Alatoran_header  
Əsərlər > Həmid Herisçi > Nekroloq

İLYAS ƏRNƏFƏS

(romandan parçalar)

XV hissənin ardı

PAKET

2.KOROĞLUNN QATİLİ

Al papaqlı polislərin totuş barmaqlarındakı kiri-qaranı canına-ruhuna hopdurmuş, seçki dairələrinin saxta, qondarma ciddiliyinə dəfələrlə şahid kəsilmiş köhnətəhər, qanqırmızı sovet pasportunu götürüb açmaq, onun sarı, yapıxmış səhifələrini ehtiyatnan, qorxa-qorxa aralamaq, adamdan xüsusi, nadir incəlik, rəhm, ürəyiyumşaqlıq istəyir ki, əlli ilin folklorşünas alimi, heysiz-taqətsiz Ağaşirin Təhmasib bütün bu keyfiyyətlərdən çoxdan məhrum idi, çoxdan. Pis çıxmasın, o vaxtdan ki, cıqqılı cırtdanbalası Ermənistan cənnətməkan Qarabağı özünə calayaraq dönüb olmuşdu,- bunu, vağzal qəhbələrilə qiymət söhbəti aparan atası-anasıoğraşlardan eşitmişəm,- Ermənistan Birləşmiş Ştatları. O vaxtdan ki, “Azadlıq” meydanı tərəfdəki qədim dəyirman, fələyin bircə hökmü ilə çevrilmişdi “Landmark” adlı biznes-mərkəzinə. O dəyirmanın ağırbatman daşları, Ukrayna ətirli sapsarı sovet buğdasını üyüdə-üyüdə axırda öz binasını, öz mənasını da üyütdü- quzu kəsəsən, “əhsən!” deyəsən, “Kamyu” kanyakını qədəhlərə süzüb sağlıq deyəsən ey bu ardıcıl əməyə, misilsiz peşəkarlığa, tam səmimiyyətə. Bir işin qulpundan axıracan yapışmağa. Kişisinizsə, hamınız ibrət götürün öz alın yazısını “tamam-seygah” kimi oxumuş, zilə qalxmış, sonra bəmə enmiş bu qoca şəhər dəyirmanından.
Dörd səmavi kitabın hikmətini özündə əzizləyən gözəgörünməz, xəlvət Bakı tarixindən.
Sanballı, “ağırtaxta” Ağaşirin kişi, fikirlərini yarımçıq kəsdi-dalısını dayı necə istəyirsən elənçiynə fikirləş, düz qoş. Sapları çıxmış, cındırı tökülən qırımızı pasportunu, tarixin bu yadigarını, əsəbləşərək, sarı ləkədən bol süfrənin üstünə tulazladı, keçdi pürrəngi çayını içməyə. Pasportun, çayın rəngi eyni idi, eyni. Deyim neyçün. Xırdalasam, incələsən görərdin ki, bir bulaqdan su içib onlar. Ağaşirin kişi dişsiz damağına “Astra” siqaretini qoyub onu kibrit qutusunun axır çöpüynən,- o da ki, sınıq idi, bircə qırıq, - alışdırdı, süfrədə külqabının olmadığına diqqət vermədi belə. Bilirdi ki, arvadı, qapazaltı Pikəxanım hardan olmasa bir külqabı tapıb onu ərinin ixtiyarına buraxacaq. Qapazaltı deyəndə ki, bu evdə təkcə Pikəxanım yox, küncdə gizlənmiş tozlu, köhnə “Meridian” televizoru da qapazaltının biriydi - üstündən Səməd Vurğun, neftçi Ağa Nemətullanın qaralmış tunc heykəlciyini götürüb, kəlləsinə yumruq yedizdirməsən, haqqın yoluna qayıtmır, nə qarasaqqal İran mollabeçələrini göstərirdi, nə də ki, çənədənsaz Türkiyə siyasətçilərini. Meyli, sevgisi, qibləsi Az.TV- yə, xallıyanaq müğənnilərə sarı idi, bu imanı-amanıqırığın. Xallı yanaqlar, ağıllı-mağıllı danışan yazıçılar-bax, onları bu oğraş tam aydın göstərirdi, xətsiz-filansız.
O günləri İnternetdə bir foto şəkilə baxdıqca yorulmadım-saqqallı İran fəhləsi, əlində qırımızı aftafa, pilləkanla “Boinq” təyyarəsinin dimdiyi üstə qalxaraq, onun qabaq şüşələrini yuyur... Noolar, kaş, əli aftafalı bu fəhlə, təmbəllik eləməyib axırda bir Bakıya gələydi, yuyub təmizləyəydi bizləri bu xallı yanaqların, ağıllı-mağıllı danışan yazıçıların kirindən, çirkabından...Noolar...
Əli aftafalı İran fəhləsinin pilləkanla qalxdığı yüksəklikdən düşək, qayıdıb dönək Ağaşirin kişinin məişət qayğılarına, payızın bu gödək günündə ev yiyəsini əsəbləşdirən uzun-uzadı fikirlərə. Otaqdan çıxıb, cəftəsi sallaq ayaqyolu qapısına yetişənəcən, Ağaşirin kişi ağ tüklü titrək əlini ürəyi üstündən ayırmadı. İndiki həyatın bicliklərinə yiyələnmiş oğlu Mahir - o idi bu qocaman, gözü yaşaran, udğuna-udquna danışan kişinin “bala-başabəla”sı. Ətrafdakı zülmət gecənin susqun qərarını pozacaq bir qüvvə yox idi ki, Ağaşirin ona sarı boylansın, oralarda Mahiri axtarsın. “Adam da belə qədirbilməz olar? Əclaf! Sabah günorta yatağından qalxacaq ki, ata, uşaqlarla araq vurmuşam. Bax bir, qonşu Gülhüseynin bahalı alışqanı da özü gəlib girib mənim cibimə... Əclaf! Mənə deyir ki, Sabunçu vağzalına yolun düşərsə, oradakı qəssablardan bir-iki kilo dolmalıq ət al... Gədə, Sabunçu vağzalı kimi həsənsoxdu dəyirmanında hətta mən... mən, əlli ilin alimi dönüb oluram əclafın biri. Orda satılan ət, qəssablar gör indi hansı şeytana qulluq edir...”- ürəyi dolu Ağaşirin, dəhlizin yuxarısına vurulmuş işıq sayğacına, onun ağ-qırmızı zehli diyircəyinin fırfıratək dolanmağına baxıb, bərk qorxdu, kəsdi səsini. Həə, dünyada daha ciddi işlər var... Əgəm... əgəmləri, Ağaşirin “Ya Əli! deyə-deyə üzü qibləyə yüyürən” dərin dərrakə, iti zehniyyət yiyəsi olsaydı... olsaydı, o, ağsaqqalların gəlib yetişdiyi haqq dərgahına qapanar, susardı orda. Özü də, indiki kimi, sükutun birinci yox... yeddinci qatında. Day söyməzdi, “ingilis dili müəlliməsinə aşiq olub, ona ənənəvi azərbaycan şeri yazan” doğma balasını. Bilərdi...bilərdi ki, Mahirin də ürəyində balaca ədviyyat qablarında qorunan nemətlərə oxşar haqq zərrəsi var. Dəhrin, çərxi-fələyin təsir dairəsindən qıraqdadı o ...Hamı susanda belə, xəzri küləyinin döyüb-döyüb qaraltdığı köhnə Bakı daşları, haçansa Ağaşirinə deyəcək: insan oğlu haqq sözü nədi? - hətta yalanı da olduğu kimi, uydurulduğu şəkildə doğru-dürüst danışmır. Yalanı da yalan danışır. Sus, danışma. Sev öz oğlunu, sev.
Mahir başınadöndüyüm, səhərlər Nəsimi Xalq məhkəməsində, - yazıq İmadəddin Nəsimi, o kimə divan tutub ki, adını məhkəməyə vəsiyyət eləsin,- vidioçəkilişlər aparardı, axşamlar “Flaminqo” şadlıq evində. Deyim də oranın yerini - Zabrat qoyun bazarını ki keçdin, yolun sağında, qəbir daşları yonulan yerin on addımlığında. Bax, bu Əli yolu haqqı, mən bir kərə orda polis kapitanının,- işə bax ee, bu əclafların da yoğun boynu qalstuk gördü, - cuhutlara muğamat oxuduğunu görmüşdüm - qiyamət gününün əlamətləri vardı bu mənzərədə. Bizim Bakı toylarında, kişi kimi deyirəm, - Allahım, “kişi kimi” ifadəsi necə də oğraş sözü, neçün o gəlib ilişdi dilimizə, - təzəlikcə adət çıxıb: yerindən dik qalxıb gicgic danışdınsa, qələt edib, yalandan kimisə dağ başına qaldırdınsa, həmin andaca böyründə Mahirə oxşar bir bicbala pırtlayır, tez-macal səni videolentə alır, hələ, şirni də umur səndən. Bax indidən deyirəm, nə zamansa onların hamısı haqq məhkəməsində bizlərin əleyhinə istifadə olunacaq. Bu baxımdan, cüllütboğaz Mahirin məhkəmələrdə çəkdikləriynən, toyxanalarda gördüyü iş mahiyyətcə eyniydi, eyni. Polisə, yaxud toy əhlinə verilmiş izahlar, ifadələr, sevgilər... -fərqlənirmi onlar biri digərindən? Yox. Bir günnəri, bağ qonşusu Əsədullanın yasında, süfrədəki halvanı “yaralayıb” onu ləzzətlə ac mədəsinə ötürən Mahir də... şərri-xeyri bir araya gətirən bu hikmətə agah oldu. Bildi ki, o, təkcə, Nəsimi Xalq məhkəməsində deyil, həm də Nəsimi haqq məhkəməsində işləyir. Dediklərimi duyar-duymaz, Mahir ilk olaraq... doğma atasını söydü, sonra onun 1937-ci ildə çapa hazırladığı “Koroğlu” dastanını. Hiss etdi: dədəsi... məhz onun doğma dədəsi Koroğlunu qətlə yetirib. Ağaşirin kişinin
müdafiə nazirliyi tabeçiliyindəki xarrat sexindən satın aldığı kitab rəfləri,
onun həmişə hamıyla, hətta divarların bozarmış rəngiylə də salamlaşmağı,
köhnə əmanət kitabçasını indiyəcən qoruyub, vaxtaşırı ona göz gəzdirməsi,
mahirdə ikrah hissi oyatdı.
ağaşirin də hiss etdi bunu.
folklorşünas alim olasan, bunu hiss etməyəsən?
üstəgəl, mahirin azərbaycan yazarlar birliyində,- ağaşirin kişi qırx il oranın sökük pilləkanlarını qalxıb-enib,-çıxartdığı ağılasığmaz oyun.
həə, belə yerdə bakı qədeşbalaları deyib: “ilişmə mənə, yoxsa, quşxanavı dağıdaram”.
mahir, atasının “quşxanasına” od qoymuşdu. özü də necə...
necə...

***

“Ölülərimizi necə basdırırıq” - adıcəncəl NZS telekanalının canlı yayımında bu vahiməli mözuya həsr olunan boşboğaz veriliş hələ efirdə ikən, ara qarışdı, məzhəb itdi. Qulaqlara sırğa ediləcə bir xəbər gəldi ki, indicə ölkə başçısı Nadir Həsənov cənabları canını Allaha tapşırıb, ağlayıb göz yaşı tökün, axır qəminiz olsun. Verilişin cırtqoz qonaqlarından biri, əldəqayırma mollaların ən bariz nümunəsi Hacı Güldar, öz cəldliyində bir tin də qabağa düşüb, rəhmətliyin yetim ruhuna “Yasin” oxudu. Mən susurdum, göz bəbəklərim daxil, tam sükut içindəydim. Fələyin gərdişinə, işinə bax ee, o yekəlikdə kişinin duasını, gör kim oxudu, Şeyxülislam qaldı qıraqda, hanı ölkənin nəcib seyidləri, neyçün... neyçün, həyatın faniliyi bu cürə qələbə çaldı tarixə, siyasətə? Özünün girmədiyi qara günbəz altına aldı bizi?
aldı bizi, satdı bizi.
Mən, Hacı Güldarın “mersedesdən düşüb BMV-yə oturan” qardaşı Zindan Hüseynə daha yaxından bələd idim. O, faizə pul verirdi, Suraxanı polis rəisi idi. Həə, yadımdan çıxmışdı lap - inişil onun həyatına uğursuz qəst etmişdilər. Günahkarı,-o özünə “ya Jora, iz Beyuk-Şora” deyirdi, - yaxalamış əməliyyat dəstəsi it kimi döymüşdü onu. Səbəb? -”ala öldürəydin də bu əclafı, öldürəydin dəə. Bizim də canımız qurtaraydı bu heyvərədən. Noş öldürmədin, nöş?”-vallah, bunu...bunu irad tuturdular naqolay, naşı qatilə. Bunu!
işə bax ee...heyif səndən çil toyuq.
Ölkə başçısı Nadir Həsənovun öldüyü gecə, Bakı küçələrində elə bil ki, qapı-pencərə adında heç nə yoxuydu - zülmət aləmi bürümüşdü, qatı zülmət. Müştəri ümüdlü sürücülərin siqaretlərinə gözucu baxınca hiss etdim-siqaret çəkməyin mənası artıb. Gəlir-çıxar etmədən, kassanı təhvil vermədən “Azpetrol” mərkəzlərinin öz qapılarını kilidləməyi də, çox mənalıydı. Çooox. Səkilərində təzə əkilmiş palma ağaclarından başqa. Onlar necə mənasız idilərsə, eləcə də qaldılar. Hələ deyərdim ki, onların mənasızlığı, gərəksizliyi bir azcana da artdı.
artdı, artdı, artdı.
yalan deyirəm? birdən, ikidən yalan danışmışam ki, mən?
Səhər-səhər, obaşdanın alaqaranlığında, şəhərin baş küçələrini matəm bayraqlarıyla bəzədilər; Milli Məclis, “Ovçuluq haqda” qanun layihəsinin,- yazıq ovçular, çanaq onların başında sındı,-müzakirəsini sonraya qoyub, ölkədə matəm elan etdi; bütün idarələrdə, o cümlədən, Yazarlar Birliyində, mərhumun rəngli-cilvəli, qara haşiyəli şəkili asıldı, boyrünə bir xatirə dəftəri qoyuldu ki, hamı öz kədərini onun ağappaq səhifələrinə həkk edə bilsin...Təqaüd kitabçalarına edilmiş son qeydlər...-sən, onları görmüsənmi heç? Görmüsən? Bax, onları xatırladırdı bu yazılar.
Nimdaş köynəyinin sağ qolu, süfrədə göllənən çay suyundan nəm çəkmiş qocaman folklorşünas Ağaşirin kişi, bütün bu görüntüləri AZ.TV-dən seyr elədi-yazıq xəstəydi, qan təzyiqi 130 X 180-nə, ayaqyoluna gücnən gedib-gəlir, sinlənib-yaşlaşıb, yatağa bitib. O AYB-dəki xatirə dəftərinə ürək sözlərini yazmağı oğlu Mahirə tapşırdı, özü isə, süfrə arxasında oturub, televizora baxdı. Səhərəcən. Hiss etmədi ki, köynəyinin sağ qolu, süfrədə göllənən çay suyunu bütövlüklə öz canına çəkib. “Gədə, Mahir, qayıdanbaş keşniş-şüyüd almağı unutmayasan haa” - həqiqət... həqiqət, bu gecikmiş məişət arzu-istəyindəydi ancaq.
eşitdimi onu mahir?
tarix boyu gör biz hansı həqiqətlərin hərisi, acı-gici olmuşuq.
Ağaşirin Təhmasibin bir gözü Az. TV-də, digəri uzaq keçmişdə, 30-cu illərin dərinliklərindəydi.
sus, danışma. qoy o, öz keçmişini xatırlasın.

***

-Havalar dəyişmir ki dəyişmir... Bizim xalqın...-xalq komissarı yoldaş Ədalət Əsgərov, Kommunist küçəsinə baxan dar pencərədən eşiyə boylandı, cəld geri çəkildi, yazı masası arxasına keçməzdən öncə, səsini alçaldaraq pıçıldadı:
-Yoldaş Təhmasib, siz insanlar haqda hələki yaxşı fikirdəsiniz, belə getsə , söhbətimiz uğursuz nəticələnəcək. Qiyam dövrü, yəni 1917-ci il bitib, indi qiyamət, mən deyərdi ki, qiymət dövrüdür, yaxşı fikirləşin, yaxşı. İnanın, oğraşdı yalan deyən, mən bir adam tanıyırdım ki, o, şerlərinin çapı xatirinə... bəli, çapı xatirinə, “Göyçay” jurnalı baş redaktorunun qızıynan evlənmişdi. Yamanca qıllı-mıllı adamıydı əclaf, zarafata salıb deyərdik ki, onun şerləri də qıllıdı - gərək o, bu şerlərini də qırxsın. Bizim xalqın,- xalq komissarı sözünü yarımçıq kəsən, ardını hər kimin istədiyi tək başa düşməyə yer qoyan adam idi. Sözünün əvvəli, axırı özünündü, bütöv gəlirdi. Ağaşirin bu yerdə yoldaş Əsgərovun hansı yandansa özünə zidd getdiyini duyub susdu.
Xalq, xalq, xalq...Azərbaycanlı həmişə təkcə dövlətə deyil, -bu dərdin yarısıdı,-həm də daim xalqa yaltaqlanır. Belə yerdə adam çaşıb qalır, bilmir neyləsin, əl atır ucuz siqaretini yandırmağa, gözlərini bəmdən zilə qaldırıb, göydəki avara buludlara baxır, baxır, baxır. Baxırmı heç? Bilmirəm... Məcbur olur ki, axırda xalq komissarı Ədalət Əsgərovun çopur sifətinə zillənsin.
Qaynar suyla ağzınadək dolu qara dəmir çaydanı gətirib yazı masası üzərinə qoyan yoldaş komissar, deyəsən əsəbidir yaman. Özünə çay süzsə də, Ağaşirinə hələ ki, çay süzməyib. O, əsnəyərkən əlini qızıl dişli ağzına tutur, ancaq gecikir... gecikir bu nəcib hərəkəti ifa etməyə.
bilə-biləmi?
kim deyib ki, ölkə, övladlarını öldürəndə özünü Vətən deyir?
kim? yox, bunu deməyə ağaşirinin gücü-təpəri çatmaz.
-Sizi anlamıram. Baxın bir, Süleyman Rəhimovun “Şamo” romanı var, qoy sizin də “Koroğlu” povestiniz olsun. Koroğlu, Keçəl Həmzə... dəyişin onu, dəyişin.
-Olmaz, bu xalqın əsəridi, folklordu. Araya qan düşər.
- Qan dediz, yadıma bir əhvalat düşdü. Baksovetdə bir hamam var idi, qədim Məşədi İbad hamamı. Damına çıxıb, içəridə çimən qızlara tamaşa edərdim. Bir kərəm, qar yağanda, yıxıldım, səs-küy çıxdı, əlimi şüşəynən kəsdim, nə qədər qan itirdim, Allah, - sonuncu kəlməni işlətməyi ucbatından xalq komissarı peşman oldu, bir-iki saniyə dediklərinə ara verdi, - hamamçılardan kisəçi Rafiq qalxdı dama, axıtdığım qana baxıb, elə bildi mən orda qızların namusuna təcavüs etmişəm, bakirəliyini almışam. Dedi: qızdan da bu qədər qan axar... Bax belə, xalq, heç vaxt qan haqda düzgün fikirləşmir. Heç vaxt. Biz isə ...
hə, siz bu işin ustasısınız.
Ağaşirin Təhmasib özündən yaxşı bələd olduğu yoldaş Ədalət Əsgərovu tanıya bilmirdi. O, otaqdakı tək-tük əşyalara göz qoyaraq, nagüman baxışlarını onlar üzərində dincəltmək istədi... Hər bir azərbaycanlının içində, dərinliyində, ana nüvəsində Mərdəkan polis məktəbinə daxil ola bilməyən nakam bir istedad yatıb. Onu oyatmayasan haa. Oyatmayasan. Əslində, polis olmağa nə lazımdır ki?-yetər ki, təkcə elə azərbaycanlı olasan. Pir mənimdi, kəramətinə bələdəm dəə.
başını aşağı sallamış ağaşirin, quyu dibində suya tərəf əyilmiş haqq mancanağını xatırlatmır.
- Neçə yaşınız var,yoldaş Təhmasib?
Allah, bir bu sual qalmışdı ki, Ağaşirinə verilməsin. Necə də ağır sual... Təki, onu Ağaşirin eşitməyəydi... Daşdan-divardan, süfrədəki billur külqabıdan, divardakı kəfkirli saat, xalq komissarının uzunboğaz çəkmələrindən səs çıxdı...səs çıxdı, Ağaşirindən səs çıxmadı. Xalq komissarının belindəki kip oturmuş dəri qayış... -Ağaşirin əvvəlcə ... əvvəlcə ondan hürkdü. Əvvəlcə.
-Yaxşı.
-Gedə bilərsiz. Sağollaşmıram.
Kommunist küçəsinin təmiz səkiləri üstə ağır qədəmlərini çəkən Ağaşirin Təhmasib, ağacların yamyaşıl körpə yarpaqlarına, başı üzərindəki mavi səmaya uzun-uzadı baxsa da, o, baharın gəlişini həmin mənzərələrdə deyil... küçədəki insanların “Eskimo” dondurmasını dişləyib yeməyindən hiss etdi.
niyə? bilmirəm.
bəlkə mən də özümə dondurma alım? yox, hələ tezdir. xalq komissarlığına gedəndə, arvad pəncərədən səsələndi ki, qayıdanbaş evə göy-göyərti alım. alım daa...

***

Yaxşı, gəl sənə bir sual verim verim, incimə, xoşagəlməz bir sual: Yazarlar Birliyində olubsanmı heç? Sakitlik-sükutda, onun köhnə taxta döşəməsindən, vızsaç şirlərin ac mədəsindən qalxan səsi, qışqırığı, ahu-naləni dinləmisənmi bəlkə? Bu gün, mərhum Nadir Həsənovun dəfn günü, sən o üsyankar inqilabi səsləri istəsən belə eşitməzdin. İstəsən belə. Köhnə sovet televizorunu darısqal dəhlizə çıxarmışlar, o AZ.TV-ni deyil, - bu təəccüb doğururdu, - Türkiyə telekanallarının biri üzərinə köklənmişdi. Siz day məni bağışlayın, belə gətirdi ki, ekranda “Hacı Şakir” sabununun reklamı parpar işıldayırdı.
- Əşşi, sabunu reklam etmək xatirinə bu qədər cavan-nazənini lüt soyundurmaq nəyə lazımdır ki, - bu sözlərin sahibi “Xarici əlaqələr” şöbəsinin sədri Elçin Sadaylı idi,- sabunu sadəcə olaraq kinodakı Cəbiş müəllim kimi, namusla bişirmək lazımdır, vəssəlam.
-Sənsən Mahir? Atan gəlmədi bəs, yenə xəstədi? Yazıq. O da Cəbiş müəllimlərimizin sonuncusu, axıraqalmışıdı. O da “Koroğlu” dastanını namusla bişirib, sonra xalqa paylayıb, - Elçin Sadaylı özündən ayrılıb, “xarici əlaqələrə” keçdi, Mahiri kal-kal süzdü. Guya bircə dəqiqənin içində Mahir nə isə itirmişdi, buna görə, Səyyad özündən yaxşı bələd olduğu Mahiri tanıya bilmirdi.
-Həə, - Mahir, çətinə düşəndə öz cəddini köməyə çağıran seyidlərə oxşayırdı, - xəstədi. Xatirə dəftərinə qol çəkib, başsağlığı verməyi mənə tapşırıb.
-Keç içəri, bax bura. Yaz. Yaxşı, anan necədi? - bütün şərq qocaları kimi, Elçin Sadaylı da qadına ancaq ana sifətində görməyə razıydı. Köhnə Bakı divarlarından yadigar qalmış son daş parçaları da belədi, bu fikirdədi.
Mahir xatirə dəftərini aralayıb oradakı son qeydə zilləndi: “Neft yeraltı, Nadir Həsənov yerüstü sərvətimiz idi”. Mahir, həyatı boyu qadir olmadığı bir baxışla ətrafı süzdü, sonra özünə qayıtdı, hiss etdi: daxilindəki qarışıq fikirlər, köhnə manqal içinə yığılmış taxta-tuxtanı xatırladır. Belə olmaz. O, olan-qalan gücünü bir yerə toparlayaraq, xatirə dəftərindəki son qeydə əlavələr etdi: “Bu gün onların yeri dəyişdi. Sən belə gəlib, elə getdin. Allah sənə rəhmət eləməsin. İmza: Vergilər Naziri Baloğlan Baloğlanov. Tarix: Min doqquz yüz doxsan donquzuncu il”.
Vaxsey...bu, yüz ildə bir kərəm olan işlərdən idi, valla. Mərhum Nadir Həsənovun sirr dolu həyat kitabını qara Əzrayıl qapamışdısa, onun AYB-dəki qırmızı cildli xatirə dəftərini cüllütboğaz Mahir büküb bağladı. O, gedəndən sonra, həmin yazıları görən gənc istedadların biri aləmə car çəkdi. Söhbət gedib çıxdı bir Allah bilir hara. Dəftəri yığışdırdılar.
Ağaşirin Təhmasibin “Koroğlu” kitabı da bağlandı. Xalq komissarı Ədalət Əsgərovun özünü tezcənə bura yetirdi. Nəhayət ki, folklorşünas alimlə sağollaşdı:
“Xudafiz, işində ol”.
Qabağdan 1990-cı ilin 20 yanvarı gəlirdi, tələmtələs, basa-basa.
kim deyib ki, ölkə, övladlarını öldürəndə özünə Vətən deyir? kim?

***

- Diqqət! Diqqət! 633 saylı Bakı Yerevan təyyarəsinə minik başa çatır.

Səsgücləndirici qurğulardan ətrafa dalğa-dalğa yayılan cır qadın səsi, Binə hava limanı üzərinə ağır zindan kimi çökmüş zülmət gecənin kar qulağını deşir, çəpər şəklində o tay, bu tay düzülmüş Bakı ermənilərinin şişib-qızarmış bulanıq gözləri sağa-sola ağır-ağır dolanır. Qaranlıq ifrata varıb, hara baxırsan, heç nə görünmür. Əli qalxanlı, başı dəbilqəli hərbçilər suallara qısa cavab qaytarır, Rusyət bazarlarına qərənfil göndərən lopabığ alverçilərin topa-topa, qalaq-qalaq yüklərinə tərs-tərs baxırlar. Nifrətlə. İstehzayla. Hamı, hətta, cırıldayan qapılar da susur, Rostova dəstə halında gedən qaraçı köçündən başqa-sözün, söhbətin ixtiyarı onlara həvalə edilib təkcə. Qaraçılar Mahirə, o isə Bakını tərk edən ermənilərə baxır. Qorxur... qorxur onlara yaxın gəlməyə. Birdən... nəsə olar. Nəymə lazımdı? Hava limanının gen pəncərələrindən baxsan görərsən - uzaqda, Yasamal göylərində ildırım saçaqlanır. Həə, evə getmək çətin olacaq. Yaxın künc-bucaqda bir damino məclisi olarsa, gedib oturardıq orda...
Ala, nə yaxşı, cuhudbalası klarnetçalan Viktor da buralardadı ki... Əclafın, cuhud hərifləriynən cadu yazmağı da var, müştərisi - Sovetski küçəsindən “Drujba” kinoteatrınacan. Onun kəlamıdı: ”Azərbaycan, SSRİ-yə girib, qalanları ora daxil olublar”... Ala, Spartak Baqdasaryana bax, beli necə əyilib. Üç qardaşdırlar, üçünün də ismi stadion adı: Spartak, Ararat, Dinamo... Get, get görüm necə gedirsən. Oğraş həmişə qırmızı jiqulisinin dirsəkaltısından ağ malboro çıxarıb satardı. Oydu həmişə deyən: “Ara, dünyanın işini bilmək olmaz, damdakı antenalar yağışdan yox, Az.TV verilişlərindən paslanır, qandığınız qrafa yoxdu sizin”... Lap düz eləyib Bakıdan gedirlər. Mən də gedərdim. Qapıdan çıxıb burdan-bura, çörək almağa gedənəcən, yolda həyatın bütün iyrəncliklərini görürsən. Kimə lazımdı bura? Heç kimə... Çaqqal Karena bax ee, heyvərəni tutub salmışdılar Bayıla, atası XXVI qurultaya ərizə yazıb onu ordan çıxartdı, sağ çıxarmayaydı. Deyirdi ki, əsgər getsəm, snayper tüfəngi gözlüyündən lüt qızlara baxacam... Ala, dayan, dayan - xarrat Sergey. Əlindəki başı əyri, uzunsov hamam duşunu dövlət bayrağı kimi tutub gedir. Səməd Vurğunun “Zamanın bayraqdarı” şeri yadıma düşdü lap. Hamamdı bura bəyəm? Hə, hamamdı, quru hamam. Kefdi e, bir də gördün bu uzun duşu götürüb Şuşaya apardı, işlətdi orda. Belə olsa həmin duş dönüb olacaq kommunistlərin “keçici al bayrağı”... Ala, ala... tanıdın? Anjela əndamı yanmış, Montində olur, bir kərəm pıçıldadım qulağına “Tı moya Cakonda”. Elə həmin qafiyəynən cavab qaytardı: “Net, ya tvoya anakonda”. Toyuna gedəmmədim, pul göndərdim. Neçəydi bu anasıgöçəyin telefonu, 39...56...41...
-Yox, mənim qardaşım, 39-56-44...
Mahirin ala gözləri, ərəb rəqqasələrinin şişman göbəyitək sağa-sola hərləndi. Arı pətəyinə dönmüş kütlə içindən ətcəbala İslam Cəfərovu, Gülçü Səttarın oğlunu tanıyıb, yerinə qayıtdı. İslamın nə iti azıb burda, hə? Montindəki Pişəvəri adına “gecə-gündüz” məktəbdən nə təhər gəlib çıxıb buralara? Allah bizi bu işlərin axırından qorusun.
-Görürsən də erməniləri... Elə bil ki, ölüblər, sabah yas məclisləridi. Yeyib-içirdilər əvvəllər, bazardan gələn vaxt hər iki əllərində ağzınacan dolu lənkəran zənbili. Evlərinin qapılarını həmişə götləri ilə açıb bu zatıqırıqlar.
-Verəsən bunların hamısını kərəntinin ağzına…
-Həə…
Eşiyə, Mərdəkan yoluna açılan alaqapı tərəfdə qor-qığılcım uçuşur, axşam soyuğunda göylərə tüstü-müstü millənir. Xəzər tərəfdən şığıyan qara külək ocaqların bomboz tüstüsünü geri püskürdür, erməniləri qoruyan əli qalxanlı urus balaları ocaqların közünü eşir, kimi mürgüləyir, kimi laqqırtı vurur, hiss olunur: azərbaycanlıların zatına-atasına söyürlər. İçəridəki tör-töküş çayxanada, dünəndən qurumağa asılmış qadın xalatları arasında, qolu-başı lalıx bir qoca dayanıb siqaret sümürür, əlinin bircə qara təsbehi əskikdi. Ora baxır, bura, gedir gəlir, qayıdır. Ermənidir, özü də lap zırından, tövlə mıxına misal yekə burnunu görmürsən? İki gündü üzünü qırxmayan, meydanlarda gecələyən Mahir, ovcundakı qara tumları cibinə qaytarır, erməni qocasına yaxınlaşır ki, siqaretini alışdırsın. Qəfildən...
əsgərlər, əllərində dəyənək, sinələrində qalxan
anjela əl atıb qulağından sırğaları çıxarır, ötürür qardaşı samvelə.
şalvarı qırmızı zolaqlı general bizimkilərin biriynən, əsgərləri iki sıraya düzür. “irəli” əmrini verir.
yerdən götürdüyü qara daşı əlində samballayan islam, bir mahirə baxır, bir qabağındakı uruslara.
ala, qaçaq ey burdan, xatadı lap...
yazıq mahir... çəkməsinin bir tayını tapammır. ata-bala bu çəkməni şərikli geyirlər. indi gör nə olacaq. ağaşirin kişi aləmi qatacaq bir yerə... adə hardadı çəkmənin bir tayı? harda?
uruslar, dəyənəkləri qalxanlarına döyə-döyə cumur irəli
ala qaçaq ey burdan xatadı lap...
mən bu ölkədən həmişə qaçmışam. onun ağcaqanadından, istisindən, millətindən, bozbaşından qaçmışam…

***

Şubanı təpələri üstə qaralan, bir baxdınsa gözə girən, iki baxdın qeybə çəkilən ölü neft buruqlarının qocaman ruhu, o günləri səhər-səhər sanki... sanki, Bakıya hakim kəsilib yiyə çıxmışdı, day əl çəkəsi deyildi Azad qadın heykəlindən, aşağıdakı Fizuli meydanından. Boz sərçələrin zəif, ürkək civiltisini çıxsaq, yan-yörədə nə varsa cansız-kəfənsiz ölüydü, bir sözlə, bumbuz meyid. Ağaşirin kişi əli ürəyinin üstə, səndələyə-səndələyə mətbəxə keçdi. Taxçadakı köhnə, yaddaşı silkələyən əşyalara göz qoydu - bu xaraba evin fincan-nəlbəkisi, çaydanları elə biləsən ki, davadan yaralı qayıdıb, ağız-burunları çatdaq, qanaq-qanaqdı, canayatımlığı azdı, az. Qızmar dəmir duvaq üstəki köhnə çaydan cız-cız eləyir. Ağaşirin kişi güc eləyib əlini çaydana sarı atan vaxt, bircə an ona tərəf bax. Bax, qorxma. Prezidentin, köhnə çaydanın hənirinə gələn azərbaycan ziyalısı... - necə yazıq, yetimdi o. Arvad mətbəxdə bozbaş bişirən vaxt, o, həmişə tar çalmaq, şer qoşmaq niyyətinə düşəcək.
nə deyim, ey qardaş, özün bilən məsləhətdi. yaxşıdı.
Mahir bayaqdan ayaq üstəcə, qapının böyründə dayanıb, yazıqca baxır, əli qapı kilidinə sarı qalxır, fikirləşir: nahaq qayıtdım evə, nahaqq... Sarı düymələrlə çitənmiş qəhvəyi qapıya söykənib söyüş demək istəyir. Kimə? Kimə?
- Çay var?
Qonaq otağı divarlarını bəzəyən mərhumların ağ-qara şəkilləri, bu sorğunu “həyat varmı?” şəklində eşidib qavrayır. Cavab gəlmir.
- Gədə hardaydın? - Ağaşirin keçəlliyini qaşıya-qaşıya mətbəxdən çıxır, sanki beyinqafasının öz yerində olub-olmadığını yoxlayır, - dörd gündü evdən çıxdığın. AZ.TV-i partladıblar, küçələrdə minlərlə sənkimi axmaq tələf olub, beş min adam yaralanıb. Üzün tökülsün sənin, hardaydın?
- Əcəb edib Az.TV-i partladıblar. Qulağımız dincələr. Mən onu gərək özüm partladaydım, ruslar düşdü qabağa. Şükür!
- Hətərən-pətərən danışma, əclaf! - qəfildən araya sükut çökür. Ən çox, Ağaşirin kişinin əyri sifətinə. Taxta döşəmənin cırıltısı artır, o qədim dilində nəsə deyir, deyir. Anlaşılmır.- Gədə, çəkmənin bir tayı hanı?
Mahir atasına, onun şişmən burnuna yad baxışlarla nəzər yetirib, azacıq gülümsəyir. Qocaların burunları həmişə sifətlərindən əvvəl qocalır, bu səbəbdən, Mahirin nifrəti atasının qarayanıq, arığaz vicuduna yox, Ağaşirin kişinin şişman burnuna sarı yönəlib. Düz fikirləşir. Mən də razıyam.
-Çəkməni harda itirdin, Binə hava limanında, hə? Düz gedirəm ora. Gədə, bəs mən iclaslara nə geyib gedəcəm?
-Ata, ayıbdı, camaat nə deyər.
-Sus, kafir, sus!
Süfrəyə qoyulmuş nəlbəkidən bir ovuc qoz ləpəsi qamarlayıb, onu ağzına atan Ağaşirin kişi, qəti qərara gəlib - haydı, Binə hava limanına! O, küçə qapısını eşik tərəfdən öz açarıynan kilidlədi, qıfılın səsini qulağında qoruya-qoruya, sökük pillələrlə aşağı endi, birinci mərtəbəyə.
***

- Sənədləriniz, - rus zabitinin qısa sualı, Ağaşirin Təhmasibi həyata, gerçəkliyə qaytardımı görəsən? Hə. Deyəsən hə. Hamımız bəşər yığnağında can cürüdürük - xam xəyalların xoş aləmində çoxmu qanad çalmaq olar? Ağaşirin, gözlərini aç, ətrafa bax - Binə hava limanındasan. Sağ tərəfdən, çayxanadan vicudu xəstə bir qoca çıxır, çaydanın dibindəki çay xıltını atmağa xəlvət bir yer arayır, tapmayınca hiyləyə əl atır, keçir kitab satılan yerin arxasına. Sol cinahda nərd vururlar, udub-uduzanlar nə qədər istəsən.
- Dünən burda atışma olub. Həlak olanlar var. Baxın bir, çəkmənin ətrafına qırmızı qərənfillər düzüblər. Yazıqlar. Gərək belə olmayaydı, - sumağı rəngli pasportunu elə belə, xala xətrin qalmasın vərəqləyən rus zabiti, axırda “kapitan Belov” adıynan özünü təqdim edir, xüdafizləşir.
Nə, çəkmə? Ətrafına qırmızı qərənfillər düzüblər? Şəhid çəkməsidi yəni? Ay Mahir, Mahir. Oğraş. Gör bir neynədün? Körpəliyində nənən Balacaxanım qara oxlovla az vurub sənin əllərinə, az.
Tumgöz Ağaşirin olan-qalan gücünü bir yerə yığaraq, əl atıb, qırmızı gül əhatəsindəki çəkməni yerdən götürmək istədi. Qorxdu. Camaat nə deyər? Ayıbdı!
Hə… Hə, Keçəl Həmzə bu dəfə Koroğlunun Qır atını aparammadı. Hə... bu dəfə, Koroğlunun ruhu, yerdə qalmış çəkməyə keçərək, şeytanın kefinə soğan doğradı. Ağac budaqlarından qoparaq qürüb tərəfə cuman quşların topa-topa qaraltısına göz dikmiş Ağaşirin kişi, it zingiltili gecənin zülmətinə qarışdı-itib getdi ortadan.
kim deyib ki, ölkə, övladlarını öldürəndə, özünə Vətən deyir?

***

Rus əsgərləri dəmir qazançalarının dibindəki son tikələrini yeyirdilər. Başqa aləmlərdəydi xam xəyalları.