Alatoran_header  
Ədəbi tənqid > Təcrübənin toplanmadığı yerdə
«Yeni Azərbaycan» qəzetinin 2 fevral sayında fizika-riyaziyyat elmləri namizədi, şair Əhməd Qəşəmoğlu ilə geniş müsahibə dərc olunub. Müsahibənin təkcə adı sual işarəti qığılcımları doğurur : «Qərb mədəniyyətinin mahiyyətində bir təcavüzkarlıq vardır.» Müsahibənin mətnindən isə aydın olduğuna görə, guya «Qərb mədəniyyəti formasında Allahdan, günəşdən əvvəl Şərqlinin təzyiqini hiss edib… ona görə də Qərb mədəniyyətinin mahiyyətində Şərqə qarşı bir kin qanadı da mövcuddur».
Bu sözləri deyən adam, eyni zamanda Azərbaycan-Hollandiya dostluq cəmiyyətinin sədridir, yəni Avropa dəyərlərinə səndən, məndən daha yaxın bir insan olmalıdır. Lakin Əhməd müəllim özünün küt mülahizələr qılıncı ilə Avropanın təpəsinə-təpəsinə döşəyir, «mənəviyyat baxımından biz Qərbdən çox-çox üstünük» deyir. Ə. Qəşəmoğlu bilməmiş deyil: Qərbli təbiyyətdə və cəmiyyətdə təkamül qanunlarının hökm sürdüyünün fərqinə bizdən daha erkən varıb, bəşər təcrübəsinin toplanması ideyasına sadiq qalan qərblilər bizdən fərqli olaraq bu işi bu gün də davam etdirirlər və bütün (!) sahələr zrə bizi ən az 100 il qabaqlayırlar. Zira, mədəniyyət təcrübənin toplanması deməkdir. Əhməd Qəşəmoğlu kifsəmiş, qoturlaşmış və çopurlaşmış Şərq mədəniyyətini hələ də üstün bir şey hesab edir və «Qərbin özü özünün etdiklərindən iyrənir» deyə yalançı bir toxum səpir, qondarma vtənpərvərlərin «bizim hər şeyimiz var, biz hamıdan üstünük» bəlağətinə öz müsahibəsində dəstək verir, dolayısı ilə mədəniyyətimizin bir addım daha yerində saymasına «hə» deyir.
Özünün topdan mülahizələri ilə Qərbdən vurub Şərqdən çıxan hörmətli Ə. Qəşəmoğlu ədəbi prosesdə yaranmış qarşıdurmaya öz yüksək münasibətini bildirərək deyir : «Mənə elə gəlir ki, bütün yazıçılar, eləcə də gənc yazıçılar AYB-ni necə gəldi pisləmək əvəzinə onun müasir tələblər baxımından necə fəaliyyət göstərməli olduğunu müzakirə etməli, AYB-nin uğurlu fəaliyyət göstərməsi üçün layihələr üzərində işləməlidirlər».
Əlbəttə, məlidirlər, malıdırlar demək işin ən asan tərəfidir. Məsələ burasındadır ki, AYB bir təşkilat olaraq özünü islahatlara qapayıb, köhnə tərzdə «fəaliyyət» göstərmək yolunu tutub. Yazıçılar Birliyinin də üzvü olduğuna görə Əhməd Qəşəmoğlu buyursun, haqqında bəhs etdiyi layihələri AYB-yə təklif etsin və sonra müsahibəsində söylədiklərini bir daha gözdən keçirtsin. Hətta, özünün dediyi kimi, bu layihələri hökumətə də təqdim etsin. Bu sayaq təşəbbüslərin AYB rəhbərliyi və hökumət orqanları tərəfindən nə cür qarşılandığını öz gözləri ilə görsün.
Əhməd Qəşəmoğlunun müsahibəsində daha bir ziddiyyətli məqam postmodern estetik təmayülünə qarşı çıxış etməsidir. Bir yerdə «yazıçılarımızın dünyadakı qabaqcıl dünyagörüşün əsas mahiyyətini ifadə edən fəlsəfi cərəyanlar barədə lazımi məlumata malik olmamasını» qeyd edən alim, başqa bir yerdə postmodernizmi «iflasa uğramaqda olan cərəyan» adlandırır. Halbuki, postmodernizm özünə yeni-yeni üfüqlər qazanmaqdadır.

Ras!m