Alatoran_header  
Ədəbi tənqid > Ədəbi xronika
***

Cavanşir Yusifli «İndi nədən, kimdən deyək?» adlı məqaləsində ədəbiyyatımızdakı «ümumi vəziyyətin ölgünlüyünü» və «onu nəyin bahasına olursa olsun, illər boyu bir yerdə saydığı nöqtədən tərpətmək cəhdinin təqdirə layiq olmasından» söz açıb. Cavnşir Yusifli bu cümləsi ilə AYO-nun fəaliyyətini müsbət qiymətləndirib, AYB-ni nəyin bahasına olursa olsun yerindən tərpətmək zərurətini vurğulayıb. Məqaləsinin bir yerində (5-ci sütun, 1-ci abzas) yaşlı nəsildən olan yazıçılar haqqında kəskin fikirlər söyləyib: «Qocalara gəldikdə isə mən anadan olub özümü anlayandan onları qoca görmüşəm. Onların şerlərinə və ümumən yazdıqlarına baxanda, ağla ilkin o gəlir ki, ilahi, dili də belə qəfəsə salıb bağrını çatdatmaq olarmı?»
Gənc tənqidçi özü haqqında da amansız həqiqəti ifadə etməkdən çəkinməyib: «Bir neçə illərdir (gərçi «bir neçə illərdir» ifadəsi qrammatikaya uyğun deyil – R. Q.) səhv bir yol tutub gedirik; bütöv, canlı prosesdən heç kəs heç nə yazmır, onun fraqmentlərindən, özü də… ədəbiyyata dəxli olmayan şəkildə yazırıq. Beləcə predmetsiz yazılar baş alıb gedir…»

***

İntiqam Qasımzadə «Azərbaycan» jurnalının yubileyi ilə bağlı «Exo» qəzetinə verdiyi bir müsahibədə ölkəmizin rusdilli əhalisinə son illərdə ədəbiyyatımızda hadisə sayılacaq əsərlərin meydana gəlmədiyini söyləyib. Bununla redaktoru olduğu jurnalın aşağı səviyyədə çıxmasını ört-basdır etməyə, özünün heç bir şey yazmamasından diqqətləri yayındırmağa («mən yazmıram, doğrudur, ancaq başqaları da elə yazır ki, yazmasalar ondan yaxşıdır») çalışdığı göz qabağındadır. Görünür, İ. Qasımzadə şüuraltı «yaza bilməmək» fobisi onda «ədəbiyyatda hadisəsizlik» kompleksi yaradıb. Hadisə olsa belə İntiqam onu görməyəcək, görmək istəməyəcək. Əcəba, redaktoru olduğu jurnalda dərc olunan Sabir Əhmədli və Seyran Səxavət kimi yazıçıların əsərlərinin əsl dəyərini İntiqam müəllim nə üçün azaldır, bununla o, kimdən intiqam alır?
Yubiley günlərində, jurnalın ədəbi prosesin aynası olması haqqında bol-bol danışıldı. Ancaq bu nə cür aynadır ki, bu gün yazıçılar mühitini bürümüş mübahisələr jurnalda öz əksini tapmır? Və yaxud, 60-cıların düşdüyü yaradıcılıq böhranı haqında bir dəfə də olsun jurnal səhifələrində söhbət açılmayıb.
Ən qəribəsi (gülməlisi? Dəhşətlisi?) – Azərbaycan dövlətini jurnalın, dolayısilə Yazıçılar Birliyinin qondarma fəaliyyəti qane edir, bu cür fəaliyyətə görə adlar verir, vəsait ayırır, yəni İntiqam müəllimin dediyi həmin o «hadisəsizliyi» qiymətləndirir.

***

Dəyanət Osmanlı «Cəfəngiyyat ubrunda zəhmət» adlı məqaləsi ilə Yazıçılar Birliyinin ədəbi tənqid qanadına gurpəlləzinə öir zərbə vurdu. Vaqif Yusiflini «dəftərxana mirzəsi» adlandırdı, onu ədəbi nəsillər arasında təfriqə salmaqda ittiham etdi. Vaqif Yusifli bu səfər özü haqında ittihamları cavabsız buraxmadı.

***

Tehran Əlişanoğlu «Yenisi nədir?» sualına nəhayət ki cavab verdi. Sən demə bu bir ədəbi «marka» imiş. Gərçi insanın özü özünü «marka» adlandırması bir az gülməlidir, ələlxüsus, əgər söz bazarında sənin yazdıqlarına tələb yoxdursa.
Lakin Tehran müəllimə bunu bağışlamaq olar, çünki o, heç olmasa nələrsə etmək istəyir, yalandan-dolandan bir cürə görünməyə can atır.
Sən demə «Yenisi»nin təməli «Press-fakt» qəzetində qoyulub, guya «bütöv bir nəsil azad sərbəst, müstəqil düşünə bilən peşəkarlar sırasının formalaşmasında iştirak edib,» ancaq nədənsə T. Əlişanoğlu özü də bir türlü, müstəqil düşüncəyə yiyələnə bilməyib, yazdığı cümlələrin altına hər zaman Yazıçılar Birliyinin xətkeşini qoyub.
Tehranın yazdığına görə, yeni ədəbiyyat adına nə varsa hamısını ilk dəfə «Yenisi» gətirib, bir sözlə «Yenisi» çox fırtınalar əsdirib (ancaq nəyə görəsə heç bir yarpaq tərpənməyib).
Tehran 60-cılar haqqında çox yazdığına görə onların özündənmüştəbehlik xəstəliyinə yoluxub. Birər istedadlı yazıçılar – Məqsəd Nuru, Rövşənini, Aydın Talıbzadəni və özünü olduqlarından bir boy yüksək göstərməklə Tehran Əlişanoğlu Yenisi – oxucu təmasına sədəmə yetirir, nəticədə «Yenisi» «Köhnəsi»nə çevrilir. Diqqət edin, 60-cılar da oldukqlarından yüksəkdə görünmək istədiklərinə görə bu gün iflasa uğrayıblar.
Bu aqibət «Yenisi»ni də gözləyir.