Alatoran_header  
Jurnal > 2004/№2 > Aqil Abbas

Şair ola bilərdi

Aqil Abbasın gənclik çağlarında şer yazdığı heç kəsin ağlına gəlməz. Gərçi hər bir azərbaycanlı ömründə bir dəfə də olsa şer yazmağa cəht etməmiş deyil. Fəqət Aqil, bu şerlərindən də görə biləcəyiniz kimi, şer yaradıcılığında yetəri qədər iddialı olmuş, nə yazıqlar ki o dövrün sovet ədəbiyyat maşını onun çılğın şair ruhunu həzm edə bilməmiş, zamanında şerlərini yayınlaya bilməyən bir çox istedadlı şair kimi, görünür Aqil də həvəsdən düşərək bu sevimli məşğuliyyətindən əl çəkməyə qərar vermişdir. Oysa Aqilin bu şerlərindən, onunla eyni illərdə ədəbiyyata gələn və artıq nə qədər iddialı olsalar da, ədəbiyyatda heç bir iz buraxmayan şairlərdən daha oricinal olduğunu görməmək mümkün deyil.


ÇİÇƏKLƏRİ AYAQ ALTDA ATMAYIN

Çiçəkləri
ayaq altda atmayın,
günahdı!
And verirəm Allaha
siz günaha batmayın,
günahdı!
O çiçəkdə
sevənlərin gözü var,
ləçəyində neçə həsrət izi var.
Qönçəsində
dodaqların közü var,
o közü tapdayarsız,
tapdamayın günahdı!
Çiçəkləri
ayaq altda atmayın günahdı!
Ömürləri çiçək kimi
vaxdan əvvəl solanların xətrinə,
qız görməmiş
sinəsindən yaralanıb
səngərlərdə qalanların xətrinə,
oğullarçün, ərlərçün,
küçəyə atılmışlarçün
saçlarını yolanların xətrinə
çiçəkləri
ayaq altda atmayın, günahdı!
And verirəm Allaha,
siz günaha batmayın,
günahdı!
Allahdan qorxunuz yox!
O çiçəyi yığarsız,
yığmağınız cəhənnəm,
bazarlarda satarsız,
satmağınız cəhənnəm,
təklikdən doluxan tək,
kədərdən soluxan tək,
ayaq altda atarsız!
Çiçəkləri
ayaq altda atmayın,
günahdı!
And verirəm Allaha,
siz günaha batmayın,
günahdı!
1976



DƏRDİNİ VER KEF ELƏYİM

Sənin dərdin dərddimi?
Bəs kimə söyləyim
qanımda gəzdirdiyim
dərdlərimin dərdini?
Heç olmasa ümidin var,
ümidini
xoş bir ana bağlaya bilərsən.
Dərdin aşıb-daşanda
çəkilib bir təkliyə
sən ağlaya bilərsən.
Sənin dərdin dərddimi?
Özümdən əvvəl ölmüş
ümidlərimlə
yapışıb taleyin ətəyindən
düşmüşəm bu şəhərin küçələrinə.
Bu şəhərin küçələri dar,
kirəkeş evləri dar,
Fəxri Xiyabanları dar,
çölü biyabanları dar…
düşmüşəm bu şəhərin küçələrinə.
Kəssən barmağımı
qapqara kədər tökülər ovcuna
qıpqırmızı qan yerinə.
Sənin dərdin dərddimi?
Dərdini ver kef eləyim!
1975



QƏBİR ÜSTƏ YAZILMIŞ ŞERLƏR
qardaşım Kamilə

Bu dünyada hər şey baha,
təkcə ölümdü havayı,
bizi bir kimsə gözləməz,
bizi bir kimsə səsləməz,
bu qara torpaqlardan savayı.

***

Ölüm ən sadiq dost,
həmişə arayar
axtarar səni.
Elə ki tapdı,
min ilin görməmişi tək,
basıb bağrına
müqəddəs qaranlığa
aparar səni.

***

Tanrının
nurundan yaranmışdım,
çevrilib nura
tərk elədim göyü, yeri,
ağlamayın
qaytarammazsınız geri,
ağlamayın
bu dünyanın göz yaşları
göyərdəmməz ölüləri.
1981



O GECƏ

Sən bir zaman təmiz idin.
Məhəbbəti
bir sahilsiz dəniz idin.
Allalarn yanında da əziz idin.
Gözlərindən
göyüzü tək nur yağardı.
Dodağın süd qoxuyardı,
o dodaqdan
bircə içim süd içməkçin
lap şeytan da qıvrılardı,
qovrulardı,
dodağın süd qoxuyardı.
Tale sənin
gün baxtını əyən gecə,
üzünə üz
dizinə diz
belinə əl dəyən gecə
Allah da öləcək xəcalətindən.
Allahsız qalacağıq.
Allahsız,
dinsiz,
imansz.
De hara aparar
bu Allahsız yol bizi?
Uçub başımıza töküləcək
ulu göylər,
sən gərdəyə girən gecə.
1976



GETMƏYİN ŞAİRƏ, GETMƏYİN ƏRƏ

Məni sevib
özgəsinə gedən qız,
indi səni qınamıram.
Ümidini bağlayıb bir ümidsizə,
taleyini şam eləyib
əritməyə dəyməzmiş.
Lap Allahın özüylə də
bu kirəkeş otaqlarda
gül ömrünü çürütməyə dəyməzmiş.
Məni sevib
özgəsinə gedən qız,
indi səni qınamıram.
Şairlər ərə getmək üçün deyil…
şairlər
sevilmək üçündü,
Məkkə torpağı tək
göz üstə qoyulub
öpülmək üçündü.
Bir də,
bir də sevilə-sevilə,
sevə-sevə,
öpülə-öpülə,
öpə-öpə ölmək üçündü,
ərə getmək üçün deyil.
Qızlar,
getməyin, getməyin şairə ərə.
Yeməyiniz şer,
içməyiniz şer,
geyməyiniz şer,
hətta ölməyiniz şer.
Getməyin şairə ərə!
Məni sevib
özgəsinə gedən qız!
İndi səni qınamıram.
Tanıyıb bilməsə də,
belimdən gəlməsə də,
mənə oxşayacaq
sevgimdən doğduğun oğul,
taleyi taleyimdən iraq.
Qızlar,
getməyin şairə ərə .
Amma
qoruyun körpənizi
bir şair sevgisini qoruyan kimi.
1977



DİZ ÇÖK ANAN ÖNÜNDƏ

La-ilahə-illəllah!
Allahdan başqa Allah
ola bilməz yer üzündə!
Kimi göylərdə arar,
kimi özündə tapar,
kimi Allahsız yaşar.
Allahlı allahsızlar, allahsız bir Allahı
dabanından soydular,
adın kafir qoydular.
Dabanından soyulan,
göy üzlü Allahımın
o tökülən qanından,
bu elin bu obanın
daşından torpağından
nəslim göyərdi.
Allah odu - nəslimin gözündəydi
Allah nuru - nəslimin üzündəydi.
Nəslimin
üzünə üzüm dəydi.
Allahın
üzünə üzüm dəysin!
Nəslimin namusu uca,
qeyrəti uca,
göyüzütək əlçatmaz,
göy üzü Allah
Allaha da əl çatmaz!
Südü halal olanları
Allah
heç vaxt alçaltmaz!
Diz çök nəslin önündə!
Nəslin-anan anan-Vətən,
Vətən-torpaq, torpaq-Tanrı,
Tanrı-Allah!
Diz çök nəslin önündə!
Göyə ucalmaq üçün,
Allaha çatmaq üçün,
diz çök nəslin önündə!
Diz çök anan önündə!
Diz çökün, diz çökün
ANA önündə!
1973



***

Mən kədərin içində
kədər mənim içimdə.
Mənimlə bir doğulub,
mən boyda, mən biçimdə.
Sarmaşmışıq
haçandan ayrı düşən sevgililərtək.
Kədər olan yerdə
sevgililər tək!
Kədərlər görünə bilməz,
kədərlər sevinə bilməz,
kədərlər sevilə bilməz.
Mən kədəri görər oldum,
Mən kədəri sevər oldum,
hamı kədərdən qaçar,
mənim qibləm kədərdi.
Kədərim-Sən!
Yoxdan var olan Allah kimi
Vardan yox olan Allahım sən,
Allah kimi qəlbimdəsən.
Heyfim bir ona gəlir ki,
mən öləndə
sən də mənlə öləcəksən.
1976



SƏN QƏBRİMDƏ YANIMA GƏL

Dərd sənə üz çevirəndə,
bu dünyada təklənəndə,
ürəyində
qəm ağacı əkiləndə
Sən qəbrimdə yanıma gəl!
Dərd eləmə sən ötəni,
dərd də tapar dərd çəkəni
sinən olar dərd vətəni
Sən qəbrimdə yanıma gəl!
Gizli saxla göz yaşını,
at bu dünyanın daşını,
qoy sinəm üstə başını,
Sən qəbrimdə yanıma gəl!
Səni sinəm üstə görüb
sevincimdən göyərərəm,
ulu vətən torpağı tək
öpüb-öpüb əzizlərəm,
Sən qəbrimdə yanıma gəl!
Yarımadıq bu dünyadan,
heç olmazsa
o dünyadan yaryarq,
qucaqlaşıb məzarımda
ta qiyamət gününədək
gülüm, qoşa qarıyarq!
Sən qəbrimdə yanıma gəl!
1976



Dostum Vaqif Səmədoğluna

Arxayın ol şair,
məzarımıza
nə baş daşı qoyacaqlar,
nə heykəl,
nə də bir cüt ayaqqabı.
Nəvələrimiz
gəlib tüpürəcəklər,
sonra söyəcəklər –
niyə Şuşada ölmədi?!
Çanaqqalada qırılan
253 min
Mehmetcik kimi