Alatoran_header  
Ədəbi tənqid > Tarix həqiqətləri ilə gözəldir
Tənqidçi Vaqif Yusifli "Yeni Azərbaycan" qəzetinin 02.08.2002 sayında Rəsul Rza haqqında dərc etdirdiyi bir məqalədə yazır: "…Rəsul Rza Azərbaycan sovet ədəbiyyatı hadisəsidir və heç şübhəsiz, sovet varlığı və sovet həqiqətləri Rəsul Rza poeziyasından yan keçməmişdir. Əgər bəziləri kimi R.Rza sənətinə düşməncəsinə yanaşsaq, "Lenin" poeması yazdığına görə onu ittiham edə bilərik. Ancaq, istənilən totalitar, ya avtoritar quruluşda şairlərin ideologiyaya münasibəti iki cürdür (guya-R.Q.). Birinci halda şair bütünlüklə özünü həmin ideologiyaya təslim edir, bütün varlığı ilə həmin ideologiyanın bədii tərənnümçüsünə çevrilir. Bu cür şairlər ya bütün varlığıyla həmin ideoloci doktrinaya inanıb səcdə edir, ya da nökərçilik missiyasını yerinə yetirirlər. İkinci halda, şair həmin ideologiyanın puçluğunu, mənasızlığını dərk edir, ancaq başkəsənin, cəlladın qılıncı qarşısında öz gücsüzlüyünü anlayır və mümkün qədər dövlətə, ideologiyaya yox, milli-mənəvi dəyərlərə xidmət edir…"
Vaqif Yusifli bütün bu mülahizələri "Rəsul Rza kimdir?" sualına cavab axtararkən irəli sürür.
V.Yusiflinin Rəsul Rza kimliyinin isbatına girişməsi, görünür mərhum şairin sovet ideologiyasına, yaxud xalqa, millətə, "milli-mənəvi dəyərlrə" xidmət etməsinin mübahisəliliyi ilə bağlıdır.
Yoxsa, durub-dururkən, V. Yusiflinin R.Rzadan danışarkən əcaib bir təsnifat aparmasına, avtoritar quruluşlarda şairlərin hakim ideologiyaya təslim olmasından, bütün varlığı ilə həmin ideologiyanın bədii tərənnmçüsünə çevrilməsindən söz açmasına nə ehtiyac var idi.
Vaqif Yusiflinin qənaətinə görə, Rəsul Rza "hakim ideologiyanın puçluğunu, mənasızlığını dərk etmiş, ancaq başkəsənin, cəlladın qılncı qarşısında öz gücsüzlüyünü də anlamış v mümkün qədər dövlətə, ideologiyaya yox, milli-mənəvi dəyərlərə xidmət etmişdi".
Bu sayaq yalançı tasalama bu gün kimə lazımdır. Məgər belə, yanaşma tarixi təhrif etmək demək deyilmi. Tarix öz həqiqətləri ilə gözəldir. Onu təhrif etmək, R.Rzaya az qala millətçi don geyindirmək, guya onu, bu şəkildə, süni olaraq millətin sevimlisinə çevirmək əsla mümkün deyil. Bəlkə də Rəsul Rzaya olan ümumxalq sevgisi 50, 100 ildən sonra formalaşacaq, tarixi zorlamağa nə hacət?
Və bəlkə Rəsul Rzanın özündən soruşsaydılar o bütün varlığı ilə kommunist ideologiyasına inandığını savunardı, o zaman bəs Vaqif Yusiflinin öz üzərinə götürdüyü missiyanın adı nə olardı?
Bu gün Rəsul Rza özünün bütün tarixi gerçəklikləri ilə - kommunist olması ilə, "Lenin" poemasını yazması ilə və s. maraqlıdır. İndiki və gələcək nəsillər üçün onun yalançı obrazı heç bir dəyər daşımayacaq.
Yeri gəlmişkən, Vaqif Yusiflinin "Rəsul Rza kimdir ?" sualına aşağıdakı cavabı vermək istərdim:
Rəsul Rza Azərbaycan xalqının yetişdirdiyi dəyərli şəxsiyyətlərdən biridir. Dərin şairlik istedadına malik olmasa da, o, öz dövrünün ədəbi prosesinə ciddi təsir etmiş, özündən sonra qeyri-ənnəvi yaradıcılıq üslubunun bütöv bir məktəbini yaratmağı başarmışdı. O, dövrünün dünya və kommunist intibahı şairlərinin əsərlərindən, xüsusilə Mayakovski və Nazim Hikmətdən təsirlənərək yaratmış olduğu əsərlərdə həmin müəlliflərdn reminissensiyalar açıq-aşkar görünməkdədir. İlk gənclik illəri ziddiyyətli dövrə təsadüf edən Rəsul Rza 40 yaşlarında ikən "Lenin" poemasını yazmış, bu addımı atmaqla o, özünü nəinki Stalin reciminin mühtəməl təqiblərindən qoruya bilmiş, üstəlik qırmızı hökumətin dərin etibarını qazanmış, gzünə sarsılmaz karera düzəldə bilmişdi. Rəsul Rzanın qırmızı imperiya yanındakı etibarını təsdiq etmək üçün onun 7 çağırış Ali Sovetin deputatı olmasını, 3 dəfə Lenin ordeni ilə təltif edilməsini, 1964-cü ildən ömrünün axırınadək SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü olmasını və s. misal göstərmk ola.

20 sentyabr 2002, Alatoran