Alatoran_header  
Jurnal > 2004/№2 > Azad Yaşar - Dilimizin palindrom imkansızlığı

Palindrom nədir?

Palindrom - sağdan-sola və soldan sağa oxunduğu zaman eyni mənanı verən söz, söz birləşməsi, misra və ya cümlədir. Yunan dilindəki "Palindromon" sözündəndir, mənası "Geri cevrilən / Tərs(in)ə dönən", "Arxası-Önü olmayan" deməkdir. Bizim dildə bunu "Astarı-Üzü (Tərsi-Üzü) eyni" kimi qəbul etmək olar. Çağdaş Türk dilində də "palindrom" termininin mənasını birbaşa açıqlayan "Tərsi-düzü bir" deyimi işlədilir.
Palindrom yaradıcılığında dilin ifadə və formal imkanlarının üzə çıxarılması əsas məqsəd daşıdığından bu söz yığınının hər şeyə rəğmən bir də müəyyən məna daşıması əlavə üstünlük sayılır. Yəni, oxucunun da artıq anladığı kimi, palindrom - söz eksperimenti və oyunudur, çünki bu eksperimentdə sözlər fikrin ifadəsinə xidmət etmir, fikir - sözlərin bu və ya digər kombinasiyaları kimi meydana çıxır. Bir başqa yanaşımla bu cür sözləri və deyimləri çevik pişiklə müqayisə etmək olar, bildiyimiz kimi, digər dördayaqlılardan fərqli olaraq, hündür yerdən atılan pişiklərin dörd ayaq üstə yerə enmə ehtimalı son dərəcə yüksəkdir. Bu mənadə bir başqa bənzətmə obyekti kimi həm məşhur macar ixtiraçısı Rubikin "sehirli kub"unu, həm holland rəssamı M.Eşerin qrafik rəsmlərindəki qarşılıqlı çevrilən fiqurları (quş-balıq), irəli-geri yeriyə bilən xərçəngi, həm də bir dairəni bərabər fiqurlara bölən qoşa butalı qədim "Dao dairəsi"ni, bu yazı müəllifinin fonsuz naxışlarını göstərə bilərik. Yazının məğzinə keçməzdən öncə bütün bu gətirdiyimiz misalların müəyyən oyun prinsipi üzərində qurulduğunu söyləmək lazımdır.
Məşhur Niderland filosofu İohan Heyzinqa (Huizinqa) (1872-1945) hələ 1938-ci ildə yazdığı, həm müəllifə, həm də onun açıqladığı oyunlar nəzəriyyəsinə böyük şöhrət qazandıran "Homo Ludens" (Oyunçu /Oyunbaz İnsan) əsərində ayrıca bir fəsil "Oyun və poeziya" adlanır. Kitabın 7-ci fəslində deyilir:

"Poeziya ilkin mədəniyyət faktoru kimi məhz oyunda və məhz oyun olaraq ortaya çıxmışdır. Onu müqəddəsliyə bağlı sənət, müqəddəs oyun saysalar belə, poeziya həmişə zərafətlə, əyləncə və məzə ilə yaxın qonşu olub… İnsan cəmiyyətinin mövcud olduğu bütün dövrlərdə poetik ifadədəki hüdudsuzluğun təməlini, görünür, mədəni həyatın bütün biçimlərindən daha qədim və ilkin olan funksiyada aramalıyıq. Bu funksiyanın adı - oyundur. Gəlin, oyunun əlamətlərini özümüz üçün bir daha dəqiqləşdirək. Oyun - müəyyən yer, zaman, məna çərçivəsində düzənli bir görüntü kimi qavranan, tərəflərin könüllü qəbul etdiyi şərtlər üzrə gerçəkləş(diril)ən, hər hansı maddi qazancdan və ehtiyacdan qaynaqlanmayan davranışdır. Oyun əhvalı - bütün qayğıları unutmuşluğun, heyrətə və həzzə hazırlığın əhvalıdır… Pol Valerinin ardınca poeziyanı oyun, yəni "sözlə, dillə oyun" adlandıranlar bununla heç nəyi artırıb-əskiltmirlər, onlar "poeziya" sözünün gerçək ruhunu yaxalamış sayılırlar. Poeziya ilə oyunun əlaqəsi isə heç də nitqin zahiri bəzək-düzəyi ilə ilə bağlı deyil. Burada əsas (şüurlu və ya şüursuz) məqsəd - sözün köməyi ilə hissləri dəngədən çıxarmaq, dinləyicinin (və ya oxucunun) diqqətini hər vəchlə mətnə yönəltməkdir. Burada əsas qayə - hədəfə vurmaq, maksimum ifadəliliyə nail olmaqdır…"

Sənət cərəyanları arasında palindroma bənzər və ya oyunvarı faktorlar kifayət qədər çoxdur. Bunun bir örnəyi olaraq, 1920-ci illərdə dünya musiqi sənətində əsil çevriliş yaratmış dodekafoniyanı gətirə bilərik. "Yeni Vyana məktəbi"nin təmsilçiləri - A.Şönberq, A.Vebern, A.Berq musiqi kompozisiyasında yeni metod kimi bu dodekafoniya (12 səslilik) prinsipini tətbiq etməyə başlamışdılar. Bu bəstəçilərin aparıcı nümayəndəsi olan Arnold Şönberq musiqi kompozisiyalarında 12 səs tonunun qarşılıqlı bərabərliyini əsas götürür, onların təkrarlanmamaq şərtilə səslənməsinin ardından bu ton sıralamasının təkrarlanması və ya fərqli variasiyalar qazanması prinsipini təklif edirdi. Kontrapunkt qanunlarına əsaslanan Şönberq, musiqi kompozisiyalarında tətbiq edilmək üçün
1) düzünə
2) tərsinə (arxadan önə yönəlik)
3) inversiyalı (horizontala görə tərs çevrilmiş)
4) tərsinə + inversiyalı variasiyalar işləyib hazırlamışdı.
Yalnız təklif olunan bu hallarda 12 səs tonundan ibarət səslər seriyası bir musiqi vahidi (və ya musiqinin bölünməz nüvəsi) kimi qəbul edilə bilərdi. Üstəlik, bu metod sayəsində musiqidə seriyalarla düşünmənin əsası qoyulmuşdu, çünki artıq bəstəkarların palitrası yuxarıda sadalanan 4 seriyanın 12 səs tonuna uyğulanması yoluyla artıq tam 48 versiya ilə zənginləşmişdi. Təsadüfi deyil ki, Anton Vebernin qələmindən çıxan "Musiqidə yeni yol" adlı nəzəri kitabda da "Yeni vyanalılar"ın formalaşdırdığı musiqi kompozisiyasının simvolu olaraq, bu yazımızın növbəti bölümündə təqdim olunan və 4 istiqamətdə oxunmaqla hər dəfə eyni sonucu verən "magik kvadrat" seçilmişdi.
Xeyli qədim söz olan "palindrom" mənasında dünya dillərində bu gün müxtəlif terminlər işlədilir: Məsələn, rus dilində bu anlamda "Pereverten", "Slovo-perevyortış" və ya "Fraza-perevyortış" (Mayallaqçı və ya Mancanaq sözlər) ifadəsi işlədilir ki, bu da dil oyununun - yuxarıda söylədiyimiz kimi - "pişik çevikliyi"nə sahib sözlərin üzərində qurulduğunu bir daha sübut edir. Monqol dilindəki "xadqalaqdax" sözü isə bu dildə "hifz olunur" (yəni "bütün hallarda məna qorunur" mənasında) feli ilə adlandırılıb. Digər dünya dilləri ilə müqayisədə bəlkə də nisbətən kasıb sayılan monqol dilindəki bu sözü arxadan önə doğru oxuyacaq olsaq, yenə də eyni sözün alındığını görərik, yəni bu dildə "palindrom" termininin özü artıq palindromdur. Bu yerdə monqol dilinin ifadə imkanlarının xeyli geniş olduğunu, monqolların öz dillərinin incəliklərinə nə dərəcədə bələd olduqlarını səmimi etiraf etməkdən başqa heç bir çarəmiz qalmır.

Palindromun keçmişi

Tarixin qədim dövrlərindən kosmik zəmanəmizə gəlib çatmış ilk palindrom hələ Miladdan əvvəl IV əsrdə əski latın dilində tərtib olunub və aşağıdakı kimidir: "Sator Arepo tenet opera rotas". Bu cümlənin təxmini mənası belədir - "Əkinçi Arepo yorulmadan çalışır." Əlbəttə, bu sonuncu açıqlama ilə tanış olan oxucu, yəqin ki, artıq ağzını büzdü və bu yazının ardını oxumaqdan vaz keçdi. Amma… bir dəqiqə də dözün. Qədim insanlar bu cümləni (=yazını) 25 xanəli kvadratın içinə bu şəkildə, həm də ancaq böyük hərflərlə (irəlidə görəcəyik ki, bu, palindromun rahat anlaşılması üçün əsas şərtlərdəndir! - A.Y.) yazırdılar.
İndi bu xanələrdəki sözləri, 4 istiqamətdə -
həm soldan-sağa + üzüaşağı sətirlərlə,
həm sağdan-sola + üzüaşağı sətirlərlə,
həm yuxarıdan-aşağı + sütunlarla,
həm aşağıdan-yuxarı + sütunlarla
oxusanız, eyni sözlərin kombinasiyaları alınacaq. Son dərəcə qəliz qurulmuş bu kvadrat ciddi axtarışların nəticəsi idi və qədim insanlar qapalı halqanı xatırladan bənzər kvadratları tilsimli (=magik) sayırdılar. Bu cür tapıntı kvadratlara sarayların, kilsələrin, evlərin divarlarında, kitabların üzqabığında, ustaların möhürlərində də rast gəlmək olurdu, hamı onların uğurlu olduğuna, uğur gətirdiyinə özünü inandırırdı. Hətta xaçpərəstliyin təbliğatçıları bu cür yazılı kvadratların insanı ölümcül xəstəliklərdən, nəhs durumlardan, Şeytanın tuzaqlarından (tələlərindən) qoruduğuna çoxlarını inandırırdılar.
Bizans imperiyasının paytaxtı Sofiyadakı bir kilsənin mərmər divarlarına aşağıdakı palindrom üslublu hikmət oyulmuşdu:
NİSPONANOMİMATAMİMONANOPSİN,
bitişik yazılmış bu söz yığınının mənası "Təkcə üzünüzü deyil, günahlarınızı da yuyun"dur. Bu yazının da həm formal cəhətdən, həm də mənəvi təmizliyə çağırış kimi məzmun baxımından son dərəcə uğurlu olması danılmazdır.
Amma bu cür sırf formaya və zahiri oyuna əsaslanan fəndlə həm də dərin hikmətlər ifadə etmək hər kəsə və hələm-hələm nəsib olmurdu. Odur ki, bu oyunvarı üslub zarafat və atmacaların ifadəsi üçün daha çox uyğun gəlirdi.
Bu gün isə, bu cür söz oyunları əsasən iki istiqamət üzrə oxunan kombinasiyalar kimi yaradılır:
1) sağdan-sola
2) soldan-sağa.
Öncəki cümlədə "yaradılır" kəlməsini təsadüfən işlətmədim, çünki bənzər deyimlərin dilin gizli qatlarından üzə çıxarılması, dilin daxili imkanları sayəsində xalqın malına çevrilməsi insandan gərgin yaradıcılıq işi tələb edir. Təsadüfi deyil ki, doğma dilini sevən, onu imkan düşdükcə zənginləşdirən bir çox xalqlar vaxtaşırı "Palindrom yarışmaları" təşkil edirlər. Təəssüflə qeyd etmək lazımdır ki, bircə … bizdən başqa. Bugün çoxumuz doğma dilimizdə yabançılar kimi danışır, ya da onun olan-qalan qol-budağını da amansızcasına qırırıq. Bu yerdə yadıma başqa dillərdən etdiyim çevirilərlə bağlı bir tanışımın mənə verdiyi sual düşdü.
Deyirdi ki:
"Niyə özünü yorur, ömrünü sərf edirsən bu dilə, bu tərcümələrə? Biz azərbaycanlıların doğma dilinə ki, bu cür biganə münasibəti var, onsuz da bu dil gec-tez yox olub-gedəcək. Bir də ki, nəhəng qonşu dillərin rəqabəti də bunu qaçılmaz qılır."
Mənə isə elə gəlir ki, Azərbaycan dili - zənginmi, kasıbmı, bilmirəm - yer üzündə sonuncu azərbaycanlı qalana qədər yaşamalıdır. Əlbəttə, bu, bircə şərt daxilində mümkündür - əgər o sonuncu azərbaycanlı da öz dilinin qeyrətini çəkən birisi və bu dilin səlis daşıyıcısı olarsa. Çünki bəlkə də günlərin bir günü həmin o sonuncumuza xarici humanitar təşkilatlar bu "ölü" dilin tədrisi haqda təkliflə müraciət edə bilərlər. Amma o sonuncu daşıyıcı hansı birimiz olacaq - mənmi, sənmi, omu? - bax, onu bilsə-bilsə bircə o Yaradan bilər. Ona görə də yaşadığımız zaman dilimində öz dilimizi öyrənməli, öyrətməli, qorumalı, yaşatmalı və zənginləşdirməliyik. Doğma dilimizdə yabançılar və düşmənlər kimi danışıb-yazmamalıyıq. Ya da bir millət kimi sağlığımızda gedib özümüzə başdaşı sifariş verməliyik.
Dil - dışarıdan istilalara müqavimət göstərdiyi müddətcə ölməz. Namus, qeyrət kimi.

Dilimizdə palindrom örnəkləri

Yəqin ki, yazının bu yerinə qədər səbr edən oxucu indi anlayacaq başlıqdakı "imkansızlıq" sözünün nə mənaya gəldiyini. Bəli, biz adətən dilimizin xeyli zəngin, onun ifadə imkanlarının hüdudsuz olduğundan söz salmağı, dilimizin bizim (məhz bizim!) fikirlərimizin ifadəsi üçün yetərli olduğuna dair öygülər (təriflər) yağdırmağı son dərəcə xoşlayırıq. Amma, görünür, biz bunu əsasən başqa dillərin incəliklərinə bələd olana qədər deyib-dururuq. Unutmaq olmaz ki, qonşunun cah-cəlallı sarayını görməməzliyə vurmaqla, bizim kasıb komamızı saray saymamız heç bir məntiqə sığmır. Vaxtilə bu sətirlərin müəllifi də "Nizami" (1981) adlı bir şerində
"Türk dili yaraşmaz şah nəslimizə…"
dağlandı sənətkar, şair sinələr.
Qara damğalarla
bal dilimizə
vuruldu
nə qədər acı tənələr.

Mən ana dilimin divanəsiyəm,
heyranam hər sözün
min bir rənginə.
Ətrinin,
nurunun pərvanəsiyəm -
onsuz qürbət gəlir
bu dünya mənə.

Lacivərd göylərin hüsnü var onda -
bənzər göz yaşına,
quzey qarına.
Layla tək süzülüb
göy qurşağından
qonub anamızın dodaqlarına…

Tanrının özüylə tanrılıq etdi,
titrətdi bu dillə
göyü Nəsimi.
Füzuli dağları yaxdı,
əritdi,
qurdu
neçə-neçə məna tilsimi…

Yaş ötüb, insanın dünyanı daha qlobal şəkildə anladığı zaman özünün daha öncə gəlmiş olduğu qənaətlərə yenidən çəki -düzən verməsinə, hətta - lazım gələrsə - bəzi yanlış qənaətlərindən vaz keçməsinə ehtiyac olur. Bu, həm Zamanın, həm də daim yenilənən düşüncənin tələbidir. Əlbəttə, iyirmi yaşında bir gəncin Sovet quruluşunda ikinci dərəcəli bir dil statusu qazanmış doğma (və yaralı!) dilinin şəninə bu dərəcədə yüksək, maksimal sözlər yazmasını anlayışla qarşılamaq olar. Burada təsəlli, ovutma elementinin ön plana keçməsi təbiidir. Amma maraqlı burasıdır ki, heç indinin özündə də dilimiz cəmiyyətdə fikir mübadiləsi və ünsiyyət vasitəsi olaraq, ikincilik, bəzən hətta üçüncülük pilləsindən qurtula bilmir və daha maraqlısı da odur ki, bu durum "ziyalılar" mühitində daha bariz şəkildə nəzərə çarpır. Bu, bir başqa yazının mövzusu olduğundan açıqlamalarımızı bu yerdə qəflətən kəsmək məcburiyyəti doğur.
Əlbəttə, yuxarıda qeyd olunan fikirlərin davamı kimi dilimizdə yetərincə inkişaf etdirilmiş digər formal zənginlikləri insaf xatirinə qeyd etməliyik. Şifahi xalq ədəbiyyatımızdakı yanıltmaclar, təkərləmələr, tapmacalar, aşıq şerimizdəki təcnislər, cığalı təcnislər, dodaqdəyməzlər, qıfılbəndlərdə, həm el-ağız, həm də əruzlu divan ədəbiyyatımızda müəyyən mətləblərin, gizli fikirlərin "Əbcəd üsulu" ilə, yəni haradasa riyazi yöntəmlərlə və müəyyən intellektual səviyyə tələb edən şəkillərdə, bir az da sirli (=magik) ifadəsi buna ən gözəl sübutdur. Sadalanan ədəbi formalarda əcdadlarımız biçim zənginliyi ilə yanaşı, məzmun cəhətdən də böyük uğurlara imza atmışlar.
"Leyli və Məcnun" poemasında Nizami Gəncəvi özünün həqiqi adı olan "İlyas"la bağlı Əbcəd hesabına (yəni hərflərin rəqəm kombinatorikasına) aid xarakterik bir nümunə verir:

"İlyas"ın "əlif"ini "lam"ından kəssən,
Yenə doxsan doqquz tamı görərsən.

Ərəb əlifbasıyla "İlyas" adı əlif (=1) - lam (=30) - yey (=10) - sin (=60) hərfləri ilə yazılır. Mötərizələrdə biz, Əbcəd hesabına görə hər hərfə uyğun gələn rəqəmi göstərmişik. Bu rəqəmlərin cəmini təşkil edən 100-dən əlifi (yəni 1-i) çıxsaq, yerdə 99 qalar ki, şair də məhz buna işarət edir (bax: Z.Verdiyeva, F.Ağayeva, M.Adilov "Azərbaycan dilinin semasiologiyası" kitabı, s. 162). Bu isə bir daha sübut edir ki, klassik şerimizdə abstrakt təsəvvür, hərf (+ rəqəm!) metaforaları araçılığıyla riyazi əməllərin ifadəsi ənənəsi xeyli geniş yayılıbmış. Bugün söz sənətimizdə bu cür rasional düşüncə tərzinin yoxluğu, hər şeyin son dərəcə bayağılığı və dialektikanın tərsinə inkişafımız sadəcə acı təəssüf doğura bilər, çünki problemin çözümü təkcə "Biz filankəslə bəhmənkəsin nəvəsiyik" demək qədər bəsit deyildir.
Yenə ustad Nəsimidən bir rəqəmli (cağdaş texnologiyalar diliylə desək, digital) rübai:

Yeddidir, dörd yeddidən bir yeddidir,
Yüz iyirmi dörd yenə üç yeddidir.
Evi bir, bacası yeddi, babı üç,
Əhli-beyt ilə özü on yeddidir.

Aşıq Ələsgərdən bir dodaqdəyməz təcnis:

Qışda dağlar ağ geyinər, yaz - qara,
Sağ dəstinlə ağ kağıza yaz qara,
Əsər yellər, qəhr eyləyər yaz qara,
Daşar çaylar, gələr daşlar çata-çat.

Ələsgərin xətti çıxdı, çal indi,
"Hey"i "yey"ə, "dal"ı "rey"ə çal indi,
Hərcayının kəlləsindən çal indii,
Çal çəngəlin, çək ciyərin çata-çat.

Aşıq Ələsgərdən bir dildönməz:

Gözüm sağı, səhər çağı,
Geyək ağı, gəzək bağı,
Hamı sevib bu sayağı,
Qaymağa, həm yağa bax-bax!

Yanıltmac örnəklərimizə də nəzər salaq:

Qırx küp, qırxının da qulpu qırıq küp
və ya
Getdim gördüm bir dərədə bir kar, kor, kürkü yırtıq kirpi bir kar, kor, kürkü yırtıq kirpinin kürkünü yamayır…

Klassik şerimizdən, el ağız ədəbiyyatından gətirilən bu və bunun kimi nümunələrlə dilimizin ifadə zənginliyinin nə qədər sonsuz olduğunu dönə-dönə sübuta yetirmək olar. O ki qaldı dilimizdəki palindrom örnəklərinə, bunlar, hələ ki, barmaqla sayılacaq qədər azdır. Məsələn, uzağa getməyək, hələ orta məktəb illərində çoxumuzun dilinin əzbəri olan
EY BABƏK, KƏBAB YE
bunun gözəl nümunəsidir. Bu örnəklərdən bir-ikisini də biz verək, qoy yazımızın ana dilimizə real bir faydası olsun:
AH ABAS SABAHA
BİZƏ TUT ƏZİB
KƏLƏK ARA KƏLƏK.
AL MUM, MUMLA
və ya
MATAM ATAM. MATA MATAM

Orta əsrlərin fanatik mühitində klassik poeziyada yeniliklərə meydan verilməməsinə rəğmən son dərəcə avanqard üslublu şerlər yaradan, bu baxımdan Şərq şerində misli-bərabəri olmayan İmadəddin Nəsiminin (1370-1419) adını burada xatırlamamaq haqsızlıq olardı. Aradan 600 il keçməsinə baxmayaraq, həmin şerləri bu gün belə oxuyanda onlardakı təzəliyə, şuxluğa, dilin təravətinə, dilə sərbəst yanaşım tərzinə heyran qalmamaq əldə deyil. Nəsiminin qısa bir zaman diliminə sığan yaradıcılığı ilə özündən sonra gələn həm klassik, həm də xalq şerinə dərin və geniş coğrafi alanda təsir göstərdiyi isə hamıya məlumdur.
Onu da qeyd etmək lazımdır ki, Nəsiminin qəlibləşməyə üz qoyan klassik divan poeziyasında etdiyi yeniliklər ondan sonrakı dövrdə Şah İsmayıl Xətai və bağdadlı Məhəmməd Füzulinin yaradıcılığında böyük əks-səda doğurmuşdur, onlar (bəzi Şərq ədəbi mənbə və ensiklopediyalarında hələ də bağdadlı kimi tanıdılan! - A.Y.) Nəsiminin ayrı-ayrı şerlərinə nəzirələr yazmışlar. Hətta bu sonuncuların Nəsimiyə nisbətən daha iri həcmli və süjetli əsərlər (nəsr, məsnəvi) yaratmalarına baxmayaraq, onların Nəsiminin təsirində və kölgəsində qaldıqlarını etiraf etmənin zamanı artıq gəlib çatmışdır.
Hətta bir qədər də irəli gedərək demək istərdik ki, əslində Füzulinin yaradıcılığı Nəsimi poeziyasından gələn rasional yönlərin inkişafı ilə yanaşı, həm də dönə-dönə qullanılaraq (=işlənərək) deformasiyaya uğramasına, yıpranmasına, tükənməsinə, epiqonçuluğa gətirib çıxarmışdır. Orta çağlarda dünya türklərinin ortaq dilində şer inciləri yaratmış bu iki dahi arasında ən böyük fərqlərdən biri də birinin poeziyaya gətirdiyi nikbinliyi, novatorluğu, major ruhlu notları digərinin eksperimentlərdən uzaqlaşdırması, bədbin (bəzən də tam düşkün) və minor ruha köçürməsidir. Füzulinin sonrakı dövr şairlərimizə təsiri isə çox böyük olub. Təsadüfi deyil ki, elə bunun məntiqli sonucu olaraq divan poeziyamızda, musiqimizdə muğam sənətində kədər və pessimizm o vaxtdan üzü bəri sevinc və döyüşkən ruh üzərində qələbə çalıb. Bədbinliklə isə insanın haralara gedib çıxa biləcəyinin dəlili, sübutu kimi mən sadəcə o vaxtkı xəritəmizlə bugünkünün müqayisəsini göstərə bilərəm…
Amma gəlin, biz də bəzi klassiklərimiz kimi ruhdan düşməyək və ustad Nəsimidən palindrom ruhlu bir şer nümunəsinə nəzər salaq:
Nuşin ləbinin ləli, ləli ləbinin nuşin,
Şirin görərəm candan, candan görərəm şirin.
Cana, üzünüz ayi, ayi üzünüz, cana,
Rəngin çü güli-əhmər, əhmər çü güli-rəngin.
Hər kimsə səni görməz, görməz səni hər kimsə,
Çəkdin çəkədir hicran, hicran çəkədir çəkdin.
Hər kim sözün eşitdi, eşitdi sözün hər kim,
Təhsin qıladır əz can, əz can qıladır təhsin.
Cana, Nəsimini gör, gör Nəsimini cana,
İstin qamudan sözü, sözü qamudan istin.

Bu nümunədə dahi Nəsimi palindromun Şərq versiyasını yaradıb, yəni sözlər ayrı-ayrı bloklar halında əvvəlcə soldan-sağa, sonra isə sağdan-sola eynilə təkrarlanır. Əgər misraları düz xətlə ortadan ikiyə bölsək, o halda çəkdiyimiz bu xətt xəyali güzgü rolu oynayar. Hər halda Nəsimi də vaxtilə (eynilə bizim kimi - A.Y.) türk dillərinin palindroma çox da uyğun və ya yatqın olmadığının fərqinə varmışdı ki, bu cür "bloklar sistemi"ndən faydalanıbmış.
Dilimizə ən yaxın və qardaş dil sayılan, bu gün toplumumuzda xüsusi yeri getdikcə artan Türk dilində də əslində vəziyyət bizdəkindən yaxşı deyil. Onlarda da palindromun ən məşhur örnəyi
"ANASTAS MUM SATSANA" dır
və onlara baxanda bizim bundan öncə gətirdiyimiz azəricə sitatda ən azından xalqımız, palindrom vahidi olaraq, heç olmasa, özünə doğma adlardan yararlanıb və Anastaslara möhtaclıqdan qurtula bilib.
Aşağıda öz dilimizlə bağlı gətirəcəyimiz palindrom örnəklərinə və bunların qıtlıq səbəblərinə gəldikdə isə bunlar, hər iki dil üçün eyni dərəcədə keçərlidir.

Dilimizdəki palindrom qıtlığının səbəbləri

Dilimizdə palindromların geniş istifadəsinə mane olan cəhətlər ilk baxışda aşağıdakılar olmalıdır:
1. Dilimizdə qısa (1, 2, ən çox 3 hərfli) sözlərin azlığı
2. Hər şeydən əvvəl sözdüzəldici və sözdəyişdirici şəkilçilərin yalnız söz köklərinin sonuna əlavə edilməsi
3. Sözdüzəldici və sözdəyişdirici şəkilçilərin həddindən artıq uzunluğu
4. Cümlənin digər üzvlərinə görə əlahiddə, yəni sərbəst dayanan önlüklərin (rus dilindəki - s, k, v, o, ot, na, iz, za, do, po, nad, bez, pod, pri, pered), bağlayıcıların (rus dilindəki - i, ili, no) yoxluğu və sair-sair səbəblər.
5. Digər dillərdə cins bildirən şəkilçilərin varlığı

Palindrom sözlərimizin təsnifat cəhdi

Hələlik dilçiliyimizdə palindrom növləri haqda heç bir araşdırmaya rastlamadığımızdan özümüzə görə bir "palindromlar təsnifatı" düzənləməyə ehtiyac duyduq.
a) Ən bəsit palindromlar az hərfli və güzgü simmetriyasına uyğun sözlərdir, bunları sadədən mürəkkəbə doğru, yüksələn sırayla təqdim edirik:
3 hərfli - mum, nun, nan, sus, mim, tat, dad, ləl, lal, ütü, iki, səs, ada, ağa, ala, iri, yay, ana, ata, kök, bab
4 hərfli - amma, əssə, adda,
5 hərfli - kələk, şabaş, qabaq, mənəm, qapaq, ənənə, ələlə, əmimə, mühüm, kiçik, Əzizə, nalan
6 hərfli - qulluq, küllük,
7 hərfli - qara tas = sataraq,
b) Tərs oxunuşda özünə bənzər, eyni (=həmcins) nitq hissəsinə çevrilən palindrom sözləri isə bəsit palindromlar adlandırmaq doğru olardı. Məsələn, aşağıdakı örnək kimi gətirdiyimiz cütlüklərdə hər iki element eyni nitq hissəsidir, yəni isimdir: ton = not, mis = sim, dədə = ədəd, aşıq = qışa, ətək = kətə, cana = anac, ayaq = qaya, kələm = mələk, namaz = zaman, kitab = batik, İlahə / ilahə = əhali, əlif = filə, ağız = zığa, kirə = ərik, fələk = kələf, Babək = kəbab
c) Tərs oxunuşda bir sözün fərqli nitq hissəsinə çevrildiyi palindrom vahidini isə güclü palindrom saymağa tam əsas var:
ara (isim) = ara (fel)
tül (isim) = lüt (sifət)
dəb (isim) = bəd (sifət)
pay (isim) = yap (fel)
tut (isim) = tut (fel)
qış (isim) = şıq (sifət)
tay (isim) = yat (fel)
cib (isim) = bic (sifət)
əs, əs (təkrarlanan fel kökü) =səsə (isim)
yala (fel) = alay (isim)
araq (isim) = qara (sifət)
əllə (zərf) = əllə (fel)
Məsmə (isim) = əmsəm (fel)
madam (isim) = madam (bağlayıcı)
bıçaq (isim) = qaçıb (fel)
irəli (zərf) = iləri (eyni zərfin fərqli yazılışı)
qaçaq (isim) = qaçaq (fel)
d) Bir cümlə üzvü olan palindrom sözün tərs oxunuşda həm öz həmcinsi, həm də birdən çox başqa nitq hissəsi kimi alqılanmasını (məsələn: isimin həm sifət, həm də fel kimi) şərti olaraq universal palindrom adlandırmaq olar. Bu qrupda omonim sözlərin üstünlük təşkil etdiyi göz qabağındadır:
ay (isim) = ya (bağlayıcı / nida)
iti (isim) = (sifət / zərf)
mən (əvəzlik) = nəm (sifət / isim)
tük (isim) = küt (sifət / isim)
Əli / əli (2 cür isim) = ilə (bağlayıcı)
yaz (isim / fel) = zay (sifət)
züy (isim / mürəkkəb fel hissəsi) = yüz (say)
yas (isim) = say (isim və fel)
yay (2 cür isim) = yay (fel)
tam (isim, sifət) = mat (qalmaq /olmaq (şahmatda) - fel
və isim)
daş (isim / fel) = şad (sifət və zərf)
zara (fel tərkibi / isim) = araz (isim)
qala (isim, fel) = alaq (fel)
Bikə / bikə (2 cür isim) = əkib (fel)

Ruscadakı palindrom örnəkləri

Bugün dünyanın əsas dillərindən biri olan Rus dili palindrom örnəkləri ilə xeyli zəngindir. Burada məsələ heç də son dərəcə qısa sözlərin bolluğundan irəli gəlmir. Bu dili palindromlar üçün uyğun qılan əsas faktor həm fellərin qısalığı, həm də söz önlüklərinin bolluğudur.
VİJU - JİV
LAVRI RVAL
ROKU UKOR
MILO QOLIM
MARSU SRAM
OSELO KOLESO
QROMİLİ MORQ
MASSA K KASSAM
YA - İMEN ANEMİYA
DOROQA ZA QOROD
MİRU - MİR, RİMU - RİM
YA İDU S MEÇEM SUDİYA (Q.Derjavin)
YEŞ NE MITOQO TI MENŞE
ARQENTİNA MANİT NEQRA (N.Bulqakov)

Gətirilən misallar bu dildəki bənzər deyimlərin bir qismidir və bunlara adi danışıq dilində sıx-sıx təsadüf etmək də olur. Bunların daha qəliz, həm çox sözlü, həm də poetik və intonasiya yüklü variantlarını isə ayrıca blok şəklində diqqətinizə yetiririk:

YA S LEDİ VSE JE SVİDELSYA
ÇENİ KABİNET V TENİ, BAKİNEÇ
L(Y)OŞA NA POLKE KLOPA NAŞ(Y)OL
UJ YA RAZMEÇTALAS - SALAT ÇEM ZARYAJU?
DOROQA. ZİMA. QULYAL YA LUQAMİ ZA QOROD
KONİ. PORTRET. SAM ON BAROKKO RAB, NO
MASTER TROPİNOK.

Palindromun rus xalqı arasında ən yayğın nümunəsi olan
"A ROZA UPALA NA LAPU AZORA" (Afanasiy Fet)
misrası hətta palindromun nə olduğunu bilməyən və bu misrada palindrom olduğunu bilməyən hər kəs ən azı bir dəfə eşidib. Görkəmli rus şairi Valeriy Bryusov da palindrom misralardan ibarət şerləri ilə tanınır. Lakin palindromlara söykənən nəinki şerlər, hətta "Razin" adlı palindrom-poema yazmağa da cürət edən Velimir Xlebnikova, yəqin ki, heç dünya ədəbiyyatında da rəqib tapılmaz və təsadüfi deyil ki, ədəbiyyat nəzəriyyəçiləri onu "Poeziya pəhləvanı (ştanqçısı = ağır atleti)" adlandırırlar.
Rus ədəbiyyatının sonrakı dönəmlərində də V.Xlebnikov ənənəsi rus şerində davam etdirilmişdir. Məsələn, şair Mixail Krepsin "Kak lyudi jili" şerindən bir parçaya diqqət yetirək:

İLİ VOLYU LOVİLİ,
İLİ DULO LUDİLİ,
İLİ PELİ, LEPİLİ,
İLİ PİLİ, PİLİ,
İLİ DUMU MUDİLİ,
İLİ DUNYU NUDİLİ,
İLİ DUSYU SUDİLİ…

İnternet və palindrom

Hazırda dünya xalqlarının intellektual xəzinəsi, bütün düşünən beyinləri özünə kilidləyən və hər halda insanlıq tarixində ən böyük icadlardan biri sayılan dünya İnternet şəbəkəsində də palindrom unudulmayıb. Burada ən müxtəlif dillərdə palindrom saytları mövcuddur və palindrom həvəskarları burada öz tapıntıları ilə bölüşə bilirlər. Məsələn, rus dilində www.palindrom.ru adlı bir sayt var.
Bizdə isə köhnə nəsildən bəzi "ziyalılar" (bunların arasında yazarlar böyük çoxluq təşkil edir) hələ də İnternetə "şeytan əməli" ("Sehirli xalat" filmində uçağı görən xanın "Şeytan arabası" deməyi yada düşür!), "gəncləri başdan çıxaran şey" kimi damğalar vurmaqdan doymurlar… Unutmaq olmaz ki, mədəniyyətin iki əsas mövcudluq prinsipindən biri - mədəni irsi toplamaqdırsa, digəri - onu paylaşmaqdır və heç bir mədəniyyət forması bu iki prinsipdən kənarda mövcud ola bilməz. İnternet isə insanlıq tarixinə aid istənilən informasiyanı əldə etmək imkanı yaradır və bunu hər hansı bir senzura, sinfi-irqi-dini-cinsi ayırım uyğulamadan, tam demokratik şəkildə öz müsafirlərinə sunur.

Son söz

İndi dəqiq yadımda deyil, amma təxminən 80-ci illərin sonu, ya da 90-cı illərin əvvəllərində AZTV-də "Dalğa" adlı bir veriliş vardı. Cəmiyyətdəki ekzotik qabiliyyətlər, bəlirtilər orada tez-tez nümayiş etdirilirdi. Efirə iki gənc qız çıxarmışdılar, bu qızlar, özlərinin dediyi kimi, "qarğa dili"ndə danışırdılar. Cümlədəki bütün sözləri tərsdən (əlbəttə, sözlərin cümlədəki sırasını pozmamaq şərtiylə!) deyən qızın cümləsini digəri düzdən (yəni öndən sona, adi adamlar kimi) səsləndirir və ya onun tərs söylənişlə (güzgü simmetriyası ilə) verdiyi suala elə tərs söylənişlə də cavab verirdi. O zaman üçün bu dil oyunu görünməmiş hadisə idi. Sözləri yox, məhz bütöv və uzun cümlələri, ayrı-ayrı söz birləşmələrini tərsdən söyləmək, bu üsulla düşünməyin özü fenomenal bir hal kimi dəyərləndirilməliydi. Lakin, bizdə hər zaman olduğu kimi, bu fenomenə də o zaman bir efir vaxtı ən yüksək dəyər kimi biçildi və hər şey bununla da nöqtələndi.
Əlbəttə, bunu xatırlamaqla biz heç də həmin o fenomen sahibi qızların palindromla məşğul olduqlarını söyləmək niyyətində deyilik, çünki onların dil oyunu tamamilə fərqli prinsiplər üzərində qurulmuşdu. Amma bu hadisə həm dilə sərbəst münasibətin, həm də dilin ən ağlasığmaz şəkilləriylə, çevrilmələriylə, mutasiyalarıyla da insanlar arasında bir ünsiyyət forması olduğunun sübutudur. Qarşılıqlı razılaşdırılmış kodlarla, istənilən qapalı və ya dar sistem çərçivəsində insanların ortaq bilgi mübadiləsinə nail olmaq çox asandır. Burada əsas məsələ dil daşıyıcılarının, dil "oyunçularının" qoyulmuş qaydalara alışma tezliyindən asılıdır. Cəmiyyətdəki çeşidli peşə adamlarının öz məslək dili, marginal təbəqələrdə isə xüsusi jarqonu və ya slenqi mövcuddur ki, bunlar da canlı, böyüyən, zənginləşən, bir yerdə saymayan dilin qolları sayılmalıdır. Bənzər dil hadisələrinin bütün dövrlərdə və bütün cəmiyyətlərdə mövcudluğunu bir daha vurğulamaqla isə biz, heç də Amerikanı yenidən kəşf etmək fikrində deyilik.
Palindrom da əslində dilin bu cür gizli ehtiyatlarından biridir və yalnız öz dilinin divanəsi olanlar həmin dildə yeni "adalar" - dodaqdəyməzlər, dildönməzlər, cinaslar, cığalı təcnislər, yanıltmaclar və ən nəhayət, palindromlar yaratmağa qadirdir. Sizləri də ana dilimizdəki yeni adaların kəşfinə, aysberqlərin gizli qismlərini görməyə, köhnədəki yeninin icadına dəvət edirik.


İyun, 2004