Alatoran_header  
Jurnal > 2004/№2 > Müsahibə

Bu nömrədən başlayaraq siyasi liderlərin ədəbiyyat və sənət haqqında görüşləri ilə oxucuları tanış etmək istəyirik. İlk qonağımız Böyük Quruluş Partiyasının sədri Fazil QƏzƏnfƏroğlu ilə söhbəti aşağıda sizə təqdim edirik.

FAZIL QƏZƏNFƏROĞLU. Ötən yüzilliyin 65-ci ilində doğulub. 8 yaşında ilk şerini yazıb. 9 yaşında «Azərbaycan pioneri» qəzetində nəşr olunan «Atam bənnadır» şeriylə məşhurlaşıb. İki il universitetin filalogiya fakultəsində konkursdan keçməyib. Daha doğrusu peşəkar ədəbiyyatçılığa buraxmayıblar. Əsgərliyə gedib qayıdandan sonra 1986-da Leninqrad Universitetinin fəlsəfə fakultəsinə sənəd vermək istəyib. Rus məktəbini bitirmədiyinə görə sənədini geri qaytarıblar. Qəbul komissiyasının birinci mərtəbəsinə enərkən təsadüfən növbə olmadığını görüb Hüquq fakultəsinə sənəd verib və qəbul olunub. 1981-ci ildə mərhum Əbülfəz bəylə görüşüb və ona Güney Azərbaycan mövzusunda şerlərini bəyəndirə bilib. Və dostlaşıblar. 1991-də təyinatını könüllü olaraq Xalq Cəbhəsinə alıb. Elçibəyin müşaviri olub. Sonra Prezident aparıtının Dövlət-Hüquq şöbəsinin müdiri işləyib. Həyatının maraqlı keçdiyinə inanır. Kələkidə bir il , Türkiyədə üç il sürgün həyatı da, bir neçə dəfə qısamüddətli həbsxana günləri də, bir il altı ay ermənilərlə üz-üzə səngərdə qalmağı da, partiya başqanı olmağı da taleyinə yazılmış gözəlliklər hesab edir. 12 ildir şer yazmır və yazmağı arzulamır da. Nədənsə siyasət adamının şer yazmasına yaxşı baxmır. Şer kitabı illər öncə hazır olsa da, buraxmağı ağlına gətirmir. Lazım olmayan əsəri dərhal hiss edir və oxumur. Peşəkar ədəbiyyatçılarla bərabər səviyyədə mübahisə etməyə «baqajı» olduğuna arxayındır. Din, hüquq, fəlsəfə, siyasət mövzularında 8 kitabı, yüzlərlə məqaləsi dərc olunub. Həmişə düşünüb ki, 19-cu əsr rus ədəbiyyatını oxumayan adam bütöv ziyalı ola bilməz. Nədənsə ən çox da Qoqolu xoşlayıb. Təkrar oxumağı xoşlamaz. İstisna olaraq Kamyunun «Yad» əsərini bir neçə dəfə oxuyub. Böyük Quruluş partiyasının başqanıdır.

AĞILLI YAZIÇI ICITIMAI-SIYASI HƏYATDA ÖZ EPIZODIK ROLUNU DƏRK ETMIŞ YAZIÇDIR.

Sizcə Azərbaycan dövlətinin mədəni siyasəti necə olmalıdır, dövlət olaraq hansı xətalarımız var bu sahədə, yanlış mədəni siyasətin nəticələri necə ola bilər?

İlk növbədə Azərbaycan dövləti necə olmalıdır sualından başlamaq lazımdır. Dövlət total bir düşüncənin cəmiyyətə hakim olması üçün mövcuddursa, onun mədəni siyasətinin faydasını gözləmək məntiqli görünməz. İstər təhsil haqqında, istər mədəniyyət haqqında ən ciddi qanunlar qəbul edilsə, bütün yazarlara, sənət adamlarına ucdantutma prezident təqaüdü verilsə belə nəticə olaraq cəmiyyətin zövqünü yeniləşdirən sənət əsəri ortaya çıxarılmayacaq. Mədəni sfera iqtisadi təməlləri zəif olduğuna görə dövlət yardımına həmişə ehtiyac duyur. Ancaq bu yardım yazıçı, rəssam və ya bəstəkar nomenklaturası yaratmaq üçün düşünülməməlidir. Azərbaycanda istisnasız olaraq bütün titulları ləğv etmək lazımdır: Xalq şairi, xalq artisti, əməkdar incəsənət xadimi, əməkdar rəssam və s. Hər sənət sahəsi üzrə obyektiv konkurs əsasında keçirilən ilin nominasiyaları və pul mükafatları düşünülməlidir. Sənət adamlarına, mədəniyyət xadimlərinə maddi təminatı üçün vacib olan daimi maddi dəstək formaları da düşünmək olar. Bununla belə dövlət ədəbiyyatın, sənətin yönləndirilməsindən uzaqlaşmalıdır. Prezident aparatının hansısa şöbəsinin direktivləri əsasında, iqtidarın seçki kampaniyasının dəstəklənməsi üçün bu və ya digər şəkildə ədəbiyyat və sənət adamlarının amoral fəaliyyətə cəlb olunması yolverilməz hal sayılmalıdır. Ölkənin intellektual elitasının yaranması üçün universitetlərin elitar təhsil ocaqlarına çevrilməsi, Milli Elmlər akademiyası sistemi ilə universitet sisteminin tədricən vahid mərkəzdə birləşdirilməsi siyasəti həyata keçirilməlidir. Mədəni siyasətin təməli təhsil sisteminin naqisliyi ilə zədələnir. Ermənilərin bir xarakterik xüsusiyyətinə diqqət etsək görərik ki, hansı sahədə millətin gələcəyinin korlanması daha böyük fəsadlar törədə bilər, həmin sahələrdə korrupsiya geniş vüsət almayıb. Xüsusilə təhsil və səhiyyə sistemində Azərbaycandakı başıpozuqluq onlarda müşahidə olunmur. Azərbaycanda təhsil müəssisələrinə rəhbərlik etmək üçün külli miqdada rüşvət formasında pul verilirsə, mədəni siyasətin də yazılmamış maddələri bundan başlayır.
Bu gün intellektual nəsil yetişdirmək üçün deyil, məhz güclü sərvət sahibi olmaq üçün təhsilə pul yatıranlar mədəniyyətə ümumiyyətlə diqqət yetirmirlər. Bu isə ən yaxşı halda mənəvi cəhətdən inkişaf etməmiş intellektualların yetişməsi deməkdir. Dövlət mədəni sferada öz üzərinə əsasən dəstəkverici rol götürməlidir. Hazırda dövlətin mədəniyyət üzərində ideoloji hegemonluğunun nəticəsidir ki, bu gün dünya miqyasında sözü keçərli olan elm adamlarımızı göstərmək mümkün deyil. Bakı Dövlət Universiteti kimi elm ocağı əyalət məktəbi səviyyəsinə endirilib. Əsas fəaliyyəti də Binə aeroportunda post qurub xaricdən gələn rəsmi qonaqları universitetə gətirmək, əyinlərinə xələt keçirib başına quş papağı qoymaqla fəxri doktor adı verməkdən ibarətdir. Ölkədə təhsilin səviyyəsinin aşağı düşməsi nəticəsində bilikli adamların sayı hansı sürətlə azalırsa, o sürətlə də elmi dərəcə alanların sayı artmaqdadır.
Yanlış mədəni siyasətin digər nəticələri də göz qabağındadır. Opera sənəti, balet sənəti, ümumiyyətlə teatr yox səviyyəsindədir, Azərbaycan kinosunun ötən əsrin 70-ci illərinin emallarına baxmaqdan təngə gəlmişik, yazıçı, rəssam, elm adamı deyə öyünəcəyimiz kimsə qalmayıb. Dünyanın məşhur skripka ustalarından biri Başmet müsahibələrinin birində filarmoniyada konsert verərkən mobil telefonların ona əsəri ifa etməyə imkan vermədiyindən gileylənirdi. Əksər kinoteatrlar paltar mağazasına, kitabxanalar kababxanalara çevrilib. Hakimiyyət başında olanlara yaltaqlanma dərəcəsinə görə fəxri titulların paylanması adi hal alıb. Musiqi isə artıq azərbaycansayağı pop və meyxana «təravəti» ilə doldurulub.

Müasir dünyada artıq qapalı cəmiyyət modelləri özünü doğrultmamaqda, iflas etməkdədir. Bunun yerinə təklif olunan açıq cəmiyyət modelləri üstünlük qazanmaqdadır, örnəklərini demokratik ölkələrin təcrübəsindən görə bilərik. Biz bir çox sahələrdə olduğu kimi, ədəbiyyat sahəsində də avtoritar prinsiplərdən xilas ola bilməmişik. Bunun səbəbini nəylə izah edərdiniz?

Açıq cəmiyyət institutları totalitar düşüncənin çökdüyü ölkələrdə daha böyük uğurla inkişaf etməkdədir. Azərbaycan kimi ölkələrdə siyasi sistem belə cəmiyyət modellərini yaşatmağa uyğun deyil. Burada 30-40 il öncə sovet totalitarizminə qarşı mübarizədə bu rolu zəif şəkildə də olsa ədəbiyyat öz üzərinə götürmüşdü. Sətiraltı mənalar içində totalitar düşüncənin zərərli tendensiyaları qamçılanırdı. Bu gün bir qədər fərqli totalitar mühitdə cəmiyyət ədəbiyyatdan deyil, siyasi mühitdən qidalanmağa aludə olub. Siyasi mesajlar isə ideoloji xarakterinə görə heç də düşüncə azadlığının formalaşmasının effektli yolu deyil.
Biz çox vaxt amansız ittihamlar irəli sürürük, mövqelərini qınayırıq, ancaq bir gerçəyi unuduruq ki, JEK müdiri yazıçı Anarı eşitmir. Ancaq deputat Anarın telefon zənginə dərhal cavab verir. Cəmiyyətimiz öz yazıçısını, alimini qoruyacaq imkana sahib deyil. Son YB qurultayında yazıçılardan birinin ifadəsi bu mənzərəni dəqiq göstərir: «Yazarlar Birliyinin rəhbəri hakimiyyətlə əlaqə quracaq adam olmalıdır.» Yəni ədəbiyyatla əlaqə qurmaq, sənət əsəri yaratmaq onlar üçün əhəmiyətli məsələ deyil. Bununla belə ədəbi mühit birinci növbədə yazardan vicdanlı olmağı, ləyaqətli olmağı tələb edir. Çex yazarı Yaroslav Seyfert yazırdı ki; «əgər yazıçı öz xalqının probleminə susursa, demək o, yalan danışır» Azərbaycanda isə susmaq bir tərəfə, «yazıçı öz xalqının problemlərinin olmadığını yalandan söyləyir və ancaq iqtidar mənsublarına yaltaqlıq nümayiş etdirirsə» bu birmənalı əxlaqsızlıq kimi qiymətləndirilməlidir. Hətta vicdanlı davranışı cəmiyyət qarşısında etməsən də olar, ancaq sənət qarşısında etməyə borclusan. Məhz avtoritar düşüncədən xilas ola bilmədiyinə görə, özünü prezidentdən ağıllı görə bilmədiklərinə görə Azərbaycan yazarının yeni dövrün ədəbiyyatını yaratmağa savadı və iradəsi çatmır. Onun dindən, fəlsəfədən, sosiologiyadan, texniki biliklərdən hazırlıq səviyyəsi xeyli aşağıdır. Ona görə də müstəqil dövlət qurulandan sonra İsa Hüseynovu da, Anarı da, Əkrəmi də, Elçini də, Maqsudu da «Qafın anrı tayında» qaldılar. Onların televiziya çıxışlarına baxın, cəmiyyətdəki prosesləri təhlil etmələrinə diqqət yetirin, mühakimələrinin nə qədər bəsit və müasirlikdən uzaq olduğunu ilk cümlələrdən hiss edəcəksiniz.

Siz siyasi iqtidara gələcəyiniz təqdirdə, mədəniyyət sahəsində hansı islahatları həyata keçirməyi düşünürsünüz?

Mədəniyyət bir çox dəyərlərin məcmuyudur. Mədəniyyətdən sivilizasiyaya keçilir. Azərbayan bir əyalət kültüründən özünəməxsus mədəniyyətə keçid edə bilməyən bir cəmiyyətdir. Çünki dini, fəlsəfəsi, sosiologiyası, texniki elmləri müstəqil sahələr kimi inkişaf etdirilməyib. Biz geridəqalmışlıq kompleksindən uzaqlaşmaq üçün ilk olaraq hər kəsin maneəsiz İnternetə qoşulmaq imkanını tanıyan maddənin Konstitusiyaya salınmasına və bunun təminatı probleminin həllinə çalışmalıyıq. Ardınca dövlət büdcəsindən ayrılan xüsusi vəsaiti Azərbaycan kitabxanalarına dünyanın müxtəlif ölkələrində nəşr olunmuş kitabların alınmasına xərcləməli və ölkədə kitabxanaçılıq işini stimullaşdırmalıyıq. Ən mühüm məsələ kimi yeni peşəkar tərcüməçi nəslinin yetişməsinə vəsait xərcləməkdə bədxərclik etməməliyik və fəlsəfə, hüquq, iqtisadiyyat, sosiologiya və başqa sahələrə aid tədqiqat əsərlərinin operativ tərcüməsi üçün ciddi bir tərcümə strukturu formalaşdırmalıyıq. Avropa standartlarına uyğun olan və elitar təhsil profili üzrə orta və ali məktəblərin açılmasına dövlət təşviqini gücləndirməli, elmi labaratoriyaların təkmilləşdirilməsinə və müasir texnologiya ilə təmin olunmasına çalışmalıyıq. Təsəvvür edin ki, bu sahədə o qədər dəyərləri itirmişik ki, erməni müğənnisi Şarl Aznavur Ermənistanın muzeylərində hansı sənət əsərlərinin olmadığını düşünərək öz vəsaiti hesabına orijinal nüsxələri alib ora göndərir, bizdə isə onsuz da talan olunmuş muzeylərimizdən dəyər-dəyməzinə sənət əsərləri Mədəniyyət Nazirliyinin iştirakı ilə xarici satılır, Antikvarların böyük əksəriyyəti xarici ölkələrə daşınır. Sonra da oturub hay-həşir salırıq ki, ermənilər Şuşada filan muzeyi dağıtdılar. Sən Bakıdakı muzeyi qorumaqda vicdanlı hərəkət etdinmi ki, indi də Şuşadakı muzeyin dərdini çəkirsən? Baxın, mənasız yerə Azərbaycan Konservatoriyasını iki yerə ayırdılar. Üzeyir Bəydən çoxmu ağıllı idiniz ki, belə bir addım atdınız? Azərbaycanda qonşu dövlətlərin, onların dilinin, mədəniyyətinin, iqtisadi və hərbi inkişaf təmayüllərinin öyrənilməsinə xüsusi diqqət yetirilməlidir. Elmin, sənətin, ədəbiyyatın ideologiyasızlaşdırılması həyata keçirlməlidir. Təsəvvür edin ki, elmi kəşflərin sayına görə dünyada ən sonuncu yerlərdən birini tutan Azərbaycanda elmi işlə bağlı müzakirələrdə məşhur bir ifadə yer almaqdadır: «İşin ən müsbət cəhəti odur ki, müəllif dissertasiya üzərində özü işləmişdir!» Seçilən mövzular heç bir elmi-ictimai faydalılıq tələblərinə cavab verməməkdədir. Siz son illərdə hansısa Azərbaycan aliminin cəmiyyət həyatını savadlı, proqnoz xarakterli şərh edən yazılarına rast gəlirsinizmi? Bütün mədəniyyət sahəsinə münasibəti kökündən dəyişmək üçün bu sahə hakimiyyətin yardımçı təsərrüfatı olmaqdan xilas edilməli, intellektual elitanın hakimiyyətin intellektual müxalifətinə çevrilməsinə şərait yaradılmalıdır.

Ümumiyyətlə sizin idealınız olacaq yazıçı kimdir. Bir yazıçıdan və ədəbiyyat adamından gözlədikləriniz nələrdir? Ədəbiyyata yeni gələn gənclərə tövsiyələrniz.

Mənim idealım olacaq yazıçı yoxdur. Zövqlə oxuduğum, dünyagörüşümdə iz buraxan əsərlər var. İdeal yazıçı məsələsini açmaq olduqca mürəkkəbdir. Özünəqapılmış bir yazar hansısa tarixi anda cəmiyyət üçün faydalı işlər görməkdən imtana etsə də mükəmməl bir sənət nümunəsi yarada bilərsə, bu mənim üçün məqbuldur. Digər tərəfdən cəmiyyət həyatında ən aktiv rol alan yazıçı ədəbiyyatın çirklənməsinə imkan yarada bilərsə, bunu təqdir etmək olmaz. Məncə ağıllı yazıçı icitimai-siyasi həyatda öz epizodik rolunu dərk etmiş yazıçdır. O baş rola iddia etmir, tarixi zərurət yarandıqda meydana çıxıb öz epizodik rolunu oynayır və sonra da yenidən öz ədəbiyyat mühitinə geri dönür. Yazıçı ki, siyasətin içində, dövlət tədbirlərinin içində uzun müddət qalmağa vərdiş etdi, demək ki, özünün tükəndiyini hiss edərək dopinqə meyllənməyə könüllü razılıq vermişdir. Bu poblem barədə düşünərkən hər halda Amerkan yazıçısı Folknerin görüşlərinə daha yaxın düşünürəm: «Yazıçı ancaq öz sənəti qarşısında cavabdehlik daşıyır.» Ümumiyyətlə 20-ci əsrdə kamil yazıçı obrazının yaranmasında ədəbiyyat üzrə Nobel mükafatı standartlarınnı böyük rolu olmuşdur. Bu tələbə görə, yazıçı istedadlıdan əlavə, həm də idealist olmalıdır. Diqqət edirsinizsə, bu xarakterdən yoxsul yazıçılar bu mükafatın laueratı ola bilməmişlər. Nümunə üçün Çingiz Aytmatovu göstərmək olar. Azərbaycan yazıçısının isə bu standartlara yaxın düşməyə nə həvəsi, nə də qabiliyyəti var. Çünki ayrılıqda yazıçılıq dilin imkanlarını yüksək səviyyətə ifadə etmək qabiliyyəti deyil. Ədəbiyyat dindən, fəlsəfədən, sosiologiyadan kənar düşünülə bilməz. Müasir Azərbaycan yazarı və şairi öz kompleksini ancaq dilin üslüb canbazlığı üzərində qurmaqdan o tərəfə genişləndirə bilməmişdir. Məncə «Sənət sənət üçündür!» formulu hər bir ədəbiyyat adamının başının üzərindən asılmalıdır. Sənət üçün yaradılan ədəbiyyat mütləq cəmiyyətə axacaqdır. Cəmiyyət onu ən qısa dalğada, ən uzun dalğada olmasından asılı olmayaraq tutacaqdır.
Ədəbiyyata yeni gələn gənclərə əsas tövsiyyəm ədəbiyyatda gənclik deyilən anlayışın olmamasına səmimiyyətlə inanmalarıdır. Ədəbiyyatda qoca-gənc yoxdur, istedadlı və istedadsız var. Buyurun, Nobel mükafatı laueratı Joze Saramoqo yalnız 66 yaşında məşhur olub. 74 yaşında isə Nobel mükafatı alıb. Üstəlik bilməlisən ki, ədəbiyyatda rəqabət də yoxdur. Nəyisə kiminsə acığına, kiməsə özünü təsdiq üçün yazmırsan. Sadəcə həyatın problemlərindən birini və ya bir neçəsini şərh etməkdən zövq almaq üçün yazırsan. 1983-cü ilin Nobel mükafatı laueratı Uilyam Qoldinq ilk əsərini 44 yaşında yazıb. «Milçəklərin hökmdarı» adlanan bu romanı 21 nəşriyyat qəbul etməkdən imtina edib. Lakin «Feyber and Feyber» nəşriyyatı romanı çap edən kimi əsər besstellerə çevrilmiş və 20 milyon nüxsə çap olunaraq qısa müddətdə satılmışdır. Bir də yazıçı öz zamanı ilə rəqabətə yox, gələcəklə rəqabətə yönəlik düşüncəni özünə hakim etməlidir. Azərbaycanda isə ədəbiyyata gələn yeni insanlar qarışqa inadı ilə ədəbiyyatda öz evini tikmək deyil, Anarın və ya Fikrət Qocanın yataqxana tipli Yazarlar Birliyində qeydə düşmək və ya bu yataqxanada suyun, havanın olmadığından gileylənməklə vaxtını keçirirsə, buna gənclik ruhu deyilməz. Yapon yazarı Kendzaluro Oe gəncliyə müraciət edərək yazırdı ki, «Maksimum çalış ki, öz gücünlə özəl dünya modeli və şəxsi modelini qura biləsən. Heç vaxt özündə passivlik yaratmağa imkan vermə.» İstərdim ki, kimsə ədəbiyyata yeni gəldiyini düşünməsin, sadəcə ədəbiyyata gəldiyinin cavabdehliyini anlasın.

Azad Yazarlar Ocağı olaraq biz «Ortaq Türkcə» mövzusunu güqndəmə gətirmək istəyirik. Bu məsələyə sizin münasibətiniz necədir?

Ortaq türkcənin yaranması uzun illər türklük fikrinin ideoloqlarını düşündürən başlıca məsələlərdən sayılıb. Ancaq siyasi coğrafiyanın müəyyənləşdirdiyi sərhədlər türklər üçün bunu gerçəkləşdirməyə əlverişli olmayıb. 20-ci əsrin əvvəllərində «Həyat» və «Füyuzat» qəzetləri çevrəsində formalaşan ictimai-siyasi və ədəbi çevrə Osmanlı türkcəsi deyilən ədəbi dili türk dünyasında vahid formada qəbul etdirməyə çalışsalar da, ümumi mədəniyyət fenomeninə çevirə bilməmişlər. Bizcə hazırda türklərin bir neçə dövlətlərinin mövcudluğuna və hərəkət imkanlarının 20-ci əsrdəkindən xeyli fərqləndiyinə baxmayaraq, bu ideyanı gerçəkləşdirmək yaxın gələcəkdə real görünmür. Ümumiyyətlə, bu problemin həlli istiqamətini ortaq əlifbadan başlamaq lazımdır. Məncə 19-cu əsrdə Mirzə Fətəli daha səmərəli model düşünmüş, sadəcə o zaman Osmanlı Türkiyəsindən dəstək ala bilməməsi ortaq əlifbanın yaranmasını əngəlləmişdir. 1991-ci ildən başlayaraq bu istiqamətdə gecikmədən addımlar atılmalıydı və burada məsuliyyəti Türkiyə öz üzərinə götürməliydi. Məhz müasir Türkiyə əlifbası heç bir dəyişikliyə məruz qalmadan ortaq əlifba kimi bütün Türk respublikalarında qəbul olunmalıydı. Təəssüf ki, o zaman milli hakimiyyət dövründə də bizim bağışlanmaz səhvlərimizdən biri bu prossesə əngəl olacaq «Ə», «Q» və «X» hərflərini saxlamağımız idi. Səsi saxlamaq olardı, ancaq ortaq əlifbanın yaranması naminə bu səsləri göstərən hərfləri ortadan qaldırmağı bacarmalıydıq. Biz o zaman bu addımı atsaydıq, çox güman ki, ilkin mərhələdə Orta Asiya Türk respublikaları da təqribən eyni varianta üstünlük verəcəkdilər. Məhz bu prosesdən sonra Ortaq Türkcə, daha dəqiq desək, ortaq ədəbi türkcə öz-özlüyündən yaranacaqdı. Bu ideyanı zəruri edən əsas amil odur ki, nə Türkiyədə bir yazar ayrılıqda 60 milyon auditoriya üçün, nə də Azərbaycan 8 və ya 35 milyonluq auditoriya üçün əsər ortaya qoymaqla dünyaya açıla bilməyəcək. Bu gün rus dilli ədəbiyyatın, ingilisdilli ədəbiyyatın auditoriya fərqinə görə üstünlüyü göz qabağındadır. Həm də məsələyə iqtisadi cəhətdən yanaşsaq görərik ki, 8 milyonluq auditoriyaya kitab satmaqla əldə olunan gəlirlərlə yazıçı təminatlı yaşaya bilməz. Ortaq Türkcə nəticəsində bu rəqəm 200 milyona çatarsa, o zaman daha ciddi yazarlar nəsli meydana çıxa bilər. Çünki bir çox hallarda yazıçının taleyi və yazmaq stimulu oxucu auditoriyasının genişliyindən asılıdır. Hamının məhşurlaşmaq üçün rus və ya ingilis dilinin imkanlarından istifadə etməyi də olduqca problemli məsələdir. Ona görə də yayılma arealımızı özümüz genişləndirməyi düşünməliyik.

Söhbət etdi: T.Rzayeva