Alatoran_header  
Jurnal > 2004/№2 > Nərmin Kamal - Zamanı donmuşlar

Bu adamlara heykəl qoyun, canları dincəlsin!

Hər ötən kvartal bizim səlahiyyətli yazıçıların yeni naqisliklərini üzə çıxarır. İndi də Anar, Vaqif Səmədoğlu, Bəxtiyar Vahabzadə öz divar və qol saatlarını muzeyə qoyublar, Nizami adına Ədəbiyyat Muzeyinə. Bunu eşidəndə o qədər güldük ki, heç Elçini Türkiyədə fəxri doxdur paltarında görəndə o qədər gülməmişdik. Məzən olsun, Anar!
AYB-nin idarə strukturlarına qədər şölələndirilməsinə görə sözügedən muzeyin rəhbəri (=ağası) Rəfael Hüseynov dostlarına öz minnətdarlığını beləcə bildirib. Gör feodal-patriarxal təfəkkürlü bu adamlar özlərini necə böyük, ədəbi məkanısa asudə və ayaq altında hiss edirlər ki, özləri özlərini muzeyləşdirirlər. Anar müəllim yaxşı deyib ki: "özünü yazıçı hesab edəndə abır-həya gərəkdir" ("Ədəbiyyat" qəz. 21 noyabr, 2003") Deyilənə görə, Türkmənbaşı da Türkmənistanda özünün qol saatını, qələmini, anasının darağını Sənət və tarix muzeyinə qoyub. Bundan başqa, imzaladığı bütün sərəncam və fərmanları dəftərxanaya, arxivə deyil, muzeyə göndərir. Nəzərə alsaq ki, xalqımıza və dünyanın başqa xalqlarına yazıçıların sağ ikən özlərini əbədiləşdirmək həyəcanıyla belə çabalara qadir olması təcrübəsi məlum deyil, bu hadisə ilə tanış olmaq hər bir ekzotika həvəskarı üçün enteresan olardı.
Hücrədə M.S.Ordubadi, N.Vəzirov, Ö.F.Nemanzadə, C.V.Çəmənzəminli, S.S.Axundov, Ə.Sadıq, A.Şaiq, X.Rza, Ə.Vahid, N.Rəfibəyli, R.Rza, S.Vurğun, Ə.Məmmədxanlı, "Molla Nəsrəddin" jurnalının redaksiyası və bizim qəhrəmanlarımız hərəsi bir saatla təmsil olunub. İndi Qərb telekanallarında məşhur olan bir reklamda deyildiyi kimi: "nə saçı, nə təbəssümü, nə xarakteri... yalnız saatı bir insan haqqında kim olduğunu deyə bilər." Bu saatlar da çox şey deyir. Məsələn, hücrənin gözəgəlimli yerində neçin S.Vurğunun qol saatıyla yanaşı dünyadan xatirələrə köçmüş oğlu Yusif Səmədoğlunun deyil də, hazırda şad-xürrəm ömür sürən o biri oğlunun əşyası qoyulub? Burda başqa mövzular da olduğundan şəxsi intriqa kimi görünə biləcək şeylərin üzərində çox da dayanmayaq...
Hücrənin iki divarına üzbəüz iki qeyd yazılıb, yapışdırılıb. Birində dərin fəlsəfi-poetik məzmuna malik tapıntı: "Çıq-çıq saat işləyir, düşür əbədiyyətə. Rəsul Rza." Sovet ədəbiyyatının digər parlaq imzaları - S.Vurğun, S.Rüstəm, Ə.Cəmilin və s. vaxt haqqında cürbəcür fikirləri arasında məhz R.Rzadan sitat gətirilməsi göz önündəki həqiqətdir ki, onun hakimiyyətdə olan oğluna xoş gəlmək üçündür.
İkinci qeyddəsə belə yazılıb: "Azərbaycan vaxtı onların saatı ilə qurur." Pərvərdigara! Yaxşı deyiblər ki, insan səfehliyi hüdudsuzdur. Axı burdakı əqrəblər tərpənmir. Saatlar yatıb. Anarınkı 11-ə 8 dəqiqə işləmiş, Bəxtiyarınkı 8-ə 25 dəqiqə qalmış, Vaqifinki 10-un yarısında. Professor Rəfael Hüseynovun bu qədər sadəlövh olduğuna inanmaq istəmirsən. İqtidaryönlü olsa da, müxalif partiyanın funksioneri olsun ki, bununla hansısa mənaları sızdırmaq istəyir. Burdan birbaşa əqli nəticə çıxır:
Azərbaycan vaxtını bu saatlarla qurur.
Saatlar yatmışdır.
Deməli, Azərbaycan da yatmışdır.
Doğrudanmı, iqtidarın sevimli adamı, deputat, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü bəyan edir ki, Azərbaycan dayanıb durub, inkişaf eləmir, yatıb??!
Bəs görəsən Azərbaycanda çağdaşımız olan yazıçılardan yalnız üçünün əşyası eksponat olmağa layiqdir? Yox, çünki elə Anar müəllim özü dəfələrlə deyib ki, Məmməd Araz, həmçinin Qılman İlkin, Qabil, Balaş Azəroğlu, Çingiz Abdullayev, Rəşad Məcid böyük yazıçılardır. Ancaq heç kəsə sirr deyil ki, Anar, V.Səmədoğlu, B.Vahabzadə - yalnız bu üç ünlü yazıçı deputatdır, R.Hüseynovun həmkarlarıdır, dostlarının muzeyində olmağa daha çox haqları var. Demək, burdakı təbii seçmə iş yoldaşlığı yaxınlığından irəli gəlib, muzeyin ekspertlər şurası günahsızdır. Belədə heç şübhə qalmır ki, R.Hüseynov muzeyin sadəcə direktoru yox, ağasıdır. Əgər istəsə, muzey elminin prinsiplərinə hesabat vermədən oranı dostlarının qəlyan və qoltuq ağaclarıyla da süsləyər. İstəməsə, eləməz.
Fəqət hər şey bir yana, R.hüseynov heç olmasa ildə bir neçə dəfə Avropa torpağına ki qədəm qoyur, onda anlamalıdır ki, hər nə qədər onlara zaman deyil, sükunət sərf etsə də, saatları dondurub taxçalarda qıfıllamağı xoşlasalar da, insanlar gerçəkdən vaxtını onların saatıyla qurmur, Biqben saatını 11-ə 8 dəqiqə işləmişdə saxlamaq mümkün deyil. Onlara həqiqət çox sevdikləri qafiyələrdən boylanır: sükunət, üfunət.
Bir az da böyük yazıçılardan danışaq. Deyirlər, "Günəş zamanı, sosial zaman və Eynşteyn" əsərinin müəllifi Burşerin saatı yatanda o, "bu pis əlamətdir" deyib ağlayırmış. J.P.Sartrdan dərs dediyi Sarbon Universitetində tələbələri avtoqraf istəyəndə kişi deyibmiş: "mən özümü boş rakovina hiss etdim." Nataniel hotorn Konqresin kitabxanasında öz portretini asılmış görəndə tez çıxarılmasını tələb edib: "mən hind allahı deyiləm." Bu fikirdə olan azərbaycanlılar da yox deyil: "Yazıçı öz adını, əsərlərini abidəyə çevirdiyi, sağlığında heykəl (daş) olmaq istədiyi andaca özünə "köhnəlik" hökmü biçir, özünü zamanın durğun halına - keçmişə buxovlayır."
Dünyadan söz düşmüşkən, onların muzeylərində hər hansı eksponatı muzeyə təqdim edən, yaxud həmin şəxsin varisi patent almaq haqqına sahibdir. Yaxşı olar ki, dövlət büdcəsindən bizim üç qəhrəmanımıza da necə deyim, patent ayrılsın. Yaxud gənc yazıçılar az avaralıq eləyib pula qənaət etsinlər, qoca və təcrübəli Anar müəllimgilin evinə göndərsinlər. Yazıq zülm çəkir, ədəbiyyatımızın çiçəklənməsi yolunda gərgin mübarizə aparır. Rəfael hüseynovlar bu fikirdədirlər ki, AYB Anar müəllimə yox, Anar müəllim AYB-yə lazımdır. Elədir. Ədəbiyyatımızın Ümumi Daxili Məhsuludur o. O olmasa, AYB nəzarətsiz zona olar, orda nəşə əkərlər.
Belə baxanda neynəsinlər, zavallılar "sağlığında qiymət almaq", əbədiyyətə düşmək istəyirlər. həmişə hər bir işdə buyruq verib, qulluq gördüklərindən bunu da öz əllərində zənn edirlər.