Alatoran_header  
Jurnal > 2004/№2 > Rasim Qaraca - Qurultay sonrası gurultu

Yazıçılar Birliyində «37-ci il sindromu»


Yazıçılar Birliyi özünün 11-ci qurultayını keçirər-keçirməz guruldamaq qərarına gəldi, cəza təşkilatı olduğunu göstərmək məqsədilə 21-ci əsrdə analoqu olmayan bir biabırçılığa yol açaraq çox qiymətli bir yazıçını – Rafiq Tağını «klassikləri təhqir etməkdə» suçlayaraq öz sıralarından xaric etdi.
1937-ci ildə və sonralar, sovet repressiv maşınının tam gücü ilə işlədiyi çağlarda «başqa cür düşünən» yazıçılara və ziyalılara qarşı bu və bənzəri təzyiq vasitələrindən istifadə olunduğnu bilirdik. O vaxtlar Azərbaycan yazıçılar birliyinin sıralarından xaric edilmək hər bir yazıçı üçün ölümə bərabər bir hal sayılırdı. Bəs indi, qapalı sistemlərin, totalitar quruluşların özünü doğrultmadığı, iflas etdiyi indiki zamanda bir yazıçının, bizim də konstitusiyada öz ifadəsini tapan duşüncə azadlığı anlayışına aykırı olaraq belə bir repressiv yöntəmə tabe tutulması görəsən nəyi ifadə edir? Əvvəla, baxaq görək

Rafiq Tağı nə deyir?

R. Tağı «Sənət Qəzeti»ndə skandala səbəb olmuş «Qafqazın qartalı Şaumyan belə…» adlı həmin məqaləsinin elə ilk cümlələrində özünün prinsipial mövqeyini belə ifadə edir: «Qardaşlar, bizim də xilasımız bəşəriyyətin ən böyük uğuru, onun ən vacib xüssiyyəti olan əxlaqdadır. Əbədiyyətə uçuşlarımız həqiqətlərlə mümkün.» Əxlaqi kriterlərə dayanaraq öz fikirlərini ifadə edən R. Tağını Yazıçılar Birliyi məhz «ədəb-ərkandan uzaq və mərifət və qanacaq səviyyəsinin olmamasında» itiham edərək öz sıralarından xaric edir. Yazıçılar Birliyinin əxlaq anlayışı çəlişkilidir, görünür bu anlayışın da yeni başdan sərf-nəzər edilməsinə ehtiyac vardır.
Mayası sovet ideologiyası ilə yoğrulmuş Yazıçılar Birliyi (bu təşkilat 1934-cü ildə ədəbiyata dövlət nəzarəti məqsədilə qurulmuşdu, guya adını dəyişdirərək yeniləşmiş həmin quruma hələ də sovet yazıçıları rəhbərlik edirlər) ədəbiyyatda təkpartiyalılıq prinsipini sürdürməkdə, alternativ düşüncəyə qarşı meydan oxumaqdadır. Yazarlar Birliyinin təbirincə «ədəb-ərkanlı olmaq» onun diktaturasına boyun əymək, ədəbiyyat ağalığına qarşı çıxmamaqdır. O şeyi ki, AYB bünyəsində olan «yazıçılar» həvəslə yerinə yetirirlər. Yazıçılar Birliyi özü haqqında hər hansı tənqidə qapalı bir qurumdur, tənqid onun nəzərində təhqir anlamındadır. Bütün imkanlardan istifadə edərək öz toxunulmazlığını sürdrmək, davam etdirdiyi sovet ənənəsini qoruyub saxlamaq iddiasındadır. Məlum olduğu kimi bu ənənənin daş qoyanları indiki Yazıçılar Birliyi rəhbərlərinin bilavasitə atalarıdır. Ayrı-ayrı vaxtlarda Rəsul Rza və Səməd Vurğun Yazıçılar İttifaqına rəhbərlik etmişlər. Oysa başında qalmaqal qopmuş Səməd Vurğun tənqid haqqında aşağıdakıları söyləmişdir: «…Kimsəyə baxmadan tənqid bütün yazıçılar haqqında öz cürətli sözünü deməlidir. Yeri gəlmişkən bunu da qeyd etməliyik ki, bəzən tənqidi sevməyən ədəbi avtoritetlər də vardır. Bu adamlar öz avtoritetlərindən pis istifadə edərək, yaradıcılıqlarında səliqəsiz çalışır, bəzən ucuz xalturaya qədər tənəzzül edir; beləliklə istər öz əsərlərinin, istərsə də bizim ədəbiyyatımızın məhsullarının keyfiyyətini aşağı salırlar. Lakin tənqidimizin gözündə bu cür «böyük» və ya «balaca» avtoritetlər olmamalıdır. Onlar bizim ədəbiyyatımızın ümumi intereslərini ayrı-ayrı şəxsiyyətlərin interesindən yüksək tutmalıdırlar» («Bədii tənqid baynağını yüksəklərə qaldıraq», Səməd Vurğun, Əsərləri, «Elm» nəşriyyatı, Bakı – 1972, 5-ci cild).
Bu sözlər sanki indiki Yazıçılar Birliyinin rəhbərləri haqqında deyilib. Səməd Vurğunun tənqid haqqında söylədiklərini bu gün həyata keçirən tək-tək insanlardan biri Rafiq Tağı, bəlkə yazıçı olduğu üçün, öz tənqidində obrazlı ifadələrə daha çox yer verir, məsələn ilham atını eşşəyə bənzədir, Yazıçılar Birliyi isə bu ifadəni kortekstdən çıxararaq Səməd Vurğuna aid edir, mətbuata verdiyi açıqlamada bunu cəmiyyətə yanlış şəkildə təqdim edir. Məqsəd nəyin bahasına olursa olsun Rafiq Tağını ittiham etmək, onu Yazıçılar Birliyindən kənarlaşdırmaqdır. Rafiq Tağı, adı çəkilən məqaləsində yazır: «İmperiyanın buyruq qulu Səməd Vurğun da xalqı aldadanlardan olub deyə, indi onun ən gözəl lirik şerləri də gözdə deyil». Bunlar ki, bariz həqiqətlərdir, o həqiqətlər ki, əksini isbat etmək üçün əsaslı dəlil-sübut tapmaq qeyri-mümkündün. R. Tağı, gördüyümüz kimi, ədəbiyyatda «böyük avtoritet» tanımır, «ədəbiyyatımızın ümumi intereslərindən» çıxış edir.
Azərbaycan Demokratik Respublikasının qurucusu, bu gün bayrağını yüksəltdiyimiz dahi Məmməd Əmin Rəsulzadə hələ 1950-cı ildə «Çağdaş Azərbaycan ədəbiyyatı» adlı məqaləsində yazırdı: «…Azərbaycan ədəbiyyatı indi bu şəraitdə yaşamağa məcburdur. Bu məcburiyyətlər və təzyiqlər nəticəsində ayaq üstə durmaq istəyən bir yazıçı, ədib və şair təsadüfi deyil ki, tarixcə bağlı olduğu islam və türk ideallarından üz çevirəcək, mədəni dünya ölçülərinə xor baxacaq və hətta 1939-cu ildən əvvəlki illərdə yazılan Sovet Azərbaycanı ədəbiyyatının əsərlərini belə rədd və inkar edəcəkdir. Necə ki, əsil sovet dövründə yetişən və bir kommunist şair və ədib olaraq şöhrət qazanan adamlar belə əvvəlki yazılarından imtina etmişlər, «böyük» Stalinin iltifatını qazanmaq və kökslərinə Lenin ordenini taxmaqla karyera düzəldə bilmək üçün Səməd Vurğun kimi əski şerlərinin öldüyünü elan etmişlər.» Xüsusi olaraq qeyd etməyə ehtiyac varmı ki, bu fikirlərin müəllifi R. Tağı deyil, M. Ə. Rəsulzadədir.
Yazıçılar Birliyinin timsalında hələ də ömrünü sürdürən sovet ədəbiyyatı (sifarişli ədəbiyyat, avtoritar, təsdiqi təsdiq ədəbiyyatı) ənənələrinə də bir yekun vurmanın zamanı hələ də gəlib çatmadımı? Müstəqilliyimizin ikinci onilliyində də sovet ədəbiyyatı bütləri qarşısında şəxsiyyətə pərəstişimizi hələ də sürdürmək məcburiyyətindəyikmi? «Stalinin iltifatını qazanmaq və kökslərinə Lenin ordenini taxmaqla karyena düzəldən» rəsulrzalar və səmədvurğunlar haqqında əsl həqiqəti söyləyən rafiqtağılar hələ də gözlərimiz önündə təzyiqlərə məruz qalacaqmı?

Kimdir haqlı?

Səməd Vurğunu «Azərbaycan ədəbiyyatının ən uca zirvəsi» adlandıran Yazıçılar Birliyimi, «Qafqazın qartalı Şaumyan», «Azərbaycan xalqının qəlbində əsrlər boyu yaşayacaq əziz yoldaş Kirov» deyən Səməd Vurğunmu, yoxsa «mən ədəbi dünyada Səməd Vurğun qədər boşboğaz ikinci bir şair tanımıram» deyən Rafiq Tağımı?
R. Tağını «Azərbaycan ədəbiyyatının klassik irsinə düşmən münasibət bəsləməkdə» ittiham edən Yazıçılar Birliyi əsla haqlı deyil. Azərbaycan ədəbiyyatının sual işarətləri ilə dolu tarixinə bir yazıçının müraciət etməsi «düşmən münasibət» adlandırılarkən çox böyük həqsızlığa meydan açılmış olur. Elə isə bu həqiqətləri kim və nə zaman yazacaqdır? Şübhə yeri var ki, Yazıçılar Birliyinin rəhbərliyində təmsil olunan adamlar əsla Azərbaycan ədəbiyyatını və haqqında ağızlarına çullu dovşan sığmadan bəhs etdikləri klassikləri deyil, öz subyektiv ailəvi maraqlarını güdürlər. Əllərində fürsət varkən Azərbaycan mənəviyyatına böyük ləkələr vurmuş xələflərini təmizə çıxartmaq, adlarını ədəbiyyat tarixinə yazmaq istəyirlər. Elə isə, bəs nəyə görə Yzıçılar Birliyi, «Füzulini şarlatan», «Cəlil Məmmədquluzadəni satqın adlandıran» Rafiq Tağını bu vaxta qədər öz sıralarından xaric etməmişdir? Nə üçün S. Vurğunun təəssübü Füzulidən və Mirzə Cəlildən artıq tutulur? Yazıçılar Birliyinin klassik irsi qorumaq misyonu bir fiksiyadır.
Vərəsəliklə ədəbiyyata gəlmiş və sonralar burada öz inhisarlarını qurmuş 60-cılar ədəbi nəsli «Xruşşov qızdırması» dövründə Stalinin «şəxsiyyətə pərəstiş» mərəzindən qurtulmuş olmalı ikən, özlərinin sonrakı fəaliyyətlərində bu mərəzdən əsla xilas ola bilmədiklərini nümayiş etdirdilər, bəlkə də elə buna görə yazmış olduqları bədii əsərlər digər müttəfiq respublika altmışıncıları ilə müqayisədə son dərəcə müvəffəqiyyətsiz oldu, Stalin atributlarını əxz edərək (qəlyan və s.) şəxsiyyətə pərəstişi bir həyat tərzi olaraq seçdilər və onu bu günə qədər sürdürməkdədirlər.
R. Tağının «Sənət Qəzeti»ndə dərc olunmuş məqaləsini, qəribə də olsa, N. Xruşşovun 20-ci qurultaydakı ifşaedici məruzəsinə bənzətmək olar; hər kəsin danışmağa qorxduğu ədəbiyyat bütləri haqqında gerçəkləri R. Tağı cəsarətlə dilə gətirdi, onun kiçik bir məqaləsiylə ədəbiyyatımızda «şəxsiyyətə pərəstiş» sindromu özünün «qızdırmalı» dövrünə qədəm basdı.
Yazıçılar Birliyinin sovetlərdən qalma cəzalandırma adətgərdəliyini sübuta yetirməkdən ötrü tarixdən

bir örnək

gətirmək burada yerinə düşərdi. R. Tağıya qarşı tətbiq edilən məlum qərarın hansı ənənələrdən qaynaqlandığını göstərmək açısından burada verdiyimiz passac son dərəcə ibrətamizdir.
1946-cı ilin 8 oktyabrında Azərbaycan Sovet Yazıçılar İttifaqının rəyasət heyəti Azərbaycan sərbəst şerinin banisi Mikayıl Rəfili haqqında bir qərar çıxarmışdı. O qərarda deyilənlər indiki Azərbaycan Yazıçılar Birliyi Katibliyinin Rafiq Tağı haqqında söylədiklərinə çox bənzəyir (müqayisə et; «Ədəbiyyat Qəzeti», 4 iyun 2004): «Son on beş il müddətində Rəfilinin bu səfsətə və sayıqlamaları, zərərli məfkurə və meyllər daşıyan əsərləri, həmçinin onun yazıçılarımıza atdığı bir sıra böhtanlar, sovet ədəbiyyatına qarşı bəzən passiv, bəzən də qeyri-səmimi münasibəti Azərbaycan yazıçıları ittifaqı tərəfindən dəfələrlə ifşa edilmişdir. O, bir neçə dəfə öz səhvlərini islah edəcəyinə söz vermişsə də ədəbi işində öz sözünü yerinə yetirmək üçün heç bir hərəkət göstərməmişdir… Bütün bunlara əsasən Azərbaycan Yazıçılar İttifaqı rəyasət heyətinin M. Rəfilini yazıçılar sırasından xaric etməyə möhkəm əsasları vardır. Lakin yenə onun qaba və böyük səhvlərini etiraf edərək, özünü yenidən qurmaq və səhvlərini ləğv etmək üçün sonuncu dəfə də müəyyən möhlət xahiş etdiyinə görə, rəyasət heyəti axırıncı dəfə M. Rəfiliyə şiddətli töhmət elan etməklə ona qaba səhvlərini islah etməyə vaxt verir. Rəyasət heyəti qeyd edir ki, əgər Rəfili yaxın gələcəkdə öz kobud səhvlərini ləğv etməsə, sovet ədəbiyyatının inkişafında bir sovet yazıçısı kimi aktiv və səmimi iştirak etməsə, yenə öz vədlərinə yalançı çıxsa, o, Yazıçılar İttifaqı sırasından birdəfəlik xaric ediləcəkdir.»
Müqayisə etibarilə o vaxtkı Yazıçılar İttifaqının indiki Yazıçılar Birliyindən daha ədalətli olduğunu görməmək mümkün deyil. 1946-cı ildə, Stalin rejiminin tüğyan etdiyi illərdə, heç olmasa Rəfiliyə xəbərdarlıq edilir, özünü bəraət üçün ona söz verilirdi. Demokratik Azərbaycan respublikasında isə bir yazıçını mənsub olduğu təşkilatdan xaric edərkən ona nə xəbərdarlıq edilir, nə də haqqında qərar çıxarılan iclasda iştirakına ehtiyac görürlər. Bu hal, yazıçıların dövlət büdcəsindən maliyyələşən yeganə rəsmi təşkilatı Yazıçılar Birliyində özbaşınalığın hökm sürdüyündən xəbər verməkdədir.

R.Tağının məhkəməsi

qurulan həmin toplantı Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri Qabil İmamverdiyevin və Gənclər Şurasının sədri Elçin Qaraçuxanın iştirakı ilə keçirilib. Qapalı keçirilmiş bu iclasda nələrin baş verdiyini təsəvvürə gətirmək o qədər də çətin deyil. Vaxtilə Şəhidlər Xiyabanını ziyarət sırasında, canlı efirdə bu Yazıçılar Birliyi «ağsaqqalının», şəhidlərin ruhuna və bir milyon evsiz-eşiksiz qaçqın insanlarımıza həqarət kimi səslənən, mərhum prezident Heydər Əliyevdən dövlətin ona vermiş olduğu evin təmiri məsələsini xahiş etməsi R. Tağının məzkur məqaləsində özünün ironik əksini tapıb. Belə bir «ağsaqqalın», çox dəyərli bir yazıçımızın Yazıçılar Birliyindən xaric edilməsi aksiyasında iştirakı Xəlil Rzanın məlum «Davam edir 37» şerini yada salmaqdan başqa, hətta öz mülahizələrində haqsız olsa belə, ictimai rəyi R. Tağının xeyrinə dəyişdirmək üçün yetərli ola bilərdi. O ki qaldı Yazıçılar Birliyində yenicə görəv almış, R. Tağı ilə uzun illərdən bəri «dostluq» edən, onun zəmanəti ilə Yazıçılar Birliyinə üzv olan Elçin Qaraçuxaya, onun Yazıçılar Birliyi rəhbərliyinə xoş görünməkdən ötrü öz «dostunun» təşkilatdan çıxarılması aksiyasında xüsusi canfəşanlıq göstərməsi (ən azından neytral qala bilərdi) hadisəsini heç bir söz demədən yalnız ictimaiyyətin mühakiməsinə buraxmağı məsləhət bilirik. Yəqin ki, rəhmətlik Səməd Vurğun belə bu mənzərəyə bir ad verməkdə çətinlik çəkərdi.

Son

olaraq qeyd etməyə ehtiyac var ki, bu gün Yazıçılar Birliyinin idarə aparatında kök salmış insanların tutmuş olduqları mövqe və yürütməkdə olduqları siyasət Azərbaycan ədəbiyyatını vaxtı ötmüş meyarların qurbanına çevirməkdə, onu zamanın gerilərində buraxmaqdadır. S. Vurğunun və digər sovet yazıçı və şairlərinin ədəbiyyat tariximizdə şübhəsiz, müəyyən bir yeri vardır, lakin bu yerin əsl adını, biz, Rafiq Tağı kimi «idealımız Azərbaycandır» deyən söz sahibi insanların etdiyi kimi, hər şeyi öz adı ilə adlandırmaqdan qorxmayaraq verməyi bacarmalıyıq.