Alatoran_header  
Jurnal > 2004/№2 > Nərmin Kamal - Tartan-Partan qurultay

Ermənistan Yazıçılar Birliyinin sədri Levon Ananyan əsərlərinin birində özünün məşhur ifadəsinə yer verir ki, hər bir hadisə baş verdiyi andan ən azı bir ay əvvəl başlayır və bir ay sonra tamamlanır. Mayın 17-də baş verən AYB-nin qurultayı da həmin ağlabatan həyat qanununa müvafiq, bu yaxınlarda - iyun ayının ortalarına doğru xalq yazıçısı Rüstəm İbrahimbəyovun BBC radiosuna ölkə ictimaiyyətini silkələyən ermənipərəst müsahibə verməsilə bitdi:
«Bi-bi-si: Azərbaycanın yeni prezidenti bəyan edib ki, ölkəniz Qarabağı silah gücünə qaytarmağa hazırdır.
R.İ.: Bəs sizcə, yenicə seçilmiş prezident xalq ondan nəsə etməsini gözlədiyi bir vaxtda nə danışmalıdır?! Mən əminəm ki, Koçaryan da özünü daha yumşaq aparardı, əgər ondan məsələnin kəskin həllini istəməsəydilər. …Bakı yüzlərlə gözəl insanı, Azərbaycanı və Bakını çox sevən əntiqə mütəxəssisləri itirdi (mən erməniləri nəzərdə tuturam), onlar məcbur oldular ki, burdan getsinlər. Şəhər bundan möhkəm itirdi. Bakının gözəl polietnik mozaikası pozuldu. Hələ üstəlik əyalətdən çoxlu insan axışıb gəldi. Şəhər indi kənddən gəlmiş adamların əlindədir.»
Kəndliləri buralara kimin qovub yola salmasına dair mahiyyəti vecə almayan xalq yazıçısı Qarabağın ermənilərin tarixi torpağı olması haqda iddialara haqq qazandırır, bəzən hətta Dağlıq Qarabağın müstəqil statusunu təsbit edir. Bax belə:
«Qarabağ problemi çoxtərəflidir. Qarabağ problemi çox mürəkkəbdir. Amma əlavə olaraq, yeddi rayon var, hansı ki, Qarabağa heç bir aidiyyatı yoxdur. Əgər məsələni mərhələli şəkildə həll etsək, onda hansısa qarşılıqlı güzəştlər hesabına, azərbaycanlıların münaqişəyə münasibətini dəyişmək olardı. Hər şey daha asan olardı. … Münaqişəyə gəlincə, mən bir azərbaycanlı kimi baş verənlərdən məyusam. Amma hər şeyə kənardan baxmaq imkanı olan insan kimi, müəyyən mənada dünya vətəndaşı kimi, mən həm bu, həm o biri tərəfə Qarabağı öz torpağı hesab etməyə haqq verirəm. Ermənilərin bu hüququnu inkar etmək haqqım yoxdur. Dünya vətəndaşı kimi , düşünürəm ki…
Əgər erməni tərəfinə sübut etmək müyəssər olsa ki, tarixi, siyasi və sair tərəflərdən bu yerlər Azərbaycandan aralanmalıdır, bu halda belə, problemi 20-21-ci əsrlərdə hərbi yolla həll etmək mənim fikrimcə, bütövlükdə insanlıq qarşısında cinayətdir. Burda artıq söhbət ermənilərlə azərbaycanlılar arasında getmir. Axı birinci dünya müharibəsi də bir tələbənin bir gülləsindən başlamışdı!» Dəhşətdir, elə deyilmi?
Bu müsahibə yada başqa bir müsahibəni salır. AYB-nin qurultayı günü giriş hissəni yola verib fasilədə getməyə hazırlaşan dünya şöhrətli türk yazıçı Orxan Pamukun başına toplaşmış jurnalistlərdən biri ona belə bir qeyri-adi sual verdi: - Orxan bəy, siz heç öz əsərlərinizdə Yuxarı Qarabağ sorununa toxundunuzmu?
Cavab: Yok, hayır, malesev yakından bildiyim konu deyil.
Sual: Niyə toxunmadınız, Azərbaycanı sevmiyormusunuz?
Orxan Pamuk «sizə cevab verdim» deyərək ordan uzaqlaşır. Problemini dünyaya tanıtmağı xarici yazıçıdan uman jurnalistin gözündə o, yəqin ki, nə az, nə çox manqurt türkdür. Üstündən bir ay keçmir ki, həmin qeyri-adi sualın cavabını bizim anarlarımız verirlər. Onların SÖZ sahibi xalq ziyalıları olduğuna inanları növbəti dəfə pərtliyə yuvarladırlar. Bununla bitmir, Rüstəm İbrahimbəyov Azərbaycanın kütləvi informasiya vasitələrində ermənilərə qarşı düşmən obrazın yaradılmasından danışır və mövqeyini açıqlayır. Sən demə, bizim xalq yazıçımızın ermənilərə böyük simpatiyası varmış:
«Axı biz bilirik ki, ermənilər –dünyanın böyük, dahi xalqlarından biridir, bu insanlar qabiliyyətli, yüksək peşəkar insanlardır. Və əgər indi onlar Azərbaycanda gedən iqtisadi, maliyyə proseslərində iştirak etsəydilər, bu həm Azərbaycana, həm bu insanlara böyük xeyir gətirərdi…»
Sonra isə dünya vətəndaşı Rüstəm İbrahimbəyov Qarabağ ermənilərinin azadlıq hərəkatına özünəməxsus bəraət qazandırır:
«Azərbaycan ərazisində yaşayan ermənilər karyera arxasınca gedirdilər. 30-40-cı illərdə asan idi: adam Qarabağda işləyirdi, sonra Bakıya köçürdü, daha sonra Moskvaya. Partiya-dövlət pilləkəni idi. Amma müəyyən bir vaxtda qarabağlılar hiss etdilər ki, onların Azərbaycanda yuxarıya doğru inkişafı ləngiyir, çünki onlarla rəqabət aparan çoxlu yerli milli kadrlar yetişib. Ermənistanda öz növbəsində qarabağlıları qəbul etmirdilər, çünki onlar Azərbaycanın partiya sisteminə aid idilər. Qabiliyyətli insan üçün əngəl yaranmışdı, Qarabağda isə hər bir nəfər ayrılıqda istedadlı, qabiliyyətli insandır. Bu dalanı görüncə, onlar aralanmaq istədilər.»
Ən dəhşətlisi isə odur ki, onun AYB rəhbərliyindəki yazıçı həmkarları ölkə ictimaiyyətinin narahatlığına müqabil, bu məsələyə münasibət bildirmələri üçün ağızlarına tuşlanmış mikrofonlardan yayındılar. Qarabağ məsələsində vahid milli mövqeyi dunya vətəndaşı pasifik əhval-ruhiyyəli Rüstəm İbrahimbəyovla dostluq münasibətlərinə qurban verdilər. (Eyni AYB rəhbərliyinin AYO-çuları «ermənilərdən betər ziyan vurmaqda» günahlandırmalarını xatırlayın). Bir aydır ki, yerli və yabançı erməni mətbuatı Rüstəm İbrahimbəyovun bu müsahibəsini öz mənafeləri üçün sağa-sola müzakirə edir…
Belə-belə işlər. AYB-nin qurultayı keçirilən «Muzkomediya» salonunda asılmış çil-çırağın 400 şamdanı var idi. Həmin gün Anarın işığına toplaşmış 400 AYB üzvünə tən. Teatr işıqçıları danışılrlar ki, o, erməni ustaların əl işidir. Rüstəm İbrahimbəyovun qəribsədiyi erməni mütəxəssislərdən. Bir qədər aşağıda səhnədə əklillər qoyulub. Öldürülən Azərbaycan ədəbiyyatının şərəfinə. Erməni nuruna qərq olmuş Azərbaycan yazıçıları Anarın seçilməsi kimi daha bir formal prosedura yol verib, antiterror koalisiyanın üzvü olan dövlətin adına layiq, dünya terrorçularına terroru pisləyən müraciət edirlər. Ancaq cəmi bir ay sonra onlar ermənipərəstlərə göz yumub, susacaq, bununla da terrorçulara dəstək verəcəklər. Axı özləri də bir növ ədəbiyyat terrorçularıdır…
Sıravi azərbaycanlı narahatdır. Onu çürüməkdə olan AYB adlı təşkilatın qurultayı maraqlandırmır. Onu maraqlandırmır ki, həmin qurultayda «Anardan başqa namizəd varmı» kimi sualları yer-yerdən «ho ho ho hurrey» misalı, «yoox» bağırtıları ilə qarşılayan beş-altı nəfər muzdlu qaraguruhçu kim idi, bu senari nəcürə hazırlanmışdı, yoxsa yazıçı idilər onlar? Onu bir o qədər narahat etmir ki, qurultay adından xəstəliyi səbəbindən ora gələ bilməyən xalq şairi Bəxtiyar Vahabzadəyə müraciət ünvanlandı, atılan atmacaya baxmayaraq, eyni səbəbdən qurultayda iştirak etməyən xalq şairi MəmmədAraza muraciət ünvanlanmadı. Onu qətiyyən belə xırda məsələlər maraqlandırmır ki, Sumqayıt bölməsinin nümayəndəsi «AYB-də bir neçə dəfə maaşlar qalxıb, amma biz onun tərkib hissəsi olduğumuz halda bizdə qalxmayıb, xahiş edirik, Fatma Abdullazadə bu işi nəzarətə götürsün» müraciətini edəndə nəyi nəzərdə tuturdu. Onu o da maraqlandırmır ki, konfransye Qabilin «qorxuram salalar şuluq, odur ki dağılışaq üzü sulu» zarafatıyla işi tezbazar yekunlaşdırmasının arxasında hansı qorxu dayanırdı. Onun vecinə deyil ki, sona yaxın üzvlər arasından bir nəfər qoca ayağa qalxıb yalvar-yaxar etdi: «məni də bir yerə qoyun, bəlkə gələn qurultaya sağ çıxmadım» - Azərbaycan yazıçısının yalnız vəzifədə gün gördüyü faciəsinin spesifik ifadəsi. Onu maraqlandırmır ki, sonda Anar «söz verirəm əvvəlki kimi işləyəcəyəm: vicdanla» dedi, amma «Vicdan susanda» əsərinin müəllifi Vidadi Babanlının digər çıxışçılardan fərqli olaraq, təşkilatdakı yarıtmazlıqlardan danışmağa cəhd etdiyinə görə, üstünə çımxırdı, tribunadan endirdi: «sənin sözün var, evimə zəng edib deyəydin». Sıravi azərbaycanlı sual vermir ki, bu idimi çıxışçıların bəhs etdiyi «Anar kübar mədəniyyəti», «Anar etikası»? Statistik azərbaycanlının qətiyyən vecinə deyil ki, gənclər şurası yazarlarla deyil, rəhbərliyin mətbuatda dayağı olduğuna görə jurnalistlərlə dolduruldu, niyə istisnasız bütün təriflər həqiqət, son altı ildə kəllə-çarxa qalxan istisnasız bütün tənqidlər isə nalayiq sözlər kimi qamçılandı.
Müharibə dövründə yaşayan sıravi azərbaycanlını ən çox o narahat edir ki, sabah döyüş bərpa olunanda savaşdan yayınsa, onu fərari kimi məsuliyyətə cəlb edəcəklər, düşmən tərəfə keçsə, «vətən xaini» adlandıracaqlar… Elə isə bəs nədən düşməni bağışlayan genişürəkli rustəmibrahimbəyovlardan «xalq yazıçısı» adı geri alınmasın. Axı o özü də indi Azərbaycan deyil, dünya vətəndaşı olduğu ilə fəxr edir.