Alatoran_header  
Ədəbi tənqid > Daha irəli nöqtələrə
Qəşəm Nəcəfzadənin "Ədalət" qəzetində (6 fevral 2003) yeni şerləri dərc olunub. Miniatür formada yazılmış bu şerlər öz biçimi etibarilə az sözlə çox şey deməyə hesablanıb, uzun təfərrüatlardan, yersiz ritmikadan, qafiyə ucuzluğundan yorulmuş oxucuya sözün özünü (özəyini) sunmaq qayəsi daşıyır.
Ümumiyyətlə, miniatür şerlər hər hansı bir şairin oxucu ilə dərhal və birbaşa ünsiyyət qurabilməsi açısından çox əlverişlidir. Oxucu bir neçə bəndlik "uzun" şeri oxuyub ona dəyər kəsməkdə maraqlı deyil, buna onun vaxtı yoxdur. Çağdaş insan günorta yeməyini ayaqüstü, dönərlə ötüşdürdüyü kimi, digər ehtiyaclarını da bu sayaq ayaqüstü görməyə üstünlük verir, o cümlədən, şerdən alınan zövq ani, birbaşa və konkret olmalıdır.
Hələ "şerdən zövq almaq" nə deməkdir, bu ayrıca bir məsələdir. Onu nə cür həzm etmək lazımdır - ayaq üstə duraraq cəmiyyət arasında, yoxsa qarnı üstə uzanaraq tənha, dörd divar arasında. Üstəgəl, şeri yazdıran motivlər həmin bu "şerdən zövq almaq" məsələsinin xəritəsini çəkmək açısından eskeçilməz bir momentə bənzəyir. Kimi şer yazarkən gənc qızların könlünü tovlamaq məqsədi güdür, kimi qəzetdə çıxan fotoşəklinin kənddə ev-ev dolaşmasını göz altına alır, başqa birisi bir az ad çıxarıb dost-tanış hesabına havayı kabab yemək niyyətilə qələmə sarılıb.
Qəşəmin şerlərindən danışmalıykən gör haralara gəldik. Hər halda, hər bir şair əgər özünü tanımaq istəyirsə (özünü tanımadan irəliləmək mümkün deyil), şüuraltısına (içüzünə) baş vurub ona şer yazdıran motivlərin nə olduğunu araşdırmalıdır, lokal, yerüstü maraqlara deyil, ülviyyətə əsaslanmalıdır. Əks təqdirdə onsuz da o şair (nasir) maraq doğurmayacaq və yaddaşlarda qalmayacaq. Boşuna zəhmətdən nə hacət?
Gələlim miniatür şerlərə.
Şəxsən mən "birlər" formasını yaradıcılığın ilkin mərhələsi üçün xarakterik sayıram. Diqqət etmişəm, biz bir dəmət şerin içərisindən ilk növbədə ən yığcam, ən qısa olanını seçib oxuyuruq. Əgər şair bu kiçik parçada bizi öz toruna salırsa davam edib onun digər şerlərini də oxuyuruq. Şair şerin miniatür formasında müvəffəqiyyətlidirsə, onun digər şerlərdə və ya qələmindən çıxan hər hansı üründə maraqlı olacağını bəri başdan özümüzə aşılayırıq. Qəşəmdə olduğu sayaq, ənənəvi üslubda şerlər yazarıq imzasını təsdiqləmiş 10 kitab müəllifinin "birlər" canrına müraciət etməsisə keyfiyyət etibarilə fərqli hadisədir. Motiv "mən bu cür şerlər də yazmağı bacarıram"dır.
Yanlış anlamayın! Burada pis heç nə yoxdur. Əgər şerlər müvəffqiyyətlidirsə niyə də olmasın? Ümumiyyətlə, Qəşəm özünəməxsus dinamikası olan şairdir. O, yeniliyi təqib etməyi, yeni görünməyi özünə borc bilir, istedadı hüdudlarında daim axtarışlar aparır.
Lakin, Qəşəmin haqında danışdığım şerlərinin bütün müsbət anları haqqında sözümü burada kəsib həmin şerlərdə müşahidə etdiyim əyərlər haqqında danışmaq istəyirəm. Məncə şerlərin ən başlıca nöqsanı, əgər buna nöqsan demək olarsa, ictimai motivdən məhrum olması, lirik "mən"in özünə qapılaraq yalnız özü və "inanıram", "unutdun", "yadındamı"ların o biri üzündə qalmış sevgilisi ilə məşğul olmasıdır.
30-a yaxın şerin demək olar ki hamısı ikinci şəxsin təkinə müraciətlə yazılıb, az qala hər şerdə "sən" kəlməsi oxucu diqqətini vurur : "ağlamağımı, necə yazıq olmağımı sənə desəm", "sən necə də yadsan, lap unudulmaq vaxtındı", "indi inanıram sənin heç nəyə təəssüf etmədiyinə…", "…xoş sözlər söyləyəndə sənə, azacıq üzümə gülümsəyirsən", "yadındadır, sənin yerinə rentgenə düşməyim" və s. Sanki şair miniatür şerlərdə miniatür mövzulardan bəhs etməyi qarşısına məqsəd qoyub, özünün şair təxəyyülünü geniş yelpazədə aça bilməyib. Az sözlə çox şey deməli ikən, az sözlə "az şey" deməyə yönəlib. "Az şey" deyərkən tematikanın rəngarəng olmamasını, sevginin "unutdun-yadındadır" incə notları dairəsində qapanıb qalmasını nəzərdə tuturam. "Hələlik düşünməyə imkan yox, məni itirdiyini / Sonra anlayacaqsan / Vaxt kimi" əhval-ruhiyyəsi Qəşəmin həmin "padborkadakı" bütün şerlərinə hakimdir. Bir nəfəsə, bəlkə bir gecədə yazıldığı təəssüratı doğurur, səbrli şair müşahidəsinin əksini görə bilmirik bu şerlərdə. Sanki, uzaq məsafələr qət edib hər çiçəkdən bir nektar almaq əvəzinə arılar hazır şəkər tozundan bal düzəldiblər. Qəşəmin hazırladığı "bal" həyatın özündən toplanmayıb, şair mətbəxində hazırlanıb. Misallara diqqət edək:
Həkimlər deyir
Mənim bu günlərdə öləcəyimi
Qarşında uzanmağıma görə məni bağışlarsan.
Şerlər əvvəldən axıra bu ruhdadır. Hər halda ilk sevgi çağlarına xas olan bu sayaq cici-bacı oyunları oxucuların istedadlı bir şairdən gözlədiklərinin hamısı deyil.
Çağdaş şairlərimizin öz ölümü ilə həsrət və yanıbtökülmə hissləri doğurmaq naxoşluğu Qəşəmdə də özünü göstərir. Deyin, son 10 ildə bu qədər ölüm görmüş bizləri ölümlə heyrətləndirmək mümkündürmü? Bu mövzunun Ramiz Rövşən, Vaqif Bayatlı dalğası şairlər tərəfindən son damlasına qədər tükəndiyini Qəşəm bilməmiş deyil.
"Mən bilirdim, bizi ölüm ayıra bilməz", "…məni itirdiyini sonra anlayacaqsan", "bəlkə də ömrümün sonuna az qalır". Nədənsə şairin lirik "mən"i birmənalı olaraq müsbət qəhrəmandır, onun yoxluğu faciələrə səbəb olmalıdır, sevgilisini unutmaq, hətta atmaq haqqı yalnız ona məxsusdur - "lap unudulmaq vaxtındı", "səni unutmaq kifayət eləyir" - sevgilisi "xəyanətkar", "vəfasız", "unutqandır". Üstəlik şair öz bədbəxtliyində aktivdir, açıq-aşkar özünü "yazıq" göstərməkdən çəkinmir - "necə yazıq olmağımı sənə desəm",
"mənim özümə yazığım gəlir", "ilahi, mənə yazığın gəlsin". Qəşəmin öz şerlərində "qiyməti verilməmiş qəhrəman tablosu" çəkməsi, özünüidealizə, həyat fakturası ilə deyil, özü ilə əlləşməsi onun bundan sonrakı yaradıcılığında diqqət verməli olduğu məsələlərdir. Xüsusən "birlər"də öz qələmini sınayan müəlliflər bu canrın özünün dramatizmi olduğunu unutmamalıdırlar, miniatür şerlərdə meydan nə qədər dar olsa da burada hisslərin amansız toqquşmasını vermək mümkündür. Məsələn, M. Füzulinin məşhur "…aldanma ki şair sözü əlbəttə yalandır" misrasında olduğu kimi.

Qəşəm buna cəhd etmir deyil:
Qızıl üzüklə
həbs etdiyim
barmağından soruşuram -
Mənsiz keçən günlərini
etibarlı dustaq tək.
O da dinmir.

Yeri gəlmişkən, bu şerdə müəllifin simvolikadan qurtulmadığı görünür, halbuki, miniatür şerlər üçün simvolistik ifadə tərzi ən ziyanlı olandır. Birbaşa "nişanlımın barmağındakı qızıl üzük" və ya "nişanlımın qızıl üzük taxılmış barmağı" deyəcəyi yerdə o, dolayı yolla "qızıl üzüklə həbs etdiyim barmağın" deyərək sonradan uğursuzca davam etdirəcəyi həbsxana mənzərəsi çəkir : nişan üzüyünün taxıldığı barmağı "etibarlı dustağa" bənzədir, "etibarlı dustaq" təbirinin nə demək olduğu anlaşılmasa da. Şairin bu şeri yazarkən keçirdiyi hisslər kağız üzərində, hər halda, onun istədiyi kimi yansımayıb. Buna görə də oxucunun gözləri qarşısında canlanan mənzərə poetiklikdən uzaqdır : "Həbsxana nəzarətçisi - müəllif bir müddət ondan ayrı yaşamış məşuqəsinin hansı işlərlə məşğul olduğunu öyrənməkdən ötrü güdükçü saldığı cavan oğlana (barmağa) işgəncə verir, o isə dinmir" - şair bunlarımı çatdırmaq istəyirdi oxucusuna? Əlbəttə ki, yox! Məhz simvolizmin xatalı dili bu sayaq eybəcər tablolar oluşdura bilər. Çağdaş estetikanın tələbi budur : demək istədiyini birbaşa de, sol qulağını sağ qulağınla qaşıma. "Oğuznamə"də isə deyilir : "Min şahid gətirməkdənsə, bir dəfə boynuna al".
Bütün bu deyilənlər Qəşəmin yaradıcılığını heçə çıxartmaq məqsədi daşımır. Yaradıcılıq axtarışları içərisində olan istedadlı bir şairin daha irəli nöqtələrə ulaşması təriqi ilə qələmə alınıb. Bənzəri nöqsanların "birlər" canrına müraciət edən digər şairlərdə; Adil Mirseyiddə, Əlizadə Nuridə, Salam Sarvanda və digərlərində də olduğu şübhəsizdir.


12 oktyabr 2002, "Həftə İçi"