Alatoran_header  
Jurnal > 2004/№2 > Əbülfət Mədətoğlu

…Külli-Qarabağın nərmə-nazik bayatı kimi zərif ab-havasından çıxan şair dövranın ağır gərdişinə, taleyin müdhiş zərbələrinə mərd-mərdanə, mətanətlə dözüb özünü, öz sözünü qoruyan , ləyaqətini qaçaraq həyatın tapdağına verməyən mənəviyyat sahiblərindəndir.
Onun bir insan kimi keçdiyi əzablı yolların əksi bir şair olaraq qələmə aldığı yazılarına da hopub. Əbülfətin şerləri sadəcə alt-alta qafiyələnmiş misralar deyil. Onlar daha çox biri-birinə söykənən, biri-birinə həyan olan dolğun fikirlərdir yan-yana düzülüb gedir. Əbülfətin poeziyası məhz fikir, düşüncə poeziyasıdır…

Akif Əli,
filologiya elmləri namizədi



Pəncərəm

Pəncərəmlə öpüşür
Sübhün bəyaz işığı,
Bu işıq pəncərəmin
Sevgilisi, aşiqi.

Sarılıb bir-birinə
Danışırlar sevgidən,
Gecəsə pəncərəmi
Aydı rahatsız edən.

Olub sevgi dəlisi
Yoldan yığmır gözünü,
Tükənsə təsəllisi
Çatladacaq özünü
Pəncərəm!


Unudulan iz

Ölüb qalmışam hardasa,
Kimdi ki, məni arayan,
Oturub halıma yanan
Dərd çəkib cavan qarıyan?

Yaddan yaddaşdan çıxmışam
Dişlə dilimi sıxmışam,
Yoldan gözümü yığmışam
Vaxtdı yaramı sarıyan.

Mənə sevdirib özünü
Eləcə yumub gözünü.
Artıq unudub izimi
Telini sinəmə darıyan.


Köz

Mən könlümün qapısın
Açdım sənin üzünə,
Açdm gördüm hamısın –
Astarı nə, üzü nə?

Verdim olub qalanı.
Sənə aşiq olalı
Ürək adlı qalanı
Diz çökdürdün özünə.

Aldım həsrət dərsini
Umduğumun tərsini,
Bu kədər hərisini
Qınadın sən düzünə!..

Daha hər şey bəllidi,
Hər kəlmə təsəllidi.
Bu şair də dəlidi
Yanır sənin közünə


Kül
(Vahid Əlifoğluna)

Yanmış zəmi yeriyəm
Pörşələnib bağırım,
Məni görəsən deyə
Hara çıxım çağırım.

Ha baxıram bil, nə sən
Nə o yerlər görünmür,
Gölgəm də itib deyən
Heç dalımca sürünmür.

Boz bulanıq sularda
Əriyən bir sal duzam,
Daha nəyim qalıb ki,
Yanb sönmüş ulduzam.

Yanmış zəmi yeriyəm
Dənim sünbülüm küldü,
Qoyub gəldiyim ocaq
Baxıb dalımca güldü…


İnad

Sözümü göyərtməyə
Bir qarış yer tapmadım…
Sözüm qaldı daş üstə.

Özümü öyrətməyə
kiməsə üz tutmadım.
Kökləndim savaş üstə.

Bir ömürü beləcə
yaşadım öz adımla,
nəyə nail oldumsa
çatmışam inadımla!