Alatoran_header  
Jurnal > 2004/№2 > Çağdaş türk şeri

Cevdet KARAL 1967-ci ilin dekabrında Türkiyənin Trabzon bölgəsində anadan olub. İlk şer kitabı «Xoruzlu Ayna və Ölüm» 1998-də dərc edilib. İstanbulda 7 ildir yayınlanan, keçən il Türkiyə Yazarlar Birliyi tərəfindən ilin ən yaxşı dərgisi mükafatına layiq görülən «Kaşqar» edebiyyat dərgisinin redaktorudur. C.Karal bir çox nəşriyyatın ədəbiyyat-şer yayınları üzrə redaktorluğunu gerçəkləşdirməkdədir. Türk poeziyasının ən avanqard şairlərindən olan cahit Zərifoğlu adına başladılan ictimai təşkilatın qurucularındandır. Türkiyədə çox nüfuzlu şer mükafatlarından biri olan Cahit Zərifoğlu Şer Mükafatı komissiyasında 2003-cü ildə jüri üzvü kimi təmsil olunmuşdur. Azərbaycana bir aylıq səyahəti sırasında ədəbiyyatımızla yaxından maraqlanmış, «Kaşqar»ın növbəti saylarından birini Azərbaycan ədəbiyyatına həsr etmək məqsədilə burada müxtəlif nəsillərdən olan şair və yazıçılarla görüşmüş, gənc yazıçıların iştirakı ilə «Türkiyə modernis şerinin yeniləşmə təcrübəsi» mövzusunda bir konfrans keçirmişdir, Bakıda olduğu günlərdə Türkiyədə və Azərbaycanda yayınlamaq məqsədilə bir sıra məqalələr yazmışdır. Türkiyədə çox önəmli olan bir çox şairlərin burada geniş tanınmamasını müşahidə edən Cevdət KARAL, aşağıda dərc etdiyimiz məqalənin yazılmasına ehtiyac görmüş, Nəcib Fazil Qısakürək, Səzai Qaraqoç və Cahit Zərifoğlunun həyat və yaradıcılıqlarını Azərbaycan oxucusuna tanıtmaqdan ötrü, şerlərindən nümunələrlə «Alatoran»a təqdim etmişdir.
Bundan sonrakı saylarımızda, Cevdet bəyin də yardımları ilə, çağdaş Türkiyə ədəbiyyatından örnəkləri sistemli bir şəkildə dərc etməyi planlaşdırırıq.
Cevdet beyle haqqında xeyli danışdığımız «Ortaq Türkcə» ideyasını bu nümunələrdən də görə biləcəyiniz bir şəkilədə, qarşılıqlı surətdə sürdürməyə davam edəcəyik.

Cevdet KARAL
MODERN TÜRK ŞERİNİN METAFİZİKA İLƏ QAZANDIĞI YÜKSƏLİŞ


Bir yol açan, Bir qurucu, İki Usta

I. Nəcib Fazil Qısakürək

Bir ədəbiyyatın əsil dəyərini təsbit etməkdən ötrü ona bir az uzaqdan baxmaq zəruridir. Bu uzaqlıq «zaman» mənasında ola bildiyi kimi bəzən «məkan» anlayışı ilə də bağlı ola bilər. Bu gün yaradılan əsərlərə bir dəyər biçmək, onların ədəbiyyat içində həqiqət ölçülərinə bağlı qalaraq bir yerə yerləşdirmək istədiyimizdə «zamanın sınağı» qarşımızda çətin bir məsələ olaraq çıxar. Gələcəyin nə cür olacağını kəsdirmək, sabahın onlara biçəcəyi dəyəri müəyyən etmək mümkün deyil. Zaman, əsərləri onlar haqqında yazılan dəyərləndirmələrlə birlikdə ələyər. Zaman amansızdır. Yazıçının və ya ədəbiyyatşünasın öz canının bir parçası saydığı əsərə zaman «sən son nəfəsini də verdin və ömrün burada bitmişdir» deyə bilər. Lakin belə olduğuna görə zamanı hər zaman adil bir hökmüdar da saya bilmərik. Bəzən zamanın öz hökmündə gecikdiyini də biz dəbiyyat tarixindən bilirik. Bax o uzaqlıqda, o gecikmə məsafəsində bir şairin bütün varlığıyla meydana çıxması hadisəsi az olmayıb… Məsələn, Türkiyə ədəbiyyatında uzun illər boyunca unudulan, xatırlanmayan və qiyməti verilməyn Yunis İmrə kimi. Türkiyə Cümhuriyyətinin ilk illərində, Yunis İmrənin divanı Burhan Arpad tərəfindən latın əlifbası ilə dərc olunanda, yeniləşmə ehtiyacı içərisindəki türk şeri bütün dərinliyi və o nisbətdəki sadəliyi ilə özünə sehirləyici bir qaynaq tapmış oldu. Heca qəliblərinə bağlı o günün şeri Qərb təsirlərini bu qaynaqda yoğurdu. Xaricdən gələn bir təsir vardı, lakin Nəcib Fazildə bir zirvə qazanmış heca şeri mayasını Yunisdən almaqdaydı.
Modern türk şerində metafizik təmayül Nəcib Fazilin ədəbiyyata bir şimşək kimi gəldiyi illərdə, onun yaradıcı məzacında gözə çarpan gerçəkliyin əlçatmayan tərəflərini qurcalamaq cəhdləri ilə başlayır. Fiziki dünyadakı səbəb-nəticə əlaqələri, gündəlik gerçəkliyin dialektikası şairin ağrıların sakitləşdirə bilmir. Zamanın keçici olması, ölüm faktı, cinsiyyət duyğularının gəlib çırpıldığı boşluq hissi, yüksək istedadlara sahib bir ruhun bağlanacaq bir dəyər axtarışında içinə düşdüyü çarəsizlik – onun başlıca böhran mövzularıdır. Bu nöqteyi-nəzərdən baxdığımız zaman, «intellektual böhran» ifadəsi onun bir dövr yaradıcılığını əks tdirməkdən ötrü ox uyğundur. Bax bu böhranın cərəyan etdiyi sahə metafizikanın sahəsidir - ağılın öz səlahiyyətlərini hissiyyatın ixtiyarına vermək məcburiyyətində qaldığı , dəyişəbilən gerçəkliyin mütləq həqiqətə təslim olduğu bir sahə.
Necib Fazilin şerləri qayğısız bir həyat sürən oxucunu, gündəlik reallığı aşmaq cəhdi göstərməyən ruhu, içində bulunduğumuz zamandan o tərəfi götür-qoy etməyənləri, irdələməyənləri əsla tərətməz. O, acların əppək və əmək qovğasının şerini deyil, ancaq əppək və əmək qovğası etməyi zəruri etmiş materialist quruluşun ruh yoxsulluğunu, metafizik iflasının və inkarının meydana çıxardığı bu nəticələri, qarşısına yepyeni bir poetik təklif qoyaraq yazar. Onun yazdığı şerlər insan ruhunu düşdüyü yerdən, qor saçan qanadlarıyla alıb yüksəkliklərə doğru aparar.
Nəcib Fazil şerini oxuduğumuz zaman hiss edərik ki, o ruhumuzun ən saf tərəfindən bizi yaxalayar. Hissiyyatınız tamamən maddiləşmişsə, yəni şerin sizin üçün heç bir şey edə bilməyəcəyi elə bir nöqtədəsiniz ki, axı nədir bu öz-özümüzlə didişmə demək istəyirsiniz, bax o zaman bu şerlər sizə bir səs olaraq məcazlarından bağlarından – duyğu və düşüncə yaxıcılığından qırılmış olsa da, bəzi şeyləri söyləyəcəkdir. Ruh evinizdən ona bir qapı açdığınız zaman isə, ruhumuzun qaranlığa itələdiyi mövzular onun şeri ilə, bir yaz günü pəncərədən içəri süzülən ilk işıq kimi içəri girər. Əşyalar, ölçülər canlı bir varlıq halına dönər. «Atılan paltarlar boğazlanmış bir adam» kimidir.
Bu il Nəcib Fazilin anadan olmasının 100-cü ilindəyik. Vəfat edəndə 1983-cü ilin may ayı idi. Ömrünün son günlərinədək şerdən qopmamışdı. Ölümündən dərhal sonra dərc edilən, ölümündən bir neçə gün əvvəl bir curnala vermiş olduğu son şeri sanki bir vəsiyyət mahiyyətindəydi.
Zaman, metafizika sahəsinin vazkeçilməz bir mövzusu olaraq, son şerlərində də əbədiyyət qarşısındakı bir mühasibə vasitəsi kimi işləyirdi.Onun bu dünyadakı saatı dayananda, şer saatı dayanmadı. Həyatı boyunca, xüsusən də metafizik böhranını islam dünyagörüşünün təsəvvüfi qaynaqlarına enərək və oraya bağlanaraq yeni bir zəminə çəkdikdən sonra bütün dühasını ortaya qoyaraq verdiyi «fikir heysiyyəti və inam mübarizəsi», onun vəfatından çox öncə böyük meyvələrini verməyə başlamışdı. Həyatı boyunca bəzi fasilələrlə çıxartdığı «Böyük Doğu» adlı jurnal-qəzet, Anadolu torpaqlarında Qərb komplekslərindən çıxaraq öz mədəniyyət dəyərlərini inşa etməyə başlayan bir nəsil yaratdı.
Nəcib Fazil vəfat edəndə məni cəmi 15 yaşım var idi. İlk yazımı onun haqqında, məktibimizin divar qəzetində yazmışam. Məşhur «Qaldırımlar» şerinə aid özümə görə bir tənqidi araşdırma yazısı idi. O gündən bəri çox möhkəm əmin olduğum bir həqiqət vardır: «Çilə»nin (N. Fazil Kısakürəyin şerlər toplusu) ən az yarısını əzbər bilmirsənsə özünə şer yazma haqqını verə bilməzsən!
Müasir dövrdə türk dilində şerin nə olduğu məsələsində, şer sənətinin çatdığı yüksəklik məsələsində ilk «böyük» modern ölçü vahidi o idi. Arxasınca gələnləri öz şer estetikasına məhkum etmədən onlara böyük sənətə aparan yolu da göstərən o idi…

II. Sezai Qaraqoç

Türk şerinə mənəviyyatçı-metafizik hissiyyatın gətirdiyi qanadlanma, yeni üfiq açılımları bu gün də özünə güc qazanaraq davam edir.
Bax, əvvəldə toxunduğumuz, bir ədəbiyyatın həqiqiliyinə bağlı dəyərləndirmə mövzusunda ikinci ünsür olan «məkan» faktoru burada son dərəcə mənalı bir zəminə oturur. Bu gün Anadolu türkcəsinin elə şairləri vardır ki, onlar hansı dilə çevrilirlərsə çevrilsinlər, şerləri dünyanın harasına gedərsə getsin, oxucularıyla qarşılaşanda, bu qarşılaşma bir ruh iqliminin başqa bir coğrafiyada hakim olması ilə nəticələnəcək. Şübhəsiz ki, xüsusi olaraq qeyd etdiyim bu özəllik sadəcə dil və ifadə, hiss və poetik qavrama cəhətindən yaxşı olmaqla zəif şairlər üçün keçərli ola bilməz. O şerlərin bir dildən başqa bir dilə ötürülecek dəyərdəki gözəllikləri, mövsümdən mövsümə keçərcəsinə solar. Ancaq böyük şairlərin, böyük yaradıcıların dünyaları, iqlimdən iqlimə, coğrafiyadan coğrafiyaya keçərkən, «dil» libası onların əl-qolunu bağlaya bilməz. Onlar ölümsüz bir ruhun, ölümsüz həqiqətin daşıyıcılarıdırlar. Onların böyüklükləri sənətlərini də üstələyən bir keyfiyyətləridir: yeni bir mədəniyyətin yaradıcıları, qurucularıdırlar. Tale onlara bir «maya» ərməğan etmişdir. Bu mayanın ilk və əsil stixiyyası sənətdir.
Modern türk şeri və düşüncəsində Nəcib Fazildən sonra, onun açdığı yolu yeni bir mədəniyyətin – özünəqayıdış mədəniyyətinin sistemli bir məcraysına çevirən isim bu gün hələ də həyatda olan Səzai Qaraqoçdur.
O, Türk şerinin, 20-ci əsrin ikinci yarısnda, hecadan sərbəstə yalnız formaca deyil ruhən də keçməsinə ciddi şəkildə təsir göstərmiş, bunun gözəl nümunəsini «Mona Roza» adlı poemasında yaratmışdır. Onun ədəbiyyata gəlişinədək, hardasa tək yataqda axan modernist şer, onunla birlikdə başlanğıcından daha böyük, daha güclü bir məcra qazanmışdır. Söz, şer sənətinin qazandığı bu yeni üfiqlər Cahid Zərifoğlu başda olmaqla,Ebubekir Eroğlu, Alaaddin Özdenören, Turan Koç, Hüseyn Atlansoy, Necat Çavuş, Kö Eşfak Berki və daha bir çox önəmli şairə ədəbiyyata gəlmək imkanı verdi. Bu günkü ədəbiyyatın ənənəni və gələcəyi bir yerdə quran yeni nəsli öz varlığını bu dühaya borcludur.
Sezai Qaraqoç həm ədəbiyyatda, həm də ondan ayrı düşünülməyən fikir dünyasında bütün tərəfləri ilə qurucu bir şəxsiyyətdir. Əllinci illərdən başladığı şer və sənət həyatı sonrakı illərdə düşüncə həyatı ilə birləşərək bir bütövlük, sistemlilik qazanmışdır. Ona məxsus ən məşhur və oxucularını ayağa qaldıran kəlmə DİRİLİŞ kəlməsidir. S. Qaraqoçun fikir dünyasını bu tək kəlmə dolğun şəkildə ifadə edə bilər. Ənənə onun şerlərində modernizmin bütün imkanlarını yoxlayaraq dirildiyi kimi, düşüncələri də qədim İslam ənənəsi içindən Qərbə verilmiş bir cavab olaraq qalmır, iqtisadiyyatdan kinoya, teatrdan hekayəyə qədər bir çox məsələləri təfəkkür süzgəcindən keçirərək sağlam, çürüməz nəticələri meydana qoyur.
Səzai Qaraqoç, ədəbi yaradıcılığının başlanğıcında 2-ci Yeni axını kimi tanınan, əslində manifestiyalı bir birlikdəlikdən doğmayan bir şer hərəkatının içində yer tutur. Axımın digər şairlərindən olan Cəmal Sürəya və Ece Ayhanla eyni fakültədə oxuyurlar. Sürəyya onun bu illəri haqqında danışarkən Sezai Qaraqoçu sadəcə bir şair kimi təsvir etmir, ağır bir fikir yükü daşıyan, yaşından erkən bir müdrikliyə sahib, o illərdə təəssüf ki, hələ pərdə arxasında qalan bir düşüncə və missiya adamı olaraq təqdim edir.
Qaraqoç o dövr Türk şerində gözə çarpan qabıq dəyişdirməni yazıları ilə dəstəkləyir, yol və istiqamət göstərir, öz yaradıcılığı ilə buna mükəmməl əlavələr edərdi. Lakin o, üzərinə 2-ci Yeninin əhatə etdiyi dağınıq insanları bir yerə toplamaq kimi bir vəzifə götürmədi. Sənətin mahiyyətini təşkil edən şeyin ona bir fərqlilik qazandırdığını ifadə edər. 2-ci Yeni axınının C. Sürəyya, E. Ayhan, T. Uyar, E. Cansever, İ. Berk kimi şairlərinin şerlərindəki fövqəladə ünsürləri qərb qaynaqlarından, xristianlıqdan, özəlliklə də Bibliyadan qidalandığı, şerin sözə və daha da dərinlərə gedərək, kəlməyə yönəldiyi bu dönəmdə o, çaşdırıcı bir şey yapdı; İslam düşüncə ənənəsindəki irfan təcrübəsini modern hissiyyatla yoğurdu, ənənə deyilən şey 20 əsr insanının qarşısında bütün görkəmiylə, canlı bir şəkildə meydana çıxdı.
«Diriliş» adlı dərgini yayınlamağa başlayanda artıq ətrafında istedadlı yaradıcıların toplandığı bir ustad idi. Türk hekayəçiliyinin bu gün dünya ölçülərində böyük imzalarındın biri olan Rasim Özdenörən ədəbiyyata sözün əsl mənasında belə bir mühitdə yetişərək gəlmişdir. Şairlər içərisində ən çaşdırıcı, şer duyumu ən yeni olanı isə Cahid Zərifoğludur. Onun ardınca isə Əbubəkir Eroğlu və K. Eşfak Berki kimi şerlərini zamanın nəbzinə görə quran, zamanla ayaqlaşdıra bilən şairlər gəlir.
Sezai Qaraqoçun on illər boyunca müxtəlif fasilələrlə çıxartdığı «Diriliş» adlı dərgi «Böyük Doğu» dərgisindən sonra Türkiyənin fikir və sənət həyatında böyük təsirə malik yeni bir nəsil yaratmağı bacarmış bir dərgi olmuşdur. Bu dərginin gücü dar ədəbiyyat çevrələrini aşıb keçmiş, ölkənin gələcəyində təsirli olacaq kadrların yetişməsində bir bir mənəvi universitet olmuşdu.
Türkiyənin bu günkü idarəçiliyi açısından belə bir iddianın yerində olduğunu görmək mümkündür. Son seçimlə siyasətə yeni girən politikaçılar, yeni siyasi islam mənsublar özlərini Nəcib Fazil və Səzai Qaraqoç məktəbindən məzunları olaraq görməkdədirlər, bundan qürur duyarlar. Siyasi praqmatizm ara-sıra dövrəyə girsə də, əsasdan sapmalar olsa da, tezislərinin bir çoxunun qaynağında Səzai Qaraqoça rast gəlmək mümkündür.

III. Cahit Zərifoğlu.
(1940-1987)

Özlüyündən avnqard!


Türk ədəbiyyatı bu son dərəcə orijinal şairini itirdiyi zaman bəlkə də ədəbiyyat mühiti tam olaraq bu itkinin nə demək olduğunun fərqində deyildi. Yaradıcı məhsuldarlığını iyirmi il qədər bir zamana sığdıran Cahit Zərifoğlu, say etibarilə az, fəqət ədəbiyyat sənətindəki yeri mübahisəsiz olan əsərlər qoyub getmişdir. 1967 –ci ildə dərc etdirdiyi ilk kitabı «İşarət Cocuqları», bugünkü Türk dilində şerdə həqiqi bir avanqardizmi həyata keçirmək istəyən və ya ədəbiyyatda oricinallıqı bədii mətn əsasında öyrənmək istəyən bir yaradıcı insan üçün stolüstü kitab olmağa layiq bir kitabdır.
Zərifoğlu yaradıcılığının ilk illərində yazmış olduğu şerlərində anadangəlmə şair təbinə və sərbəstliyinə sahib olduğunu nümayiş etdirməkdədir. «İşarət Cocuqları» ekspressiv tablolar yaratmaq, ruhun girilməmiş sahələrindən yep-yeni mövzuları gün işığına çıxartmaq kimi sürprizlərlə yanaşı , poetik məzmunun psixoloji qaynaqları baxımından da son dərəcə maraqlıdır. İlk baxışda klassik şer anlayışının kütləşdirdiyi zehinlərdə poeziyaya aidiyyatı olmadığı təəssüratı yaradan üslubu, bu cürə düşünən oxucularda belə güclü təsirlənmələrə səbəb olmuşdur.
Zərifoğlu şairanə bir sərbəstlik və kəşfiyyatçılıq mərhələsindən sonra, həm ümumiyyətlə ədəbiyyat həyatında, həm də şerlərində əsil mövzularına, yaradıcılıq hədəflərinə tamamilə qapıldığı bir dövrə başlayır. Əvvəllər dağınıq kütlələr, kiçik parçalar halvnda işıq üzü görən şer mədəni bu səfər büsbütün gözlər önünə sərildi. Şairin bu dövrünü əks etdirən əsəri «Yeddi Gözəl Adam» adlı şer kitabıdır. Mövzuların büsbütün konkretləşdiyi, epik bir havaya büründüyü bu kitab son onilliklərin Türk şerində kritik baxış motivlərini ən çox hərəkətə gətirən bir kitab olmuşdur.
Şairin üçüncü kitabı olan «Mənzillər» Zərifoğlu şerinin təməl xarakteristikasını daşımaqla bərabər bəzi yeni istiqamətləri də göstərməkdədir. Təsəvvüfi dərkketməyə doğru bir meyl, mübarizə – ziddiyyət mövzularında üzə çıxan çözülmə, müdrikliyə doğru bir gediş, gözlərin iç dünyadan dış dünyaya yer dəyişdirməsi, sosial mövzulara qarşı həssaslıq həmin yeni istiqamətlərdəndir. Şairin son şer kitabı «Qorxu və Yalvarış» bir durulma və aydınlanma kitabıdır. Öncəki kitablarda mənalar dünyasında başına nə gələcəyi bilinməyən macəralara çıxan oxucu burada artıq ozünü təhlükəsizlikdə hiss etməyə başlayır. Xarici dünyaya olan maraqları, müharibə, zülm kimi konkret mövzulara qapılmışdır. Öz daxili dünyasına üz tutaraq artıq sərhədləri bəlli olan mistik dünya içərisində seyr edir. Şair bu dönəmində istər danışıqlarında, istərsə gənclərə yol göstərən qısa dəyərləndirmə yazılarında Yunis İmrenin sadə, lakin dərin ifadələrinə qibtə heyran olduğunu ifadə etməkdən çəkinməz. Keşməkeşli bir həyat sürən, şəxsiyyətində qeyri-adi keyfiyyətlər daşıyan bu şair, şerə mətinlərindən deyil şairin həyatından baxanlar üçün anlaşılmaz tərəfləri olan bir yaradıcıdır. Məna məziyyətləri açısından Zərifoğlu şeri haqqında aşağıdakıları söyləyə bilərik: mənalandırma xüsusiyyətlərinə idrak səviyyəsində müdaxilə etməyə ehtiyac görmədən, bizə özünü hiss etdirən bir şerlə qarşılaşırıq. Çünki şeri oxuyarkən durduğumuz yer, şairin təbiət və insan, tale və taleüstü qarşısında durduğu yerdir. Şair bizi təəssüratlarının şerləşdiyi məkana aparır. Onun poeziyası şəxsi yaradıcılığı içində qüvvətli bir obyektivlik daşımaqdadır. Bizi hazır duyğu qəliblərinə təslim etmədiyi, öz aləminə çəkdiyi üçün onu oxumaq yeni bir tərəf qazanmaq kimidir.
Cahit Zarifoğlu, şerləri dışında, «Yaşamaq» adlı gündəlikleri və «İns» adlı hekayələr kitabı ilə də Türk ədəbiyyatıda önəmli bir yerə sahibdir. Onun, alışdığımız uşaq ədəbiyyatı örnəklərinə heç bir şəkildə bənzəməyən nağılları da, eynilə gündəlikləri və hekayələri kimi yaradıcılığının orijinallığı haqqında təsəvvür yaradan mətinlərdir. Şairin nağılları içində ən diqqət çəkici olanları «Ağacdelen» və «Motorlu Quş» adlı nağıllarıdır.
Cahit Zərifoğlu ilk gənclik illərindən etibarən, ədbiyyat ehtiraslarının aşıb-daşdığı, əsərlərdən daha çox imzalar ətrafında mübahisələrin sürdüyü ədəbiyyat mühitindən uzaqda durmuşdur. Fəqət ilk əsərlərini yayınladığı dərgilər olan «Diriliş» və «Ədəbiyat» dərgilərindən sonra dərc olunmağa vaşlayan «Mavera» dərgisində çox təsirli bir rol almış, dərgi kadrosunun formalaşması və yeni qatılmalarla gəlişməsində bu günə qədər rast gəlinməmiş çabalar göstərmişdir. Bu yönüylə o, həm də bir təşkilatçı, yaradıcı bir girişimçidir. Yeni Türk ədəbiyyatının bir qrup təmsilçisinin savaş illərində Ankaradan İpək Yolu ilə Əfqanıstana uzun ğir səyahəti, onu bu girişimçilik örnəklərindən biridir. C. Zərifoğlunun özəlliklərindən bir digəri də Türk poeziyasına və nəsrinə qazandırdığı yeni imzalardır. Rəhbərlərindən biri olduğu «Mavera» ədəbiyyat dərgisində onu görünməyən bir şer məktəbi saymaq yanlış olmaz.
Sənətinin əsas məziyyəti, həyatı və əşyaları daha öncə görülməmiş bir şəkildə görmək və oricinallığı əks etdirərəcək bir dillə çatdırmaq olaraq dəyərləndirilə bilən C. Zərifoğlu, yeni Türk ədəbiyyatındakı təsirini 20 il öncəki təzəliyi ilə davam etdirmekdedir. Şairin adına 2002-ci ildə təsis edilən və 2003-cü ildən etibarən verilməyə başlayan mükafat yarışmasına müraciət edənlərin sayının çox olması bunu sübut etməkdədir.

IV. Ebubəkir Eroğlu

E. Eroğlu ilk kitabını 1974-cü ildə yayınlamış olması ilə birlikdə, ona Türk şerində əlahiddəlik qazandıran şöhrətə 1980-lərin ortalarında qovuşmuşdur. Onun şerləri üksək səsə ehtiyac görməyən bir təzahürat hadisəsidir, insanı yeni bir varlıq mərtəbəsinə yüksəltməkdədir və bunları edərkə çox sakitdir. Böyük bir şey yaratmaq duyğusundan israrla qaçır. Ancaq yaratdığı elə həmin böyük olanın özüdür. Şerlərində irfani ənənənin canlı bir hissiyyatla dirildiyini hiss edirik. Onun şerlərində poetik mən, özünü, bu içərisində olduğumuz dünyada sıxışıb qalmış kimi hiss edər. «Şair mən»inin çabası əbədi aləmə doğru bir «yönəliş» içində olmaqdır. Eroğlunun şerləri istədiyi yüksəkliyə vardığı örnəklərdə ruhumuza sükun və sadəlik verər.
Eroğlu şerdəki varlığı qədər, şer üzərinə düşüncələriylə də son dərəcə önəmli bir şairdir. 80-cilər ədəbi nəsli olaraq adlandırlan şairlərin yetişməsində əməyi böyükdür. Hər bir istedadın öz istiqamətində axmasını və gedəcəyi yerə varmasını asanlaşdırmışdır. 1970-ci illərin Türkiyə ədəbiyyat mühitində xaosu hakim qılan anqace ədəbiyyat düşüncəsi Eroğlunun rəhbərlik etdiyi «Yönəlişlər» dərgisi qarşısında yerini ədəbi yaradıcılığın öz sərbəst qanunlarına buraxdı. Eroğlunun «Modern Türk Şerinin Təbiəti» adlı tənqidi incələmə əsəri isə, bu mövzuyla bağlı olaraq müraciət ediləcək ən lazımlı qaynaqdır deyilə bilər. Maraqlıdır ki, Cahit Zərifoğlu haqqında ilk tanmlayıcı və onun şəxsiyyətinin mahiyyətini dəyərləndirən yazılar məhz Eroğluna aiddir. Bu baxımdan, başqa bir çox həssaslıqlarını göz önündə canlandrb deyə bilərik ki, modern Türkiyə şerini və ədəbiyyatnı ən sağlam və real əks etdirəcək prizma, onun prizmasıdır. Türkiyədə onun hazırlayacağı bir 20-ci əsr Türkiyə Türkcəsi Şer Antalogiyası hər halda şer sənətimizin ən yaxşı əks elətdirəcək bir antologiya olardı



Nəcib Fazil QISAKÜRƏK

Qaldırımlar

Küçədəyəm, kimsəsiz bir küçə ortasında,
Yürüyorum, arxama baxmadan yürüyorum.
Yolumun qaranlığa qarışan nöqtəsində
Sanki məni gözləyən bir xəyal görüyorum.

Qara göylər kül rəngi buludlarla qapanıq;
Evlərin bacasını qollayır ildırımlar.
Bu gecə yarısında iki nəfər oyanıq:
Biri mənəm, biri də uzanan qaldırımlar.

İçimdə damla-damla bir qorxu birikiyor;
Elə bil ki hər küçə başında durmuş divlər.
Qapqara şüşələri üzərimə dikiyor
Gözləri çıxarılmış bir yam-yam kimi evlər.

Qaldırımlar, iztirab çəkənlərin anası,
Qaldırımlar, içimdə yaşamış bir insandır.
Qaldırımlar, duyulur səs kəsilincə səsi,
Qaldırımlar, içimdə uzanan bir lisandır.

Mənə düşməz can vermək yumuşak bir qucaqda,
Mən bu qaldırımların əmzirdiyi cocuğam.
Aman sabah olmasın bu qaranlıq sokaqda,
Bu qaranlıq sokaqda bitməsin yolçuluğum.

Mən gedəyim yol getsin, mən gedəyim yol getsin;
İkiyanımdan axsın bir sel kimi fənərlər.
Tak-tak, ayaq səsimi ac köpəklər eşitsin;
Yolumda bir tağ olsun zülmətdən daş kəmərlər.

Nə işıqda gəzəyim, nə gözə görünəyim;
Gündüzlər sizə qalsın, verin qaranlıqları.
İslaq bir yorğan kimi yaxşıca bürünəyim,
Örtün, üstümə örtün, sərin qaranlıqları.

Uzanıb qalsa gövdəm daşlara boydan-boya;
Alsa bu soyuq daşlar alnımdakı atəşi.
Dalıb küçələr qədər sehirli bir yuxuya,
Ölsə qaldırımların qara sevdalı eşi…

2

Başını bir əmələ satan qəhrəman kimi,
Ətinlə, sümüyünlə küçələrin malısan!
Qurulub üzərinə bir taxtı-rəvan kimi,
Sonsuz məsafələrin üstündən aşmalısan!

Bəxtin qaldırımlara düşdüyü gündən bəri,
Ərimiş ruhlarımız bir dərdin ortasında
Sənin kölgəni içmiş onun göz bəbəkləri;
Onun daşı ərimiş sənin qafa tasında.

İkinizin də nə yar, nə arxadaşınız var,
Sükut kimi kimsəsiz, çılğınlıq tək hürsünüz.
Dünyada daşınacaq bir quru başınız var
Onu da nə tərəfə olsa aparırsınız.

Ömrünüz daş olsa da gedə-gedə yorular,
Bir gün ölümə çıxar bu yolun qıvrımları.
Nə qaldırımlar qədər səni anlayan olar,
Nə sənin anladığın qədər qaldırımları…

1927



Bu yağış

Bu yağış… bu yağış… bu teldən incə
Öpüşdən yumuşaq yağan bu yağış.
Bu yağış… bu yağış… bir kün kəsincə
Aynalar üzümü heç tanımazmış.

Bu yağış qanımı boğan bir iplik,
Qarnımda acısız yatan bir bıçaq.
Bu yağış yerdə daş, bədəndə kəmik
Dayandıqca çisil-çisil yağacaq.

Bu yağış… bu yağış… cənnətdən üstün;
Qaranlıq qovulmaz düşüncələrdən.
Cinlərin beynimdə toyu büsbütün
Sulardan, səslərdən və gecələrdən.

1934



Keçən dəqiqələrim

Kim bilir hardasınız,
Keçən dəqiqələrim,
Kim bilir hardasınız?

Qorxuram ulduzların
Düşdüyü yerdəsiniz,
Keçən dəqiqələrim.

Əcəba ocaq çatsam
Görünərmi üzünüz,
Əcəba ocaq çatsam?

Siz mənim üzümsünüz;
Əyilib suya baxsam
Görünərmi üzünüz?

Getdi bütün gözəllər,
Saralmış biri qaldı,
Getdi bütün gözəllər.

Gün gəldi, saat çaldı,
Aranızda verin yer;
Saralmış bir qaldı!..

1930



Gözləyən

Sən, qaçan bir ürkək ceyransan dağda,
Mən, dalınca düşmüş bir canavaram!
İstərsən dünyanı çağır imdada;
Sən varsan dünyada, bir də mən varam!

Səni qorxudacaq keçdiyin yollar,
Arxandan gələcək hey ayaq səsim.
Sarıb vücudunu görünməz qollar,
Canını yaxacaq atəş nəfəsim.

Kimsəsiz odanda qış gecələri,
İçin ürpərdiyi dəmlər məni an!
De ki, odur döyən pəncərələri,
De ki, külək deyil, odur hayqıran!

Köksümdən havaya qatdığım zəhər,
Solduracaq bir gül kimi ömrünü.
Qaçıb dolaşsan da sən şəhər-şəhər,
Mənə qalacaqsan yenə son günü.

Ölərsən… Qapanar yollar geriyə;
Mən məzarla sirdaş olar, gözlərəm.
Çatılmaz xəyala işarət deyə
Torpağında bir daş olar, gözlərəm…

1930



Ölünün otağı

Bir otaq, yerdə bir şam, pərdələr endirilmiş;
Yerdə çılpaq bir köynək, qorxusundan dirilmiş.
Südbəyaz divarlarda mismarların kölgəsi;
Artıq nə bir çıtırtı, nə də bir ayaq səsi…
Uzanıb yatağında qaxaca dönmüş ölü;
Üstü boynuna qədər bir yorğanla örtülü.
Bezin üstündə ayaq barmaqlarının izi;
Şam işığından sarı, bayqın və donuq bənzi.
Son nəfəslə köksü boş, əli uzanmış yana;
Gözləri rəngli şüşə, sancaqlanıb tavana.
Sallaq dodaqlarının ucunda bir cizgi var;
Kiçik bir cizgi, kiçik, titrəyən bir an qədər.
Sallaq dodaqlarında asılı titrək bir an;
Bəlli ki, birdən-birə getmiş çırpınamadan.
Bu mənim öz ölümdür, bu mənim öz ölümdür;
Mənə gəldiyi zaman bu cür gələcək ölüm…
1925



Tabut

Taxtadan yapılmış bir uzun qutu;
Baş tərəfi geniş, ayaq ucu dar.
Çaxanlar bilir ki, bu boş tabutu
Biri gün özləri dolduracaqlar.

Hər yandan kiçilən bir otaq kimi,
Divarlar yanaşmış, tavan alçalmış.
Sanki bir daş kukla qutuda kimi,
Xəyalım içində uzanıb qalmış.

Cılız bədənimə tam görünsə də,
İçim bu dar yerə sığışmaz diyor.
Dünyada qalanlar hey döyünsə də
İnsan birər-birər yenə giriyor.

Ölənlər yenidən doğarmış; gerçək!
Tabut deyildir bu, bir taxta qundaq.
Bu ağır hədiyyə kimə gedəcək,
Örtülər-örtülməz üstünə qapaq?

1930




Səzai QARAQOÇ

Şəhrizad

Sən gecənin gündüzün dışında
Sən qəlbin atışında, qanın axışında.
Sən Şəhrizad, bir lampa, bir hökmüdar baxışında
Bir ölüm quşunun fəryadını duyarsan.

Sən röyyası gecələrin, gündüzün,
Sən bir yağış incə, həzin,
Sən şərqilər qədər böyük, uzun,
Sən yolunu itirən yolçulərın üstünə
Bir ömür boyu yağan bir ömür boyda qarsan.

Sən mərhəmət, sən külək, sən tiril-tiril bir qadın,
Sən bir məşər içində ən əziz yalnızlığı yaşadın,
Sən başını döndərən gəlladbaşının günə,
Sən eləsən ki, sən deyə-deyə səni anlamaq çətin.
Şəhrizad, ah Şəhrizad, Şəhrizad,
Sən sevgili, sən can, sən yarsan.


Balkon

Uşaq yıxılarsa ölər, çünki balkon
Ölümün cəsur körfəzidir evlərdə.
Üzündə son gülümsəmə yox olarkən uşaqlarda
Analar, analar əlləri balkonların dəmirində.

İçimdə və evlərdə balkon
Bir tabut qədər yer tutar.
Paltarlarınızı asarsınız, hazır kəfən
Şezlonqunuza uzanarsnız ölü.

Gələcək zamanlarda
Ölüləri balkonlara göməcəklər.
İnsan rahat olmayacaq
Öldükdən sonra da.

Məndən soruşmayın belə
Qaça-qaça hara getdiyimi,
Alnından öpməyə gedirəm
Evləri balkonsuz tikən memarların.

1957



Qara ilan

Günəşin yeni doğduğunu sənə xəbər verirəm
Yağışın xəfifliyini, torpağın ağırlığını
Və bütün varlığımla, qara ilan, səni çağırıram
Səni çağırıram barmaqlarımdan süd içməyə
Pambığın ağırlığını, dağın yüngüllüyünü
Sənə xəbər verirəm yeni doğduğunu günəşin.

Mən güneyli uşaq, dostum, mən güneyli uşaq
Günahlarım qədər ömrüm vardır
Ağarmayan saçımı günəşə tuturam
Saçlarımı acının əlində unuduram
Barmağımdan süd içməyə çağırıram səni
Mən güneyli uşaq, dostum, mən güneyli uşaq.

Mən çiçək kimi daşımıram köksümdə eşqi
Mən eşqi köksümdə mərmi kimi daşıyıram
Gəlib çatmışam dəmir qapısına sevdanın
Mən yaşamayır kimi yaşamayır kimi yaşayıram
Mən eşqi köksümdə mərmi kimi daşıyıram.

Səni süd içməyə çağırıram barmaqlarımdan
Qara ilan, qara ilan, qara ilan, qara ilan.

1968



Sürgün ölkədən paytaxtlar paytaxtına

IV

Sənin qəlbindən sürgün oldum ilk dəfə
Bütün sürgünlərim bir mənada bu sürgünün bir davamı
Bütün törənlərin şölənlərin ayinlərin yortuların dışında
Sənə gəldim ayaqlarına qapanmağa gəldim
Əff diləməyə gəldim əffə layiq olmasam da
Uzatma dünya sürgünümü mənim
Günəşi bahardan qoparıb
Eşqin bu ən olunmazından qoparıb
Bir duz buludu kimi
Sovuran ürəyimə
Ah uzatma dünya sürgünümü mənim
Necə yorulduğum ayaqqabılarımdan deyil
Ayaqlarımdan bəlli
Lampalar əyri
Aynalar əqrəb mələyi
Zaman çatlamış atın son xəyalı
Ev miras deyil mirasın xəyaləti
Ev könlümün doğduğu
Əmizdirib böyütdüyü
Quş tükündən
Və quş südündən
Gecələr və gündüzlərdə
İnsanlığa heykəl kimi yüksəltdiyi
Sevgili
Ən sevgili
Ey sevgili
Uzatma dünya sürgünümü mənim

Bütün şerlərdə söylədiyim sənsən
Suna dedimsə sən Leyla dedimsə sənsən
Səni gizlətmək üçün şəkillərindən faydalandım
Salomenin Belkisin
Boşunaydı gizlətməyim o qədər aşikarsan bəllisən
Quşlar uçar sənin könlünü təqlid üçün
Əllərindən düşürər bahar çiçəklərini
Dəniz gözlərindən alar sonsuzluğun xəbərini
Ey könüllərin ən yumşağı ən dərini
Sevgili
Ən sevgili
Ey sevgili
Uzatma dünya sürgünümü mənim

İllər keçdi sapand ölümsüz iz buraxdı torpaqda
Ulduzlara uzanıb hey səni sordum gecə yarılarında
Evlərin damlarında zirzəmilərdə
Kölgən idi gecəmi işıqlandıran o bənzərsiz lampa
Hey Qanlıcadan hey Əmirxandan
Qəndilinin gümüşü şəfəqlərində
Səninlə danışıb durdum bir ömrün baharında yazında
İndi onun birdən birə gələn payızında
Sənə gəldim ayaqlarına qapanmağa gəldim
Əff diləməyə gəldim əffə layiq olmasam da
Sən ey zəmanəmizin Məyəmi
Ey sirrini könlündə daşıyan Züleyxa
Ey ipəklərə yumşaqlıq bağışlayan mərhəmətin qəlbi
Sevgili
Ən sevgili
Ey sevgili
Uzatma dünya sürgünümü mənim

Dağların çokməsini gördüm bir Venüs bardağında
Kölə kimi satıldım bazarlar bazarında
Günəşin saraldığını gördüm Konstantin divarında
Sənin xəyallarınla yandım yuxuların civarında
Kölgən idi əks edən bəngisu bulağında
Ölüm düşüncəsinin məni sardığı şu anda
Verilməmiş hesabların qorxusuyla
Sənə gəldim ayaqlarına qapanmağa gəldim
Əff diləməyə gəldim əffə layiq olmasam da
Sevgili
Ən sevgili
Ey sevgili
Uzatma dünya sürgünümü mənim

Ölkəndəki quşlardan nə xəbər vardır
Məzarlardan belə yüksələn nə bahar vardır
Eşq cəlladından nə çıxar madəm ki yar vardır
Yoxdan da vardan da o yanda bir Yar vardır
Günahlar hamısı məndə deyil məni yaxıb yıxan bir nəzər vardır
O nəğməyə həvəslənib söylənəcək misralar vardır
Aman tale demə talenin üstündə bir qədər vardır
Nə etsələr boş göylərdən gələn bir qərar vardır
Gün batsa nə olar gecəni düzelden bir memar vardır
Yansam da külümdən tikilən bir hasar vardır
Uduza uduza böyüyən bir zəfər vardır
Sirrlərin sirrinə çatmaq üçün səndə açar vardır
Köksündə sürgününü geri çağıran bir damar vardır
Səndən ümid kəsmərəm qəlbində mərhəmət adlı bir çinar vardır
Sevgili
En sevgili
Ey sevgili

1975




Cahit ZARİFOĞLU

İşarət cocuqları

Yasin oxunan tüstü qalxan çarşılardan
Keçərdi atam
Başında yağmur halqalaı

Anam yaşıl caketlər görərdi yuxusunda
Hələ ilk gözəl çağlarında
Alnını iki dağın arasına gərmiş
Bir divin köksünə bənzər
Köksündən dualar keçərmiş

Çarşılar əllərində çörək batonları
Məscid həyətlərinə açılan
Hovuz sularına qapılan uşaqlar
Görmədən günəşin bütün rənglərini
Aparmazdı dükandakı atalaroına
Ocaqdan daşan qaynar yeməkləri
Nənələrinin qoyduğu ovuc daşlarına

Başı ürəyi şahbaz
Qalaları ağırlayan qadınların
Bəzəklərini kəmərlərini
Başlarını ağırlaşdıran
Ağır qara şəlalə saçlarını
Tutunca gəncləşirdi kişilər

Sonra insan o ki dənizdə
Kiçik və böyük çayda
Bədəni isladan əfsunlu suda
Oncə niyət sonra yuyunardı

Zaman dərd gətirdi sulara
İçində əski balıqların yatdığı qayalar
Savaşan insanların əlində
İncə yonulub daşındı balta mizraq şəklində

Anam qanları quruyan
Dalaşanları ayıran bir qarğı əlində
Qara ocağın daşlarına
İşarət qoydu uşaqlarını
Belində gəzdirən atamın
Bəyaz yazılarla qazandığı adları

Ürəyi qorxuyla qüvvətləndi babamın
Unudub gec gələn günləri
Zamanın sürərkən çəkdiyi günləri
Çətin tapmacalarla
Sürdü atını şəhərlərə

Yun darayan at güdən qadınlar
Meşələrə təpədən əyilən torpaq evlərdə
Kiçik pəncərəli qaranlıq dar otaqlarda
Uzaqdan uzanıb gələn qurd səslərinin
Uzağa çəkiblib gedən
Ayazda donan gülüşlər içində
Meşələrə süd əmizdirən ana
Unutdu getdikcə uzanan uşağını

Hey qaçarmış şəhərlərin
Dəmir dağlarına
Yatınca torpaq beşiyində
Sahibsiz qalan
Əllərimdən sürüşən işıqlı günlərim

Yanma

Və əlbət
Gözlərin sularından çəkilincə
Ürkək bir ceyranla anlaşıram
Üzünün çox yaxın olduğu bir limana
Dilinin və ağzının verdiyi baş fırlanmasına
Baxçanı tutan dovşanlara sığınıram

Qanımdan keçilmir göyərən ağzın
Qovuluram
İkindi zaman qaranlığı iç çarşılar
Ey şəfəq bir əsgərlə anlaş
Çünki lüləyə gətirildin
Bax burada bir ordu yürüyən qarnımda
Ləpirlərim izlənir köpəklərin sürünərək yaxınlaşdığı
Anlaşılır
Xatirələrimizə toxunulmamış
Fəqət ələ keçirilmiş eşqi yaşadarkən quğuların
Gələcəyimizin sərin suları və göllərinə

Ey qadın qoxla məni
Həyatım yasaqsınız

Gəlinmir axşam zaman qaplanı
Qaçmışdım yeni bir irmaq şəklində
Heyvanların ilkbahar istiləri bölümündə
Qıvrılıb yenidən yaxalanıram
Şüşə kəsir kökslərimi
Boynuma zümrüd bir gərdənlik asmışam

Həm şərqliyəm mən
Gövdəm yara dolu

Sevgidim qoru məni
Başa düşürəm

Fəqət artıq dözülməz sarmaşıqlara
Öpüşürlər
Hərbin bitdiyini söylə ayrılsınlar

Çünki gecə zamanın qətranıdır
Gəlib keçənə oxşamır onurğamdakı didişmə
Çantamda sevişmə əsgərləri
Hərbin bitdiyini söylə

Əvvəl məni boğacaqlar azad və sevimli olmam üçün
Bir buraxa bilsəm
Yaqut bir quşun içində duran əllərimi

Sevgilim
Əvvəl gəmir bu tikanlı məftilləri bədənimdən
Keç dərimin altındakı təhlükələri
Ürək qızğın bir quma donmədən
Yoxla məni

Başa düşürəm qaçmağa zaman yox
Şəfəq birdən doğacaq

1967




Eşqə dair

Elə süfrələr gördüm ki
İnsan damarları vardı boşqablarda

O əyri gövdələr önündə yalnızlıq
Hər şeyi bir-birindən uzağa çırpırdı
Bir qadın
Bir kişi

Gizlicə nəfəs dərirdi
Bir kişi ov yoldaşından
Ova puspuş kimi göstərib gizlədərək
Qamışlıqdakı budaqların arasından
İlıq və yapışqan pıçıltıları
Ayırıb bir-bir götürərək
Urqan kimi bədənimə dolurdu

Hər şeyə bənzəyə bilərkən o
Heç bir şey bənzəməzkən ona
O məşhur boru çalan
Başlasa saçlarımızın diblərindən
Üfürməyə. – Yırtıcı bir heyvan
Kimliyi yapışar yaxamıza

Bir kişimi o
Gölə yatmış bir günəş dəmətində
O goyümsov işıqda
Bir köpək ölüsü kimi yatan

Sürətlə sürüşən
Yoxsa bir çöl ördəyinin kölgəsimi

Ağaclar

Əllərimin önündəki budaqlar da
Sarıldı yarpağa
Görə bilmirəm qarşı yamacı
Yoxsa çox erkənmi çıxdım yola
Mənmi gecikdim
Yoxsa mənmi gecikdim

Önümüzdə bir çinar yüksəlir
Hər gecə atlılar gəlir ona
Dastan söyləyib gedirlər
Qarabənizlikləri
Alışıb yanan dodaqları qalır səhərə

Dostum üşüyürəm dedin
Üşümə
Qorxuram – Qorxma
Qaçıram – Qaçma
Ürpərirəm düşüncədən – Ürpər

Səhər maşın yolu
Çinaroa kim baxar
Kim keçər budaqlarından
Baharmı gəlir
Qonşunun balkonunda
Paltarlar rəngarəng

Qızlar döşlərini
Baharın ağacına
İlk açan çiçəyinə
Dayadılar

Arılarla kişilər boğuşurlar
Arılarla uçan bütün çiçəklərlə
Ayaqlarında daşınan tozlarla
Axırlar götürülüb qaçırılırkən
Yarpaq evlərin içindəki dişiciklərə

Dostum gecikdin
Günəş nə zaman doğacaqsa
Söylədilər eşitmədin gecikdin
Otur ağla sonra süfrəmdə doy
Çörək kəs zeytun dad
Qurdunu öldürərkən sən
Bax necə ayçağın ərləri
Savaşaraq və dövrləri aşaraq gəldilər
Qaranlığı qaraladılar yolları tutdular
At təpmədədirlər

Bax necə savaşı mindilər
Gecə çinara gəlib danışdılar
Kəlmə kəsdilər söz itilədilər
Zorun yamanını asan etdilər

Sahib olun daşa dəmirə
Alova
Külə belə.


Ebubəkir EROĞLU

Qeyblərin şərqisi


nəyi itirdin ruhum eşqlərimi
eşqlər bax onlar yaşayır madəm ki əbədi
yoxsa itən bizmiyik itənlər nəyimiz
bizdən eşqə çıxan yollarmı
yollarsa itirdiyimiz nələrin içindəyik

mən çox az inandım dostlarım mən
ruhu yerindən oynadan qışqırtıların
havada əriyib yox olduğuna
çıxarkən tüfəng alovu kimi dodaqlarından
iz buraxmadığına çox az inandım
ürəyi daima diri tutacaq
bir nöqtə qoymadığına

zaman zaman
dünya daha az acqlı olsun deyə gülərüz olduğuma
qüvvətlə inandm və özümdən sordum
göydəki işığa insan duyğularını

yaxşı yaradılış sevinciylə şaxıyan gözlərin
yaxşı birindən digərinə atlayan işığın
havadakı məsud qamçı

yaxşı işıq nə oldu

ölüm qalım dünyasına
bir nağıl görüntüsü bağışlayan
yaxşı bu cümlə nur üzlərin
nəzih ev divarında dağ torpağında
tutub dayanan işıq – yanğısı yaxşı

yaxşı bunlar birər adamsa
mübarək cəsədləri torpaq oldusa
yaxşı ağızlarından qübbəni dolduran
vəcdlərini eşqlərini daşıyaraq
evi məhəlləni baxçanı ovsunlayan

yaxşı səslər nə oldu

ki bunlar birər xatirədir
bizdən əvvəl yaşamış
canlar üçün eşqlər üçün