Alatoran_header  
Ədəbi tənqid > Unudulmaq qorxusu
Bu səfər sözüm Tofiq Abdinədir, daha doğrusu, Tofiq Abdin haqqındadır.
Bu günlərdə onun müxalifət qəzetlərinin birində dərc olunmuş müsahibəsini oxudum və ədəbi mühitin bu bənzərsiz adı haqqında bir an düşünməli oldum.
Tofiq Abdini maraqlı edən və ona qarşı hörmət oyandıran bir cəhəti var; o, çoxsözlülükdən qorxmur, hər şey haqqında danışmağı bacarır, polemikaya açıqdır, "birdən səhv edərəm, ağzımdan artıq söz qaçar" kompleksinə özünü qapdırmayıb. Özü haqqında "mən çox böyük yaradıcı adam deyiləm" deməkdən çəkinmir və "unudulmaqdan son dərəcə qorxduğunu" etiraf edə bilir.
Özünü sterilizə etməyən, olduğu kimi görünmək istəyən adamlara mənim rəğbətim var. Üstəlik, həmin adam unudulmaqdan son dərəcə qorxduğunu dilinə gətirirsə…
Sözün əsl mənasında, halına acımalı insandır bu Tofiq Abdin.
70-ci illərdən üzü bəri özünün yaradıcılıq potensialını üzə çıxara bilməyən, ehtiyac üzündən İstanbuldan üzü bəri dolaşan, əsl qiyməti verilməyn, 60-cılar ədəbi nəsli tərəfindən haqı tapdanan, Rəsul Rza ilə sərbəst şerin kitabı bağlandı deyə boy artımına şərait aradılmayan, 3 ayda bir dəfə çıxan bir qotur curnalın mühərrirliyindən daha çox pay ayrılmayan, duyan, düşünən, axtaran, canlı, yaradıcı bir insan…
Tofiq Abdin, o və onun kimilər üçün yazılmış "ikinci dərəcəli şair" ssenarisini qəbul edib. "Sərbəst şerlə ucalıq umma dünyada, çünki Rəsul Rzayla qurtardı o da" devizi altında R. Rövşən, V. Səmədoğlu gəraylı aşıq şeri növünə keçdilər, xalq yaradıcılığı üslubunda yazan gənclər (Qulu Ağsəs, Salam Sarvan, Əlizadə Nuri və s.) təriflənməyə, təşviq edilməyə başlandı, sərbəst vəzndə yazanlar, Tofiq Abdin də daxil olmaqla, həvəsləndirilmədilər. Məsələn, Nazim Hikmətin, V. Mayakovskinin təsiriylə ənənəvi poeziya ilə birdəfəlik xudahafizləşən türk, rus dəbiyyatı, qondarma R. Rza fenomeni ilə Azərbaycanda folklor səviyyəsini aşa bilmədi.
Tofiq Abdin öz müsahibəsində axıradık səmimi ola bilmir: "Obyektivlik xatirinə deyirəm, Tofiq Abdin Anar qədər səviyyəli deyil" deyə yazır. Özünün şair həssasiyyətinin və bir çox başqa keyfiyyətlərinin Anardan qat-qat üstün olduğunu qiymətləndirməyi bacarmır. Çünki, "elitar ədiblər"in onunçün qoyduqları cızıqdan kənara çıxa bilmir. Elə buna görə də mənasız ifadələrdə bulunur : "Əgər bir şey dağılmağa məhkumdursa dağılacaq. Onu dağıtmaq uğrunda mübarizəyə qalxmaq lazım deyil." T. Abdinin çox sevdiyi türklər buna "saçma-sapan konuşmaq" deyirlər. Tofiq dostumuzun bu sayaq fatalizmə qapılması belə, onun öz iradəsi ziddinə bir rolu boynuna götürməsindən xəbər verir.
Tofiq Abdin, əlbəttə, öz haqqını tələb etməyə bilər. Özünün dediyi kimi, dağılmalı olan onsuz da dağılacaq, lakin Tofiq Abdinin bu dağılmada iştirakı nə olacaq? Məncə, hər kim tarixə "elə-belə" baxırsa, tarix də ona "elə-belə" baxacaq.
Mən Tofiq Abdinin bundan sonra, nəhayət, öz iradəsi ilə hərəkət edəcəyinə, gözəl əsərlər, şerlər yazacağına inanıram. Yalnız o zaman onun unudulmaq qorxusu doğrudan da olmayacaq.

26 oktyabr 2002, "Həftə İçi"