Alatoran_header  
Ədəbi tənqid > Canfəşanlıq
Elçin Əfəndiyevin «Ədəbi proses: olum ya ölüm» məqaləsi haqqında

Sizə təqdim etdiyim bu məqalə 11 il əvvəl, 1991-ci ildə yazılıb.
Həmin ilin 4 oktyabrında yazıçı Elçin «Ədəbiyyat qəzeti»ndə «Ədəbi proses: olum ya ölüm» adlı bir məqalə ilə çıxış etmişdi. İndi «525-ci qəzet»də dərc elətdirdiyi silsilə məqalələrdə olduğu sayaq guya ədəbi prosesi canlandırmaq məqsədilə problemi müxtəlif rakurslardan ələ alır, «cözüm yolları»nı axtarırdı. Qeyd edim ki, ondan əvvəl Elçin yazıçıların IX qurultayında ədbi prosesin durğunluğu haqqında özünün kəskin narahatlığını ifadə etmişdi.
Nədənsə tam 11 illik fasilədən sonra öz sevimli yarasına qayıdan Elçin bəyin bu səfərki məqalələr silsiləsi («Müasir dövrdə Azərbaycan ədəbi tənqidinin yaradıcılıq problemləri», «525-ci qəzet», noyabr 2002) öz ruhu və ard niyyətləri etibarilə 91-ci ildəki həmən o publikasiyalara çox bənzəyirdi.
Dolayısı ilə, nə qədər gecikmiş olsa da, o vaxt dərc etdirə bilmədiyim (müraciət etdiyim qəzet redaksiyaları Elçin haqqında tənqidi məqalə dərc etməkdən boyun qaçırmışdılar) polemik yazı Elçin müəllimin müzakirəyə çıxardığı yeni məqalələr silsiləsi ilə aktuallıq qazandı. Buna görə də onu «Alatoran»ın oxucularına təqdim etməkdə bir qəbahət görmürəm.

R. Q.

azıçılar Birliyinin IX qurultayındakı çıxışında yeganə olaraq ədəbi proses haqqında məsələ qaldıran və sözü qulaqardına vurulan yazıçı Elçin bir neçə aylıq sükutdan sonra nəhayət öz yaralı mövzusuna qayıdaraq ədəbi ictimaiyyət qarşısında xüsusi məruzə ilə çıxış edib və bu çıxışın mətni qəzetlərdə dərc olunub.
Yazıçı Elçini narahat edən və neçə aydan bəri ürəyini deşən fikirlər nədən ibarətdir: «…Bu gün Azərbaycan ədəbi prosesi… tam durğunluq içərisindədir». Bu qəbildən olan mülahizələr sırasında məqalə müəllifi 70-ci illərin ədəbi prosesini həsrətlə yad edir, guya həmin döavrdə ədəbi proses xeyli canlı və maraqlı imiş. Hətta bu günkü inqilabi dövrün yaranmasında, sən demə «məhz yetmişinci illərin əvvəllərinin ədəbi prosesi, yazıçı sözü az iş görməmişdir və bunu unutmaq olmaz,… ona görə ki inkişaf təbii axarından çıxar»(??).
Müəllif öz məruzəsinə fəlsəfi boyalar vurur, universal savadını bütün tərəflərdən nümayiş etdirir: «Böyük Ədəbiyyatın ən böyük müttəfiqi Azadlıqdır və bu gün insan və Millət azadlığını deyə bilmərəm, amma beş il bundan əvvəlkinə nisbətən Söz azadlığı göz qarşısındadır.»
Qəribə məntiqdir, deyilmi, - insan və millət azadlığı olmayan yerdə söz azadlığı necə olur? Və bunun ardınca məruzəçi ortaya maraqlı bir sual atır: «O sözün təəssübünü çəkməli olan ədəbi proses nə üçün bu qədər acınacaqlı, məlul vəziyyətdədir və nə üçün bu heç kimi narahat etmir? Bu işlə məşğul olmalı təşkilatlar və mətbuat orqanları, ədəbi ictimaiyyət isə özünü elə aparır, elə bil ədəbi prosesin bu vəziyyətə düşməsinin onlara dəxli yoxdur…» Lakin, həmin suallara cavab verməyə və konkretliyə varmağa azacıq da olsa cəhd göstərilmir, əvəzində ümumi sözlər və cümləpərdazlıq baş alıb gedir. Konkret olaraq Yazıçılar Birliyinin sədrinin və idarə heyətinin üzvlərinin passivliyi və mühavizəkar mövqeyi haqqında bir kəlmə də deyilmir.
Mənəvi sərvət olmadan Azadlığın və Müstəqilliyin tam mənzərəsini təsəvvür edə bilməyən yazıçı cəsarətli bir fraza buraxır: «Mənəvi sərvətə isə qiyməti ədəbi proses verməlidir.» Görəsən nə üçün mənəvi sərvətə qiyməti ədəbi proses verməlidir və Elçin müəllimin dilində bu damdabaca «ədəbi proses» kəlməsi nəmənə şeydir?
Öz məruzəsində xalq hərəkatında ədəbiyyatın inkişafına gen-bol bəlağətli cümlələr həsr etmiş yazıçı Elçin görəsən özünü hansı əsəri ilə xalq hərəkatının tərkib hissəsinə qatılmış hesab edir və inqilabi dövrün yaranmasında yetmişinci illərin yazıçı sözünün az iş görmədiyindən bəhs edərkən özünün hansı xidmətini nəzərdə tutur? Məruzəsində antiədəbiyatdan, ədəbi nomenklaturadan, habelə «günahı boynuna almaq» işindən danışan yazıçı, aydın məsələdir ki, özünə kənar müşahidəçi gözü ilə baxır. Əvəzində isə sovet ədəbiyyatının nədən təmizlənməli olduğu haqqında öyüd-nəsihət verir: «Mən bu sözləri keçmiş zamanda yazıram, lakin onlar bir qədər az, bir qədər çox dərəcədə yenə də bizimçün səciyyəvidir və sovet ədəbiyyatı(?!) bax, bu cür nüfuzdan təmizlənməlidir.»
Elə buradaca, deyəsən, xoruzun quyruğu görünür. Məruzəçinin simasında sovet ədəbiyyatı qazanında bişmiş, öz dili ilə desək, «ədəbi nomenklatura» nümayəndələrinin nə üçün canfəşanlıq etdiklərinin səbəbi aydın olur. Və kəlməbaşı «xalq hərəkatı», «azadlıq», «müstəqillik» kimi ifadələriə istinad edilməsi, sən demə, təsadüfi deyilmiş.
«Pavlik Morozov qəhrəman yox, satqındır – sovet ədəbiyyatı bunu deməyi bacarmalıdır.» Görəsən nə üçün bunu məhz sovet ədəbiyyatı deməlidir və Pavlik Morozovun Azərbaycan ədəbiyyatına və olum ya ölüm həddinə çatmış Azərbaycan ədəbi prosesinə nə dəxli var?
Görünür, müəllifin fikrincə, sovet ədəbiyyatı hələ də yaşamaqda davam edir və onun bundan sonra da yaşayacağı şübhəsizdir. Nədənsə azıçının bu inamı onun «Gələcək qələbəmiz» inamı ilə bir araya sığmır.
Elçin Əfəndiyevin köhnə vərdişlərindən, üslub və ifadələrindən əl çəkə bilməməsi ən yaxşı halda təəssüf doğurur, ən pis halda isə məruzənin bəzi yerlərinin köhnə jurnallardan köçürüldüyünə şübhə edirsən.
«Ədəbiyyatın yaranmasında əsas faktor dildir» - deyən yazıçı yenə də ciddi səhvə yol verir. Ədəbiyyat mənəviyyata xidmət etdiyi üçün onun yaranmasında əsas faktor mənəviyyatdır. (Yeri gəlmişkən, Elçinin əsərləri ən yaxşı halda dil materialıdır). Məruzəçinin fikrincə Bulqakov, Platonov rus dilində yazdıqlarına görə rus yazıçısı, Hüseyn Cavid Azərbaycan dilində yazdığı üçün Azərbaycan yazıçısıdır və s. Lakin əksinə, onlar mənsub olduqları xalqın mənəviyyatını ifadə etdiklərinə görə həmin xalqın yazıçısı hesab olunurlar. Halbuki, Azərbaycan dilində əsrlər yazıb, məsələn, rus xalqına mənsub olmaq mümkündr. Bizdə bu cürə yazıçılar saysız-hesabsızdır, misal üçün çox da uzağa getmək lazım deyil…
Elçin Əfəndiyevin məruzəsinin kulminasiya nöqtəsi Nəriman Nərimanova münasibət məsələsidir. Bayaqdan «mus-mus» deyən yazıçı nəhayət burada «Mustafa» deyir. Sən demə, N. Nərimanov faciə qəhrəmanı imiş (hər halda «qəhrəman» imiş) və o, gələcək Rəsulzadənin müttəfiqi olacaqdı(?). özü də N. Nərimanovu «ifşa etməkdən ləzzət almaq yox, ona yanmaq, acımaq lazımdır.»
Sizcə məruzəçi nəyə görə məhz N. Nərimanov məsələsi üzərində xüsusi olaraq dayanır? ( Həmin abzasları yazarkən müəllifin ilhama gəldiyi və daha dəqiq ifadələr tapdığı açıq-aşkar hiss olunur). Bu suala cavab tapmaqdan ötrü gəlin sadə bir paralel aparaq – Elçin və onun mənsub olduğu ədəbi nəslin taleyi ilə N. Nərimanovun taleyini müqayisə edək. Hər iki tərəf «səhv etmiş, lakin öz səhvini başa düşmüşlər» qəbiləsindəndir. Məmməd Əmin məfkurəsinin bu gün-sabah tam qələbə çalacağı və koloniya ədəbiyyatı nümayəndələrindən də öz növbəsində haqq-hesab tələb olunacağı təhlükəsini duyan «səhv edib günahlarını dərk etmişlər» özlərinə qarşı mərhəmətli münasibət umurlar: «Mənə elə gəlir ki, Nərimanova «üzrü günahından betər!» prinsipi ilə münasibət bəsləmək olmaz, çünki onun üzrü günahından betər deyildi, mənəvi sarsıntısının səsi idi, fəryad idi və mənim başa düşdüyüm dərəcədə o fəryada mərhəmətlə yanaşmaq lazımdır.»
Məruzəçinin narahatlığı son abzasların birində açıq-aşkar öz əksini tapır: «Biz ayrı-ayrı ədiblərimizdən… intiqam almaq ehtirası ilə yanmamalıyıq, onları başa düşməyə, hiss etməyə çalışa-çalışa, yaşadıqları zamanın kontekstindən çıxmayaraq (!) … tənqid etməyi bacarmalıyıq.»
Əslində məruzəçi «olum ya ölüm» qarşısında qalmış Azərbaycan ədəbi prosesini böhrandan çıxarmaq üçün heç bir təklif irəli sürmür, görünür bu böhranı aradan götürmək ona heç lazım da deyil. Belə məlum olur ki, yazıçını Azərbaycan ədəbiyyatının taleyindən daha çox öz taleyi düşündürür və narahat edir…
Mən başdan-başa obrazlı bir dildə yazılmış məruzə haqqındakı qeydlərimi, öz növbəmdə obrazlı bir cümlə ilə bitirmək istəyirəm: N. Nərimanov öz səhvini nə qədər dərindən dərk etsə də, o, Məmməd Əminlə ortaq bir məxrəcdə dayana bilməz və N. Nərimanov davamçıları əsrimizin Səyavuşunun yolundan nə qədər çabuk qaçsalar bir o qədər öz səhvlərini başa düşmüş kimi görünərlər və bağışlanmağa layiq olarlar.

1991-ci il, 3 dekabr