Alatoran_header  
Ədəbi tənqid > Mübarizə bu gün də var...

1988-ci ildə "Gənclik" jurnalı 70 min tirajla dərc olunurdu. Jurnalın nəzdində fəaliyyət göstərən Ədəbi Birliyin məşğələlərində bir il ərzində jurnal səhifələrində dərc olunmuş şerlərin müzakirəsi keçiriləcəkdi. Bu mövzuda məruzə etmək mənə həvalə olunmuşdu. O vaxt həmin müzakirə nədənsə baş tutmadı. Hazırlamış olduğum məruzə isə, "bolşevik əhval-ruhiyyəli" olduğuna görə dərc olunmadı.
Hər halda maraqlı olacağı düşüncəsi ilə onu oxuculara təqdim edirəm.
R.Qaraca


Bir il ərzində "Gənclik" jurnalında çap olunmuş şerlər haqqında ümumi bir rəy söyləmək lazım gəlsə, ilk növbədə həmin şerlərin Azərbaycan ədəbi prosesində gəncliyə məxsus olan aparıcı, avanqard rol oynamadığı deyilməlidir. Aydın bir həqiəqtdir ki, hər bir şair ədəbi prosesdə öz yerini bilməlidir. Belə olmadıqda - yəni ədəbi prosesdə öz yerini bilmədikdə, bilmək də istəmədikdə, nəzəriyyə ilə məşğul olmadıqda, öz yazdıqlarını elmi cəhətdən əsaslandırmadıqda, yalnız öz istedadına və Allah vergisinə arxalanıb meydana atıldıqda müvəffəqiyyətsizlik qaçılmaz olur. "Gənclik" jurnalının bir il ərzində təqdim etdiyi şerlər isə Azərbaycan müasir şerinin 60-cı illər sərhəddini heç vəchlə aşa bilmir. Köhnəlik təqdim olunan şerlərin obrazlar sistemində özünü daha aşkar göstərir: "qara daş", "sovqatsız əllər", "güman çöpü", "ağ atlı oğlan", "sehirli alma", "gül sevgilər", "tənha cığır", "imkansız illər", "payızda əsgər gedən kəndçi uşaqlar", "taleyin döngəsi", "ürəyin qapısı", "xınalı yarpaq" və s. kimi obrazlar 60-cı illər şerinin bağçasından götürülüb. Ayrı-ayrı misralarda da biz gənc müəlliflərin köhnə nəslin şairlərini xatırlatdığını görürürk. Məs: "Bu gecəni yaşamağa dəyər, ya dəyməz" Məmməd İsmayılı, "Qardaşıma dəyər məndən ötən daş" Məmməd Arazı, "Arxamca qara daş atmayın mənim" Musa Yaqubu, "Daha ayrılıqlar, eşqlər, sevdalar, dəlilik gətirməz başıma bir də" Vaqif Cəbrayılzadəni xatırladır. Belə nümunələrin sayını bir az da artırmaq olar. Ədəbiyyatımız (!) üçün yeni olan poeziya nümunələrini çap etmək, yeni olduğu üçün başa düşülməyən və başqa ədəbi orqanlarda qəbul olunmayan müəlliflərə meydan açmaq və beləliklə, ədəbiyyatımızın gələcəyinə xidmət etmək əvəzinə ucqar kəndlərdə dərd çəkən müəllifləri sevindirmək, bu yolla jurnala ucuz şöhrət qazandırmaq məqsədi az qala hər nömrədə özünü göstərir.
Əgər biz "həqiqəti alim yox, şair tapır" fikri ilə razılaşsaq şairin üzərinə böyük, daha ciddi vəzifələr düşdüyünü də etiraf etməliyik. Həqiqətpərəstlik isə şairdən siyasi mövqe tələb edir. Bir halda ki, şair iddia edir, xalq onu eşitsin, o, xalqa məxsus olmalıdır, xalqın cəbhəsində dayanmalıdır. "Xalqın siyasi cəhətdən şüurlu hissəsi şairdən əqidə, məqsədlilik tələb edir. Belə yerdə o söz oyununu sevmir, yersiz ritm, bəzəkli qafiyələrlə, basmaqəlib misralarla onun başını aldatmaq çətindir. Bəs şair üçün əqidəsi olmaq nə deməkdir? Bu o deməkdir ki, sən ədalət və ədalətsizlik, həqiqət və yalan haqqında fikrini bildirməklə kifayətlənmirsən, sən həm də ədalətli hesab etdiyin şey uğrunda mübarizə aparırsan. Bu zaman şairin avanqard mövqeyi üzə çıxır". Bu sözlər Erix Vaynertə məxsusdur. Əgər şair əqidə sahibidirsə, yəni ümumxalq mənafeyində duran böyük bir məqsədə qulluq edirsə artıq o, modalar evində maneken deyil, artıq onun şerlərinin qiyməti ədəbi birlik üzvlərinin "yaxşıdır", "pisdir" kəlmələri olmayacaqdır. Bu zaman o, bir çağırışçıdır. Onun şerlərinin də qiyməti kütlənin "mən səninləyəm" deyən qışqırığıdır. Bu gün bizə hava və su qədər lazım olan mübariz ruh və həqiqətpərəstlik "Gənclik" jurnalında çap olunmuş şerlərdə görünmür. Məsələn, Sabir Sarvanın "Nəsil söhbəti" şerini oxuyarkən adama elə gəlir ki, şair bizə öz nəslimiz haqqında bu vaxta qədər bilmədiyimiz gözlənilməz bir həqiqəti açıb deyəcək, nəslin bədbəxtliklərinin əsil səbəbini ifşa edəcək, hamıya göstərəcək ki, bax budur bizim bəlamız, gəlin bu bəlanı rədd edək. Ancaq Sabir bunu demir. O, "ötənlərə yanmaqla", "dərindən köks ötürməklə" kifayətlənir. Onun öz nəsli hesab etdiyi adamlar «bir körpü başında ayrılıb hərəsi bir tərəfə gedir», əksinə, birləşmək, şair də daxil olmaqla, heç birinin ağlına gəlmir. Nəhayət, 65 minlik bir auditoriyaya çıxan şair bütün bəlaların mifik, insanın iradəsindən asılı olmayan bir səbəbkarı olduğu qənaətinə gələrək filosofluq edir: "Körpüdən keçən tək keçib gedir yer üzündən insan axını" - deyir. Bu o deməkdir ki, ey mənim nəslimin nümayəndəsi, bütün dərdlərə, bəlalara, çətinliklərə o qədər də aludə olma, çünki, bu, bizdən asılı olan şey deyil, bu, hamıda belədir. Beləliklə, şair süni şəkildə belə bir nəticəyə gəlir ki, hər şey yaxşıdır; "qəlbim qürurnan vurur" - deyir. Bundan görünür ki, şair öz nəslinin problemlərini bilmir, bilirsə də şerə gətirə bilmir. Hər halda şerlərində bu görünmür. O, "hər şeyin yaxşı olması" barədə yalançı bir toxum səpir. Həmin yanlış ideya Sabirin o biri şerlərində də davam etdirilir: "Qapılar bağlı, biz naçar, kim bağlayıb o da açar" - deyir. Şair nəzərə almır ki, onun iradəsizliyindən qəzəblənən oxucu deyə bilər ki, biz kiminsə bizə qapı açmasını gözləmək istəmirik, sən, yoldaş şair, təşəbbüsü öz üzərinə götürüb irəli çıxırsansa, kütləyə müraciət etmək fürsətini əldən buraxmırsansa onda zəhmət çək bizə yol göstər, axı sən şairsən, biz də sənin xalqınıq. Daha öz ümidsizliyindən və necə əzab çəkməyindən bizə danışma.
Vəziyyətdən çıxış yolu görməmək, gələcəyə hazırlıqsız münasibət jurnalda şerləri çap olunmuş gənclərin, demək olar ki, hamısına aiddir. Xüsusən ictimai məzmunlu şerlərdə yarımçıqlıq, hadisəni axıra qədər dərk etməmək özünü göstərir. Məsələn, "Göyə gəlin gedəcəyəm" şerində Məlahətin öz gəlin getmək istəyinə ictimai motiv vermək cəhdi yaxşıdır. Bir anlıq təsəvvür edək ki, azərbaycanlı bir qızın müharibədən böyük problemi yoxdur, onun bütün dərdlərinə, o cümlədən, göyə gəlin getməməsinə, yəni dünyəvi ideallarına çatmamasına səbəb ancaq müharibədir; müharibə təhlükəsi, "sürətlə silahlanma" olmasa Məlahət də, başqa qızlar da arzularına çatacaqlar. Onda belə çıxır ki, bizim ümumi bədbəxtliyimizin səbəbkarı olan müharibəyə, onu qızışdıranlara qarşı mübarizə aparmalıyıq. Özü də Babəkin, Koroğlunun nəvələri olduğumuz üçün biz mübarizəyə başqa xalqlardan daha tez başlamalıyıq. Məlahət isə mübarizə etmək fikrində deyil, bizi bədbəxtliyimizə bais olan şeyə qarşı üsyana da çağırmır. Yalnız qarğış etməklə kifayətlənir: "Səni görüm-üzüqara çıxıb yerə dönəsən... silah-gəlin" - deyir.
Bu cür şair passivliyini biz Vəli Səyyadinin də şerlərində görürük. "Dərd" adlanan şerdə o, "qürbətdə çap olunan qəzetlərdə qayıdan dərd" haqqında danışır. Təəssüf ki, yalnız danışır, həmin dərdin özünü verə bilmir. Eyni zamandı "ölənlərin, itənlərin, qürbətə gedənlərin və s. müqəddəs görkəmi" haqqında danışır, ancaq bu, publisistik bir təqdimat olaraq qalır, biz haqqında müqəddəs deyilən şeylərin müqəddəsliyini görmürük. Şair "hər bayram-xırda pullar hərləyirik başımıza, paylayırıq fağırlara, yazıqlara" - deyir. Fağırlar, yazıqlar deyəndə şair kimi nəzərdə tutur? Bəs şair özü kimdir, - özünü nə üçün fağırlardan, yazıqlardan ayırır? O, sədəqə verməklə xətadan-bəladan uzaq olmaq istəyir. Hansı xətadan və nəyə görə? Xəta-bəlanın mənbəyi yaşamaqda davam edirsə deməli başqaları xətada-bəlada qalacaq. Şair nəyə görə bunu düşünmür?
İstər Vəlidə, istərsə jurnalda şerləri çap olunmuş digər müəlliflərin şerlərində, yuxarıda danışdığımız, böyük əqidə və böyük məqsədlilikdən doğan şair kredosunun heç bir izi yoxdur. Bu məlliflər üçün hərəsinin bir cür başa düşdüyü mücərrəd dərd anlayışı mövcuddur və bir növ hərə öz dərdini yazır. (Çox vaxt bu "dərdyazma" prosesi heç bir çətinlik çəkmədən ağlayıb-sızlamaya, mütilik notlarının izharına çevrilir). Vahid Əlifoğlunun "Vətən" şerinin təkcə adında və son misrasında Vətən haqqında danışılır ki, bu da ümumilikdə şerə heç bir ictimai səciyyə gətirmir. Əslində şair əvvəldən axıra qədər öz dərd-sərindən, uşaq kimi ağlamasından, sözünün yerə düşməsindən, qol-budağının sınmasından danışır. Dörd şerin dördündə də biz onu müti, ağlayan, sızlayan, yalvaran görürük. Hətta özünə "yazığı" gəlməyə çağırır: "Yazığınız gəlsin su əvəzinə, arxamca qara daş atmayın mənim" - deyir. Düşmənlər, namərdlər, haramyeyənlər, nadürüstlər, kəmfürsətlər, qeyrətsizlər hər addımda şairin qarşısına çıxır, ona xoşbəxt olmağa imkan vermir. Şair də, belə görünür ki, vəziyyətlə çox asanlıqla barışır, öz bədbəxtliyini taleyin yazısı hesab edir, beləliklə, son misraya qədər elə yazıq və kölə olaraq qalır. Onun şerlərini peşəkarlıqla yazılmış mərsiyə adlandırmaq olar.
Əhməd Oğuzun "Payızda əsgər gedən kənd uşaqları" şerinin qəhrəmanlarını da "torpaq qədər fağır" görürük. Oxucu şairdən soruşa bilər: "bu dilsiz-ağızsız, fağır, mübarizə etməyi, öz haqqını tələb etməyi bacarmayan qəhrəmanları tərənnüm etməklə şair nə demək istəyir? O, öz oxucularını dilsiz-ağızsız olmağa çağırmır ki?"
Təəssüf ki, istedadlı şair Əjdər Cəbiyevin də şerlərindən onun mübariz bir şair olduğu görünmür. Onun jurnalda çap olunmuş. "Növbə" şerinin tematikası S.Sarvanın "Nəsil söhbəti" şerinə uyğundur. Şerin ideyası belədir ki, artıq yeni bir dövr gəlib, qocalar meydandan çəkilir, hamı öz günahını etiraf edir, nəhayət, bizim yaşıdlarımız da öz sözünü demək, meydana atılmaq imkanı qazanır. O, öz nəslinin keyfiyyətlərini sadalayır: "bir ildə dil açıb "inqə" demişik", "bir ilin unundan çörək yemişik" və s. Hərçənd bu kimi əlamətlər həmin nəsildən olan adamların mənəvi birliyinə dəlalət etmir. Ola bilsin həmin ilin unundan çörək yemiş daha imkanlı bir adamın oğlu, Əjdərin dili ilə desək, daha tez "iş başına keçsin". Əjdər öz həmyaşıdlarının iş başına keçməsinə özbaşına, insanın iradəsindən asılı olmayan bir iş kimi baxır; sadəcə olaraq kimsə ölür, biz də növbə yerinə keçirik. Lakin Əjdər bizim yaşıdların hansı çətinliklər, məhrumiyyətlər hesabına irəli getməsini, çarpışmasını və mübarizə aparmasını qeyd etməyi unudur. Onun sözündən belə çıxır ki, ey gənc nəslin nümayəndəsi, əlləşib-vuruşma, mübarizə də aparma, əvvəl-axır sənin də növbən öz-özünə gəlib çatacaq. Məgər Əcdər bilmir ki, həyatda növbəsiz soxulanlar, adamı vurub növbədən çıxaranlar var? Bir sözlə, Əjdər Cəbiyevin "Növbə" şeri bir vasitə ilə özünə yer tutmuş adamın öyüd-nəsihətlərinə oxşayır. Bu öyüd-nəsihətlərdə yalan, başaldatma notları çoxdur.

***

Əgər bir il ərzində "Gənclik" jurnalında çap olunmuş bütün şerləri birgə götürüb bir müəllif obrazını təsəvvürümüzdə canlandırsaq, onda, incidilmiş, taledən küskün, dərd-qəm içində boğulan, haqqı tapdalanan, dözən və dözməkdən başqa əlindən bir iş gəlməyən, ən uzağı, nə isə gözləyən və nəyəsə ümid edən bir insanı görə bilərik. Poeziya meydanına atılan və gəncliyə yaraşan bir xüsusda birincilik iddiası edən bir müəllifə isə rast gəlmirik. Çap olunan müəlliflər əsas etibarilə söz oyunu, zahiri bər-bəzək, yalançı ritm, ritorika hesabına müvəffəqiyyət qazanmağa ümid etmişlər. Heç bir müəllifdə düzgün, dərk edilmiş həyat mövqeyi, sağlam mühakimə, sağlam ruh, düzgün ideya istiqaməti müşahidə olunmur. Görünür, ümumiyyətlə, belə bir müəllif yoxdur, poeziyamız durğunluq içərisindədir. Ya da, jurnalın poeziya şöbəsinin seçmə qabiliyyəti zəifdir