Alatoran_header  
Jurnal > 2004/№2 > Əli Hacı

SEVƏK, DAŞ SU ÜZÜNƏ

Daşam hörün divara,
Hörən daşsız qalmasın.
Bu üzündə dünyanın
Yerim yersiz qalmasın.

Özümə çatmır əlim,
Uzağa çatır əlim.
Kül altında közərim
Ocaq közsüz qalmasın.

Üstünə günahların
Göylər yağsın ağlasın,
Ağ yerə üzüm qarasın
Yaxın, rəngsiz qalmasın.

Dünyanı bu üzünə
Sevək, daş su üzünə,
Çevirək o üzünə,
Astar üzsüz qalmasın.


YOLLARDA TƏNHALIQ

Döyməyə qapı qalmadı
Ürək açmağa adam.
Bizi sabahlara ötürən
Gedənlər də gəlmədi…
Durum gedim!

Hər gecə səhərin xəstəsi,
Könlüm sabahlardan bezar.
Hər gün
gəzdiyim yollarda
tənhalığım gəzir.
Gəzdiyim yollar -
əl üzdüyüm yollar…
Durum gedim!

Buluda bax, ilahi,
əlləri göydən üzülüb
yer də götürə bilmir.
Mən çoxdan ölmüşün
yanına adamlar yığılıb
yerdən götürə bilmir…
Durum gedim!


MƏNSƏ GÖY

Sən dəniz
mən çay olmuşam
gəlib sənə qovuşmağa.
Sən torpaq,
mənsə göy olmuşam
bulud-bulud ağlamağa.

Sən sevinc,
mənsə kədər kimi gəlmişəm
qoynunda yer almağa.

Sən olum
Mən ölüm -
Gəlmişəm sən olmağa!


MİSRALARDA PAYIZ

Yazıma bu axşam qış qarı düşüb,
Payız da qonubdu çiçəyim üstə.
Mənim sabahıma axşamlar düşüb,
Qəmlər yurd salıbdı ürəyim üstə.

Gözümdə şəkli var dumanın çənin,
Axan göz yaşım da bulanıq gəlir.
Rəngi qanımdandı saralan gülün,
Ruhuma bu dünya qaraqnlıq gəlir.

Qollarım meşə tək budandığından
Ayağım yorulub yol yeriməkdən,
Bezmişəm adam tək yaşamağımdan
Bezmişəm şaman tək söz ələməkdən.

Sabahım axşamdı fəsillərində,
Dünyadan nə sevinc, nə gülüş istə.
Bir sınıq güzgüyəm yar əllərində,
Bir ağır dünya var qollarım üstə.


GÜL QOXUSUZ YAŞAM

Daha gül qoxusu gəlmir havadan,
Gül qoxusu verən şerlər yazım.
Yoxdu dərdlərimdən məni oyadan,
Durub bağça gəzib bir çiçək üzüm.

Daha gül qoxusu yox yaşamaqda,
Dəyişmir nə gecə, nə də gündüzü.
Böyük günah varmış adam olmaqda,
Adam tək sevmədik bir-birimizi.

Silərək adımı varaqlarından
Bu yer kitabından getmək istədim,
Hamını çox sevdim mən öz canımdan -
Hamının yerinə ölmək istədim…


ÜRƏKDƏ YAZI

Başqa sevgim qalmadı,
Verdim olanı yemisən.
Mən doğru bilib verdim,
Sənsə yalanı yemisən.

Soyutmağa verməmişəm,
Qaytar elə isti onu.
Yaz, ürəkdən sevməmişəm,
Qaytaranda üstün onun.


TƏKLİYƏ GEDİŞ

Yoruldum bu sevdadan,
İstəyin həsrət yoludu.
Çıxıb təkliyə gedirəm,
Yanın adamla doludu.

Burax məni tənhalığa,
Torpaq ol, bulud ağlayım.
Bir yer saxla ayrılığa,
Ayrılığı yurd saxlayım.


ÜTÜLÜ DƏRD

Sənin paltarın ütülü
Mənim dərdlərim,
Yaxın qonşu kimi
Gözlərimin yaşına
Çatmır əllərim!

Qurumuş budaq,
Tökülən yarpaq,
Şoran torpaq kimiyəm -
Özümü görmür
Gözlərim!


VAXTIN KƏNARI

Çıxart vaxtımın içindən
o zəhrimar soyuqluğunu.
Çıx vaxtının
mənsiz üşüyən qırağına,
güzgü tut üzünə günahlarının!
səma da təmiz olmur
hər vaxtın içində,
Kor ərəbin mahnısına
qovrulan tək qovrulursan
saralmış baxtın içində…


AZMIŞ

Sən qoyma
sən qoyma uzağa gedəm,
Tanrım, gözündən o yana.
Özündən aşağı yer ver,
qoyma özündən o yana.

Gəlirəm yolu azmışam,
Geriyə yolu azmışam,
Ölmüşəm yolu bu axşam,
Dirilim gedim ha yana?!…

Durub baxmadın arxama,
Kədər yapışdı yaxama,
Bu həyat bir qumarxana
Mən də qoşuldum oyuna.

Dünyanı küyə gəzirəm,
Doyub ərköyün gəzirəm,
Ölümün toyun gəzirəm,
Özümü verim toyuna.

Sən qoyma uzağa gedəm,
Tanrım, özündən o yana.
Özündən aşağı yer ver,
Qoyma gözündən o yana.


GECƏYƏ AH

Sənsizliyin içindən çıxıb
ay işığına tutdum üzümü.
Xeyirlə şərin qarışığına
göz yaşımla yuyurdum
üzümü…

Sakit havanın ağzına
çəkdiyim ah -
isti nəfəsim dolurdu
didərgin baxışlarıma,
sürgündəki sevgimə.
Bu gecə
adamlığımı yonurdum


BİR AYRILIQ…

Tənhalığım - boynuma biçilən kəfən,
Ayrılıq - məni öldürən qatil,
Tanrım gün gətir,
öz gözlərin baxan günü gətir
əvvəlin sonuna, sonun əvvəlinə.

Nə qız baxışıdı bu gün
nə ərli qadının
qadınlıq üzü,
nə qadına baxan ər gözü.
Gecədən şeh qonan
qaranlıq gecədi gündüzün.
Kəfənim - tənhalıq
Qatilim - ayrılıq,
Nə yaxşı, hələ Tanrı,
Bir də göy üzü var.
Göy üzünə ayrılrıq!
Tanrım!
Göy üzünə ayrılırıq!


DÜNYADAKI SONSUZ AH

Bu da mənəm, İlahi,
Qarım yağdı qar üstünə,
ürəyimin geniş,
bu dünyanın dar üstünə.

Şəkər sözüm acılaşdı,
dedim bacıdı, qardaşdı,
məndən əvvəl qocalmışdı,
məndən sonra ölən dərdim.

Rüzgarların özüdür
dünyadakı sonsuz ahım.
Yerdə daş gözlüdür,
göydə, göy gözlüdür Allahım!
Bu da mənəm, İlahi!

Mən öldürdüm,
kor elədim özgə üzə, özgə gözə
baxa-baxa baxışımı.
Həm səhəri, həm axşamı
dərdi yedim üzü göyə,
bu da mənəm, İlahi!

Tövbələr qapısından uzaq
göy üzünə oxşayan
üzümün ayparadı qaşları.
Hər gün
suladığım üzümdə
şoranlıq qırışları!
Hər gün sərxoşdu sözlərim,
küləklər qabağında
yüngüllükdən oynayan
qum dənələri kimi -
bu da Tanrınn hökmü!
Bu da mənəm, İlahi!


DƏRDİN ADAMI

Boyum boyundan uca,
Saçım saçına oxşamaz.
Mən dərdin adamıyam
Bu dünya məni oxşamaz,
Mən gündə ölürəm,
Sən də gündə ağlama…

Yonduğum baş daşıma
Ağı demə hələ tez.
Bax, üzümə saçın düz,
Bax dərdimə hələ döz -
Mən gündə ölürəm,
Sən də gündə ağlama.

Tanrım tənhadı, tənha,
Dərdim özümdən baha.
Söz dedim oda, külə
Özün verdi küləyə.
Sən də gül.
Mən gündə ölürəm,
Sən də gündə ağlama.


GÖZƏL

Mən öləndə məndən qabaq
sən öldün, gözəl,
Tanrının yanından söz gətirirdim
mən onda
hər şeyi görürdüm, gözəl!
Gecələr - üzün qarası
gündüzlər başının qarasın götür
islada bilərsən
şəklimdən gözünün qorasın,
götür.
Baş daşım - son duan
bu sinə daşımda saldığın izin
ölmüşəm nə olsun,
qurduğun çadır
hamının olmağa vermirmi izn?
Bax mənim gözlərimlə
yenə sahili yeyir dəniz quduz it kimi,
yenə çiçək sevgimi tapdalayıb keçirlər
bu adamlar yad kimi.
Sən özün hər şeyi
gözəl görürsən, gözəl!
Sən dirisən, niyə ölürsən gözəl?
Bu dünyaya baxmağa
bir ərsiz qadın kimi dayan! -
ölürsən, gözəl!


ŞAİRLƏR YANINDA

Gündə olmasa da
ayda bir dəfə
baxıb ciblərimin dərinliyinə
atıb hər şeyi bir tərəfə
şairlər yanına durub qaçardım,
şairlər yanında yeyib içərdim.
Qurbağa gölünün küylü səsində
bir məna duyan,
min məna verən,
hər gün adiləşən
hər gün dərdinə yenən
körpə çiçəkləri dərməyə gələn
naşı əlləri də oxşayıb sevən
baş vurub göylərin bağlı üzünə
gətirən bu yerin bu söz payını
şairlər yanına durub qaçardım,
şairlər yanında yeyib içərdim.
Bildiyi hər şeyi həm də
hamının dilində deyən
Tanrı kəlməsini öləndən qabaq
dərdinin üzünə güləndə deyən,
əvvəldən sona sondan əvvələ
soyulub keçən,
hər gün dərdini
geydiyi ayaqqadı tək
Tanrı qarşısında soyunub keçən
şairlər yanına durub qaçardım,
şairlər yanında yeyib-içərdim…


SU YERİNƏ GÖZ YAŞI

Sən dur toyuna tələs
Mən də durum ölməyə,
Sən gəldin dərd verəsən
Mən də dərd öldürməyə.

Toyunun xərci olsun
Göndərim döz daşımı,
Su əvəzi dalınca
Səpim bu göz yaşımı.

Havasız da oynayan
Əllərini sal yana,
Göylər mənimdir, dayan,
Ah çəksəm gülün yanar.


TƏNHALIQDA DANIŞAN ÖLÜM

Bu yurd mənim gor evimdi
Dayan, görüm nə danışır,
Zalım qardaş tənha burax,
Görüm gorum nə danışır?

Burax məni baş-başa sən
Tanrı ilə savaşa sən,
Alqışı - sən, qarğışı - mən
Görüm Tanrı nə danışır.

Şərabı süz bu boş cama,
Burax məni bu axşama,
Yonulmamış baş daşıma
Görüm dilim nə danışır.

Ay ləkəli, yer dolaşıq
Zəhər su ilə qarışıq,
Yuxunu suya danışırıq -
Görüm gölüm nə danışır…

Qar yağmadı bu il bağa,
Suyun yox bağ sulamağa.
Burax məni tənhalığa
Görüm ölüm nə danışır?


İSLAQ KÖNÜL

Hər gün kimsəsiz dərdlərə
Könlümdə süfrə açmışam,
Mən könlümün şəhərində
Tənhalıqdan qaralmışam.

İçim dərviş libasında
Anı gözümə geyirəm,
Çıxıb dərdin zirvəsinə
Qurddamış qarı yeyirəm.

Yolların suyu bulanmış
Tanrıdan da yoxdu kərəm,
Göz yaşlarımdan islanmış
Könlümü günə verirəm.


GETMƏYƏ YERİM OLSUN

Əllərin şehli çiçək tək
Əlimə toxundu bu səhər,
Mənə baxan gözlərindən
Qoy çıxıb getsin bu şəhər.

Adamlar dolaşıq küçələrində
yollar izlər dolaşıq,
Payızın ağzından çıxıb
yarpaq-yarpaq dolaşırıq
bu şəhərdə…

Hər səhər
hər axşam
dərdimin sərxoşuyam,
Məni sıx gözlərinə -
çıxıb getməyə üzüm
ölməyə yerim olsun
bu şəhərdə!


<