Alatoran_header  
Ədəbi tənqid > Tehranın icazəli savaşı
Qarabağ məsələsinin həllində olduğu kimi, ədəbiyyat məsələlərində də savaş və barış istəyən qüvvələr arasında qütbləşmələr özünü göstərməkdədir. Fəqət burada savaş cəbhələr arasında və torpaqlar üstündə deyil, köhnə zamanla yeni zaman arasında və ideya uğrunda gedir.
Məsələn, 60-cılar ədəbi nəslinin ideoloqu, özünün "ədəbi görüşlərini 80-ci illərin sonu üçün tam formalaşmış hesab edən" ədəbiyyatşünas-tənqidçi Tehran Əlişanoğlu böyük israrla "Savaşlar dünəndə qaldı" deyə aləmə car çəkir. (Bax: "Ədalət" qəz. 12 okt. 2002-ci il, "Savaşlar dünəndə qaldı" - T. Əlişanoğlu ilə müsahibə.)
Əcəba, hansı savaşlar?
Şübhəsiz, Tehran əlişanoğlu və onunla eyni qəbildən (qəlibdən) olan ədəbi nəslin savaşı keçmişdə qalıb, davam etməyib, məğlubiyyətə uğrayıb.
Onun sovet dövrünün sonu etibarilə formalaşmış olan ədəbi görüşləri, özünü büsbütün həsr etmiş olduğu 60-cıların icazəli savaşı üzərində köklənmiş olduğuna görə, şəri rədd etmək deyil, islah etmək, retüşlər yapmaq mahiyyəti daşıdığına görə, məhz (icazəli) "savaşların" keçmişdə qaldığını vurğulayır, heç vəchlə çağdaş dövrün savaşçısı ola bilmir.
Həmin müsahibəsində Tehran bəyin belə bir ifadəsi var: "…o şeyi ki, sən eləmək istəyirsən - Zaman özü artıq eləmişdir, dağılmalı olanı dağıtmışdır". Bu kəlmələr çox ibrətamizdir.
80-ci illərin sonu etibarilə ədəbi görüşləri formalaşmış olan tənqidçi sosializm realizminin aradan qalxması ilə öz mənasını büsbütün itirmiş görünür, zaman doğrudan da onun həll etmək istədiklərini bir anın içərisində həll edib, köhnə dövrün əskinası Tehran Əlişanoğlu yeni dövrdə yararsız olub, savaşları dünəndə qalıb.
Tehranın daha bir bədbəxtliyi, öz taleyini, ədəbi fəaliyyətini bağlamış olduğu 60-cılar ədəbi nəslinin artıq köhnlmiş olduğunu, 91-ci il sərhədlərini bu tərəfə aşa bilməmələrini vaxtında görməməsidir. Mənəvi cəhətdən iflasa uğramış bu nəslin ağır karmasını paylaşmaq məcburiyyətində qalan Tehran Əlişanoğlu "savaşlar dünəndə qaldı" deyir, çünki artıq bu gün savaşlar 60-cılara, dolayısı ilə Tehrana və onun kimilərə qarşıdır.