Alatoran_header  
Ədəbi tənqid > Kamil Kamal Abdulla
Kamal Abdullanın “Yarımçıq Əlyazma” romanı haqqında qeydlər

Hələ 3-4 il bundan əvvəl, Azad Yazarlar Ocağı, ədəbiyyatda yeniləşmə prosesinin başladılması mövzularında, bir ədəbi qurum olaraq, ilk çıxışlarına başladığı zamanlarda, yeni ədəbi meyarları gündəmə gətirmək istəyəndə, bunun yaşlı ədəbi qüvvələr tərəfindən necə bir etiraz dalğası ilə qarşılandığını ədəbi prosesi izləyənlər yaxşı xatırlayırlar. Bu gün artıq haqqında danışdığımız həmin bədiyyat tələblərinə cavab verəcək əsərlərin yaranmasını, müxtəlif nəsillərdən olan yazıçıların bu istiqamətdə bir təcrübə meydana gətirmək istəklərini yalnız alqışlamaq olar. Gənc nəsildən olan ədəbi güclərin yeniləşmə çabası nə qədər təbii və qanunauyğun görünsə də, yaşlı nəsil yazarların bu sayaq yeniləşmə cəhdləri bir o qədər qəribə və təzadlı təsir bağışlamaqdadır. Dünənə qədər sosializm ədəbi cərəyanından əl çəkməyi bacarmayan, ağır çəkiləriylə yeniliyə sipər çəkən qocalar, sanki yenilik yarışmasında da təşəbbüsü əldən buraxmaq istəməyərək qeyri-təbii bir aktivlik nümayiş etdirməkdədirlər. Anarın "Ağ Qoyun -Qara Qoyun", Əkrəm Əylislinin "Ətirşah Masan", Çingiz Əlioğlunun "Azərbaycan" jurnalında dərc olunmuş son şerləri və nəhayət Kamal Abdullanın "Yarımçıq Əlyazma" romanı və bəlkə mənim diqqətimdən qaçmış daha bir neçə əsər, haqqında danışdığımız həmin bu, yaşlıların yeniləşmə cəhdinə misal olaraq göstərilə bilər. Bu və digər müəlliflər yeni ədəbi güclərlə xoş məramlı bir ədəbi yarışmaya qoşulublar ki, hər cəhətdən təqdir olunmağa layiqdirlər. Nəticədə ədəbiyyatımızın qazanacağı şübhəsizdir. Sosrealizm qazanında bişmiş bu yazıçılarımız öz keçmişləri qarşısında böyük tərəddüd yaşadıqlarını biruzə vermiş, modernistik yeni estetika tələblərinə ayaq uydurmağa can atmalarıyla, artıq yeni zamanın gəlmiş olduğunu etiraf etmək məcburiyyətində qalmışlar. Kor nə istər? Əlbəttə canlı ədəbi proses.
Bu hal, şübhəsiz, yalnız sevinc hissləri doğura bilər, bütün ziddiyyətlərinə baxmayaraq, yenilikçi ədəbi qüvvələrin uzun illərdən bəri isbatına çalışdıqları ideyaların yaşamaq iqtidarında olduğunu bir daha təsdiqləməkdədir.
Yaşlı ədiblərin yaradıcılıq axtarışlarına biganə olmadığımı göstərməkdən ötrü, bu yazmda, yuxarıda adı çəkilən yazarlardan biri, bu günə qədər bütün ədəbi janrlarda qələm çalmış, fəqət yazıçı kimi özünü təsdiq edə bilməmiş Kamal Abdullanın "Yarımçıq Əlyazma" romanı haqqında danışmaq istəyirəm.
Bəri başdan qeyd edim ki, roman milli ədəbiyyatımız üçün orijinal sayılacaq bir struktura, özünəməxsus dinamikaya malikdir, K.Abdulla səviyyədə bir yazıçının qələmindən çıxması etibarilə, düşünmək üçün kifayət qədər meydan açmaqdadır. Romanı oxuyanlara məlumdur ki, müəllif oxucu marağını ələ almaq məqsədilə əcnəbi yazıçılarda (U. Eko, P. Akroyd, C. Faulz və s. (Q. Q. Markesdə “oxşar” məsələsi - "Patriarxın payızı")) rast gəlinən bir metoddan istifadə etmiş, guya təsadüfən əldə etmiş olduğu qədim bir əlyazma əsasında əsərin fabulasını qurmuşdur. Və bu əlyazma, sən demə, qədim mədəniyyət abidəmiz "Kitabi Dədə Qorqud" dastanının hazırlıq qeydlərindən ibarət imiş. Nə demək olar? Hər bir yazıçı öz əsərində faili-muxtardır. Hətta, mətbuatda "Kitabi Dədə Qorqud" dastanını və oradakı obrazları təhrif etdiyinə, alçaltdığına görə müəllifi tənqid edənləri və qınayanları heç bir şəkildə haqlı hesab etmək olmaz, çünki, son nəticədə, söhbət müstəqil bir romandan gedir ki, burada yazıçı iradəsi hər şeyin önündə gəlir və oxucunun münasibəti, ən pis halda, bu romanı oxumamaq ola bilər.
Lakin, şübhəsiz, söhbət tarixi "Dədə Qorqud" dastanından gedirsə və Dastanın istər süjetinə və istərsə dil bazasına xitab edilirsə, burada, həmin dastanın "hazırlıq qeydləri" kimi təqdim olunan mətnlə Dastan arasında danılmaz bir bağlılıq vardır. Bu nöqteyi-nəzərdən, gerçək dastan mətnini əsas alaraq tənqidi mülahizələr yürütmək mümkündür.
Xüsusilə, romanın dil fakturası haqqında danışmaq lazım gələrsə, burada diqqətə çarpan çox mətləblər vardır ki, bunun üzərində bir az dayanmaq istəyirm. Romanı qələmə alarkən, yazıçı iki yoldan birini seçməli idi məncə: ya özünün yazıçı iradəsini axıradək tətbiq edib əsəri müasir ədəbi dildə yazmalı idi, ya da, mövcud Dastanın dilinə axıra qədər sadiq qalaraq, əsərin mümkün qədər əski dilə yaxın olmasına çalışmalı, həqiqətən istedadlı bir yazıçıya xas olan bir qabiliyyət nümayiş etdirməli idi. Hal bu ki, romanın dili, ən yumşaq ifadəylə desək, bərbad olduğuna görə, onun az-çox üstün məziyyətlərini də tamamən sıfıra yaxınlaşdırmaz və biz yazıçı yarımçıqlığının şahidi olmazdıq.
Əsərin əvvəlindən sonuna qədər istifadə olunan dil fakturası əcaib bir həlməşiyi xatırlatmaqdadır. "Kitabi Dədə Qorqud" dastanı dilindəki elementlər müasir ədəbi dilə, müasir dil elementləri çağdaş Türkiyə türkcəsinə qarışıb, üstəlik, çağdaş Türkiyə türkcəsindəki söz və söz birləşmələrindəki yanlışlıqlar müəllifin bu dilə tam bələd olmadığını göstərməkdədir ki, bunun nəticəsində mətnin qəlizlik dərəcəsi daha da artmışdır. (Məs: 1. "... məni yəmin edə bilərmisən" - s.38. Olmalıdır: "mənə yəmin edə bilərmisən"; 2. "Məni çıldırdı durdu" - s.175, 187. Olmalıdır: "Məni çıldırtdı durdu".) "Yarımçı Əlyazma" romanı haqqında tənqidi məqalə yazmış professor Tofiq Hacıyev də əsərin dilinin Türkiyə türkcəsini təqlid edərkən "şit olduğunu" qeyd etmişdir ("525-ci qəzet", 14 sent. 2004).
Uzun illər "Kitabi Dədə Qorqud" dastanını araşdırmasına baxmayaraq, yazıçının "dəxi", "qayət" kəlmələrini dönə-dönə yanlış işlətməsi təəccüb doğurmaya bilməz. ("Qazan, bir dəxi soruram...", "Yadındadı, qayət unutmadın, demi?" cümlələrində olduğu kimi, bu kəlmələr yazıçının nəzərdə tutduğu mənanı ifadə etmir. Bu misalların sayını yüzlərcə artırmaq olar.)
Romanın əvvəlindən sonuna qədər yazıçının ifadə imkanlarının məhdud olduğu açıq-aşkar görünməkdədir. "Kitabi Dədə Qorqud" dastanındakı dil axıcılığına, musiqililiyə burada rast gəlmirik, əksinə, müəllif öz aləmində, cümlələri və söz birləşmələrini əcaib şəklə salmaqla guya qədimlik effekti yaratmağa çalışıb, çifayda, bunu edərkən, yenə də, yarımçıqlıq kompleksindən xilas ola bilməyib, bununla oxucu etibarına böyük sədəmə vurduğunu nəzərə almayıb.
Bir çox yerdə yazıçı, başlamış olduğu üslubu axıra qədər davam etdirmək zəhmətinə qatlaşmayıb, bir yerdə "hazırsanmı" yazdığı halda, bir səhifə sonra "bilirmisin" yazır, "getmiş imiş" deyim tərzi elə o səhifədəcə (49) "keçib imiş" olur, bir yerdə "yigid", başqa yerdə "igid"; "av" daha sonra "ov" yazılır, Türkiyə türkcəsi ilə Azərbaycan türkcəsi ifadə şəkli biri-birinə qarışdırılır (məs: "Məst oluram ayıb olur" ya "məst olurum ayıb olur", ya da "məst olaram ayıb olar" olmalıydı). "bəlkə bunu dilə birləşib ikimiz tutaq" (s.79), "Şah arxa baxçadan tələsik içəri keçərək bağçanın bir küncündəki özünün gizli istirahət otağına buyurdular" (s.104), "Bu özü, şahim, şer də yazmağı var" (s.106), "dünya durduqca borclu sənə olanların sayı artsın" (s.111), "sənin sevgin ki mənə varımdır, elə o bəsdir mənə" (s.134) kimi erməni – budaq cümlələrindən bol-bol istifadə edilir, "ağlaya-ağlaya, sısqaya-sısqaya" (olmalıdır: "sıtqaya-sıtqaya") və bəncəri xalq dilinə məxsus ifadələri işlədərkən nöqsanlara yol verilir və ya bu gün Bakı kəndlərində işlədilən bir ləhcə elementi necə olursa qədim mətnin içərisinə düşür ("qeynədi" - qaynadı). Yəni, "bədii şorba" deyilərkən gözlər önünə gətiriləcək bir dil materialı ki, romanın bədii dəyərini azaldan ünsürlərin hələ hamısı deyil.
Əlbəttə, Kamal Abdullanın muzdlu tənqidçiləri yer-yerdən bağırışıb deyə bilərlər; bəs, bu xətaları müəllif özü bilərəkdən, mətnə bir "yarımçıq əlyazma" xarakteri qazandırmaq məqsədilə yazıb. Lakin, çox da uzağa getməyib, həmin "əlyazma mətninə" yazıçının, yəni əlyazmanı təqdim edən şəxsin izahları bölümündən bir misal gətirməklə həmin boşboğaz tənqidçilərə cavab vermək olar: "Cəsusun zindandan çıxarılıb Oğuzdan uzaqlaşdırılmasının əsl günahkarının müəyyənləşdirilməsində bu ov səhnəsinin xüsusi əhəmiyyəti var" (s.93) - razılaşın ki, bu, usta bir yazıçı cümləsi deyil.
Məzmun etibarilə "Kitabi Dədə Qorqud" dastanının sakral xarakterini dağıtmağa, dekonstruksiya etməyə yönəlmiş "Yarımçıq Əlyazma" romanı, ifadə texnikası baxımından ana dilimizin də qəbul olunmuş qaydalarını parçalamaq üzərində köklənmişdir. Lakin, yazıçnın bu məramı, görünür, naşıcasına gerçəkləşdiyi üçün lazım olan effekti doğurmamaqdadır. Dolayısıyla, Kamal Abdullanın etdiyi, bir binanı sökərkən işlətdiyi alətin özünün də sökülməsinə bənzəyir. Mövcud olan mükəmməl bir mətni və özünəməxsus bir dili çeynə-tüpür etməklə bir yazıçı nə qədər müvəffəqiyyət qazana bilərsə, Kamal Abdulla da o qədər müvəffəqiyyətlidir bu əsərində.

                                                                                                                                                 Rasim Qaraca