Alatoran_header  
Ədəbi tənqid > Ev məsələsi
Qurtuluş bayramı günü Şəhidlər məzarlığını ziarət sırısında ölkə prezidenti Heydər Əliyevin xalq şairi Qabillə ayaqüstü söhbəti seyr edənləri heyrətə gətirdi.
Xalq şairi onunla hal-əhval tutan prezidentə, heç yeri olmasa da, ona verilən mənzilin problemləri haqqında söz açdı. Prezidentin "sənə ev verdik, daha nə istəyirsən ?" sualına Qabil bütün xalqın gözü qarşısında, "xalq şairi" titulunu daşıdığını unudaraq, Heydər Əliyevdən mənzilin təmiri xahişində bulundu.
60-cı illər ədəbi nəslinin daha bir nümayəndəsi yaradıcılığının son məqsədində milli ideyaların deyil, şəxsi mənafeyin, maddi nəsnələrin durduğnu gözgörəti hər kəsə nümayiş elətdirdi.
Ömrü boyu həqiqətdən, düzlükdən, millətin dərd-sərindən dəm vuran şair Qabil necə oldusa 1 milyona yaxın insanımızın çadırda yaşadığını unutdu, evsiz-eşiksiz yüz minlərlə insanın göz bəbəklərinin həmin anda ekran qarşısında onu izlədiyini nəzərə almadı. Neçə-neçə şair həmkarının, məsələn, Adil Mirseyidin, Murad Köhnəqalanın, Eyvaz Əlləzoğlunun, Səməd Qaraçöpün… evsiz olduğunu düşünmədi.
Üstəlik, Şəhidlər məzarlığında, Vətən, torpaq uğrunda canlarını qoymuş gənc insanların ruhu qarşısında evinin təmiri məsələsini dilə gətirmək bir xalq şairinin ağzından millətə, xalqa, Vətənə, şəhidlərin goruna əsl təhqir nümunəsi idi.
Ömrünün uzun illərini Nəsimi yaradıcılığına həsr etmiş şair Qabil bir şairin bir prezidentdən ev almasının çox girift bir hadisə olduğunu bilməli idi. Şübhəsiz, şair Qabil, mənsub olduğu xalqa misilsiz fədakarlıq nümunəsi göstərmiş Nəsiminin insanları qəflətdən oyanmağa, haqqa gəlməyə, fani dünyanın nemətlərinə uymamağa çağırdığını, hər zaman saraylardan uzaq olduğunu bilməmiş deyildir.
Yeri gəlmişkən, Nəsiminin bir rübaisini xatırlayaq, könlümüz xoş olsun :
Ey özündən bixəbər qafil, oyan !
Hərdən olma yadü həm batil, oyan !
Olma fani aləmə mail, oyan !
Mərifətdən nəsnə qıl, hasil, oyan !
P.S. Haqqında danışılan evin şair Qabilə hansı mərifətlərinə görə verildiyini öyrənmək bizə müyəssər olmadı. Bəlkə də bundan sonra yazacağı mədhiyyələrə görə.

13 dekabr 2002, Alatoran