Alatoran_header
Ana səhifə
Əziz dostumuz,
sən Azərbaycan türkcəsində yayınlanan ədəbiyyat e-dərgisinin qonağısan.
«Alatoran» adlandırdığımız bu səhifənin içəriyi haqqında danışmazdan əvvəl onun kiçik bir tarixçəsinin varlığını , ilk əvvəl 2002-ci ilin avqust ayından başlayaraq 8 ay boyunca mətbu versionda işıq üzü gördüynü diqqətinizə çatdırmaq istəyirik. «Ədalət» qəzetinin əlavəsi olaraq 31 sayı yayınlanan «Alatoran» qəzeti ədəbiyyat mühitində mübahisələr açdı, çoxdan durğunlaşan bu göldə ruzgarlar əsdirdi, «başqa cür düşünənlər» öz varlıqlarını bəyan etdilər. Hələ də ədəbiyyatda «sovet mexanizmasını» qoruyub saxlamaqda israrlı olan yaşlı nəsilə mənsub bir çox yazıçılar özlərindən sonra ədəbiyyata gələn yeni qüvvələr qarşısında köhnəni inkar etmək məcburiyyəti yaratdılar. «Alatoran» inkarçı gəncliyin tribunası oldu. Daha sonra bu inkarçılıq onların bədii əsərlərinə də sirayət etdi, beləliklə ana dilimizdə alternativ adlanan ədəbiyyatın ilkin nümunələri yaranmağa başladı. Əvvəllərdə olduğu kimi «hər kəsin oxuyub qəbul etdiyi» əsərlərin yerinə, indi «hər kəsin oxuduğu, lakin qəbul etmədiyi», ictimai zövqə aykırı əsərlər meydana çıxdı, kürəsəl yeni dünya şərtlərində öz əvvəlki mahiyyətini qeyb edən ədəbiyyat anlayışı Azərbaycan bədii sözündə də bir şəkildə öz təsdiqini tapdı.
«Alatoran»ı vərəqlədikcə onun mayasında bir üsyankarlıq olduğu göz ardı edilməməlidir. «Alatoran» zaman-zaman əski zehniyyətə qarşı özünün etiraz səsini ucaldan, lakin minbərdəkilər tərəfindən yerə gömülən və bir müddət sonra özündə güc toplayıb yenidən dirçələn Azərbaycan ruhunun sönməyən səsidir, bu səfər o, işıqlığın lap astanasındadır. Bizim bu internet səhifəmiz Azərbaycan türkcəsində danışan 35 milyonluq bir nüfuza xitab etməkdədir, gündüz əldə çıraq yeni imzaların, gözəl əsərlər yaradıb ana dilimizə yeni imkanlar tanıyan cavan yazarların sorağındayıq.
Məktublarınızı gözləyirik !!!

"Yeniliklər" bölməsində Siz saytda baş verən dəyişikliklərlə tanış ola bilərsiniz.