Alatoran_header  
Ədəbi tənqid > Ədəbi ilin yekunları
Deyəsən, Albert Eynşteyn sübut edib ki, zaman nisbidir. Yəni zaman hadisələrə görə var, hadisələr olmasa zaman da "yoxdur".
Əgər, artıq yola salmağa hazırlaşdığımız bu bir ilin ədəbi mənzərəsini özümüz üçün müəyyənləşdirmək istəsək, şübhəsiz bunu il boyunca ədəbi prosesdə baş vermiş hadisələrə görə edə bilərik.
Nələr baş verib bu bir ildə ədəbi aləmdə?
1. İlk növbədə qeyd etmək lazımdır : bu ildə qəzetlərin ədəbiyyat əlavələri yazıçıların qarşısında dağ kimi dayanan çap olunmaq xurafatını əsaslı surətdə dağıtdı. Ədəbi produksiya, dolayısı ilə ədəbi proses əməlli surətdə Yazıçılar Birliyinin və ədəbi orqanlarının inhisarından çıxdı. Bu hal ədəbi qüvvələri AYB stereotipindən uzaqlaşdırdı, ədəbi prosesdə bu təşkilatın təyinedici funksiyasını sıfıra yaxınlaşdırdı. Xüsusilə "Ədalət qəzeti" ədəbi qüvvələrə daha demokratik şərait yaratması ilə "Yeni Azərbaycan", "525-ci qəzet" və digərlərini kölgədə qoydu.
2. Azərbaycan yazıçısı ilə dövlət arasında yeganə rəsmi təşkilat olması etibarilə Yazıçılar Birliyi sovetlərdən qalma mühafizəkar mövqeyindən və avtoritar prinsiplərdən əsla geri durmadığını, islahatlara hazır olmadığını və bunu istəmədiyini sübuta yetirdi.
3. "60-cılar" ədəbi nəsli haqqında xurafat büsbütün dağıldı. Həmin ədəbi nəsildən olan yazarların bütün yenilik cəhdləri uğursuzluqla nəticələndi, bu cəhdlərin məhdud sosializm realizmi sərhədlərini aşmadığı ədəbi ictimaiyyətə məlum oldu. Öz naqisliklərini Azad Yazarlar Ocağı timsalında "düşmən obrazı" yaratmaqla, ona qarşı aqressiv münasibətlə ört-basdır etməyə cəhd göstərdilər. (Misal üçün, "Düşmən ocaq başında" məqaləsi, 9 noyabr, 2002 "Ədalət" qəz.) "60-cılar" ədəbi nəslinin Anar, Elçin, Əkrəm Əylisli, Fikrət Qoca, Vaqif Səmədoğlu və bütün digərləri əsərlərinin estetik dəyər etibarilə son dərəcə köhnə olduğu, zamanın tələbinə cavab vermədiyi və iflasa uğradığı meydana çıxdı.
4. Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə poststrukturalizm, dekonstruktivizm və postmodernizm istilahları mübahisə mövzusuna çevrildi. Dünya incəsənətinin bu aparıcı təmayülləri haqqında ədəbiyyat "metrlərimizin" naşı olduğu üzə çıxdı. Gənc ədəbi qüvvələr qarşısında yeni estetik üfiqlər açıldı.
5. Azad Yazarlar Ocağı yeni yaranan bir ədəbi qurum olaraq, fəaliyyətinin ikinci ilində həm yaradıcılıq metodu, həm də ictimai mövqeyi ilə ədəbi prosesin aparıcı qüvvəsi oldu, hadisələrə obyektiv yanaşması və nöqsanlara qarşı barışmazlığı ilə digər rəsmi və qeyri-rəsmi qurumlardan fərqləndi, ədəbi prosesi həm nəzəri, həm də praktiki yöndən uçuruma aparanlara öz sarsılmaz iradəsini göstərdi. AYO ədəbi qüvvələrə müstəqil surətdə təşkilatlanmanın mümkün olduğunu işdə sübut etdi. Murad Köhnəqala, Həmid Herisçi, Azad Yaşar, Rasim Qaraca yeni dövrün, yeni əsrin keyfiyyətcə tamamən yeni ədəbi nümunələrini yazıb dərc elətdirdilər. "Alatoran"da yeni ədəbiyyatın şəfəqləri görünməyə başladı.
6. AYO-da təmsil olunan ədəbi qüvvələr müxtəlif nəsildən olan mühafizəkar görüşlü yazıçıların və yazıçı olmayanların qeyri-obyektiv tənqidinə məruz qaldı (Vaqif Yusifli, Anar, Qabil, Çingiz Əlişanoğlu, Ayaz Vəfalı, Rafiq Tağı, Qulu Ağsəs, Elçin Hüseynbəyli, Qəşəm Nəcəfzadə, Mübariz Məsimoğlu, Əsəd Cahangir, Vahid Əlifoğlu, Kərbalayı Müzəffər, Hacı Azər Əbilov, Etimad Başkeçid, Xeyrəddin Qoca, Fikrət Qoca, Abbas Abdulla, Sabir Rüstəmxanlı və digərlərinin). Eyni zamanda AYO-nun fəaliyyətini təqdir edənlər də tapıldı (Sabir Əhmədli, Əkrəm Əylisli, Şamil Salmanov, Akif Əli və s.)
7. Dövrün, zamanın dəyişdiyini hiss edən yaşlı və gənc ədəbi qüvvələr içərisindən uğurlu və ya uğursuz yeniləşmə təşəbbüsləri özünü göstərdi. Anar ("Kimdir Dali?"), Elçin ("525"də dərc olunan hekayələri və tənqidi məqalələri), Ramiz Rövşən ("İnsan mənzərələri") bu cür yeniləşmə təşəbbüsündə bulundular, Əkrəm Əylisli ədəbi qeybətlərlə gündəmdə qalmağa cəhd göstərdi və bu mərəzi Anara, Elçinə, il qurtara-qurtarda isə Ramiz Rövşənə də (dünənki "525") yoluxdura bildi, lakin bu cəhdlərin uğursuz olduğu ədəbi ictimaiyyətin gözündən yayınmadı. Əvəzində gənc ədəbi qüvvələr öz mövqelərini sərbirah etdilər ; Qəşəm Nəcəfzadə keçmişə (AYB-yə) arxa çevirib üzünü gələcəyə tutmağı bacardı. Salam, Əlizadə Nuri ənənəvi şerin zamanının keçmişdə qaldığını dərk edib minatür şerlərini dərc elətdirdilər.

14 fevral 2003, Alatoran