Alatoran_header  
Ədəbi tənqid > Saçları dağınıq, şalvarı düşük
Bu səfər şair və yazıçılarımızın başqa bir mərəzi haqqında danışmaq istəyirəm. Bu mərəzi ifadə etmək üçün dilimizdə yaxşı bir söz var : Yekəxanəlik. Lakin daha detaylı təsəvvür əldə etməniz üçün onun simptomlarını açıqlayım: böyük şeylərdən danışıb böyük görünmək, boş qab gumb edər misalı hər zaman gurultulu mövzulardan danışmaq, özünün adi insan olmadığını nəzərə çarpdırmaq üçün ilahi, ruhani dəryalara dalmaq, göyüzündəlik, ayağıyerdənqopuqluq, yalançı elitarlıq və s. yekəxanəliyin təzahürləridir.
Kərküklərdə bir deyim var, qorxaq adam qəhrəmanlıqdan danışanda deyərlər : «Filankəs Koroğludan deyir». Bizim, bir qayda olaraq, ülviyyətdən, yüksək materiyadan, əlçatmaz mövzulardan, insan və Vətən sevgisindən… yazan yazıçı və şairlərimiz açıq-aşkar «böyük şeylərdən danışıb böyük görünmək» azarına mübtəladırlar.
Skalpelə əl atmadan əvvəl bir haşiyə çıxalım. Yazıçılıq sənəti incə sənət sayılır, o həyəcanlanmaq və həyəcanlandırmaq üzərində bir fəaliyyətlə məşğuldur, hisslər, emosiyalar və affektlər onun əmək vasitələridir. Bu mənada, yazıçı qeyri səmimi olduğu, yalan danışmağa başladığı andan öz əsas təyinatından çıxır, artıq heç kəsi həyəcanlandırmır, nəticədə oxucular tərəfindən tərk edilir. Çünki, əsl hisslərlə oyunbazlıq bir arada ola bilməz, zira oyunbazlıq beynin məhsuludur, həyəcanlardan məhrumdur.
Məşhur bir deyim var : «Ya olduğun kimi görün, ya da göründüyün kimi ol». Bu məsəl bizim şairlərə aid deyil – onlar olduqları kimi görünməyi sevmirlər, göründükləri kimi isə olmağı bacarmırlar. Xarakterik bir misal çəkmək istəyirəm. Ədəbiyyat kuluarlarında hamının bildiyi bir lətifə dolaşır, Adil Mirseyidin Sena sahillərində oturub Elçin Əfəndiyevə məktub yazması haqqında.

parisdə bir körpü altında
oturmuşam bu gecə
sena çayı təzəcə əridilmiş
qurğuşun kimi axır
bu gün parisdə talesiz bir türk şairi olmaq
çox zor çox ağır
müsyo adil deyir mənə parisin səfilləri…

        «E. Əfəndiyevə «Paris məktubları» şerindən

Olduğu kimi görünməməyə aid bu misal, təbii ki, Adilin istedadına kölgə salmaq üçün deyil, söhbətə qədəm basmaq üçündür. Real olanların üstündəlik, bohem həyatı sürürmüş kimi pərdələr asmaq, beşmərtəbəli evin altıncı mərtəbəsində aşayırmış kimi görünmək çağdaş ədəbiyyatımızda adi bir mənzərədir.
Vaqif Səmədoğludan gətirdiyimiz aşağıdakı misala diqqət yetirin:

Mən sənin yuxularına
Uzaq, lap uzaq
Ya tropik, ya buz bağlamış
Torpaqlarda girmək istəyirəm.
Mən səhər tezdən,
Saat təxminən dörddə
Girmək istəyirəm yuxuna.
Taiti adalarından
Balıqçı qayıqları
Okeana çıxan vaxt…

Texniki imkanları etibarilə bu şer parçası özünəqədərki təcrübədən bir boy yuxarıdır : 1. vizual elementlər üstünlük təşkil edir, 2. Ən müasir estetika tələblərinə uyğun olaraq şerdə konkretliyə varır – «saat təxminən dörddə girmək istəyirəm yuxuna», «Taiti adalarından balıqçı qayıqları okeana çıxan vaxt…» – hadisənin baş verdiyi saatı və yeri göstərir. Bu cürə ifadə yöntəmlərinin Qərb ədəbiyyatında əsaslı şəkildə yayıldığı məlumdur. Konkretlik bədii əsərin vazkeçilməz bir ünsürü olmalıdır. Hətta bu şerdə, məsələn, hansı balıqçıların hansı qayıqları hansı okeana çıxardıqları adba-ad göstərilsəydi daha təsirli olardı.
Lakin diqqətinizi cəlb etmək istədiyim məqam bunlar deyil.
Şairin səmimiyyətini yarıba-yarı azaldan (hərçənd yarısəmimiyyət olmur), onun Adil Mirseyid Parisdən danışdığı sayaq tropik torpaqlardan, Taiti adalarından danışmasıdır. Bəlkə də şair «sənin yuxuna girmək istəyirəm Artyom adasında» desəydi bu daha inandırıcı və təsirli görünərdi, böyük şeylərdən danışıb böyük görünmək istəməsiylə oxucuda ikrah doğurmazdı.
Bu yaxınlarda Əkrəm Əylislinin «Əylisdən Əylisəcən» adlı kitabını oxumağa başladım. Kitab ilk səhifələrdəncə müəllifin tanınmış rus yazıçıları və Yuri Qaqarinlə birgə Şoloxovun görüşünə getmələrinin təsviri ilə başlayırdı, bu yazıçılarla Əkrəmin nə cürə içli-dışlı olmaları, məsələn, Oljas Süleymanovla bir otaqda yatması təfərrüatları onun AYB-dəki yazıçı dostları ilə aralarında yaşanan ziddiyyətlərə müqabil bir yandı-qındı səbəbi ilə qələmə alındığı təsiri bağışlayırdı, sətiraltı mənası çox bariz idi, sanki Anara, Fikrət Qocaya və Ramiz Rövşənə üz tutub «siz kimsiniz ki, baxın görün mən kimlərlə oturub-durmuşam» deyirdi. Lakin, oxucu Əkrəm Əylisli kimi qələm ustasından öz intriqalarının dolayı cavabını deyil, məhz oxucuların içərisində bulunduqları ziddiyyətlərin yazılmasını istəyir.
Öz personasını idealizə edən, hər zaman müsbət qəhrəman olub qalan, heç zaman yanılmayan və yeganə haqq sahibi bizim yazıçıların sanki tək bir qayəsi var : «Mən seçilmişəm, sizin əlçatmadığınız göylərdəyəm.» böyük şeylrədən yazıb böyük görünmək arzusu şairlər arasında «Allah» mövzusunu bu qədər aktual edib. Az qala hər şair Allaha daha yaxın olduğu iddiasındadır. Ona elə gəlir ki, Allahı hamıdan daha yaxşı «başa düşür» və ona özəl münasibət bəsləyir, yeni gəlsə, küfrə belə haqqı var.
Şairin, öz həmvətənlərinin hələm-hələm gedib çıxa bilmədiyi Taiti adalarından söz açıb təşəxxüs satması və a Rusiyanın tanınmış yazıçıları ilə fotoşəkil çəkdirib yenə öz həmvətənlərinə pont yapması o qədər də böyük faciə deyil, burada onlar özlərini bəraət üçün doğrudan da söz tapa bilərlər. Lakin, Allahla «fotoşəkil» çəkdirmək, yəni Allahdan danışıb böyük görünmək arzusu şizofreniya bərəltisi deyilsə bəs nədir ?
Şairin öz poetik nəfəsini daim major notlar üzərində kökləməsi onu gec-tez, sözün birbaşa və məcazi mənasında, havalandırır, ayaqlarını yerdən üzür, canlı həyatdan və insanlardan ayırır, tənhalığın hörümçək torunda həbs edir və günlərin bir günü Bakının küçələrində saçları dağınıq, şalvarı düşük şair tipi ilə qarşılaşanda əsla təəccüblənmirik.

21 fevral 2003, Alatoran