Alatoran_header  
Jurnal > 2004/№2 > Həmid Herisçi - Qafiyəli... yoxsa, sərbəst nəsr?

İngiltərə jurnalisti Catherine Allbright ilə söhbət

Bir söz de -

səm, inciməzsiniz ki, Həmid bəy? Məncə, üzv olduğunuz “Azad Yazarlar Ocağı” təşkilatı tam demokratik əsaslar üzərində qurulmayıb. Ora toplanmış yazarların demək olar ki, hamısı eyni postmodern qaiyələri bölüşənlərdir, mən sizin sıralarınızda fərqli düşüncə daşıyıcısı olan başqa
bir qələm sahibi görmürəm. Təəssüf.
- Düz buyurursunuz. Məncə, AYB-də demokratik əsaslar bizimkindən qat-qat artıqdır. “Ədəbiyyat” qəzetinin redaksiya heyəti tərkibində Siz, Səddam Hüseyn reciminin qatı tərəfdarı, onun şeyda - bülbülü Əbdüllətif Bəndəroğlu ilə rastlaşa bilərsiniz. Bəli, biz bu dərəcədə demokratik deyilik. Təklifləriniz barədə düşünməyə dəyər, dediklərinizi qulaq ardına vurmaq fikrindən uzaqıq. Rasim Qaraca, Azad Yaşar, Murad Köhnəqala, Tofiq Abdin, Ayaz Vəfalı, Ədalət Əsgəroğlu, Tehran Əlişamlı ilə məsləhətləşib-gənəşdikdən sonra lazımi qərar qəbul edərik. Darıxmayın, cücəni payızda sayarlar.
- Azərbaycanda postmodernizm. Qərb mətbuatını maraqlandıran bu mövzuya açıqlıq gətirməyinizi sizdən xahiş edərdim. Bizdə intilligentlərin dövrü çoxdan qurtarıb, intellektualların
dövrü başlayıb. Sizdə isə, özünü intilligent, ziyalı adlandıran psevdoklassistlər hələ də meydan sulamaqdadırlar.
- Ölkəmiz, insanlarımız, hər mənada, hər sahədə özünün postmodern dövrünü yaşasa da belə, ədəbiyyatımız hələ ki, postmodernə keçmək cəhdində bulunmur. AYB generalları postmodernin adını çəkdikdə onun əvvəlindəki “P” hərfini ixtisar edir, onu gözdən salmaq istəyirlər. Ancaq Azərbaycanda bütün əski anlayışlar dəyərdən düşdüyünə görə, ölkəmiz çoxdan postmodern dövrünə daxil olub. Dəyərdən düşmüş əski simvolların “post”, yəni sonrakı dövrü başlayıb. Gerçək həyatımız postmodern düşüncəyə qida verəcək misallarla zəngindir. Kiçik misal: Prezident seçkilərindən öncəki gün, AYB-nin sədri Anar Rzayev, Opera və Balet Teatrının binasında keçirilən iclas zamanı İlham Əliyevin böyründə əyləşərək, onu dəstəklədiyini bildirirdi. Elə həmin günlərdə televiziya ekranlarını seyr edənlər başqa bir görüntünün də şahidi oldular: müxalifət tərəfdən prezidentliyə namizəd İsa Qəmbərin arxasındakı taxçada yenə də elə həmin Anar Rzayevin fotoşəkli gözə dəyirdi. Yəni, diri Anar Rzayev İlham Əliyevə, onun fotoşəkli isə İsa Qəmbərə səs verirdi. On, on beş gün sonra, Prezidentin andiçmə günü, biz Anarı Bişkek şəhərində, Qırğızıstan prezidenti Əsgər Akayevin böyründə əyləşdiyini öz gözlərimizlə gördük. Sözün qısası, məgər bu əsl postmodern situasiyası deyilmi? Misal çəkdiyim həmin üç hadisənin vəhdətimndən postmodern üsulda gözəl bir hekayə, hətta roman yazmaq olardı. İnsan aləminin iki-üç, bəlkə də daha çox hissələrə parçalanması, bu əsərin başlıca qaiyəsini, onun fəlsəfi estetik əsasını təşkil edərdi. Bu göydən düşmə imkanı əldən qaçırmaqmı olar? Bədii qəhrəmanın dixotomiyaya (ikiləşməyə) məruz qalması, ədəbi dühaları düşündürən ən vacib məsələlərdən biridir - Oskar Uayldın “Dorian Qreyin portreti”, F.Dostoyevskinin “Cinayət və cəza” romanı məhz bu fikrə ibadət edir, onun ətəyində öz sonsuz namazını qılır. Vurğuladığım bu mövzuya ən son olaraq cağdaş Amerikan yazarı (o yunan kökənlidir) Cefri Yevgenidis “Orta cins” romanında müraciət edib. Onu oxumağı çoxlarına məsləhət görərdim. İngilis yazarı, Nobel ödülü almış mərhum William Golding insanın “ikiləşmə, bölünmə, parçalanma” bəlasını bədii təfəkkürün yaratdığı başqa imkanlarla həll etmək istəyib: Onun 1980-ci ildə çapdan çıxmış “Darkness Visible ” (Görünən Zülmət) əsərinin baş qəhrəmanı Metti, 1940-cı il London bombardmanında ağır bədən zədəsi alıb – sifətinin bir tərəfi yanıb qaralıb, nəticədə Mettinin üzündə ağ rənglə qara rəng birləşib (bəlkə də bu sifət özünün bir tərəfini tam itirib…). Nəticə: Dünya ədəbiyyatında dixotomiya problemi məhz insanın daxili aləmi çərçivəsində həll edilir, bu isə öz növbəsində yazıçıdan dərin psixologizm tələb edir.
Anar Rzayev isə özünün son “Ağ qoç, qara qoç” əsərində dediyim dixotomiya amilini insan varlığının dərinliyində, psixoloci aləmdə deyil, neyçünsə cəmiyyətdə, onun sosial əhatəsində axtarır. Hətta bunu orada tapa da bilir. Yazıçıya görə, müasir – gələcək Bakı üç yerə parçalanıb: Bakı–City, Şəhri Badkubə, Bakı Kommunası... Halbuki, həmin məkanları o, insanın daxilində aramağa səy göstərməli idi.
- Nəticədə əsər uğursuz alınıb, eləmi?
- Bəli. Alman tədqiqatçısı, freydist Geza Rohaymın qənaətinə görə, miflər ataların mövqeyindən, nağıllar isə oğulların maraq dairəsindən yaranır. Yəni, nağıllarda oğullar passionar bir qüvvə kimi miflərin, ataların əleyhinə üsyan edirlər (E.M.Meletinskiy, Poetika mifa, Moskva 1976, s. 59). Anar Rzayev öz əsərində “Məlikməmməd” nağılının bu əsas qayəsini dəyişmək niyyətində bulunur. O, bu nağılın üsyankar ruhunu əzmək, onu ataların ixtiyarına vermək, nəticədə gəncliyin bu “milli manifestini” (yəni, Məlikməmməd nağılını) ləğv etmək istəyir. Təsadüfi deyil ki, Anar Rzayevin baş qəhrəmanı Məlik Məmmədov artıq gənc deyil, qoca atadır, öz övladlarının mənəvi durumundan narazıdır.
- Belə çıxır ki, Siz, Məlikməmmədi Şekspirin Hamleti kimi “əbədi gənc”, “ölüb dirilən əbədi yaşıllıq Allahı” simasında görmək istəyirsiniz?
- Sözsüz, elədir ki, var. Məşədi İbadın məşhur kəlamını əsas tutaraq deyirəm: Mən, Anar Rzayevin “Ağ qoç, qara qoç” əsərini yarıyacan oxuyandan sonra məhz bu nəticəyə gəlmişəm. Özü də həmin əsərin adını dəyişib, ona “Ağ Anar, qara Anar” adını verməyi günümüzün vacib məsələsi sayıram. Ümid edirəm ki, tənqidçi Vaqif Yusifli mənim bu təklifimə dəstək verəcək, əsərin tərcümələri xaricdə məhz bu ad altında çap olunacaqdır.

“Tarixin sonu” –

postmodernin bu əsas qayəsi haqda nə deyərdiniz?
- 1991-ci ildə postmodernist tarixçi-filosof Frensis Fukayama qıcıqlandırıcı bir ad altında özünün məşhur “Tarixin sonu?” əsərini nəşr etdi. Məsələyə aydınlıq gətirirəm: tarix dediyimiz anlayış təkcə elə xronoci mahiyyət daşımır. Yalnız onunla ölçülmür. Tarix ilk növbədə insan zehnindəki əski miflərin, nağılların, simvolların yaşayış dövrüdür. Postmodern alimlər (C.Bodriyar, F.Fukayama, S.Xantikton, S.Kocev) sübut edirlər ki, bizim tarix, üzərində qurulduğu bütün mifləri tam yaşayıb qurtarıb, nəticədə, o necə deyərlər, bitib, sona çatıb. Kiçik haşiyə: Mən deyərdim ki, tarixin yox, bizim tarixin imkanları tükənib. Tarixin bünövrəsindəki ilkin ədəbi-əbədi mifoloci mətnlərə, anlayışlara, miflərə, şərti olaraq Qiyam (yəni, modernizm) adını versək, tarix bitdikdən sonra, onların bütün təzahürlərinə Qiyamət (postmodernizm) ləqəbini vermək məcburiyyətindəyik. Postmodern dövrünün ədəbiyyatı da öz növbəsində Qiyamdan çox, Qiyamətə oxşayır, həmin esxotoloci məhfumların ölçüləri ilə dəyərləndirilərək dərk edilib bədii mətnə köçürülür. Burda ağla qara, ölü ilə diri, göylərlə insan bir-birinə qarışıb. Xülasə, binar ziddiyyətlərin tənzimləyici funksionallığı, cəmiyyətin hər sahəsində tənəzzül edib. Qərb postmodernistləri C.Kristeva, M.Fuko, Delez, Qvattari, U. Eko bir həqiqəti danılmaz bilirlər: nəinki tarix, hətta insan, vətən, dil, ədəbiyyat və s. kimi anlayışlar da bitib qurtarıb. Gerçəkliyə sədaqət naminə indiki halda onların hər birinin qarşısına “post” (sonrakı) sözünü artırmaq gərəkdir. Postmodernistlər qələmə aldıqları hər bir sücetdə, mövzuda onun nəinki mənasını, həm də mənasızlığını tapmalı, məhz sonuncuya əsasən hadisələrin dərinliyinə getməlidirlər, Yəni, əgər klassikada (moderndə) sücetin yalnız mənası açılırsa, postmoderndə onun həm də mənasızlığı əks olunur. Postmodernistlər hətta əski mətnlərə belə bu amili tədbiq edərək onların indiyədək kölgədə qalmış, əsl mənasını üzə çıxarırlar.
- Misal üçün, hansı köhnə əsərə bu gözlə baxmaq olar?
- Buyurun: Götürək recissor T. Lianozovanın yazıçı Yulian Semonovla birgə çəkdiyi məşhur: “Baharın on yeddi anı” filmini (Mosfilm, 1973). Onun üzdə olan bayağı mənası sadədir: Baş qəhrəman V.Tixonov–Stirlitz (SSRİ-nin personofikasiyası) faşist Almaniyasına qalib gələn nadir bir cəngavərdir. Ancaq filmin canında, zatında çox gizli bir postmodernistik sirr yatır: V.Tixonov-Stirlitz öz əxlaqı, geyim-keçimi, ədaları, təcrübəsi, peşəkarlğı ilə artıq rus deyil, təpədən dırnağa qədər almandır. Yəni o, Almaniya üzərində qələbə qazansa belə, həmin ölkə də, öz növbəsində, onun üzərində qələbə çalıb, Stirlitzi almanlaşdırıb. Beləliklə, filmdə nəinki SSRİ-nin, eləcə də Almanyanın qələbəsi mövcuddur. Qısa danışsaq, nümunə gətirdiyim bu misallarda əsərin həm mənası, həm də mənasızlığını görmək mümkündür. Adı çəkilən filmin postmodern təhlili budur - kinoflmdə ziddiyyət var, onun sayəsində SSRİ-nin qələbəsi şübhə altına düşür, nəticədə, 1990-cı ildə SSRİ vahid Almaniyaya məğlub olur. Əsərin qəribə bir numeroloci sirrini də qeyd etmək yerinə düşər - onun çəkildiyi 1973-cü ilin üzərinə “Baharın 17 anını” əlavə etsək, 1990-cı ilə, Almaniyanın birləşib qələbə qazandığı tarixə gəlib yetişə bilərik. Təsadüfi deyil ki, film boyu biz, tez-tez, vaxtaşırı saat səslərini eşidirik. Yavaş-yavaş, dəqiqəbədəqiqə 1990-cı ilə, SSRİ-nin süqutuna yetişirik - yəni postmodernistlərin dediyi “tarixin sonuna”, post tarixə. Həmin tarixdən etibarən, “Baharın 17 anı” filmi özünün bayağı üst mənasını itirir, içində gizlədiyi 2-ci mənanı, yəni Almaniyanın Stirlitz üzərindəki qələbəsini açıb bizə göstərir. Məhz yuxarıda qeyd etdiyim “məna+mənasızlıq” modelindən istifadə edən cağdaş rus nasiri postmodernist Viktor Pelevin(1962) özünün məşhur “Çapaev i pustota”(1994) romanını yaradaraq, mənanı (Çapayev haqda mifləri) mənasızlığa, absurda yuvarlatdı. Əski Sovet mifinə nöqtə qoymaqla, post tarixə, post mənaya gəlib yetişdi.

QAYIDAQ

çağdaş Azərbaycan ədəbiyyatına, daha dəqiq desək müasir Azərbaycan nəsrinə. Siz öz müsahibələrinizdə tez-tez “sərbəst nəsr” deyə bir ifadə işlədirsiniz. “Sərbəst Şer”in nə olduğu mənə bəllidir. Bəs sərbəst nəsr dedikdə Siz nələri nəzərdə tutursunuz?
- Yaxşı sualdır. Bilirsiz, şeri sərbəstliyə gətirmək çox da çətin iş deyil – onu söz oyunundan, ən vacibi, qafiyələrdən qurtarmaq gərəkdir. Nəsri sərbəstliyə gətirməkdən ötrü, ilk öncə olaraq onun “qafiyələrini” dərk etmək lazım gəlir. Bu, onun semantikası, semiotikası, sücet xətti, və nəhayət fəlsəfi dayaqlarıdır. Ənənəvi nəsr bir canr kimi əsasən binar ziddiyyətlər (şər-xeyir, ağ-qara, xalq-fərd, kiçik-böyük, xaos-kosmos, renesans-dekadans, qəhrəman-antiqəhrəman və s.), səbəb nəticə qanunları üzərində təşəkkül tapıb. Təkcə nəsrmi? Postmodernə qədər tarix, psixologiya, əxlaq və s. kimi anlayışlar da binar ziddiyyət qanunları üzərində qurulub inkişaf edirdi – ağ qarayla, renesans dekedansla əvəzlənirdi. Müharibə sülhə, dinclik müharibəyə keçirdi. Eynən Məlikməmməd nağılında olduğu kimi – Məlikməmməd gah ağ qoçun, gah qara qoçun belinə minib öz həyat yolunu gedirdi. Posttarix dövründə, xüsusən SSRİ-nin süqutundan sonra, binar ziddiyyətlərin kosmoqonik, tənzimedici gücü tükənib, dünya binarlığı dəf edərək məchul bir nöqtəyə gəlib yetişib. Yəni dini kitabların öncədən xəbər verdiyi qiyamət dövrü qapılarımızı döyür, Qiyam bitib, Qiyamət gəlib. Qiyamət isə binar ziddiyyətlərin ləğv olunması ilə təyin olunur. Binarizmin bədii mətndə dəf edilməsi, çağdaş postmodern filosof–yazıçıların (C.Bodriyar, C.Derrida, V.Pelevin, U.Eko, E.Limonov, O.Pamuk) əldə etdiyi başlıca nailiyyətdir. Onlar nəinki nəsrin, hətta həyatın əski qafiyələrini ləğv ediblər. Burda həyatla ədəbiyyatın, virtuallıqla reallığın sərhədləri açılır, yazıçı bir insan kimi tam sərbəstliyə qovuşur.
- Azərbaycan nəsri bundan çox uzaqdır, eləmi? Xüsusən 60-cılar?

GƏLİN SÖHBƏTİ –

mizi 60-cıların bədii mətnləri üzərində quraq. Götürək Elçin Əfəndiyevin bu yaxınlarda çap etdirdiyi “Sarı
gəlin” hekayəsini. Bu əsl “qafiyəli nəsr” nümunəsidir, binarizm, yəni ziddiyyətlərin mübarizəsi kimi əski fəlsəfi anlayışların üzərində qurulub. Sücet sadədir: Sovet hökuməti dağılıb, klarnet çalan Fətulla kasıbçılıqla öz həyatını sürür. Ancaq, onun evində dədəsindən miras qalmış musiqi aləti – qədim balaban var, Fətulla onu satarsa, özünün bütün məişət məsələlərini həll edər, nəvəsinin sünnət toyuna gedib sandığa pul salar, arvadı Firuzəni bazarda üzüm yarpağı satmaq təhlükəsindən qurtarar. Əsərə fikir verək:
“…Və bu zaman Fətulla gəlib Füruzənin xüsusi səliqə ilə bəzədiyi bufetin qabağında dayandı, gözlərini bufetin yuxarı qatında, şüşənin arxasındakı o qədim sədəfli balabana zillədi. Üstü gümüş, sədəf və firuzə ilə işlənmiş bu balaban Fətullaya ata-babasından qalmışdı və Fətullagilin evinin çox əziz bir ərməğanı idi. Vaxtıyla bu balabandan qəzetlər də yazmışdı, muzeydən də gəlib onu almaq istəmişdilər, amma Fətulla verməmişdi, çünki Fətulla belə fikirləşirdi ki, əgər bu, balabanı satsa, ya kiməsə versə, dədə- babasının ruhu qarşısında kişiyə yaraşmayan bir iş görmüş olar...”
Bakılıların “manıs” dediyi klarnetçalan Fətulla balabanı dəllal Ələkbərə satır. Qiymətli musiqi aləti dolanbac yollarla gedib çıxır Nyu-Yorka, amerikan milioneri mister Blyumentalın şəxsi kolleksiyasına:
“…Mister Blyumental elə ilk baxışdan o sədəfli balabanın gözəlliyinə aşiq oldu, onu çox diqqətlə nəzərdən keçirdi, yoxladı, məlumat kitablarından Məhəmməd ibn Yusif ibn Mütəllibin orta əsrlərdə Şərqdə nəfəsli musiqi alətləri düzəltməkdə, Avropada skripka ustası Stradivariyə bərabər bir sənətkar olduğunu öyrəndi və o balabana 66500 dollara alıb kolleksiyasının Şərq musiqi alətləri bölməsinə qoydu...”
Binarizm üzərində qurulmuş bütün bədii mətnlərdə əslində heç bir inkişaf yoxdur, varsa da aldadıcı mahyyət daşıyır: Bakılı Fətullanın bufetində, yəni onun bir növ ev muzeyində tozlanan balaban başqa bir muzeyə - amerikalı Blyumentalın şəxsi kolleksiyasına gedib çıxır. Bir muzey başqa muzeylə əvəzlənir. Beləliklə, əsərdəki baş hadisənin heç bir irəliləyişi yoxdur - hekayənin sonu onun əvvəlinin növbəti təkrarı, əlavə dublikatıdır. Bu cür sxematizm binar ziddiyyətlər üzərində köklənmiş ədəbi mətnlərin əbədi xəstəliyidir. Və nəticə etibarilə, bu, oxucuya fatalizm, dekadans fikirləri aşılayır: Sarı gəlin qarasaç Firuzəyə, Bakı Nyu-Yorka çevrilsə də, həyat bir nöqtədə donub qalıb. Ən vacibi: Elçinin mətni, hekayəsi bu quyudan çıxa bilmir, şər xeyirlə, xeyir şərlə əvəzlənir və bu çevrilmələr sonsuzluğa qədər uzana bilər.
- Binarizmin ədəbi mətnlərə tətbiqi daha çox folklora xasdır. Ədəbiyyat, yazıılı söz isə bununla barışmamalı, bədii süceti “şər-xeyir” ziddiyyətlərindən kənara çıxarmalıdır.
- Hekayənin binar ziddiyyətlərini təyin edək:
1. Sarı gəlin / qarasaç Firuzə (idealın məişətdə təzahürü)
2. Sarı gəlin / həyətdəki sarı şanı üzümü (bu bioloci bitki mənəvi anlayışa - Sarı gəlinə qələbə çalır,
Fətulla arvadına onun yarpaqlarını satmağa içazə vermir, əvəzində öz balabanını dəllal Ələkbərə satır)
3. Balaban / klarnet (manıslığın musiqi üzərində təntənəsi)
4. Bakı / Nyu-York (Amerikanın Bakı üzərində qələbəsi) və s.
Bu cür sxematizmdən istifadə edən hər bir yazıçı folklor səviyyəsinə enib (zira, binar ziddiyyətlərlə oyunbazlıq daha çox folklora xasdır) oxucunu müəyyən qədər aldadar. Ancaq bədii mətndə hes nəyi həll edə bilməz. Binar sxemlər nərd, şahmat oyunlarının, geridə qalmış beyinlərin psixoloji əsasında dursa belə, onlar çağdaş bədii mətnlərin bünövrəsini təşkil etmək iqtidarında deyillər. Çünki onlar yazıçını virtuallığa, şahmat oyununa gətirib çıxarır. Məhz buna görə postmodern yazarlar bədii mətni binar ziddiyyətlər üzərində qurmur, ondan uzaqlaşırlar. Postmodernistlərin amalı oxucunu binarizmin ikiqapılı futbol oyunundan çıxarmaqda, nəsri ikiqafiyəli quruluşdan çoxqafiyəli, ən nəhayət qafiyəsiz ənginliklərə aparmaqdır.

AZƏRBAYCAN NƏSRİ -

nin “sərbəst nəsr”ə keçəcəyinə inanırsınız, eləmi?
- İndi şerdə bunu Murad Köhnəqala, Rasim Qaraca, Azad Yaşar, Ş.Ağayar, Aqşin, Zahir Əzəmət, Həyat Şəmi, Xanəmir, N. Kamal edir. Eşitdiyimə görə, İntiqam Qasımzadə, Ədalət Əskəroğlu, Aydın Xan, Tehran Əlişamlı da bu işdə onlara yardımçı olmaq istəyindədirlər. Dəqiq bilirəm: fani zaman imkan versəydi, Elçin Hüseynbəyli də “ənəlhəqq” qışqıra-qışqıra ədalət uğrunda mübarizəyə qalxardı. Nəzərə alın: Bəsti Əlibəyli bu işdə hamını daha ehtiyatlı olmağa çağırır. Vaqif Bəhmənli…
- Onu da dedkləriniz düşündürür?
- Sözsüz. O öz fikirlərini Rasim Qaracaya bağışlayacağı şer kitabının ilk səhifəsində qeyd edəcək. Nəriman Əbürrəhmanlıya gəldikdə isə, Murad Köhnəqala deyir ki, o, ölkədə inqilabi vəziyyətin yaranmağını gözləyir. Etibar Başkeçid payızda düşünməyə üstünlük verir. Elçin Əfəndyev bu barədə öz fikirlərini Kürdən tutduğu balıqların qulağına pıçıldayacaq. Anar Rzyev narkomafiyaya müharibə elan edəndən sonra sərbəst nəsr haqda öz məruzəsini San-Marino özəl universitetində oxuyacaqdır. Məlumatlar dəqiqdir.
- İndi nə üzərində işləyirsiniz?
- “Nekroloq” romanına daxil olan “Qaqarin körpüsü”, “Paket” novellalarını tezliklşə dövrü mətbuatda çap edəcəm. Elxan Zal, Şamaxı yolundakı şər qüvvələrə divan tutub düşmənə ağır zərbə vursaydı, işlər daha da yüngülləşərdi. Nə isə, bu, başqa söhbətin mövzusudur…