Alatoran_header  
Ədəbi tənqid > Zəmanəyə sığmaq
«Siz qocalmadınız,
sadəcə köhnəldiniz»
                    R.Qaraca

Tənqidçi Kamil Vəli Nərimanoğlu «Yeni Azərbaycan» qəzetinə verdiyi bir müsahibədə (23.08.2002) yazır: «Gənclərə demək istəyirəm ki, böyük ədəbiyyatın mübarizəsi Anarla müharibə ilə ölçülmür (görünür həm də Kamil Vəli Nərimanoğlu kimilərlə müharibə ilə ölçülür – İ.D.). Sən gərək «Ağ liman»dan, «Qətl günü»ndən, «Tənha narın nağılı»ndan, «İlan balası» şerindən yaxşısını yazasan ki, bu təbii seçimdə səninki ya seçilsin, ya da bunların içindən boy verib görsənəsən…»
Kamil müəllim özünün intellektual müsahibəsində bütün həyatını həsr etdiyi 60-cılar ədəbi nəsli haqqında bu səfər də gen-bol danışır, 60-cı illəri ədəbiyyatımızın yeganə ağ günə çıxdığı illər hesab edir.
Hər şeydən görünür ki, artıq özünü siyasətə həsr etmiş (elə ədəbiyyatla da siyasi karyera qazanmaq məqsədi ilə məşğul olmuş-ki, Azərbaycanda hamı belə edir) müəllif «70-ci illərdə ədəbi tənqiddən (guya) ictimai siyasi fikirlərini ifadə etmək üçün istiadə etdiyini» yazır, onun müstəqillik dövrü yazarları haqqında qələm işlətdiyini bu çağa qədər görən olmasa da, özünü ədəbiyyatın metri kimi aparır, sağa-sla hökmlər verir, çağdaş meyarlarla orta səviyənin çox aşağılarında qalan «İlan balası» şerini oxuculara sırışdırır.
Müəllifin müstəqillik dövrü yazarlarının əsərlrindən xəbərsiz olduğu bu müsahibədə ortaya çıxıb. Nə qədər yüksək materiadan danışsa da, «öz zəmanəsinə sığmayan insan, böyük yazıçı, böyük şairdir» desə də təəssüf, özünü zorən anarların, əkrəmlərin, ramizrövşənlərin dar zamanına sığdırmış kimi görünür bu müsahibəsində Kamil Vəli Nərimanoğlu, xalqımızın düşünən nadir bir övladı olması etibarilə sovet ədəbiyatı dövrünü bu tərəfə aşa bilmir, bizimlə bir sırada dayanmağı bacarmır.

İradə Dəstərxanlı