıb və əgər müvazinətini itirsən, hardasa ortadan dolaşacaq. Lap təbii qalada yaşamağa oxşayır.
- Heç nədən narahat olmayın, dincəlin…
Qoca aşağı düşmədi, bir az dayanıb getdi.
Kişi başdan – ayağa qum içində idi və bir anlıq uşaqlığına qayıtdığını düşündü. Onu fənərlə qarşılayan qadını nənə deyə çağırırdılar və o, bu qadını qoca arvad bilmişdi, sən demə, xoşsifət, çox cavan, otuz yaşlarında, bəstəboy bir qadın imiş. Görünür o, sifətini pudralamışdı! – dəniz kənarında yaşayan qadın üçün sifəti həddən artıq ağ idi. Qısası, onu gülər üzlə, süni olmayan sevinclə qarşıladığı üçün o, qadına minnətdar idi.
Açığı, qonaqpərvərliklə qarşılanmasaydı, bu daxmanın kandarından içəri girməyə özünü məcbur edə bilməzdi. Yəqin ki, ələ salındığını fikirləşib, o dəqiqə burdan qaçardı. Divarlar qopub tökülmüşdü; qapı əvəzinə həsir sallanırdı; damı saxlayan dirəklər əyilmişdi; pəncərələrə taxta vurulmuşdu; döşəməyə sərilmiş saman döşəklər dağılmağa hazır vəziyyətdəydi və üstünə ayaq basanda yaş məsaməli rezin hopduran kimi fırçıldayırdı. Və bütün bunlardan əlavə – iyrənc, yetişmiş qumun çürümüş iyi.
Lakin axı hər şey ovqatdan asılıdır. O, qadının qonaqpərvərliyi qarşısında mat qalmışdı. Eybi yox, deyə özünü sakitləşdirirdi, belə şeylər ildə, ayda bir dəfə olur. Bəlkə bəxtim gətirdi, maraqlı bir həşərata rast gəldim. Hər halda belə yerlərdə həşəratlar at oynadır.
Zənni onu aldatmamışdı. Düz torpaq döşəmədə qazılmış ocağın kənarında, təklif edilən yerdə oturmağa macal tapmamış, yağış yağırmış kimi xışıltı eşidildi. Bu, birə yığını idi. Amma onu belə şeylərlə qorxutmaq olmaz. Entomoloq belə gözlənilməzliklərə həmişə hazırdır. Sadəcə, paltarının astarına xüsusi dərman səpmək, yuxudan qabaqsa bədənin açıq yerlərinə həşərat əleyhinə maz çəkmək lazımdır.
- Mən yemək hazırlayıram, ona görə də hələlik… - qadın əyilib, lampanı götürdü, - bir qədər qaranlıqda oturmalı olacaqsınız.
- Sizdə lampa cəmi bir dənədir?
- Hə, təəssüf ki…
Qadın günahkarcasına gülümsədi, - sol yanağında çuxur əmələ gəldi. Bu qadının çox cazibədar sifəti var, deyə fikirləşdi.
Lakin gözlərinin qəribə ifadəsi vardı. Ola bilsin, bu, xəstəliklə əlaqədardır. İltihablamış göz qapaqlarını hətta pudra da gizlədə bilmirdi. Yuxudan qabaq gözlərinə damcı dərmanı töksə, pis olmaz…
- Yemək yeməmişdən qabaq çimmək istəyərdim.
- Çimmək?
- Nədi ki, mümkün deyil?
- Çox təəssüf, birisi günə qədər gözləməli olacaqsınız.
- Birisi günə qədər? Axı birisi gün mən artıq burda olmayacam, - özündən asılı olmayaraq bərkdən güldü.
- Doğrudan?..
Qadın üzünü çevirdi, çiyinləri əsdi. Yəqin dilxor oldu. Bu kənd camaatı hisslərini gizlətməyə heç çalışmır da. Pərt olub, utandığından dodaqlarını gəmirirdi.
- Yaxşı, əgər çimməyə yer yoxdursa, yetər ki, sadəcə başımdan su axıdım. Yoxsa, başdan ayağa qumun içindəyəm…
- Üzürlü hesab edin, su cəmi bir vedrə qalıb… Axı quyu çox uzaqdadır…
Nəsə məzlum qadındır. Yaxşı, daha heç bir söz deməyəcəm. Tezliklə özü də əmin oldu ki, burda çimmək tamamilə mənasız bir işdi.
Qadın qaynadılmış balıq və molyusk şorbası gətirdi. Qısası dənizkənarı qida və bu, heç də pis deyildi. O, yeməyə girişmişdi ki, qadın onun başı üzərində böyük bir kağız çətir açdı.
- Bu nə üçündür? («Yəqin, nəsə yerli adətdir».)
- Yoxsa qum yeməyin içinə düşər.
- Niyə? – O, tavana baxdı və nə qədər təəccüblü olsa da, bir dənə də olsun çat – filan görmədi.
- Bilirsiz, qum… - Qadın da tavana baxdı. – Hər yerdə uçuşur… Bir gün süpürməyəndə, üç barmaq qalınlığında yığılır.
- Bəlkə dam köhnəlib?
- Yox, fərqi yoxdur, dam lap təzə olan vaxtlarda da qum bura düşürdü… Doğrudan da, qumdan dəhşətli heç nə ola bilməz. Ağacovandan da pisdi.
- Ağacovan?
- Belə böcəklərdi, ağac ovurlar.
- Yəqin termitlərdi.
- Yox, bilirsiz, bərkdilər.
- A – a, onda odunböcəyidir.
- Odunböcəyi?
- Qırmızımtıl, uzunbığlı. Onlardı?
- Yox, yox, bunlar düyü boydadılar, rəngləri də qəhvəyi.
- Hə, belə de. Onda bu, yarpaqyeyəndi.
- Əhəmiyyət verməsən, bax o boyda taxta dirəyi bir dəqiqədə çürüdər.
- Nə, yarpaqyeyən?
- Yox, qum.
- Niyə?
- Bütüm dəlmə-deşiklərdən özünə yol tapır. Külək pis tərəfdən
əsəndə isə, qum çardağa yığılır, əgər yığışdırmasan, o qədər toplanacaq ki, tavandakı taxtalar dözməyəcək.
- Hə, qumun çardaqda yığılmasına yol vermək olmaz… Amma
dirəkləri çürüdəcək demək sizə bir qədər qəribə gəlmirmi?
- Niyə ki, çürüdəcək.
- Məgər qum özü çox quru olması ilə seçilmirmi?
- Baxmayın, çürüdəcək… Bax, sizə deyirəm, təptəzə getanın (1) qumunu təmizləmədən qoyun – yarım aydan sonra ondan bir şey qalmayacaq.
- Başa düşmürəm niyə.

___________________________________________________________
(1) Geta – taxta ayaqqabı

- Ağac çürüyür, onunla birgə qum da çürüyür… Üstünü qum basmış tavan taxtalarını qazıb çıxarmağa çalışın, - piylənmiş torpaq görəcəksiz, lap götür xiyar yetişdir.
- Boş söhbətdi! – kişi həqarətlə üz – gözünü turşutdu. Ona elə gəldi ki, qum haqqında təsəvvürləri qadının avamlığıyla təhqir edilir. – Axı mən özüm də qum haqqında bir şey bilirəm… Bilirsiz, bax bu qum var ha, il boyu beləcə hərəkət edir… Onun canı hərəkətdədir… O, heç yerdə ləngimir – nə suda, nə havada, - özü – özü üçün hərəkətdədir… Elə buna görə də qumluqda hər canlı yaşaya bilmir… Bu, çürüməni doğuran bakteriyalara da aiddir… Əgər bilmək istəyirsinizsə, qum təmizlik rəmzidir, o, daha çox çürüməni dəf edir və onun özünün çürüdüyünü demək ağılsızlıqdır… Siz hələ deyirsiniz ki, qum çürüyür… Elə ondan başlayaq ki, qum çox nəcib mineraldır.
Qadın özünü itirmiş halda susurdu. Kişi qadının hələ də onun başı üzərində tutduğu çətirin altında, daha heç bir söz demədən naharını tez-tələsik yekunlaşdırırdı. Çətirin üstü qumla elə örtülmüşdü ki, barmaqla yazı yazmaq olardı.
Dözülməz rütubət vardı. Yox, qum nəm deyildi, sadəcə bədənin özünə rütubət hopmuşdu. Damın üstündə külək vıyıldayırdı. Siqaret üçün əlini cibinə saldı – cibi qumla doluydu. Kişi hələ siqaretini yandırmamışdan, ağzında tütünün acısını hiss etdi.
Yaxşı olar ki, içində zəhər olan bankadan həşəratları çıxarım. Nə qədər ki, qupquru olmayıblar, sancaqlayıb, heç olmasa pəncələrini hamarlayım. Qadının evin yanındakı talvarın altında qab-qaşıq yuduğu eşidilirdi. Görünür, ondan başqa burda heç kəs yaşamır.
Qadın qayıtdı və sakitcə evin küncündəki yatağı döşəməyə başladı. Əgər mən burda uzansam, bəs onda o özü harda gecələyəcək? Hə, əlbəttə, həsirin arxasındakı o dal otaqda. Deyəsən heç başqa otaq yoxdur. Amma bir az qəribədir – qonağı qapısı küçəyə açılan aralıq otaqda yatızdırırsan, özün isə arxa otaqda. Bəlkə, ola bilsin, orda tərpənə bilməyən ağır xəstə yatır… Hə, görünür bu, ağlabatan fərziyyədir. Hər halda, məhz belə düşünmək ən düzgünü olar. Çətin ki, tənha bir qadın hər yoldan ötənin qayğısına qalsın.
- Burda bizdən başqa kimsə var?..
- Kimsə?..
- Ailə üzvlərindən…
- Heç kəs, mən tək-tənhayam. – Qadın deyəsən onun fikirlərini oxudu və gözlənilmədən utana-utana güldü. – Bu qumun üzündən hər şey nəm çəkib, hətta yorğan da…
- Bəs sizin əriniz hardadır?
- Keçən ilki qasırğada… - Qadın yorğan-döşəyi təkrar-təkrar əli ilə saylayıb çırpırdı, bir sözlə lazımsız bir işlə məşğul idi. – Buralarda qasırğalar dəhşətli olur axı… Qum bura şəlalədən tökülən kimi, gurultu ilə tökülür. Gözünü açıb yumunca bir dze, bir də gördün, iki-üç dze silib süpürdü.
- Axı, iki dze altı metrdi…
- Belə olanda qumu nə qədər təmizləsən də, çatdırmaq olmur. Hə, onu deyirdim axı, ərim qışqırdı ki, toyuq damı təhlükədədir. Və qızımla birgə, onda qızım artıq məktəbə gedirdi, evdən bayıra atıldı… Mənsə çıxa bilmirdim – çalışırdım ki, heç olmasa evə xətər toxunmasın… Nəhayət, səhər açıldı, külək ara verdi və mən çıxdım. Hinin izi – tozu da qalmamışdı. Onları da tapa bilmədim…
- Qum örtmüşdü?
- Hə, tərtəmiz.
- Dəhşətdir… Qorxulu hadisədir. Qum və belə bir iş… Dəhşətdir…
Gözlənilmədən lampa avazımağa başladı.
- Yenə də qum.
Qadın dizləri üstə dikəlib, əllərini uzatdı və gülə-gülə barmaqlarıyla fitildən yapışdı. Lampanın işığı o dəqiqə artdı. Elə dizləri üstə dayanıb, diqqətlə alova baxırdı, sifətində isə əzbərlənmiş bir təbəssüm donmuşdu. Yəqin yanağındakı çuxuru gözə soxmaq üçün bilə – bilə edirdi. Kişinin bədəni qeyri – iradi gərildi. Bu, həyasızlığın son həddi idi, axı elə bu dəqiqələrdə qadın öz yaxınlarının tələf olması barədə danışırdı.

5______________________________________

- Ey, orda kim var? Biz bir nəfər üçün də bel və bidon gətirmişik.
Uzaqdan gələn səs aydın eşidilirdi, - yəqin səsgücləndirici boruya qışqırırdılar, - və bu səs onların arasında yaranmış pərtliyi aradan götürdü. Sonra isə yerə tökülən dəmir-dümürün səsi gəldi. Qadın hay vermək üçün yerindən qalxdı.
Kişi acıqlanmışdı: ona məlum olmayan nəsə baş verirdi.
- Nə baş verib? Demək, burda daha kimsə var!
- Lazım deyil, xahiş edirəm… - Qadının bədəni ayışırmış kimi yığıldı.
- Axı bu dəqiqə kimsə: «Bir nəfər üçün də» - dedi.
- A – a – a. Onlar sizi nəzərdə tutublar.
- Məni?.. Belin mənə nə dəxli var?..
- Heç, heç, fikir verməyin… Həmişə burunların hara gəldi soxurlar…
- Yəqin, səhv salıblar.
Lakin qadın heç nə demədən, elə dizləri üstə dönərək ayaqlarını torpaq döşəməyə salladı.
- Sizə lampa lazım olacaq?
- Yox, keçinərəm… Sizə necə, orda lazım olmayacaq?
- Yox, öyrəncəliyəm.
Qadın, adətən əkin sahələrində işləyənlərin geyindiyi böyük həsir şlyapanı başına keçirib, qaranlıqda itdi.
Kişi bir dənə də siqaret yandırdı. Ətrafda nəsə anlaşılmaz işlər baş verirdi. Ayağa qalxıb, həsirin arxasına boylandı. Orda həqiqətən də otaq var idi, lakin içəridə yorğan-döşək əvəzinə divarlardakı dəlmə – deşikdən içəriyə dolan qum təpəciyi ucalırdı. O, zərbə yemiş kimi yerində donub qaldı… Bu ev də demək olar ki, ölü idi… Onun içərisini caynaqları ilə hər tərəfdən soxulan, əbədi axan qum yarıya qədər həzm etmişdi… Öz məxsusi forması olmayan, millimetrin səkkizdə biri qədər orta diametrdən başqa heç nəyə malik olmayan qum… Lakin heç nə bu formasız, dağıdıcı gücün qarşısını ala bilmir… Bəlkə də, elə formasızlıq özü gücün ən ali nümayişidir.
Lakin kişi çox tez də reallığa qayıtdı. Yaxşı, əgər bu otaq istifadəyə yaramırsa, onda qadın harda yatacaq? Bax, indi taxtadan qayrılmış divarın o tərəfində ora – bura gəzişir. Qol saatının əqrəbləri doqquza iki dəqiqə işlədiyini göstərirdi. Bu vaxtı ona orda nə lazımdır?
Kişi su axtarmaq üçün torpaq döşəməyə düşdü. Su çənin lap dibində qalmışdı, içində pas üzürdü. Hər halda bu, ağzını dolduran qumdan yaxşı olar. Su qalığını üzünə çırpdı, boynuna çəkdi və o dəqiqə gümrahlaşdı.
Torpaq döşəmə ilə sərin külək çəkirdi. Yəqin ki, bayırda ona dözmək asan olardı. Qabağını qum kəsmiş qapını çətinliklə açıb, bir-təhər çölə çıxdı. Yol tərəfdən əsən külək doğrudan da bir xeyli sərinləşmişdi. Külək pikapın - kiçik yük maşınının səsini ona tərəf gətirirdi. Diqqətlə qulaq asanda adam səslərini də ayırmaq olurdu. Ola bilsin ona elə gəlir,amma orda indi gündüzdəkindən daha qələbəlikdir. Bəlkə bu, dənizin səsidir? İndi səma ulduzlarla doludur.
Lampanın işığını görüb, qadın ona tərəf döndü. O, bellə ustalıqla davranaraq, qumu böyük kerosin bidonlarına doldururdu. Arxasında başının üstünü alan tünd qum dağı ucalırdı. Bu, onun gündüz həşərat tutduğu yerin təxminən altı idi. Qadın bidonları doldurub, hər ikisini birdən qaldırdı və divara tərəf apardı. Yanından keçəndə gözlərini qaldırıb, boğuq səslə dedi: «Qumdu…» Qadın kəndir nərdivanın asıldığı yerdə bidonları boşaltdı, yuxarıda isə bu dərəyə aparan cığır vardı. Əlinin arxası ilə sifətinin tərini sildi. Qadının bura daşıdığı qum yepyekə dağ olmuşdu.
- Qumu kürəyirsiniz?
- Nə qədər kürəyirsənsə kürə, dalı gəlir.
Boş bidonlarla yanından keçəndə qadın bekar əliylə qıdıqlayırmış kimi onun böyründən itələdi. Gözlənilməz hərəkətdən kişi az qala lampanı əlindən salacaqdı, kənara tullandı. Bəlkə lampanı yerə qoyub, qadına qarşılıq verim? Tərəddüd edir, özünü necə aparmaq lazım olduğunu bilmirdi. Axırda kişi qərara gəldi ki, onun düşdüyü vəziyyət ən sərfəli vəziyyətdir. Sifətində mənasını özü də bilmədiyi təbəssüməbənzər qrimas düzəldib, əlində lampa, utancaq yerişlə, yenidən əlinə beli götürmüş qadına yaxınlaşmağa başladı.
Yaxınlaşanda qadının kölgəsi bütünlüklə qum divarı örtmüşdü.
- Lazım deyil, - qadın geriyə dönmədən, ağır-ağır nəfəs alaraq dedi. – Qum üçün yuxarıdan səbət sallayanadək daha altı bidon daşımaq lazımdır.
Kişi mısmırığını salladı. Düzü, özündə süni yaratdığı gümrah əhval – ruhiyyədən bu şəkildə, sanki qəsdən vurub salındığı xoşuna gəlmədi. Amma iradəsindən asılı olmayaraq damarlarına nəsə doldu. Elə bil dərisinə yapışan qum damarlarına soxuldu və ehtirasını daxildən söndürdü.
- Bəlkə, mən sizə bir az kömək edim?
- Eybi yox… Elə birinci gündən sizi azca da olsa, işləməyə məcbur etmək yaramaz.
- Elə birinci gündən?.. Yenə o barədə… Mən burda cəmi bir gecə qalacam!
- Doğrudan?
- Əlbəttə, axı mən iş adamıyam… Verin, verin beli!
- Sizin beliniz bax ordadır; bəlkə lazım deyil…
Həqiqətən də, içəri girən kimi talvarın altında ayrıca bel və dəstəyi bir-birinə sarınmış iki kerosin bidonu qoyulmuşdu. Yəqin bunlar bir az əvvəl yuxarıdan «Bir nəfər üçün də» qışqıranların atdığı idi. Hər şey həddən ziyadə incə hazırlanmışdı və onda belə təəssürat yarandı ki, onlar bu kişinin niyyətini əvvəlcədən duyublar. Amma axı onda özü də hələ bilmirdi ki, işləməyə həvəsi olacaq. Hər halda özünü təhqir olunmuş hiss etdi və əhvalı korlandı. Belin dəstəyi qalın, oduncaq kimiydi, çox işləndiyindən isə rəngi qaralmışdı – heç cür əlinə götürmək istəmədi.
- Nə yaxşı, səbət artıq qonşulardadır! – elə bil onun tərəddüdünü hiss etməyən qadın qışqırdı. Səsi əvvəlkindən fərqlənir, fərəh və inamla dolu idi. Bu vaxt bayaqdan uzaqdan eşidilən adamların səs-küyü lap yaxınlaşdı. Dalbadal hərdən sakit pıçıltılar, qarışıq boğuq gülüşlə arası kəsilən ritmik çığırtılar eşidildi. Əməyin ritmi gözlənilmədən onu da həvəsə saldı. Çox güman ki, bu sadə dünyacıqda bir günlük gecələməyə qalmış adamın əlinə bel götürüb işləməsində qəbahətli heç nə görmürlər. Əksinə, burda onun tərəddüdünə qəribə baxardılar. Lampa yıxılmasın deyə, dabanıyla qumda onun üçün oyuq açdı.
- Yəqin haranı gəldi qazmaq olar, təki qazmaq olsun, düzdü?
- Yox, haranı gəldi olmaz…
- Tutaq ki, buranı, olar?
- Buranı olar, ancaq çalışın divarın dibini boşaltmayasınız.
- Bu vaxtlar bütün kənddə qum kürənir?
- Əlbəttə. Gecə qum nəm olur və işləmək asanlaşır… Qum quru olanda isə… - qadın yuxarı baxdı, - hardan və nə vaxt üstünə aşacağını heç vaxt bilmirsən.
Həqiqətən də, yarğanın kənarında qar yığınına bənzər, dolub partlamağa gələn, bir qədər irəli çıxmış qum günlük gözə dəyirdi.
- Axı bu, təhlükəlidir!
- Eybi yox, - qadın bir az şıltaqcasına güldü. – Bir baxın, duman qalxır.
- Duman?
Onlar danışana qədər göydəki ulduzlar seyrəldi və yavaş – yavaş yayğınlaşdı. Göylə qum divarı arasındakı sərhəddə nəsə bulanıq bir pərdə nizamsız, topa – topa burulub qalxırdı.
- Bu ona görə belə olur ki, qum dumanı özünə çəkir… Duzlu qum dumanla doyanda isə, nişasta kimi gərilir…
- Belə de…
- Elədi, elədi. Üstündən elə indicə dalğa keçib yumuş dəniz sahili kimi, - üzərindən lap tank da olsa, sakitcənə keçib gedər.
- Sən bir işə bax!..
- Həqiqi sözümdür… Bax elə buna görə də bir gecənin içində o gördüyünüz çıxıntı əmələ gəlir… Külək pis tərəfdən əsən günlərdə isə, vallah düz sözümdü, göbələyin papağı kimi bax beləcənə sallanır…Gündüz qum quruyur və bütün bu talvar aşağı gəlməyə başlayır. Və əgər uğursuz düşsə, - tutaq ki, bax o damı saxlayan nazik və ya başqa dirəklərin üstünə, - onda axırımızdır.
Bu qadının maraqları çox məhduddur. Lakin elə ki, öz həyatı sferasına daxil olur, tanınmaz bir şəkildə canlanır. Yəqin ki, onun ürəyinə də yol elə burdan keçir. Baxmayaraq ki, bu yol onu elə də cəlb etmirdi, qadının intonasiyasında onun kobud iş paltarında gizlənmiş bədənini hiss etmək həvəsi oyadan nəsə bir gərginlik vardı.
Kişi var gücü ilə diş – diş beli bir – birinin ardınca quma vurub, çıxarmağa başladı.

6______________________________________

O, ikinci dəfə kerosin bidonlarını doldurub kənara çəkəndə səslər eşidildi və yuxarıdakı yolda fənər yelləndi.
Qadın kəskin görünəcək tonla dedi:
- Səbətlər! Burda bəs edər, mənə orda kömək edin!
Yuxarıda - nərdivanın yanındakı qumla dolu kisələrin nə üçün nəzərdə tutulduğunu kişi ancaq indi başa düşdü. Səbətləri qaldırıb-salanda onların üstü ilə kəndir gedib gəlirdi. Hər səbətlə dörd nəfər məşğul olur və belə qrupların sayı iki, ya üç idi. Ona elə gəldi ki, bunlar əsasən bir-birinin bəhsinə cəld işləyən gənclərdir. Bir qrupun səbəti dolunca, artıq ikinci səbət öz növbəsini gözləyirdi. Altı cəhdə dərədəki qum yığınından əsər-əlamət qalmadı.
- Maşallah,od-alovdular!
Köynəyinin qoluyla tərini silirdi, səsinin tonu saflıqla dolu idi. Kişi bütünlüklə öz işinə qapılan və onun qadına kömək etməsinə rəğmən bir dənə də olsun şit söz atmayan bu gənclərə simpatiya bəsləyirdi.
- Hə, bizdə «Vətənə sevgi hissinə sadiq ol» şüarına ciddi əməl edirlər.
- Bu nə hisdir ki?
- Yaşadığın yerə olan sevgi hissi.
- Bu çox gözəldir!
Kişi güldü. Onun ardınca qadın da güldü. Amma o, özü də düz – əməlli bilmirdi ki, nəyə gülmək lazımdır.
Bir qədər uzaqdan səs-küy salıb uzaqlaşan pikapın səsi eşidildi.
- Hə, bir az dincələk?
- Olmaz, hamıya baş çəkəndən sonra, səbətlərilə geri qayıdacaqlar…
- Eybi yox, qalanını sabaha da saxlamaq olar…
O, əlini yelləyib qalxdı və evə tərəf getdi, qadının isə onun arxasınca getmək fikri yox idi.
- Belə yaramaz. Heç olmasa, bir dəfə bellə evin həndəvərin dolanmaq lazımdır.
- Evin həndəvərində?
- Əlbəttə. Məgər imkan vermək olarmı ki, ev uçsun?.. Axı qum hər tərəfdən axır…
- Onda biz gərək səhərədək burda əlləşək.
Qadın meydan oxuyurmuş kimi cəld çevrildi və qaçdı. Görünür, yarğana qayıdıb işinə davam etməyə hazırlaşırdı. Hazır qabarböcəyidi ki, durub, deyə kişi fikirləşdi. Hər şey aydındı, məni belə şeylərlə yoldan çıxarmaq olmaz.
- Dəhşətdir! Hər gecə də belə, hə?
- Qum dincəlmir və dincəlməyə də qoymur… Səbətlər də, maşın da bütün gecəni hərəkətdədirlər.
- Hə, görünür ki, belədir…
Hə, sözsüz ki, belədir. Qum heç vaxt dincəlmir, heç vaxt da dincəlməyə qoymur. Kişi özünü itirdi. Onda belə bir təəssürat yarandı: elə bil birdən müəyyən etdi ki, balaca və ziyansız hesab etdiyi, quyruğunu düşünmədən tapdaladığı ilanın gözlənilmədən nəhəng olduğu aşkarlanıb və zəhərli başı ona arxadan təhlükə törədir.
- Bu nə deməkdir? Siz ancaq qum kürəmək üçün yaşayırsınız!
- Belə də olmaz axı, gecəynən şələ – küləni yığışdır, qaç.
Kişi sarsılmışdı. O, belə bir həyata cəlb olunmaq üçün heç bir arzu və istəkdə bulunmurdu.
- Yox, olar!.. Məgər bu, belə çətindir?.. Əgər istəsəniz, hər şey edərsiniz!
- Yox, belə olmaz… - Qadın belin zərbəsi ilə həmahəng nəfəs alaraq, etinasız tonla davam etdi: - Kənd ancaq ona görə mövcuddur ki, biz yorulmadan qumu kürəyirik və bununla da onu yaşadırıq… Əgər qazmağa ara versək, qum heç onca gün də çəkməz ki, onu süpürüb aparar – və kənddən heç nə qalmaz… Sonra isə… Oy, deyəsən növbə artıq qonşulara çatıb…
- Maraqlı söhbətçün sizə minnətdaram… Səbətdaşıyanların belə ürəklə işləməsinə səbəb budur?
- Hə, amma onlar, düzü, kənd idarəsindən günəmuzd nəsə alırlar…
- Əgər kəndin belə pulu varsa, onda nə üçün qumdan qorunmaq üçün planlı surətdə meşə zolağları salınmır?
- Yəqin hesablayanda bizim üsulumuzun bir neçə dəfə ucuz başa gəldiyi üzə çıxır…
- Üsul?.. Məgər bu, üsuldur? – Kişini cin vurdu. Qadını bu yerlərə bənd edənlərə də, özünü bənd etməyə imkan verən qadına da hirsləndi. - Əgər belədirsə, bu kənddən ikiəlli yapışmaq nəyə lazım? Mən heç cür səbəbi başa düşə bilmirəm… Qum heç də xırda məsələ deyil! Sizin çalışmalarınızın qumun qarşısını alacağını fikirləşmək böyük səhv olardı. Mənasızlıqdır!.. Bu cəfəngiyyatla qurtarmaq lazımdır… birdəfəlik qurtarmaq lazımdır. Mən hətta sizə acıya da bilmirəm!
Beli bir az kənarda atılıb qalmış bidonların yanına tullayıb, qadının sifətinin ifadəsinə fikir də vermədən evə qayıtdı.
Yata bilmirdi. Kişi qadının nə etdiyinə qulaq verirdi. Bir az da utanırdı: axı onun özünü belə aparması son nəticədə qadını burda saxlayan nə varsa, hamısına qısqanclıq hissi və qadını işini atıb, gizlində onun yatağına girməyə məcbur etmək idi. Doğrudan da, son dərəcə kəskin hiss etdiyi nə idisə, təkcə qadının sadəlövhlüyünə olan etiraz hissi deyildi. Məsələ çox dərin idi. Yorğan-döşək get-gedə nəmləşir, qum bədənə daha da möhkəm yapışırdı. Nə böyük ədalətsizlik, nə böyük biabırçılıqdır! Və buna görə də beli bir kənara tullayıb, evə qayıtdığı üçün özünü həlak etməyə dəyməz. O, belə bir məsuliyyəti öz üzərinə götürə bilməz. Bunsuz da onun öhdəlikləri lazım olandan artıqdır. Qum və həşəratların onu cəlb etməsi, son nəticədə bir neçə günlüyə də olsa, mənasız həyatın zəhlətökən öhdəliklərindən can qurtarmaq cəhdindən başqa bir şey deyildi…
Heç cür gözünə yuxu getmirdi.
Qadın dincəlmədən ora-bura gedirdi. Bin neçə dəfə aşağı salınan səbətlərin səsi yaxınlaşdı, sonra isə yenə uzaqlaşdı. Əgər belə davam etsə, sabah işləyə bilməyəcək. Axı dan yeri sökülən kimi ayaqda olmaq və günü boş keçirməmək, ovdan əlidolu qayıtmaq lazımdır. Yuxuya getməyə nə qədər çox səy göstərirdisə, bir o qədər də yuxusu qaçırdı. Gözləri sancdı – onlar yaşarır, qırpılır, lakin fasiləsiz tökülən qumla bacara bilmirdilər. Dəsmalı açıb onunla sifətini örtdü.
Nəfəs almaq çətinləşdi. Amma hər halda belə daha yaxşıdır.
Nəsə başqa bir şey haqqında fikirləşmək lazımdır. Gözlərini yumursan və nəsə uzun, sap kimi şeylər yellənə-yellənə gözlərinin qabağında üzürlər. Bu, təpəylə üzən qum naxışlarıdır. Yəqin bütün günü gözlərimi çəkmədən onlara baxmışam deyə, tor qişasında həkk olublar. Bax elə belə qum axınları da çiçəklənən şəhərləri və böyük imperiyaları basıb, udublar. Bunu belə adlandırırlar, hə, dəqiq bilirəm - Roma imperiyasının sabulyasiyası. Şəninə Ömər Xəyyamın şerlər qoşduğu şəhərlər isə… Bu şəhərlərdə dərzi emalatxanaları, qəssab dükanları, bazarlar vardı. Onları heç nəyin yerindən tərpədə bilməyəcəyi düşünülən, sıx – sıx çəkilib bir – birinə dolaşan yollar qucurdu. Yollardan heç olmasa birinin istiqamətini dəyişmək üçün, kim bilir, hakimiyyətlə neçə illər mübarizə aparmaq lazım idi. Sarsılmazlığına heç kəsin şübhə etmədiyi qədim şəhərlər… Son nəticədə isə, onlar da daim hərəkətdə olan, diametri millimetrin səkkizdə birinə bərabər qumun qanunlarına qarşı çıxa bilmədilər.
Qum…
Qumun nəzər nöqtəsindən baxsaq, formaya malik bütün predmetlər qeyri – realdır. Real olansa ancaq hər cür formanı rədd edən qumun hərəkətidir. Amma orda, bir taxta qalınlığında olan divarın arxasında, qadın qumu qazmaqda davam edir. Axı bu nazik, incə əllərlə o, nə edə bilər? Bu, dənizin yerində ev tikmək üçün onun sularını boşaltmağa bənzəyir. Gəmini suya buraxmazdan əvvəl, ilk növbədə suyun nə demək olduğunu dərk etmək lazımdır.
Bu fikir gözlənilmədən, onu qadının qazdığı qumun xışıltısının əmələ gətirdiyi ruh düşkünlüyündən azad etdi. Əgər gəmi su üçün yararlıdırsa, onda qum üçün də yararlı olmalıdır. Əgər adamı əzən tərpənməz ev ideyasından azad ola bilsən, onda qumla mübarizə etmək zəruriliyi öz-özünə qüvvədən düşmüş olur… Qumla üzən azad bir gəmi… Üzən evlər… Formasını itirmiş kəndlər və şəhərlər…
Qum, əlbəttə ki, maye deyil. Buna görə də onun üzündə heç nə dayana bilməz. Əgər, məsələn, onun üstünə xüsusi çəkisi qumdan az olan probka qoysan, onda bir müddət keçəndən sonra o da quma qərq olacaq. Qumda üzmək üçün gəmi tamamilə ayrı, xüsusi keyfiyyətlərə malik olmalıdır. Məsələn, diyirlənərək hərəkət edə bilən çəllək formasında ev…Əgər o, heç olmasa bir balaca dönə bilsə, onda üstünə tökülən qumdan azad ola və yenidən üzə çıxa bilər. Gəl ki, ev bütünlüklə fasiləsiz diyirlənsə, içində yaşayan adamlar özlərini rahat hiss edə bilməzlər… Yəqin, ixtiraçılıq bacarıqlarını nümayiş etdirmək lazım gələcək – tutaq ki, bir çəlləyi digərinin içinə qoymaq olar…Elə etmək olar ki, məsələn, daxildə qalan çəlləyin ağırlıq mərkəzi dəyişməz qalsın və döşəmə həmişə aşağıda olsun… Daxildəki çəllək həmişə hərəkətsiz qalacaq və yalnız kənardakılar fırlanacaq… Nəhəng saatın kəfkiri kimi yellənən ev… Beşik – ev… Qum gəmisi…
Bu gəmi yığınından ibarət kənd və şəhərlərin dincəlməz hərəkəti…
Özü də bilmədən yuxuya getdi.

7_______________________________________

Kişini paslanmış yelləncəklərin cırıltısına oxşar xoruz səsi oyatdı. Narahat, acı oyanış. Adama elə gəlirdi ki, səhər indi açılıb, lakin saatın əqrəbləri on bir on altını göstərirdi. Həqiqətən də, günəş günorta imiş kimi parlayırdı. Buralar isə ona görə yarıqaranlıqdır ki, dərənin dibidir və gün şüaları hələ ona yol tapmayıb.
Cəld yerindən atıldı. Üzündən, başından, sinəsindən xış-xış qum töküldü. Dodaqlarının, burnunun yanlarına tərdən bərkimiş qum yapışmışdı. Əlinin arxasıyla qumu silən kişi özünü itirmiş halda gözünü döyürdü. Qızarmış gözlərindən aramsız yaş axırdı, elə bil göz qapaqlarının üstündən nəsə kələ – kötür bir şey çəkmişdilər. Amma nəm gözlərinin qıraqlarında yığılmış qumu yumaq üçün təkcə göz yaşları azlıq edirdi.
O, heç olmasa bir az su götürmək üçün torpaq döşəmədəki su bakına tərəf getdi və bu vaxt gözü ocağın qırağında mürgüləyən qadına sataşdı. Gözünün göynəməsini unudub, nəfəsini içinə çəkdi.
Qadın büsbütün çılpaq idi.
Qözlərini örtən yaş pərdəsinin arasından qadın ona aydın olmayan, yayğın kölgə kimi göründü. O, döşənməmiş həsirin üstündə uzanmışdı, başından başqa, bədəninin hər yeri elə bil ki, kiməsə göstərilmək üçün qoyulmuşdu, yalnız sol əli qarnının aşağısını bir az örtürdü. Bədəninin adətən bütün adamların gizlətdiyi guşələri açıqda idi və ancaq heç kəsin üzdə qoymağa utanmadığı sifəti dəsmalla örtülmüşdü. Bu, əlbəttə ki, gözləri, ağızı, burunu qumdan qorumaq üçün idi, lakin bu cür kontrast onun çılpaqlığını xüsusi nəzərə çarpdırırdı.
Bədən bütünlüklə yüngül, nazik qum örtüyü ilə örtülmüşdü. Qum təfsilatları gizlədir və xətlərin incəliyini büruzə verirdi. Qadın qumla qızıl suyuna çəkilmiş heykələ bənzəyirdi. Gözlənilmədən dilinin altından yapışqanlı ağız suyu axdı. Lakin o, bu suyu uda bilmədi. Ağzında – dodaqları ilə dişlərinin arasında qalan qum, tüpürcəyi özünə çəkdi və bütün ağız boşluğuna yayıldı. O, döşəməyə tərəf əyilib, ağzındakı qumla qarışıq suyu tüpürməyə başladı. Lakin nə qədər tüpürsə də, ağzındakı kələ – kötürlük getmirdi. Ağzını nə qədər təmizləyirdisə, qum yenə də qalırdı. Ona elə gəlirdi ki, qum dişlərinin arasında təkrar-təkrar əmələ gəlir.
Xoşbəxtlikdən, su bakı ağzına qədər dolu idi. Kişi ağzını yaxalayıb, üzünü yuyub həyata qayıtdığını hiss etdi. Ömründə suyun belə möcüzəli gücə malik olduğunu duymamışdı. Qum kimi su da mineraldır, lakin o, quma nisbətən o qədər təmiz, şəffaf qeyri – üzvi maddədir ki, bədənlə daha tez təmasa girir; nəinki başqa hər hansı canlı orqanizm… Suyu boğazına aramla axıda – axıda, özünü daşlarla qidalanan heyvan təsəvvür etdi…
Kişi yenidən dönüb, qadına baxdı.
Lakin ona yaxınlaşmaq istəyində bulunmadı. Üstünə qum səpilmiş qadına çətin ki, toxunmaq zövq versin, nəinki ona baxmaq.
İndi, gündüz işığında, gecə keçirdiyi əsəb və acıq ona yuxu kimi gəlirdi. O, elə bil gördüklərinin hamısını beyninə həkk etmək üçün bir də ətrafına göz gəzdirib, yığışmağa başladı. Köynəyinin, şalvarının üstünə o qədər qum tökülmüşdü ki, qaldırmaq olmurdu. Belə boş şeylər üçün narahat olmağa dəyməz. Lakin paltarlarının üstündən qumu çırpmaq, başdan kəpəyi təmizləməkdən çətin oldu.
Çəkmələri də qumun içində idi.
Yəqin getməmişdən qabaq qadına nəsə demək lazım idi. Digər tərəfdən yatan qadını oyatsa, o, utanacaq. Yaxşı, onda bəs gecələmək haqqı necə olsun?.. Bəlkə, yaxşı olar ki, geri qayıdanda artel idarəsinə girsin və pulu dünən onu bura gətirən qocaya versin?
Səs salmamağa çalışaraq, sakitcə evdən çıxdı.
Günəş qaynayan civə kimi qum divarlarının kənarlarına toxunur və yavaş – yavaş dərənin dibinə yayılırdı. Gözlənilmədən sifətinə vuran parlaq işıqdan diksindi və gözlərini örtdü. Lakin dərhal da qarşısını kəsən qum divarını gördü, özünü itirmiş halda hər şeyi unutdu.
İnanılmazdır! Gecə burdan asılmış kəndir nərdivan yoxa çıxmışdı.
Gecə gördüyü, yarıya qədər qumla doldurulmuş kisələr öz yerindəydi. Deməli, heç nəyi qarışdırmır. Ola bilərdimi ki, təkcə nərdivanı qum udub?.. O, divara tərəf cumdu və əlləri ilə onu qazmağa başladı. Qum müqavimət göstərmirdi, qopub, aşağı tökülürdü. Lakin axı o, iynə axtarmırdı və dərhal heç nə tapmadısa, nə qədər qazırsan, qaz nəticə elə həminki olacaq… Kişi get – gedə artan narahatlığını gizlətməyə çalışaraq, bir şey başa düşmədən, yenə qum yarğanını gözdən keçirməyə başladı.
Yuxarı çıxmaq üçün bir yer varmı? Bin neçə dəfə evin başına dolandı. Şimal tərəfdən dənizə baxan divarın üstü ilə dama çıxsa, ola bilsin ki, ordan yuxarıya ən yaxın məsafə olsun, amma bu da on metrədən az olmayacaq. Bəlkə də çox olar və bu divar ən sıldırımdır. Üstəlik ordan görünüşündən vahimə yağan ağırlaşmış qum papaq sallanır..
Müqayisə edəndə qərb tərəfdəki divar bir qədər əydəmli, konusun daxili kimi yüngülcə qatlanıb. Ən optimist hesablamalara görə, burdakı bucaq əlli, ya da ən azı qırx beş dərəcədir. Yoxlamaq üçün ehtiyatla da olsa, bir addım atmaq lazımdır. Bir addım atıb, yarım addım geri sürüşdü. Amma hər halda çalışsan, qalxa bilərsən. İlk beş – altı addımı gözlədiyi kimi atdı. Sonra isə ayaqları qumda batmağa başladı. O, irəli gedib-getmədiyini düz-əməlli özü üçün aydınlaşdırmamış, dizinə qədər quma batdı və irəliləmək üçün taqəti qalmadı. İməkləyərək yamacı aşmağa cəhd göstərdi. İsti qum ovuclarını yandırırdı. Bütün bədənini tər basdı, tərinə qum yapışdı, gözləri tutuldu. Sonra isə ayağı qıc olub burxuldu və o, daha hərəkət edə bilmədi.
Kişi dincəlib nəfəsini dərmək üçün dayandı. Bir xeyli irəlilədiyini düşünüb gözlərini açdı və beşcə metr belə dırmaşa bilmədiyini görəndə dəhşətə gəldi. Bütün bu vaxt ərzində nə üçün çalışırmış? Elə yamacın özü də aşağıdan göründüyündən ən azı iki dəfə daha dikdir. Ondan sonra gələn yer isə daha qorxuludur. Kişiyə yuxarı dırmaşmaq lazım olduğu halda, görünür bütün gücünü qum divarın içndə eşələnməyə sərf etmişdi. Düz qabaqda sallanan qum çıxıntı yolunu kəsirdi.
Kişi əliylə başının üstündəki qup – quru qurumuş çıxıntıya toxundu, elə o an da qum ayağının altından qaçdı. Hansısa bir qüvvə onu qumun içindən götürüb, kənara atdı və o, dərənin düz dibinə yuvarlandı. Sol çiynində nəsə xırçıldadı, elə bil yemək yeyəndə istifadə olunan çubuq sındı. Yüngül ağrı hiss etdi. Və sanki dənəvər qum, bu ağrını sakitləşdirmək üçün hələ bir müddət yamac boyu xışıltı salaraq axıb getdi. Sonra dayandı. Xoşbəxtlikdən zədə elə də ciddi deyildi.
Həvəsdən düşmək hələ tezdir.
Qışqırıb səs – küy salmaqdan özünü güclə saxlayaraq, xırda addımlarla evə qayıtdı. Qadın elə əvvəlki vəziyyətdə yatmışdı. Əvvəlcə sakit, get – gedə artan səslə onu çağırmağa başladı. Qadın cavab vermək əvəzinə, qarnı üstə çönərək, elə bil ki, narazılıq bildirdi.
Çiynini, qollarını, böyürlərini, belini ayrı-ayrı yerlərini çılpaqlaşdıraraq qum bədənindən yerə töküldü. Amma o, bunun hayında deyildi. Yaxınlaşıb, qadının üzünü örtən dəsmalı çəkdi. Qadının ləkəli sifəti, qum səpələnmiş bədənindən fərqli olaraq, çirkin, kobud idi.
Bu sifətin dünən onu lampa işığında təəccübləndirmiş qəribə ağlığı, çox şübhəsiz pudranın köməyi ilə əldə edilmişdi. İndi üzünün bəzi yerlərindən pudra silinmiş, adda – budda qalmışdı. Yadına ucuz, yumurtasız hazırlanmış, üstündə buğda ununun ağardığı kotletlər düşdü.
Nəhayət, qadın parlaq işıqdan gözlərini qıyaraq açdı. Kişi qadının çiyinlərindən yapışıb, var gücüylə silkələdi, yalvarışlı səslə, tez-tez danışmığa başladı:
- Qulaq asın, nərdivan yoxdur! Yuxarıya necə qalxmaq olar? Axı nərdivansız burdan çıxmaq mümkün deyil!
Qadın özünü itirmiş halda dəsmalı qapdı və gözlənilmədən əliylə bir neçə dəfə sifətinə şappıldatdı, sonra isə ona arxa çevirib, üzüqoylu həsirin üstünə yıxıldı. Bəlkə utanırdı? Utancaqlığını başqa vaxta saxlasın. Kişi birdən partlayıb, çığırdı:
- Mən zarafat eləmirəm! Əgər elə bu dəqiqə nərdivanı verməsən, pis olacaq! Mən tələsirəm! Nərdivanı neyləmisən? Zarafat edəndə həddini bil! Bu dəqiqə qaytar!
Lakin qadın cavab vermirdi. O, əvvəlki pozasında uzanıb qalmışdı, ancaq başını yüngülcə yelləyirdi.
Və birdən kişi tutuldu. Baxışları ölgünləşdi, boğazını spazma tutdu və az qaldı ki, boğulsun. O, elə bu an suallarının mənasızlığını başa düşdü. Axı nərdivan kəndirdən idi… Kəndir nərdivan öz-özünə dayana bilməz… Hətta o sənin əlindədirsə belə, aşağıdan yox, yuxarıdan nizamlana bilər. Deməli, onu bu qadın yox, kimsə başqası - yuxarıda, yolda dayananlar yığışdırıb. Qum örtmüş tüklü sifət yazıq – yazıq əyildi.
Qadının hərəkəti, susması inanılmaz – məşum məna kəsb etməyə başladı. Keçib gedər, deyə fikirləşirdi, lakin qəlbinin dərinliklərində başa düşürdü ki, ən qorxduğu şey gerçəkləşib. Ola bilsin, nərdivanı onun icazəsi və əlbəttə ki, tam razılığı ilə aparıblar. Heç şübhəsiz – qadın onlarla əlbirdir. Və qadının bu pozasını utancaqlıq yox, vəziyyətinin ikimənalılığı diktə edir. Bu, heç şübhəsiz cinayətkar qadın pozasıdır, bəlkə də, hər hansı bir cəzanı qəbul etməyə hazır olan qurbanlığın. Onlar bunu məharətlə işləyiblər. Bu lənətlənmiş tələyə düşdüm. İnanıb, qabarböcəyinin tələsinə düşdü, o da onu tovlayıb, çıxış yeri olmayan səhraya çəkdi, - acından ölən siçanlar kimi…
O, yerindən qalxıb, qapıya tərəf cumdu və bir də bayıra baxdı. Külək qalxmışdı. Günəş dərənin üstündə, demək olar ki, düz ortada dayanmışdı. Qızmış qumdan yuxarıya doğru yaş neqativ plyonka kimi rəngdən-rəngə çalan isti hava dalğası qalxırdı. Qum divar boy atır, böyüyürdü. O, hər şeyi yaxşı bilirdi və elə bil kişinin əzələləri, sümükləriylə müqavimətin mənasız olduğu barədə danışırdı. Qaynar hava bədəninə soxulurdu. Bürkü daha da dözülməz olurdu.
Gözlənilmədən kişi dəli kimi qışqırmağa başladı. O, nəsə mənasız sözlər deyirdi, - düşdüyü ümidsiz vəziyyəti ifadə etmək üçün söz yox idi. Sadəcə, gücü gəldikcə bağırırdı. Kişiyə elə gəlirdi ki, bu, dəhşətli bir yuxudur, bağırtını eşidib, qaçacaq və bilmədən etdiyi kobud zarafatına görə üzr istəyib, onu qum çuxurundan kənara çıxaracaq. Lakin qışqırmağa adətkarda olmayan səs nazik və zəif çıxırdı. Üstəlik, qum bu səsi udur, külək yayır və çətin ki, uzağa aparırdı.
Birdən dəhşətli gurultu eşidildi və kişi səsini kəsdi. Dünən qadının xəbərdarlıq etdiyi kimi, şimal tərəfdəki divarın üstündən sallanan qum çıxıntı quruyub uçdu. Ev yazıq-yazıq inildədi, elə bil naməlum bir qüvvə əl-ayağını burdu və bu vaxt onun əzablarını nəzərə çatdırmaq üçün çıxıntıyla divarın arasında qalan yarıqlardan bomboz qan xışıltı salaraq sızmağa başladı. Ağzı tüpürcəklə doluydu, elə bil zərbə onun özünə dəymişdi…
Hər halda, baş verənlər ağlasığan deyil. Nəsə əndazədən çıxan hadisədir. Ailəbaşı siyahıya salınan, iş yeri olan, vergi ödəyən və pulsuz tibbi xidmət hüququndan istifadə edən bir adamı hər hansı siçan və ya həşərat kimi tələyə salmaq olarmı? Ağlasığmazdır. Yəqin bu, nəsə yanlışlıqdır. Hə, əlbəttə ki, yanlışlıqdır. Bunun yanlışlıq olduğunu hesab etməkdən başqa, əlindən nə gəlirdi ki?
Hər şeydən əvvəl, onların mənə qarşı etdiklərini etmək,axmaqlıqdır. Axı mən nə atam, nə də ki, öküz və heç kəs iradəmin əksinə olaraq məni işləməyə məcbur edə bilməz. Və tezliklə mənim işçi qüvvəsi kimi yararsız olduğum məlum olacaq, buna görə də məni bu qum divarları arasında saxlamağın heç bir mənası yoxdur. Qadının boynuna əlavə yük olacaq bir adam nəyə lazımdır?
Amma nədənsə, əminliyi yox idi… Onu hər tərəfdən əhatələyən qum divara baxıb, heç ürəyindən olmasa da, ona dırmaşmaq üçün etdiyi uğursuz cəhdləri xatırladı… Divarın dibində nə qədər vurnuxsan da, heç bir xeyri yoxdur. Gücsüzlük hissi onu sarsıtmışdı… Görünür bu, qumun gəmirdiyi, adi ölçülərin qüvvədən düşdüyü qeyri-adi bir dünyadır. Əgər şübhələnməyə qalsa, şübhələnmək üçün səbəb nə qədər istəsəndir… Məsələn, əgər təzə bidonları və beli məxsusi olaraq onun üçün hazırladıqları düzdürsə, onda kəndir nərdivanın bilərəkdən aparılması da düzdür. Bir də ki, onun vəziyyətinin çıxılmaz, dəhşətli olduğunu, qadının müti itaətkarlıqla asanca və sakit öz taleyilə barışması faktı bunu təsdiq etmirmi? Bəlkə, qadının dünən onun burda uzun müddətə ilişib qaldığına eyham vurması təsadüfən deyilmiş?
Daha bir qum uçqunu qopdu.
Kişi qorxub, evə qayıtdı. O, əvvəlki tək həsirin üstündə üzüqoylu uzanan qadına tərəf getdi və hirslə onun üstünə qulaylandı. Coşub – daşan nifrəti gözlərinə vurmuş, ağrıyla bütün bədəninə yayılmışdı. Lakin birdən gücdən düşüb, qaldırdığı əlini qadına heç toxundurmadan ağır – ağır aşağı saldı. O deyəsən, əlinin içi ilə qadını şapalamaqdan özünü güclə saxladı. Ancaq ola bilsin, qadın onun məhz belə addım atacağına ümid edirdi. Əlbəttə, o, elə bunu gözləyir. Axı cəza, cinayətin bağışlanması təsdiqindən başqa bir şey deyil.
O, arxasını qadına çevirib, döşəməyə yıxıldı, ikiəlli başını tutub, sakitcə inildədi. Ağzında yığılıb qalmış tüpürcəyi udmaq istədi, alınmadı – boğazında qaldı. Yəqin selikli qişa qumun dad və iyinə çox həssas olmuşdu və nə qədər burda qalsa da – ona öyrəşə bilməyəcək. Tüpürcəyi dodaqlarının küncündə yığılıb, bozumtul, köpüklənən laxtaya çevrilmişdi. Tüpürəndə, ağzında qalan qumun kələ – kötürlüyünü daha güclü hiss etdi. O, dilinin ucu ilə dodaqlarını iç tərəfdən yalayır və tüpürməyi davam etdirərək, bu qumdan can qurtarmağa cəhd etdi, lakin onun sonu görünmürdü. Ancaq irinləyibmiş kimi qurudu və incitdi.
Yaxşı, nə etmək olar. Bu qadınla mütləq söhbət edəcəm və hər şey haqqında yerli – yataqlı danışmağa məcbur etməyə çalışacam. Yalnız əgər vəziyyət onun üçün tam aydınlaşsa, çıxış yolu tapa bilər. Hərəkət planına malik olmamaq olmaz. Düşdüyü belə axmaq vəziyyəltə barışa bilərmi?.. Əgər qadın cavab verməsə, nə etsin?.. Bu, həqiqətən də ən dəhşətli cavab olardı. Belə ehtimal qətiyyən istisni deyil. Onun bu inadkar sükutu… və nə üçün dizlərini qarnına sıxaraq aciz qurban kimi uzanıb qalıb?..
Üzüqoylu uzanmış lüt qadının pozası həddən artıq ədəbsiz idi, onda nəsə heyvani bir şey vardı. Ona elə gəlirdi ki, qadın arxası üstə çevrilməyə hazır idi, təki ona astaca toxunsun. Təkcə ağlına gələn bu fikirdən utanaraq töyşüdü. Lakin qəflətən özünü qadına əzab verən cəllad cildində gördü, özünü onun bəzi yerləri qumla örtülü bədəninin üstündəymiş kimi hiss etdi. Və anladı… Əvvəl – axır bu baş verəcək… Və onda nəsə bir söz deməyə haqqı olmayacaq…
Birdən qarnının aşağısından kəskin ağrı tutdu. Partlamağa hazır sidik kisəsi azad olmaq istəyirdi.

8___________________________________

İşəyib yüngülləşəndən sonra, kişi ağır buxarla nəfəs ala- ala dayanmaqda davam edirdi… O, burda dayana - dayana, hər hansı bir ümid yerinin peyda olacağına bel bağlamırdı. Sadəcə, heç cür özünü evə qayıtmağa məcbur edə bilmirdi. Qadından uzaqda olarkən onun yanında dayanmağın nə qədər təhlükəli olduğunu daha aydın şəkildə başa düşürdü. Yox, məsələ yəqin ki, qadının özündə deyil, hansı vəziyyətdə uzanmasında, onun bu pozasındadır. Ömründə bir dəfə də olsun, belə həyasız qadın görməmişdi. Nə olursa olsun, evə qayıtmayacam. Qadının pozası həddən artıq təhlükəlidir.
Belə bir deyim var: ölü kimi uzanıb qalmaq. Bu, bəzi növ həşəratların və hörümçəklərin, onlara qəfildən hücum olarsa, düşdüyü iflic vəziyyətidir… Sındırılmış təsvir… Dispetçer məntəqəsi ruhi xəstələr tərəfindən zəbt olunmuş aerodrom. İnanmaq istərdi ki, bu hərəkətsizlik dünyadakı bütün hərəkəti dayandıracaq, axı qış yuxusuna getmiş qurbağalar üçün qış deyilən şey yoxdur.
O, xəyallarda üzərkən, günəşin istisi daha da dözülməz oldu. Kişi elə bil yandırıcı şüalardan qorunmaq üçün üçqat olmuşdu. Sonra başını cəld əyib, köynəyinin yaxasından yapışdı və bütün gücü ilə dartdı. Köynəyin üç yuxarı düyməsi qopub düşdü. Köynəyin boynunun altındakı qumu çırpanda, yadına qadının qumun heç vaxt quru olmadığı, ətrafda nə varsa, hamısını çürütmək üçün kifayət qədər nəm olduğu haqda sözləri düşdü. Kişi köynəyini çəkib, şalvarının belini boşaltdı ki, heç olmazsa, əyni bir az hava çəksin. Amma düzü, bu qədər narahat olmağa lüzum yox idi. Əzginlik necə tez gəlmişdisə, elə də itdi. Görünür, nəm qum hava ilə təmasda olan kimi öz iblisani xüsusiyyətlərini itirir.
Elə bu an ağlına gəldi ki, qadının çılpaqlığını həddən artıq birtərəfli anlatmaqda ciddi səhv edib. Əlbəttə, demək olmaz ki, qadının onu tələyə salmaq kimi gizli meyli olmayıb. Lakin istisna deyil ki, bu, onun yaşadığı şəraitin diqtə etdiyi sadəcə vərdişdir. Aydındır ki, qadın yalnız dan yeri söküləndən sonra yatmağa gedir. İnsan yuxudaykən daha çox tərləyir. Əgər gündüz, üstəlik od tutub yanan qum çuxurunda yatmalı olursansa, soyunmaq arzusu təbii bir şeydir. Onun yerinə olsaydım, mən də soyunardım; əlbəttə, belə imkan olsaydı…
Bu tapıntı o saat onu tərli bədəndən qumu təmizləyən külək kimi ağır hisslərdən azad etdi. Qorxularımı şiddətləndirməyin mənası yoxdur. Əsl kişi nə qədər istəsən polad və dəmir – beton divar da olsa dağıdıb, qaçmağa qadirdir. Təkcə qalanı görüb, ona açarın olub olmamasını aydınlaşdırmadan məyusluğa qapılmaq düzgün deyil… Tələsmədən, quma bata – bata o, evə tərəf getdi… Bu dəfə sakit danışacam və mənə nə lazımdırsa, ondan öyrənəcəm… O, qadının üstünə bağıraraq cumanda, qadın ona heç bir cavab verməməkdə haqlı idi… Bəlkə, qadın ona görə susurdu ki, sadəcə utanırdı: o, kişinin onu çılpaq görməməsi üçün heç bir tədbir görməmişdi.

9__________________________________

Qızmış qumun gözqamaşdırıcı parıltısından sonra otaq qaranlıq, soyuq və rütubətli idi. Ağır qızmar hava kif iyi verirdi – bayırda bundan yaxşı idi. Birdən hiss etdi ki, onu qara basır.
Qadın heç yerdə yox idi. Bir anlığa donub qaldı. Bəsdir tapmaca tapdım! Amma, sözün düzü, heç bir tapmaca da yoxdur. Qadın əlbəttə ki, buralardadır. O, başını aşağı əyərək arxası kişiyə tərəf, su bakının qabağında, əl-üz yuyan tərəfdə sakitcə dayanmışdı.
… O, artıq geyinmişdi. Adama elə gəlirdi ki, bir - birini tamamlayan solğun - yaşıl kimano ilə şit naxışlı şalvardan nanə - cövhərli balzamın sərinləşdirici ətri gəlir. Hə, indi durub, nə deyəsən. O, yenə də qadın haqqında həddən artıq düşünməyə başlayıb. Lakin ola bilməzdi ki, bu ağlasığmaz fövqəladə şəraitdə, üstəlik lazım olan qədər yatıb, yuxusunu almadığı bir halda xəyalları haralardasa uçuşmasın.
Qadın bir əli ilə su bakının kənarına söykənmiş, içərisinə baxa – baxa barmağı ilə suda çevrələr çəkirdi. Kişi qum və tərdən ağırlaşmış köynəyini var gücü ilə yellələyərək, əlinə kip sarıdı.
Qadın boylandı, hürkdü. Onun sifəti elə səmimi lal sual, yalvarış ifadə edirdi ki, elə bil bütün ömrü boyu bu ifadəli sifətlə yaşamışdı. Kişi isə mümkün qədər özünü elə aparırdı ki, elə bil heç nə baş verməmişdi.
- İstidi, hə?.. Belə istidə heç köynək də geymək istəmirsən.
Lakin qadın hələ də ona inamsızlıqla, sual dolu gözlərlə, altdan - altdan baxmaqdaydı. Nəhayət utancaq, güclə düzəltdiyi təbəssümlə qırıq-qırıq dedi:
- Hə… düzdü… Əynində paltar tərləyəndə, bütün bədənin qum səpkisi ilə örtülür…
- Qum səpkisiylə?
- Aha… Dəri qızarır… yanıqdan sonra olan kimi olur, suluq bağlayır.
- Hm, suluq bağlayır?.. Məncə, dəri sadəcə rütubətdən çürüyür.
- Ola bilsin, buna görədi… - Görünür qadın bir qədər ürəklənmişdi, danışqan olmuşdu. – Tərləməyə başlayan kimi, əynimizdə nə varsa, çıxarmağa çalışırıq, nə mümkündürsə… Görürsünüz də necə yaşayırıq, - kiminsə gözünə belə görünməkdən heç çəkinməyin…
- Əlbəttə… Bilirsiz, düzdü yaxşı çıxmır, amma istərdim ki, köynəyimi yumağınızı sizdən xahiş edim.
- Yaxşı. Sabah su gətirməlidirlər.
- Sabah?.. Sabah yəqin ki, gec olar… - Kişi mızıldadı. O, söhbətin məğzini ustalıqla lazımi istiqamətə yönəldə bilmişdi. – Yeri gəlmişkən, axır ki, nə vaxt məni yuxarı qaldıracaqlar?.. Bütün bunlar məni son dərəcə narahat edir… Mənim kimi adi qulluqçu üçün müəyyən edilmiş qaydaların hətta yarım günlük pozulması, çox ağır nəticələrə səbəb ola bilər… Mən heç bircə dəqiqə də itirmək istəmirəm… Sərtqanadlılar – yerin üstü ilə uçan həşəratlardır… Qumluqlarda lap çoxdurlar, onların necə olduğunu siz bilirsiz?.. Mənim istəyim də budur ki, budəfəki məzuniyyətim dövründə bu həşəratın heç olmasa bir yeni növünü tapım…
Qadın dodaqlarını yüngülcə tərpətdi, amma heç nə demədi. Görünür, o, öz-özünə ona naməlum olan «sərtqanadlılar» sözünü təkrar edirdi. Lakin kişi, onun yenidən qaradinməz olduğunu yanılmadan hiss edirdi. Və, elə bil, təsadüfən mövzunu dəyişdi.
- Doğrudanmı kəndin başqa sakinləri ilə əlaqə saxlamaq üçün əlinizin altında heç bir vasitə yoxdur? Əgər məsələn, kerosin bidonlarını bir - birinə vursaq, nə olar?
Qadın cavab vermirdi. O, suya atılmış daş sürətilə yenidən xilasedici susqunluğuna enirdi.
- Nə baş verir, hə? Niyə susursunuz? – O, az qaldı ki, özündən çıxsın və qışqırmaqdan özünü güclə saxladı. – Başa düşmürəm, nə baş verir… Əgər bir xəta baş veribsə, bunu səhv hesab edək – və hər şey qaydasındadır… Olan olub, keçən keçib, bir də məsələnin üstünə qayıtmağa hazırlaşmıram. Buna görə də, sizin susmağınız xeyir gətirmir. Yaxşı. Bax, sizin kimi məktəblilər də var, lakin mən həmişə onlara deyirəm: nə qədər özünüzü bütün günahları boynunuza götürürmüş kimi aparsaz, həqiqətdə bu, ən qorxaq davranış tərzidir… Əgər siz öz hərəkətinizə haqq qazandıra bilirsinizsə, onda nəyi gözləyirsiniz, düzünü deyin!
- Məncə… - Qadın üzünü yana tutdu, lakin səsi gözlənilmədən sərt çıxdı. – Siz özünüz başa düşmüsünüz?
- Başa düşmüsünüz? – O, hətta sarsıldığını gizlətməyə cəhd belə etmədi.
- Hə, mən fikirləşirdim ki, siz hər şeyi başa düşmüsünüz…
- Mən heç nə başa düşməmişəm! – Axır ki, kişi dözməyib qışqırdı: - Əgər mənə heç nə demirlərsə, mən necə hər şeyi başa düşə bilərəm?
- Axı, düzünə qalsa, həqiqətən də belə şəraitdə yaşamaq tək qadın üçün çox ağırdır…
- Axı bütün bunların mənə nə aidiyyəti var?
- Hə, yəqin, mən sizin qarşınızda günahkaram…
- «Günahkaram»ı necə başa düşək?.. – Onun həyəcandan dili dolaşdı. – Belə çıxır ki, burda mənim üçün iş qurublar?.. Tələyə yem qoyublar… Fikirləşiblər ki, it, ya da pişik kimi tələyə düşəcəm, təki tələdə yem əvəzinə qadın olsun…
- Düzdü, amma axı tezliklə şimal küləkləri və qum burulğanları başlayacaq – biz onlardan çox qorxuruq… - qadın gözucu taybatay açılı qapıya baxdı. Onun yeknəsəq, sakit səsində dediklərinə küt bir inam hiss edilirdi.
- Bu zarafat deyil! Hətta cəfəngiyyatın da bir sərhədi olar! Bu, qanunsuz saxlamadan başqa bir şey deyil… Əsl cinayətdir… Elə bil güc işlətməsəydiz olmazdı: məsələn, işsizləri günəmuzd ödənclə işə dəvət edə bilərdiz, onlar nə qədər istəsənizdir!
- Əgər orda bizim necə yaşadığımızı bilsələr, yaxşı olmaz…
- Bəs əgər mən bilsəm, onda necə yaxşı olar?.. Boş söhbətdir!.. Siz sadəcə yanılırsız! Çox təəssüf, amma mən avara deyiləm! Mən vergi də verirəm, daimi yaşayış yerim də var… Tezliklə axtarış haqqında ərizə də veriləcək, onda burdakıların hamısı cavab verməli olacaq! Necə yəni, aydın deyil? Çox sadə bir şeyi başa düşmürsünüz… Maraqlıdır, özünüzə necə haqq qazandıracaqsınız… Haydı, günahkarı bəri gətir… Mən ona necə axmaq iş tutduğunu yax – şı – ca – na başa salaram!
Qadın başını aşağı əyıb, yüngülcə ah çəkdi. Onun çiyinləri sallandı, lakin tərpənmədi. Elə bil ki, yerinəyetirilməz tapşırıq almış bədbəxt küçük idi. Bu, kişini daha da qızışdırdı.
- Nə tərəddüd edirsən, heç cür qərar verə bilmirsən?.. Məsələ təkcə məndə deyil. Belə çıxır ki, sən özün də mənim kimi qurbansan? Hə, belə deyil? Elə bu dəqiqə özün dedin ki, əgər orda bizim necə yaşadığımızı bilsələr, yaxşı olmaz… Məgər bu sübut deyilmi ki, özün boynuna alırsan: belə yaşamaq olmaz. Mərhəmətli sifət eləməyi də yığışdır – axı səninlə qul kimi rəftar edirlər! Heç kəsin ixtiyarı yox idi ki, səni bura salsın!.. Hə, tez elə, kimisə səslə! Biz buradan çıxacağıq!.. Aha, başa düşürəm… Qorxursan, hə?.. Boş şeydi!.. Nədən qorxursan?.. Axı mən səninləyəm!.. Mənim qəzetdə işləyən tanışlarım var… Biz burda baş verənləri sosial problem kimi təqdim edərik… Hə, nə oldu?.. Niyə susursan?.. Mən sənə deyirəm, heç nədən qorxma!
Az sonra qadın onu sakitləşdirirmiş kimi birdən dedi:
- Nahar hazırlayım?..

10____________________________________

Kişi oğrun-oğrun, gözünün ucuyla qadının necə kartof təmizlədiyini müşahidə edərək, əzabla düşünürdü: onun hazırladığı yeməyi qəbul etsinmi?
İndi elə bir vəziyyət yaranıb ki, rahatlıq və soyuqqanlılıq tələb olunur… Qadının niyyəti aydındır və bütün tərəddudləri kənara atıb, boş-boş ümidlərlə özünü sakitləşdirməməlidir, əksinə, faktların gözünün içinə dik baxmaq və burdan can qurtarmaq üçün real plan hazırlamaq lazımdır… Qanunsuz hərəkətlərə görə günahlandırmanı sonraya saxlamaq gərəkdir… Aclıq isə ancaq və ancaq iradəni sındırmağa işləyir… gücünü toplamağa mane olur. Lakin, digər tərəfdən o, hazırkı vəziyyəti qəti rədd edirsə, görünür, qidadan imtina etməlidir. Həm narazı olmaq, həm də yeməyi qəbul etmək sadəcə gülməli olardı. Hətta itin özü ona yal verəndə quyruğunu qısır.
Amma gəlin tələsməyək… Qadının nə qədər dərinə gedəcəyi hələ məlum olmadığı bir şəraitdə, belə kəskin müdafiə mövqeyi tutmaq hələ tezdir….Ondan nəyisə müftə qəbul etmək, hər hansı iltifat haqqında söhbət belə gedə bilməz… Nə yesəm, pulunu qəpiyinəcən ödəməliyəm… Və əgər pulu ödəyibsə, heç nəyə görə özünü borclu bilməz, bir qram da … Hətta televiziyadakı boks şərhçisi də həmişə deyirdi ki, hücum, - müdafiənin ən yaxşı üsuludur.
Beləliklə, o, yeməkdən imtina etməmək üçün əla bəhanə tapıb, rahatlıqla nəfəs aldı. Birdən elə bil ki, gözləri açıldı, daim ondan qaçan fikir kələfinin ucundan tutdu. Məgər onun əsas düşməni qum deyil? Əgər qumdursa, onda boş yerə ağlasığmaz, həlli müşkül olan, - tutaq ki, məsələn, polad qapıları və yaxud bu kimi maneələri yarıb keçmək haqqında qarşıya tapşırıqlar qoymaq lazım deyil. Madam ki, kəndir nərdivanı yığışdırıblar, taxta nərdivan düzəltmək olar. Madam ki, qum divar həddən artıq şaqulidir, onu qazıb, düzəltmək olar… Əgər bir balaca beynini işlətsən, hər şey qaydasına düşər… Ola bilsin, bu yol çox sadə yoldur, amma əgər bu üsulla məqsədə çatmaq mümkünsə, onda nə qədər sadə olsa, bir o qədər yaxşıdır. Məsələnin ən düzgün həlli adətən, çox sadə olur. Təki çətinliklərdən qorxmayasan… təki əsl mübarizə aparasan… onda heç nə itirməmisən.
Qadın kartofu təmizləyib qurtardı, doğradı və köküqarışıq xırda-xırda doğranmış ağ turpla birgə ocağın üstündə asılmış böyük dəmir qazana saldı. O, polietilen kisədən səliqəylə kibrit çıxarıb od qaladı, kibriti gizlətdi və kisənin ağzını rezinlə yığdı. Sonra isə aşsüzənə düyü töküb, su ilə yudu. Yəqin düyünün qumunu yuyurdu. Aş qazanda qaynamağa başladı, ağ turpun xoşagəlməz iyi yayıldı.
- Düzü, su az qalıb, amma, bəlkə siz üzünüzü də yuyasınız?
- Yox əşşi, üzümü yumaqdansa, içsəm yaxşıdır…
- Oy, bağışlayın… İçməli su başqa yerdədir – qadın əl-üzyuyanın altından polietilenə bükülmüş qazança çıxartdı, - su çox soyuq deyil, amma əvəzində qaynanmışdır, içmək üçün yararlı olsun deyə.
- Axı bakda az da olsa su qalmasa, qabları nəylə yuyacaqsınız?
- Yox, mən qabları qumla sürtürəm, tərtəmiz olur.
Bu sözləri deyib, qadın pəncərənin ağzından bir ovuc qum götürdü, əlində tutduğu qabın içinə atıb, qumu fırladaraq bir neçə dairəvi hərəkət etdi və qabı ona göstərdi. O, düz-əməlli ayıra bilmədi ki, qab təmizləndi, ya yox, amma fikirləşdi ki, yəqin təmizlənib. Hər halda, qumdan belə işlərdə istifadə onun qum haqqındakı təsəvvürlərinə tam uyğun gəlirdi.
Yenə də çətirin altında yeyirdi. Qaynadılmış tərəvəz və qurudulmuş balıq… Təam az da olsa qumlu idi. Əgər çətir tavandan asılsaydı, onlar bir yerdə də yeyə bilərdilər - deyə fikirləşdi, lakin qadının bunu yaxınlaşmağa cəhd kimi başa düşəcəyindən qorxdu. Yalnız görkəmindən tündlük yağan aşağı növ çay, demək olar ki, dadsız idi.
O, yeyib qurtarandan sonra qadın əl-üzyuyan tərəfdə oturdu və başına bir parça polietilen örtüb, yavaş-yavaş yeməyə başladı. İndi bu qadın hansısa həşərata oxşayır - fikirləşdi. Doğrudanmı bu qadın ömrünün axırına kimi belə həyat sürməyə hazırlaşır?.. Yuxarıda olanlar üçün bura yalnız böyük torpağın kiçik bir parçasıdır, lakin dərənin dibindən heç nə görünmür – ancaq ucu-bucağı olmayan qum və səma… Şəkil kimi həmişəlik gözlərdə donmuş yeknəsəq həyat… Və bu həyatı, hətta heç nə xatırlaya bilməyəcək bir qadın sürür, - o, ömrü boyu heç kimdən nəvazişli söz eşitməyib. Yəqin məni tələyə salıb, xüsusi bir hədiyyə kimi ona verəndə qız kimi ürəyi bərk-bərk döyünüb… Mənim ona yazığım gəlir…
Onun ürəyindən qadına nəsə demək keçdi və söhbəti birtəhər başlamaq üçün siqaret çəkməyi düşündü. Doğrudan da, burda gündəlik istifadə üçün lazım olan predmet – polietilensiz keçinmək olmaz. Alışdırdığı kibriti siqaretinin qabağında nə qədər tutdusa da, siqaret yanmadı. O, siqareti var gücü ilə elə sorurdu ki, yanaqları dişlərinə yapışmışdı, lakin nə qədər çalışsa da, ancaq tüstünün tamini hiss etdi. Yağ-nikotinli tüstü, yalnız dilini qıcıqlandırır, siqaret çəkməyi heç cür əvəz etmirdi. Əhvalı korlandı, söhbət alınmırdı, üstəlik özü də qadınla söhbət etməkdən vaz keçdi.
Qadın bulaşıq qabları yığıb, torpaq döşəməyə düzdü, tələsmədən onların üstünə qum tökməyə başladı. Göz görəsi çətinlik və tərəddüdlə dedi:
- Bilirsiz… Çardaqdan qumu kürəyib atmaq vaxtıdır…
- Qumu kürəyib, atmaq? Hə - ə, nə olar, buyurun…- « Bunun mənə nə dəxli var? – kişi etinasızcasına düşündü, – qoy tirlər çürüsün, qoy lap dirəklər uçsun – mənim nə işimə?»
- Əgər mən sizə mane oluramsa, bəlkə, harasa gedim?
- Üzr istəyirəm, buyurun, amma…
Xeyri yoxdur, hiyləgərlik etmək lazım deyil! Özünü elə göstərir ki, guya heç nə olmayıb! İçi isə soğan yemiş kimi göynəyir… Lakin qadın adətkarda olduğu görünən hərəkətlərlə, çox cəld sifətinin aşağı hissəsini ikiqat qatlanmış dəsmalla sarıdı, süpürgəni və taxta parçasını qoltuğuna vurub, bircə qapağı qalmış divar şkafının yuxarı rəfinə dırmaşdı.
- Düzünə qalsa, əgər mənim fikrimi bilmək istəyirsinizsə, - belə ev elə uçsa yaxşıdır!..
Bu sözləri püskürən gözlənilməz hirsdən özü də çaşdı, qadın isə ona tərəf heç də az olmayan çaşqınlıqla döndü. Buna bax, deyəsən hələ bütünlüklə həşərata çevrilməyib…
- Yox, siz elə fikirləşməyin ki, mən ancaq sizə acıqlanıram. Burda siz hamınız belə fikirləşirsiniz ki, bir adamı zəncirləmisiniz. Mənimsə münaqişələri görməyə gözüm yoxdur. Aydındır? Hətta aydın deyilsə belə, mənim üçün fərqi yoxdur. İstəyirsiz, sizə maraqlı bir hadisə danışım… Bu, çoxdan olub. Kirayə qaldığım evdə heç nəyə yaramayan bir it saxlayırdım, həyət iti… Maraq doğuracaq qədər sıx olan tüklərini hətta yayda belə tökmürdü… Elə kədərli görkəmi vardı ki, onu qırxmağa qərar verdim… Və beləliklə, iti qırxıb qurtarıb, qırxılmış tüklərini atmağa hazırlaşırdım ki, it, düzü bilmirəm ağlına nə gəldi, birdən ulayıb, dişlərilə bu tük yığınını qamarlayıb, öz yerinə qaçdı… Ola bilsin o, qırxılıb yerə tökülmüş tükünü öz bədəninin bir hissəsi bilib və onu itirəcəyinə heyfsilənib. Oğrun-oğrun qadına baxdı: görəsən qadın bu sözləri necə qarşılayacaq? Lakin qadın şkaf rəfinin üstünə qeyri-təbii əyilərək, necə dayanmışdısa, elə həmin pozada da qalmışdı və hətta ona tərəf dönmək üçün cəhd belə etmədi. – Lap yaxşı… Hər kəs özü bildiyi kimi mühakimə yürüdür… Ya qum qazmaq olsun, ya da tamam başqa bir şey – buyurun, necə istəyirsinizsə, elə də edin. Lakin mənim qətiyyən, bütün bunlara dözmək fikrim yoxdur. Yetər! Eybi yox, bir az da keçsin – mənim burda izim-tozum da qalmaz!.. Məni hədər yerə qiymətləndirmirsiniz… Əgər istəsəm, burdan qaçaram, heç bir problemsiz… Hə, elə siqaretim də indicə qurtardı…
- Siqaret. – Onun sadəliyi ilə səfehliyini ayırmaq olmurdu. – Bu bir qədər gec olacaq, suyu gətirəndə…
- Siqaret?.. Siqaretlər də?.. – Kişi özünə də qəribə gələn şəkildə çımxırdı. – Məsələ bunda deyil… Qırxılmış tüklərdədir, qırxılmış tüklərdə… Yəni doğrudan başa düşmürsünüz? Deməyim odur ki, qırxılmış tükdən ötrü işdən iş çıxarmaq lazım deyil.
Qadın susurdu və onun özünə haqq qazandırmaq üçün nəsə deyəcəyinə inanmaq olmurdu. O, bir qədər də gözlədi və kişinin danışıb qurtardığına əmin olandan sonra, soyuqqanlıqla yenidən onu bir qədər əvvəl ayırdıqları işə girişdi. Qadın şkafın üstünə yaxın, tavandakı lyukun qapağını kənara çəkib, qurşağadək ora girdi və dirsəkləri ilə özünə dayaq verərək, ayaqlarını naqolay şəkildə oynada-oynada yuxarı dırmaşmağa başladı. Ordan-burdan nazik tük kimi qum tökülməyə başladı. Kişi çardağda çox güman ki, qeyri-adi bir həşəratın yaşadığını fikirləşdi… Qum və çürümüş taxta… Amma yox, bəsdir, qeyri-adi olanlar həddindən artıqdır!
Sonra isə tavandan – gah ordan, gah da burdan – aşağıya doğru çoxlu qum çayı axmağa başladı. Qəribə idi ki, bu bol qum şəlaləsi çox səssiz tökülürdü. Bir göz qırpımında döşəməni örtən saman döşəklərin üstündə taxta tavanın bütün çatları, dəlmə – deşikləri ilə birlikdə barelyef kimi şəkli qaldı. Qum burnuna dolur, gözlərini yandırırdı. Kişi tələsik özünü bayıra atdı.
İlk əvvəl elə təəssürat yarandı ki, tonqalın içinə düşüb və artıq pəncələri əriməyə başlayıb. Lakin hardasa içində hətta belə istiyə də can verməyən silindrik buz parçası vardı. İçində xəcalət hissi qımıldandı. Bu qadın heyvan kimidir… Onun üçün dünən yoxdur, sabah yoxdur – bu günlə yaşayır… Qrifel lövhəsindən təbaşiri silən kimi, adamı da tərtəmiz silmək olar əminliyinın ağalıq etdiyi dünya. Adamın yuxusuna da girməzdi ki, bizim günlərdə hardasa belə vəhşilik yuvası hələ də qalıb.
Yaxşı… Əgər bunu, keçirdiyi sarsıntıdan sonra özünə gəlməsi kimi başa düşsək və hesab etsək ki, rahatlığı qayıdır, onda bu xəcalət hissi heç də pis deyil.
Amma boş yerə vaxt itirməyə dəyməz. Axşamadək bu işləri yekunlaşdırsa, pis olmaz. Gözlərini qıyıb, üzündə elə bil nazik pərdə olan ərimiş şüşəni xatırladan dalğalı qum divarının hündürlüyünü gözəyarı ölçdü. O, bu divara nə qədər çox baxırdısa, divar da elə bil ki, bir o qədər hündürləşirdi. Əlbəttə, təbiətin əksinə getmək və maili yamacı sıldırım etməyə səy göstərmək çətindir, lakin axı o, sıldırım yamacı maili etmək istəyir, vəssalam. Geri çəkilməyə elə də əsas yoxdur.
Ən yaxşısı yuxarıdan başlamaqdır. Lakin, bu mümkün olmadığından, aşağıdan qazmaqdan başqa çarə qalmır. Əvvəlcə o, aşağıdan nə qədər lazımdırsa qazar və yuxarıdan qumun uçmağını gözləyər, sonra yenidən aşağıdan qazar, sonra yenə yuxarıdan qum uçar… Bunu bir neçə dəfə təkrar etdikdən sonra, o, hər dəfə az da olsa hündürə qalxar və son nəticədə yuxarı çatar. Əlbəttə, onu uçqunlar gözləyir və qum axınları onu götürüb, aşağı ata bilər. Lakin bunu nə qədər axın adlandırsalar da, hər halda qum su deyil. Kiminsə qumda boğulduğunu hələ eşitməyib.
Bel bidonlarla birlikdə evin çöl divarının yanındaydı. İtilənmiş yarımdairəvi ağzı çini parçası tək parıldayırdı.
Bir müddət bütünlüklə işinə aludə olaraq dayanmadan qazdı. Qum axı çox yumşaqdır və iş çox qabağa gedirdi. Belin qumu gəmirən hər zərbəsi, onun hər dəfə köks ötürməsi vaxtı sayırdı. Lakin tezliklə qolları yorulduğunu daha tez - tez xatırlatmağa başladı. Ona elə gəlirdi ki, çoxdan qazır, amma nəticə nədənsə özünü göstərmirdi. Yalnız qazdığı yerin düz üstündə çox da iri olmayan yaprıxmış qum tikələri uçurdu. Bütün bunlar onun beynində cızdığı çox sadə həndəsi sxemlərdən köklü fərqlənirdi.
Həyəcanlanmaq hələ tez idi, dincəlməyə və dərənin modelini düzəldib, hesablamalarını yoxlamağa qərar verdi. Xoşbəxtlikdən, material nə qədər istəsəndir. O, evin üstündəki çıxıntının altında, kölgədə yer seçdi və əlli santimetr dərinliyində çala qazmağa başladı. Lakin nədənsə, dərənin divarlarını lazımi bucaq altında düzəltmək olmurdu. Ən çox – qırx beş dərəcə… yuxarıya qalxdıqca enlənən həvəngdəstə kimi.
O, dərənin dibini qazmağa cəhd edəndə divarlarından qum səpələnməyə başlayırdı, lakin yamacı dəyişməz qalırdı. Elə bil, qumun dəyişməz bucağı mövcud idi. Görünür qum dənəciklərinin çəkisi ilə müqaviməti proporsionaldır. Və əgər belədirsə, deməli, aşmaq istədiyi bu divar da həmin maililik dərəcəsinə malikdir.
Yox, ola bilməz… Bu ancaq göz yanlışı ola bilər, amma yox, belə olmur axı… Aşağıdan hansı yamaca baxırsansa bax, o, həqiqətdə olduğundan sıldırımlı görünür.
Bəlkə, bütün bunları kəmiyyət məsələsi kimi araşdırmaq lazımdır?.. Əgər kəmiyyət fərqi varsa, təbiidir ki, təzyiq fərqi də var. Əgər təzyiq fərqi varsa, onda çəki və müqavimətin proporsiyasının dəyişilməsi də qaçılmazdır. Mümkündür ki, burada qumun quruluşu da əhəmiyyət kəsb edir. Məsələn, götürək elə qırmızı gilin özünü. Təbii halda olan qırmızı gil və hasilatdan sonrakı qırmızı gil təzyiqə müxtəlif müqavimət həcminə malikdirlər. Üstəlik nəmliyi də nəzərə almaq lazımdır… Beləliklə, bu model tamamilə başqa qanunlara tabe ola bilər, nəinki təbii dərənin özü.
Lakin buna baxmayaraq, təcrübə səmərəsiz ötüşmədi. O, anladı ki, divar yamacının bucağı qeyri-adi sabitdir, - təkcə bu bilginin özü nəyə desən dəyərdi. Və ümumiyyətlə, qeyri – adi sabitliyi adi sabitliyə çevirmək çox da çətin məsələ deyil.
Həddən artıq doymuş məhlulu bir balaca çalxalamaq kifayətdir ki, kristallar yığılsın və o,adi doymuş məhlula çevrilsin.
Birdən kiminsə yanında dayandığını hiss edib, arxaya döndü. Qadın qapının yanında dayanmışdı və diqqətlə ona baxırdı. O, qadının nə vaxt çölə çıxdığını eşitməmişdi belə. Cinayət başında tutulubmuş kimi, özünü itirib, çaşqın-çaşqın baxa-baxa geri çəkildi. Məhz elə bu an da o, arxa tərəfdə, qum yarğanının şərq tərəfdəki kənarında üç nəfərin aşağı baxan başını gördü. Onlar kənarı sifətlərinin aşağı hissəsini örtən yaylıqlara bürünmüşdülər və buna görə də dünənki qocalar olub-olmadıqlarına əmin deyildi. Deyəsən, elə onlar idi. Kişi bir anlığa çaşdı, lakin elə o an da özünə gəlib, baxanlara əhəmiyyət vermədən işinə davam etməyə qərar verdi. Ona göz qoymaları hətta bir qızışdırdı da.
Tər burnunun ucundan damır, gözlərinə axırdı. Tərini silməyə də vaxtı yox idi və o, gözüyumulu qazmağa davam edirdi. Bir an da olsa, qollarına dinclik verməməlidir. Onlar onun necə cəld işlədiyini görüb, nə qədər küt, alçaq olduqlarını başa düşəcəklər.
Saatına baxdı. Şüşəsindəki qumu şalvarına sildi. Hələ cəmi üçə on dəqiqə işləmişdi. Bir qədər əvvəl, axırıncı dəfə saatına baxanda olduğu kimi, hələ də üçə on dəqiqə işləmişdi. Onun öz cəldliyinə olan inamı o dəqiqə itdi. Əgər ilbizin gözü ilə baxsaq, yəqin ki, günəş beysbol topu sürətilə hərəkət edir. O, beli qapıb, yenidən qum divarın üstünə döşəndi.
Qəfildən qum uçqunu qopub, aşağı yönəldi. Küt səs eşidildi, elə bil yerə rezin düşdü və nəsə ağır bir şey sinəsinə endi. Nə baş verdiyini anlamaq üçün başını qaldırıb, yuxarı baxdı, lakin heç cür yuxarının harda olduğunu müəyyənləşdirə bilmədi. O, ikiqat olub öz qusuntusunda uzanmış, ətrafa isə nəsə başqa cür - sönük, süd kimi rəng yayılmışdı.

(ardı gələn sayımızda)

Ruscadan çevirən: Balaxan Nəzərov